Xəbər bülleteni №30



Yüklə 448,43 Kb.
səhifə5/7
tarix20.10.2017
ölçüsü448,43 Kb.
#5560
1   2   3   4   5   6   7

Medianın azad sayıldığı ölkələrin sıralamasında isə ilk onluğu Norveç, Belçika, Finlandiya, Niderland, İsveç, Danimarka, Andorra, Lüksemburq, İsveçrə və Lixtenşteyn tutur.

Tramp və Klinton yenə üstün gəldilər

27.04.2016

reqibler 1
ABŞ-da prezidentliyə iddiaçıların növbəti ilkin seçkiləri keçirilib.

Prezident seçkisi 2016-cı il noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə namizədi yayda keçiriləcək qurultaylarında seçməlidir. İlkin seçki yarışı qurultaya nümayəndə toplamaq üçündür.

Novator.az-ın məlumatına görə, Respublikaçılar Partiyasından Donald Tramp aprelin 26-da ilkin seçkinin keçirildiyi 5 ştatın hamısında (Pensilvaniya, Merilend, Konnektikut, Delaver, Rod-Aylend) qalib gəlib.

Respublikaçılar Partiyasından namizəd olmaq üçün qurultaya azı 1237 nümayəndə toplamaq lazımdır. Aprelin 26-sı 5 ştatda keçirilmiş ilkin seçkilərdən sonra Donald Trampın 950 səsi var. Ted Kruz 560, Con Keysiç 153 nümayəndəyə sahibdir.

Demokratların yarışına gəlincə, Hillari Klinton Pensilvaniya, Merilend, Konnektikut, Delaver ştatlarında qalib gəlib. Onun rəqibi Berni Sanders Rod-Aylenddə üstün olub.

Demokratlar Partiyasından namizəd olmaq üçün 2383 səs gərəkdir. Hazırda Hillari Klintonun 2141, Berni Sandersin 1321 səsi var.

Mərkəzi Bankın hərrac taktikası nədən xəbər verir?

27.04.2016



merkezi bankİqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın son valyuta hərraclarında iştirakının mümkün nəticələrini şərh edib.

Aprelin 26-da keçirilən valyuta hərracında Mərkəzi Bank Dövlət Neft Fondundan 30 milyon ABŞ dolları alıb. Qurum aprelin 4-də təşkil olunan hərracda 400 min ABŞ dolları almışdı.

Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov yazır ki, Mərkəzi Bank hərraca daxil olmaqla manatın möhkəmlənməsinin də qarşısını alır: “Bu ondan xəbər verir ki, qurum məzənnəyə istənilən zaman təsir etmək imkanını özündə saxlayır. Deməli, indi manatın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bank bazardan daha çox rıçaqlara malikdir. Görünür, manatın məzənnəsini imkan daxilində müəyyənləşdirilmiş koridorda saxlamağa səy göstərilir. Təbii ki, bu, manat bazasının hansı səviyyədə böyüməsindən asılı olacaq.

Hələlik Mərkəzi Bankın bir neçə 10 milyonluq alğı-satqısı bazara ciddi iqtisadi təsir göstərmir. Daha çox psixoloji təsirlər hiss edilir. Amma qurum alıcı statusunu bir müddət saxlasa, bu, manat bazasının artmasına və dollara tələbin yüksəlməsinə səbəb ola bilər. Burada idxal-ixrac əməliyyatları, real sektora yatırımlar, bankların kreditləşmə səviyyəsi kimi faktorlar da ciddi təsirə malikdir. Hələliksə baş bank öz resepti üzrə manat bazasını məhdudlaşdırmaq və zəruri hallarda bazara daxil olub kursa təsir edib öz ehtiyatlarını artırmağa çalışacaq. Bank hərracda alıcı kimi fəal olacağı halda isə dolların manata nisbətən mərhələli möhkəmlənməsi müşahidə ediləcək”.

Qırğızıstan parlamentinə yeni spiker seçildi

27.04.2016



chinibay tursunbekov 1
Aprelin 27-də Qırğızıstan parlamenti prezident təşkilatı olan Sosial Demokrat Partiyası fraksiyasının lideri Çınıbay Tursunbekovu spiker seçib.

Parlamentin əvvəlki sədri Asılbek Jeenbekov aprelin 13-də istefa verib. O, yeni baş nazir Sooronbay Jeenbekovun qardaşıdır. Ölkə rəhbərliyində iki qardaş təmsil olunmasın deyə Asılbek spiker vəzifəsini tərk edib.

Novator.az bildirir ki, 120 yerlik parlamentdəki bugünkü gizli səsvermədə Tursunbekovu 88 deputat dəstəkləyib.

55 yaşlı Tursunbekov filologiya elmləri namizədi, jurnalist, tərcüməçidir. Türkiyədə “Azadlıq” radiosunun müxbiri olub. Son illər biznes fəaliyyəti ilə tanınıb.

Dünya Bankı neftin orta qiymətini 4 dollar artırıb

27.04.2016



neftDünya Bankı bu il üçün qlobal neft qiyməti proqnozunu artırıb. AZƏRTAC xəbər verir ki, bankın hesabatında neftin orta qiymət proqnozu 37 dollar/barreldən 41 dollar/barrelə yüksəldilib. Proqnozun dəyişməsinə səbəb dünya valyuta bazarında dolların zəifləməsi və qlobal iqtisadi situasiyanın yaxşılaşmasıdır.

Bankın aprelin əvvəlində nəşr etdiyi iqtisadi görünüş hesabatında bu il üçün neftin orta qiymət proqnozu 53 dollar/barreldən 37 dollar/barrelə endirilmiş, orta qiymətin 30 dollar/barrel səviyyəsinə düşə biləcəyi qeyd edilmişdi.

Aprelin 27-si dünya birjalarında neft maksimim bahalaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 44,53 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 46,33 dollar olub. “AzəriLayt” markalı neftin bir barreli isə 46,05 dollara satılır.

Sabiq nazir partiya yaradır

27.04.2016

vardan oskanyan1
Aprelin 27-si Ermənistanda yeni siyasi partiyanın yaradılması barədə açıqlama yayılıb. Novator.az xəbər verir ki, Birlik adlanan yeni partiya sabiq xarici işlər naziri, parlamentin deputatı Vardan Oskanyanın liderliyi ilə qurulur.

Vardan Oskanyan 1998-2008-ci illərdə, Robert Köçəryanın prezidentliyi dövründə xarici işlər naziri olub. 61 yaşlı Vardan Oskanyan Suriyanın Hələb şəhərindəndir.

Yeni partiyanın təşəbbüs qrupunun yaydığı bəyanatda Ermənistanın xarici siyasətinin əsaslı şəkildə dəyişməli olduğu vurğulanır. Partiya Rusiya, Avropa İttifaqı və ABŞ-la əlaqələrin genişlənməsini, Gürcüstan və İranla regional əməkdaşlıq konsepsiyasının hazırlanmasını vacib hesab edir.

Jurnalistlərə açıqlamasında Vardan Oskanyan deyib ki, yeni partiyanın sabiq prezident Robert Köçəryana heç bir aidiyyəti yoxdur.

Bilə-bilə yalan reklam etməyə görə cəzada yeniliklər olacaq

27.04.2016



mm-yeni 1Azərbaycan prezidenti Milli Məclisə Cinayət Məcəlləsinə yeniliklər layihəsi təqdim edib. Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə Cinayət Məcəlləsinin 198-ci (Bilə-bilə yalan reklam etmə) maddəsinə əlavə və dəyişiklikləri nəzərdə tutur.

Maddənin 1-ci bəndinə təklif edilən yeniliyə əsasən, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək islah işləri, yaxud 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bəndin hazırda qüvvədə olan cəzası 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilə qədər həbsdir.

2-ci bəndə nəzərdə tutulan əlavə və dəyişikliyə görə isə eyni əməllər külli miqdarda ziyan vurduqda ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu bəndin hazırda qüvvədə olan variantı 2 ilədək müddətə islah işləri və ya eyni müddətə həbs nəzərdə tutur.

Ermənistanın yeni Seçki Məcəlləsi qadınlar üçün kvota nəzərdə tutur

27.04.2016

sechki 1
Ermənistanda parlament müzakirəsinə çıxarılmış yeni Seçki Məcəlləsində qadınlar üçün kvota nəzərdə tutulur. Novator.az xəbər verir ki, partiyalara parlament seçkisində namizədlərin ən azı 20-25%-nin qadınlardan ibarət olması şərti qoyulur. Partiyanın namizədlər siyahısında hər 4 nəfərdən biri mütləq qadın olmalıdır.

Seçki Məcəlləsi eyni cinsdən olan şəxslərdən ibarət parlament fraksiyasını yasaqlayır. Parlamentin deputatı mandatını təhvil verəndə onun yerinə siyasi partiyanın namizədlər siyahısında olan qadın keçir.

Ermənistan parlamenti yeni Seçki Məcəlləsinin müzakirəsinə aprelin 25-də başlayıb. Məcəlləyə görə, parlament seçkisi proporsional sistemlə keçirilir. Parlament deputatlarının minimal sayı 101 olur. Partiya və bloklar namizədlərin yarısını ərazi siyahıları, yarısını ümumdövlət siyahıları üzrə irəli sürür.

Seçkidə heç bir partiya və ya blok 53 mandat qazanmasa, siyasi qüvvələrə koalisiya yaratmaq vaxtı verilir. Bu zaman koalisiya uzağı 3 partiyadan ibarət ola bilər.

Koalisiya yaratmaq mümkün olmasa, seçkinin ikinci turu keçirilir. İkinci turda ən çox səs toplayan iki partiya və ya blok iştirak edir.

Ötən il dekabrın 6-da Ermənistanda konstitusiya referendumu keçirilib. Yeni ana yasaya görə, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Prezident baş nazir postuna parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.

Əmlak Məsələləri Dövlət Komitəsi icarə haqqı ödənilməsində yenilik edib

27.04.2016



emlak komitesiƏmlak Məsələləri Dövlət Komitəsi icarə haqqı borclarının ödənilməsində yenilik edib. Əvvəllər yalnız bank və internet üzərindən ödənilməsi mümkün olan icarə haqlarını artıq icarəçilər ölkənin istənilən nöqtəsində olan ödəmə məntəqəsində (“paypoint”) ödəyə biləcəklər. Bu yenilik komitənin mövcud informasiya sisteminin Mərkəzi Bankın yaratdığı Hökumət Ödəniş Portalına inteqrasiyası nəticəsində tətbiq edilib.

Dövlət əmlakının icarəçisi istənilən ödəmə məntəqəsinə yaxınlaşmaqla icarə haqqı borcu barədə məlumatı əldə edə və müvafiq ödənişi həyata keçirə bilərlər. Bu, bank və ya kompüter-internet imkanlarının olmadığı yerlərdə xüsusilə əlverişlidir. Bununla yanaşı icarəçi borcu ödəmək üçün banka müraciət etmək və ya plastik kart vasitəsilə internet üzərindən ödənişi həyata keçirmək imkanına malikdir.

Əmlak Məsələləri Dövlət Komitəsi hazırda istifadəçilərə 31 elektron, 2 onlayn və 3 SMS xidmət təqdim edir. 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. SMS xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının öyrənilməsi, müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəsi üzrə borcun öyrənilməsi aiddir.

Nazirlik həbsdən azad edilmiş 1758 nəfərə birdəfəlik müavinət verib

27.04.2016

emek nazirliyi 1Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həbs cəzasından azad edilmiş 1758 nəfərə birdəfəlik müavinət verib. Rəsmi məlumata görə, onların hər birinə minimum əməkhaqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənib.

Xəbərdə qeyd olunur ki, məşğulluq haqqında qanunvericilikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyalarına aid ediliblər və müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində onların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanır. Bununla yanaşı cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq işlər görülür. Bu məqsədlə keçən il və cari ilin ötən dövründə 184 nəfər belə vətəndaş üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa edilir. Mərkəz qeyd olunan şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.

Qadınlar vəzifədə: Azərbaycan və qonşuları

27.04.2016

Azərbaycanın Nazirlər Kabinetində yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri postu qadına həvalə olunub. Prezident Katibliyinin rəhbəri, Prezident Administrasiyasının iki şöbə müdiri, Milli Məclis sədrinin bir müavini, Konstitusiya Məhkəməsinin bir üzvü, ombudsman qadındır. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinə də qadın rəhbərlik edir.

Transparency.az qonşu ölkələrdə bu baxımdan vəziyyətin necə olduğuna nəzər salıb.

İranda qadın nazir yoxdur, amma hökumətə başçılıq edən ölkə prezidentinin bir müavini qadındır.

Türkiyədə ekologiya və şəhərsalma naziri, ailə və sosial siyasət naziri postlarını qadınlar tutur.

Rusiyada baş nazirin müavinlərindən biri qadındır. Səhiyyə Nazirliyinə də qadın rəhbərlik edir. Parlamentin yuxarı palatasının sədri, ombudsman, Mərkəzi Seçki Komissiyasının, Mərkəzi Bankın, Hesablama Palatasının rəhbəri postları qadınlara verilib.

Gürcüstanda ədliyyə, müdafiə, elm və təhsil nazirləri qadınlardır. Parlament sədrinin birinci müavini postunu qadın tutur. Ali Məhkəmənin sədri postunda da qadın əyləşib.

Ermənistanda üç qadın nazir var. Diaspor, mədəniyyət və ədliyyə nazirləri postlarını qadınlar tutur. Parlament sədrinin müavinlərindən biri, Konstitusiya Məhkəməsi hakimlərindən biri qadındır.

Müdafiə naziri ön xəttə ali baş komandanın tapşırıqlarını çatdırıb

27.04.2016

Cəbhə bölgəsinə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Mod.gov.az-ın 27 aprel məlumatına görə, kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan Zakir Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib.

Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə boyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində də olub və həkimlərlə görüşüblər.

mn onxet 5

Prezidentdən təşəbbüs: dövlət qulluğuna qəbul qaydası dəyişir

27.04.2016

prezident sarayi 2
“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik olunacaq. Milli Məclisdən APA-ya bildirilib ki, Azərbaycan prezidenti qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib. Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbul test imtahanı ilə məhdudlaşacaq. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil ediləcək.

İndiki qayda dövlət qulluğuna müsahibə əsasında qəbulu da nəzərdə tutur (Qanun).

Bu il aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılıb. Mərkəz Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bazasında qurulur.

Açıq hökumət: 2016-2018-ci illər üçün milli fəaliyyət planı təsdiqlənib

28.04.2016

prezident-ferman
Prezident İlham Əliyev aprelin 27-də sərəncam imzalayaraq “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı”nı təsdiq edib. O, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya illik hesabatları təqdim etməyi tapşırıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət planının icrası üzrə illik iş planlarını təsdiq edib Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya bu barədə elektron qaydada məlumat verməlidir.

Transparency.az xəbər verir ki, sərəncamda Hesablama Palatasına, Baş Prokurorluğa, ombudsmana, Məhkəmə-Hüquq Şurasına, məhkəmələrə, yerli özünüidarəetmə orqanlarına fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək tövsiyəsi də yer alır. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya fəaliyyət planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görməlidir.

Manat ucuzlaşıb

28.04.2016



manat 1Aprelin 28-də Mərkəzi Bank dollar, avro və rublun kursunu dəyişib. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dollarının rəsmi kursu 1,5033 manatdan 1,5056 manata qalxıb.

1 avronun rəsmi məzənnəsi 1,7067 manat müəyyən olunub. Ötən gün kurs 1,6983 manat idi.

Aprelin 27-də 0,0229 manata satılan 1 Rusiya rubluna isə  Mərkəzi Bank bu gün 0,0231 manat qiymət qoyub.

APA bildirir ki, dünən ABŞ-ın Federal Ehtiyatlar Sistemi (Mərkəzi Bank) uçot dərəcəsini dəyişməyərək 0,5 faiz səviyyəsində saxlayıb.

Federal Ehtiyat Sistemi ötən il dekabrın 16-da uçot dərəcəsini 0,25 faizdən 0,5 faizə qaldırmış, bu isə digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi artırmışdı. Dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçmiş, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxmışdı.

Cəbhə xəttində toplantı

28.04.2016

Mod.gov.az-ın məlumatına görə, aprelin 27-si axşamdan 28-i saat 4 radələrinədək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən Azərbaycan yaşayış məntəqələri və mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Aprelin 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə zonasında yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib. Toplantıda müdafiə nazirinə hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı məruzələr edilib. Zakir Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar göstərişlər verib.

1988-ci ildən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini mərhələ-mərhələ işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri aparılan sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

mn toplanti 1

mn toplanti 2

Ağdamda 1 dinc sakin ölüb, 8 nəfər yaralanıb

28.04.2016

Erməni hərbi birləşmələri aprelin 28-nə keçən gecə Ağdamın yaşayış məntəqələrini atəşə tutub. APA-nın məlumatına görə, Çəmənli kənd sakini Famil Mustafayev aldığı qəlpə yarasından həyatını itirib.

Quzanlı qəsəbəsində yerləşən Ağdam Mərkəzi Rayon Xəstəxanasına 8 yaralı çatdırılıb: Əli Hüseynov, Zahid Rəhimov, Anar Abdullayev, Elnur Məmmədov, Elgiz Tağıyev, Zahid Fərəcov, Anar Məmmədov, Sirdaş Kərimov.

Qəlpə yarası alanların 7-si Çəmənli kənd sakinidir.

Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Ev əşyaları ilə birlikdə tamam yanıb. Xəsarət alan olmayıb.

Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalındadır. Quzanlı qəsəbəsi və 10 kənd Azərbaycanın nəzarətindədir.

“Azadlıq” radiosunun məlumatına görə, ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner aprelin 27-də keçirdiyi brifinqdə deyib ki, Vaşinqton Qarabağda atəşkəsə tərəfdardır: “Dövlət katibi hər iki tərəflə danışıb. ATƏT-in Minsk qrupundakı həmsədrimiz regionda olub. Hər iki hökumət, münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq. Mesajımız dəyişməyib, Dağlıq Qarabağda təmas xəttində hər hansı zorakılığı ən sərt şəkildə pisləyirik. Sülh prosesi mümkün qədər tez bərpa olunmalı və davam etməlidir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

XİN xəbərdarlıq edir

28.04.2016



hikmet haciyev
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb. O qeyd edib ki, aprelin 27-si axşamdan aprelin 28-dək Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında Azərbaycan əhalisinin yaşadığı məntəqələri və Azərbaycan ordusunun mövqelərini iriçaplı minaatanlar və toplardan intensiv atəşə tutub: “Ermənistan tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutması nəticəsində Ağdam rayonunda 1 mülki şəxs həlak olub, 7 nəfər yaralanıb. Tərtər və Ağdam rayonlarında 20-dən artıq mülkiyyətə və sosial obyektə ciddi zərər dəyib.

Ermənistanın qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir. Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir.

Ermənistan silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri adi hal deyil, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı və sistemli terror siyasətinin tərkib hissədir.

Aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində əldə olunmuş atəşkəsə məhəl qoymayaraq vəziyyətin gərginləşdirilməsi, mülki insanların və sosial obyektlərin qəsdən hədəfə alınması və münaqişənin həlli üzrə danışıqlardan imtina kimi təxribatçı əməllər qəti şəkildə qınanmalı və pislənməlidir.

Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlara hazırlaşması barədə hərtərəfli şəkildə məlumatlandırıb və xəbərdar edib. Qoşunların təmas xətti boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələrinin Ermənistanın hərbi obyektlərinə qarşı atmalı olacağı cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək”.

Açıqlamanı AZƏRTAC yayıb.

Neftin 28 aprel qiymətləri

28.04.2016

Aprelin 28-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 44,97 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 46,77 dollaradır. “AzəriLayt” markalı neftin bir barreli isə 46,56 dollar satılır.

AZƏRTAC xəbər verir ki, ötən gün birjalarda “Brent” markalı neftin bir barreli 3 faizdən çox bahalaşaraq 47,04 dollar olub. “Brent” nefti 2015-ci il noyabrın 11-dən bu vaxtadək ilk dəfə 47 dolları ötüb.


Yüklə 448,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə