Xəbər bülleteni №21


Paytaxt prokurorluğundan Cavid Hüseynov təkzibi



Yüklə 0,58 Mb.
səhifə8/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Paytaxt prokurorluğundan Cavid Hüseynov təkzibi


22.01.2016

baki sheher prokurorlugu 1Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses davam edir. Yanvarın 22-də Bakı Şəhər Prokurorluğu ibtidai istintaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Rasim Əliyevin Bayıl qəsəbəsi ərazisində döyülməsi nəticəsində vəfat etməsi faktına görə cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsi işinin ayrıca icraata ayrılmasının onun məsuliyyətdən yayındırılması məqsədi daşıması, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinə məlumat verilməməsi haqqında həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Bakı Şəhər Prokurorluğu bununla bağlı yayılan informasiyaları qəti şəkildə təkzib edir. Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb. Bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Prokurorluğuna dəvət edilərək məlumatlandırılıb, onlara prosessual hüquq və vəzifələri izah edilib. 2016-cı il yanvarın 11-də Cavid Hüseynovun təqsirləndirilməsinə dair istintaq edilən cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib”.

ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.


İsveçrədə yeni görüşlər


22.01.2016

davosda gorush 1Prezident İlham Əliyev yanvarın 22-si Davosda İsveçrə Konfederasiyasının dövlət başçısı Yohan Şnayder-Ammanla görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb.

Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyətinə də toxunulub.

AZƏRTAC xəbər verir ki, həmin gün İlham Əliyev Norveçin xarici işlər naziri Borge Brende ilə də bir araya gəlib.

Yanvarın 21-də isə İlham Əliyev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Pakistan İslam Respublikasının baş naziri Nəvaz Şəriflə görüşlər keçirib.

Keçmiş müstəntiq ev dustaqlığına buraxıldı


22.01.2016

rufet seferovZərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ev dustaqlığına buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, qərar yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində qəbul olunub. Müdafiə tərəfi Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verib və məhkəmə vəsatəti təmin edib.

Rüfət Səfərov bir həftə qabaq tutulmuşdu. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Rüfət Səfərovun işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov ötən ay baş prokuror Zakir Qaralova istefa ərizəsi yazaraq vəzifəsindən istefa verdiyini bəyan edib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilib ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə