Xəbər bülleteni №32



Yüklə 0,56 Mb.
səhifə2/4
tarix15.03.2018
ölçüsü0,56 Mb.
#32566
1   2   3   4
        Rövşən Ağayev

Mərkəzi Bankın ən son statistikasına görə (Statistik bülleten), son 1 il 3 aydakı iki devalvasiya nəticəsində iki dəfə dəyərdən düşən manatın real mübadilə məzənnəsi 40%-dən çox ucuzlaşıb.

Milli valyutanın real məzənnəsi ticarət tərəfdaşı olan ixtiyari iki ölkədə əmtəələrin nisbi qiymətini əks etdirir. Bir az da sadə dillə desək, real valyuta məzənnəsi bir-biri ilə ticarət aparan ölkələrin valyutasının ala biləcəyi əmtəə səbətinin dəyərini əks etdirir.

İki müxtəlif zaman və ssenari əsasında real valyuta məzənnəsinin mahiyyətini və milli iqtisadiyyatın inkişafına təsirini nəzərdən keçirək.

Birinci ssenari. Təsəvvür edək ki, 100 maldan ibarət əmtəə səbətinin dəyəri Azərbaycanda 2015-ci ilin yanvarında 1000 manat, o zamankı məzənnə ilə 1270 dollar idi. Həmin vaxt Azərbaycanın ticarət tərəfdaşı olan ölkədə, məsələn, Gürcüstanda eyni 100 əmtəədən ibarət səbətin dəyəri 2530 lari və ya 1150 dollar idi. Bu halda manat və larinin real mübadilə məzənnəsi 1,1-ə bərabər olub. Yəni üçüncü bir ölkə məhsul idxal etməli olsa, Gürcüstanı seçəcəkdi. Çünki eyni pula 10% çox gürcü malı ala biləcəkdi. Ümumiyyətlə, real mübadilə məzənnəsi 1-dən yüksək olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olmur.

İkinci ssenari. Təsəvvür edək ki, iki devalvasiyadan sonra manatın iki dəfə dəyər itirməsi və həmin dövrdə inflyasiyanın 13% təşkil etməsi nəticəsində həmin əmtəə səbətinin dəyəri 1400 manat, yeni məzənnə ilə 900 dollardır. Gürcü larisinin 10% ucuzlaşması və dövr ərzində baş verən 5%-lik inflyasiya nəticəsində həmin məhsulun dəyəri 2650 lari və yeni məzənnə ilə 1100 dollar təşkil edir. Bu halda manat və larinin real mübadilə məzənnəsi 0,82-ə bərabərdir. Yəni üçüncü bir ölkə məhsul idxal etməli olsa, Azərbaycanı seçəcək. Çünki eyni pula 18% çox Azərbaycan malı ala biləcək. Real mübadilə məzənnəsi 1-dən aşağı olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olur.

Bu praktik məlumatlardan sonra real vəziyyətə baxaq: 2016-cı ilin 1-ci rübündə Azərbaycanın qeyri-neft ixracı 45%-dək azalıb. Manatın real məzənnəsinin az qala 45% ucuzlaşdığı şəraitdə ixrac gəlirləri də 45% azalırsa, burda iki səbəb mümkündür: ya ölkədə məzənnə siyasəti ilə real sektor arasında bütün əlaqə kanalları qapanıb və hökumət iqtisadi siyasəti əlaqələndirmək imkanlarını tam itirib, ya da inhisarçı qiymətlər, sahibkarlıq fəaliyyətinə bürokratik müdaxilələr sayəsində məhsulların qiyməti o qədər yüksək olub ki, hətta 45%-lik real məzənnə ucuzlaşması belə yerli məhsulları başqa ölkələrin məhsullarından cəlbedici etmir.

Azərbaycanda hansı səbəbin həlledici olduğunu araşdırmaq çox mühümdür. Məsələn, birinci rübdə bitki və heyvan mənşəli yağların ixracı 11 dəfə azalıb. Bunun üçün ticarət tərəfdaşı olan bir sıra ölkələrdə bu məhsulların daxili qiymətlərinin dinamikasını müqayisə etmək çox vacibdir.

Manatın nominal ucuzlaşmasından iqtisadiyyatımız onsuz da itirib — yüksək qiymətlər və beynəlxalq dəyər ölçüsü ilə milli sərvətin dəyərsizləşməsi səbəbindən. Amma heç olmasa manatın real ucuzlaşmasından qazana biləcəklərimizi gərək qazanaq — yeni bazarlar qazanmaq və daha çox ixrac etmək hesabına.

İki devalvasiyadan sonra ən kobud hesablamalarla ilkin itkilərimiz 15-20 milyard dollardan az deyil — söhbət dollar kreditləri, manat əmanətləri, valyuta ilə borclar, istehlak mallarının bahalaşması hesabına iqtisadiyyatın subyektlərinin itirdiklərindən gedir.

Potensial olaraq qazana biləcəklərimizdən isə hələlik hesaba gələn və gözə dəyən heç nə yoxdur ortada…

Fuad Qəhrəmanlıya yeni ittiham irəli sürülüb

16.05.2016

fuad qehremanli

AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bunu “Azadlıq” radiosuna Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli deyib.

Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də tutulub, hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.

Vəkilin sözlərinə görə, cinayət işinin ibtidai istintaqı artıq yekunlaşmaq və məhkəməyə göndərilmək üzrədir. Nemət Kərimli onu da bildirib ki, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrdən sonra həbs edilən Fuad Qəhrəmanlının həmin hadisəyə görə tutulmuş digər şəxslərlə birlikdə mühakimə olunacağı gözlənir.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Həbslər Bakıda və bölgələrdə aparılıb. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.

Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Vyanada razılaşma: atəşkəs rejimi möhkəmləndirilir

17.05.2016

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan bir araya gəliblər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

AZƏRTAC-ın məlumatına görə, Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır.

Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Bəyanatda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması yer alır. Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

vyana 1

vyana 2

vyana 3

Dollar və avronun kursu düşüb

17.05.2016

dollareuro 1Mayın 17-də ABŞ dolları ucuzlaşıb: Mərkəzi Bank 1 dolların rəsmi kursunu 1,5063 manatdan 1,5033 manata endirib.

Transparency.az-ın məlumatına görə, avronun da məzənnəsi düşüb. Mayın 16-da 1,7036 manata təklif edilən 1 avronu Mərkəzi Bank bu gün 1,7008 manata satır.

Digər valyutaların rəsmi məzənnəsi mayın 17-də belə müəyyən olunub:

1 gürcü larisi – 0,6864 manat

1 ingilis funt sterlinqi – 2,1767 manat

1 İsveçrə frankı – 1,5372 manat

1 Rusiya rublu – 0,0232 manat

1 türk lirəsi – 0,5068 manat.

Azərbaycan əsgəri şəhid oldu, qarşı tərəfin canlı qüvvəsi məhv edildi

17.05.2016



mn 1
Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin əsgəri Tahirli Natiq Namiq oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.


Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan bir araya gəliblər. Görüşdə qoşunların təmas xəttində güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib (Vyanada razılaşma: atəşkəs rejimi möhkəmləndirilir).

Azərbaycanın xarici ticarətində 34,30% geriləmə var

17.05.2016



dgk-yeni2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarəti 34,30% azalıb. Dörd aylıq rəsmi hesabatda belə deyilir (Hesabat).

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2015-ci ilin ilk 4 ayı ilə müqayisədə idxal əməliyyatlarında 23,85%, ixrac əməliyyatlarında 42,63% geriləmə var.

2016-cı ilin ilk 4 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 644,3 milyon manat daxil olub.

Hesabata əsasən, 152 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 6237-dir. Bunun 3048-i fiziki şəxslər, 3189-u hüquqi şəxslərdir. 159 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3030-u özəl sektoru təmsil edib.

Gömrük hüquqpozmaları: dörd aylıq statistika açıqlanıb

17.05.2016



hebs2016-cı ilin ilk dörd ayı üzrə gömrük hüquqpozmalarının statistikası açıqlanıb. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, yanvar-aprel aylarında gömrük orqanları cinayət xarakterli 164 fakt aşkarlayıb. Bunun 98-i qaçaqmalçılıq faktı, 35-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 4-ü gömrük ödənişlərindən yayınma, 24-ü aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 43-ü digər cinayət xarakterli faktlardır.

Dörd ayda gömrük hüquqpozmalarında 179 şəxs təqsirləndirilib.

Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 3100 inzibati xəta faktı ortaya çıxarıb.

İxracın 86,17 faizi neft, neft məhsulları və təbii qazdır

17.05.2016

gomruk-2Dörd ayda ölkənin ixracının 86,17 faizi neft, neft məhsulları və təbii qazdan ibarət olub. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına (İxracda əsas mallar) görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanın ixracının 76,96 faizini xam neft, 5,11 faizini neft məhsulları, 4,10 faizini təbii qaz, 2,81 faizini meyvə-tərəvəz təşkil edib.

Yanvar-aprel aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42,44 faiz azalıb. Hesabata görə, 2016-cı ilin birinci dörd ayı ərzində neft məhsullarının ixracı üzrə 56,06 faiz, təbii qaz ixracı üzrə 6,26 faiz azalma var.

Meyvə-tərəvəz üzrə ixracda 2015-ci ilin ilk dörd ayı ilə müqayisədə 58,45 faiz artım qeydə alınıb, çay ixracı isə 61,03 faiz düşüb.

Ötən illə müqayisədə ixracda pambıq iplik məhsulu üzrə 86,65 faiz artım olub. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 268,95 faiz artıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, yeyinti məhsullarının idxalı 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,02 faiz azalıb. Bəzi məhsullar üzrə isə artım olub. Meyvə-tərəvəz idxalı 109,87 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 110,86 faiz çoxalıb.

Çay idxalında 200,23 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 43,41 faiz artım var. Ət idxalı 8,03 faiz artıb.

Tütün və tütün məmulatlarının idxalı bu ilin ilk dörd ayında 61,82 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 15 faiz azalma qeydə alınıb.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 59,72 faiz azalma var (İdxalda əsas mallar).

Gənc fəal dəhşətli işgəncələrə məruz qaldığını açıqlayıb

17.05.2016



bayram memmedov 1Mayın 10-da saxlanan, sonradan narkotik ittihamı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən gənc fəal Bayram Məmmədov vəkili vasitəsilə saxlama təcridxanasından izahat göndərib. İzahatın surətini vəkil Elçin Sadıqov yayıb.

Bayram Məmmədov və digər siyasi fəal Qiyas İbrahimov barəsində mayın 12-də Xətai Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanırlar.

Gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb.

Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.

“Azadlıq” radiosunun məlumatına görə, Bayram Məmmədov öz izahatında ona işgəncə verildiyini vurğulayıb.

İzahatında gənc fəal nəql edir ki, onu mayın 10-u saat 14-15 radələrində 3 nəfər mülki geyimli şəxs avtomobilə oturdaraq zorla Nərimanov Rayon Polis İdarəsinin 12-ci bölməsinə aparıb: “Məni rəisin otağına gətirdilər, otaqda 7-8 mülki geyimli şəxs var idi. Onlar məni yumruq, şillə və təpik zərbələri ilə döyməyə başladılar. Məndən nə üçün heykəlin şəklini çəkdiyimi, bu işdə kimlə əlbir olduğumu soruşaraq davamlı olaraq döyürdülər. Döyülməkdən demək olar ki, heç nə eşitmirdim və huşumu itirmişdim”.

Bayram Məmmədovun yazdığına görə, daha sonra onu Bakı Şəhər Baş Polis İdarəsinə gətiriblər və burda onu yenidən döyməyə başlayıblar, narkotik ittihamını etiraf etməsini tələb ediblər: “İndiyə qədər narkotik maddə görmədiyimi bildirəndə məni heykəlin şəklini çəkdiyimə görə tuta bilməyəcəklərini bildirib daha şiddətlə döyməyə başladılar. Onlar məni hər döyəndə söyürdülər. Şalvarımı çıxarıb dəyənəklə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. Onların tələb etdiyi məzmunda izahat-ifadə verdim. Sonra məni generalın yanına aparıb əgər heykəlin qarşısına gül qoyub və AzTV-yə danışsam, heykəldən üzr istəsəm məni buraxacaqlarını dedilər”.

Bayram Məmmədov qeyd edir ki, bundan imtina edəndə onu yenidən döyüblər.

Bayram Məmmədov yazır ki, mayın 11-də Nərimanov rayonunda müvəqqəti saxlama yerinin rəisi ondan yeri təmizləməyi, siqaret kötüklərini yığmağı tələb edib: “İmtina etdikdə məni şillə-yumruqla döyməyə başladı. Yenə imtina etdikdə işçilərə göstəriş verdi ki, aparın dubinkanı soxun buna, şəklini çəkin. Bundan sonra məcbur olub razılaşdım. Əlimə süpürgə və xəkəndaz verib şəklimi çəkdilər”.

Gənc fəal mayın 12-də məhkəmədən qayıtdıqdan sonra yenidən döyüldüyünü deyir: “Rəisin otağına apardılar, orda daha 2 mülki şəxs vardı. Onlar məni heykəlin şəklini çəkməkdə əlbir olduğum müxtəlif şəxslərin adını çəkərək onlara qarşı ifadə verməyim üçün məni dilə tutmağa başladılar. Bildirdilər ki, heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış, hələ ki, gec deyil, səni azad edə bilərik. Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib “Aparın bununla bir az məşğul olun” dedi”.

Gənc fəal yazır ki, bundan sonra ona ağır işgəncələr verilib: “Qollarımı arxadan qandalla bağlayaraq dəyənək, yumruq və təpiklə döyməyə başladılar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar. Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb, göydən yerə çırpdılar. 4-5 dəfə atıb, yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dəyənəklə sinəmə və dizimə zərbələr endirməyə başladılar”.

Gənc fəal müraciətində ayaqyolu təmizləməyə məcbur edildiyini, bundan imtina etdikdə huşunu itirənədək döyüldüyünü yazır: “Hazırda qollarımda, ayaqlarımda, dizimdə işgəncə nəticəsində yaranmış açıq, qapalı və çoxlu qançırlar var. Açıq yaralar biləyimdə və əllərimdədir. Zərbələrdən hələ başımda ağrılar var. Ayaqlarımda da açıq yaralar var. Sidiyim qan qarışıqlıdır, yemək yeyərkən çənəmdə kəskin ağrılar olur, döş qəfəsim, qabırğalarım, ayaqlarım, əllərim, hər yerim ağrıyır”.

Azərbaycan nefti 50 dolları ötüb

17.05.2016



neft
Mayın 17-si dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,51 dollar bahalaşaraq 48,19 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,13 dollar artaraq 49,79 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,20 dollar bahalaşaraq 50,30 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 25 dollar 30 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Ölkələr üzrə ixrac-idxal göstəriciləri

17.05.2016



idxal-ixrac2016-сı ildə Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşı İtaliyadır. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 11,25%-dir.

Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla (Hesabat) bildirir ki, bu göstərici üzrə ikinci yerdə 9,24%-lə Rusiya gəlir.

Türkiyə 7,71%-lə üçüncü, Almaniya 7,04%-lə dördüncü, Fransa 6,26%-lə beşincidir.

İlin ilk dörd ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 18,1%-dir.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (14,93%).

Bu ilin yanvar-aprel aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,21% artıb. Avropa İttifaqı üzrə ixracda 49,51%, digər ölkələr üzrə ixracda 36,6% azalma olub.

2016-cı ilin ilk 4 ayında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,84% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 20,49% azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,72% aşağı düşüb.

Neft Fondu Mərkəzi Banka 15 milyon dollar satdı

17.05.2016

dnf 1
Dövlət Neft Fondu mayın 17-də təşkil olunan valyuta hərracına 50 milyon ABŞ dolları çıxarıb. Həmin vəsaitdən 34 milyon dollar 8 banka, 15 milyon dollar Mərkəzi Banka satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 789,8 milyon dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685,4 milyon ABŞ dolları alınıb.

İki qurumun manatın sabitliyinə çəkdiyi birgə xərc 2 milyard 475,2 milyon dollardır.

Vyana görüşündən sonra: tərəflərin ilk açıqlamaları

17.05.2016



vyana gorushu 1
Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi görüşlə bağlı rəsmi Bakıdan və Yerevandan ilk reaksiyalar gəlib.

Görüş mayın 16-da olub. Prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın bir araya gəldiyi, xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə