Xəbər bülleteni №33



Yüklə 402,03 Kb.
səhifə4/7
tarix04.02.2018
ölçüsü402,03 Kb.
#23719
növüQaydalar
1   2   3   4   5   6   7

Nazirlər Kabinetinin ləğvi 1992-1993-cü illərdə müzakirə edilmiş, konstitusiya dəyişiklikləri haqqında qanun layihəsi hazırlanmışdı. Amma idarəçilik ənənələri buna imkan vermədi. İndi də Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə əvəzlənməsi ciddi effekt verməyəcək.

Mən Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılmasına, onun icra orqanlarının fəaliyyətinə təsir göstərə bilməsinə tərəfdaram. Ölkədə qarışıq idarəçilik sistemi yaradılmalı, hakimiyyətin hər bir qolu öz səlahiyyətləri daxilində müstəqil olmalıdır”.

Transparency.az-a danışan siyasi icmalçı Azər Rəşidoğlu bildirib ki, Nazirlər Kabinetinin ləğv edilərək səlahiyyətlərinin Prezident Administrasiyasına verilməsi daha sərt idarəçiliyə aparıb çıxara bilər: “Azərbaycan kimi ölkələrdə parlament idarə üsulu daha keçərlidir. Hökuməti azad və demokratik seçkilər zamanı qələbə qazanmış partiyalar formalaşdırmalıdır və qalib gələn təşkilatın sədri baş nazir olmalıdır.

Azərbaycanda baş nazirin heç bir önəmli statusu yoxdur. Lakin unutmaq olmaz ki, prezident vəzifələrini icra edə bilməyəndə onun səlahiyyətləri baş nazirə keçir. Bu baxımdan hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik edilməsini real və optimal variant saymıram. Azərbaycan reallığında bu model daha sərt idarəçiliyə səbəb ola bilər”.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev Transparency.az-a deyib ki, Nazirlər Kabineti ləğv edilə bilməz: “Əksinə, güc strukturları ilə iş istisna olmaqla səlahiyyətlər prezidentdən alınıb kabinetə verilməlidir. İqtisadi blok tamamilə Nazirlər Kabinetinin səlahiyyətində olmalıdır. Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə birgə quruma çevrilməsi mümkün deyil. Çünki Prezident Administrasiyası, adından da göründüyü kimi, icra hakimiyyəti deyil, o, dövlət başçısının fəaliyyətini təşkil edir. Sadəcə, administrasiyanın fəaliyyəti və nüfuzu həddən artıq şişirdilir”.

Prezident ölkədəki 5 xarici şirkətin payının alınmasına sərəncam verib

26.05.2016



prezident - fermanPrezident İlham Əliyev Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarına dair sərəncam imzalayıb. 25 may sərəncamına əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 5 iyun 2007-ci il qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş üzrə podratçılara məxsus iştirak paylarını alacaq. Bu addımın yataqların daha səmərəli idarə edilməsi, qeyri-neft sənayesinin, o cümlədən metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin gerçəkləşməsi üçün atıldığı vurğulanır.

Transparency.az bildirir ki, pay bölgüsü haqqında saziş 2006-cı il dekabrın 30-da Azərbaycan hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko. Ltd” arasında imzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə podratçı tərəflərə məxsus iştirak paylarının alınması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə iştirak paylarının alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində prezidentə təqdim etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi alğı-satqı baş tutduqdan sonra sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Dolların kursu sabit qalıb

26.05.2016



amb 1Mərkəzi Bank mayın 26-da ABŞ dollarının kursunu dəyişməyib. 1 dollar ötən gün olduğu kimi 1,49 manata təklif edilir.

Digər valyutalarda isə bahalaşma var. Transparency.az-ın məlumatına görə, 1 avronun rəsmi məzənnəsi 1,6614 manatdan 1,666 manata qalxıb.

Ötən gün Mərkəzi Bankın 0,0225 manata satdığı 1 Rusiya rubluna isə mayın 26-da 0,0228 manat qiymət qoyulub.

Mərkəzi Bank 1 gürcü larisini 0,6946 manata, 1 ingilis funt sterlinqini 2,1923 manata, 1 türk lirəsini 0,5072 manata satır.

“İspaniya və Azərbaycanın düşmənləri eynidir” (Müdafiə nazirinin səfəri)

26.05.2016



ispan mn 2
İspaniyaya rəsmi səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 25-də həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb. Mod.gov.az-ın məlumatına görə, Zakir Həsənov Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyətdən, cəbhə bölgəsində yaşanan son hadisələrdən, ölkənin Avropa və Avratlantik qurumlarla əlaqələri barədə danışıb.

Azərbaycan-İspaniya hərbi əməkdaşlığının genişləndirilməsinin zəruriliyi qeyd edildiyi görüşdə aparılan danışıqların silahlı qüvvələr arasında əlaqələrin inkişafına, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfəsini verəcəyinə əminlik ifadə olunub.

İspaniyanın müdafiə naziri bildirib ki, Azərbaycanla İspaniya arasındakı əlaqələrin perspektivləri genişdir: “Ölkələrimizin münasibətləri dostluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Ümumi layihələrimiz var”.

İspaniyalı nazir vurğulayıb ki, sülhə təhlükə yaradan bütün elementlərlə mübarizə diqqət mərkəzindədir: “Bu mübarizədə ölkələrimiz eyni mövqedən çıxış edir. İspaniya və Azərbaycanın dostları da, düşmənləri də eynidir. Hesab edirəm ki, mənim fikirlərimi azərbaycanlı həmkarım da bölüşür”.

Daha sonra Zakir Həsənov İspaniya Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və “İndra sistemləri” şirkətini ziyarət edib. Müdafiə naziri UME-nin fəaliyyətini əks etdirən təqdimatı izləyib və Məlumat Mərkəzi ilə tanış olub. Bildirilib ki, bu mərkəzə İspaniya və dünyada baş verən böhran hadisələri haqqında məlumat daxil olur və fəaliyyətlər barədə bilgilər buradan izlənir.

İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə də bir araya gələn Zakir Həsənov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, onların nəticələri, eləcə də münaqişənin həlli istiqamətində aparılan son danışıqlar barədə məlumat verib. Nazir bildirib ki, münaqişənin həllinə nail olmaq üçün Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.

Dövlət katibi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Kredit böhranından çıxış üçün tövsiyələr paketi

26.05.2016

tedbir 1
İqtisadçı alim Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı mayın 25-i Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Bankların çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda dəyirmi masa keçirib. İqtisadçı ekspertlər, politoloqlar, hüquqşünasların qatıldığı tədbirdə bank sektorundakı böhranı aradan qaldırmaq üçün tövsiyələr paketi diqqətə çatdırılıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır. 2016-cı il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin 635 milyon manatı xarici valyutada olan kreditlərdir.

Transparency.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının tövsiyələr paketində Milli Məclisə bu ismarışlar yer alır:

— borclarını qaytara bilməyən vətəndaşların həyat şəraitinin pisləşməməsi, borc bazarında yenidən iştiraka məhdudiyyətin yaranmaması üçün fiziki şəxslərin iflası haqqında qanun qəbul olunsun;

— hüquqi şəxslərin müflisləşməsi haqqında qanun təkmilləşdirilsin;

— müvafiq qanunvericilikdə dəyişiklik edilməklə kredit ombudsmanı yaradılsın;

— problemli kreditlər üzrə agentlik yaradılsın, problemli kredit portfelinin satılması üçün qaydalar müəyyən olunsun;

— sığortalanan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, xarici valyuta ilə 3 faizdən 5 faizə qaldırılsın;

— devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar, müştərilər və dövlət arasında bərabər paylaşdırılsın.

Mərkəzi Bank üçün isə bu tövsiyələr irəli sürülüb:

— borcunu vaxtında ödəyən vətəndaşlar üçün yenidən maliyyələşdirmə imkanı yaradılsın, faiz həddi ilə bağlı qaydalar müəyyən edilsin;

— müştərilərin, xüsusən aztəminatlı ailələrin aylıq kredit ödəmələri onların gəlirlərinin üçdə biri səviyyəsində məhdudlaşdırılsın;

— antikollektor şirkətlərinin müştərilərə kömək etməsinə şərait yaradılsın;

— bankdan kredit alanların aktivləri yenidən dəyərləndirilsin, mövcud kredit şərtlərinə yenidən baxılsın, potensial risklər haqqında məlumat şəffaf şəkildə müştəriyə bildirilsin; müştərilərin kredit reyestri yeni risklərin müəyyənləşdirilməsində banklara kömək olunsun və müştərilərin kredit balı sistemi yaradılsın;

— iş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə yenidən iş yeri tapıb krediti qaytara bilməsi üçün kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilsin;

— yüksək riskli kreditlərin verilmə prosesi dayandırılsın və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməsin;

— bankların kapitallaşma dərəcəsi Bazel III prinsiplərində (Bazel III sənədini 2010-2011-ci illərdə Bank Nəzarəti üzrə Bazel Komitəsi təsdiq edib. Sənəd bank tənzimlənməsi sahəsində metodiki məsləhətləri əks etdirir) nəzərdə tutulandan azı 2 dəfə çox olmaqla artırılsın.

Maliyyə Bazarlarına Nəzarət Palatasına tövsiyə edilib ki, xarici valyuta ilə kreditlər mal ixrac edən və valyuta gəlirləri olan şirkətlərə, istehsal avadanlıqlarının idxalı ilə məşğul olan şirkətlərə (bu zaman verilən kreditlər kredit götürənə deyil, birbaşa avadanlıq istehsalçısına ödənilsin) verilsin. O cümlədən bir fiziki və ya hüquqi şəxsə böyük məbləğdə əsaslandırılmamış valyuta satışının məhdudlaşdırılması, xaricdən cəlb edilən kredit faizlərinə maksimum hədd qoyulması, yerli bankların səhmlərinin müəyyən bir qisminin (məsələn, 20 faizə qədərinin) xarici investorlara satılması da tövsiyə olunur.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı tövsiyə edir ki, orta və kiçik biznesə (OKB) uzunmüddətli kreditlərin verilməsi stimullaşdırılmalı, sosial yönümlü və orta və kiçik biznes üçün uzunmüddətli kreditlərin maliyyələşdirilməsi üçün xarici kreditlər cəlb edilməli və bu kreditlərə dövlət təminatı verilməli, həmin kreditlər heç bir halda ticarət və ya istehlaka yönəldilməməli, yalnız istehsal məqsədli olmalıdır.

Banklar Assosiasiyasına, Azərbaycan Mikromaliyyə Assosiasiyasına, kommersiya banklarına və bank olmayan kredit təşkilatlarına da tövsiyələr irəli sürülüb:

— valyuta ilə olan borclara devalvasiyalardan asılı olaraq fərqli və differensial yanaşılsın, birinci devalvasiya nəticəsində itkilərə məruz qalanlara daha çox güzəştlər tətbiq olunsun, ilk devalvasiyaya uyğun olaraq 1,05 manat — 1 dollar məzənnəsi ilə ödənişə razılaşan müştərilərə həm ödəniş müddətində və həm də faiz dərəcəsində endirim edilsin;

— müştərilər krediti əvvəlcədən bağlayırsa, götürdüyü kreditin müddətindən (21 fevraldan əvvəl və sonra) qalıq məbləğinə orta hesabla 20 faiz həcmində güzəştlər tətbiq edilsin;

— vaxtı keçmiş borcları bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad edilsin;

— yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə kreditin məbləğindən asılı olaraq 15-25 faiz arasında mükafat təyin edilsin;

— borcunun yarısından az hissəsi qalan müştərilərə qalıq məbləğini manata çevirmək imkanları yaradılsın.

Sabir Rüstəmxanlı: “Bu yazıların heç biri saxta deyil”

26.05.2016

sabir rustemxanli 1
“Bu günlərdə Azərbaycan mətbuatında mənim haqqımda çox yazılıb və bu yazıların heç biri saxta, boğazdan yuxarı deyil. Sevinirəm ki, bu sevgini qazanmışam. Bundan böyük xoşbəxtlik yoxdur”. APA-nın məlumatına görə, şair, publisist, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı mayın 25-i Milli Dram Teatrında keçirilən 70 illik yubiley tədbirində belə deyib.

Elm, mədəniyyət adamları, siyasi xadimlər, ictimaiyyət nümayəndələrinin, xarici qınaqların qatıldığı tədbirdə Sabir Rüstəmxanlının həyat və yaradıcılığı barədə çıxışlar olub.

Tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, deputatlar  və başqaları iştirak edib.

1946-cı ildə Yardımlıda doğulan Sabir Rüstəmxanlı 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1967-1978-ci illərdə indiki “Ədəbiyyat qəzeti”ndə müxbir, şöbə müdiri vəzifələrində çalışıb. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-1995-ci illərdə mətbuat və informasiya naziri postunu tutub.

Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

Azərbaycanın xalq şairi, filologiya elmləri doktorudur.

1990-2015-cı illərdə parlamentin deputatı olub.

sabir rustemxanli

Son iki ay yarımda 18 tanınmış məhbus azadlığa çıxıb

26.05.2016

Mayın 25-də Ali Məhkəmə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı şərti cəza ilə azadlığa buraxıb. Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdə idi. O, son iki ay yarımda azadlığa çıxan 18-ci tanınmış məhbusdur.

Hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyasi məhbus siyahısında Xədicə İsmayılın adı jurnalistlər və bloqçular bölümündə idi.

Adı siyahının həmin bölümündə olmuş Rauf Mirqədirov martın 17-də məhkəmə qərarı ilə azadlığa çıxıb. Daha 15 nəfər prezidentin martın 17-də imzaladığı əfv sərəncamı əsasında həbsdən buraxılıb. Siyahının jurnalistlər və bloqçular bölümündən Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Ömər Məmmədov, hüquq müdafiəçiləri bölümündən Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli, gənc fəallar bölümündən Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, müxalif siyasətçilər bölümündən Yadigar Sadıqov, digər işlər bölümündən Nemət Pənahlı, Nicat Quliyev, Akif Muradverdiyev, Sirac Kərimli əfvə düşüblər.

Martın 28-də isə Ali Məhkəmənin Plenumu məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. İntiqam Əliyevin adı siyasi məhbus siyahısının hüquq müdafiəçiləri bölümündə yer alırdı.

Azadlığa çıxanlardan sonra hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyahının jurnalistlər və bloqçular bölümündə 7 nəfərin — Əbdül Əbilov, Nicat Əliyev, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Rəşad Ramazanovun adı yer alır.

Hüquq müdafiəçilərindən Əliabbas Rüstəmov həbsdədir.

Gənc fəallardan İlkin Rüstəmzadənin adı siyasi məhbus siyahısında yer alır.

Müxalif siyasətçilərdən 8 nəfərin adı siyasi məhbus siyahısındadır: İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.

Digər işlər bölümündə keçmiş səhiyyə naziri Əli İnsanovun da var.

Siyasi məhbus siyahısının inanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanovun da adlarına rast gəlmək mümkündür. Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı var: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

Transparency.az xatırladır ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Şimal-Cənub nəqliyyat dəhlizində nə yenilik var?

26.05.2016



bayraqlarİqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan, İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İrana səfər edib. Mayın 26-da yayılan rəsmi məlumata görə, Şahin Mustafayevlə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Qəzvin-Rəşt dəmir yolu xəttinə, Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxıb, Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirə aparıblar.

Bildirilib ki, aprel ayında Şimal-Cənub dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər iki istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikinti xərclərini Azərbaycan və İran bərabər paylarla ödəyəcək.

2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 kilometrlik yolun, İran tərəfində 1,7 kilometrlik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.

Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. 164 kilometrlik Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir. Bu məqsədlə Azərbaycan işçi qrupu yaradıb.

Ermənistanda orta pensiya 94 dollardır

26.05.2016



yerevan 12015-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 32%-dən 30%-ə düşüb. Transparency.az-ın məlumatına görə, əmək və sosial məsələlər naziri Artyom Asatryan mayın 26-da belə açıqlama verib.

Nazir qeyd edib ki, əsas hədəflərdən biri pensiyaçılar arasında yoxsulluğun azaldılmasıdır. O, 2015-ci ildə pensiyaların 15% artaraq orta hesabla 45 min drama (94 dollar) çatdığını vurğulayıb.

Ötən il Ermənistanda pensiyaların baza hissəsi 14 min dramdan (29 dollar) 16 min drama (33 dollar) qaldırılıb.

Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 190 manata (127 dollar) yaxındır.

Artyom Asatryan 2015-ci ildə dövlət büdcəsi xərclərinin 27,2%-nin sosial müdafiə sahəsinə yönəldildiyini deyib. Nazir ötən il sosial müdafiə xərclərinin 12% artığını əlavə edib.

Valyuta hərracında 50 milyon dollar satıldı

26.05.2016

dollar 1Mayın 26-da Dövlət Neft Fondu valyuta hərracında 50 milyon ABŞ dolları satıb. Bu vəsaitin 20 milyon dollarını 11 bank, 30 milyon dollarını Mərkəzi Bank alıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 907,4 milyon dollara çatıb. Mərkəzi Bank isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları satıb.

Putin baş mühafizəçisinin vəzifəsini böyütdü

26.05.2016



putin
Rusiya prezidenti Vladimir Putin mayın 26-da Yevgeni Murovu Federal Mühafizə Xidmətinin direktoru vəzifəsindən azad edib.

71 yaşlı Yevgeni Murov Federal Mühafizə Xidmətinə 2000-ci ildən rəhbərlik edirdi. Onun işdən öz xahişi ilə çıxarıldığı bildirilir.

Novator.az xəbər verir ki, Rusiya prezidenti Federal Mühafizə Xidmətinə Dmitri Koçnevi direktor təyin edib. Dmitri Koçnev bu təyinata qədər Federal Mühafizə Xidmətinin direktor müavini-Rusiya prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri idi.

İqbal Ağazadə: “Şansımız çox yüksəkdir”

26.05.2016

iqbal agazade 190 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan Ümid Partiyasının sədri İqbal Ağazadə qələbə qazanacağına inanır.

Ölkədə son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Təkrar seçki iyunun 18-nə təyin edilib.

Seçkinin təbliğat-təşviqat kampaniyası mayın 26-da başlayıb. İqbal Ağazadənin rəqibləri Yeni Azərbaycan Partiyasından Cavid Osmanov və beş nəfər müstəqil namizəddir.

Transparency.az-a açıqlama verən Ümid sədri bildirib ki, rəhbərlik etdiyi partiya təbliğat-təşviqat kampaniyasını rayon sakinlərinin hər biri ilə fərdi şəkildə aparacaq: “İmza toplayanda hər bir sakinlə görüşür, qapı-qapı işləyirdik. Təxminən 20 kənddə bu yolla iş aparmışıq, o cümlədən şəhərdə vətəndaşlarla görüşmüşük. Bundan sonra da hər bir seçici ilə birbaşa təmasda olacağıq və çalışacağıq ki, hər kəsin səsini ala bilək. Bizim şansımız çox yüksəkdir. Bunu seçicinin münasibətindən görürük. Təxribat törətmək istəyənlərə yerli sakinlər özləri cavab verir”.

47 yaşlı İqbal Ağazadə 2015-ci ilədək Milli Məclisin üzvü olub. O, 2000-ci ildə 10 saylı Xətai dairəsindən mandat alıb, 2005, 2010-cu illərdə 35 saylı Xətai dairəsindən deputat seçilib. Ötən il noyabrın 1-də İqbal Ağazadə yenidən həmin dairədən namizəd olub, amma seçki yarışından ASDP sədri Araz Əlizadə qalib çıxıb.

Ukraynada siyasətçilərin yeni reytinqi açıqlanıb

26.05.2016

poreshenko1Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna siyasətçilərinin reytinqini açıqlayıb.

Novator.az-ın məlumatına görə, sorğuda iştirak edən respondentlərin 21%-i bildirib ki, yaxın vaxtlarda prezident seçkisi keçirilsəydi, Batkivşina lideri Yuliya Timoşenkoya səs verərdilər.

Sorğuya cəlb olunanların 14,65%-i Radikal Partiyanın lideri Oleq Lyaşkoya dəstək nümayiş etdirib.

Sorğunun nəticələrinə görə, indi prezident seçkisi keçirilsə, prezident Pyotr Poroşenko 13,5% səs toplaya bilər.

Ukraynada sonuncu prezident seçkisi 2014-cü il mayın 25-də olub. Həmin seçkidə Pyotr Poroşenko 54,70% səslə qalib gəlib. Yuliya Timoşenko 12,81%-lə ikinci, Oleq Lyaşko 8,32%-lə üçüncü olub.

Seçicilərin sayı bəlli oldu

26.05.2016

Mayın 26-da Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçicilərin sayını açıqlayıb. Hesabata görə, vahid seçicilər siyahısına 5 milyon 127 min 111 seçici daxil edilib. Onların təqribən 48,35 faizi kişilər, 51,65 faizi qadınlardır.



secki

Vyana görüşünün yeni detalı: Azərbaycan yekun bəyanata qoşulmaqdan imtina edib

26.05.2016

vyana-1
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 26-da parlamentdə çıxış edib. Dağlıq Qarabağ münaqişəsindən danışan Nalbandyan qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan prezidentlərinin hər hansı sənəd imzalaması gündəmdə deyil: “Bu barədə danışmaq mənasızdır. Çünki ortalıqda imzalayası hər hansı sənəd yoxdur”.


Yüklə 402,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə