Xəbər bülleteni №3



Yüklə 0,51 Mb.
səhifə4/5
tarix05.10.2017
ölçüsü0,51 Mb.
#3316
1   2   3   4   5
Təhlil

“Şəffaflıq Azərbaycan”ın Əmlak Məsələləri Dövlət Komitəsinə tövsiyələri

28.07.2015

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi iyulun 28-i Bakıda “Fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirib. Tədbir Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəklədiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.



11822934_966972593323583_3865572969897501363_o-300x199

Transparency.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları əməkdaşlarının, müxtəlif kommunal sahə ilə əlaqədar qurumların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanı açan “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində şəffaflığın və hesabatlılığın artırılması üçün hökumətlə vətəndaş cəmiyyəti arasında fikir mübadiləsinin vacib olduğunu bildirib.

Müstəqil ekspert Hafiz Həsənov çıxışında deyib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra fərdi yaşayış evlərinin tikintisi və istismarı sahəsində vəziyyət müsbətə doğru dəyişib: “Eyni zamanda fərdi yaşayış evlərinin tikintisinə nəzarət sadələşdirilib. Lakin barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinin tikintisi, istismarı və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı sahəsində müəyyən çətinliklər də mövcuddur. “Şəffaflıq Azərbaycan” fərdi yaşayış evlərinin tikintisi, istismarı və qeydiyyatı sahəsində qaydaların daha da təkmilləşdirilməsi üçün tövsiyələr irəli sürüb”.

“Şəffaflıq Azərbaycan” təşkilatının Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsinin koordinatoru Məhəmməd Muradov fərdi evlərin qeydiyyatında şəffaflığın təminatı və əhaliyə göstərilən elektron xidmətinin səviyyəsinin artırılması ilə bağlı təklifləri iştirakçılara çatdırıb.

“Şəffaflıq Azərbaycan”ın hazırladığı tövsiyələr paketi vətəndaş cəmiyyəti üzvlərindən verilən təkliflərlə birgə müvafiq dövlət qurumuna təqdim edilib.

“Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərinin monitorinqi” adlı hesabatda qeyd olunur ki, Nazirlər Kabinetinin 191 nömrəli qərarına əsasən, komitəyə öz internet səhifəsində 6 elektron xidməti təmin etmək tapşırılsa da, qurum öz elektron xidmət portalında 31 elektron xidmət təqdim edir: “Lakin Nazirlər Kabinetinin 191 nömrəli qərarında əks olunmuş 1 elektron xidmət (Daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün e-müraciət) qurumun rəsmi elektron səhifəsində təmin edilməyib”.

Əmlak Məsələləri Dövlət Komitəsinə tövsiyə olunur ki:

- Nazirlər Kabinetinin 191 nömrəli qərarında əks olunmuş daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün e-müraciət imkanı təmin edilsin;

- Elektron xidmətlərin göstərilməsi zamanı vətəndaşlardan şəxsiyyəti təsdiq edən sənəd, hüquqi şəxslərdən isə hüquqi şəxslərin şəhadətnaməsinin skan versiyası tələb edilməsin, əvəzində bu sənədlərin Vergilər Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq informasiya sistemləri ilə məlumat mübadiləsi edilərək əldə olunması təmin edilsin;

- Daşınmaz əmlak və ya torpaq haqqında elektron şəkildə çıxarış, plan, eləcə də digər məlumatların verilməsi elektron əsasda təmin edilsin;

- Ünvan Reyestri İnformasiya Sisteminin elektron şəkildə istifadəyə verilməsi təmin edilsin;

- Ölkə üzrə torpaq kadastr, eləcə də daşınmaz əmlak ilə bağlı elektron informasiya sisteminin formalaşdırılması başa çatdırılsın;

- Çıxarış və daşınmaz əmlak və torpaqla bağlı digər sənədlərin ünvanlara çatdırılması üçün elektron xidmət bölməsində poçt xidməti istifadəçilərə təqdim edilsin.

“Fərdi yaşayış evlərinin tikintisi sahəsində mövcud vəziyyət və tövsiyələr”də qeyd olunur ki,


Şəhərsalma və Tikinti Məcəlləsinə görə, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir: “Belə plan olmadıqda və ya onun müddəti bitdikdə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.

Hesab edirik ki, bütün ərazilər üzrə daha uzun müddət qüvvədə olacaq müfəssəl plan tərtib edilməlidir. Çünki müfəssəl planın olmadığı və ya onun müddətinin bitməsi hallarında yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun yoxlanılması prosesi həyata keçirilir ki, bu da daha çox müddət tələb edir və bürokratik maneələrə imkanlar yaradır”.

“Şəffaflıq Azərbaycan” hesab edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrinin hazırlanıb qəbul edilməsi prosesi sürətləndirilməlidir: “Qanunvericilikdə fərdi yaşayış evlərinin tikintisinə qanunsuz müdaxilə, bu cür evlərin tikintisinə dövlət nəzarəti sahəsində sui-istifadə hallarına yol verilməsi və tikilinin istismarı ilə bağlı süni maneələrin yaradılması ilə müşayiət olunan qanunsuz hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmayıb. Təklif edirik ki, İnzibati Xətalar Məcəlləsində bu cür qanunsuz hərəkətlərə görə vəzifəli şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutulsun.

Ümumilikdə tikinti fəaliyyətinin həyata keçirilməsində şəffaflığın artırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Bu sahəyə ictimai nəzarət həm də son zamanlar mənzil tikintisi sahəsində baş verən neqativ halların ardan qaldırılması və mənzil bazarına ictimai etimadın formalaşmasına da yardım etmiş olar. Bunu nəzərə alaraq təklif edirik ki, digər tikinti obyektləri kimi fərdi yaşayış evlərinin və bağ evlərinin tikintisi, onların tikintisinə dövlət nəzarəti və tikilinin istismarı proseslərinin mütəmadi monitorinqləri həyata keçirilməli və bu sahəyə ictimai nəzarət gücləndirilməlidir”.

“Fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı sahəsində mövcud vəziyyət və tövsiyələr” bölümündə bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən barəsində məlumat icraatı tətbiq edilən fərdi yaşayış evləri və bağ evləri üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı üzrə tələb edilən sənədlərin dairəsi Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda nəzərdə tutulan sənədlərdən xeyli dərəcədə çoxdur: “Hesab edirik ki, barəsində məlumat icraatı tətbiq edilən fərdi yaşayış evləri və bağ evləri üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı üzrə tələb edilən sənədlərin dairəsi mümkün qədər azaldılmalıdır.

İnzibati Xətalar Məcəlləsində daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə xəbərdarlıq və ya 30 manatdan 50 manatadək miqdarda cərimə nəzərdə tutulur.

Təklif edirik ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üzrə qanunda nəzərdə tutulmayan sənədlər tələb etmə, qeydə almadan yayınma və ya əsassız imtina və s. kimi əməllərə görə də məsuliyyət müəyyən edilməli və inzibati cərimənin məbləği artırılaraq 500 manatdan 2500 manatadək nəzərdə tutulmalıdır.

Üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinin sahibləri yaşadıqları evə (mənzilə) qeydiyyata alına bilmirlər. Hesab edirik ki, mülkiyyət hüququnun tərkib hissələrindən biri kimi istifadə hüququ əsasında mənzilə qeydiyyata alınmaq mümkündür. Mülki Məcəlləyə, “Yaşayış yeri və olduğu yer haqqında” qanuna və digər normativ hüquqi aktlara müvafiq dəyişikliklər etməklə müəyyən keçid mərhələsi üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmamış mənzilə yaşayış yeri üzrə qeydə alınmaya hüquqi əsaslar yaradılmalıdır”.

Monitorinqdə qeyd olunur ki, hazırda təkcə Bakı şəhərində təxminən 500 mindən çox özbaşına tikili var. “Şəffaflıq Azərbaycan” hesab edir ki, qanunsuz tikililərin rəsmiləşdirilməsi üzrə hüquqi baza formalaşdırılmalı və tikililərin qeydiyyatı prosesi başa çatdırılmalıdır”.

Mübahisələr qanunu

24.07.2015

bekir-nerimanoglu2
      Bəkir Nərimanoğlu

Hüquqşünas Abil Bayramov “Mediasiya haqqında” qanun layihəsi hazırlayıb. Layihə mübahisələrin həllinin alternativ üsulu kimi mediasiyanın təşkili sahəsində ictimai münasibətləri nizama salır, onun prinsiplərini və həyata keçirilməsi prosedurlarını, həmçinin mediatorların statusunu müəyyənləşdirir. Qeyd olunur ki, mediasiya mülki, əmək, ailə və digər hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur (tərəflərdən birinin dövlət orqanı olmaması şərti ilə).

Layihədə mediatorlardan ayrıca bölmədə bəhs edilir. Mediator – peşəkar əsasda mediasiya prosedurunun aparılması üçün tərəflərin cəlb etdiyi müstəqil fiziki şəxsdir. Mediatorların reyestrinə daxil edilən və mediator funksiyasını yerinə yetirməyə razılıq verən, mediasiya tərəflərinin qarşılıqlı razılığı ilə seçilən, işdə marağı olmayan, qərəzsiz, müstəqil fiziki şəxs mediator ola bilər.

Mediator fəaliyyətini yaşı 25-dən aşağı olmayan, ali təhsilli, mediatorların hazırlıq proqramı üzrə təlim keçdiyini təsdiqləyən sertifikata malik və peşəkar mediatorların reyestrinə daxil edilmiş şəxslər həyata keçirə bilərlər. Bu fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunmur. Ancaq dövlət funksiyalarını yerinə yetirən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz və məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxslər bu fəaliyyətlə məşğul ola bilməzlər.

Mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədilə Ədliyyə Nazirliyi yanında mediasiya üzrə şura yaradılması təklif edilir.

Mediasiya nədir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatında deyilir ki, mediasiya mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasıdır. Hakimlərin bir çox halda tərəflərdən birini qane etməyən iradi qərarlar qəbul etdiyi arbitraj və münsiflər məhkəməsindən fərqli olaraq mediasiyada vasitəçi heç bir qərar qəbul etmir, tərəflər özləri razılığa gəlirlər. Vasitəçi yalnız tərəflərə ümumi qərar tərtib etməyə kömək edir və hər iki tərəfi qane edən sazişin bağlanmasına yardım göstərir.

Postsovet məkanına daxil olan bir sıra ölkələrdə, məsələn, Rusiya Federasiyasında (27 iyul 2010-cu ildə), Qazaxıstanda (28 yanvar 2011-ci ildə), Latviyada (22 may 2014-cü ildə) mediasiya haqqında qanunlar qəbul edilib.

Qanun nəyi dəyişər?

Hüquqşünas Natiq Abdullayev deyir ki, mübahisələrin həllində mediasiyanın zəruri və təbii hesab edildiyi, geniş tətbiq olunduğu ölkələrin əksəriyyətində bu sahəyə dair qanunlar xeyli təcrübə toplanandan sonra qəbul edilib: “Bəzi ölkələrdə isə mediasiyaya müraciətin ənənəyə çevrilməsinə baxmayaraq hələlik bu metodun hüquqi-qanuni bazası müəyyən edilməyib. Bundan fərqli olaraq mediasiya ənənəsinin formalaşmadığı Azərbaycan kimi ölkələrə müvafiq qanunvericiliyin qəbul edilməməsi, qanuni əsasların olmaması onun hüquqi məkana və praktikaya daxil edilməsinə mane ola bilər. Azərbaycanda belə bir qanunun qəbulu Avropa İttifaqının direktivinə uyğundur. Bu institutun yüksək sosial hüquqi statusu və əhəmiyyəti var. Mediasiyanın hüquqi mədəniyyətə, ictimai münasibətlərə daxil edilməsi vətəndaş cəmiyyətinə və hüquqi dövlətə doğru yaxınlaşmaqda vacib və mühüm addımdır”.

Hüquqşünas bildirir ki, qanun qəbul olunsa, mediasiya institutu formalaşsa, buna söykənib keyfiyyətli mediativ xidmətlər təşkil edilsə, adamların mediatorlara müraciət etməsi bir ənənəyə çevrilə bilər.

Layihə parlamentə gələrsə…

Milli Məclisin deputatı Əli Məsimli deyir ki, qanun layihəsi parlamentə gəlsə, onu dəstəkləyəcək: “Mediasiya haqqında” qanun layihəsinə baxdım. Layihə Milli Məclisə təqdim olunsa, təbii ki, təkmilləşdirmələr də nəzərə alınmaqla dəstəkləyəcəyik”.

Məhkəməsiz mübahisə
Sahibkarlar necə çəkişir?

Ekspert yeni özəlləşdirmə dalğası proqnozlaşdırır

24.07.2015

qubad ibadoglu

İqtisadçı ekspert Qubad İbadoğlu büdcə gəlirlərinin azalmasından çıxış yolu kimi yeni özəlləşdirmə dalğasını istisna etmir. Transparency.az-a danışan ekspert deyib ki, 2013-cü ildən başlayaraq dövlətin büdcə xərcləmələri azalır: “Əgər əvvəlki il üzrə qeydə alınan azalma büdcə prioritetlərində dəyişikliklə bağlı idisə, bu il gözlənilən dəyişikliyi maliyyə sistemində yaranmış və getdikcə ciddiləşən problemlər şərtləndirəcək. Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamaları ölkənin fiskal durumunun çətinliklərini aşkara çıxarmağa və qiymətləndirməyə imkan verir. Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökumət ilin birinci yarısında onun 7 milyard 807 milyon 200 min manatını və ya 40 faizini təmin edib. Proqnozun icrasında başlıca çətinlik Dövlət Neft Fondundan gözlənilən transfertin azalmasıdır. Bu il ərzində büdcəyə 10 milyard 388 milyon manat köçürmək öhdəliyi olan fond ilin 6 ayında onun 3 milyard 562 milyon manatını və ya üçdə birindən bir az artığını transfert edib. Çünki fondun gəlirləri ilin birinci yarım ilində 4 milyard 54 milyon manat olub ki, bu da proqnozlaşdırılan vəsaitin 40 faizindən də azdır.

Göründüyü kimi, həm dövlət büdcəsində, həm də fondun büdcəsində icra faizi 40-ı ötə bilməyib. Çıxış yolunu kiçik və orta vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökumət buna ilin ilk 6 ayında nail olsa da, sonrakı aylarda eyni metodla istədiyi effekti ala biləcəyi real görünmür.

Bu halda hökumətin başqa bir alternativə müraciət edəcəyi də istisna olunmur. Belə ki, hazırkı situasiyada və gələcəkdə daha da pisləşən durumda büdcəyə vəsait cəlb etməyin yollarından biri də özəlləşdirmədən əldə edilən gəlirlər ola bilər. Bu halda hətta ARDNŞ-nin də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən – “Azərenerji”, “Azərsu”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Aztelekom”, AZAL kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın. Çünki onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmirlər və ildən-ilə vergi borcları ilə yanaşı kreditor borclarını da artırırlar. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək”.

Ekspertdən bank tövsiyələri

27.07.2015



qubad ibadoglu

“Azərbaycan bankları ciddi risklərlə üzləşib. Bu vəziyyətdən bankların necə çıxacağı hazırda bir çoxlarını, xüsusilə də əmanətləri olan müştəriləri düşündürən bir nömrəli məsələyə çevrilib”. Transparency.az-a açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu belə deyib.

Ekspert qeyd edib ki, prezident fərmanı ilə Beynəlxalq Bankın özəlləşdirməyə açılması, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “EvroBank”ın və “Azərbaycan Kredit Bankı”nın lisenziyalarının ləğv edilməsi bu istiqamətdə narahatçılığı daha da artırıb: “Fitch” beynəlxalq reytinq agentliyinin “Bank Technique”in reytinqlərini geri çağırması, 6 ayın yekunlarına görə bəzi bankların (ASB, “Access Bank”, “Muganbank”, AFB bank və digərlərinin) aktivlərinin əvvəlki rüblə müqayisədə azalması problemlərin davamlı olacağını deməyə əsaslar yaradır. Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində də zəif kapitallaşma və aktivlərinin keyfiyyətinin aşağı olması səbəbindən təsdiqlənən emitentlərin defolt olma riski barədə məlumatlar yayılır. Bunun başlıca səbəblərindən biri manatın devalvasiyasından sonra bəzi bankların kapitala olan minimum tələbləri yerinə yetirə bilməməsidir. Odur ki, Mərkəzi Bank kommersiya banklarının kapitalının artırılmasının stimullaşdırılmasına yönələn tədbirlər həyata keçirməklə yanaşı riskləri idarə etmək üçün kapitallaşma səviyyəsinə olan tələbləri sərtləşdirməlidir.

Əmanətlərin Sığortalanması Fondu da çevik və optimal qərarlar qəbul etməli, eləcə də sığorta hadisələri ilə bağlı operativ məlumatlar yaymalıdır. Məcburi ləğv edilən “Azərbaycan Kredit Bankı”nın nümunəsində də göründü ki, bəzi banklarda sığorta olunmayan əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi yüksək olaraq qalır.

Bir şeyi də nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan bankları keçid dövrünü yaşayır və bu testdən heç də bütün banklar keçə bilməyəcək, onlardan bir qismi ilə vidalaşmalı olacağıq. Odur ki, əmanətçilər də ayıq olmalı, vəsaitlərini sığortalamağa səy göstərməlidirlər”.

Bu arada AZƏRTAC-ın yaydığı məlumata görə, “Muğanbank” ASC-nin ümumi məbləği 4 964 200 manat təşkil edən 23 471 ədəd adi, sənədsiz, adlı səhmlərinin emissiyası başa çatıb. Bu yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 50 milyon manata çatıb.

Sabiq baş nazir oliqarxlarsız hökumət təklif edir

27.07.2015



penah huseyn

İyulun 25-də keçirilən qurultayda yenidən Azərbaycan Xalq Partiyasının sədri seçilən Pənah Hüseyn islahat təklifləri irəli sürüb.

“Yeni Müsavat” qəzetinin 27 iyul sayına müsahibəsində Pənah Hüseyn qurultaydakı çıxışının bəzi tezislərindən söz açıb. O deyib ki, mövcud maliyyə-iqtisadi, sosial, siyasi və geosiyasi böhran avtoritarizmdən demokratiyaya yumşaq keçidin reallaşması üçün əlverişli şərait, şans yaradır. Partiya sədrinin qənaətinə görə, demokratiyaya keçidin əsas siyasi mexanizmi olaraq ictimai etimada malik parlament formalaşmalıdır: “Milli Məclisdə müxalifətin əhəmiyyətli sayda və şəkildə təmsil olunması gərəkdir. Azad, ədalətli, demokratik seçki şəraiti yaratmaq istiqamətindəki strateji hədəfi qətiyyən kənara qoymayaraq belə bir parlamentin hansısa keçid formasını iqtidarla siyasi razılaşmalar yolu ilə yaratmağın mümkünlüyü sınaqdan keçirilməlidir. Bu yanaşma “müxalif deputatların” təyinatını yox, əksinə, mövcud şərtlər daxilində həqiqi seçki rəqabətini nəzərdə tutur”.

Pənah Hüseyn ölkədə oliqarxlarsız hökumət, Nazirlər Kabineti yaradılmasını təklif edir: “Azərbaycan siyasi sisteminin sonrakı inkişafı həlledici şəkildə siyasi hakimiyyətin iqtisadi hakimiyyətlə məsafələnməsi, iqtisadi hakimiyyətin siyasi hakimiyyətdən ayrılması, daha sadə şəkildə desək, mövcud hakimiyyət üzvlərinin siyasi postlardan məhrum edilməsindən asılıdır. Nə üçün? Ölkədə ilkin kapital yığımı dövrü başa çatıb. Avropada bu proses necə getmişdi? Müharibələr, müstəmləkələrin istismarı, yağmalanması və sənaye inqilabı vasitəsilə. Bizdə necə baş verdi? Üç əsas yolla: dövlət əmlakının oğurlanması, korrupsiya və dələduzluq yolu ilə. Lakin nə olur-olsun, proses başa çatıb. İndi Azərbaycan hökuməti üzvlərinin əksəriyyəti vaxtlarının çoxunu dövlət vəzifələrinin icrasına yox, loru dillə desək, obyektlərinin idarə olunmasına sərf edirlər. Əslində aşağılara qədər vəziyyət belədir. Hətta yerli icra hakimiyyəti orqanları işçilərini, orta səviyyəli hüquq mühafizə orqanı işçilərini yerlərində tapmaq olmur. Beyinləri biznesləri ilə məşğuldur.

Bu adamları göndərmək lazımdır  gedib həmin işləri ilə məşğul olsunlar və büdcənin, sosial fondların vergisini, ödənişlərini versinlər. Sizi tam inandırıram ki, onlar özlərinə, mülkiyyətlərinə qarantiya əldə etmək üçün bu gün boğduqları qanun, hüquq, demokratiya, müstəqil məhkəmə barədə bizdən bərk danışmağa başlayacaq, çalışacaqlar, canlarını, mallarını bu yola qoyacaqlar. Bu, kapitalın təbiətidir. Kapital azadlıq, qanun, hüquqi təminat istəyir; istəməklə qalmır, bunu əldə edir”.

Partiya sədri əlavə edib ki, demokratiyaya yumşaq keçid öz sxemində istisnaları, hakim siyasi iradə ilə sazişləri mütləq olaraq nəzərdə tutur: “Demokratiyaya yumşaq keçidin, labüd olan böhrandan, sarsıntılardan qurtulmağın digər siyasi mexanizmi demokratik siyasi müxalifətin birləşməsi, idealda bir superpartiya şəklində konsolidasiyasından ibarətdir”.

Transparency.az bildirir ki, Pənah Hüseyn ötən əsrin sonlarında Azərbaycan xalq hərəkatının liderlərindən biri, Xalq Cəbhəsinin qurucularından olub. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 2005-ci ildə üçüncü çağırış Milli Məclisinin deputatı seçilib.

Sabiq maliyyə naziri: “İnsanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib”

28.07.2015

fikret yusifov
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov AZƏRTAC-a açıqlamasında neftin qiymətində yaranmış dəyişikliyin Azərbaycanın dövlət büdcəsinin icra vəziyyətinə necə təsir etməsindən danışıb. O deyib ki, dünya bazarlarında neftin qiymətlərinin bir ildən bir qədər artıq vaxt ərzində iki dəfəyə qədər aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə ciddi problemlər yaradıb: “Sözsüz ki, neftin qiymətlərində yaranmış dəyişiklik fonunda Azərbaycanın dövlət büdcəsi də müəyyən təsirlərə məruz qalmalı idi. Amma digər neft ölkələri ilə müqayisədə Azərbaycan mövcud durumun yarada biləcəyi bütün çətinlikləri arxada qoyacaq dəqiq maliyyə siyasəti apara bildi. Hökumət büdcənin icrasını düzgün olaraq balanslaşdırma prinsiplərinə söykənərək təmin etdi.

Dövlət büdcəsinin altı aylıq icrası onu göstərdi ki, neft qiymətlərinin iki dəfə aşağı düşməsinə, büdcədə neftin qiymətinin 90 ABŞ dolları nəzərdə tutulmasına və bu gün qiymətin 55 dollar ətrafında olmasına baxmayaraq büdcənin icrasında insanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib. Əksinə, büdcə gəlirlərinin 6 aylıq icrası bir daha sübut etdi ki, Azərbaycan hökumətinin ölkədə qeyri-neft sektorunu əsaslı şəkildə inkişaf etdirməyə dair müəyyən etdiyi kurs heç nədən asılı olmayaraq uğurla həyata keçirilir.

Baxın büdcəyə, altı ay ərzində Vergilər Nazirliyinin xətti ilə yığılan — qeyri neft sektoruna aid daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artıb. 2015-ci ilin ilk 6 ayında dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib. Hesabat dövründə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil edib və yaxud proqnoza nisbətən 85 faiz icra olunub. Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş 771 milyon manat profisit hesabına maliyyələşdirilib.

Proqnozla nəzərdə tutulduğundan az vəsaitin xərclənməsi, təbii ki, neftin qiymətinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi səbəbindən hökumətin daha ehtiyatlı davranaraq büdcədə nəzərdə tutulmuş bəzi müdafiə olunmayan xərclərə qənaət rejimini tətbiq etməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə bu, çox düzgün addımdır. Nəzərə aldıqda ki, neftin qiymətləri bir il bundan əvvəlkinə nisbətən 2 dəfə, büdcədə nəzərdə tutulan bir barrel üçün 90 dollar səviyyəsindən isə 35-40 faiz aşağı düşüb, deməli, hökumətin büdcə xərclərinə cəmi 15 faiz qənaət etməklə onun icrasını təmin edə bilməsi ancaq təqdir olunmalıdır.

Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, ötən hesabat dövrü ərzində büdcədə nəzərdə tutulan sosial proqramların reallaşdırılması və müdafiə olunan xərclərin maliyyələşdirilməsi sahəsində heç bir çətinlik olmamışdı. Əksinə, Nazirlər Kabinetinin son toplantısında əhalinin mənzil şəraitini daha da yaxşılaşdırmaq məqsədilə prezident İlham Əliyev ipoteka kreditləşməsinə büdcədən əlavə olaraq 200 milyon manat ayrılmasını tövsiyə etdi. Altı ay ərzində 3000-ə qədər sahibkar bu sahənin inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 100 milyon manata qədər güzəştli kreditlər alıb”.

Ekspert: “Bu hələ son deyil”

29.07.2015

vahid-mehrremov

Kənd təsərrüfatı bilicisi Vahid Məhərrəmli pambıqçılığın durumu ilə bağlı məqalə yayıb. O, Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq yazır ki, 2015-ci ildə pambığın əkin sahəsi əvvəlki ilə nisbətən 4,1 min hektar azalaraq 18,8 min hektar olub: “Bu o deməkdir ki, yüngül sənayenin əsas xammal bazasını təşkil edən, yüksək əlavə dəyər yaradan çox mühüm bir sahə sıradan çıxarılır. 1990-cı ildə indikindən 14 dəfə çox ərazidə, 264 min hektar sahədə pambıq əkilirdi. Sonrakı illərdə əkin sahələri sürətlə azalmağa başladı. Əkin sahəsi 2000-ci ildə 101min hektara, 2005-ci ildə 112 min hektara, 2010-cü ildə 30 min hektara düşdü. Bu il isə cəmi 18,8 min hektarda pambıq əkilib. Son 80 ildə pambığın əkin sahəsi bu qədər az olmayıb.

Əkin sahələrinin ciddi azalması istehsalın da kəskin geriləməsinə səbəb olub. 1990-cı ildə pambıq istehsalı 542,9 min ton olduğu halda beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə isə daha çox azalmışdı. 2005-ci ildə 196,6 min ton pambıq istehsal olunduğu halda keçən il bu göstərici 40,6 min tona düşüb.

1995-ci ildə ölkəyə pambığın satışından 116,8 milyon dollar vəsait daxil olurdu, 2014-ci ildə bu rəqəm 8,2 dəfə azalaraq 14,2 milyon dollar təşkil edib”.

Ekspert əlavə edir ki, kənd təsərrüfatının digər sektorlarında olduğu kimi pambıqçılıq sahəsində də idxala meyl artır: “2014-ci ildə ölkəyə 2,8 milyon ABŞ dolları dəyərində pambıq, 12,9 milyon dollar dəyərində pambıq, keçə və toxunmamış materiallar, xüsusi iplik və onlardan alınmış məmulatlar idxal edilib.

Pambıq istehsalının inkişafı sənayenin, emal müəssisələrinin yaradılmasına imkan verir. Sovet hökumətinin vaxtında Azərbaycanda bu istiqamətdə bir çox istehsal müəssisələri yaradılmışdı. Təəssüflər olsun ki, həmin müəssisələrin əksəriyyəti süni sürətdə müflis elan edilərək dağıdıldı və hökumət məmurları tərəfindən dəyər-dəyməzinə mənimsənildi.

Əldə olunan statistik məlumatlara əsasən, hələ 1995-ci ildə sənaye müəssisələrində 98,5 min ton mahlıc istehsal olunduğu halda 2013-cü ildə bu rəqəm 8 dəfə azalaraq 12,1 min ton təşkil edib. Pambıq parça istehsalı da Azərbaycanda analoqu olmayan səviyyəyə enib. 1995-ci ildə ölkədə 57,9 milyon kvadratmetr pambıq parça istehsal olunmuşdusa, 2013-cü ildə bu göstərici 52 dəfə azalaraq 1,1 milyon kvadratmetrə enib. Bu məhsulun istehsalının ciddi şəkildə düşməsi fermerlərin gəlirlərinin azalmasına və sənaye müəssisələrində çalışan çoxlu sayda işçinin iş yerini itirməsinə səbəb olub.

Təəssüflər olsun ki, bu hələ son deyil. Bu il əkin sahəsi əvvəlki ilə nisbətən 4,1 min hektar azalıb. Bölgələrdən əldə olunan məlumatlar onu deməyə əsas verir ki, bu il pambıqçılıqda məhsuldarlığın aşağı düşəcəyi gözlənir. Pambıqçılıqla məşğul olan fermerlər bunu maliyyə çatışmazlığı və su qıtlığı ilə əlaqələndirirlər”.

Bağla bazar arasında

29.07.2015



bazar

“Azərbaycan” qəzetinin əməkdaşı Bahadur İmanquliyev kənd təsərrüfatında reallıqları dəyərləndirmək və perspektivləri aydınlaşdırmaq üçün yalnız bir məhsulun — gilasın bağdan piştaxtaya qədər keçdiyi yolu izləyib. Transparency.az qəzetin 29 iyul sayında dərc olunmuş araşdırmadan (“Gilas mövsümü tərəzinin gözündə”) bəzi məqamları oxucuların diqqətinə çatdırır:



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə