Xəbər bülleteni №43



Yüklə 464,86 Kb.
səhifə3/3
tarix26.09.2017
ölçüsü464,86 Kb.
#1916
1   2   3

Mirziyayev

Şövkət Mirziyayev 1957-cı il iyulun 24-də Cizak vilayətində anadan olub. 1981-ci ildə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1992-ci ilədək həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb.

Texnika elmləri namizədidir.

1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib.

1992-ci ildə Daşkəndin Mirzə-Uluqbəy rayonunun hakimi təyin olunub. 1996-cı ildə Cizak vilayətinin hakimi vəzifəsinə keçirilib. 2001-ci ildə Səmərqənd vilayətinin hakimi vəzifəsinə təyinat alıb.

2003-cı il dekabrın 12-dən baş nazirdir. Liberal Demokrat Partiyasının üzvüdür.



Əzimov

Rüstəm Əzimov 1958-ci il sentyabrın 20-də Daşkənddə anadan olub. Daşkənd Dövlət Universitetinin, Daşkənd İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanizasiyası İnstitutunu, Böyük Britaniyada Oksford Universitetini bitirib.

Uzun illər bank sahəsində çalışıb, Avropa Yenidənqurma və İnkişaf Bankında ölkəsini təmsil edib.

1998-ci ildə maliyyə naziri təyin edilib. 2000-ci ildən baş nazirin müavini, 2005-ci ildən baş nazirin birinci müavinidir.



İnayətov

Rüstəm İnayətov 1944-cü il iyunun 22-də Şerabad şəhərində doğulub. 1968-ci ilə Daşkənd Dövlət Universitetinin İran filologiyası fakültəsini bitirib.

Hərbi xidmət keçərkən Dövlət Təhlükəsizlik Komitəsi sıralarına daxil olub. 1976-1981-ci illərdə Əfqanıstandakı DTK rezidenturasının əməkdaşı olub.

1995-ci il iyunun 27-dən Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədridir, general-polkovnikdir.

Dövlət başçısı Nizami rayonundakı məktəblərdə olub

06.09.2016

Prezident İlham Əliyev sentyabrın 6-da Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bildirilib ki, məktəb binası 1964-cü ildə inşa olunub, o vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb.

Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var. Təhsil ocağını bu il 70 məzun bitirib, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb.

AZƏRTAC xəbər verir ki, həmin gün Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası da əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurmaya ehtiyac yaranıb.

760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var. Burada uşaqların təlim-tərbiyəsi ilə 85 təhsil işçisi məşğul olur. Bu il məktəbi bitirənlərin 76 faizi ali məktəblərə qəbul olunub.



mektebde 11

mektebde 22

Ekspert hökuməti dolların əksinə getməyə çağırır

06.09.2016

1samir_aliyev_ 1“Hökumət əks-dollarlaşma strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönələn tədbirlərin icrasına başlamalıdır”. İqtisadçı ekspert Samir Əliyev ölkədə makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinin inamının bərpası üçün bu cür addım atmağı zəruri hesab edir.

Transparency.az-ın məlumatına görə, ekspert “Manatın xilası — əks-dollarlaşma” məqaləsində yazır ki, etibarlı pul-kredit və məzənnə siyasətinə, aşağı və sabit inflyasiya səviyyəsinə, maliyyə bazarının genişlənməsinə iqtisadiyyatda dollarlaşma səviyyəsini aşağı salmaqla nail olmaq mümkündür: “İqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacib olmaqla yanaşı uzunmüddətli və mürəkkəb prosesdir. Yalnız kompleks tədbirlər və düzgün koordinasiya hesabına uğurlu nəticəyə nail olmaq mümkündür. İqtisadiyyatda idxalın yüksək səviyyəsi əks-dollarlaşma prosesini ləngidən amildir. Valyuta bazarını və maliyyə alətlərini inkişaf etdirmədən dollardan imtina çətin görünür. Çevik valyuta məzənnəsi əsasında inflyasiya hədəflənməsi rejimi və büdcə maraqlarından çıxış etməyən pul-kredit siyasəti maliyyə bazarının əks-dollarlaşması üçün əlverişli əsas ola bilər. Əks-dollarlaşma siyasəti müxtəlif ölkələrdə həyata keçirilib və bu siyasət bazar alətlərinə və inzibati tədbirlərə əsaslanıb”.

Ekspert Mərkəzi Bankın iştirakı ilə hazırlana biləcək əks-dollarlaşma strategiyasında aşağıdakı tədbirlərin nəzərdə tutula biləcəyini qeyd edir:

— kapital bazarının inkişaf etdirilməsi, bank sektorunun liberallaşdırılması və rəqabətin gücləndirilməsi;

— alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi, o cümlədən milli valyutada buraxılan dövlət istiqrazlarının inflyasiyaya uyğun indeksləşdirilməsi;

— xarici valyutada olan əmanətlərə dair tələblərin sərtləşdirilməsi (məcburi ehtiyat normalarının 1 faizdən 3 faizə artırılması, əmanətlərdən əldə edilən gəlirlərin vergiyə cəlb olunması);

— milli valyutada olan əmanətlərin stimullaşdırılması (əmanətlərin sığortalanma faizlərinin 12 faizdən 15 faizə qaldırılması);

— manat əmanətlərini kəskin məzənnə dəyişikliyindən sığortalamağa imkan verən indeksləşmə mexanizminin yaradılması;

— istehlak kreditlərinin və mikro kreditlərin illik faiz dərəcələrinə tətbiq edilən tavanın (uyğun olaraq 29 faiz və 25 faiz) ləğv olunması;

— xarici valyutada olan istehlak kreditlərinin milli valyutaya konvertasiyası imkanlarının araşdırılması və banklara tövsiyə edilməsi;

— nağdsız ödənişlərə keçidin sürətləndirilməsi və nağd ödənişlərə məhdudiyyətlərin (1-2 min manatdan yuxarı) tətbiqi;

— Mərkəzi Bankın banklara milli valyutada məqsədli kreditlər verməsi;

— Mərkəzi Bankın nəzdində problemli kreditlər üzrə fondun yaradılması, həmin fondun banklara uzun müddətə, aşağı faizlə yerləşdirdiyi depozitlər hesabına dollar kreditlərinin manata konvertasiyası.

Samir Əliyev sadalananlara paralel tədbirlərin görülməsini də vacib sayır: “Xarici ölkələrin təcrübəsi göstərir ki, heç də bütün tədbirlər effektiv nəticələr vermir. Əks-dollarlaşma siyasəti fiskal konsolidasiya (büdcə xərclərinin optimallaşdırılması, struktur islahatlarının aparılması, büdcə daxilolmalarının iqtisadi stimullaşdırma tədbirləri hesabına artması) və sərt pul-kredit siyasətini (tələbin azaldılması hesabına inflyasiyanın aşağı salınması, real və nominal mübadilə məzənnəsinin artması) nəzərdə tutan makroiqtisadi sabitliyə əsaslanır.

Əks-dollarlaşma təkcə maliyyə sektoru ilə yekunlaşmamalıdır. İqtisadi artıma nail olmaq, qiymətlərin sabitliyini təmin etmək, emal sənayesini inkişaf etdirmək, xarici valyutanın qeyri-rəsmi dövriyyəsini azaltmaq, yerli məhsul istehsalını artırmaq da bu tədbirlərlə yanaşı aparılmalıdır”.

Hesablama Palatası Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində nöqsanlar aşkarlayıb

06.09.2016

hesablama_palatasi 1Hesablama Palatası dövlət büdcəsindən 2014-2016-cı illərdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılmış vəsaitlərdən istifadə auditi keçirib. Transparency.az bildirir ki, yekun hesabata görə, idarənin nəzdində 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: “Məktəbəqədər təhsil müəssisələrində 2135 vahid proqnoza qarşı 1971 vahid qrup yaradılıb. 2016-cı ildə 40627 uşaq yerinə qarşı məktəbəqədər uşaq müəssisələrinə 37322 uşaq cəlb olunub. İdarənin nəzdində 3 uşaq evi də fəaliyyət göstərir, bu müəssisələrdə 525 uşaq yerinə qarşı 485 uşaq tərbiyə olunur.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsinin yerli xərclərindən auditin əhatə etdiyi dövrdə ayrılmış vəsaitlər 2014-cü ildə 98,9% (o cümlədən 2014-cü ilin ikinci yarısında 99,4%), 2015-ci ildə 91,9% və 2016-cı ilin ilk rübündə 61,7% icra edilib, icra prosesində dörd halda xərclər smetasında dəqiqləşdirilmə aparılıb.

İdarə büdcə vəsaitlərinə tələbatın hazırlanması prosesində ayrı-ayrı məktəbəqədər təhsil müəssisələrindən və uşaq evlərindən büdcə vəsaitinə olan real tələbat barədə sifarişlər tələb etməyib, əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərin icrasını nəzərə almayıb, bəzi xərclər üzrə tələbatdan artıq təkliflər təqdim edib, bir sıra xərc istiqamətləri üzrə təklif olunan məbləğlər kifayət qədər əsaslandırılmayıb.

Bakı şəhərinin müvafiq rayonları üzrə, həm də rayon daxili məktəbəqədər uşaq müəssisələri və uşaq evləri üzrə uşaq günlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində 1 uşaq gününə düşən ərzaq xərci proqnozu və faktiki xərci əhəmiyyətli şəkildə fərqli olub, müəssisələrin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınıb. Satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi” barədə qərarın tələblərinə bir sıra hallarda əməl edilməməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi nöqsanlara yol verilib.

Müvafiq normativ-hüquqi aktların bəzi tələblərinə əməl edilməyərək bir sıra hallarda ümumi orta təhsilli və ya kurs qurtarmış şəxslər ali və orta ixtisas təhsili tələb olunan vəzifələrə təyin edilib.

Auditlə əhatə olunan dövrdə sayğacların quraşdırılması, çəkilişi və təmiri ilə əlaqədar vəsait nəzərdə tutulduğu halda 10 məktəbəqədər uşaq müəssisəsində su sayğacları quraşdırılmayıb, nəticədə su xərclərinin ödənilməsi zamanı büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə şərait yaradılıb.

Hesablama Palatasının Kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarıb, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib”.

“İş yerinə dair arayış” elektron xidməti ilə bağlı yeni rəqəmlər

06.09.2016

ish yeri 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə avqust ayında 25 min 597 dəfə müraciət olunub. Nazirliyin məlumatına görə bu, iyul ayı ilə müqayisədə 17,4 faiz çoxdur.

Yanvar-avqust aylarında “İş yerinə dair arayış” e-xidmətinə 136 min 446 dəfə müraciət olunub, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 24 faiz qabaqlayıb.

“İş yerinə dair arayış” e-xidməti hər bir vətəndaşa istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verir. “E-hökumət” portalında (www.e-gov.az) autenfikasiyadan keçərək müvafiq e-xidməti seçən şəxs avtomatik olaraq onun iş yerinə dair formalaşdırılmış arayışı əldə edir.

2014-cü ilin dekabr ayında əhaliyə təqdim olunan “İş yerinə dair arayış” e-xidmətindən sentyabrın 1-nə qədər 361 min 632 istifadə qeydə alınıb.

Ödənişli təşviqata qoşulan çox, ödənişsiz efirdən isə xəbər yox…

06.09.2016



referendum 1Transparency.az bildirir ki, 26 sentyabr referendumunun ödənişli təşviqat kampaniyasına 10 agentlik və sayt, 15 qəzet, 7 teleradio şirkəti qoşularaq Mərkəzi Seçki Komissiyasına ödənişin əsasları, şərtləri və məbləği barədə məlumat təqdim edib (Siyahı).

26 sentyabr referendumunun təşviqatına qatılan təşəbbüs qruplarının ödənişsiz efir vaxtından necə istifadə edəcəyi isə hələ məlum deyil. Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli sentyabrın 6-da Transparency.az-a deyib ki, bu məsələ ilə bağlı yekun qərar həftə ərzində veriləcək.

Sentyabrın 3-dən konstitusiya dəyişiklikləri referendumunun təşviqatı başlayıb. Bu mərhələ ayın 25-dək davam edəcək.

Sentyabrın 26-da keçiriləcək referenduma konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi çıxarılıb. Ana qanuna bir neçə yeni maddə də təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının qeydə aldığı təşviqat qruplarına İctimai Televiziya və Radio Yayımları Şirkətinin ödənişsiz efir vaxtından istifadə hüququ verir. Efir vaxtı qeydə alınmış təşviqat qrupları arasında bərabər bölünməlidir.

Mərkəzi Seçki Komissiyası 3 təşəbbüs qrupunu qeydə alıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”.

Seçki Məcəlləsinə əsasən, referendumda təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda).

Xəstəxanada audit nələri üzə çıxarıb?

06.09.2016



xestexana 1
Hesablama Palatası Ucar Mərkəzi Rayon Xəstəxanasında həyata keçirdiyi auditin nəticələri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may ayları üzrə aparılan auditdə müəyyən edilib ki, müxtəlif illərdə xəstəxananın aldığı bəzi inventarlar anbarda uzun müddət istifadəsiz saxlanmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq və dərman xərcinə yol verilib.

Auditlə əhatə olunan dövrdə ümumilikdə 32 satınalma prosedurası keçirilib və müqavilələr bağlanıb, keçirilən satınalma proseduraları zamanı alınması protokollaşdırılan malların müqavilə qiymətlərindən baha alınması nəticəsində artıq vəsait ödənib, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə tender komissiyasının işinə peşəkar qiymətləndiricilər cəlb olunmayıb, ehtimal olunan qiymətlər mövcud qanunvericiliyə uyğun müəyyən edilməyib, bu da tələb olunan mal-materialların orta bazar qiymətindən baha alınmasına səbəb olub.

Qeyd olunur ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının istismarda olan köhnə binası müvafiq razılıq alınmadan sökülərək yerində 118 çarpayılıq yeni və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Xəstəxana tikilib. 2015-ci ilin oktyabr ayından istifadəyə verilməsinə baxmayaraq auditlə əhatə olunan dövrün sonunadək yeni xəstəxananın tikintisinə sərf olunan kapital qoyuluşu və verilən inventar, avadanlıq və digər mal-materialların müvafiq qaydada balansa daxil edilməsi üçün zəruri tədbirlər görülməyib.

Hesablama Palatasının kollegiyası Ucar Mərkəzi Rayon Xəstəxanasında yol verilən pozuntularla bağlı aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Qərarın sürəti və auditin nəticələri haqda Ucar Mərkəzi Rayon Xəstəxanasına, Əmlak Məsələləri Dövlət Komitəsinə, Səhiyyə Nazirliyinə və Ucar Rayon İcra Hakimiyyətinə məlumat göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Diplomatik korpusda yeniliklər

07.09.2016

prezident-11
Prezident İlham Əliyev diplomatik korpusda yeniliklər edib. Sentyabrın 6-da imzalanan sərəncamlarla Pərviz Şahbazov Almaniyada fövqəladə və səlahiyyətli səfir, Namiq Əliyev Moldovada fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Transparency.az bildirir ki, digər sərəncamlarla Azər Xuduyev Ukraynaya, Rəşad Aslanov Argentinaya fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Əliyənnağı Hüseynov isə prezident sərəncamı ilə İranın Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu postuna təyinat alıb.

İstiqraz hərracı barədə rəsmi məlumat

07.09.2016

maliyye nazirliyiBakı Fond Birjası sentyabrın 6-da Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 20 milyon manatlıq və tədavül müddəti 364 gün olan 10 milyon manatlıq dövlət istiqrazları üzrə hərrac keçirib.

182 günlük istiqrazlar üzrə sifarişlərin ümumi məbləği 2,9 milyon manat olub. Maliyyə Nazirliyi 1,05 milyon manat məbləğində istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymətini 94,9200 (gəlirlilik 10,7924%) səviyyəsində müəyyən edib. İstiqrazların ödəmə müddəti 7 mart 2017-ci ildir.

Maliyye.gov.az-ın məlumatına görə, 10 milyon manatlıq dövlət istiqrazları üzrə təqdim edilən sifarişlərin ümumi məbləği 7,3 milyon manat təşkil edib. 5,5 milyon manat məbləğində istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 91,3500 (gəlirlilik 9,5212%) səviyyəsində müəyyən olunub. İstiqrazların ödəmə müddəti 5 sentyabr 2017-ci ildir.

Dollar da bahalaşıb, avro və rubl da

07.09.2016

pul 14 gün fasilədən sonra Mərkəzi Bank ABŞ dollarını bahalaşdırıb. Transparency.az-ın məlumatına görə, sentyabrın 7-də 1 dollar 1,6403 manata təklif olunur. Sentyabrın 2-dən bəri rəsmi məzənnə 1,6362 manat idi.

Avro və Rusiya rublunun rəsmi məzənnələrində də yenilik qeydə alınıb. 1 avro 1,8239 manatdan 1,8457 manata, 1 rubl isə 0,0252 manatdan 0,0255 manata qalxıb.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il ABŞ dollarının ən aşağı qiyməti mayın 25-26-na təsadüf edib: 1,49 manat. Ən yüksək rəsmi qiymət isə martda olub. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.

Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 351,9 milyon dollara çatıb. Mərkəzi Bankdan 835,4 milyon dollar alındığını hesablayanda 2016-cı ildə manatın məzənnəsini nizamlamağa 4 milyard 187,3 milyon dollar gedib.

Gürcüstanın iqtisadi göstəriciləri açıqlanıb

07.09.2016



tiflis
Avqust ayında Gürcüstanda ərzaq məhsullarının, gündəlik tələbat və ərzaq mallarının, eləcə də alkoqolsuz içkilərin qiymətlərində 1,4 faiz artım qeydə alınıb. Xəbəri AZƏRTAC Gürcüstanın Milli Statistika Xidmətinə istinadla yayıb.

Hesabatda deyilir ki, bu ilin iyul ayı ilə müqayisədə avqust ayında nəqliyyat sahəsində 0,3 faiz, mebel və ev əşyaları sahəsində 0,1 faiz, mədəniyyət, istirahət və əyləncə sahəsində 0,9 faiz, mehmanxana xidmətləri, restoran, kafelərdə 0,2 faiz, digər mallar və xidmət sahəsində isə 0,3 faiz bahalaşma qeydə alınıb.

Avqust ayında Gürcüstanda 0,4 faiz inflyasiya gedib.

Gürcüstan Milli Statistika Xidmətinin başqa bir məlumatına görə, yanvar-iyul aylarında ölkə iqtisadiyyatı 2015-ci ilin 7 ayı ilə müqayisədə 2,7 faiz irəli gedib.

Transparency.az xatırladır ki, bu ilin 7 ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,7 faiz artıb.

Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 2016-cı ilin yanvar-iyul aylarında 32 milyard 122,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz az ümumi daxili məhsul istehsal edib.

DSMF-də qeydiyyatı olanların sayı 128 min 964 nəfər artıb

07.09.2016



dsmf 2Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata duran sığortaolunanlar yanvar-avqust aylarında 128 min 964 nəfər, o cümlədən ötən ay 16 min 447 nəfər artaraq 3 milyon 309 min 118 nəfərə çatıb. Sığortaolunanların 59,4%-i (1 milyon 965 min 824 nəfər) kişilər, qalanları qadınlardır.

30-40 yaşlarında olanlar qeydiyyata alınmış şəxslərin 25,2%-ni təşkil edir. Sistemdə fərdi şəxsi hesabı açılanların 20,4%-i 30 yaşa qədər, 20,1%-i 40-50 yaş aralığında, 21,1%-i 50-60 yaş aralığında, digərləri isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.

Prezident təmirdən çıxmış məktəbə baxış keçirib

07.09.2016

Prezident İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

AZƏRTAC bildirir ki, 1969-cu ildə inşa edilən məktəbin binasında indiyədək bu cür əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur.

Yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək. Məktəbdə bədii ədəbiyyat və eləcə də müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılıb. Bütün sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilib.

Dövlət başçısı ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinələri və idman zalında yaradılan şəraitlə tanış olub.



prezident - mekteb 1

ANAMA hesabat yayıb

07.09.2016

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqust ayı ərzində 7 milyon 296 min 238 kvadratmetr ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan təmizləyib. Ay ərzində 27 min 7 partlamamış hərbi sursat və piyada əleyhinə 17 mina aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 505 nəfərlik əməliyyat və 125 nəfərlik inzibati heyət iştirak edib. Əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 385 milyon 710 min 321 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların sayı 752 min 59 -dur.

Avqustda agentlik təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirib.

Avqustda mina və ya partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.



mina 1

Kimin səsi çoxdur?

07.09.2016

namizedler
ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyası davam edir. Nbcnews.com-un 7 sentyabr hesabatına görə, hazırda Demokratlar Partiyasının namizədi Hillari Klintonun 272 səs toplamaq imkanı var. Respublikaçılar Partiyasının namizədi Donald Tramp 174 səs toplamaq imkanındadır. 92 nəfər iki namizəd arasında tərəddüd edir.

Novator.az bildirir ki, avqustun 26-da açıqlanan nəticələrdə Hillari Klintonun 288 səsi, Donald Trampın 174 səsi, 76 nəfər isə tərəddüd edən vardı.

Prezident seçkisi noyabrın 8-də keçiriləcək. Konstitusiyaya əsasən, dövlət başçısını ştatların seçki günü müəyyənləşən nümayəndələrdən ibarət 538 nəfərlik Seçicilər Kollegiyası seçir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var. Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir.

Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Tikinti maqnatıdır.

Hillari Klinton 1947-ci ildə Çikaqoda doğulub. Yel Universitetinin hüquq fakültəsini bitirib. 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olub.



28 milyon uşaq qaçqındır

07.09.2016

BMT-nin Beynəlxalq Uşaq Fondu (UNİCEF) dünyada 28 milyon uşağın müharibələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

AZƏRTAC xəbər verir ki, təşkilat təqdim etdiyi məruzədə qaçqın durumuna düşən uşaqların sayının son 10 ildə təxminən iki dəfə artdığına diqqət çəkib. Sənəddə evlərini tərk etmək məcburiyyətində qalan 28 milyon uşağın 10 milyonunun mühacir statusu aldığı vurğulanır. Məruzəyə əsasən, mühacir uşaqların 45 faizi Suriya və Əfqanıstandandır.

UNİCEF-in 2015-ci ildə verdiyi məlumata əsasən, uşaqlar dünya əhalisinin üçdə birini təşkil edir. Müharibələr səbəbindən evlərini tərk edən insanların isə yarısı uşaqlardır.

ushaq 1

Rusiyada seçki: siyasi texnoloqlar şansları qiymətləndirib

07.09.2016

sechki 1
İctimai Əlaqələr üzrə Rusiya Assosiasiyası siyasi texnoloqlar arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, sentyabrın 1-dən 6-dək 50 siyasi texnoloq arasında aparılmış sorğuda siyasi partiyaların Dövlət Dumasına seçkidə şansları qiymətləndirilib.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçki sentyabrın 18-nə təyin edilib. Dumada 450 deputat yeri var, 225 deputat proporsional, bir o qədər də majoritar sistem üzrə seçiləcək.

Parlamentə proporsional sistemlə düşmək üçün 14 partiya yarışır. Siyasi texnoloqlar hesab edir ki, bu sistemlə Dövlət Dumasına 4 partiyanın mandat əldə etmək imkanı var. Bunlar hazırda Dövlət Dumasında təmsil olunan Vahid Rusiya, Rusiya Kommunist, Ədalətli Rusiya, Liberal Demokrat partiyalarıdır. Vahid Rusiya, Rusiya Kommunist, Liberal Demokrat partiyalarının Dövlət Dumasına düşəcəyini respondentlərin hamısı proqnozlaşdırır. Ədalətli Rusiya Partiyasına isə siyasi texnoloqların 70%-i şans verir.

Digər partiyalara gəlincə, 5%-lik seçki baryerini keçməyə Vətən Partiyasının müəyyən imkanları var. Respondentlərin 20%-i bu partiyanın Dumaya düşəcəyini ehtimal edir. Yabloko Partiyasının (15%) və Təqaüdçülər Ədalət Uğrunda Partiyasının (10%) da cüzi imkanları olduğu vurğulanır.

Siyasi texnoloqlar yerdə qalan partiyaların hətta 3% səs toplamayacağını düşünür.

Respondentlər hesab edir ki, majoritar sistemlə hakim vahid Rusiya Partiyası 160-180 mandatla hamını geridə qoyacaq.

Rusiyanın xarici ticarəti 20,8 faiz azalıb

07.09.2016



moskvaRusiyanın Federal Gömrük Xidməti bu ilin yeddi ayı üzrə xarici ticarət göstəricilərini açıqlayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd edilir ki, 2016-cı ilin yanvar-iyul aylarında Rusiyanın xarici ticarət dövriyyəsi 249 milyard dollara bərabər olub. Bu, 2015-ci ilin yeddi ayı ilə müqayisədə 20,8 faiz azalma deməkdir.

Hesabata əsasən, yanvar-iyul aylarında Rusiyadan 153,4 milyard dollarlıq mal ixrac edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 27,1 faiz azalıb.

Yeddi ayda ölkəyə 95,6 milyard dollarlıq mal idxal olunduğu, 2015-cilin yanvar-iyul ayları ilə müqayisədə idxalın 8 faiz azaldığı bildirilir.

Xarici ticarətdə 57,8 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,8 faiz azalma anlamına gəlir. 2015-ilin yanvar-iyul aylarında xarici ticarətdə 106,6 milyard dollarlıq müsbət saldo qeydə alınmışdı.

Korrupsiya ilə mübarizə üzrə monitorinqin nəticələri təqdim olunub

07.09.2016

Sentyabrın 7-si Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticələri təqdim olunub. Monitorinq “Transparency İnternational” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə, “Konstitusiya” Araşdırmalar Fondu ilə birgə həyata keçirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində aparılıb. Təqdimat “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin (2012-ci ilin sentyabrından 2015-cı ilin dekabrınadək olan dövr) monitorinqi zamanı əldə olunmuş nəticələri, tapıntıları, layihə komandasının hazırladığı tövsiyə və təklifləri əhatə edib.

Transparency.az-ın məlumatına görə, tədbirə dövlət orqanlarının təmsilçiləri, beynəlxalq təşkilatların layihə çərçivəsində yaratdığı Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platformasının, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi üzvləri, KİV nümayəndələri qatılıb.

Məruzə ilə çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov deyib ki, monitorinq boyu hökumət, qeyri-hökumət resurslarından, eləcə də açıq mənbələrdən istifadə edilib. Monitorinqin metodologiyasını “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sifarişi ilə “Transparency İnternational-Russia” Antikorrupsiya Təşəbbüsləri və Tədqiqatları Mərkəzinin ekspertləri hazırlayıb. Metodologiya ilə hər bir tədbirin icra vəziyyətini 0-dan 6-ya və ya 9-a kimi qiymətləndirmək mümkün olub.

Monitorinqin aparıldığı 2012-2015-ci illər ərzində milli fəaliyyət planında əks olunan 28 istiqamət üzrə ən yaxşı nəticə “Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi”, “Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması”, “Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması”, “Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi” istiqamətlərində qeydə alınıb.

Monitorinqin nəticələri əsasında hazırlanmış hesabat Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və digər dövlət orqanlarına, həmçinin beynəlxalq təşkilatlara təqdim ediləcək.

Tədbirdə qeyd olunub ki, 2016-2018-ci illər üçün açıq hökumət planı hazırlanarkən “Konstitusiya” Araşdırmalar Fondunun 2012-2015-ci illərdə apardığı monitorinqdən çıxan nəticələr nəzərə alınıb.



tedbir2

tebir

AMEA-da magistratura şöbəsi yaradıldı

07.09.2016

ameaAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin strukturunda magistratura şöbəsi yaradılır. Qərar AMEA Rəyasət Heyətinin 7 sentyabr iclasında qəbul edilib.

Rəsmi məlumata görə, mövzu ətrafında çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, son illər ölkədə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə akademiyada geniş islahatlar aparılır: “2015-ci ildən başlayaraq AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul və minimum imtahanları test üsulu ilə keçirilir, doktorantların xarici dil fənni üzrə bilik səviyyələrinə qoyulan tələblər yüksəldilib. Elmi qurumun tarixində ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub”.

AMEA-nın prezidenti akademiyaya qəbul zamanı bakalavrlar arasında güclü rəqabətin olduğunu vurğulayıb.

İclasda AMEA-nın magistraturasına qəbulun nəticələri təsdiq edilib, Rəyasət Heyəti Aparatının müvafiq idarələrinin və elmi müəssisələrin rəhbərlərinə tədris prosesinin təşkili ilə bağlı tapşırıqlar verilib. AMEA-da təhsillə bağlı təşkilati işlərin həcminin xeyli artdığı və bununla bağlı Elm və Təhsil İdarəsinin strukturunun və kadr potensialının gücləndirilməsində yaranan zərurət nəzərə alınaraq magistratura şöbəsi yaradılıb, şöbənin ştat vahidləri təsdiq edilib. İdarənin elmi-analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Əhalini siyahıya alacaqlar

08.09.2016



azerbaycan 1Prezident İlham Əliyev Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsinə fərman verib. Siyahıyaalınma 2019-cu il 1-10 oktyabra təyin edilib.

Sentyabrın 7-də imzalanan fərmanla əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub. Nazirlər Kabineti əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir.

Transparency.az bildirir ki, rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfərdir. Dövlət müstəqilliyinin bərpa edildiyi 1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon 218,5 min nəfər olub. 1995-ci ildə əhalinin sayı 7 milyon 643,5 min nəfərə, 2000-ci ildə 8 milyon 32,8 min nəfərə, 2005-ci ildə 8 milyon 447,4 min nəfərə, 2010-cu ildə 8 milyon 997,6 min nəfərə, 2015-ci ildə 9 milyon 593 min nəfərə çatıb.

Azərbaycanda əhali sonuncu dəfə 2009-cu il aprelin 13-dən 22-dək siyahıya alınıb.

İki ölkəyə yeni səfirlər təyin olundu

08.09.2016



prezident-fermanAzərbaycan Respublikasının Moldova və Almaniyada yeni səfirləri təyin olunub. Prezident İlham Əliyevin sentyabrın 7-də imzaladığı sərəncamlarla Qüdsi Osmanov Moldova Respublikasında, Ramin Həsənov Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfir postuna təyinat alıb.

Transparency.az xatırladır ki, prezidentin 6 sentyabr sərəncamları ilə Namiq Əliyev Moldovada, Pərviz Şahbazov Almaniyada fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

Sabiq müstəntiq son söz deyəcək

08.09.2016



rufet seferov

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun işi üzrə proses sentyabrın 8-də davam edəcək. Rüfət Səfərov son söz deməlidir.

Sentyabrın 7-də keçirilən prosesdə prokuror məhkəməyə Rüfət Səfərova 10 il azadlıqdan məhrumetmə cəzası verməyi təklif edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Yeni Azərbaycan Partiyasının üzvü olan Eldar Sabiroğlu həmin vaxtlar mediaya açıqlamalarında hakimiyyətin ayrı-ayrı yüksək fiqurlarını, ən çox da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi sərt tənqid edib. Partiyanın ayrı-ayrı məsul şəxsləri buna cavab olaraq Eldar Sabiroğlunu qınayan açıqlamalar veriblər və onun ittihamlarının əsassız olduğunu vurğulayıblar.

Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

Bu il yanvarın 15-də Rüfət Səfərov həbs edilib, yanvarın 22-də isə ev dustaqlığına buraxılıb. Cinayət işini Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırıb. Sabiq müstəntiq Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

8 aylıq vergi daxilolmaları

08.09.2016

vn 1
Vergilər Nazirliyi 8 aylıq vergi daxilolmaları hesabatı yayıb. Transparency.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,3 faiz əməl edilib.

8 ayda nazirlik 75 min 806 vergi ödəyicisi qeydiyyata alıb.

2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur.

Müəllimliyə əlavə yerləşdirmə: ilk mərhələni 777 nəfər keçdi

08.09.2016

tn-binaTəhsil Nazirliyi ümumi təhsil müəssisələrində boş qalan müəllim vəzifələrinə əlavə yerləşdirmə aparır. Sentyabrın 8-də yayılan rəsmi məlumata görə, əlavə yerləşdirmə topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər üçün nəzərdə tutulub.

3-5 sentyabrda keçirilən ilk mərhələdə 4432 nəfər namizəd öz ərizəsini təsdiq edib. Həmin şəxslərdən 777 nəfəri müsahibə mərhələsinə keçmək hüququ qazanıb.

Bu il Təhsil Nazirliyi ölkənin ümumi təhsil müəssisələrində mövcud olan 3381 vakant yerə müəllimlərin işə qəbulu üçün müsabiqə keçirib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb.

Prezident Xaçmaza səfər edib

08.09.2016

Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna gedib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin müşayiət etdiyi prezident Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub, Heydər Əliyev Mərkəzinin yeni binasının açılışına qatılıb.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev şəhərin mərkəzində yerləşən Nikah evinin binasını da açıb. Ümumi sahəsi 448 kvadratmetr olan binada regionun ən böyük təntənəli mərasim zalı var. Nikaha daxil olmaq istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi bilavasitə burada həyata keçiriləcək. Həmçinin burada nikahı qeydiyyata alınanlar üçün otaq ayrılıb, təntənəli mərasimlərin təşkilinə və əməkdaşlara lazımi şərait yaradılıb.

prezident-xachmaz-1

Ermənistanın baş naziri istefa verdi

08.09.2016

ovik-abramyan-1
Ermənistanın baş naziri Ovik Abramyan sentyabrın 8-də istefa verib. Novator.az-ın məlumatına görə, hakim Respublika Partiyasının üzvü olan Ovik Abramyan hökumət başçısı postundan istefasını belə izah edib: “Prezidentə yeni hökumət formalaşdırmaq imkanı yaratmaq üçün istefa vermək qərarına gəldim”.

Hökumətin 8 sentyabr iclasında çıxış edən Ovik Abramyan deyib ki, baş nazir təyin olunandan bəri qarşısına qoyulmuş vəzifələrin icrası üçün əlindən gələni edib. O, nazirlərə birgə işə görə təşəkkürünü bildirib və qeyd edib ki, fəal siyasətdə qalacaq.

1958-ci ildə Artaşat rayonunda doğulan Ovik Abramyan Yerevan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Artaşat Konyak-Şərab Zavodunun direktoru, şəhər soveti icraiyyə komitəsinin sədri, şəhər meri, Ararat vilayətinin qubernatoru vəzifələrində çalışıb. Ermənistan hökumətində nazir postları tutub, baş nazirin müavini, Prezident Aparatının rəhbəri olub. 2008-2011-ci illərdə parlament sədri vəzifəsində çalışıb, 2012-ci ildə yenidən spiker seçilib.

2014-cü il aprelin 13-də baş nazir təyin edilib.

Ermənistan Konstitusiyasına görə, baş nazir istefa verəndə bütün hökumət istefaya getmiş sayılır.

Nazirlik əmək müqaviləsi bildirişləri üzrə hesabat yayıb

08.09.2016

emek nazirliyi

Avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 164 min 981 müraciət olub. Qurum bildirir ki, müraciətlər əvvəlki aya nisbətən 15 faiz, ötən ilin avqust ayına nisbətən 30 faiz artıb.

Yanvar-avqust aylarında isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə sistemdən 5,8 faiz çox, 1 milyon 369 min 124 dəfə istifadə edilib.

Avqustda müraciətlərin 153 min 103-ü “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 11 min 878-i isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə olub.

2014-cü ilin iyul ayından əhaliyə təqdim olunan hər iki e-xidmət üzrə sentyabrın 1-nə qədər 5 milyon 878 min 228 dəfə istifadə qeydə alınıb.

Neft Fondu valyuta hərracında 200 milyon dollar satdı

08.09.2016

neft fondu1Sentyabrın 8-də keçirilən valyuta hərracında 200 milyon ABŞ dolları həcmində vəsait satılıb. Dövlət Neft Fondundan həmin vəsaiti 22 bank alıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551,9 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar alınıb, beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard 387,3 milyon dollar gedib.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Mərkəzi Bank sentyabrın 8-də 1 dolları 1,6403 manata satır.

Bu il ABŞ dollarının ən aşağı qiyməti mayın 25-26-sı qeydə alınıb: 1 dollar 1,49 manata satılıb. Ən yüksək rəsmi qiymət isə martda olub. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.

56 sahibkara 780 min manat güzəştli kredit verildi

08.09.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 8-də İmişli rayonunun Cəfərli kəndində işgüzar forum keçirib. Forumda Tədbirdə İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat güzəştli kredit verilib. Rəsmi məlumata görə, kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Qeyd olunub ki, 2016-cı ildə 1700-dən çox sahibkar 100,6 milyon manat güzəştli kredit alıb. Ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 493 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində İmişli rayonunda güzəştli kreditlər hesabına yaradılmış iri fermer təsərrüfatında pambıq yığımına hazırlıq işlərinə baxış keçirilib. Məlumata görə, indiyədək pambıqçılıqla bağlı layihələrin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 60 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövründə 2,5 milyon manat güzəştli kredit ayrılıb.

forum-1

forum-2

Rusiyada yaşayış minimumu artdı

08.09.2016

rusiya-yashayish-minimumuSentyabrın 8-də Rusiyanın baş naziri Dmitri Medvedyev 2016-cı ilin ikinci rübü üçün yaşayış minimumu ilə bağlı sərəncam imzalayıb. Novator.az-ın məlumatına görə, yaşayış minimumu adambaşına 9956 rubl (255 manat) müəyyən olunub.

Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 10 722 rubl (274 manat), pensiyaçılar üçün 8163 rubl (209 manat), uşaqlar üçün 9861 rubldur (252 manat).

2016-cı ilin ilk rübündə Rusiyada yaşayış minimumu adambaşına 9776 rubl (225 manat) təyin olunmuşdu.

Azərbaycanda 2016-cı ildə yaşayış minimumunun məbləği belə təsdiqlənib: ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Xaçmazda görüşlər

08.09.2016

Prezident İlham Əliyev sentyabrın 8-i Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib. Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.

Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir. Dövlət başçısı avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev həmin gün Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub, ləzgi icmasının nümayəndələri ilə söhbət edib.

Prezident “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışına da qatılıb. 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsində 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Aqroparkla tanışlıqdan sonra İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə bir araya gəlib.



sefer-1_1

sefer-2_2

sefer-3_3

Nazarbayev baş naziri Təhlükəsizlik Komitəsinə sədr göndərdi

08.09.2016

karim-masimov-2
Sentyabrın 8-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş nazir Kərim Məsimovu vəzifədən azad edib. Novator.az-ın məlumatına görə, prezidentin digər sərəncamı ilə Kərim Məsimov Milli Təhlükəsizlik Komitəsinin sədri postuna keçirilib.

Hökumət başçısı səlahiyyətlərinin müvəqqəti icrası baş nazirin birinci müavini Bakıtjan Saqintayevə həvalə olunub.

Kərim Məsimov baş nazir postunu 2014-cü ilin aprelindən tuturdu.

1965-ci il təvəllüdlü Kərim Məsimov 2007-2012-ci illərdə baş nazir, 2012-ci ilin sentyabrından Prezident Administrasiyasının rəhbəri olub. Hökumətdə müxtəlif postlar tutmuş Kərim Məsimov 2014-cü ilin yanvarından dövlət katibi səlahiyyətlərini müvəqqəti icra edib. Həmin il aprelin 3-də baş nazir təyin olunub.

“Şəffaflıq Azərbaycan” ictimai vəkillik layihəsinə yekun vurub

08.09.2016

Sentyabrın 8-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 2012-2016-cı illərdə apardığı ictimai vəkillik fəaliyyəti üzrə yekun hesabatını təqdim edib.

“Şəffaflıq Azərbaycan” ictimai vəkillik fəaliyyətini ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə aparıb.

Hesabat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC, “Azərsu” ASC və digər dövlət qurumlarına təqdim olunmuş tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir.

Bakının “Avropa” otelində təşkil edilən təqdimat mərasimində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, son dörd ildə layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə 16 dəyirmi masa keçirilib və yekun hesabat ictimai qurumlara ünvanlanan tövsiyələrin icrasının qısa məzmununu ifadə edir.

Tədbirdə bildirilib ki, “Şəffaflıq Azərbaycan” vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin həyata keçirilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan dövlət qurumlarına, əsasən də bu qurumların elektron xidmətlərinə xüsusi diqqət ayırıb. Tədbirdə qanunvericiliyə təklif olunan dəyişikliklə bağlı tövsiyələr səsləndirilib.

Hesabat dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirə olunub.



tedbir

tedbir2

Prezident səlahiyyətləri baş nazirə keçdi

08.09.2016

shovket-1
Sentyabrın 8-də Özbəkistanın baş naziri Şövkət Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunub. Qərar Ali Məclisin yuxarı və aşağı palatalarının birgə iclasında qəbul edilib.

Özbəkistana 1989-cu ildən rəhbərlik edən prezident İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. Konstitusiyaya görə, prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. Novator.az-ın məlumatına görə, sentyabrın 8-də Niqmatilla Yoldaşov prezident səlahiyyətlərinin icrasından imtina edib və baş nazir dövlət başçısı səlahiyyətlərinə yiyələnib.

Prezident seçkisi 3 ay ərzində keçirilməlidir.

Şövkət Mirziyayev 1957-cı il iyulun 24-də Cizak vilayətində anadan olub. 1981-ci ildə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1992-ci ilədək həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb. Texnika elmləri namizədidir.

1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib.

1992-ci ildə Daşkəndin Mirzə-Uluqbəy rayonunun hakimi təyin olunub. 1996-cı ildə Cizak vilayətinin hakimi vəzifəsinə keçirilib. 2001-ci ildə Səmərqənd vilayətinin hakimi vəzifəsinə təyinat alıb.

2003-cı il dekabrın 12-dən baş nazirdir. Liberal Demokrat Partiyasının üzvüdür.

Şövkət Mirziyayevin Rusiyada yaşayan məşhur özbək milyarder Əlişir Usmanovla qohumluq əlaqələri var.

Son siyahıyaalmada əhalinin milli tərkibi belə olub

08.09.2016



ehali-1
2019-cu ilin 1-10 oktyabrında Azərbaycan əhalisi siyahıya alınacaq. Prezidentin 7 sentyabr fərmanı ilə əhalinin siyahıyaalınması Dövlət Statistika Komitəsinə həvalə olunub. Nazirlər Kabineti əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir.

Azərbaycanda əhali sonuncu dəfə 2009-cu il aprelin 13-dən 22-dək siyahıya alınıb. Transparency.az bildirir ki, 2009-cu ildə əhalinin sayı 8 milyon 922,4 min nəfər olub.

Həmin siyahıyaalmada əhalinin milli tərkibi belə göstərilib:

azərbaycanlılar – 91,6 faiz

ləzgilər – 2 faiz

talışlar – 1,3 faiz

ruslar – 1,3 faiz

ermənilər – 1,3 faiz

avarlar – 0,6 faiz

türklər – 0,4 faiz

tatarlar – 0,3 faiz

tatlar – 0,3 faiz

ukraynalılar – 0,3 faiz

kürdlər – 0,1 faiz

saxurlar – 0,1 faiz

gürcülər – 0,1 faiz

yəhudilər – 0,1 faiz

qrızlar – 0,04 faiz

udinlər – 0,04 faiz

xınalıqlar – 0,02 faiz

digər millətlər – 0,1 faiz.

Siyahıyaalınma zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edib. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılıb.

Metro auditinin nəticələri

08.09.2016



metro-1Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirdiyi audit üzrə hesabat yayıb. Qeyd olunur ki, audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 milyon, 2015-ci il üzrə 90,6 milyon manat, həmçinin cəlb edilən kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılan 602 milyon manat vəsaiti əhatə edib.

Auditlə müəyyən olunub ki, metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib. Eyni zamanda qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib: “Metro stansiyalarının sahəsində müvafiq qaydada rəsmiləşdirilmədən ticarət fəaliyyəti həyata keçirilib, cəmiyyətin struktur vahidinin texniki pasportu ilə müəyyən edilən ərazisindən hər hansı əsas olmadan yaşayış və kommersiya təyinatları üzrə istifadə olunub, eyni zamanda metro stansiyalarında yığılıb-sökülən konstruksiyaların alınması və quraşdırılması istiqamətində vəsaitlərin xərclənməsinə baxmayaraq həmin ticarət sahələrindən hər hansı formada gəlirlərin əldə olunması rəsmiləşdirilməyib.

Funksional fəaliyyətlə bağlı olmayan alışlar üzrə satınalma proseduraları tətbiq edilmədən birbaşa müqavilələr bağlanıb, eyni malların satın alınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilib, satın alınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilməyib. Bəzi hallarda mallar birbaşa istehsalçılardan deyil, rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satın alınıb, güzəştli gömrük rüsumu rejimlərindən istifadə olunmayıb, təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti işləri sifarişçi-podratçı qaydasında tətbiq edilən əlavələrlə rəsmiləşdirilib, eləcə də istehsal edilərək daxili istehlaka yönəldilən dəmir-beton məmulatlarının kalkulyasiyasına mənfəət normasının daxil edilməsi nəticəsində dövlət vəsaitlərinə qənaət edilməyib.

Məlum olub ki, metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilib, bəzi obyektlərin layihə və smeta sənədləri ekspertizadan keçirilməyib, layihə-smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilib.

Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı olmadan 6 milyon manat vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülüb, müvafiq təyinatlar üzrə isə icra olunmayıb və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi göstərilməyib.

Maliyyə hesabatları müvafiq qaydada təsdiqlənməyib, nizamnamə kapitalının miqdarı uçot sənədlərində artırılsa da, nizamnamədə müvafiq dəyişikliklərin edilməsi üçün tədbirlər həyata keçirilməyib.

Hesablama Palatasının Kollegiyası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumatların göndərilməsi qərara alınıb. Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib”.

Qusar səfəri

08.09.2016

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev sentyabrın 8-də Qusara baş çəkib. Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib. Bildirilib ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla 8 metr enində hərəkət hissəsindən və 2 metr enində çiyinlərdən ibarətdir.

Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Sonra İlham Əliyev Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rəsmi məlumatda Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdığı da xəbər verilir. İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.



prezident-qusarda-1

Rüfət Səfərova 9 il iş kəsilib

09.09.2016

rufet-seferov-1
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun mühakiməsini başa çatdırıb. APA-nın məlumatına görə, sentyabrın 8-i hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərova hökm oxunub. 9 il müddətinə azadlıqdan məhrum edilən Rüfət Səfərov məhkəmə zalında həbs olunub. Sabiq müstəntiq Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinib.

Sentyabrın 7-də keçirilən prosesdə prokuror Rüfət Səfərova 10 il azadlıqdan məhrumetmə cəzası verməyi təklif etmişdi.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Yeni Azərbaycan Partiyasının üzvü olan Eldar Sabiroğlu həmin vaxtlar mediaya açıqlamalarında hakimiyyətin ayrı-ayrı yüksək fiqurlarını, ən çox da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi sərt tənqid edib. Partiyanın ayrı-ayrı məsul şəxsləri buna cavab olaraq Eldar Sabiroğlunu qınayan açıqlamalar veriblər və onun ittihamlarının əsassız olduğunu vurğulayıblar.

Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq müstəntiqə cinayət işi qaldırıb. Bu il yanvarın 15-də Rüfət Səfərov həbs edilmiş, yanvarın 22-də isə ev dustaqlığına buraxılmışdı.

Avro bahalaşıb

09.09.2016

avro 01Mərkəzi Bank sentyabrın 9-da ABŞ dollarının və Rusiya rublunun kurslarını dəyişməyib. Transparency.az-ın məlumatına görə, 1 dollar 1,6403 manata, 1 rubl isə 0,0256 manata təklif edilir.

Avronun rəsmi məzənnəsi isə yüksəlib. Ötən gün 1,8454 manata satılan 1 avroya 1,8498 manat qiymət qoyulub (Məzənnələr).

Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551,9 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar alınıb, beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard 387,3 milyon dollar gedib.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il ABŞ dollarının ən aşağı qiyməti mayın 25-26-sı qeydə alınıb: 1 dollar 1,49 manata satılıb. Ən yüksək rəsmi qiymət isə martda olub. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.

Ermənistanın yeni baş naziri bəlli oldu

09.09.2016



karen-karapetyan-yeni-1
Ermənistan prezidenti Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublika Partiyasının icra orqanı sentyabrın 8-də Karen Karapetyanı baş nazir postuna namizəd göstərib.

Əvvəlki baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib. 58 yaşlı Ovik Abramyan 2014-cü il aprelin 13-dən baş nazir idi.

Novator.az bildirir ki, Karen Karapetyan 1963-cü il avqustun 14-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Stepanakert şəhərində doğulub, Yerevanda böyüyüb.

1985-ci ildə Yerevan Dövlət Universitetinin tətbiq riyaziyyat fakültəsini bitirən Karen Karapetyan iqtisad elmləri doktorudur. Uzun illər energetika sahəsində rəhbər vəzifələrdə çalışıb, “Qazprom-Ermənistan” şirkətinə rəhbərlik edib.  2010-2011-ci illərdə Yerevanın meri olub.

1998-ci ildən Ermənistanda siyasi hakimiyyət Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxmış şəxslərin əlindədir. Dağlıq Qarabağda doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə prezident postunu tutub. 2008-ci ildən prezident kürsüsündə əyləşən Serj Sərkisyan da Dağlıq Qarabağda anadan olub.

Ermənistan hakimiyyətinin ən önəmli simalarından olan müdafiə naziri Seyran Ohanyan da Dağlıq Qarabağdandır. Seyran Ohanyan müdafiə naziri postuna 2008-ci ildə təyin edilib.

Prezident: “İdxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”

09.09.2016



prezident-1
“Neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq”. Sentyabrın 8-i Xaçmazda, “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.

İlham Əliyev qeyd edib ki, ölkənin iqtisadi inkişafı ilə bağlı prioritetləri bəllidir: “Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”.

Dövlət başçısı Azərbaycana həm dövlət, həm özəl sektor, yerli şirkətlər, xarici firmalar investisiyalar qoyur: “Bu, ölkəmizin gücünü və siyasətimizin niyyətini göstərir. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyir gətirsinlər”.

Həmin gün Qusarda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident İlham Əliyev qeyd edib ki, sosial layihələrə, infrastruktur layihələrinə dövlət xətti ilə investisiya qoyuluşu davam etdiriləcək: “Biz indi özəl sektordan daha böyük fəallıq gözləyirik. Çünki özəl sektorda çalışan həm yerli, həm də başqa ölkələrdən gələn iş adamları gərək daha da fəal işləsinlər. Onlar yaradılan bu şəraitdən maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Çünki bizdəki şərait az ölkələrdə müşahidə olunur. Bizdə olan sabitlik inkişaf üçün, biznes üçün əsas şərtdir”.

“İkitərəfli SMS xidməti” ödənişsiz olacaq

09.09.2016



vnYaxın günlərdə 30 mindən çox vergi ödəyicisi “İkitərəfli SMS xidməti”ndən ödənişsiz faydalana biləcək. Sentyabrın 9-da rəsmi məlumat yayan Vergilər Nazirliyi bildirir ki, icraçı şirkətlə “Azercell” nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə dair razılıq əldə edilib.

Vergilər Nazirliyi 2012-ci ildən “İkitərəfli SMS xidməti”nin tətbiqinə başlayıb. İndiyə kimi xidmətə yalnız “Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi. Hazırda isə “İkitərəfli SMS” xidməti vasitəsi ilə abunə olmuş şəxslər vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslər isə 5 istiqamətdə məlumatlar alır.

Məlumata görə, artıq “Bakcell” və “Nar” mobil operatorlarının abonentlərinə də “İkitərəfli SMS xidməti”ndən istifadə etmək imkanı yaradılıb.

Moldova separatçılarının başçısı Rusiyaya birləşmək fərmanı imzalayıb

09.09.2016

xerite_221Moldovada rusların sıx yaşadığı bölgədə qurulmuş separatçı “Dnestryanı Moldova Respublikası”nın “prezidenti” Yevgeni Şevçuk sentyabrın 9-da bölgənin Rusiyaya birləşdirilməsi hazırlıqlarına başlamaq fərmanı imzalayıb. Transparency.az-ın məlumatına görə, fərman “Dnestryanı Moldova Respublikası”nın hüquq sisteminin Rusiya qanunvericiliyinə uyğunlaşdırılması tədbirlərini nəzərdə tutur. Bunun üçün xüsusi komissiya yaradılacaq.

Dnestryanı rejim Moldovadan ayrıldığını 1990-cı illərin əvvəllərində elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.

2006-cı il sentyabrın 17-də separatçı rejimin keçirdiyi “referendum”da gələcəkdə Rusiyaya birləşmək qərarı verilib. Qondarma rejimin “parlamenti” 2013-cü ildə “respublika” ərazisində Rusiya qanunvericiliyinin tətbiqi haqda qanun qəbul edib.

Mərkəzi Bank manatın kursunu sərbəst buraxa bilər

09.09.2016

vuqar bayramov 1Mərkəzi Bank 2016-cı ilin sonuna doğru liberal məzənnə siyasətinə keçə bilər. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov bu qənaətdədir.

Ekspert Dövlət Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarına nəzər salaraq hərraclarda iştirak imkanlarının tükəndiyini bildirir: “Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatı var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat köçürmə etməlidir. Fond bu il 3,5 milyard dollardan artıq valyutanı hərraclarda manata çevirib və büdcə öhdəlikləri başa çatanadək hərraclara çıxacaq. Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzunmüddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyil. Bu baxımdan valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa Dövlət Neft Fondu və Mərkəzi Bankın hərraca nə qədər valyuta çıxarmasından asılı olacaq.

Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma idxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Bütün hallarda Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçə bilər və əslində bu qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə az qalıb”.

Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551,9 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar alınıb, beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard 387,3 milyon dollar gedib.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il ABŞ dollarının ən aşağı qiyməti mayın 25-26-sı qeydə alınıb: 1 dollar 1,49 manata satılıb. Ən yüksək rəsmi qiymət isə martda olub. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.

Sentyabrın 9-da Mərkəzi Bank 1 dolların qiymətini 1,6403 manat müəyyən edib.

Özbəkistanda növbədənkənar prezident seçkisi təyin olundu

09.09.2016



sechkiÖzbəkistanda növbədənkənar prezident seçkisi dekabrın 4-nə təyin olunub. Novator.az xəbər verir ki, qərarı ölkənin Mərkəzi Seçki Komissiyası sentyabrın 9-da qəbul edib.

Özbəkistana 1989-cu ildən rəhbərlik edən prezident İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. Konstitusiyaya görə, prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. Sentyabrın 8-də Niqmatilla Yoldaşov prezident səlahiyyətlərinin icrasından imtina edib və baş nazir Şövkət Mirziyayev dövlət başçısı səlahiyyətlərinə yiyələnib.

Mərhum prezident İslam Kərimov 1989-cu ilin iyun ayının 23-də Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən Özbəkistanın başında dayanırdı. 1990-cı il martın 24-də parlamentin qərarı ilə prezident vəzifəsinə gətirilən İslam Kərimov 1991-ci ildə Özbəkistan müstəqillik əldə etdikdən sonra beş dəfə dövlət başçısı seçilmişdi.

Növbəti prezident kimi ən çox adı çəkilən şəxslərdən biri baş nazir Şövkət Mirziyayevdir. 59 yaşlı Şövkət Mirziyayev 1981-ci ildə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1992-ci ilədək həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb.

1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib. Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak və Səmərqənd vilayətlərinin hakimi olub.

2003-cı il dekabrın 12-dən baş nazirdir. Liberal Demokrat Partiyasının üzvüdür.


Hesablama Palatası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yoxlama aparıb


09.09.2016

hesablamapalatasi 1

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Rəsmi məlumata görə, kollegiya iclasında dövlət büdcəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət hesabatları müzakirə olunub. Hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi təsdiqlənib. Qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə qəbul edilmiş təqdimatların icrası vəziyyəti barədə məlumat dinlənib.

Qusarda əmək yarmarkası


09.09.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabrın 9-u Qusar şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkası keçirib. AZƏRTAC xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 20-dən çox idarə, müəssisə və təşkilatdan 209 vakant iş yeri çıxarılıb. Təklif edilən işlərə görə əməkhaqqı 110-500 manat arasında olub.

Yarmarkada 55 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib. Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

yarmarka

Kreditlər azalıb, əmanətlər artıb


09.09.2016

amb 1Mərkəzi Bankın 9 sentyabr 2016-cı il hesabatına görə, avqustun 1-nə Azərbaycanda kreditlərin həcmi 16 milyard 202,3 milyon manat olub. Transparency.az bildirir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 1 milyard 683,1 milyon manat azdır. İyulun 1-nə kreditlərin həcmi 17 milyard 885,4 milyon manat idi (Kredit qoyuluşları).

Mərkəzi Bankın başqa hesabatına əsasən, avqustun 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 843,8 milyon manata qalxıb. İyulun 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 815,6 milyon manat idi. Bir ayda 28,2 milyon manat artım olub (Əhalinin əmanətləri).



Transparency.az/cnews səhifəsi haqqında


09.09.2016

Transparency.az/cnews səhifəsi “Transparency İnternational” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində hazırlanıb.



2015-ci il iyul ayının 1-dən səhifədə dövlət və cəmiyyət idarəçiliyində şəffaflıq, korrupsiya ilə mübarizə problemləri barədə, sosial-iqtisadi və başqa mövzularda 4035 material (xəbər, şərh, araşdırma, müsahibə, monitorinq, hüquqi arayış, rəsmi sənəd və s.) yerləşdirilib.
Yüklə 464,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə