Xəbər bülleteni №33



Yüklə 402,03 Kb.
səhifə3/7
tarix04.02.2018
ölçüsü402,03 Kb.
#23719
növüQaydalar
1   2   3   4   5   6   7

Bu il əhalinin sayı 0,3 faiz artıb

25.05.2016



baki 1
2016-cı ildə Azərbaycan əhalisinin sayı 24,9 min nəfər (0,3 faiz) artaraq aprelin 1-nə 9 milyon 730 min 500 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Hesabata görə, ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinidir, 49,8 faizi kişi, 50,2 faizi qadındır. Hazırda hər min kişiyə 1007 nəfər qadın düşür.

Manat yenə bahalaşıb

25.05.2016



manat 01Mayın 25-də ABŞ dolları yenə ucuzlaşıb. 1 dolların rəsmi kursu 1,4929 manatdan 1,4900 manata düşüb.

Transparency.az xəbər verir ki, 1 avro 1,6614 manata təklif olunur. Ötən gün Mərkəzi Bank avronu 1,6738 manata satıb.

1 Rusiya rublunun rəsmi məzənnəsi isə 0,0223 manatdan 0,0225 manata qalxıb.

Ötən il dekabrın 21-də Azərbaycan manatı Mərkəzi Bankın qərarı ilə üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Bu il Dövlət Neft Fondu və Mərkəzi Bank manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 542,8 milyon dollar sərf edib.

İnsan haqları komissarı: “Azərbaycan dəyərləri bada verir”

25.05.2016



nils muiznieks“Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməməklə, Avropa Şurasının tövsiyələrini qulaqardına vurmaqla bu quruma qoşularkən razılaşdığı dəyərləri və hüquqi standartları bada verir. Bu, Azərbaycan xalqının insan haqlarından istifadəsinə, eləcə də ölkənin xaricdəki imicinə çox mənfi təsir göstərir”. Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks “Azadlıq” radiosuna açıqlamasında belə deyib.

Muiznieks qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq REAL Hərəkatının lideri İlqar Məmmədov hələ də həbsdədir: “Eləcə də “Azadlıq” radiosunun təhqiqatçı jurnalisti Xədicə İsmayıl siyasi hesab edilən ittihamlarla həbs cəzası çəkir. Avropa Şurası və digər qurumlar narazılıq, tənqid səsləndirən insan haqları fəallarına qarşı cinayət işlərindən siyasi məqsədlə istifadəni çoxdan üzə çıxarıb, tənqidi fikirlərə görə həbsə atılanları azadlığa buraxmağa çağırıb. Azərbaycan bu tövsiyələri eşitməli, Avropa Məhkəməsinin presedent hüququnu icra etməli, insan haqları öhdəliklərinə əməl eləməlidir”.

Transparency.az xatırladır ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. Bu il aprelin 29-u Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.

Komissar Xədicə İsmayılın həbsxanadan göndərdiyi mesajlarda beynəlxalq ictimaiyyəti ondan və digər siyasi məhbuslardan siyasi alver predmeti kimi istifadə etməməyə çağırmasına (“Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm”) toxunub: “Xədicə ilə tamamilə razıyam, insan haqları danışıqlar, yaxud alver məsələsi deyil”.

Azərbaycan hakimiyyəti beynəlxalq qurumları ölkənin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırır, siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Ancaq komissar bu fikirlə razı deyil: “Avropa Şurasının qurduğu sistem əsasında qitədə hər bir kəsin insan haqları bərabər şəkildə qorunmalıdır. Bu sistemdə əsas oyunçu ədliyyədir. Konkret bir ölkədə ədliyyə sistemi bunu təmin edə bilmirsə, bizim durumun düzəlməsindən ötrü müdaxilə etmək, tövsiyələr vermək, Avropa İnsan Hüquqları Məhkəməsinin qərar çıxarmaq hüququ var. Bu, Azərbaycanla yanaşı Avropa Şurasının digər 46 üzvünə də aiddir”.

Komissar beynəlxalq qurumların Azərbaycanda insan haqlarına yetərincə diqqət ayırdığını, ölkə qanunvericiliyinə müsbət dəyişikliklər uğrunda bir sıra işlər həyata keçirdiyini qeyd edir: “Ancaq insan haqlarının qorunmasına əsas məsuliyyəti hakimiyyət daşıyır. Onlar qəbul etdikləri, hətta yaradılmasına töhfə verdikləri qaydalara əməl etməlidirlər”.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını necə icra etməsi üzrə xüsusi araşdırma başladıb. Muiznieksin sözlərinə görə, bu, baş katibin nadir hallarda atdığı addımdır və narahatlığın ən yüksək səviyyəyə çatdığını göstərir: “Ümid edirəm ki, Avropa Şurasının bu və digər təşəbbüsləri müsbət dəyişikliyə gətirəcək, ən əsası, ifadə etdikləri baxışlarına görə həbsə düşənlərin buraxılması ilə sonuclanacaq”.

Nəcməddin Sadıqovun 60 yaşı tamam olub

25.05.2016

necmeddin sadiqov 1Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun 60 yaşı tamam olub.

Transparency.az bildirir ki, Nəcməddin Hüseyn oğlu Sadıqov 1956-cı ildə Dərbənd şəhərində doğulub. 1975-ci ildə Bakıda Ali Ümumqoşun Komandirlər məktəbini, 1988-ci ildə Moskvada Frunze adına Hərbi Akademiyanı bitirib.

1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində vzvod, rota, batalyon komandiri və polk komandirinin müavini vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, cəbhə komandanının birinci müavini-Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrini tutub.

1993-cü il noyabrın 2-dən Silahlı Qüvvələrini Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavinidir.

Mod.gov.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Nəcməddin Sadıqovu yubiley münasibətilə təbrik edib. Təbrikdə Nəcməddin Sadıqovun Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ixtisas biliklərinə dərindən yiyələnməsində və hərbi intizamının möhkəmləndirilməsində səylərini daha da artıracağına inam vurğulanır.

“The Business Year” şirkəti İlham Əliyevi “Dünyada ilin adamı” seçib

25.05.2016



ilham eliyev 1
“The Business Year” şirkəti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib. AZƏRTAC xəbər verir ki, şirkət seçimini bu amillərlə əsaslandırıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, XXI əsrin layihəsi olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir”.

Qeyd olunur ki, Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir: “Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib”.

Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.

“The Business Year” şirkəti bildirir ki, 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlarda prezident İlham Əliyev böyük payı var.

Vaşinqton ştatının səsini Tramp və Klinton aldılar

25.05.2016



klinton ve tramp 1
ABŞ-da prezidentliyə iddiaçıların növbəti ilkin seçkisi mayın 24-ü Vaşinqton ştatında keçirilib.

Prezident seçkisi 2016-cı il noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə vahid namizədi iyul ayında keçiriləcək qurultaylarında seçməlidir. İlkin seçki yarışı qurultaya nümayəndə toplamaq üçündür.

Novator.az-ın məlumatına görə, Respublikaçılar Partiyasından rəqibsiz qalmış Donald Tramp Vaşinqton ştatında səslərin 76%-ni toplayıb. Respublikaçılardan namizəd olmaq üçün qurultaya azı 1237 nümayəndə toplamaq lazımdır. Hazırda Donald Trampın 1229 nümayəndəsi var.

Demokratların yarışına gəlincə, Hillari Klinton Vaşinqton ştatında üstün olub. Bu partiyadan namizəd olmaq üçün 2383 səs gərəkdir. İndiyədək Hillari Klinton 2305, Berni Sanders 1539 nümayəndə qazanıb.

Cavid Hüseynov son söz deyib

25.05.2016



cavid huseynov 1Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynov mayın 25-i Səbail Rayon Məhkəməsində keçirilən prosesdə son söz deyib. APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda son sözlə çıxış edən futbolçu cinayətdən xəbərsiz olduğunu, özünü təqsirli bilmədiyini deyib və barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Proses mayın 30-da davam etdiriləcək. Həmin gün hökm elan olunacaq.

Mayın 11-də prokuror Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Ötən il avqustun 8-də bir qrup şəxs ANN.TV-nin reportyoru Rasim Əliyevi döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Avropa Yenidənqurma və İnkişaf Bankı manatla istiqraz buraxa bilər

25.05.2016

suma chakrabartiAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti mayın 25-i Bakıda Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O, Azərbaycanla tərəfdaşlığın yüksək səviyyədə olduğunu, son iki ildə AYİB-in ölkədə 270 milyon ABŞ dolları dəyərində 30 layihə reallaşdırdığını vurğulayıb.

AZƏRTAC-ın məlumatına görə, Suma Çakrabarti deyib ki, Azərbaycanda problemli kreditlərin həcmi artıb: “Lakin bu proses yalnız Azərbaycan üçün xarakterik deyil, digər ölkələrdə də bu cür hallar müşahidə olunur. Əsas məsələ kreditin ödənilməsi mədəniyyətinin formalaşmasıdır. Bu məsələ həllini tapmalıdır ki, banklar növbəti sərt addımlar atmasınlar”.

AYİB prezidenti qurumun manatla istiqraz buraxmaqda maraqlı olduğunu deyib: “Artıq bununla bağlı tənzimləyici addımlar atılıb. Bank bu il yerli valyutada istiqrazların buraxılmasına hazırdır”.

Suma Çakrabarti deyib ki, Azərbaycanda kreditlərin milli valyutada verilməsini artırmaq üçün yeni mexanizm hazırlamaq lazımdır, lakin bunun üçün Azərbaycan bankları manatla kredit vermək imkanına malik olmalıdırlar.

Nadejda Savçenko Ukraynaya təhvil verildi

25.05.2016



savchenko 1
Rusiyada məhkum olunmuş Ukrayna vətəndaşı Nadejda Savçenko mayın 25-də ölkəsinə təhvil verilib. O, Rostovdan Kiyevə prezident Pyotr Poroşenkonun təyyarəsi ilə aparılıb.

2014-cü ilin iyul ayında tutulan Nadejda Savçenko rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində iştirakda ittiham olunub. İqor Kornelyuk və Anton Voloşin 2014-cü ilin yayında Ukrayna ordusunun mina atəşi ilə ölüblər. İstintaq iddia edib ki, Luqansk vilayətində rusiyalı jurnalistlərin koordinatını Silahlı Qüvvələrə o zaman Ukrayna ordusunun sərəncamında olan Nadejda Savçenko verib. Nadejda Savçenko Rusiyanın Rostov vilayətində mühakimə olunub, 22 il həbs cəzası alıb.

Transparency.az bildirir ki, Nadejda Savçenkonun təhvil verilməsi Ukraynada mühakimə olunmuş Rusiya vətəndaşları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin mayın 25-də prezident Pyotr Poroşenkonun sərəncamı ilə əfv edilməsi nəticəsində mümkün olub. Həmin şəxslər 2015-ci ilin mayında Ukraynanın Luqansk vilayətində tutulublar. Bu ilin aprelində onlara 14 il həbs cəzası kəsilib. Ukraynanın hüquq mühafizə orqanları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu iddia edib.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

Vətəndaşın müraciəti haqda qanunvericiliyi pozan cərimələnəcək

25.05.2016



mm-komite 1
Mayın 25-də Milli Məclisin insan hüquqları komitəsinin iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub. AZƏRTAC-ın məlumatına görə, “Vətəndaşların müraciətləri haqqında” yeni qanunun tətbiqi ilə əlaqədar “Ətraf mühitə dair informasiya almaq”, “İnformasiya əldə etmək”, “İctimai iştirakçılıq” haqqında qanunlarda redaktə xarakterli dəyişikliklər edilir. “Hərbi qulluqçuların statusu”, “Prokurorluq” haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə də yeniliklər edilir.

Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, dəyişikliklər dəqiqləşməyə, şəffaflığa və hesabatlılığa xidmət edir.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar yüz manat, hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə ediləcəklər. Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əməllərdə cinayət təqibinin əlaməti olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

“Hərbi qulluqçuların statusu haqqında” qanunda edilən dəyişikliyə əsasən isə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində yox, 15 iş günü ərzində baxılacaq.

“Prokurorluq haqqında” qanunda edilən dəyişiklikdə qeyd olunur ki, prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” qanunun 6-cı maddəsi ilə müəyyənləşdirilən tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Qanunda edilən əlavəyə görə isə baş prokuror müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq icra hakimiyyəti orqanına məlumat verəcək.

Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına baxılmağa tövsiyə edilib.

Hakimiyyət siyasi partiyalar haqda qanunu sərtləşdirir

25.05.2016



siyavush novruzov“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklər Milli Məclisə təqdim ediləcək”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: “Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidir. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Nəticədə həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda maliyyənin xərclənməsi haqda məlumatlanır.

Təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmir. Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar haqda tədbirlər görülsün”.

Qanuna təklif edilən digər dəyişiklikdən danışarkən Siyavuş Novruzov bildirib ki, bəzi siyasi partiyalar əslində fəaliyyət göstərmir: “Elə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alğı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.

Azərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməsini nəzərdə tutur. Bu günədək 55 rəsmi siyasi partiyadan 51-nin hesabatı MSK-nın saytında dərc olunub (Siyasi partiyaların maliyyə hesabatları).

Ermənistan: hərbi əməliyyatlarda iştirak edən könüllülərə güzəşt qanunu qəbul olundu

25.05.2016

ermenistan parlamenti 1
Mayın 25-də Ermənistan parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib. Novator.az-ın məlumatına görə, dəyişiklik hərbi əməliyyatlarda iştirak edən könüllülərin iş yerinin və orta əməkhaqqının saxlanmasını nəzərdə tutur. 106 deputatın lehinə səs verdiyi layihənin əleyhinə çıxan olmayıb. Birinci oxunuşdan keçən layihəyə əsasən, cəbhə xəttinə könüllü yollanan şəxsin iş yerinin saxlanmasına təminat verilir və ona hərbi əməliyyatlarda iştirak etdiyi müddətdə orta aylıq əməkhaqqı ödənir.

Ermənistan parlamenti bu gün həmçinin yeni Seçki Məcəlləsini üçüncü oxunuşda qəbul edib. Məcəlləyə görə, parlament seçkisi proporsional sistemlə keçirilir. Parlament deputatlarının minimal sayı 101 olur. Seçkidə heç bir partiya və ya blok 53 mandat qazanmasa, siyasi qüvvələrə koalisiya yaratmaq vaxtı verilir. Bu zaman koalisiya uzağı 3 partiyadan ibarət ola bilər. Koalisiya yaratmaq mümkün olmasa, seçkinin ikinci turu keçirilir. İkinci turda ən çox səs toplayan iki partiya və ya blok iştirak edir.

Seçki Məcəlləsində qadınlar üçün kvota nəzərdə tutulur. Partiyalara parlament seçkisində namizədlərin ən azı 20-25%-nin qadınlardan ibarət olması şərti qoyulur. Partiyanın namizədlər siyahısında hər 4 nəfərdən biri mütləq qadın olmalıdır.

Xədicə İsmayılın azadlığa buraxılmasına qərar verildi

25.05.2016

xedice ismayilMayın 25-də Ali Məhkəmə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın kassasiya şikayətinə baxıb. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə jurnalistin azadlığa buraxılması barədə qərar çıxarılıb.

Ali Məhkəmə jurnalistin üzərindən vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə ittihamlarını götürüb, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınmaya görə 3 il 6 ay cəza kəsərək həmin müddətin şərti sayılmasına qərar verib. Beləliklə, Xədicə İsmayıl azadlığa buraxılır.

Qərara əsasən, jurnalistin 2 il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ olmayacaq.

Xədicə İsmayıl prosesdə iştirak etməyib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdə idi. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsmiş, Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlamışdı.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı vicdan məhbusu kimi tanıyıb.

Rusiyada minimum əməkhaqqı 21 faiz artdı

25.05.2016

federasiya shurasi 1
Mayın 25-də Rusiya Federasiya Şurası ölkədə minimum əməkhaqqının 21% artırılmasını nəzərdə tutan qanunu qəbul edib.

Hazırda Rusiyada minimum əməkhaqqı 6204 rubldur (təqribən 140 manat).

İyulun 1-dən bu rəqəm 7 min 500 rubl (təqribən 170 manat) olacaq.

Novator.az-ın məlumatına görə, Federasiya Şurasının sədr müavini Qalına Karelova jurnalistlərə deyib ki, minimum əməkhaqqının artımı 1 milyon nəfərədək işçiyə şamil olunacaq. Onların 87%-i dövlət və bələdiyyə sektorunda, 13%-i özəl sektorda çalışır.

Nazirlər Kabinetini ləğv etmək lazımdırmı?

25.05.2016



nk 1Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

Respublikaçı Alternativ Hərəkatının üzvü Azər Qasımlı Transparency.az-a deyib ki, Azərbaycana indiki mərhələdə sadə, klassik prezident respublikası modeli uyğundur, Nazirlər Kabineti adında orqana gərək yoxdur, dövlət başçısı hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik etməlidir.

Azərbaycan Xalq Partiyasının sədri, 1992-1993-cü illərdə əvvəl dövlət katibi postunda Prezident Aparatına, sonra baş nazir postunda Nazirlər Kabinetinə rəhbərlik etmiş Pənah Hüseyn Transparency.az-a deyib ki, Nazirlər Kabineti prezidentin icra orqanlarından biridir: “İndiki halda onun ləğvi yalnız terminologiya dəyişikliyi ola bilər. Bizdə hakimiyyət qollarının real müstəqilliyi və qarşılıqlı nəzarət mexanizmləri olmadığı üçün terminoloji yeniliyin vəziyyəti dəyişəcəyinə ümid etmirəm.


Yüklə 402,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə