Xəbər bülleteni №34


Elçibəyi prezident səlahiyyətindən məhrum etmiş qərar



Yüklə 0,64 Mb.
səhifə5/6
tarix20.10.2017
ölçüsü0,64 Mb.
#5917
1   2   3   4   5   6

Elçibəyi prezident səlahiyyətindən məhrum etmiş qərar


09.06.2016

elcibey
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırdı. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələndi: baş nazir Pənah Hüseyn, parlamentin sədri İsa Qəmbər istefa verdilər, Heydər Əliyev Ali Sovetin sədri seçildi, ardınca prezident Əbülfəz Elçibəy Bakını tərk etdi.

İyun hadisələrində ən əsas məqamlardan biri Milli Məclisin Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərarıdır. Həmin qərarın ardınca keçirilmiş referendumda (29 avqust 1993-cü il) Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi  qətiləşib.

Transparency.az/cnews Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum etmiş qərarı oxucuların diqqətinə çatdırır.

Azərbaycan Respublikasının prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 121-4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasının təminatçısı kimi çıxış edir, Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə dair tədbirlər görür, Azərbaycan Respublikası dövlət orqanlarının bu sahələrdə fəaliyyətinə rəhbərlik edir.

Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndinə getmişdir.

Prezidentin mətbuat xidməti tərəfindən yayılmış sonrakı rəsmi məlumata görə, “Prezident Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakı şəhərində gözlənilən qırğının qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək üçün vəzifəsinin icrasını heç kimə həvalə etmədən Bakının Binə aeroportundan Naxçıvana uçmuşdur”.

Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilmir.

Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən ümumi telefon rabitəsi vasitəsi ilə quraraq Azərbaycan Respublikasının prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdir. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmir.

Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdur. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdır.

Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini — müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər.

Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir.

Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir”.

Göstərilənləri nəzərə alaraq, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrdən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi böhrandan çıxış yollarını tapmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli və başqa rayonlarında erməni hərbi qüvvələrinin qarşısını almaq, Azərbaycan dövlətçiliyi üçün yaranmış təhlükəni və vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, idarəetmə sisteminin fəaliyyətini bərpa etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikası prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçsin.

Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
Afiyəddin Cəlilov

 Bakı şəhəri, 24 iyun 1993-cü il

Vergi yoxlamaları nə qədər azalıb?

09.06.2016



togrul quliyev 1Vergilər Nazirliyinin Vergi Auditi və Operativ Vergi Nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev “Vergilər” qəzetinə müsahibə verib. O qeyd edib ki, vergi siyasəti və bu siyasət nəticəsində həyata keçirilən islahatların məqsədi vergilərin vaxtında ödənilməsini təmin etməkdən ibarətdir: “Əsas məqsədlərdən biri də vergi ödəyicilərində, xüsusilə də kiçik sahibkarlıq subyektlərində itkinin qarşısının alınması üçün maliyyə sanksiyaları və cərimələrin tətbiqinin məhdudlaşdırılmasıdır. Bu da nəticə etibarilə sahibkarlıq subyektlərinin iqtisadi fəallığının artırılmasına kömək etməlidir.

Ötən ilin sonlarından başlayaraq ölkə başçısının müvafiq fərmanına əsasən, dövlət qurumlarının sahibkarlıq subyektlərində apardığı yoxlamalar dayandırılıb. Həmin fərman vergi yoxlamalarına şamil olunmasa da, Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq dayandırılıb. Beləliklə, ölkədə sahibkarlığın inkişafı, sahibkarlıq subyektlərinin öz fəaliyyətini yeni iqtisadi şəraitə uzlaşdırılması üçün münbit şərait yaranıb.

Bununla belə, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinə vergi nəzarəti təmin olunur. Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin fəaliyyətinə distant nəzarət sistemlərinə malikdir və kiçik sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasına baxmayaraq operativ vəziyyətə nəzarət edilir.

Digər vergi ödəyicilərinə gəlincə, təyin edilən bütün yoxlamalar risk meyarlarına əsaslanır, yoxlamalar yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılır. Ümumiyyətlə, vergi orqanlarında tətbiq olunan informasiya texnologiyaları vergidən yayınma risklərinin səviyyəsini və hüquq pozuntularının mövcudluğu faktlarını müəyyən etməyə, belə faktlar dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərarın qəbul edilməsinə imkan verir”.

Toğrul Quliyevin sözlərinə görə, 2015-ci ilin oktyabr ayının 1-nə səyyar vergi yoxlaması üzrə açılmış qərarların sayı 4704 olduğu halda 2016-cı ilin iyunun 1-nə onların sayı 2034 olub, bu da səyyar vergi yoxlaması qərarlarının sayının təxminən 2,3 dəfə azalması deməkdir: “2016-cı ilin yanvar-may ayları ərzində 2509 səyyar vergi yoxlaması başa çatıb, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2219 ədəd və ya 46,9% az olub. 2015-ci ilin yanvar-may ayları ərzində 36066 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 38190 akt tərtib edildiyi halda 2016-cı ilin eyni dövrü üzrə 4242 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 4743 akt tərtib edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri ilə əhatə olunmuş vergi ödəyicilərinin sayının 8,5 dəfə azalması deməkdir.

Operativ vergi nəzarəti tədbirləri zamanı keçən ilin yanvar-may aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği 10 milyon 963,6 min manat olduğu halda bu ilin cari dövrü ərzində bu göstərici cəmi 387,3 min manat təşkil edib. Operativ vergi nəzarəti tədbirləri zamanı aşkarlanmış 1835 hal üzrə vergi ödəyicilərinin vergi qanunvericiliyinin pozulması halları üzrə məsuliyyətdən imtina qərarları çıxarılıb, bu da həmin vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmamasına imkan verib.

Cari ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisinin 118 nəfəri əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb etdiyi aşkarlanıb, bu hallar cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər aidiyyəti üzrə göndərilib.

Aksizli malların istehsalı və satışı ilə məşğul olma fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 21,9 min manat məbləğində 2,2 min ədəd saxta aksizli mallar, 37,7 min manat məbləğində 8,6 min ədəd aksiz markası olmayan malların satışı halları və aksizli malların satış məqsədi ilə nağd qaydada alınmasına görə 146,2 min manatlıq 22,6 min ədəd mal aşkar edilib.

Eyni zamanda kustar üsulla spirtli içki istehsal edən 2 şəxs müəyyən edilərək rəsmiləşdirilib və sənədlər cinayət işinin başlanması üçün aidiyyəti üzrə göndərilib.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir. Bu sahədə riskli hesab edilmiş 257 vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib”.

“İş yerinə dair arayış” elektron xidmətindən istifadə sayı 30 faizədək artıb

09.06.2016

emek nazirliyi 1Bu ilin 5 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətindən istifadə sayı 30 faizədək artıb. Nazirliyin məlumatına görə, iyunun 1-dək əhali həmin e-xidmətdən 300 min dəfəyə yaxın faydalanıb.

Ötən ay “İş yerinə dair arayış” elektron xidmətindən 15 902 dəfə istifadə olunub, bu da əvvəlki ilin may ayı ilə müqayisədə 18,7 faiz, cari ilin aprel ayı ilə müqayisədə 15,7 faiz çoxdur.

Ümumilikdə 2015-ci ilin yanvar-may aylarında vətəndaşlar bu e-xidmətdən ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çox, 73 001 dəfə faydalanıb.

“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabrında istifadəyə verilib. Hər bir şəxs “Elektron hökumət” portalında “İş yerinə dair arayış” e-xidmətini seçməklə öz iş yerinə dair arayışı real vaxt rejimində əldə etmək imkanına malikdir. Sənəddə işəgötürən haqqında məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti, digər məlumatlar əksini tapır. Arayışın təqdim edildiyi hər hansı təşkilat isə onun üzərindəki ştrix-kod vasitəsilə “E-hökumət” portalında arayışın, orada əksini tapan məlumatların düzgünlüyünü yoxlaya bilir.

Üç ayda Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon dollar sərmayə yatırıb

09.06.2016



socar -gurcu 1
2016-cı ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırıb. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, siyahıda Azərbaycandan sonra 57 milyon dollarla Türkiyə, 44 milyon dollarla Böyük Britaniya yer alır.

Gürcüstan iqtisadiyyatına yatırılan 376,4 milyon dollar xarici sərmayənin 53 faizi və ya 200 milyon dolları nəqliyyat və rabitə sektoruna yönəldilib.

Xəbəri AZƏRTAC yayıb.

Milli Şura xalqa müraciət edib

09.06.2016

İyunun 9-da Demokratik Qüvvələrin Milli Şurası xalqa müraciət edib. Azadliq.info-nun məlumatına görə, müraciətdə deyilir: “Ölkəmiz ağır sosial, iqtisadi, mənəvi problemlər altında olsa da, hökumətin Azərbaycan xalqı, xüsusən də onun əqidəli, yüksək təhsilli, ölkəyə müsbət dəyişiklik gətirmək istəyən kəsimi ilə savaşı davam edir. Son bir neçə ildə yüzlərlə şəxs siyasi sifarişlərlə haqsız və qanunsuz həbs edilib. Çox yaxşı haldır ki, Milli Şura olaraq bizim, ölkədəki prinsipial qüvvələrin, vətəndaş cəmiyyətinin, dəyişiklik istəyən vətəndaşlarımızın apardığı mübarizə, göstərdiyi müqavimət və beynəlxalq təşkilatların dəstəyi nəticəsində son zamanlar 17-18 nəfər tanınmış siyasi məhbus azad edilib. Bununla belə, son həbslərlə birlikdə yenə də ölkədə 100 nəfərə yaxın siyasi məhbus var. Hakimiyyətin xüsusən Xalq Cəbhəsinin, “Nida” Vətəndaş Hərəkatının üzvlərindən, inanclı kəsimin nümayəndələrindən, bir neçə bloqçudan ibarət siyasi məhbuslara, eləcə də tanınmış ictimai-siyasi xadimlərin qohumları olduqları üçün həbs edilmiş siyasi girovlara anlaşılmaz, sərt, kinli münasibəti təəssüf doğurur və ölkədə vətəndaş qarşıdurmasını körükləyən faktorlardan biri kimi qiymətləndirilir”.

Ölkədəki sosial-iqtisadi problemlərə toxunan Milli Şura qeyd edir ki, bir il ərzində iki dəfə devalvasiya nəticəsində əhalinin həyat səviyyəsi təqribən yarıbayarı pisləşib: “Yüz minlərlə iş yeri bağlanıb, əhalinin real gəlirləri kəskin şəkildə aşağı düşüb. Azərbaycan iqtidarı isə sosial-iqtisadi problemlərin köklü həlli üçün real addımlar atmaq əvəzinə çoxsaylı bir-birinə zidd, biri digərini təkrar edən gərəksiz fərman və sərəncamlarla islahat görüntüsü yaratmağa çalışır. Buna paralel olaraq da ölkə sürətlə böyük borclanmaya sürüklənir. Bütün beynəlxalq qurumlardan israrla kredit istənilir, ölkənin xarici borcları artırılır. Biz Milli Şura adından hökuməti məsuliyyətli olmağa, sosial-iqtisadi problemlərin həlli imitasiyasından əl çəkib, real tədbirlər üçün elementar vəzifələrini yerinə yetirməyə çağırırıq.

Bakının mərkəzində aparılan söküntülər zamanı tarixi binaların dağıdılması da bizi ciddi narahat edən haldır. “Sovetski” adlanan məhəllədə köhnə yaşayış evləri ilə yanaşı 70-dən artıq tarixi abidə də sökülən binaların siyahısına salınıb. Dünyada hətta zəruri köçürmələr zamanı da tarixi binaları qorumağın çoxlu üsulları və nümunələri var. Təəssüf ki, Azərbaycan hökuməti “Sovetski”də bu üsul və nümunələrin heç birindən yararlanmadan şəxsi mənfəət və şöhrətpərəstlik motivləri ilə ucdantutma, binaların tarixi memarlıq əhəmiyyətini nəzərə almadan söküntü işi aparır. Biz bunu tarixi irsimizə hörmətsizlik kimi qiymətləndirir və bağışlanmaz səhv hesab edirik. Hökuməti ərazidə hələ salamat qalmış, yaxud tam dağıdılmamış tarixi binaları sökmək planından imtina etməyə, onların qorunması və bərpası üçün zəruri addımlar atmağa çağırırıq”.

Müraciətdə aprel döyüşlərinin işğalçı üzərində əhəmiyyətli üstünlük qazanılmadan dayandırılmasına da etiraz bildirilir: “Biz hakimiyyəti ən azı milli təhlükəsizliklə bağlı məsələlərdə məsuliyyətli olmağa, hansısa kənar güclərin maraq və istəklərindən deyil, az xalqının mənafeyindən çıxış etməyə çağırırıq”.

Müraciətdə qeyd olunur ki, problemlərin köklü həlli xalqın ciddi şəkildə təşkilatlanmasından, millət olaraq öz taleyinə sahib çıxmasından keçir: “Milli Şura olaraq bəyan edirik ki, xalqımız bu ünvanda təşkilatlanıb səfərbər olunacağı təqdirdə onun maraqlarına uyğun dəyişikliklərin həyata keçirilməsi üçün gərəkli hər cür fədakar addımı atmağa hazırıq. Bir daha xalqımızı siyasi fəallıq nümayiş etdirməyə, Milli Şura ətrafında təşkilatlanamağa və taleyinə sahib çıxmağa çağırırıq”.

Milli Şura 2013-cü ilin iyun ayında yaradılıb. Qurumun sədri tarixçi professor Cəmil Həsənli, öncül şəxsləri AXCP lideri Əli Kərimli, sabiq deputatlar Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, hüquqşünas Qurban Məmmədov və başqalarıdır.

Qəzetin yeni sahibləri 13 illik baş redaktorla üzülüşdü

09.06.2016

valeri yakov 1Rusiyanın aparıcı nəşrlərindən olan “Novıye İzvestiya”nın baş redaktoru Valeri Yakov iyunun 9-da qəzeti tərk edib. Novator.az-ın məlumatına görə, Valeri Yakov dostlarına və oxuculara ünvanlandığı açıqlamasında qəzetin yeni sahiblərinin belə qərar verdiyini deyib: “Həyatımın 19 ilini həsr etdiyim qəzetin yeni sahiblərinin öz məqsədi və planları var. Kiminlə və necə işləmək qərarı onların hüququdur”.

“Novıye İzvestiya” mayın 13-də çapını dayandırıb. Redaksiya bu addımı maliyyə çətinlikləri üzündən atdığını bildirib. Açıqlamada bəzi tərəfdaşların süni şəkildə yaratdığı maliyyə vəziyyətinin çap versiyasının fəaliyyətini davam etdirməyə imkan vermədiyi qeyd olunub. Redaksiya bildirib ki, yaxın vaxtda maliyyə çətinliklərini dəf etmək mümkün olmasa, qəzetin saytı da fəaliyyətini dayandıracaq.

“Novıe İzvestiya”nı 1997-ci ildə “İzvestiya” qəzetindən ayrılmış bir qrup jurnalist yaradıb. 2003-cü ilə qədər qəzetə “İzvestiya”nın baş redaktor postundan istefa vermiş İqor Qolembiovski rəhbərlik edib. Valeri Yakov 1997-ci ildən “Novıe İzvestiya”nın baş redaktor müavini, 2003-cü ildən isə baş redaktoru idi.

Bəzi ali məktəblərə tələbə seçimini müstəqil aparmaq səlahiyyəti verildi

10.06.2016

serencam 1
Prezident İlham Əliyev “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncam UFAZ layihəsinə cəlb edilən Azərbaycan ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verir.

İyunun 9-da imzalanan sənəddə deyilir ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan ali təhsil müəssisələri tətbiq etdikləri Fransa ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdirlər və onlar maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

Sərəncamda Nazirlər Kabinetinə UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyənləşdirmək; UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək tapşırılıb.

Sərəncam Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan vətəndaşlarına xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə əsaslandırılıb.

Əli İnsanov: “Heç bir təhdid məni çəkindirə bilməz”

10.06.2016



eli insanov
Ali Məhkəmə iyunun 9-da hakim İnqilab Nəsirovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Əli İnsanov məhkəmədə iştirak etməyib.

2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.

Vəkil Toğrul Babayev “Turan”a deyib ki, Bakı Apellyasiya Məhkəməsinin 2014-cü ilin fevralında çıxardığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti 2015-ci ilin mayında verilib. Ali Məhkəmə işə 11 ay sonra – 2016-cı il iyunun 9-da baxıb.

Toğrul Babayev vurğulayıb ki, Ali Məhkəmənin Plenumu 2013-cü il noyabrın 15-də Avropa Məhkəməsinin qərarını əsas götürərək işi yenidən apellyasiya instansiyasına göndərsə də, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2014-cü ilin fevralında Əli İnsanov barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

“Turan”ın məlumatına görə, Əli İnsanov vəkili vasitəsilə Ali Məhkəmənin iyunun 9-da çıxardığı qərara münasibətini də bildirib. Vəkilinin qeyd etdiyinə görə, Əli İnsanov belə deyib: “Heç bir məntiqə sığmayan, qanuna uyğun gəlməyən, açıq-aşkar siyasi qərar Azərbaycan məhkəmə sistemini qanundan kənarda qoyur. Azərbaycan hakimiyyəti özünün imzaladığı beynəlxalq sənədləri, götürdüyü öhdəlikləri inadkarlıqla inkar etməklə Azərbaycanın dünyada etibarsız tərəfdaşlıq imicini formalaşdırır. Mən hər zaman olduğu kimi rahat və nikbinəm. Heç bir siyasi, hüquqi və fiziki təhdid məni mübarizəmdən çəkindirə bilməz. Ali Məhkəmənin bugünkü qərarını əldə edən kimi təkrarən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm”.

Dolların kursu qalxıb, avro və rubl ucuzlaşıb

10.06.2016



pul-1-1Mərkəzi Bank iyunun 10-da dolları bahalaşdırıb. Transparency.az bildirir ki, 1 ABŞ dollarının rəsmi kursu 1,5084 manatdan 1,5114 manata qaldırılıb.

Avro və Rusiya rublunda isə ucuzlaşma qeydə alınıb. 1 avronun rəsmi məzənnəsi 1,7203 manatdan 1,7070 manata, 1 rublun kursu isə 0,0236 manatdan 0,0235 manata enib.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Dövlət Neft Fondu və Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün 2016-cı ilin hərraclarında üst-üstə 2 milyard 742,8 milyon dollar həcmində vəsait satıblar.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə