Xəbər bülleteni №3



Yüklə 0,51 Mb.
səhifə5/5
tarix05.10.2017
ölçüsü0,51 Mb.
#3316
1   2   3   4   5

Gilas bağları

…Ölkənin şimal bölgəsində meyvəçiliklə məşğul olan fermerlər bir qayda olaraq alma yetişdirirdilər. Yaranan bolluq onların xeyrinə işləmədi və məhsulun satışında problemlər yarandı. Son bir neçə ildə aqrar sektorda tətbiq edilən yeniliklər, dövlətin fermerlərə hərtərəfli yardımı və bazarda tələbat yüksək olan məhsulların yetişdirilməsinə artan maraq ölkənin şimal bölgəsində min hektarlarla gilas bağlarının salınmasına təkan verdi.

Hər şeyi öz gözlərimizlə görmək üçün Qubaya yola düşürük. Qoşqar Quliyevin gilas bağını gəzirik. Bir hektar sahəsi var. Amma bu il gilas tutmayıb, keçən il də belə olub. Hələ altı il də bu bağ bəhər verməyəcək. Təzə salınıb, qələmlərin cəmi iki yaşı var. Qoşqar danışır ki, bağ da uşaq kimidir, qayğısını çəkəsən gərək, böyüdəsən və ümidlə gözləyəsən ki, bəlkə nə vaxtsa üzünü ağartdı. Bağ 8-10 ilə bəhərə düşür. Hər il də pul xərcləmək lazım gəlir, suvarmaya, ağacların dibini kərkiləməyə, quruyan qələmlərin yerinə təzəsini əkməyə. Bu da ciddi məbləğdir, lakin alma ilə müqayisədə gilas bağının xərcləri bir neçə dəfə azdır, gəliri də bir o qədər çox olur. Amma bağ bəhərə düşənədək nə qədər xəsislik etsən də, işlərin bir qismini özün görsən də xərcin 10 min manatı aşır.

Qubanın aşağı kəndlərində, Xaçmazda bağları bəhərə düşən fermerlər 7-8 ildə bağa çəkdikləri xərci bu il bircə dəfəyə çıxartdılar. Ancaq hər bağ kəndliyə belə sevinc bəxş etmir. Ötən ilkindən fərqli olaraq bu mövsümdə gilas əkib becərənlər qazanclarına əməlli-başlı sevinə bildilər.

Lakin gilas bağlarına baş çəkməkdə əsas məqsədimiz fermerlərin builki sevinci ilə bölüşmək yox, bu giləmeyvənin bağda və paytaxtdakı piştaxta qiymətləri arasındakı fərqin nə səbəbdən iki dəfəyə, bəzi hallarda isə üç dəfəyədək artmasını araşdırmaqdır. Fermerlərin bir çoxu əmindirlər ki, qiymətin bağdan bazara gedən yolda bu qədər şişməsinə səbəb məhsulun son mənzilə çatanadək əldən-ələ keçməsi, yəni bir neçə dəfə alınıb satılmasıdır. Ən aşağı qiymətə — bir manata yerli gilas növləri satılıb.

Qiymətlər haqqında bir neçə kəlmə

Bu il mövsümün əvvəlində gilasın bağlardan topdansatış qiyməti 2,4 manatdan 3,4 manata kimi olub. Bir qədər sonra isə gilas bağlardan 1,4-1,8 manat arasında satılıb. Ən baha qiymətə “İtalyanka” və “Moldovanka” növləri satılıb. Mövsümün sonuna doğru bağlarda gilasın ən aşağı qiyməti bir manat ətrafında olub. Qubada fermerlər danışırlar ki, əslində iri gilası yetişdirmək üçün ağaclara yaxşı qulluq etmək və bir qədər də gübrə vermək lazımdır. Belə giləmeyvələrin tamı, şirinliyi yerli gilas növlərinə çatmasa da, bazarda onlara tələbat güclüdür. Satmaq asandır. Rusiyaya yalnız seçmə gilas aparırlar. Gilasa qulluq etməkdə xaçmazlıların təcrübəsi daha çoxdur, meyvələri də yaxşı satılır.



Şimal bazarı

…Rusiyaya çıxış asanlaşan kimi daxili bazar işə düşür, qiymətlər qalxır, mal axını güclənir. Son bir neçə ildə Rusiyanın Qərblə gərginləşən münasibətləri, siyasi çəkişmələrin zəminində tətbiq edilən qarşılıqlı sanksiyalar Avropa bazarından Rusiyaya ixrac edilən meyvə-tərəvəzin azalmasına səbəb oldu və Azərbaycan fermerlərinin Şimal bazarına çıxışı nisbətən asanlaşdı.

…Azərbaycanda xarici bazara mal tədarükü daxili bazara nisbətən daha sivil qaydalarla aparılır. Gilasın xarici bazara çıxışını araşdırarkən gördük ki, daxili bazardan fərqli olaraq məhsul 3-4 dəfə əldən-ələ keçmir. Məsələn, tədarükçülər təhvil verdikləri hər kiloqram gilasdan 20 qəpikdən artıq pul almırlar. Bu, artıq bir qayda kimi qəbul olunub. Bu işlə birinci dəfə məşğul olan Samir Behbudov danışır ki, mal alanlar bütün işləri özləri görə bilmir: “Ona görə də ürəkləri qızan adama gilas tədarükünü etibar edirlər. Elə gün olur bir, bəzən də iki ton gilas tədarük etmək olur. Xərclərimizi çıxanda 100, 150 manat arası əlimizdə pul qalır. Lakin bəzən iri gilası üstdən, xırdanı altdan vurub bizi aldadırlar. Onda ziyanımız olur. Belə malı yerli bazarda aldığımızdan bəzən iki dəfə ucuz satmağa məcbur oluruq. İstənilən halda mövsümdə əziyyət çəksən, mal tədarükündən 3-4 min manat qazana bilərsən”.

Gilasın bağlarda topdansatış qiymətinin mövsümün əvvəlindən bir müddət keçəndən sonra iki dəfəyə yaxın düşməsini görüşdüyümüz bağ sahiblərindən bəziləri belə izah edir ki, soyuducuya Rusiya üçün mal yığanlar sözü bir yerə qoyub üç-dörd gün heç nə almadılar. Bu da bazarı öldürdü. Biz də bilirik ki, üç-dörd günə məhsulumuza alıcı tapmasaq, bütün əziyyətimiz hədər gedəcək, hələ üstəlik ziyana da düşəcəyik. Ona görə neçəyə gəldi satmağa məcbur olduq. Amma yenə pis deyil, qiymətlər yaxşıdır. Bağına yüksək səviyyədə qulluq edən fermerlərin hektardan 20 min manatdan çox qazandığını öyrəndik.

Soyuducuların necə işləməsini yaxşı bilən Nəbi Zamanovla zəngləşib fermerlərin gileyinin nə dərəcədə haqlı olması ilə maraqlanırıq. Doğrudandamı bu il soyuducu sahibləri sözü bir yerə qoyub, bazarda gilasın qiymətini öldürüblər?

Nə danışırsınız?! — deyir. — Bazarda hamı qazanmaq istəyir. Biz də bilirik ki, gilas mövsümü 20-30 gün çəkir. Yəni doğma qardaşlar istəsələr belə sözü bir yerə qoyub dörd-beş gün fasilə verərək mal almaya bilməzlər. Bu, mümkün deyil! Gilasa tələbat varsa, hamı alıb satır, bazar işləyir. Çünki hər günün, hər saatın öz hökmü var. Heç kim qazanmaq şansını itirməz. Rusiyaya mal əvvəl çox, həm də xeyli baha daşındı. Orada bazar dolan kimi qiymətlər endi, buradan mal vuranların da sayı azaldı. Gilası alan yoxdursa, soyuducular onu kimin üçün tədarük etməlidir?

Rusiyanın müxtəlif şəhərləri ilə əlaqə saxlayırıq. İrkutskda, Tümendə, Moskvada ən iri gilasın qiyməti Bakıdakına yaxındır! Nisbətən kiçik şəhərlərdə — Megionda, Moskva ətrafındakı Kovrovda gilas Bakıya nisbətən ucuzdur. Söhbət gilasın ən iri növündən gedir.

Səbəbini araşdırmaq üçün Bakının müxtəlif yerlərində pərakəndə satış nöqtələrində qiymətləri bir də nəzərdən keçiririk. Ən iri gilas demək olar ki, mövsümün əvvəlindən axırına kimi əsasən beş manata satıldı. Nisbətən kiçik, lakin yaxşı gilasları ölçüsünə görə dörd, üç, iki manat yarıma almaq mümkün idi. Yarmarkalarda, metro həndəvərlərində, həyətlərdə gilası bir qədər ucuz satsalar da, “halal tərəzi” deyib qışqıranlar qiymətdə itirdiklərini haram çəkidə qaytarıb yerinə qoyurdular. Manat yarıma gilas alanlar isə keyfiyyətdən gileyli qalıblar. Kimə də “bir az aşağı ver” desən and içirlər ki, mümkün deyil, özləri aldıqları malın üstünə qəpik-quruş qoyub satırlar. Gilasın satışını bağdan paytaxta kimi izləyəndə aydın olur ki, öz malını gətirib satan fermer azdır. Bu yol uzun olduğu qədər də qəliz və çətin imiş. Yəni “aldım qoz, satdım qoz” məsələsi deyil.



Birinci əl — “Al qapında, sat qapında” 

Bağ sahiblərindən biri Rəşidlə Qubada gilas ağacının dibində oturub söhbət edirik. Bazara niyə mal çıxarmaması ilə maraqlanırıq. Danışır ki, 12 sot gilas bağı var, meyvəsi də pis deyil. Ailəsi ilə yığıb çatdıra bilmir, hərənin öz işi-gücü var. Fəhlə tutmağa məcburdur, amma 4-5 nəfərdən artıq fəhləyə gücü çatmır. Yəni onları hər gün səhər tezdən gedib gətirmək, yeməklərini vermək, axşam isə haqq-hesab çəkib gördükləri işin dəyərini ödəmək, evlərinə aparmaq lazımdır: “Fəhləyə pis baxsan, gəlməyəcək, adın çıxsa ki, xəsissən, kimsə sənin bağında işləməz. Elə gilas dərənlər var ki, ailəliklə bu işlə məşğul olurlar, sənətkar kimi ad qazanıblar. Bağ sahibləri ziyana düşən illərdə belə, gilas dərənlər yaxşı qazanır. 5 nəfərlik bir ailə gündə 400-500 kiloqram gilas dərə bilir. Bir kiloqram gilasın orta dərim qiyməti 30 qəpikdir, ancaq fəhlə qıtlığı yarananda qiymət 40 qəpiyədək qalxır. Bir ailə əgər zəhmətkeşdirsə gündə 100-200 manat, mövsüm ərzində 3-5 min manat qazana bilər. Biz fermerlər hər il bu pulu qazana bilmirik. Yəni bizim bazara çıxmağa nə imkanımız, nə də vaxtımız var. Bizə məhsulu qapımızda nağd pula satmaq sərf edir”.



İkinci əl — Qubanın gecə topdansatış bazarı

Gilasın Bakıyadək dəfələrlə alınıb satılmasını, əldən-ələ keçməsini deyən fermerlərin nə dərəcədə haqlı olduğunu yoxlamaq üçün gecə Quba bazarına baş çəkirik. Burada alış-veriş gecə saat 12-dən sonra başlayır. Səbəbi də odur ki, kəndlilər gündüz gilası yığır, axşama yaxın qapılarında satan satır, sata bilməyən də malı xarab olmasın deyə Quba bazarına üz tutur. Ona görə də bazar gecə yarıdan sonra işə düşür. Bakıdan əsas alıcılar 2-3 tonluq maşınlarla gəlir. Alver də bir qədər qərəzli gedir. O saat mal almırlar. Gəzirlər, soruşurlar, qiyməti öldürürlər. Gecə saat ikidən sonra mal satanların nigarançılığı artır, qorxurlar ki, sata bilməyəcəklər, qiymətdə düşməyə məcbur olurlar. Quba bazarında mövsümün axırına az qalmış gilasın topdansatış qiyməti 70 qəpiklə 1 manat 20 qəpik arasında oynayırdı. Bəzən elə olub ki, qapısında bir manata rahat satdığı gilasa Quba bazarında fermer heç 70 qəpiyə də müştəri tapa bilməyib. Məcbur qalıb kilosunu 60 qəpikdən satıb gedib. Bu pulun 30-35 qəpiyi ilə xərclərini bağlayan kəndlinin əlindəki qazancı da göz dağına çevrilir. Hesab elə ki, malı tullayıb getmisən.

Qubanın gecə bazarına gilas iki istiqamətdən daşınır. Birincilər həyətyanı sahələrinin məhsulunu gətirirlər. Yerli alverçilərin də bura üz tutduqları vaxt olur. Rusiya bazarı üçün yığılan, lakin sifarişçiləri keyfiyyətinə görə qane etməyən gilası da tədarükçülər bu bazara çıxarmaq məcburiyyətində qalırlar…

Üçüncü əl — Bakının topdansatış bazarları

Qubadan 2-3 tonluq maşınlarda Bakıya gilas daşıyanların əksəriyyəti malı paytaxt bazarlarında obaşdan yeşiklə topdan təkrar satırlar. Yəni bu minvalla da dərilən gilas bağdan alıcıya çatanadək 2 dəfə də satıla bilər, 3-4 dəfə də əldən-ələ keçə bilər. Bu isə o deməkdir ki, bağdan — istehsalçıdan alınan malın istehlakçıya çatanadək qiyməti durmadan sürətlə artır. Rusiya bazarına mal tədarükündə müəyyən qaydalar olsa da, daxili bazarda “tutar qatıq, tutmaz ayran” prinsipi ilə işləyirlər. Bakı bazarlarına çıxarılan məhsulun heç də hamısı birbaşa istehlakçıya çatmır. Burada da onu dükanlar, qapısında tərəzi qoyub özünə gün ağlayanlar alır, üstünə yenə 50-60 qəpik qoyub pərakəndə satışa çıxarırlar.

Belə çıxır ki, xaricə satılan məhsul cəmi bir əldən çıxır və artıq ikinci əldə istehlakçıya çatırsa, daxili bazarda müəyyən qaydaların olmaması və sovet ticarət sisteminin dağılması səbəbindən istehlakçıya çatanadək bir neçə dəfə əldən-ələ keçir. Ona görə də biz istehlakçılar Qubada bağda bir manata, gecə bazarında 60-70 qəpiyə satılan gilası Bakıda 3 manata almağa məcburuq. Bu ticarət zəncirindəki ikinci, üçüncü və dördüncü əlləri aradan çıxarmaq mümkün olsaydı, paytaxtda gilas elə Rusiyadakı qiymətə olmazdı. Biz manat yarıma, iki manata da ən yaxşı gilası alıb yeyə bilərdik…

Çıxış yolu

Gilas mövsümü başa çatdı, amma daxili bazarda satışla bağlı problemlər qaldı. İndi bazara digər meyvələr daşınır. Yenə də biz bir neçə dəfə alınıb satılan meyvələrin pulunu dəyərindən xeyli artıq ödəmək məcburiyyətində qalacağıq. Əsas problem bağla bazar arasındakı qiymət fərqinin böyüklüyündədir. Bu nə istehlakçının, nə də istehsalçının xeyrinədir. Onlar mallarını nisbətən ucuz satmağa, biz isə ürəyimiz istəyən mer-meyvəni istehsalçının topdansatış qiymətindən bir neçə dəfə baha almağa məcburuq. Alanla istehsal edənin xeyrinə olmayan bir hal isə mahiyyət etibarı ilə hamının, o cümlədən ölkə iqtisadiyyatının da ziyanınadır.

Çıxış yolu varmı? İnkişaf etmiş ölkələrdə aqrar sektorda satış şəbəkəsi — məhsulun reallaşdırılması ilə bağlı kooperativlər fermerlərin özləri tərəfindən yaradılır. Bu şəbəkə sırf gəlir qazanmaq məqsədi güdmür, istehsalçı ilə alıcı arasında fəaliyyətini elə tənzimləyir ki, tərəflərin marağı tapdanmır, əksinə, onların alış-satış mübadiləsində reallıqlarla uzlaşan harmonik əlaqə qurur. Bir növ Rusiyaya gilas tədarükündən bir kiloda 20 qəpik qazanan tədarükçülər kimi.

Ölkəmizdə fəaliyyətinə start verilən aqroparkların satış sistemi bu maraqlara xidmət edəcək. Azərbaycan dövlətinin aqrar siyasəti ona hesablanıb ki, ölkədə fermerlər birləşsinlər, kooperativlər, kooperasiyalar və aqrar sektor üçün vacib olan yeni idarəetmə sistemlərini yaratsınlar. Bu istiqamətdə pilot layihələri həyata keçirilir, fermerlərə ciddi yardımlar edilir.

Lakin o da faktdır ki, dövlətin aqrar sektorda tətbiq etdiyi islahatların, yaratdığı nəhəng müəssisələrin fonunda kiçik fermer təsərrüfatlarının bir qisminin qüsurları aydın görünür. Baxmayaraq ki, dövlət bütünlükdə kənd təsərrüfatında çalışanları vergilərdən azad edib. Bundan başqa gübrələrin, maşın və mexanizmlərin alınmasında, sürtkü yanacaq materiallarının verilməsində ciddi güzəştlər tətbiq edilir. Kiçik təsərrüfatlarda çalışanların bir qismi müasir aqrar biliklərin azlığından əziyyət çəkirlər. Yenilikləri tətbiq etmək, perspektiv sahələri düzgün hesablamağa qadir deyillər.

Bu istiqamətdə telekanalların, ümumiyyətlə KİV-in maarifləndirmək funksiyası demək olar ki, yox dərəcəsindədir. Kənd yerlərinə qəzet və jurnallar bir qayda olaraq gedib çatmır, ümumiyyətlə, kiçik fermerlərin müəyyən hissəsi müasir aqrar biliklərin onların həyatında oynaya biləcəyi müsbət rolu qavramaqda çətinlik çəkirlər. Nə etməli? Bu baxımdan Çin təcrübəsi maraqlıdır. Bu ölkədə aqrar islahatlar keçirilərkən ən vacib sahələrdən biri torpaq sahiblərinin sürətlə maarifləndirilməsi idi…

Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?

30.07.2015

Azərbaycan qanunvericiliyi dövlət qulluqçuna hansı yasaqlar qoyur? Transparency.az bu suala “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanundan çıxarışlarla aydınlıq gətirir.

2007-ci il mayın 31-də imzalanmış, sonralar üç dəyişiklik və əlavəyə məruz qalmış qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.



Tənqidə məhdudiyyət var

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna görə, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.



Tərəf tutmaq olmaz

Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

Qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.



Hədiyyədən çəkinməli

Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Şəxsi maraq arxa planda

Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.



Yalnız qanuni göstərişlər

Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

İntizam məsuliyyəti

Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

- qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

- kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

Nazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır”

31.07.2015



shahin mustafayev 2

Tarif (qiymət) Şurasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev rəsmi dövlət qəzeti “Azərbaycan”a müsahibəsində dərman vasitələrinin qiymətinin tənzimlənməsi qərarından danışıb (250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib). Transparency.az müsahibəni ixtisarla təqdim edir.

- İctimaiyyətin marağında olan əsas məsələ dərman vasitələrinin qiymətləri ilə bağlıdır. Qəbul edilən bu qərar hansı zərurətdən irəli gəldi?

- …Bilirsiniz ki, dərman vasitələrinin qiymətləri də sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən məsələdir. Dərman vasitələrinin qiymətlərinin səviyyəsi vətəndaşların öz sağlamlıqları üçün ayırdığı xərclərə birbaşa təsir etdiyindən dövlət bu sahəni diqqət mərkəzində saxlayır. Ötən ilin dekabrında “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib, bu ilin mart ayında isə dövlət başçısının fərmanı ilə hökumətə və Tarif (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılıb.

Nazirlər Kabinetinin 2015-ci ilin ilk rübünün və birinci yarısının yekunlarına həsr olunmuş iclaslarında cənab prezident tərəfindən dərman preparatları bazarında xaotik vəziyyətin müşahidə olunduğu, ədalətsizliklərin mövcudluğu, qiymətlərin süni şəkildə qaldırılması hesabına başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətlərinin bir neçə dəfə baha olduğu və insanların bu dərmanları almağa məcbur olduqları vurğulanıb. Dövlət başçısı bu pozuntulara son qoyulması və sentyabr ayından gec olmayaraq məsələnin artıq yeni müstəvidə həlli barədə tapşırıqlar verib.

Ötən müddət ərzində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə Nazirlər Kabineti və Tarif (qiymət) Şurası tərəfindən bu sahədə müvafiq tədbirlər görülüb, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanıb. Bu tədbirlərin davamı olaraq müvafiq subyektlər tərəfindən təqdim edilmiş sənədlər əsasında iyulun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və 25 təsiredici maddə üzrə 250-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib.

- Ölkədə dərman vasitəsinin qiyməti necə müəyyən edilir?

- İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin və Tarif (qiymət) Şurasının əməkdaşları son iki ildə bir sıra Avropa ölkələrində və Türkiyədə olub, həmin ölkələrin, həmçinin digər ölkələrin təcrübəsi öyrənilib, müvafiq təhlillər aparılıb və təkmilləşdirilmiş bir metodologiya hazırlanıb. Ölkəmizdə tətbiq edilən bu metod (referans qiymət yanaşması) beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur və Avropa ölkələrinin əksəriyyəti bu modeli tətbiq edir.

Metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymət əsasında nəzarət markasının da qiyməti nəzərə alınmaqla ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.

- Ölkə əhalisi dərman vasitələrini apteklərdən nə vaxtdan tənzimlənən qiymətlərlə ala biləcək?

- Qiymətləri təsdiqlənmiş dərman vasitələrinin, eləcə də bu dərmanlarla eyni təsiredici maddəyə malik olan və Tarif (qiymət) Şurasının növbəti iclasında qiymətlərinin tənzimlənməsi planlaşdırılan bu tərkibli digər dərman vasitələrinin hamısının qiyməti rəqabət mühitinin pozulmaması üçün eyni tarixdən, yəni 2015-ci il sentyabrın 15-dən qüvvəyə minəcək. Əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, qalıqların yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq bu tarix müəyyən edilib.

Ümumilikdə isə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Ölkədə 4 min 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var və bu dərman vasitələrinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı müxtəlif olduğundan qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı qeyd olunan rəqəmdən də çoxdur. Həmçinin hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsinin aparıldığını nəzərə alsaq, bu işin vaxt və məsuliyyət baxımından uzun proses tələb etdiyi məlum olur. Qeyd olunan məsələlər nəzərə alınaraq qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanıb və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Hər dəfə dərman vasitələrinin qiymətləri təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı, qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) rəsmi internet saytlarında yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda (www.pharma.az) əks olunacaq.

- Dərman vasitələrinin qiymətinin tənzimlənməsinin nə kimi faydaları olacaq?

- İlk növbədə qeyd edim ki, cənab prezidentin tapşırığına uyğun olaraq Tarif (qiymət) Şurasının bu məsələ ilə bağlı ilk qərarı ilə qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb. Belə ki, 20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib. Ümumilikdə isə hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enib, qalan hissəsinin qiyməti isə dəyişməyib.

İkincisi, qiymətlərin tənzimlənməsi ilə, dövlət başçısının qeyd etdiyi kimi, şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır.

Üçüncüsü, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır.

Dördüncüsü, pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcək ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək.

Bu islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq. Digər tərəfdən dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcək.

Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcək ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

- Dərman vasitələrinin üzərində qiymətlər necə göstəriləcək?

- Qiymətlərin dərman vasitələrinin üzərində bir qayda olaraq mətbəə üsulu ilə çap olunması nəzərdə tutulur. Bununla yanaşı qiymətlərin mətbəə üsulu ilə çap olunması mümkün olmadığı hallarda Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, qiymətlər dərman vasitələrinin üzərində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilən üsullarla göstəriləcək. Həmin üsullara dair sənəd artıq hazırlanıb və yaxın günlərdə təsdiqlənərək dərc olunacaq.

- Dərman vasitəsinin qiymətlərinə və keyfiyyətinə nəzarət necə həyata keçiriləcək?

- Dərman vasitələrinin tənzimlənmiş qiymətləri haqqında ictimaiyyətə müxtəlif vasitələrlə — İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının internet səhifələrində, kütləvi informasiya vasitələrində məlumat veriləcək və qiymətlər barədə məlumat hamı üçün açıq olacaq. İstehlakçılar alınan dərman vasitəsinin qiymətinin dövlət tərəfindən tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla yoxlaya biləcək.

Eyni zamanda dərman vasitələrinin qiymətlərinə nəzarət aidiyyəti dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar vasitəsi ilə təmin ediləcək. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması hallarına yol vermiş əczaçılıq subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. Bu sahədə qiymət intizamının pozulmasına, dövlət tənzimləməsinin və nəzarətinin həyata keçirilməsi prosesində tələb olunan məlumatların subyektlər tərəfindən tam, düzgün və vaxtında verilməməsinə görə ciddi məsuliyyət tədbirləri və böyük məbləğdə maliyyə sanksiyalarını nəzərdə tutan qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı keyfiyyətinə nəzarət də davam etdiriləcək. Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Nazirlik tərəfindən dərman vasitəsinin ekspertiza və sınağı keçirilir və bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi ölkəmizə idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır.

Korrupsiya ilə mübarizə qanunundan çıxarışlar

31.07.2015

Azərbaycan qanunvericiliyi korrupsiya ilə mübarizəni necə tənzimləyir? Transparency.az bildirir ki, 2005-ci il yanvarın 1-dən qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında”  qanun korrupsiyaya belə bir tərif verir: “Korrupsiya — vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır”.

Kimlər qanunun təsir dairəsinə düşür?

Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri bu şəxslərdir:

- dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

- xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

- inzibati vəzifə tutan dövlət qulluqçuları;

- dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

- dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;

- yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

- yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

- qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər;

- öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;

- vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər.

“Korrupsiyaya qarşı mübarizə haqqında”  qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.

Tələblər nədir?

Qanunun maliyyə xarakterli tələbləri var. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər:

- mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

- vergitutma obyekti olan əmlakı barədə;

- kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

- şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

- şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;

- şərti maliyyə vahidinin (1 manat 10 qəpik) min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

“Korrupsiyaya qarşı mübarizə haqqında”  qanuna görə, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Qanunun bu tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərti ilə kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.

Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.



Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarım törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda onlar inzibati qaydada cərimə edilirlər.

Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə