Xəbər bülleteni №21


İlham Əliyev Davosdan İrana zəng vurub



Yüklə 0,58 Mb.
səhifə5/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   2   3   4   5   6   7   8   9   ...   28

İlham Əliyev Davosdan İrana zəng vurub


21.01.2016

Yanvarın 21-də prezident İlham Əliyev Davosdan İran prezidenti Həsən Ruhaniyə zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə təbriklərini çatdırıb və uğurlar arzulayıb. İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib.

Prezidentlər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, yanvarın 21-də İlham Əliyev Davosda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün İlham Əliyev “Microsoft Corporation” şirkətinin vitse-prezidenti Syuzan Hauser və “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə də bir araya gəlib.

Yalnız 5 şəhər və 2 rayon büdcədən dotasiya almır


21.01.2016

“Azadlıq” radiosu ölkənin bütün bölgələri üzrə gəlirlər və xərclər haqda infoqrafika hazırlayıb. 2016-cı ilin dövlət büdcəsindən rayon və şəhərlərə ayrılan vəsaitin onların gəlirləri ilə müqayisəsindən görünür ki, paytaxt Bakını, Şirvan, Mingəçevir, Naftalan, Naxçıvan şəhərlərini, Abşeron və İmişli rayonlarını çıxmaq şərti ilə bütün bölgələr dövlət büdcəsindən dotasiya alır.


İnfoqrafika


Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair hesabat yayıb


21.01.2016

maliyye-nazirliyinin-binasi-21
Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumat yayıb. Məlumata görə, dövlət büdcəsinin mədaxili 17 milyard 153,2 milyon manat, xərcləri 17 milyard 786,8 milyon manat olub.

Dövlət büdcəsinin mədaxili 19 milyard 438 milyon manat proqnoza qarşı 17 milyard 153,2 milyon manat və yaxud 88,2 faiz icra olunub. Vergilər Nazirliyi mədaxil proqnozu 100,1 faiz icra etməklə dövlət büdcəsinə 7118,2 milyon manat vəsait verib, bu da ötən illə müqayisədə 4,5 milyon manat və yaxud 0,1 faiz çoxdur. Həmin vəsaitin 70,5 faizi və yaxud 5018,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu, 2014-cü ilə nisbətən 711,6 milyon manat və yaxud 16,5 faiz çoxdur.

2015-ci il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək dövlət büdcəsinə 1591,9 milyon manat vəsait köçürüb, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və yaxud 81,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6 milyon manat təşkil edib (2014-cü illə müqayisədə 7,4 faiz çox).


2015-ci ildə sair daxilolmalardan nəzərdə tutulan 48 milyon manata qarşı büdcəyə 90,5 milyon manat və yaxud proqnoza nisbətən 2 dəfə çox vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 milyard 130 milyon manat vəsait transfert edilib.

2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3 faiz və yaxud 17 milyard 786,8 milyon manat icra edilib. Dövlət büdcəsi xərclərinin 10 milyard 361,5 milyon manatı və yaxud 58,2 faizi cari xərclərə, 6 milyard 720,9 milyon manatı və yaxud 37,8 faizi əsaslı xərclərə, 704,4 milyon manatı və yaxud 4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 31,9 faizi və yaxud 5 milyard 665,9 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib, bu da 2014-cü illə müqayisədə 188 milyon manat və yaxud 3,4 faiz çoxdur.

2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4 milyard 994,4 milyon manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1 faiz olub.

Dövlət büdcəsinin kəsiri 633,6 milyon manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.

2015-ci ilin icmal büdcəsinin gəlirləri 18 milyard 207,3 milyon manat, xərcləri isə 21 milyard 067,1 milyon manat icra olunub.

İlham Əliyev: “Buna hazır deyildik”


22.01.2016

prezident davosda 1Prezident İlham Əliyev yanvarın 21-i Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzulu sessiyada iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, sessiyanın aparıcısı, CNN-in redaktoru Con Defterios bir barrel neftin qiymətinin 28 dollara düşdüyünü qeyd edərək prezidentdən qiymətlərin daha da enəcəyi halda gələcəyi necə planlaşdırdığını soruşub.

İlham Əliyev sualı belə cavablandırıb: “Nefti bundan daha aşağı qiymətlərdə görmək çətindir. Ancaq bu gün bunu gördükdən sonra artıq buna da təəccüblənməyəcəyik. Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə — 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu.

Eyni zamanda bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi. Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq. Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq.

Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək.

Con Defteriosun İlham Əliyevə növbəti sualı belə olub: “OPEK üzvü olmadan gündəlik 800 min barrel neft istehsal edirsiniz. Heç OPEK-lə əlaqə yaradıb “Azərbaycanda çətinlik çəkirik, bununla əlaqəli bir şey etməliyik” demisinizmi?”

Prezidentin cavabı belə olub: “Biz bunu etməyə hazırıq. Əslində bu mövzu bir sıra OPEK üzvü olan ölkələrlə müzakirələrimizin bir hissəsi olub. Biz böyük istehsalçı deyilik. Ancaq düşünürəm ki, OPEK üzvləri və OPEK üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEK üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq. Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır.

Düşünürəm ki, OPEK üzvü olmayan böyük istehsalçılar və OPEK üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa, qarşılıqlı etibarı artırar. OPEK təkbaşına bu qərarı verə bilmədi. Bu qərar olmadıqda isə indiki vəziyyət alınır və neftin qiymətinin ən aşağı həddə enməsini gözləyirik. Hər gün ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük. Sözün açığı, ölkənin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa bu, bir az da psixoloji cəhətdən yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil.

Ancaq eyni zamanda bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Əvvəldə dediyim kimi, özümüzü bu dövrə — 15-20-25 il sonraya hazırlamağa çalışırdıq. Amma bunu indi etməliyik və düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik. Bir daha deyirəm, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Valyuta ehtiyatlarımız da demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq. Ancaq gələcək il üçün büdcə planlaşdırması aparmaqdan ötrü, əlbəttə ki, proqnozlaşdırıla bilən bir gələcək istəyirik”.

Con Defteriosun “Sizin valyutanız 70 faiz devalvasiyaya məruz qaldı. Bu, çox ağrılı bir proses oldu və hətta Azərbaycanda bir sıra etirazlar yaratdı. Buna səbəb neftin qiymətlərinin kəskin düşməsi idi” qeydinə İlham Əliyevin reaksiyası belə olub: “Bunun bir çox səbəbi var. Birincisi, neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətə davamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq.

Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə, bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq”.

Neftin qiyməti ilə bağlı proqnozlarını bölüşən prezident deyib: “Zənnimcə, daha 2-3 dollar enmə ola bilər. Daha sonra ilin ikinci yarısında bazar böyüməyə başlayacaq. Çünki biz hamımız bilirik ki, bu, dövri sistemdir. Böyük neft inkişafı layihəsini 1994-cü ildə işə salan zaman neftin qiyməti ümumiyyətlə 12 dollar idi. Bu da normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan zaman xatırlayıram, optimist ssenariyə görə, neftin qiyməti 23 dollar götürülmüşdü. İndi də 22 il əvvəlki optimist ssenariyə çox yaxınıq.

Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar tələb edir. Keçən il neft sektoruna ən az investisiya qoyulmasının şahidi olduq. Bu olmasa, qiymət sözsüz yüksələcək. Heç bir proqnoz vermək istəmirəm. Ancaq bir barrel üçün 60-70 dolların şirkətlərə, investorlara, hökumətlərə əla qiymət olacağını düşünürəm və bunu gec-tez görməyə ümid edirəm. Ümidvaram ki, bu ilin ikinci yarısı sabitləşmə dövrü olacaq və biz artımı görəcəyik”.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə