Xəbər bülleteni №7



Yüklə 0,52 Mb.
səhifə1/6
tarix17.10.2017
ölçüsü0,52 Mb.
#5170
  1   2   3   4   5   6

Xəbər bülleteni № 7

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Sentyabr 2015

Prezident dövlət xidmətlərinin göstərilməsini asanlaşdıran fərman imzalayıb

01.09.2015

prezident - ferman

Avqustun 31-də prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində tədbirlərə fərman verib. Fərmanın giriş hissəsində qeyd olunur ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir: “Mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir”.

Fərmanda vurğulanır ki, elektron xidmətlər ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaq”.

Sənədə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində bu qaydalara riayət olunması təmin edilməlidir:

- arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə elektron qaydada tərtib edilməsi;

- arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması;

- arayışın vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməsi.

Fərmanın 2-ci bəndi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaratmasını nəzərdə tutur.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə isə fərmanla əlavə səlahiyyətlər verilir:

- yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;

- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

- taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi”.

Daxili İşlər Nazirliyi bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etməli, arayışın “ASAN xidmət” mərkəzlərində və nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidmətinə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etmək tapşırılıb.

Nəqliyyat Nazirliyinə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək həvalə olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Prezident Administrasiyası taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi məqsədi ilə normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Metroda köhnə kartlara gediş haqqı yüklənməsi dayandırıldı

01.09.2015

yeni kartSentyabrın 1-dən Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yüklənməsi dayandırılıb. “Trend”ə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, “Metrokart”da gediş haqqı varsa, həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək olar. Oktyabrın 1-dən isə “Metrokart”ın istifadəsi dayandırılacaq.

Avqustun 8-dən “Bakı Metropoliteni” QSC-də vahid ödəniş kartı olan “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartları tətbiq olunur. “Bakıkart”ın (plastik kart) qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Qiyməti 20 qəpik olan “Bakıkart — məhdud istifadə üçün” kartına yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil.

Hesablama Palatası dövlət büdcəsini azaltmağı təklif edir

01.09.2015



vuqar gulmemmedov 1Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a deyib ki, 2015-ci ilin birinci yarısında 34 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul olunub: “Bu tədbirlər 2012-2014-cü illər üçün dövlət büdcəsi xərclərinin müxtəlif dövrlər üzrə icrasını əhatə edib. Həyata keçirilən nəzarət tədbirlərinin nəticələri əvvəlki audit tədbirlərində müşahidə olunan meyllərin və rast gəlinən nöqsanların hələ də təkrarlandığını göstərir. Dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələblərinin bu və ya digər aspektlərdən pozulması halları, demək olar, bütün nəzarət obyektlərinə xas olub. Həmçinin vəsaitin təyinatının dəyişdirilərək icra edilməsi halı da ən çox rast gəlinən meyllərdəndir. Bu hal təkcə xərclərin iqtisadi təsnifat kodunun dəyişdirilməsini deyil, həmçinin vəsaitin funksional fəaliyyətə aid olmayan tədbirlərə yönəldilməsini nəzərdə tutur.

İlin ilk 6 ayı üzrə əldə edilmiş nəticələrə görə, təmir-tikinti ilə bağlı fəaliyyətin təmin edilməsi zamanı yol verilmiş nöqsanların dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin tərkibində ən böyük xüsusi çəkiyə malik olduğu müəyyənləşib. Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatın təqdimatı zamanı da qeyd etmişdik ki, tikintidə müqavilə qiymətinin mövcud müəyyən edilmə qaydası dəyişdirilməlidir. Çünki bu metodikada artıq xərclərin yaranması riski mövcuddur. Ümumiyyətlə, büdcə xərcləmələrinə dair bəzi normativ bazanın gücləndirilməsinə ehtiyac var”.

Palata sədri qeyd edib ki, nəzarət tədbirlərinin əsas məqsədi maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlılığın artırlmasıdır: “Bunlar isə dövlət vəsaitlərinin istifadəsində qənaətlilik, səmərəlilik və nəticəliliyin yüksəldilməsinə xidmət edir. Nəzarət tədbirləri ilə bağlı görülmüş işlərin də qayəsini məhz bu prinsiplər təşkil edir. Yol verilmiş nöqsanlar nəticəsində vəsaitlərin müvafiq qanunvericiliyə uyğun olaraq audit obyektləri tərəfindən bərpa edilməsi, işlərin və xidmətlərin görülməsi fəaliyyətin əsas göstəriciləridir. Bununla yanaşı maliyyə inzibatçılığının pozulmasına yol vermiş vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirləri, digər nəticə göstəriciləri kimi müvafiq qurumlar tərəfindən atılan addımlardandır. Mövcud qanun palata tərəfindən yalnız korrupsiya ehtimalı olan faktlara görə materialların hüquq-mühafizə orqanlarına göndərilməsini tələb edir. Audit tədbirlərinin nəticələrinə görə Hesablama Palatası, bütün hallarda, müvafiq kollegiya qərarında günahkar şəxslərin ciddi cəzalandırılmasına, qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsinə dair tələb qoyur. Lakin bu şəxsə hansı inzibati cəzanın verilməsi audit olunan struktur vahidinin rəhbərinin və mərkəzi icra hakimiyyətinin səlahiyyətlərinə aiddir”.

Vüqar Gülməmmədov deyib ki, növbəti ildə dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruriliyini əsas tutaraq palata öz təkliflərini 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə Milli Məclisə təqdim edib: “Büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin bir yolu da həmin vəsaitlərin əsaslı planlaşdırılması və proqnozlaşdırılmasıdır. Başqa sözlə desək, xüsusilə bu həssas dövrdə tədbirlərin müəyyən edilmiş hədəf və vəzifələrə uyğunlaşdırılmasını təmin etmək vacibdir. Tədbir və hədəflərin uzlaşdırılması, eyni zamanda büdcənin qənaətli icrası, həmçinin dövlət borcunun optimal idarə edilməsi, son nəticədə Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılmasını, nəticəliliyin əldə olunmasını da təmin edər.

Növbəti ildə dövlət büdcəsinin xərclərinin büdcənin gözlənilən icrasından çox olmamaqla proqnozlaşdırılması, büdcə kəsirinin beynəlxalq səviyyədə qəbul olunan norma daxilində planlaşdırılması və örtülməsi daha çox daxili borclanma və digər mənbələr istiqamətində əməli tədbirlər görülməsi hesabına məqsədəuyğun olardı. Əsaslı xərclərlə yanaşı cari xərclərdə də azalma mənbələri mövcuddur. Belə ki, büdcədən maliyyələşən təşkilatlar öz büdcələrində hansı xərclərin artıq olmasını daha yaxşı bilirlər və buna görə də müvafiq təkliflə müraciət etməlidirlər.

Əsas məqsəd xərclərin azaldılması deyil. Büdcə xərclərinin müəyyən hissəsinin multiplikativ effektlə iqtisadi artıma dəstək olduğu nəzərə alınmalıdır. Xərclər dövlətimizin başçısının müəyyən etdiyi prioritet istiqamətlərin icrasını tam şəkildə təmin etməlidir. Bu istiqamətdə isə səmərəlilik və qənaətlilik meyarları önə çıxır”.

Neft 3 dollardan çox bahalaşıb

01.09.2015



neft
Sentyabrın 1-də AZƏRTAC-ın yaydığı məlumata görə, dünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 3,33 dollar artaraq 47,76 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 3,61 dollar artaraq 52,67 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 50,54 dollardır.

Silahlı Qüvvələrə Yardım Fondunun ehtiyatı 593 min manat artıb

01.09.2015

Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2015-ci ilədək 66 milyon 526 min manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait daxil olub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Transparency.az bildirir ki, bir ayda Silahlı Qüvvələrə Yardım Fondunun ehtiyatı 593 min manat artıb. Avqustun 1-dək fondun hesabında 65 milyon 933 min manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait vardı.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Nazirlik elektron xidmət sorğusunun nəticələrini açıqlayıb

01.09.2015

nazirlikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) internet saytında (www.mlspp.gov.az) keçirilən interaktiv sorğunun nəticələrini açıqlayıb. Transparency.az-a verilən rəsmi məlumata görə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi elektron xidmətlərdən istifadə edirsinizmi” sualını 2975 nəfərdən 2777 nəfər, yəni 93,3 faiz müsbət cavablandırıb.

Məlumatda deyilir ki, bu ilin yanvar-iyul aylarında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə istifadə olunub, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizi deməkdir.

Hazırda ünvanlı dövlət sosial yardımı sistemi də elektron əsaslar üzərində qurulur. Dövlət məşğulluq xidmətləri üzrə e-xidmətlərin artırılması sahəsində də iş aparılır.

Ekspertin fikrincə, hökumətin büdcə çətinliyi var

01.09.2015

gubad-112016-cı ilin büdcə layihəsinin parametrləri hələ açıqlanmayıb. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Maliyyə Nazirliyi hər il sentyabr ayına qədər ictimaiyyəti növbəti ilin büdcəsinin konturları barədə məlumatlandırırdı: “Bu il isə ucuzlaşan neft və azalan dövlət gəlirləri büdcənin formalaşdırılması üçün mürəkkəb iqtisadi situasiya yaradıb. Rəsmi statistikaya görə, 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19,5 milyard manat və ya 25 milyard dollar səviyyəsində icra olunub. Həmin il Azərbaycan tarixinə ən yüksək büdcə gəlirlərinin təmin olunduğu il kimi düşüb. Ötən il büdcə gəlirləri 2013-cü illə müqayisədə 1,1 milyard manat azalıb. Bu il üçün olan gözləntilərə görə, dövlət büdcəsinin gəlirləri 2013-cü illə müqayisədə 5 milyard manat və ya devalvasiyadan sonrakı məzənnə ilə 10 milyard dollar az icra olunacaq. Son 2 ildə büdcə gəlirlərində ciddi eniş baş verib.

Büdcə xərclərinə gəlincə, son illər ərzində büdcənin izafi xərclərlə yüklənməsi və onun rasional icra olunmaması növbəti il üçün büdcə proqnozlaşdırılmasını çətinləşdirir. Bu isə hökumətin orta və uzunmüddətli dövr üçün büdcə siyasətinin olmamasının nəticəsidir. Azərbaycanda növbəti il üçün dövlət büdcəsinin gəlirləri keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği əsasında proqnozlaşdırılır. Bu isə o deməkdir ki, dövlət büdcəsi strateji məsələ olsa da, növbəti ilin büdcə siyasəti cari konyunktura əsasında müəyyənləşdirilir. Ona görə də dəyişkən neft qiymətlərinin şərtləndirdiyi xarici ticarət və büdcə balansının zəif göstəriciləri bazasında makroiqtisadi və sosial sabitliyi qoruyacaq, iqtisadi artımı təmin edə biləcək büdcəni proqnozlaşdırmaq hökumət üçün o qədər də asan olmayacaq”.

Müsavat Partiyasının parlament seçkisində namizəd göstərdiyi şəxslər

01.09.2015



musavat-loqo
Bastainfo.com saytı Müsavat Partiyasının 1 noyabr parlament seçkisində namizəd göstərdiyi şəxslərin siyahısını dərc edib. Siyahı Müsavat Partiyası Məclisinin avqustun 29-da keçirilmiş sessiyasında təsdiqlənib:

8 saylı Binəqədi — Arzu Səmədbəyli


9 saylı Binəqədi — Nemət Kərimli
10 saylı Binəqədi — Gülağa Aslanlı
12 saylı Qaradağ-Binəqədi-Yasamal — Rauf Ağa
13 saylı Xəzər-Pirallahı — Niyaz Nəsir
15 saylı Yasamal — İsa Qəmbər
18 saylı Nərimanov-Nizami — Bahadur Salmanov
21 saylı Nəsimi — Məzahir Məmmədli
23 saylı Nəsimi-Səbail — Arif Bağırzadə
24 saylı Nizami — Bəxtiyar Tariyev
25 saylı Nizami — Zakir Məmmədzadə
26 saylı Sabunçu — Tofiq Yaqublu
27 saylı Sabunçu — Rafiq İsmayıl
29 saylı Səbail — Nüşabə Sadıxlı
30 saylı Suraxanı — Misir Məhəmmədoğlu
31 saylı Suraxanı — Mustafa Hacılı
33 saylı Xətai — Arif Hacılı
34 saylı Xətai — Dilşad Nağıyeva
38 saylı (Gəncə) Nizami — Cahangir Əmirxanlı
39 saylı (Gəncə) Kəpəz — Akif Əsgərov
43 saylı Sumqayıt — İkram İsrafil
44 saylı Sumqayıt-Xızı — Vəfa Abbasova (Cümşüdlü)
45 saylı Abşeron — Zahir Feyzulla
46 saylı Şirvan — Elman Fəttah
48 saylı Yevlax — Aydın Ələkbərov
50 saylı Abşeron- Qobustan — Səxavət Soltanlı
51 saylı Qusar — Bəxtiyar Əlimov
52 saylı Quba — Müşfiq Mahmudov
53 saylı Quba-Qusar — Yaşar İsrafilov
54 saylı Şabran-Siyəzən — Mərdan Mehdili
55 saylı Xaçmaz şəhər — Söhrab Əmrah
56 saylı Xaçmaz kənd — Şövkət Ramazanlı
57 saylı Kürdəmir — Baha Mikayılov
59 saylı Salyan — Valeh Hümmətoğlu
60 saylı Salyan-Neftçala — Mirzəağa Axund
61 saylı Neftçala — Sabir Abuzarov
62 saylı Saatlı — Namiq Kazımlı
63 saylı Sabirabad — Yavər Gülməmmədov
64 saylı Sabirabad — Əkbər Əliyev
65 saylı Saatlı-Sabirabad-Kürdəmir — Rəhim Qubadov
66 saylı Biləsuvar — Yusif Mehdi
67 saylı Cəlilabad şəhər — Hidayət İsmayıl, Azər Əsgərov
68 saylı Cəlilabad kənd — Davud Qurbanov
71 saylı Masallı kənd — Xasay Fərzulla
73 saylı Lənkəran şəhər — Mikayıl Əsədov
74 saylı Lənkəran kənd — Yadigar Sadıqov
75 saylı Lənkəran-Masallı — İmanverdi Əliyev
77 saylı Astara — Tarif Əliyev
78 saylı Lerik — Mübariz Salayev
79 saylı İmişli — İltizam Əkbər
81 saylı Beyləqan — Nəcəf Qaraşlı
82 saylı Ağcabədi — Rəşid Nəcəfli
84 saylı Füzuli — Osman Kazım
85 saylı Şamaxı — Yasəf Ağazadə
89 saylı Göyçay-Ağdaş — Namiq Hacıbəyli
91 saylı Ucar — Zakir İsmayıl
93 saylı Bərdə şəhər — Müsafir Cəmilli
94 saylı Bərdə kənd — Dadaş Əhmədli
95 saylı Tərtər — Xəqani Məmməd
96 saylı Goranboy-Naftalan — Yusif Namazoğlu
97 saylı Goranboy-Ağdam-Tərtər — Malik Həsənli
98 saylı Şəmkir şəhər — Fariz Cəfərli
101 saylı Göygöl-Daşkəsən — Səfər Hümbətov
102 saylı Samux-Şəmkir — Etibar Əkbərov
108 saylı Ağstafa — Başxanım Abbasova, Ayvazalı Oruclu
109 saylı Balakən — Badruddin Varşayev
110 saylı Zaqatala — Firudin Qazıyev
117 saylı Oğuz-Qəbələ — Vaqif Davud
120 saylı Cəbrayıl-Qubadlı — Razim Əmiraslanlı
121 saylı Laçın — Fərəc Kərimli, Raqif Kərimli
123 saylı Kəlbəcər — İsgəndər Həmidov
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd — Rövşən Atakişiyev
125 saylı Zəngilan-Qubadlı — Nəsiman Yaqublu.

Müsavatın seçki qərargahının açıqlamasına görə, başqa dairələr üzrə namizədlərin müəyyənləşməsi istiqamətində iş davam edir.

Azər Mehtiyev: “Yaşayış yerindən arayış ləğv edilməlidir”

01.09.2015



azer mehtiyev 1

Avqustun 31-də prezident İlham Əliyev yaşayış yeri üzrə qeydiyyatın elektronlaşdırılmasını da nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində bu qaydalara riayət olunması təmin edilməlidir: arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin  və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə elektron qaydada tərtib edilməsi; arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması; arayışın vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməsi.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fərmanla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi səlahiyyəti alıb.

Sənədi Transparency.az-a şərh edən iqtisadçı ekspert Azər Mehtiyev deyir ki, yaşayış yerindən arayış ləğv olunmalıdır: “Fərmanda da göstərildiyi kimi, yaşayış yerindən arayış heç bir başqa sənəd tələb edilmədən, yalnız şəxsiyyət vəsiqəsi əsasında verilirsə, onda arayışa nə ehtiyac var ki, şəxsiyyət vəsiqəsində vətəndaşın qeydiyyat yeri göstərilib. Əlbəttə, ola bilər ki, vətəndaşın qeydiyyat yeri və yaşayış yeri fərqli olsun. Bəs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi nə üçündür? Qoy bu sistem bütün qurumlara və vətəndaşlara açıq olsun və arayış istəyən tərəf bu sistem vasitəsilə vətəndaşın yaşayış yerini dəqiqləşdirsin.

Prezidentin 31 avqust fərmanında nəzərdə tutulan yeni sistemin kəndlərdə necə tətbiq olunacağı da maraqlıdır. Kəndlərdə vətəndaşlara yaşayış yerindən arayışı rayon icra başçılarının kənd üzrə nümayəndələri verir. Kəndlərdə “ASAN xidmət” mərkəzləri yoxdur. İndi kəndlilər arayış üçün rayon mərkəzlərinə gedəcəklər? Əgər kəndlərdə olan icra nümayəndələrinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə giriş imkanları olacaqsa, niyə bütün qurumların və vətəndaşların ona girişi olmasın?”

Seçkidə imza

01.09.2015

Noyabrın 1-də keçiriləcək parlament seçkisində əsas mərhələlərdən biri namizədliyi təsdiqlənmiş şəxslərin xeyrinə imza toplanması olacaq. Transparency.az bildirir ki, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

Seçicilərin imzaları Seçki Məcəlləsində göstərilən qaydada toplanır. Bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının təlimatları da var.

Maddə 56. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri

56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır.

56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.

56.5. Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər.



Maddə 57. Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası

57.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.

57.2. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.

57.3. Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

57.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

57.6. Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.

57.7. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.

57.8. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

57.9. Namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir.

57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.

57.11. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə