Xəbər bülleteni №29



Yüklə 0,51 Mb.
səhifə3/8
tarix23.01.2018
ölçüsü0,51 Mb.
#22349
1   2   3   4   5   6   7   8

neft 1
Dünya birjalarında neft yenə bahalaşıb. Aprelin 13-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,20 dollar bahalaşaraq 41,42 dollar olub.

London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar artaraq 43,96 dollara çatıb.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,50 dollar bahalaşaraq 44,97 dollara satılır.

Qardaşı baş nazirliyə namizəd olan parlament sədri istefa verdi

13.04.2016

qirgizistan parlamenti 1
Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov aprelin 13-də istefa verib. Novator.az-ın məlumatına görə, istefa onun qardaşı Sooronbay Jeenbekovun baş nazir postuna namizədliyi ilə bağlıdır. Prezident Administrasiyası rəhbərinin müavini postunu tutan Sooronbay Jeenbekovun baş nazir postuna prezident partiyası olan Sosial Demokrat Partiyası irəli sürüb.

Qırğızıstanın əvvəlki baş naziri Temir Sariyev Bişkek-Korumdu avtomobil yolu ilə bağlı tenderdə Çin şirkətinin maraqlarını lobbiləşdirməkdə günahlandırılır. Temir Sariyev ittihamları qəbul etməsə də, aprelin 11-də istefa verib.

Azərbaycandan yük daşınması 13,8 faiz azalıb

13.04.2016



qatar2016-cı ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 7826,4 min ton, yük dövriyyəsi isə 1509,4 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsinin hesabatına görə, yüklərin 5040,9 min tonu və ya 64,4 faizi avtomobil nəqliyyatı, 2063,2 min tonu və ya 26,4 faizi dəmir yolu nəqliyyatı, 722,3 min tonu və ya 9,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 13,8 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalardır (müvafiq olaraq 26,8 faiz və 46,5 faiz). Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15 faizini və ya 1172,7 min tonunu tranzit yüklər təşkil edib.

2016-cı ilin yanvar-fevral aylarında dəhliz vasitəsilə 54,9 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 1114,4 milyon sərnişin-kilometr olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,1 faiz artıb.

İsa Qəmbər: “Hakimiyyətin addımları yarımçıqdır, ziddiyyətlidir”

13.04.2016



isa qember
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində Qarabağda aprelin 2-dən 5-dək aparılmış döyüşlərdən danışıb. O qeyd edib ki, Azərbaycan müəyyən hərbi uğurlar qazanıb: “Kimi bu hərbi uğurları çox şişirdə bilər, kimi kiçik görə bilər, amma bütün ciddi ekspertlər Azərbaycan ordusunun müəyyən irəliləyiş, uğur əldə etdiyini bildirir. Bu xüsusi qeyd olunmalıdır.

Eyni zamanda təsdiq olundu ki, Azərbaycan xalqı Qarabağı unutmayıb, heç bir zaman unutmayacaq, bəzilərinin bədgüman olduğu kimi Qarabağ mövzusuna, vətən, torpaq mövzusuna laqeydləşməyib, biganələşməyib. Bu, çox aydın bir şəkildə göründü və çox önəmli bir faktordur. Çünki istənilən mübarizədə, qarşıdurmada tərəflərin əhval-ruhiyyəsi, mənəvi gücü həlledici amildir.

Eyni zamanda ciddi bir uğur əldə olundu ki, Qarabağ məsələsi yenidən beynəlxalq diplomatiyanın gündəminə gəldi. Bu hadisələr bir daha beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara xatırlatdı ki, konfliktin ədalətli həllinə nail olmaq lazımdır.

Həmçinin erməni tərəfi bir daha dərk etdi ki, status-kvo əbədi deyil. Onlar Azərbaycan torpaqlarını qanuni sahibinə qaytarmalıdırlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, suverenlik bərpa olunmalıdır. Amma erməni azlığının da Avropa standartlarına uyğun haqlarının tanınması şərti ilə.

Diplomatik həll yaxınlaşdımı? Proses yenidən canlandı, ancaq mən düşünmürəm ki, yaxın zamanlarda bu konflikti həll etmək və son saziş, sülh sazişi əldə etmək mümkün olsun”.

Rusiyanın Qarabağ münaqişəsinə dair mövqeyinə toxunan İsa Qəmbər deyib ki, bu ölkə konfliktin həllində maraqlı deyil: “Çünki bu konfliktin mövcudluğu, eləcə də Cənubi Qafqazda, postsovet məkanının digər yerlərində konfliktlər Rusiyanın yaratdığı bir situasiyadır. Rusiyanın maraqlarına, yanlış başa düşülmüş maraqlarına cavab verir. Bu yolla Moskva postsovet məkanına nəzarət etməyə çalışır, yeni müstəqil dövlətlərin daxili işlərinə qarışmağa çalışır. Bəzən də buna nail olur. Ona görə də Rusiya konfliktin həllində maraqlı deyil.

Rusiyanın təklifləri Azərbaycanın prinsipial mövqeyinə cavab vermir və dolayısı yolla Moskvanın özünün Cənubi Qafqazda, Azərbaycanda və Ermənistanda mövqeyinin gücləndirilməsinə xidmət edir. 1923-ci ildə heç bir ehtiyac olmadan Dağlıq Qarabağda muxtar vilayət yaratmaqla bu torpaqlara uzunmüddətli bir mina qoyulub. İndi də Rusiyanın nəzarətində əldə olunan bir sülh burada uzunmüddətli bir minanın olması deməkdir. Bu, Rusiyanın yenə də istədiyi vaxt minanı partlatmaq və qarşıdurma yaratmaq, stabilliyi pozmaq imkanıdır. Ona görə də heç bir halda Rusiyanın təkliflərinə sıcaq yanaşmaq olmaz. Yalnız beynəlxalq təşkilatların birgə səyi, birgə addımları ilə, Azərbaycan tərəfinin haqlı mövqeyini nəzərə almaqla sülh danışıqlarının məntiqi və mənası var”.

İsa Qəmbər əlavə edib ki, 2 aprel əməliyyatı Ermənistan tərəfini hadisələrə daha obyektiv, daha realist yanaşmağa sövq edə bilər: “Məsələnin danışıqlar yolu ilə həll edilməsi mümkündür. Ancaq bu, ciddi şəkildə Ermənistan tərəfinin məsələyə realist yanaşmasından, beynəlxalq birliyin məsələyə daha prinsipial və ədalətli yanaşmasından keçir. Azərbaycan tərəfinin isə məsələyə daha çox milli iradənin gücü ilə, ümumxalq birliyi ilə, prinsipial yanaşması ilə proses irəliləyə bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda demokratikləşmə həlledici hədəflərdən biri kimi qüvvədə qalmaqdadır”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri qeyd edib ki, ölkədə azad və güclü iqtisadiyyat inkişaf etdirilməlidir: “Güclü, azad, demokratik islahatlarla inkişaf etdirilən iqtisadiyyat dövlətin, ölkənin, xalqın bütün problemlərinin həllinə əlavə dəstək olur. Bu təbiidir. Amma, bu, sözdə edilmir, bunun üçün gerçək addımlar olmalıdır, işlər görülməlidir. Hakimiyyətin bu sahədəki addımları, təəssüf ki, yarımçıqdır, ziddiyyətlidir, bir çox hallarda kosmetik xarakter daşıyır.

Milli Strateji Düşüncə Mərkəzi hələ iki ay öncə cəmiyyətə, ölkəyə “Böhrandan imkana” adlanan bir yol xəritəsi təqdim edib (“Böhrandan imkana” yol xəritəsi). İki aydır yol xəritəsində irəli sürdüyümüz təkliflər istiqamətində hakimiyyətdən prinsipial mövqe bildirilmir. Yarımçıq addımlar atılır. Hətta bizim yol xəritəmizdə irəli sürülən ideyaların həyata keçirilməsinə cəhd göstərirlər, yaxud imitasiya edirlər. Ancaq bu kifayət deyil. Məsələyə kompleks və konseptual yanaşılmalıdır. Digər siyasi qüvvələrin təklifləri, paketləri kimi Milli Strateji Düşüncə Mərkəzinin hazırlayıb təqdim etdiyi yol xəritəsi də nəzərə alınsa, gerçək iqtisadi-siyasi islahatlar aparmaq, ölkəmizin güclənib qarşıda duran problemləri həll etməsi mümkün olar”.

İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.

Mərkəzi icra hakimiyyəti orqanlarının sayında dəyişiklik var

13.04.2016

nkDövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə iki mərkəzi icra hakimiyyəti orqanı ləğv edilir. Prezidentin 11 aprel fərmanına əsasən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına veriləcək.

Aprelin 11-də imzalanan başqa bir fərmanla prezident Mənzil İnşaatı Dövlət Agentliyi yaradıb. Əsasnaməsinə görə, agentlik mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Konstitusiyasının 115-ci maddəsində qeyd olunur ki, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Son fərmanlarla mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək hökumətin tərkibindən çıxır, Mənzil İnşaatı Dövlət Agentliyi isə kabinetin tərkibinə keçir.

Ölkədə mərkəzi icra hakimiyyəti orqanı sayılan daha 3 qurum var: Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi.

Transparency.az xatırladır ki, mart ayında Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Bu yeniliklə Nazirlər Kabinetində qurumların sayını 36-ya enib. Fevralda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılanda hökumət strukturlarının sayı 37 olmuşdu.

İndi Azərbaycanda 19 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə var. Mərkəzi icra hakimiyyəti orqanı statuslu 4 agentliyi də nəzərə alanda hökumətin 40 qurumdan ibarət olduğunu söyləmək olar.

Yeni hərrac ümumi xərci 2 milyard 140 milyon dollara çatdırdı

13.04.2016



dnf 01Aprelin 13-də Mərkəzi Bankın keçirdiyi hərraca 50 milyon ABŞ dolları çıxarılıb. Dövlət Neft Fondu 1 banka 20 milyon dollar satıb.

Transparency.az-ın məlumatına görə, bununla Dövlət Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 454 milyon 326 min dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

İki qurumun birgə xərci 2 milyard 139 milyon 814 min dollardır.

Qırğızıstana yeni baş nazir Prezident Administrasiyasından gəldi

13.04.2016



sooronbay 1Qırğızıstan parlamenti aprelin 13-də Sooronbay Jeenbekovu baş nazir postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, onun namizədliyini deputatların əksəriyyəti dəstəkləyib.

Prezident Administrasiyası rəhbərinin müavini postunu tutan Sooronbay Jeenbekovun baş nazir postuna namizədliyini hakim Sosial Demokrat Partiyası irəli sürüb.

Qırğızıstanın əvvəlki baş naziri Temir Sariyev aprelin 11-də istefa verib. O, Bişkek-Korumdu avtomobil yolu ilə bağlı tenderdə Çin şirkətinin maraqlarını lobbiləşdirmək ittihamlarının qurbanı olub.

Aprelin 13-də parlamentin sədri Asılbek Jeenbekov da istefa verib. O, yeni baş nazir Sooronbay Jeenbekovun qardaşıdır. Asılbekin istefasına da elə bu səbəb olub. Ölkə rəhbərliyində iki qardaş təmsil olunmasın deyə onlardan biri vəzifəsini tərk edib.

Sooronbay Jeenbekov 1958-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olub. Qırğızıstanda Kənd Təsərrüfat İnstitutunu bitirib. Gənc yaşlarında müəllim, zootexnik və sovxoz direktoru işləyib. 1996-cı ildən parlamentin tərkibinə daxil olub və üç dəfə deputat seçilib.

Kənd və su təsərrüfatı naziri, Oş vilayətinin qubernatoru, Dövlət Kadr Xidmətinin rəhbəri postlarını tutub. 2016-cı ilin martından Prezident Administrasiyası rəhbərinin birinci müavini idi.

“Şəffaflıq və ictimai nəzarət mexanizmləri yoxdursa, nəticə eyni olacaq”

13.04.2016



rovshen_agayevİqtisadçı ekspert Rövşən Ağayev Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi təkcə sosial mənzillərin tikintisi ilə məşğul olmayacaq, həmçinin ayrı-ayrı tikinti şirkətlərinə sifariş verməklə sərəncamında olan torpaq sahələrində insanların güzəştli qiymətlərlə əldə edə biləcəyi mənzillərin tikintisini təmin edəcək: “İnsanların güzəştli icarə tarifləri əsasında yaşaya biləcəyi sosial mənzillər Azərbaycanda yoxdur. 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə görə, belə mənzil fondunun yaradılmasına həm bələdiyyələr, həm dövlət qurumları məsuliyyət daşıyır. Problem Avropada da, bizdə də eynidir: sosial mənzil fondu olmalıdır. Amma həmin problemi necə həll etmək işində avropalılarla bizim yanaşmamız fərqlidir.

Məsələn, Estoniyada sosial mənzil tikintisinə məsuliyyət birbaşa bələdiyyələrin üzərinə qoyulub, lakin mənzil tikintisinin maliyyələşdirilməsinə bələdiyyələrin və mərkəzi hökumətin birgə öhdəliyi var. Maliyyəni isə “Estonian Credit and Export Guarantee Fund” vasitəsilə özəl tikinti şirkətlərinə yönəldirlər.

Yaxud İsveçdə SABO bu işi (The Swedish Association of Public Housing Companies) adlı qurum hökumətdən və bələdiyyədən pul alaraq özündə birləşdirdiyi 300 tikinti şirkəti vasitəsilə görür.

Bizim sistem Türkiyədə birbaşa hökumət başçısına bağlı olan Toplu Konut İdaresi Başkanlığının (TKİB) oxşarıdır. Lakin məlumatı olan mütəxəssislərin bildirdiyinə görə, Türkiyədəki sistem siyasi hakimiyyətə yaxın tikinti şirkətlərinin TKİB vasitəsilə daha çox tender qazanmasına münbit şərait yaradır. Mərkəzləşdirilmiş və ictimai nəzarət imkanın çox məhdud olduğu mühitdə belə mexanizmlər korrupsiya üçün göydəndüşmədir.

Azərbaycanda indiyədək sosial mənzil fondunun yaradılmaması, yaxud imkansız insanların da ala biləcəyi ucuz mənzillərin tikilməməsi hansısa mərkəzləşdirilmiş agentliyin olmaması ilə bağlı deyildi. Əsas səbəb tikinti bazarında rəqabətin yoxluğu idi. Bütün iri tikinti şirkətləri siyasi hakimiyyətə bağlı iqtisadi qrupların əlinə keçib, bu sahədə rəqabətin yerini inhisarçılıq tutubsa, onların tətbiq etdiyi qiymətlər də inhisarçı qiymətlər olmalıdır.

İkinci səbəb o idi ki, mənzil tikintisi sahəsində inanılmaz bürokratiya və xərcləri artıran rüşvət proseduraları var. Mənzil tikintisinin rəsmi vergi yükü də çox ağır idi – bu ilin yanvarınadək mənzil tikənlər 2 dövriyyə vergisini (ƏDV və sadələşdirilmiş vergini) paralel ödəyirdilər. Tikinti məhsulları bazarı da inhisarda olduğundan zəruri məhsul və avadanlıqların qiyməti də yüksək olurdu. Buna görə də Azərbaycanda nisbətən kasıb təbəqənin də cibinə uyğun mənzillər tikilmir.

Ucuz mənzil tikintisi üçün rüşvət mexanizmlərini kəsmək, tikinti bazarında bütün şirkətlər üçün bərabər fəaliyyət imkanı yaratmaq lazımdır. Yaxud sosial mənzil fondunun yaradılması üçün hökumət Maliyyə Nazirliyi, yaxud İpoteka Fondu vasitəsilə özəl tikinti şirkətlərini pulsuz torpaq və zəruri maliyyə vəsaitləri ilə təmin edib bu prosesi həyata keçirə bilərdi. Amma yenə də önəmli məsələ şəffaflıq və ictimai nəzarət imkanlarıdır: yəni şirkətlər nə dərəcədə şəffaf tenderlər vasitəsilə seçiləcək, onlara verilən vəsaitlərin şişirdilərək korrupsiyanın yeminə çevrilməyəcəyinə hansı hüquqi təminat mexanizmləri və institutlar mövcuddur.

Bir sözlə, istər dövlət büdcəsinə izafi xərc hesabına prezident yanında yeni agentlik yarat, istərsə də bu işi mövcud nazirliklərdən biri vasitəsilə et, şəffaflıq və ictimai nəzarət mexanizmləri yoxdursa, nəticə eyni olacaq”.

Prezident Türkiyədədir

13.04.2016

AZƏRTAC xəbər verir ki, aprelin 13-də prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Türkiyəyə gedib.

İstanbulun Atatürk beynəlxalq hava limanında İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb.



ilham aliyev 1

Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər təqdim edilib

13.04.2016

Aprelin 13-ü Oğuz və Şəki rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yeni fərdi yaşayış evinin 5-i Qarabağ müharibəsi əlili, 2-si isə şəhid ailəsinə verilib.

Bildirilir ki, bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir edilən 53 mənzil istifadəyə verilməklə 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

ev 1

ev 1a

ev 2

ev 3

Ekspertin hökumətə sualları, iradları və təklifləri var

13.04.2016

rovshan agayev 1Prezident İlham Əliyevin qərarı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu qurum dövlət satınalmaları haqda qanunvericiliyə uyğun olaraq dövlət təşkilatlarının ehtiyacı üçün zəruri olan kənd təsərrüfatı məhsullarının fermerlərdən mərkəzləşdirilmiş qaydada satın alınmasını həyata keçirəcək.

İqtisadçı ekspert Rövşən Ağayev bahalı idxal mallarından imtina edib birbaşa fermerdən dövlət ehtiyacları üçün məhsul almağı tamamilə doğru yanaşma sayır.  Amma Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, satınalmanın mərkəzləşdirilməsi uğurlu addım deyil: “Beynəlxalq təcrübədə mərkəzləşdirilmiş satınalma miqyas effekti baxımından qənaətə şərait yaradan model hesab edilir, ictimai nəzarət mexanizmlərinin çalışmadığı mühitdə isə bu modeldə korrupsiya riskləri çox yüksək sayılır. Məsələn, nə təminat var ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti kiçik və orta fermerlərin deyil, məmurların patronajlığı ilə yaradılan iri fermer təsərrüfatlarının məhsullarını almayacaq və Taxıl Fondu etdiyi kimi başqa fermerlərin məhsulunun keyfiyyət standartlarına cavab verməməsini əsas gətirməyəcək? Başqa bir sual: belə bir qurum yaradılırsa, niyə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Taxıl Fondu da ləğv edilib onun tərkibinə verilmir? Bu, struktur islahatları baxımından da mühüm addım olardı. Yaxud İqtisadiyyat Nazirliyinin tabeliyinə verilən Satınalmalar üzrə Dövlət Agentliyi bu vəzifəni yerinə yetirə bilməzdimi, əgər bilməzsə, hansı maneələr var?

Fermerlərdən məhsulların birbaşa satın alınması mexanizminin şəffaf olması üçün hökumətin aparmalı olduğu islahatlar var: kəndli-fermer kooperativlərinin yaradılması stimullaşdırılmalıdır. Məsələn, indi fürsətdir, hökumət deyə bilər ki, satınalma zamanı kooperativ halda birləşmiş, rəsmi müqavilə tərəfi ola biləcək sahibkar kimi qeydiyyata alınmış, dövlətin müəyyən etdiyi minimum həcmdə məhsul təklif edən subyektlərə üstünlük veriləcək. Amma təbii ki, kooperativlərin yaradılmasına ciddi maliyyə dəstəyi verilməlidir – necə ki, Sahibkarlığa Kömək Milli Fondu ayrı-ayrı şəxslərin dövlət torpaqlarında iri fermer təsərrüfatları yaratmasını dəstəkləyir.

Fermerlərin maraqlarını qoruyan yerli, regional və ölkə birliklərinin (ittifaqlarının) yaradılması dəstəklənməlidir, aqrar siyasətlə bağlı qərarların qəbulunda onlarla intensiv dialoq mexanizmləri formalaşdırılmalıdır”.

Ekspert qeyd edir ki, qida sənayesi inhisarlaşmasaydı, bir-biri ilə rəqabət aparan qida şirkətləri yaransaydı, şəffaf tender mexanizmləri vasitəsilə onları fermerlərdən məhsul almağa stimullaşdırmaq olardı: “Dövlət isə öz ehtiyaclarını artıq nəhəng, büdcə üçün yükə çevrilən təchizat-tədarük şirkəti vasitəsilə minlərlə fermerdən deyil, Satınalmalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi şəffaf tenderlər vasitəsilə qida şirkətlərindən ala bilərdi.

Hələlik hökumət sistemyaradıcı və institusional, əksmərkəzləşməni dərinləşdirən islahatlara başlamaq əvəzinə idarəetməni daha da mərkəzləşdirir, bütün səlahiyyətləri və idarəetməni prezident hakimiyyətinin və mərkəzi hakimiyyət orqanlarının ətrafında təmərküzləşdirir. Bu, çıxış yolu deyil.

İndiki iqtisadi böhrandan yeni dövlət təsisatları yaratmaqla deyil, cəmiyyətə yeni münasibətlər gətirən, yeni institusional mühiti diktə edən mexanizmlər vasitəsilə çıxmaq mümkündür. Demokratik yolla seçilmiş yerli və regional hakimiyyətlər formalaşdırılmasa, mərkəzi hakimiyyət özünün strateji funksiyalarını saxlayıb təsərrüfat xarakterli səlahiyyətlərini əksmərkəzləşdirilmiş strukturlara ötürməsə, bütün sahibkarlar üçün rəqabəti təmin edən və qoruyan iqtisadi sistem olmasa, hansısa yeni strukturların yaradılması vəziyyəti dəyişməyəcək”.

Natiq Cəfərli: “Neft ucuzlaşacaq”

13.04.2016

natiq cafarli 1“Yaxın günlərdə dünya bazarında neft yenidən ucuzlaşacaq”. İqtisadçı ekspert Natiq Cəfərli neft ixrac edən ölkələrin Doha görüşünün gözlənən nəticələrinə əsaslanaraq belə yazır.

Aprelin 17-si Qətərin paytaxtı Dohada neft ixrac edən ölkələri birləşdirən OPEK-in neft nazirlərinin görüşü keçiriləcək. Görüşdə neftin qiyməti ilə bağlı məsələlər müzakirə ediləcək. Fevralın 16-sı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft istehsalının dondurulması haqqında razılıq əldə ediblər, lakin digər istehsalçı ölkələr bu razılaşmaya qoşulmayıb.

Transparency.az-ın məlumatına görə, Natiq Cəfərli bildirib ki, Doha görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək: “Bu razılaşma sənədinin imzalanması artıq iki dəfə təxirə düşüb, son tarix kimi 17 aprel göstərilir. İran anlaşma layihəsini gülünc adlandırıb ona qoşulmayacağını, hətta hasilatı yaxın 6 ayda əlavə olaraq 1 milyon barrel artıracağını bəyan edib. Səudiyyə Ərəbistanının neft naziri isə deyib ki, hasilatın azalmasını unudun, biz bazarlarımızı itirməyəcəyik.

Son bir həftədə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu 2016-cı il üçün neftin ortalama qiymət proqnozlarını açıqlayıb. Neftin qiymətinin 35-37 dollar arası olacağı gözlənir. Orta və uzunmüddətli bütün trendlər də neftin qiymətinin uzun zaman 30-40 dollar arası olma ehtimalını gücləndirir. Düşünürəm ki, Doha görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək, bununla da qiymətin kəskin enməsi müşahidə ediləcək. Çox güman, qiymət 18 apreldən sonra 10-15 faiz aşağı düşəcək. Son günlərin qiymət artımının arxasında söz oyunundan başqa heç bir fundamental səbəb dayanmır”.

Aprelin 13-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 41,42 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 43,96 dollara satılıb. “AzəriLayt” markalı neftin bir barreli isə 44,97 dollara təklif olunur.

Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb

13.04.2016

saakashvili 2
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili gəlirləri haqda hesabat açıqlayıb.

Novator.az xəbər verir ki, Saakaşvilinin təqdim etdiyi bəyannaməyə əsasən, o, 2015-ci ildə qubernator postunda ümumilikdə 38,6 min qrivna (1,5 min ABŞ dolları) qazanıb. Bu məbləğ onun maaşıdır.

Saakaşvili xaricdəki hesabında 57 min dollar, Ukraynadakı hesabında isə 130 min qrivna (5 min dollar) pul olduğunu bildirib.

Onun 6820 və 500 kvadratmetrlik iki torpaq sahəsi və 97 kvadratmetrlik evi var.

Bəyannaməyə əsasən, Saakaşvilinin ailəsi 754 kvadratmetrlik mənzilə və xarici hesablarda 48 min avroya sahibdir.

Sənədə görə, Saakaşvilinin və onun ailəsinin nəqliyyat vasitəsi yoxdur.

2004-2013-cü illərdə Gürcüstan prezident olmuş Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradıldı

13.04.2016


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə