Xəbər bülleteni №7



Yüklə 0,52 Mb.
səhifə2/6
tarix17.10.2017
ölçüsü0,52 Mb.
#5170
1   2   3   4   5   6

Maddə 59. İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması

59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır.

59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.

59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. İmza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır.

59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir.

59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın.

59.6. İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.

59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir:

59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları;

59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları;

59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar;

59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar;

59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar.

59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar.

59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.

59.10. Bu Məcəllənin 59.7 — 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır.

59.11. Bu Məcəllənin 59.6 — 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz.

59.12. Bu Məcəllənin 59.6 — 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.

59.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.

MSK-nın təlimatları:

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi

Qərar 9/83, Əlavə 1, Əlavə 1a

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında

Qərar 10/86-1, Əlavə 1, Əlavə 2

Jurnalistə hökm oxundu

01.09.2015

xedice ismayil - 1(1)

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayıla hökm oxunub. Ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, Vergi Məcəlləsinin 101-ci maddəsinə (Gəlir vergisinin dərəcəsi) uyğun olaraq vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

“Azadlıq” radiosunun məlumatına görə, məhkəmə Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Sonradan jurnalistin işinə külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əlavə edilib.

Xədicə İsmayıl 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi necə seçilir?

01.09.2015



ali-meclis 1Azərbaycan parlamentinə seçki günü – noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də seçiləcək. Transparency.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Ali Məclis 45 deputatdan ibarətdir. Ali Məclisin deputatları majoritar seçki sistemi ilə seçilirlər. Seçkilərin nəticələrinin düzgünlüyünü Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yoxlayır və təsdiq edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

Muxtar respublikanın ərazisində daimi yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

Səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının şəxsiyyəti Naxçıvan Muxtar Respublikasında toxunulmazdır.

Ali Məclis 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir.

Büdcə sənədləri kabinetdən prezidentə ötürüldü

02.09.2015

nkSentyabrın 1-də Nazirlər Kabineti baş nazir Artur Rasizadənin sədrliyi ilə toplanıb. İclasda 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2016-cı il və gələn üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri müzakirə edilib.

Baş nazir Artur Rasizadə giriş sözündə deyib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər də nəzərə alınmaqla tərtib edilib. Onun sözlərinə görə, layihənin hazırlanmasında dövlət büdcəsinin sosial istiqamətli olması əsas götürülüb, əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Maliyyə naziri Samir Şərifovla iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər. Müzakirələrin yekununda Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə hazırladığı “Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib. Həmin sənədlər və “Büdcə sistemi haqqında” qanununda nəzərdə tutulan müvafiq materiallar prezidentə təqdim ediləcək.

Bakı görüşündə iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub

02.09.2015

baki gorushu 1Prezident İlham Əliyev sentyabrın 1-i Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Dövlət başçısı dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə iki ölkənin həyata keçirdiyi mütəmadi məsləhətləşmələrin önəmli olduğunu qeyd edib: “Bunlar ölkələrimiz arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, energetika, humanitar sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq münasibətlərinin ən bariz nümunəsidir. Biz ikitərəfli münasibətlərimizi bundan sonra da səmərəli və uğurla inkişaf etdirmək niyyətindəyik”.

AZƏRTAC-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri deyib ki, ölkəsi və Azərbaycan Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı yaxın mövqelərə malikdirlər.

İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan xarici işlər naziri qeyd edib ki, beynəlxalq konyunkturaya baxmayaraq bu əlaqələr yüksələn xətlə inkişaf edir. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğulayıb.

Sergey Lavrov Rusiya Federasiyasına göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək bu qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini deyib.

Parlament prezidenti toxunulmazlıq hüququndan məhrum etdi

02.09.2015



molina
Sentyabrın 1-də Qvatemala Konqresi məhkəmənin müraciətinə baxaraq prezident Otto Peres Molinanı toxunulmazlıq hüququndan məhrum edib. Transparency.az xəbər verir ki, parlamentin bu qərarı ilə prezidenti korrupsiya işi üzrə istintaqa cəlb etmək mümkün olacaq.

Hüquq mühafizə orqanlarının araşdırmalarına görə, prezident yüksək rütbəli məmurlarla birgə korrupsiya sxemi qurub, o cümlədən rüsumların azaldılması üçün iş adamlarından rüşvət alınmasına rəhbərlik edib. Bu korrupsiya qalmaqalı bir neçə aydır prezidentin istefası tələbi ilə kütləvi aksiyalara gətirib.

Sentyabrın 6-sı Qvatemalada prezident seçkisi keçiriləcək. Otto Peres Molina seçkidə iştirak etmir. Onun səlahiyyət müddəti gələn ilin yanvarında başa çatır.

Ekspertlər büdcə müzakirələri barədə danışdı

02.09.2015

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri”ni və “Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ni bəyənən qərar qəbul edib. Həmin sənədlər və “Büdcə sistemi haqqında” qanununda nəzərdə tutulan materiallar prezidentə təqdim olunacaq.

Sentyabrın 1-də sənədlərin müzakirəsində çıxış edən baş nazir Artur Rasizadə deyib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər də nəzərə alınmaqla tərtib edilib. Onun sözlərinə görə, layihənin hazırlanmasında dövlət büdcəsinin sosial istiqamətli olması əsas götürülüb, əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Nazirlər Kabinetinin 1 sentyabr iclasını Transparency.az-a şərh edən ekspert Qubad İbadoğlu büdcənin əsas parametrlərinin, gəlir və xərclərin açıqlanmamasına diqqət çəkib: “Çox təəssüf ki, Nazirlər Kabineti iclas keçirir, gələn il üçün büdcə layihəsini müzakirə edir, amma mətbuata onun hətta konturları ilə bağlı heç bir açıqlama verilmir. Elə bil ki, hökumətin müzakirə etdiyi büdcə xalqın, dövlətin deyil, hakimiyyətin büdcəsidir, onun bizə heç bir dəxli yoxdur”.

Digər iqtisadçı Rövşən Ağayev deyib ki, hökumətin iclasında baş nazir gələn ilin büdcəsinin sosial yönümlü olacağını vurğulayıb: “Ötən illərin büdcələri haqda “investisiya və sosial yönümlü büdcə” ifadəsi işlədilirdi. Görünür, bu il hökumət investisiya xərclərini kəskin formada qayçılayacaq”.

Son bir ayda 142-“Çağrı mərkəzi” 8,9 minə yaxın müraciəti cavablandırıb

02.09.2015

142Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, 142 — “Çağrı mərkəzi” avqust ayında 8897 müraciəti cavablandırıb. Müraciətlərin 3702-i (41,6%) sosial təminat, 2104-ü (23,6%) əmək qanunvericiliyi, 1433-ü (16,1%) elektron xidmətlərdən istifadə, 943-ü (10,6%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 715-i (8%) məşğulluq məsələlərinə aiddir.

Daxil olan müraciətlərin 92,2 faizi nazirliyin səlahiyyət dairəsinə dair məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb və vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. 691 müraciətdə əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələləri, təklif və şikayətlər əksini tapıb və onlar müraciət vərəqəsi tərtib olunmaqla araşdırılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Avqust ayında “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı iyul ayı ilə müqayisədə 8,4 faiz, o cümlədən sosial təminat məsələləri üzrə 11,7 faiz, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 10,2 faiz, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə isə 18,4 faiz,  məşğulluq məsələləri üzrə 1,6 faiz azalıb.

Nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı müraciətlərin sayı isə 10,6 faiz artıb.

Naxçıvanın Dövlət Statistika Komitəsi 20 illik göstəriciləri açıqlayıb

02.09.2015



nmr - yeni
Naxçıvan Muxtar Respublikasında yanvar-iyul aylarında ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 30 dəfə artaraq 1 milyard 294 milyon 428 min manat olub. Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 22 dəfə artaraq 2936 manata çatıb.

20 ildə sənaye məhsulunun həcmi 62 dəfə, əsas kapitala yönəldilən investisiyalar 183 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 5 dəfə, nəqliyyat sektorunda yük daşınması 13 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 66 dəfə, ixracın həcmi 110 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 25 dəfə artıb.

1996-cı ildən 2015-ci il iyulun 1-dək muxtar respublikada 84 min 783 yeni iş yeri açılıb, bunun da 58 min 42-si və ya 68,5 faizi daimi iş yerləridir. Açıqlamaya görə, 1995-ci ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 15,9 manat təşkil edirdisə, hazırda bu göstərici 393 manatdır. 2015-ci ilin yanvar-iyul aylarında əhali gəlirlərinin həcmi 1995-ci ildəki müvafiq göstəricini 31 dəfə üstələyərək 977 milyon 244 min manata, hər bir nəfərə düşən gəlirlər isə 24 dəfə artaraq 2 min 217 manata çatıb.

2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 703 milyon 520 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. 1995-ci illə müqayisədə əmtəə satışının və pullu xidmətlərin həcmi 17,4 dəfə, o cümlədən pərakəndə əmtəə dövriyyəsi 16,7 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 25 dəfə artaraq 94 milyon 927 min manat təşkil edib.



Dərmanların keyfiyyətinə nəzarət yoxlamaları aparılır

02.09.2015



sehiyye n
Səhiyyə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Qeyd olunur ki, dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrdə və bazarda yoxlamalar aparır: “Son bir necə ayda 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarlanıb və satışına icazə verilməyib. Bu il 84 aptekdə reydlər aparılıb, nəticədə 4 aptekin qanunsuz fəaliyyəti üzə çıxıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati protokollar tərtib edilib. Bundan əlavə qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb.

Yoxlamalar zamanı bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

Mərkəzdə əhalinin müraciət və şikayətlərinə də diqqətlə baxılır. Son bir necə ay ərzində 10 belə şikayətə baxılıb, 2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib”.

Lisenziyalı turizm şirkətlərinin sayı 284-ə çatıb

02.09.2015

Avqust ayında Mədəniyyət və Turizm Nazirliyi üç şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verib. Nazirliyin rəsmi məlumatına görə, bunlar “Butterfly travel”, “Natali Travel”, “Express-TTS” məhdud məsuliyyətli cəmiyyətləridir. Bununla da ölkədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.

REAL seçkiyə gedir (Namizədlər)

02.09.2015



realRespublikaçı Alternativ (REAL) Hərəkatı noyabrın 1-də keçiriləcək parlament seçkisinə qatılır. Sentyabrın 2-də bununla bağlı açıqlama yayılıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, REAL Hərəkatı yarandığı gündən özünü hazırkı siyasi sistemə alternativ sayır: “Yaxın hədəflərimizdən biri sistemin çökəcəyi gün ölkədə çağdaş çağırışlara hazır, anlaqlı siyasi çevrənin ayaqda durmasına nail olmaq, belə bir çevrənin ardıcıl və təmkinli şəkildə inkişafı üçün mövcud hüquqi fürsətlərdən mümkün qədər yararlanmaqdır. Belə fürsətlərdən biri də seçkidir. Hüququn üstünlüyü prinsipinin işləmədiyi şəraitdə siyasi mədəniyyətin formalaşması üçün siyasi oyunçuların müzakirə səviyyəsini öz təşəbbüsləri ilə yüksəltmək borcu var. Bunun üçün siyasi hədəflər aydın göstərilməli, təməl əsaslandırma verilməli, “qırmızı cizgilər” çəkilməlidir. REAL Hərəkatı seçkiyə həm də bunun örnəyini göstərmək üçün gedir”.

REAL-ın namizədləri:

Natiq Cəfərli, icra katibi, iqtisadçı — 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi

Erkin Qədirli, İdarə Heyətinin üzvü, hüquqşünas — 16 saylı Yasamal seçki dairəsi

Xalid Bağırov, İdarə Heyətinin üzvü, hüquqşünas, vəkil — 24 saylı Nizami seçki dairəsi

Azər Qasımlı, İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru — 23 saylı Nəsimi-Səbail seçki dairəsi

Zöhrab İsmayıl, İdarə Heyətinin üzvü, iqtisadçı — 8 saylı Binəqədi seçki dairəsi

Cəsur Məmmədov, İdarə Heyətinin üzvü, siyasi elmlər magistri — 27 saylı Sabunçu seçki dairəsi

Vəfa Rüstəm, hüquqşünas — 15 saylı Yasamal seçki dairəsi

Mübariz Rəhimli, siyasi elmlər magistri — 19 saylı Nərimanov seçki dairəsi

Şadiman İsmayılov, informasiya texnologiyaları mütəxəssisi — 14 saylı Xəzər seçki dairəsi

Hafiz Babalı, iqtisadçı — 42 saylı Sumqayıt seçki dairəsi

Ramil Süleymanov, hüquqşünas — 41 saylı Sumqayıt seçki dairəsi

Kənan Məkanlı, iqtisadi elmlər magistri — 43 saylı Sumqayıt seçki dairəsi

Rafiq Muradov, politoloq — 107 saylı Qazax seçki dairəsi

Hacıbaba Bayramov, iqtisadi elmlər magistri — 52 saylı Quba seçki dairəsi

Azay Vəlixanov, iş adamı — 56 saylı Xaçmaz kənd seçki dairəsi

Əlayif Həsənov, hüquqşünas, vəkil — 92 saylı Zərdab-Ucar seçki dairəsi

Mikayıl Talıbov, müəllim — 77 saylı Astara seçki dairəsi.



REAL-ın dəstəklədiyi şəxslər:

Ruslan İzzətli, D18 Hərəkatı — 33 saylı Xətai seçki dairəsi

Ülvi Həsənli, “Nida” Vətəndaş Hərəkatı — 9 saylı Binəqədi seçki dairəsi

Ramin Hüseynov, “Nida” — 18 saylı Nərimanov-Nizami seçki dairəsi

Elgiz Qəhrəman, “Nida” — 29 saylı Səbail seçki dairəsi

Nicat Əmiraslanov, “Nida” — 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi

Məzahir Şahvələdov, hüquqşünas — 86 saylı İsmayıllı seçki dairəsi.

REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Ona 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Yaşayış yerindən arayış. Qanun onu qanunsuz sayır?

02.09.2015



azer mehtiyev 1Bu həftə prezident İlham Əliyev yaşayış yeri üzrə qeydiyyatda yenilikləri nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə elektron qaydada tərtib edilməli; vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanmalı; vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməlidir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fərmanla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi səlahiyyəti alıb.

Sentyabrın 1-də prezident fərmanını Transparency.az-a şərh edən iqtisadçı ekspert Azər Mehtiyev deyib ki, yaşayış yerindən arayış ləğv olunmalıdır. Bu gün isə Azər Mehtiyev hüquqşünas Asima Nəsirliyə istinadla yeni açıqlama yayıb: “Sən demə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü maddəsinə görə, ölkə vətəndaşından belə arayış istənilə bilməz. Qanunla yaşayış yeri bu sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə; Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.

1997-ci il yanvarın 1-dən qüvvədə olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Mənim üçün maraqlıdır ki, yaşayış yeri haqqında arayışın verilməsi funksiyasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ötürülməsi barədə bəndi prezidentin fərmanına daxil edənlərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun barədə məlumatları yoxdurmu?”

Prezident dövlət xidmətlərinin göstərilməsini asanlaşdıran fərman imzalayıb

Azər Mehtiyev: “Yaşayış yerindən arayış ləğv edilməlidir”

Sabiq maliyyə naziri Rusiyanın iqtisadi gələcəyindən yazdı

02.09.2015

kudrin 1

Rusiyanın keçmiş maliyyə naziri, Vətəndaş Təşəbbüsləri Komitəsinin rəhbəri Aleksey Kudrin ölkənin iqtisadiyyatı ilə bağlı proqnoz verib. Transparency.az-ın məlumatına görə, “Kommersant” qəzetinə məqaləsində sabiq nazir yazır ki, 2020-ci ildə dünyanın ümumi daxil məhsulunda Rusiyanın payı ölkənin yeni tarixində ən aşağı göstəriciyə — 2,2%-ə düşəcək. 2014-cü ildə bu göstərici 3,3% olub.

Aleksey Kudrin yazır ki, 2016-cı ildən sonra Rusiya iqtisadiyyatı ildə 0,5-1,5% artacaq, bu isə durğunluq deməkdir.

Transparency.az bildirir ki, Aleksey Kudrin maliyyə nazir postunu 2000-2011-ci illərdə tutub, 2004-cü ildən həm də baş nazirin müavini olub. O, 2011-ci ildə Rusiya prezidenti, indiki baş nazir Dmitri Medvedyevlə yola getmədiyinə görə postunu itirib.

Bakının iki rayonunda, Abşeronda və Sumqayıtda icra başçısı dəyişdi

03.09.2015



prezident-ferman
Sentyabrın 2-də prezident İlham Əliyev Bakının iki rayonuna yeni icra başçısı təyin edib. Dövlət başçısının sərəncamları ilə Asif Əsgərov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı postuna, Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nəsib Məhəməliyevə yeni post verilməyib.

Prezidentin digər sərəncamlarına əsasən, Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə İradə Gülməmmədova gətirilib. O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini postunda çalışırdı.

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli bərpa edilib

03.09.2015

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə mavi yanacağın nəqli bərpa edilib. Bunu APA-Economics-ə kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinin sözçüsü Tamam Bayatlı deyib. Onun sözlərinə görə, hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir.

Avqustun 24-də PKK terrorçuları qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törətmişdilər.

Bakı-Tbilisi-Ərzurum kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Uzunluğu 980 kilometr olan boru kəmərinin ildə 20 milyard kubmetrədək ötürmə gücü var.

Neftin qiymətində yeniliklər

03.09.2015



neft

AZƏRTAC-ın 3 sentyabr məlumatına görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,61 dollar bahalaşaraq 45,95 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,73 dollar artaraq 50,27 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə London birjasında 1,63 dollar ucuzlaşaraq 49,58 dollara düşüb.

Azərbaycanda hansı qadınlar icra başçısı olub? (Siyahı)

03.09.2015

Sentyabrın 2-də prezident İlham Əliyev İradə Gülməmmədovanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Transparency.az bildirir ki, həmin günədək Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmuş İradə Gülməmmədova 2007-ci ildən bəri icra başçısı postuna təyin ediləni ilk qadındır. Ondan əvvəlki qadın kadr Sündüz Babayeva olub. O, 4 avqust 1995-ci ildə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb, 28 iyun 2007-ci ildə postundan çıxarılıb.

İcra başçısı postunda (bu idarəçilik institutu 1991-ci ilin oktyabrında təsis olunub) çalışan ilk qadın Məlahət Xəlilova olub. AXC hakimiyyətindən öncə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Məlahət Xəlilova 4 iyun 1992-ci ildə postundan azad edilib.

Başqa bir qadın – AXC hakimiyyətinin kadrı Şahnaz Ələsgərova isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini 24 avqust 1993-cü ilədək tutub.

Transparency.az icra başçısı olmuş digər qadınların siyahısını təqdim edir:

Dilrubə Camalova – Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (23 avqust 1993-cü ildən 31 may 2000-ci ilədək);

Sədaqət Qəhrəmanova – Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı (21 sentyabr 1995-ci ildən 18 aprel 2005-ci ilədək);

Səmayə Piriyeva – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı (28 iyun 1999-cu ildən 28 iyul 2000-ci ilədək);

Fidumə Hüseynova – Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı (3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək).

Mədəniyyət və Turizm Nazirliyi turizmin inkişaf strategiyası layihəsi hazırlayıb

03.09.2015

Mədəniyyət və Turizm Nazirliyi “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” layihəsi hazırlayıb. Mct.gov.az-ın məlumatına görə, layihə Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələri əks etdirir: “Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün dövlətin turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən strategiya sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması şərti ilə sənayenin inkişafı üçün zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim edir.

Bununla yanaşı sənəd institusional strukturun təkmilləşdirilməsi, infrastruktur inkişafının gücləndirilməsi, turizm təcrübəsinin müxtəlifliyi və marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması olmaqla 4 əsas inkişaf istiqaməti haqqında geniş məlumat və dövlətin ölkədə turizmin daha əsaslı inkişafı üçün bu sahələrdə hansı məqsədlərə nail olmağa çalışmalı olduğu haqqında müvafiq tövsiyələr verir. “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” təsdiq edilməsi məqsədilə aidiyyəti quruma göndərilib və hazırda razılaşdırılma mərhələsindədir”.

Səhiyyə Nazirliyi narkomaniya xəstəliyinə düçar olmuş şəxslərlə bağlı statistika yayıb

03.09.2015

sehiyye-nazirliyi-1
Səhiyyə Nazirliyinin mətbuat xidməti dünya statistikasına əsaslanaraq bəyan edib ki, narkotiklərdən istifadə 2012-ci ildə 183 000 ölüm faktına səbəb olub: “Bu, 2011-ci illə müqayisədə aşağı göstərici olsa da, 15-64 yaş arasında olan gənc və orta nəsil üçün kiçik rəqəm sayıla bilməz”.

Azərbaycana gəlincə, rəsmi statistikaya əsasən, 2013-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər olub: “Onların 4 nəfəri 15-17 yaş arasında, 1324 nəfəri 18-24 yaş arasında, 3850 nəfəri 25-29 yaş arasında olan şəxslərdir. 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər (15-17 yaş arasında olan 5 şəxs, 18-24 yaş arasında olan 1403 şəxs, 25-29 yaş arasında olan 3999 şəxs) təşkil edib. 2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir”.

Nazirliyin açıqlamasına görə, ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 dövlət proqramı təsdiqlənib, 2 proqram tam başa çatıb, 2013-2018-ci illər üçün dövlət proqramı isə icra edilir.

İradə Gülməmmədovanın bioqrafiyası

03.09.2015

irade gulmemmedova fotoTransparency.az 2015-ci il sentyabrın 2-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş İradə Gülməmmədovanın ömür yolunu təqdim edir.

Gülməmmədova İradə Akif qızı 1 oktyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub.1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1986-cı ildə Bakıdakı 6 saylı Uşaq Xəstəxanasında başlayıb, 1986-1995-ci illərdə Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyib, 1995-2006-cı illərdə Abşeron Rayon Uşaq Poliklinikasının baş həkimi olub.

2006-2014-cü illərdə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyəti başçının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-cü ildən 2015-ci il sentyabrın 2-dək başçının 1-ci müavini vəzifələrində çalışıb.

Abşeron rayonunun sosial-iqtisadi inkişafında  xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

İradə Gülməmmədova indi ölkədə icra başçısı postunu tutan yeganə qadındır.

Prezident paytaxtdakı iki məktəbə baş çəkib

03.09.2015

Sentyabrın 3-də prezident İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə bildirib ki, 190 nömrəli orta məktəb iki ildir 189 nömrəli məktəblə birləşib. Beş mərtəbədən ibarət məktəbdə 42 sinif otağı var. Orta məktəbdə 1500 şagird təhsil alır.

AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də İlham Əliyev paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə də baş çəkib. Dövlət başçısına bildirilib ki, hazırda liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.

Dövlət dilinin dili niyə gödəkdir?

03.09.2015

bekir-nerimanoglu21


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə