Xəbər bülleteni №26



Yüklə 439,57 Kb.
səhifə3/4
tarix04.02.2018
ölçüsü439,57 Kb.
#23720
1   2   3   4

Apellyasiya Şurasının iclasında aparılan müzakirələr, vergi ödəyicisinin zərərlə işləməsi, təkrar şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, eləcə də mütəxəssis rəyi ilə bağlı toplanmış materiallar və sübutlar əsas götürülməklə “Z-engineering” MMC-nin təkrar şikayəti təmin olunub, Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarları ləğv edilib”.

Maliyyə Nazirliyi “Azərenerji”yə diaqnostika tenderi elan etdi

11.03.2016

Maliyyə Nazirliyi tender elan edib. Rəsmi məlumata görə, tenderin məqsədi “Azərenerji” ASC-də istehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq üçün bu sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsidir.

Tender proseduru 2016-cı ilin aprel ayının 29-u saat 10-da Maliyyə Nazirliyində (3-cü mərtəbədə, otaq 319) keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün ərizə və iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi) təqdim etməlidir. Tender təklifləri aprel ayının 28-i saat 10-dək Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.

İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir. Tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2000 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Eldəniz Orucovdur. Ona 14 mart-28 aprel aralığında müraciət etmək olar (Ünvan: Bakı, AZ 1022, Səməd Vurğun küçəsi, 135, 3-cü mərtəbə, 305-ci otaq. Telefon: (99412) 404-47-82; Faks (99412) 404-47-20/21. E-mail: eldeniz.orucov@maliyye.gov.az).

“Vətəndaşın büdcə bələdçisi” oxucuların ixtiyarına verilib

11.03.2016

maliyye nazirliyi
“Vətəndaşın büdcə bələdçisi” kitabı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Transparency.az-ın məlumatına görə, kitab (Vətəndaşın büdcə bələdçisi) oxucuya müraciətlə açılır: “Hörmətli oxucu! Siz “Vətəndaşın büdcə bələdçisi” kitabında dövlət və icmal büdcələrin əsas parametrlərini və istiqamətlərini görəcəksiniz, büdcənin layihəsinin hazırlanması zamanı müvafiq proseslərin həyata keçirilməsi haqqında məlumat tapacaq, gəlir və xərclərin haradan gəlib hara xərclənəcəyi haqqında aydın məlumat əldə edəcəksiniz.

Büdcə olduqca mürəkkəb və xüsusi bilik tələb edən bir sənəddir. Büdcə sisteminə daxil olan büdcələrin tərkibi, onun gəlir və xərclərinin, kəsirinin strukturu, gəlirlərin formalaşma mənbələri, xərclərin istifadə istiqamətləri və kəsirin maliyyəşdirmə mənbələri üzrə çoxsaylı məlumatların təhlili xeyli vaxt almış olur. Bu isə əhalinin vaxt itkisinə səbəb olur, büdcədə olan məlumatların düzgün tərzdə izah edilməməsinə şərait yaradır.

Bütövlükdə dövlət büdcəsinin gəlir və xərcləri barədə qısa və anlayışlı məlumatın əldə edilməsi, büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi ilə bağlı əhalinin maartifləndirilməsi, dövlətin büdcə siyasətinin daha sadə dildə onlara çatdırılıması üçün Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi” kitabı Sizin ixtiyarınıza verilir. Ümidvarıq ki, hazırlanmış bu məlumat bazası Sizə büdcə sahəsində bələdçilik edəcək, büdcəni daha asan və aydın başa düşünülməsində yardımçı olacaq”.

Jurnalistlərin binasında hələ iş gedir

11.03.2016

vuqar seferli 12013-cü ildə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina istifadəyə verilib. Mənzillər jurnalistlərə pulsuz paylanıb. O vaxt 255 mənzilli başqa bir binanın təməli qoyulub. Bina 2016-cı ilin sonunda tam hazır olmalıdır.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun tikdirdiyi binada işlər nə yerdədir? Transparency.az bu sualı fondun icraçı direktoru Vüqar Səfərliyə ünvanlayıb. Fond rəhbəri deyib ki, tikinti hələ davam edir, işlər başa çatmayıb: “Binanın ilin sonuna qədər bizə təhvil verilməsi gözlənir. Mənzillərin jurnalistlərə hansı şərtlər əsasında veriləcəyi hələ bilinmir. Bölüşdürmə meyarları bina tam hazır olandan sonra müəyyənləşəcək”.

İlk binada mənzillərin bölüşdürülməsi meyarlarına əsasən, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilib. Media quruluşların uzağı 3 namizəd vermək hüququ olub.

Yunusları ölkədən buraxmamaq qərarı dəyişmədi

11.03.2016

leyla ve arif yunus 1Martın 11-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun şikayətinə baxıb.

Şikayət Yasamal Rayon Məhkəməsinin 11 fevral qərarından verilib. Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmağa icazə verilməsini istəyiblər. Məhkəməyə ərizədə qeyd olunub ki, həkim ekspertin rəyinə əsasən, Leyla Yunus və Arif Yunus ağır xəstəliklərdən əziyyət çəkirlər, təcili müalicəyə ehtiyacları var. Məhkəmə onların müraciətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə Həsən Əhmədov sədrlik edib. “Azadlıq” radiosunun məlumatına görə, vəkil Elçin Sadıqov çıxışında deyib ki, hər iki şəxsin Berlindəki klinikada müalicəyə ehtiyacı var: “Leyla və Arif Yunusların səhhəti onlar həbsdə olan dövrdə ağırlaşıb. Bakı Apellyasiya Məhkəməsi həkim rəyi əsasında onların şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. Leyla Yunus xroniki hepatit, şəkərli diabet, öd kisəsində daşdan əziyyət çəkir. Onun təcili əməliyyata ehtiyacı var.

Arif Yunusun da həyatına təhlükə yaradan xəstəliyi və bu üzdən xəstəxanada stasionar şəraitdə müalicənin vacibliyi barədə həkim rəyi verilib. O, Berlindəki xəstəxanaya müşayiət altında getməlidir. Müalicənin qarşısının alınmasına yönələn hərəkətlər Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan işgəncəyə, pis rəftara məruz qalmamaq hüququnun pozuntusudur”.

Arif Yunus çıxışında Berlin klinikasına sırf cərrahiyyə əməliyyatına görə getmələrinin vacib olduğunu deyib: “Məndə təzyiqlə yanaşı başqa xəstəliklər də var. Başımın arxasında şiş var, amma bizim həkimlər bunun nə şiş olduğunu müəyyənləşdirə bilmir”.

Leyla Yunus çıxışında hər ikisinin həyatının təhlükə qarşısında olduğunu bildirib: “İkimiz də ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı birimiz indi sağ olmayacaqdıq. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram. Biz ölmədik, amma müalicə də olunmamışıq. İstənilən vaxt ölə bilərik. Biz hələ yanvardan təcili müalicəyə başlamalı idik”.

Prokuror Seyhun Azadəliyev apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Məhkəmə şikayəti təmin etməyib, Leyla və Arif Yunusların müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmasına icazə verilməyib.

Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

Arif Yunus səhhətinə görə noyabrın 12-də həbsdən buraxılıb. Dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.

12,1 faiz inflyasiya proqnozlaşdırılır

11.03.2016

budce 22016-сı ildə 12,1 faiz inflyasiya proqnozlaşdırılır. Transparency.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı Vətəndaşın büdcə bələdçisində belə yazılıb.

“Vətəndaşın büdcə bələdçisi” dövlət büdcəsinin gəlir və xərcləri barədə qısa və anlayışlı məlumatın əldə edilməsi, büdcənin mahiyyəti, onun parametrlərinin tərtibi və icrası prosesi ilə bağlı əhalinin maartifləndirilməsi, dövlətin büdcə siyasətinin daha sadə dildə onlara çatdırılıması üçün hazırlanıb.

Sənədə görə, 2016-cı ildə ölkə iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb. Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyaların payı isə 65,2 faiz həddində göstərilir.

Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri-neft sektoruna yönəldilməsi gözlənir. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.

Qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 45,2 faiz olmaqla 7 milyard 597 milyon proqnozlaşdırılıb.

Hesablama Palatasının təqdimatlarını icra etməyən qurumlara cəza veriləcək

11.03.2016

hesablama_palatasi 1
Hesablama Palatası Kollegiyasının iclasında maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi qaydaları təsdiqlənib. Rəsmi məlumata əsasən, qaydalar Hesablama Palatasının apardığı maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə, xəzinə orqanları və müvəkkil banklara təqdimatların verilməsi prosedurlarını müəyyən edir.

Təqdimat göndərilmiş qurumlar təqdimatlara 1 ay müddətində baxmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verməlidır. Təqdimatlar əsassız icra edilmədikdə Hesablama Palatası sədrinin qərarı ilə həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatlar verilməlidir.

İclasda 2015-cı ildə həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesablama Palatasının təqdimatlarını əsassız icra etməyən qurumların siyahısının müəyyən edilməsi və həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə təqdimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

2015-ci ildə Suriya ərazisində azı 50 min nəfər həlak olub

11.03.2016

suriya 12015-ci il Suriya münaqişəsi tarixində ən ağır il olub. “Oxfam”, “Care” və “Save the Children” təşkilatları da daxil olmaqla 30 humanitar qurumdan ibarət beynəlxalq birlik martın 11-də belə hesabat yayıb.

AZƏRTAC-ın məlumatına görə, Suriya müharibəsinin beşinci ildönümünə həsr edilmiş məruzədə qeyd edilir ki, 2015-ci ildə Suriya ərazisində azı 50 min nəfər həlak olub. Bir neçə milyon suriyalı ölkədən qaçmağa məcbur olub, 1,5 milyon Suriya vətəndaşı yalnız humanitar yardım ümidinə qalıb.

Keçən il ölkədə 200 min bina dağıdılıb. Bu, 2014-cü ildəkindən 20 faiz çoxdur. 112 xəstəxanaya və başqa tibb məntəqələrinə hücum edilib, bu da 2014-cü ilin müvafiq göstəricisindən 44 faiz çoxdur. 2015-ci ildə daha 400 min suriyalı uşaq məktəbə getmək imkanından məhrum olub. Beləliklə, ibtidai və orta təhsil almaq imkanını itirmiş suriyalı uşaqların sayı iki milyona çatıb.

Novator.az xatırladır ki, ötən ay Suriya Siyasi Tədqiqatlar Mərkəzi ölkədə 5 ildir davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb. Mərkəzin ekspertləri vətəndaş müharibəsində 470 min suriyalının öldüyünü bəyan ediblər. Hesablamalara görə, 5 ildə 1 milyon 900 min adam yaralanıb.

Hesabata əsasən, ölənlərin və yaralananların ümumi sayı Suriyanın müharibəyə qədərki əhalisinin (21 milyon nəfər) 11,5%-dir.

Mütəxəssislər vətəndaş müharibəsində ölkəyə 255 milyard dollardan çox ziyan dəydiyini bildiriblər. Bu müddətdə 14 milyon nəfərə yaxın suriyalı gəlir mənbəyini itirib. Əhalinin 45%-i qaçqına çevrilib, onların 4 milyonu vətəni tərk edib.

Hesabatda qeyd olunur ki, vətəndaş müharibəsinin başladığı 2011-ci ilin martından bəri Suriyada orta ömür 70 yaşdan 55 yaşa düşüb.

Hərracda 68,4 milyon ABŞ dolları satıldı

11.03.2016

dnf 01Martın 11-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu 200 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb, bu vəsaitdən 68,4 milyon ABŞ dollarını 25 bank alıb.

Transparency.az bildirir ki, Dövlət Neft Fondu bu il martın 11-dək hərraclarda ümumilikdə 1 milyard 71 milyon 46 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satmışdı.

Yenə terror. Yenə Bakı zirvəsi ərəfəsində

14.03.2016



terror 2
Martın 13-ü yerli vaxtla saat 18:35-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış törədilib. Bomba yüklü maşının iki sərnişin avtobusunun arasında, dayanacaqlara yaxın ərazidə partladılması tələfata səbəb olub. Son məlumata görə, biri qadın olan iki terrorçunun törətdiyi olayda 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Hadisə Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ərəfəsində baş verib. Martın 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Bakıya gəlməlidir.

Rəsmi məlumata əsasən, prezident İlham Əliyev Rəcəb Teyyub Ərdoğana başsağlığı verib: “Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

Fevralın 17-də də Ankaranın mərkəzində oxşar terror aktı törədilmişdi. Bomba yüklü avtomobil hərbçiləri daşıyan maşın karvanının keçdiyi küçədə partladılmış, 28 nəfər həlak olmuşdu. Həmin olaya görə Rəcəb Teyyub Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməli iclasına gələ bilməmişdi. İclas fevralın 18-də olmalı idi.

AZƏRTAC-ın 13 mart partlayışı ilə bağlı xəbərində deyilir ki, Ankara terrorunda zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat qeydə alınmayıb. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov agentliyə açıqlamasında deyib ki, məsələ ilə əlaqədar səfirlikdə qaynar xətt yaradılıb, araşdırmalar davam etdirilir.

Dollar və avro ucuzlaşıb, rubl bahalaşıb

14.03.2016

valyuta 1Martın 14-də manatın xarici valyutalara kursu dəyişib. ABŞ dollarının rəsmi məzənnəsi 1,6456 manatdan 1,6411 manata düşüb.

Transparency.az xəbər verir ki, avronun rəsmi satış kursu da enib. Ötən həftənin son iş günü 1,8378 manata satılan avro martın 14-də 1,8320 manata təklif olunur.

Martın 11-də rəsmi məzənnəsi 0,0231 manat olan Rusiya rublu isə bu gün 0,0234 manata satılır.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu

14.03.2016

pekin 1
Martın 14-də AZƏRTAC-ın yaydığı məlumata görə, Çinin paytaxtı Pekində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb. Sənədə Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ŞƏT-in baş katibi Rəşid Alimov qol çəkiblər.

Mərasimdə təşkilatın üzvü olan, müşahidəçi və dialoq üzrə tərəfdaşı olan ölkələrin, o cümlədən Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Türkiyənin, Pakistanın, Monqolustanın, Kambocanın səfirləri iştirak ediblər.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə yeni mərhələyə daxil olan Azərbaycan-ŞƏT əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib. Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunu əldə etmənin ölkə üçün vacib hadisə olduğunu qeyd edən Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın ŞƏT-də təmsil olunan ölkələrlə ikitərəfli qaydada dərin münasibətləri var.

Görüşdə ölkələrin ərazi bütövlüyü və suverenliyi, sivilizasiyalararası dialoq, nəqliyyat və turizm məsələləri, o cümlədən qədim İpək Yolu üzrə yük daşımaları mövzularına da toxunulub. Qeyd olunub ki, üzvləri İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycanla əməkdaşlığının dərinləşməsi nəqliyyat sahəsində yeni imkanlar açacaq.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxay şəhərində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Məqsədi üzv ölkələr arasında qarşılıqlı etimadı və mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, onları siyasi, ticari-iqtisadi, elmi-texniki və mədəni, habelə təhsil, energetika, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi sahələrində səmərəli əməkdaşlığa təşviq etmək, regionda sülhün, sabitliyin və təhlükəsizliyin birgə dəstəklənməsi və təminatında iştirak etməkdir.

Təşkilatın ali orqanı iclasları ildə bir dəfə keçirilən dövlət başçıları şurasıdır. Bundan başqa hökumət başçıları şurası, parlament rəhbərlərinin, təhlükəsizlik şurası sədrlərinin, xarici işlər, müdafiə, iqtisadiyyat və digər sahələr üzrə nazirlərin, hüquq mühafizə orqanları rəhbərlərinin görüşləri mexanizmləri də fəaliyyət göstərir. Katibliyi Pekində yerləşən ŞƏT-də İran, Əfqanıstan, Monqolustan, Belarus, Hindistan və Pakistanın müşahidəçi statusu var. Türkiyə, Şri-Lanka, Kamboca, Nepal və Ermənistan təşkilatın dialoq üzrə tərəfdaşıdır.

Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar Şanxay Əməkdaşlıq Təşkilatının ötən ilin iyulunda Ufa şəhərində keçirilmiş zirvə görüşündə qəbul olunub.

Ankara terrorundan yeni bilgilər

14.03.2016

terror foto 1
Martın 14-də Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Ankaradakı terrorla bağlı yeni məlumat açıqlayıb. O deyib ki, hadisə yerində 1-i terrorçu qadın olmaqla 30 nəfər ölüb, xəstəxanalara aparılan 7 yaralı keçinib, bununla da terrorda ölənlərin sayı 37-yə çatıb.

Səhiyyə naziri xəstəxanalarda 71 yaralının müalicə aldığını, 15 nəfərin çox ağır vəziyyətdə olduğunu qeyd edib.

Martın 13-ü yerli vaxtla saat 18:35-də paytaxt Ankaranın mərkəzində güclü partlayış törədilib. Bomba yüklü maşının iki sərnişin avtobusunun arasında, dayanacaqlara yaxın ərazidə partladılması tələfata səbəb olub.

APA-nın xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Onlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.

İlkin məlumata görə, Səhər Çağla Dəmir bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.

Ekspert: “Valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq”

14.03.2016

qubad ibadoglu 1İqtisadçı ekspert Qubad İbadoğlu ölkənin üç qurumunun valyuta təkliflərinə nəzər salaraq bazarda tarazlığı qorumağın mümkün olmayacağını yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, büdcəyə transfert artırıldıqdan sonra Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri 8 milyarda yaxınlaşıb: “Belə olan halda ARDNF ay ərzində valyuta bazarına orta hesabla 400 milyon dollar çıxara bilər. Bu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək. Çünki 2016-c il büdcəsinin beynəlxalq öhdəlikləri və dövlət borcuna xidmət xərcləri ayda 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır.

Bundan başqa ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar olub. Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəklikdə idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən 50 faizə qədər çox olur, idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq.

Bununla yanaşı hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır.

Xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə sərbəst dönərli valyutaya orta aylıq tələbat ən azı 1 milyard dollar olacaq, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun üçdə biri Dövlət Neft Fondunun hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır.

Mərkəzi Bankla yanaşı bu yöndə xərcləri bölüşmək imkanı Azərbaycan Dövlət Neft Şirkətində olsa da, hazırda qurumun özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılama çətinlikləri var. Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Manatın başı üzərində qara buludlar qalmaqdadır, onun sabitləşməsi ilə bağlı son bəyanatlar isə siyasi məqsədlərə xidmət edir. İqtisadi gerçəklik narahatçılıq üçün ciddi əsaslar yaradır”.

Dövlət Miqrasiya Xidməti fevral ayının hesabatını yayıb

14.03.2016

dmx 1
Dövlət Miqrasiya Xidməti fevral ayının hesabatını yayıb. Rəsmi məlumata görə, ay ərzində 1709 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması müəyyənləşdirilib. Onlardan 13-nün Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri yenisi ilə əvəz olunub. 128 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1240 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 328 xarici vətəndaşın isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub.

Ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9377 müraciət daxil olub.

Ötən ay 37 min 104 əcnəbinin olduğu yer üzrə qeydiyyatla bağlı müraciəti qeydə alınıb.

Ötən ay dövlət sərhədini pozan 34 nəfər saxlanıb

14.03.2016

Ötən ay Dövlət Sərhəd Xidməti dövlət sərhədini pozan 34 nəfəri saxlayıb. Transparency.az bildirir ki, rəsmi məlumata görə, saxlananların 11 nəfəri Azərbaycan, 9-u İran, 4-ü Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna, hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 4 nəfər, Xəzər dənizində 25 nəfər saxlanıb.

Ölkənin hüquq mühafizə orqanlarının axtarışında olan 391 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 kiloqram 498 qram narkotik maddə, ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal götürülüb.

Başqa bir rəsmi məlumata əsasən, martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 8-10 nəfərdən ibarət bir qrup şəxs Azərbaycandan İran istiqamətində hərəkət edərkən sərhəd naryadına silahlı müqavimət göstərib. 5 sərhəd pozucusu öldürülüb, 2 nəfər saxlanıb. Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib.

Hərrac: 150 milyon ABŞ dollarının 11,9 milyonu satıldı

14.03.2016



amb 01Martın 14-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca 150 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb, bu vəsaitdən 11,9 milyon ABŞ dollarını 9 bank alıb.

Transparency.az bildirir ki, Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 151 milyon 76 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb.

Rusiyalıların kefi necədir? (Rəy sorğusunun nəticələri)

14.03.2016



ruslar 1Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sosial ovqat indeksini açıqlayıb. Rəy sorğusu fevralın 27-28-də Rusiyanın 46 bölgəsində 1600 adam arasında aparılıb.

Novator.az bildirir ki, hesabata görə, ölkədə dolanışıqdan razılıq indeksi yanvarda qeydə alınmış 51 bənddən 58 bəndə qalxıb (Maksimal bənd 100-dür). Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin ekspertləri hesab edir ki, əhalinin 45%-i həyatından razı, 19% narazıdır, 32% isə orta mövqedədir.

Sorğu göstərib ki, Rusiyada iqtisadi durumun qiymətləndirilməsi 24 bənd həddindədir. Yanvarda bu göstərici 33 bənddən 17 bəndə düşmüşdü. Rəyi soruşulanların 37%-i ölkədə iqtisadi durumun pis olduğu qənaətindədir.

Hesabata əsasən, ölkədə siyasi durumun qiymətləndirilməsi indeksi 50 bənd həcmində qərarlaşıb. Əvvəlki iki ayda da bu göstərici qeydə alınıb.

Sorğuya cəlb olunanların 21%-i ailəsinin maddi vəziyyətinin pis olduğunu qeyd edib. 13% ailəsinin maddi vəziyyətindən razıdır, 66% isə orta mövqedədir.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma statistikası

14.03.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma statistikası açıqlayıb. Rəsmi hesabata görə, bu ilin yanvar-fevral aylarında rayon və şəhərlərdə dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, qazanxana maşinisti, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, vizajist, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 451 nəfər həmin kurslara cəlb edilib. Onların 70,2 faizi gənclər ibarət olub.

Yanvar-fevral aylarında əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 25145 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

peshe

Hökumət saatı irəli-geri çəkməkdən imtina edəcəkmi?

14.03.2016

nk 1Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda yay və qış vaxtlarına keçid məsələsini müzakirə edib. Martın 11-də keçirilən özəl iclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə dövlət başçısı İlham Əliyevin yay və qış vaxtlarına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini deyib. AMEA-nın akademik-katibi Rasim Əliquliyev dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışıb, 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycan kiçik və vahid saat qurşağında yerləşən ölkə olduğundan burada yay və qış vaxtlarına keçid o qədər də böyük əhəmiyyət daşımır.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev, Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Fizika İnstitutunun baş elmi işçisi Kamil Qurbanov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov da cari vaxtı saxlamağın gərək olduğunu vurğulayıblar. Prezident Administrasiyasına cari vaxt hesabını saxlamağın məqsədəuyğun olduğu barədə məlumat göndərilməsi qərara alınıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli martın 14-də Transparency.az-a deyib ki, hazırda hökumət yay-qış vaxtına keçidlə bağlı heç bir müzakirə aparmır.

Transparency.az-a danışan Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, yay-qış vaxtına keçid ölkəyə iqtisadi xeyir gətirirsə, saxlanması mümkündür: “Amma Nazirlər Kabineti yay-qış vaxtına keçidlə nə qədər enerjiyə qənaət olunduğunu hesablamalıdır. Əgər ciddi rəqəm yoxdursa, dəyişiklik də əhəmiyyətsizdir.

Saatın irəli-geri çəkilməsinin insanların səhhətinə, psixologiyasına mənfi təsir göstərdiyi deyilir, amma bu, o qədər narahatedici səviyyədə deyil. Emosional, səhhətində problemi olan yaşlı insanlarda sadəcə bir həftə, on gün nasazlıq yarana bilər. Amma hər halda Azərbaycan üçün bir saat rejimi məqsədəuyğundur”.

Xarici valyutada kredit problemi: prezidentə müraciət olundu

14.03.2016



prezident-11Bir qrup iqtisadçı, hüquqçu, QHT rəhbəri prezident İlham Əliyevə müraciət edib. Transparency.az-ın məlumatına görə, müraciətdə bankların əhaliyə xarici valyutada verdiyi kreditlərlə bağlı vəziyyətə toxunulur: “2015-ci ildə manatın kəskin devalvasiyasından sonra bir çox vətəndaşımızın maddi vəziyyəti xeyli ağırlaşıb, onların əhəmiyyətli hissəsi psixoloji gərginlik altına düşüb. Araşdırmalarımız göstərir ki, kreditlərin böyük əksəriyyəti sosial yönümlü kreditlərdir. İnsanlar bir qayda olaraq məişət problemlərinin həlli məqsədilə kredit götürüblər. Kredit üçün müraciət edən insanlar əksər halda manatla krediti almaq mümkün olmadığına görə xarici valyutada kredit götürməyə məcbur olublar. Ehtiyac içində olan vətəndaşa bir çox banklarda krediti yalnız xarici valyutada almağın mümkün olduğu deyilib və insanlar başqa çıxış yolu tapmadıqlarından bu təklifi qəbul ediblər.

Xarici valyutada gəliri olmayan bu insanlar bir il ərzində manatın məzənnəsində baş vermiş kəskin ucuzlaşmadan sonra kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən il fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Çünki onların gəlirləri bu miqyasda artmayıb. Bəziləri isə böhranla bağlı iş yerlərini itiriblər.

İnsanların belə maliyyə yükünü çəkmək imkanı praktik olaraq yox dərəcəsindədir. Digər tərəfdən yaranmış bu durum bankların da vəziyyətini getdikcə ağırlaşdırmaqdadır.

Əldə etdiyimiz məlumatlara görə, bu gün əhali xarici valyutada olan kreditləri praktik olaraq ödəmir. Bu kreditlərin qayıtmaması bank sistemini bütövlükdə iflic vəziyyətə sala bilər. Bəzi banklar yaranmış vəziyyətdən istifadə edərək müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin üçdə iki hissəsini kredit faizlərinə silirlər.

Bir sözlə, bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının qeydsiz-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla kredit almış olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir. Bu cür kompensasiyalar dövlətə inamın sarsıntıya uğramasından daha az itki olar”.

Müraciətdə fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul edilməsi, Mərkəzi Kredit Bürosunun yaradılması, maliyyə ombudsmanı institutunun təsis edilməsi, pərakəndə ticarətin inkişafı üçün TAKSİT sisteminin tətbiqi, lombardlar və lizinq qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi kimi təkliflər də yer alır.

Müraciəti Sabit Bağırov, Fikrət Yusifov, Ruslan Atakişiyev, Vüqar Bayramov, Eldar Qocayev, Sirus Abasbəyli, İlkin Qarayev, Qalib Toğrul, Azər Mehtiyev, Eyyub Hüseynov, Abil Bayramov imzalayıblar.

Gömrük rüsumlarının dəyişilməsi nələrə gətirə bilər?

14.03.2016

qalib togrul 1Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə deyib ki, gömrük rüsumlarının dəyişməsi planı var. Onun sözlərinə görə, komitə hökumətə bu məsələ ilə bağlı təkliflər göndərib: “Biz yerli istehsalı qorumaq niyyətindəyik. Azərbaycanda istehsal edilən məhsullara görə idxal rüsumlarının artırılmasını, istehsal edilməyən məhsullara görə azaldılmasını təklif etmişik”.

İqtisadçı ekspert Qalib Toğrul Dövlət Gömrük Komitəsinin çoxpilləli gömrük rüsumlarından imtina edərək üçpilləli rüsumların tətbiqinə hazırlaşdığını yazır. Transparency.az-ın məlumatına görə, ekspert son 15 ildə tətbiq edilən rüsumlara və komitənin bu istiqamətdə addımlarına nəzər salıb: “2001-ci ildən ölkədə 0-15% aralığında 7 gömrük rüsumu tətbiq olunur: 0%, 0,5%, 1%, 3%, 5%, 10% və 15%. 2008-ci ildə Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar çərçivəsində Dövlət Gömrük Komitəsi çoxpilləli sistemdən üçpilləli sistemə keçid təklifi vermişdi. 0%, 5% və 15% şəklində üçpilləli sistemin tətbiqi nəzərdə tutulurdu. Lakin o vaxt danışıqlar ləngidi və təklif unuduldu. 2012-ci ildə məsələ yenidən qaldırılsa da, həllini tapmadı.

Üçpilləli sistemdə yerli istehsal üçün nəzərdə tutulan xammal və avadanlıqların idxalı 0%-lə rüsuma cəlb olunur. Bu sistemin tətbiqində digər məqsəd yerli istehsalı idxal mallarının təzyiqindən qorumaqdır. Yerli istehsal məhsulu və ya onun oxşarı idxal ediləcəksə, bu zaman ən yüksək gömrük rüsumu (15%) tətbiq olunacaq. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmadığı üçün belə məhdudiyyətlərin tətbiqi mümkündür. Ancaq gömrük rüsumları ilə bağlı dəyişikliyin ölkədə yerli istehsal sahəsində monopoliya yaratmaq təhlükəsi var. Bununla bağlı diqqətli olmaq lazımdır”.

Türkiyə prezidenti gələsi olmadı, İlham Əliyev Ankaraya gedir

15.03.2016

gorush 1Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakı iclası yenidən təxirə salınıb. APA “Anadolu” agentliyinə istinadla bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev toplantının Ankarada keçirilməsini təklif edib. Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə İlham Əliyevə təşəkkürlərini çatdırıb.

Martın 13-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış törədilib, biri terrorçu olan 37 nəfər ölüb. Hadisə Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ərəfəsində baş verib. Martın 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Bakıya gəlməli idi.

Fevralın 17-də də Ankaranın mərkəzində terror aktı törədilmiş, 28 nəfər həlak olmuşdu. Həmin olaya görə Rəcəb Teyyub Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməli iclasına gələ bilməmişdi. İclas fevralın 18-də olmalı idi.

Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası 2010-cu il sentyabrın 15-i İstanbulda İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğanın (o zaman baş nazir idi) görüşündə imzalanan birgə bəyannamə ilə yaradılıb.

Manat əksər valyutalar qarşısında möhkəmlənib

15.03.2016



merkezi bank
Azərbaycan manatı martın 15-də gürcü larisi və Moldova leyi istisna olmaqla bütün xarici valyutalar qarşısında möhkəmlənib. ABŞ dollarının rəsmi məzənnəsi 1,6411 manatdan 1,6322 manata, avronun rəsmi satış kursu 1,8320 manatdan 1,8127 manata enib.

Transparency.az Mərkəzi Bankın siyahısında olan digər valyutalar üzrə kursları təqdim edir:

1 Çin yuanı – 0,2509 manat

1 gürcü larisi – 0,6916 manat

1 ingilis funt sterlinqi – 2,3293 manat

100 İran rialı – 0,0054 manat

1 İsveçrə frankı – 1,6545 manat

1 Küveyt dinarı – 5,4239 manat

1 Moldova leyi – 0,0827 manat

1 Rusiya rublu – 0,0233 manat

1 türk lirəsi – 0,568 manat.

Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin olunub

15.03.2016

vilayet eyvazov 1Prezident İlham Əliyev polis general-leytenantı Vilayət Eyvazovu daxili işlər nazirinin birinci müavini təyin edib.

Vilayət Eyvazov 1968-ci ildə Culfanın Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1994-cü ildə daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

2005-ci ildən daxili işlər nazirinin müavini idi. “Azərbaycan Bayrağı”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. 2004-cü ildə polis general-mayoru, 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsi alıb.

Ailəlidir. Üç övladı var.

Transparency.az bildirir ki, daxili işlər nazirinin birinci müavini postu martın 11-də yaradılıb. Həmin gün prezident fərmanı ilə Daxili İşlər Nazirliyinin əsasnaməsinə müvafiq dəyişiklik edilib. Yeniliyə görə, nazir olmayanda onun səlahiyyətlərini birinci müavin həyata keçirir.

Martın 11-də Daxili İşlər Nazirliyinin strukturunda da dəyişiklik olub. Təchizat İdarəsi Maddi-Texniki Təminat Baş İdarəsinə çevrilib, Əsaslı Tikinti İdarəsi ləğv olunub.

Azərbaycan nefti 40 dollardan 1 sent bahadır

15.03.2016



neft 1Dünya birjalarında neftin qiyməti enib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,11 dollar ucuzlaşaraq 36,54 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar azalaraq 39,24 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,05 dollar ucuzlaşaraq 40,01 dollara satılır. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 15 dollar 1 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

OPEK hasilatı 175 min barrel azaldıb

15.03.2016



opek 1Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) xam neft hasilatı fevralda əvvəlki ayla müqayisədə gündəlik 175 min barrel azalaraq 32,28 milyon barrelə enib. AZƏRTAC xəbər verir ki, OPEK-in aylıq hesabatında bu il üçün qlobal neft tələbatının keçən illə müqayisədə gündəlik 1,25 milyon barrel artımla sutkada 94,23 milyon barrelə çatacağı bildirilir. Ötən il qlobal neft tələbatı gündəlik 92,98 milyon barrel idi.

Hesabata görə, OPEK üzrə xam neft tələbatı bu il 2015-ci illə müqayisədə gündəlik 1,8 milyon barrel fərqlə 31,5 milyon barrel olacaq. Qeyri-OPEK ölkələrinin builki neft təklifi isə gündəlik 700 min barrel azalaraq 56,39 milyon barrel təşkil edəcək.

OPEK 1960-ci ildə yaradılıb. Qurumun 13 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador, İndoneziya.

Enerji şəbəkəsi regional qurumlarda birləşdirildi

15.03.2016

enerji 1
Nazirlər Kabineti təbii inhisar subyektlərinin siyahısında dəyişikliklər edib. Yeniliyə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elektrik enerjisinin ötürülməsi və paylanması xidmətləri ləğv edilir, bu qurumun elektrik enerjisinin ötürülməsi xidməti yaradılır.

Başqa bir yenilik “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti”nin ləğvidir. Onun əvəzində Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi qurulur. Bu quruma Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi, Qobustan Rayon Elektrik Şəbəkəsi daxildir.

“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” isə Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinə çevrilir. İdarəyə Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri daxil olur. “Sumqayıt Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Xaçmaz Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilir.

Transparency.az xəbər verir ki, həmçinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılır.

Hökumət hesabat verir

15.03.2016



mm - yeniNazirlər Kabineti Milli Məclisin 15 mart iclasında 2015-ci ilə dair hesabat verir. Hesabat məruzəsi ilə baş nazir Artur Rasizadə çıxış edib.

AZƏRTAC-ın məlumatına görə, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ötən il dünya iqtisadiyyatında mənfi meyllər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib: “Təbii ki, bu mənfi meyl Azərbaycandan da yan keçməyib. Ancaq prezident İlham Əliyevin məqsədyönlü siyasəti bu mənfi meyllərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür”.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub: “Keçən il bu özünü bir daha göstərib. Ötən il ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub. Ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb.

2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür”.

İlham Əliyev Ankaradadır

15.03.2016



sefer 1
Prezident İlham Əliyev martın 15-də Türkiyəyə işgüzar səfərə gedib. Ankaranın “Esenboğa” hava limanında İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb. Daha sonra İlham Əliyev Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla bir araya gəlib.

Səfər zamanı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Martın 13-də Türkiyənin paytaxtı Ankaranın mərkəzində güclü partlayış törədilib, biri terrorçu olan 37 nəfər ölüb. Hadisə Bakıya təyin olunmuş Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ərəfəsində baş verib. Martın 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Bakıya gəlməli idi. Martın 14-də Azərbaycan prezidenti İlham Əliyev toplantının Ankarada keçirilməsini təklif edib.

Fevralın 17-də də Ankaranın mərkəzində terror aktı törədilmiş, 28 nəfər həlak olmuşdu. Həmin olaya görə Rəcəb Teyyub Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməli iclasına gələ bilməmişdi. İclas fevralın 18-də olmalı idi.

Artur Rasizadə: “Belə vaxtda iqtisadi artımı təmin etmək asan deyil”

15.03.2016



rasizade 1
“Ötən il qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə daha beş müasir tipli qəsəbə salınıb, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib. Ümumilikdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 430 milyon manat vəsait xərclənib”. AZƏRTAC xəbər verir ki, baş nazir Artur Rasizadə martın 15-i Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatında belə deyib.

Baş nazir qeyd edib ki, ötən il neft sənayesində 10 faiz artım olub: “Əsas kapitala yönəldilmiş 16 milyard vəsaitin 55 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artıb, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. Maliyyə və pul sektorundakı çətinliklərə baxmayaraq Mərkəzi Bankın və hökumətin qarşıya qoyduğu ümdə məsələlərdən biri inflyasiyanı təkrəqəmli səviyyədə saxlamaq olub və bu təmin edilib.

Əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Ünvanlı sosial yardımın bir ailə başına düşən orta aylıq məbləği artırılıb. Ümumilikdə bu məqsədə 197 milyon manatdan artıq vəsait xərclənib”.

APA-Economics-in məlumatına görə, Artur Rasizadə deyib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb: “Belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil. Şübhəsiz ki, ötən il əldə olunmuş nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və prezident İlham Əliyevin düşünülmüş, ardıcıl iqtisadi siyasəti nəticəsində mümkün olub. Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib”.

Baş nazir deyib ki, Ermənistan vaxt uzadaraq Dağlıq Qarabağ probleminin həllindən yayınır, beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur: “Bütün bunlar nəzərə alınaraq ötən il ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində ciddi işlər görülüb. Son zamanlar işğalçı tərəfin təxribat xarakterli hücumlarına verilən layiqli cavablar da bunu bir daha sübut edir”.

Artur Rasizadə bildirib ki, ötən il 1500 zabit mənzillə təmin edilib, Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 70 milyon manatdan çox vəsait daxil olub, ümumilikdə Silahlı Qüvvələrə 3,3 milyard manat vəsait xərclənib.

Azərbaycanda biznes mühitinə toxunan baş nazirin sözlərinə görə, görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 10,7% artaraq 84 mini ötüb: “Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 11% artaraq 577 min nəfərə çatıb. Ötən il sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb. Sahibkarlığa Kömək Milli Fondu 5000-dən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verib. Verilən kreditlərin 64%-i regionların payına düşüb”.

Hərbi qulluqçular kimi ABŞ prezidenti görmək istəyir?

15.03.2016

sanders ve tramp 1“Military Times” qəzeti amerikalı hərbi qulluqçular arasında aparılmış sorğunun nəticələrini açıqlayıb. Novator.az xəbər verir ki, hesabata görə, hərbi qulluqçuların əksəriyyəti ABŞ prezidenti postunda Respublikaçılar Partiyasından Donald Trampı və ya Demokratlar Partiyasından Berni Sandersi görmək istəyir.

Sorğuda 1000 nəfərə yaxın əsgər, ehtiyatda olan hərbi qulluqçu və ABŞ Milli Qvardiyasının üzvləri iştirak edib. Respondentlərin 27%-i prezident seçkisində Trampa, 22%-i isə Sandersə səs verə biləcəyini vurğulayıb.

Hərbçilər arşında Trampın tərəfdarları çox olsa da, onlarla hərbi qulluqçu onun prezident seçilməsini ölkə üçün təhlükə sayır. Sorğuya qatılan üç nəfər isə bildirib ki, respublikaçı milyarder ali baş komandan olsa, hərbi xidməti tərk edəcəklər.

ABŞ-da prezident seçkisi 2016-cı il noyabrın 8-də keçiriləcək. Respublikaçılar prezidentliyə namizədi 18-21 iyul qurultayında, demokratlar 25-28 iyul qurultayında seçəcəklər. İlkin seçki yarışlarında Demokratlar Partiyasından Hillari Klinton önə çıxıb, Respublikaçılar Partiyasından isə Donald Tramp irəlidə gedir.

Dövlət Əmək Müfəttişliyi Xidməti iki aylıq hesabat yayıb

15.03.2016



demx logoƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-fevral aylarında vətəndaşların müraciətlərini araşdıraraq 53121 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Rəsmi məlumata görə, gecikdirilmiş sosial xarakterli ödənişlərin 76,2 faizi əməkhaqqı, 19 faizi sosial müavinət və kompensasiya, qalan hissəsi zərərə görə ödənclər olub.

Hesabatda bildirilir ki, son iki ayda işdən qeyri-qanuni azad edilmiş 10 nəfər əvvəlki işinə bərpa olunub.

Ankarada Azərbaycan-Türkiyə sənədləri imzalanıb

15.03.2016



ankara zirvesi 1
Ankaraya işgüzar səfər edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla təkbətək görüşüb. Həmin gün, martın 15-də Ankarada Əliyevlə Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclas başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri imzalanıb. Sənədlər bunlardır:

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”;

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”.

2015-ci ildə ən çox neft çıxaran 10 ölkə

15.03.2016

neft 1
2015-ci ildə ən çox neft ABŞ-da hasil olunub. Transparency.az CNN-ə istinadla bildirir ki, ötən il bu ölkədə gündəlik 13,7 milyon barrel neft çıxarılıb.

Neft hasilatının həcminə görə ikinci yerdə gündəlik 11,9 milyon barrellə Səudiyyə Ərəbistanı dayanıb.

Üçüncü yeri gündəlik 11 milyon barrel hasilatla Rusiya tutub.

İlk onluqdakı digər ölkələr siyahıda belə sıralanıb:

Çin – gündə 4,6 milyon barrel

Kanada – 4,4 milyon barrel

İraq – 4 milyon barrel

BƏƏ – 3,5 milyon barrel

İran – 3,4 milyon barrel

Meksika – 2,7 milyon barrel

Küveyt – 2,7 milyon barrel.

Bu rəqəmlər xam neft və maye qaz kondensatını ehtiva edir.

Transparency.az bildirir ki, ötən il Azərbaycanda 41 milyon 586 min ton neft hasil olunub. Bu, gündə təqribən 843 min barrel deməkdir.

15,22%-lik dövlət istiqrazları üzrə hərrac keçirilib

15.03.2016

maliyye nazirliyiMartın 15-i Bakı Fond Birjasında tədavül müddəti 182 gün olan 10 milyon manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib. Sifarişlərin ümumi məbləği 35,8 milyon manat olub.

Maliyyə Nazirliyi 10 milyon manat məbləğində dövlət istiqrazlarını 15,22% gəlirliliklə təmin edib.

İstiqrazların ödəmə müddəti 13 sentyabr 2016-cı ildir.

Xəbəri Maliyye.gov.az yayıb.

Parlament hökumətin hesabatını qəbul etdi

15.03.2016



mm - yeni 1
Martın 15-də parlament Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edib. Baş nazir Artur Rasizadənin təqdim etdiyi hesabat 3 saatdan artıq müzakirə olunub və müxtəlif təkliflər səsləndirilib. Xəbəri APA yayıb.

AZƏRTAC baş nazir Artur Rasizadənin çıxışının mətnini yayıb. Baş nazir çıxışında deyib ki, hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun dəyəri real ifadədə 1,1 faiz artıb, qeyri-neft sənayesində artım 10 faiz təşkil edib (Çıxış).

Azərbaycan və Türkiyə prezidentlərinin Ankara bəyanatları

16.03.2016



ankara gorushu 1
Martın 15-i Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında enerji, nəqliyyat məsələləri, müdafiə, hərbi istiqamətlərdə əməkdaşlıq müzakirə olunub. Türkiyə prezidenti hökumətlər arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair protokol, diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişlərin və başqa sənədlərin imzlandığını vurğulayıb: “Bütün bu fəaliyyətlə bərabər 25 il ərzində Azərbaycanın çatdığı səviyyəni, nail olduğu uğurları türkiyəli qardaşları olaraq daim təqdir etdik və təqdir edirik. Bugünkü iclasımızın, keçirdiyimiz görüşlərin, qəbul etdiyimiz qərarların Azərbaycanın bu sürətli inkişafına dəstək olacağına inanıram.

Təkbətək görüşdə ətraflı müzakirələr apardıq, ondan sonra nümayəndə heyətləri arasında görüş keçirdik. Nazirlərimiz öz aralarında gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr apardılar. Bildiyiniz kimi, ilboyu nazirlərimizin görüşləri keçirilir və prezidentlərin də iştirakı ilə bir il Azərbaycanda, bir il Türkiyədə olmaqla bu iclaslar davam edir”.

Ərdoğan Azərbaycanla birlikdə həyata keçirilən TANAP layihəsindən söz açıb: “TANAP-da işlər əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq sürətlə irəliləyir. Hətta layihənin nəzərdə tutulan müddətdən əvvəl tamamlanması üçün çalışırıq. TANAP-ın onurğa sütununu təşkil edən “Cənub” qaz dəhlizi məsələsində də bütün tərəfdaşlarla sıx əlaqədə çalışırıq. Bu münasibətlə fevralın 29-u Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısını keçirdiyi üçün Azərbaycanı təbrik edirəm.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də nəqliyyat sahəsindəki mühüm layihəmizdir. Londondan Pekinə qədər dəmir yolu nəqliyyatını mümkün edəcək layihənin, inşallah, dekabrda birlikdə açılışını edəcəyik. Bu nəhəng layihə dünyaya önəmli bir mesaj olacaq.

Ticari əlaqələrimizə gəldikdə, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi 2015-ci ildə inkişaf tempinə təsir etdi. Buna baxmayaraq 2023-cü il üçün 15 milyard dollarlıq hədəfimizi qüvvədə saxlayırıq və bunu həyata keçirmək üçün, inşallah, lazım olan tədbirləri görəcəyik.

Qarşılıqlı sərmayə qoyuluşu hazırda 13 milyard dollar səviyyəsindədir. Bunu da artıraraq, inşallah, beş ildə 20 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırırıq. İclasımızda xüsusilə Naxçıvanın artan ixracat potensialını dəyərləndirərək müştərək fəaliyyətə qərar verdik. İstər Naxçıvanın məhsullarını ölkəmizdə görmək, istərsə də onun turizm imkanlarından yararlanmaq mühüm istiqamətdir.

Görüşlərimizdə hərbi sənaye və təhlükəsizlik məsələlərini bir daha müzakirə etdik. Müdafiə sənayesi sahəsində bəzi konkret addımların atılmasını qərarlaşdırdıq. Qarşıdakı aylarda keçiriləcək üçüncü Türkiyə-Azərbaycan Müdafiə Sənayesi Əməkdaşlığı Toplantısının bu baxımdan mühüm fürsət olacağına inanıram”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan bütün sahələrdə uğurlu əməkdaşlıq qurub və Ankarada imzalanan sənədlər, danışıqlar bir daha iki ölkənin birliyini nümayiş etdirir: “Bizi hərbi əməkdaşlıq birləşdirir. Hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçirib. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir.

Bizi enerji layihələri birləşdirir. 2012-ci ildə məhz Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər o vaxt biz TANAP layihəsinə start verməsəydik, bu gün “Cənub” qaz dəhlizi layihəsi reallaşa bilməzdi. Bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək. Əminəm ki, 2 ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik.

Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və artıq nəqliyyat sahəsində yeni imkanlar mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Türkiyədən gələn yüklərin sayı artsın və Azərbaycan ərazisindən müxtəlif istiqamətlərə yönəlsin. Buna nail olmaq üçün artıq praktiki addımlar atılmaqdadır”.

Neftin qiyməti 40 dollardan aşağı düşüb

16.03.2016

neft 01“AzəriLayt” markalı neftin bir barreli 41 sent ucuzlaşaraq 39,60 dollara enib.

AZƏRTAC-ın 16 mart məlumatına görə, dünya birjalarında neftin qiyməti düşür. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,19 dollar ucuzlaşaraq 36,26 dollara, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar azalaraq 39,12 dollara satılır.

Transparency.az az bildirir ki, bir il əvvəl “AzəriLayt” London birjasında 56,86 dollara, iki il əvvəl 110,91 dollara təklif 

Liderlər yeni qələbələr qazandı

16.03.2016

tramp - klinton 1
ABŞ-da prezidentliyə iddiaçıların ilkin seçki yarışının daha bir raundu keçirilib. Martın 15-i baş ştatda baş tutan praymeriz demokratlar düşərgəsinin lideri Hillari Klintonun mövqeyini gücləndirib. Transparency.az xəbər verir ki, Hillari Klinton Florida, İllinoys, Şimali Karolina, Missuri və Ohayo ştatlarının hamısında rəqibi Berni Sandersi geridə qoyub.

Respublikaçılardan ən güclü iddiaçı Donald Tramp Florida, İllinoys, Şimali Karolina, Missuridə birinci olub, Ohayoda isə Con Keysiçə uduzub. Bu düşərgədən Marko Rubio vətəni Floridada məğlub olduğu üçün seçki yarışından çəkildiyini bəyan edib.

ABŞ-da prezident seçkisi bu il noyabrın 8-də keçiriləcək. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə namizədi yaya təyin olunmuş qurultaylarda seçməlidir. Çox güman, Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından isə Donald Tramp namizəd olacaqlar.

MSK 8 siyasi partiyanın illik maliyyə hesabatını açıqlayıb

16.03.2016

Martın 16-dək Mərkəzi Seçki Komissiyasının saytında 8 siyasi partiyanın illik maliyyə hesabatı yerləşdirilib. Transparency.az bildirir ki, 2015-ci il üzrə hesabatı açıqlanan qurumlar Yeni Azərbaycan, Azərbaycan Mübarizləri, Təkamül, Kommunist, Ədalət, Vahid Kommunist, Müstəqil Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarıdır (Maliyyə hesabatları).



msk_1_22014-cü ildə Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov martın 16-da deyib ki, hələlik 55 siyasi partiyadan 14-ü hesabat təqdim edib: “Partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-nə qədər illik maliyyə hesabatlarını MSK-ya təqdim etməli və hesabatların dərc edilərək rəsmiləşdirilməsi prosesi başa çatdırılmalıdır. Keçən il ilk il olduğu üçün siyasi partiyaların bu sahədə fəaliyyətinin təkmilləşməsinə ehtiyac duyulurdu. Bu ildən isə partiyalar illik maliyyə hesabatlarını mütləq aprelin 1-nə qədər MSK-ya təqdim etməlidir.

Biz bu ildən başlayaraq hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımları atacaq, Ədliyyə Nazirliyinə müvafiq müraciət edəcəyik. Ümid edirəm ki, siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq”.

Neft Fondu 8 banka 39,1 milyon dollar satdı

16.03.2016

dnf 01Martın 16-da Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Dövlət Neft Fondundan Transparency.az-a verilən məlumata görə, qurum hərraca 100 milyon ABŞ dolları həcmində vəsait çıxarıb. Vəsaitin 39,1 milyon ABŞ dollarını 8 bank alıb.

Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 190 milyon 176 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb.

Bu il 25 min 508 vergi ödəyicisi qeydiyyata alınıb

16.03.2016

Vergilər Nazirliyi xəbər verir ki, bu ilin əvvəlindən martın 11-nə qədər 25 min 508 vergi ödəyicisi qeydiyyata alınıb. Ödəyicilərin 23 min 828-i fiziki şəxs, 1680-i hüquqi şəxs, 114-ü isə xarici investisiyalı müəssisədir.

Rəsmi məlumata görə, xarici investisiyalı müəssisələrin fəaliyyəti sənaye, tikinti, nəqliyyat, turizm, xidmət və ticarət sahələrində genişlənib. Biznes sektoruna daxil olan ölkələrin müxtəlifliyi də artıb.

SSRİ-nin saxlanması haqda referendum indi keçirilsəydi…

16.03.2016



ssriSSRİ-nin saxlanması haqda referendum indi keçirilsəydi, rusiyalıların 64%-i o dövlətin qalmasına səs verərdi. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğunun nəticələri belə göstərir.

Novator.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sorğunu bu il martın 5-6-da Rusiya Federasiyasının 46 subyektində (vilayət, diyar və respublikalarında), 130 yaşayış məntəqəsində aparıb. Sorğuda ümumilikdə 1600 nəfər iştirak edib.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi bəyan edir ki, sorğuda SSRİ-nin saxlanmasının lehinə olanların əksəri (81%-i) hazırkı Rusiya Kommunist Partiyasının tərəfdarlarıdır. 18-24 yaş arasında olan respondentlərin 47%-i, yaşı 60-ı keçən respondentlərin isə 76%-i bildirib ki, referendum indi keçirilsəydi, onlar SSRİ-nin saxlanmasının lehinə səs verərdilər.

SSRİ-nin saxlanması haqda referendum 25 il qabaq, 1991-ci il martın 17-də olub. O vaxt SSRİ Mərkəzi Referendum Komissiyasının yaydığı rəsmi məlumata görə, səsvermədə iştirak edənlərin 76%-i SSRİ-nin saxlanmasının lehinə səs verib. Bununla belə, həmin ilin dekabrında SSRİ dağılıb.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusunda iştirak edənlərin 27%-i SSRİ-nin dağılmasına görə bu dövlətin sonuncu rəhbəri Mixail Qorbaçovu, 17%-i həm də onun komandasını, bütövlükdə ölkə rəhbərliyini günahkar sayır.

Sorğu iştirakçılarının 13%-i SSRİ-nin dağılmasına görə Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsini və onun tərəfdarlarını da günahkar bilir.

Respondentlərin yalnız 2%-i hesab edir ki, ABŞ və başqa Qərb dövlətlərinin bu işdə təsiri olub. 1%-i isə ümumiyyətlə heç kimi günahkar saymır. Sorğu iştirakçılarının 40%-i “SSRİ-nin dağılmasına görə günahkar kimdir” sualına cavab verməyə çətinlik çəkib.

1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Partiyaların maliyyə hesabatları

16.03.2016

Transparency.az Mərkəzi Seçki Komissiyasına 2015-ci ilin maliyyə hesabatını vermiş siyasi partiyaların göstəricilərinə nəzər salıb. Hesabatı açıqlanan qurumlar Yeni Azərbaycan, Azərbaycan Mübarizləri, Təkamül, Kommunist, Ədalət, Vahid Kommunist, Müstəqil Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarıdır.

Maliyyə hesabatına görə, hakim Yeni Azərbaycan Partiyasının 2015-ci ildə cəmi xalis aktivləri (kapitalı) və öhdəlikləri 16,2 milyon manat olub. Partiyanın ehtiyat fondunda 9,5 milyon manat vəsait olduğu qeyd edilir.

Hesabata əsasən, 2015-ci ildə YAP üzvlük haqlarından 6,2 milyon manat əldə edib, dövlət büdcəsindən 1 milyon 148 min 601 manat alıb.

Partiyanın saxlanmasına və informasiya təminatına 4,2 milyon manat, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 760,9 min manat xərcləndiyi qeyd olunur.

YAP ötən il 7,4 milyon manat gəlir əldə edib, 7,1 milyon manat xərcləyib.

Parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının hesabatında pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 107,7 min manat göstərilir. Hesabatda qeyd olunur ki, 2015-ci ildə təşkilata 864 manat ianə verilib, dövlət büdcəsindən isə 106 min 934 manat ayrılıb.

Partiyanın saxlanmasına 26,8 min manat, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 51,4 min manat sərf edilib.

Ədalət Partiyasının hesabatına görə, təşkilatın uzunmüddətli aktivlərinin həcmi 7057 manatdır. Ötən il partiyanın gəlirləri dövlət büdcəsindən ayrılan vəsaitdən ibarət olub. Dövlət büdcəsindən partiyaya 106 min 934 manat ayrılıb. Təşkilatın xərcləri 109 min 142 manat olub. Bu, 2208 manat ziyan deməkdir.

Digər partiyaların maliyyə hesabatları MSK-ya boş təqdim edilib. Yəni 2015-ci ildə həmin partiyaların nə gəliri olub, nə də xərci…

Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlıq statistikası yayıb

16.03.2016

edliyye nazirliyi 1
Ədliyyə Nazirliyi beynəlxalq hüquqi əməkdaşlıq məsələləri ilə bağlı statistika yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, nazirlik 30 ikitərəfli müqavilənin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 29 ölkənin uyğun nazirliyi ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq qurub, 16 çoxtərəfli müqavilə üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir.

Hesabata əsasən, nazirliyə beynəlxalq hüquqi yardımla bağlı sorğuların sayı ötən il 17 min 500-ə çatıb.

Son 5 il ərzində Ədliyyə Nazirliyi 167 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 240 nəfərin Azərbaycana gətirilməsinə nail olub.

Ədliyyə Nazirliyi qeyd edir ki, Novruz bayramı ərəfəsində İranda cəza çəkən 6 nəfər azərbaycanlı məhkum Azərbaycana, 26 nəfər İran vətəndaşı isə qarşı tərəfə təhvil verilib.

Rusiyada xam neft ixracına görə vergilər artır

16.03.2016



neftAprelin 1-dən Rusiyada xam neft ixracına görə vergi sistemi dəyişir. AZƏRTAC bildirir ki, Maliyyə Nazirliyi neft ixracında vergilərin təxminən 38 faiz artacağını açıqlayıb.

Nazirliyin məlumatına görə, əvvəllər ixrac edilən bir ton neft üçün tutulan 39,5 dollarlıq vergi aprelin 1-dən 54,9 dollara qaldırılacaq.

Ukrayna siyasətçilərinin reytinqi

16.03.2016



ukrayna 1Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna siyasətçilərinin reytinqini açıqlayıb. Reytinq fevralın 23-dən martın 8-dək Ukraynanın 110 yaşayış məntəqəsində 2039 nəfər arasında keçirilmiş rəy sorğusuna əsaslanır. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, mart ayında prezident seçkisi keçirilsə, indiki dövlət başçısı Pyotr Poroşenko 9,3% səs toplayar.

Batkivşina lideri Yuliya Timoşenkoya respondentlərin 10,9%-i dəstək ifadə edib.

Digər siyasətçilərin xəyali prezident seçkisində səsləri belə bölünüb:

Radikal Partiyanın lideri Oleq Lyaşko – 6,3%

Samopomoş Partiyasının lideri Andrey Sadovoy – 5,4%

Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qlitsenko – 5%

Müxalif Blokun lideri Yuri Boyko – 4,9%

Azadlıq Partiyasının lideri Oleq Tyaqnibok – 2,1%

Milli Hərəkatın lideri Dmitri Yaroş – 2%.

Ukraynada sonuncu prezident seçkisi 2014-cü il mayın 25-də keçirilib. Pyotr Poroşenko həmin seçkidə 54,70% səslə qalib gəlib. Yuliya Timoşenko 12,81%-lə ikinci, Oleq Lyaşko 8,32%-lə üçüncü olub.

Ekspert Dövlət Neft Fondunun büdcəsini dəyişməyə çağırır

16.03.2016



rovshen_agayevİqtisadçı ekspert Rövşən Ağayev Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə dəyişiklik təklif edir. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənsə də, fondun büdcəsinə yenidən baxılması ləngiyir.

Dövlət büdcəsində yeniliyə əsasən, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da əvvəl təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin əvvəlki proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.

Rövşən Ağayev Dövlət Neft Fondunun büdcəsində dəyişiklik zərurətini büdcəyə transfertlərlə əlaqələndirib: “Fonddan büdcəyə transfertlər 25%-dək artırılıb. Həmin dəyişikliyin tamamlanması üçün Dövlət Neft Fondunun da büdcəsinə dəyişiklik təsdiqlənməlidir. Yeniliyə görə, fondun 2016-cı il xərcləri indi qüvvədə olan məbləğdən təxminən 2,4 milyard manat çox – 10,6 milyard manat olacaq. Artırılan xərclərin 1,6 milyard manatı dövlət büdcəsinə transfertlərə əlavə ediləcək. Yerdə qalan 800 milyon manat isə fondun öz öhdəlikləri ilə bağlı xərclərin artırılmasına yönəldiləcək. Nəticədə ümumi xərclərin 7,6 milyard manatı dövlət büdcəsinə köçürüləcək, 3 milyard manatı isə qurum öz layihələrinə xərcləyəcək.

Gəlirlərə gəldikdə, büdcə gəlirlərinin hesablanması üçün neftin qiyməti hər barrel üçün 50 dollardan 25 dollara endirilib deyə fondun gəlirlərinin təxminən 4,6 milyard manat təşkil edəcəyi deyilir. Hazırda qüvvədə olan variantda isə gəlirlər 6,7 milyard manatdır. Beləliklə, fondun büdcəsində ən azı 6 milyard manatlıq kəsirdən söhbət gedir. Manatın orta illik məzənnəsi hazırkı səviyyədə qalarsa və neftin orta illik qiyməti 25 dollarda qərarlaşarsa, Dövlət Neft Fondu özünün büdcə kəsirini örtmək üçün 4 milyard dollara yaxın xarici aktivlərini ölkəyə gətirməli olacaq”.

Yol xəritəsi təsdiqləndi, Natiq Əmirova yeni iş tapşırıldı

17.03.2016

Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiqləyib. Martın 16-da imzalanan sərəncamla sənədə əsaslanan inkişaf planlarını hazırlayacaq işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovdur.

natiq emirov 1İlqar Fətizadə (maliyyə nazirinin birinci müavini), Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), Alim Quliyev (Mərkəzi Bank sədrinin birinci müavini), Vilayət Vəliyev (İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru), Ədalət Muradov (Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru) və Emin Hüseynovun (ADA Universitetinin prorektoru) daxil olduğu qrupa altı ay müddətində 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının; 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın; 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihələrini hazırlayıb prezidentə təqdim həvalə olunub.

İşçi qrupu layihələrin hazırlanmasına yerli və xarici ekspertləri, mütəxəssisləri, məsləhətçi şirkətləri və elmi təşkilatları cəlb edə bilər. Layihələrin hazırlanması ilə əlaqədar dəvət edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza almaq imkanı yaradılacaq. İşçi qrupunun dəvət məktubu viza verilməsi üçün əsas sayılacaq.

Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə işçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə işçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etmək tapşırılıb.

Transparency.az xatırladır ki, işçi qrupunun rəhbəri Natiq Əmirov bu il yanvarın 25-də prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib. 1967-ci ildə Şabran rayonunda anadan olan Natiq Əmirov 1990-cı ildə Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə Təfəkkür Universitetini (hüquqşünas) bitirib. Uzun illər vergi orqanlarında çalışan Natiq Əmirov 2005-ci ildən vergilər nazirinin müavini, 2009-cu ildən birinci müavini postlarını tutub.



Yüklə 439,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə