Xəbər bülleteni №7



Yüklə 0,52 Mb.
səhifə3/6
tarix17.10.2017
ölçüsü0,52 Mb.
#5170
1   2   3   4   5   6

      Bəkir Nərimanoğlu

“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 17-ci maddəsinə görə, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəlikləri və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır. Ancaq təcrübə göstərir ki, bu normaya heç də hamı əməl etmir. Məsələn, Transparency.az/cnews layihəsinin müşahidələrinə görə, Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almış 284 turizm şirkətinin böyük əksəriyyətinin adı xarici dildədir: “12 Travel”, “A La Carte Travel” “Abdu-Travel” “ADN Travel”, “Aero Tour”, “AFN Travel”, “AİR Tour”, “AİS Tourism”, “Alean Company”, “Alpha Logistics and Tourism”, “Asklepiy”, “Best Tour”, “Biletx Travel, “Bluesky Travel”, “Butterfly Travel”, “Caprice Touristic Services”, “Carlton Travel Assistance”, “Caspian Line Business Travel Company”, “Detour”, “Easytravel”, “Europe Travel Assistance”, “Freestyle Safari”… Son iki ayda – iyul və avqustda lisenziya alan 12 şirkətin də çoxu xarici ad daşıyır: “Ze Tur”, “Luna Travel”, “Time To Travel”, “Mondo Travel”, “Natali Travel”.

Mərkəzi Bankdan lisenziya almış bəzi bankların da adına nəzər salaq: “Accessbank”, “Bank of Baku”, “Bank of Azerbaijan”, “Bank Silk Vey”, “Caspian Development Bank”, “Bank Technique”…

Problemlə bağlı fikirlərini bölüşən iqtisadçı alim, Milli Məclisin deputatı Əli Məsimli deyir ki, dövlət dilindən qanunlarda əksini tapan səviyyədə istifadə çox zəruridir: “Bununla belə, bir sıra hallarda “Dövlət dili haqqında” qanunun tələblərinə əməl edilmir və dilimizin statusu aşağılanır. Biz parlamentin iqtisadi siyasət komitəsində və plenar iclaslarda bu məsələni dəfələrlə qaldırmışıq. İş adamları arqument gətirir ki, istər Azərbaycanda, istərsə də xaricdə onların firmalarını, şirkətlərini əcnəbi dildə yazılmış adı ilə tanıyırlar, uzun müddətdir həmin adla fəaliyyət göstərib imic qazanıblar, ad dəyişikliyi olsa, hər şeyi sıfırdan başlamaq lazım gələcək. Amma bu arqument qanunun tələbləri qarşısında çox zəifdir. Söhbət dövlət dilindən gedirsə, qanun tam gücü ilə tətbiq olunmalıdır. Biz gedib başqa ölkədə adı Azərbaycan dilində olan qurum yarada bilərikmi? Axı hər ölkənin konstitusiya ilə təsbit edilmiş öz dili var və həmin dil işlədilir. Bəs Azərbaycanda niyə bunun əksi tətbiq olunmalıdır?”

Əli Məsimli qeyd edir ki, bu ilin birinci yarısında reklam qanunu müzakirə olunanda dövlət dili məsələsi parlamentdə yenidən gündəmə gəlib: “Reklam qanununda göstərilir ki, reklamda dövlət dilindən istifadə olunmalıdır. Sifarişçinin tələbinə əsasən isə reklam qurğularında yerləşdirilən mətndə dövlət dili ilə yanaşı xarici dildən də istifadə oluna bilər. Belə halda xarici dildə olan mətn dövlət dilindəki mətndən sonra yerləşdirilməli və tutduğu sahə reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Azərbaycan dilinin konstitusion səviyyədə haqqını təmin etmək lazımdır və əcnəbi dildən dövlət dilimizə xələl gəlmədən ikinci planda istifadə etmək olar. Bu məsələni köklü şəkildə həll etməkdən ötrü hüquqi şəxslərin adlarının Azərbaycan dilinin normalarına uyğun olaraq yazılması məsələsinin işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir”.

Filologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyir ki, bir çox məmurlar, nazirliklər, təşkilatlar Azərbaycan dilinə sayğısızlıq göstərir: “Dövlət dili ilə bağlı sənədlərdə konkret tələblər var. Çox təəssüf ki, bütün bunlara baxmayaraq Azərbaycanda kommersiya təşkilatlarının çoxunun adı xarici dildə yazılır. Bunun müəyyən psixoloji əsasları var. Bəziləri hesab edir ki, ad xarici dildə olanda şirkətin müştərisi çox olacaq. Ancaq bu elə formada olmalıdır ki, dövlət dili qanunu ilə ziddiyyət təşkil etməsin”.

Qulu Məhərrəmli bildirir ki, ölkədə dil qanunvericiliyinin tələblərinə riayət olunmasına məsuliyyət daşıyan qurum yaradılmayıb: “Fransada, Baltik ölkələrində, Türkiyədə bu işlə dil qurumları məşğul olur. Azərbaycanda bu işlərin bir qismi Dilçilik İnstitutunun öhdəsindədir. Ancaq institut elmi-tədqiqat mərkəzidir. Düzdür, monitorinq şöbəsi yaradılıb, dilin sosial aspektləri ilə bağlı monitorinq aparılır, amma onun elə bir səlahiyyəti yoxdur ki, hansısa quruma desin bunu belə yox, belə yaz.

Çıxış yolu dil qurumu yaradılmasıdır: “Ya da Dilçilik İnstitutuna dil qanunvericiliyinin tələblərinə nəzarət səlahiyyəti verilməlidir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda yazılır ki, bütün dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının vəzifəli şəxsləri qanunun pozulmasında təqsirkar olduqda məsuliyyətə cəlb edilirlər. Ancaq məsuliyyətin forması konkretləşməyib”.

Avqust ayı: ucuzlaşma da var, bahalaşma da

03.09.2015

2015-ci ilin avqust ayında ərzaq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz azalıb. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1 faiz artıb. Ümumilikdə istehlak malları və xidmət tarifləri 0,1 faiz ucuzlaşıb.

Ay ərzində qarabaşaq yarmasının, sümüklü mal və qoyun ətinin, kərə yağının, şəkərin, bananın, almanın, armudun, üzümün, qarpızın, yemişin, xiyarın, şirin bibərin, badımcanın, kartofun qiymətlərində azalma, uzun düyünün, buğda ununun, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, yumurtanın, bitki yağlarının, limonun, kələmin, göyərtinin, pomidorun, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, qara və yaşıl çayın, spirtli içkilərin qiymətlərində isə artım olub.

Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində artım, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə azalma qeydə alınıb.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil isə bahalaşıb.

Korrupsiyada ittiham olunan prezident istefa verib

03.09.2015



prezident molina 1Qvatemala prezidenti Otto Peres Molina məhkəmənin onun barəsində çıxardığı həbs qərarından sonra istefaya gedib. Qərar prokurorluqda prezidentin büdcəyə bir neçə milyon dollar həcmində zərər vuran korrupsiya sxemində əli olduğu barədə şübhələrin yaranmasından sonra verilib.

Məhkəmə qərarına əsasən, prezident ifadə vermək üçün prokurorluğa gəlməlidir. Yalnız bundan sonra onun istintaq müddətində nəzarət altına alınacağı və ya azadlıqda qalacağı barədə qərar çıxarılacaq. Peres Molinaya ölkəni tərk etmək də qadağan olunub.

İstintaqın versiyasına görə, Peres Molina və bir sıra digər yüksək vəzifəli dövlət məmuru ölkəyə gətirilən malların vergidən azad olunması müqabilində biznesmenlərin gömrüyə verdiyi rüşvətdən pay alırmış.

Neft Akademiyası Neft və Sənaye Universiteti adlandırıldı

03.09.2015

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması barədə sərəncam verib.

Sentyabrın 3-də imzalanan digər sərəncamla Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Transparency.az bildirir ki, Azərbaycan Dövlət Neft Akademiyasının əsası 1887-ci il noyabrın 10-da şəhər dumasının qərarı ilə qoyulub – Bakı Texniki Məktəbi yaradılıb. 1918-ci ildə məktəb politexnikum adlandırılıb.

1920-ci il noyabrın 16-da Azərbaycan İnqilab Komitəsinin dekreti ilə Bakı Politexnik İnstitutu yaradılıb. 1923-cü ildən institut Məşədi Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılıb. 1930-cu ildə ad Azərbaycan Neft İnstitutuna dəyişdirilib.

1934-cü il oktyabrın 10-da təhsil ocağı Azərbaycan Sənaye İnstitutuna çevrilib. 1959-cu ildə ad yenidən dəyişdirilib – Azərbaycan Neft və Kimya İnstitutu yaradılıb.

1990-cı illərdə əvvəl Azərbaycan Sənaye Universiteti adlanan təhsil ocağı 23 ildir Azərbaycan Dövlət Neft Akademiyası kimi fəaliyyət göstərirdi.

İki hakim korrupsiyaya görə cəzalandırılıb

04.09.2015



meh-huqMəhkəmə-Hüquq Şurasının iclasında kadr məsələləri və digər təşkilati məsələlərə baxılıb. Rəsmi məlumata görə, səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyəti ilə bağlı təhlillər aparılıb, onların işinin yerində öyrənilməsinin nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi məlumatlar müzakirə olunub. Həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.

İclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayev və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyev töhmət alıb, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanıb.

Səlim Müslümov G20-nin toplantısında çıxış edib

04.09.2015



nazir - muslumov
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sentyabrın 3-ü Ankarada G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında çıxış edib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, Səlim Müslümov Azərbaycandakı sosial-iqtisadi durumdan söz açıb. 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının, 2014-cü ilin sonunda isə 75%-nin Azərbaycanın payına düşdüyünü qeyd edən nazir bildirib ki, son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb: “Bu dövrdə 1 milyon 400 min yeni iş yeri açılıb, iqtisadiyyata 180 milyard dollar investisiya yatırılıb, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olub. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,6 dəfə çoxalıb, işsizlik səviyyəsi 10,6%-dən 4,9 %-ə, yoxsulluq səviyyəsi 44,7 %-dən 5%-ə düşüb”.

Nazir deyib ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, dinamik iqtisadi inkişaf, yeni texnika və texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi, yeni istehsal üsullarının meydana gəlməsi ölkənin əmək bazarında yüksək təhsil səviyyəsinə malik olan işçi qüvvəsinə tələbatı artırır və bu, ölkənin iqtisadi artımı üçün əsas şərtlərdən birinə çevrilir: “İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsi və bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunması ölkədə dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətidir. Bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi işləri görülür. Bu baxımdan işçi bacarıqlarının formalaşdırılması, inkişafı və istifadəsi üçün əsas prinsipləri müəyyən edən “G20 Bacarıqlar Strategiyası” Azərbaycan üçün də olduqca aktualdır”.

Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir: “Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər olub”.

Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin 9,7% olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu diqqətə çatdıran Səlim Müslümov bildirib ki, məhz bu səbəbdən Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10 lider ölkə sırasına daxil edilib.

Dollardan gələn təhlükə

04.09.2015



qubad-ibadoglu
         Qubad İbadoğlu

ABŞ-ın Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (ABƏFK) sentyabrın 16-17-də nəzərdə tutulan toplantısında federal uçot dərəcəsinin artırılacağı ilə bağlı informasiyalar narahatlıqla müzakirə olunur. Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini artırmaq qərarı verəcəyi təqdirdə dünya bazarında neftin daha da ucuzlaşacağı və Azərbaycan manatının dəyərini bir az da itirəcəyi ilə bağlı mövqelər sərgilənir.

Böyük ehtimalla ABƏFK-nın növbəti toplantısında belə qərar olmayacaq. Çox güman ki, FES faiz dərəcələrini ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində artıracaq: “ABŞ iqtisadiyyatında pozitiv meyllərin müşahidə olunması, xüsusilə də işsizliyin azalması, inflyasiyanın sabitləşməsi qərarın ləngiməsinə əsaslar yarada bilər.

Amerika iqtisadçıları belə bir qərarın dünya iqtisadiyyatına, xüsusilə də Çin kimi nəhəng ölkələrin bazarlarına təsirinin mümkün fəsadlarını da geniş müzakirə edirlər. Bu amil ABƏFK-nın qərarı növbəti iclaslara təxirə salmaq ehtimalını artırır. Federal uçot dərəcəsinin artımı dolların möhkəmlənməsi üçü potensial imkan yaradır, pul kütləsinin məhdudlaşmasına, faiz dərəcələrinin yüksəlməsinə xidmət edir. Yüksək faiz dərəcələri isə dolların digər valyutalara nəzərən möhkəmlənməsini və son nəticədə dollarla ödənilən əmtəələrin ucuzlaşmasını şərtləndirir.

Federal uçot dərəcəsinin artımı tədiyyə balansında yüksək kəsiri olan ölkələrin iqtisadiyyatına zərbə vurur. Mərkəzi Bankın açıqladığı informasiyaya görə, 2015-cü ilin 1-ci rübünün sonuna Azərbaycanın cari əməliyyatlar hesabında 58 milyon dollar məbləğində profisit yaranıb. Həmin göstərici 2012-ci ilin eyni dövründə 4 milyard 643 milyon, 2013-cü ildə 4 milyard 193 milyon, 2014-cü ildə 3 milyard 333 milyon dollar olub. Tədiyyə balansında kəsir tendensiyasının qərarlaşacağı halda federal uçot dərəcəsinin artımı Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Çox şey dünya bazarında neftin qiymətindən, məhsul və xidmətlərin xarici ticarətinin müsbət saldosunun səviyyəsindən asılı olacaq. Əgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar. Əks halda isə federal uçot dərəcəsinin artımı Azərbaycan iqtisadiyyatının böhrana qarşı immunitetini bir az da azalda bilər. Odur ki, indidən milli bazarın iştirakçılarını bu qərarın mümkün təsirlərinə hazırlamaq lazımdır.

Sabiq prezident həbs edildi

04.09.2015

guatemala-venezuela-chavez-perezQvatemalanın sabiq prezidenti Otto Peres Molina həbs edilib. Xəbər sentyabrın 4-də yayılıb.

Transparency.az bildirir ki, Baş Prokurorluğun irəli sürdüyü ittihamlara görə, Molina yüksək rütbəli məmurlarla birgə korrupsiya sxemi qurub, gömrük rüsumlarının azaldılması üçün iş adamlarından rüşvət alınmasına rəhbərlik edib. Bu korrupsiya qalmaqalı avqust ayında vitse-prezident Roksana Baldettinin istefasına gətirib.

Sentyabrın 1-də Qvatemala Konqresi məhkəmənin müraciətinə baxaraq prezidentin toxunulmazlıq hüququnu qaldırıb. İki gün sonra Molina istefaya gedib.

Hazırda prezident səlahiyyətlərini vitse-prezident Alexandro Maldonado icra edir. Sentyabrın 6-sı Qvatemalada prezident seçkisi keçiriləcək. Yeni seçiləcək prezident səlahiyyətinin icrasına gələn ilin yanvarında başlayacaq.

Azı 1000 uşağa qoyulmuş ən populyar 8 ad

04.09.2015

Transparency.az Ədliyyə Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, 2015-ci ildə Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan ən populyar adların 5-i qız, 3-ü oğlan adıdır. Qız adları arasında birinci yeri Zəhra, oğlan adları arasında Yusif tutur. Yusif həm 2015-in, həm də son beş ilin ümumilikdə ən populyar adıdır. Bu ad 2011-ci ildən bəri 16246 uşağa verilib.

2015-ci ildə azı 1000 uşağa qoyulmuş ən populyar 8 adın 6-sı dini ənənədən gələn adlardır. Yalnız iki ad — Nuray və Aylin adları istisnadır.

2015-ci ilin ən populyar 8 adı:

Yusif — 2118 uşaq

Zəhra — 2062

Nuray — 1518

Əli — 1510

Hüseyn — 1497

Fatimə — 1332

Aylin — 1072

Zeynəb — 1008.

Ədliyyə Nazirliyi sabiq müsavatçılara məhkəməni nişan verdi

04.09.2015

logoƏdliyyə Nazirliyi Müsavat Partiyasının 8-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə cavab verib. Sabiq müsavatçı, şikayətin müəlliflərindən olan Əlövsət Əhədoğlu APA-ya bildirib ki, sentyabrın 4-də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən cavab məktubu alıb: “Məktubda qeyd olunur ki, nazirlikdə partiyanın qurultayı ilə bağlı qeydiyyata alınmış dəyişikliklərin ləğvi üçün məhkəməyə müraciət olunmalıdır. Qurultayın nəticələrinin ləğvi üçün bütün imkanlardan istifadə edəcəyik”.

8-ci qurultayın nəticələrinin ləğvinə çağıran müraciət Ədliyyə Nazirliyinə avqustun 7-də olunub. Müraciəti sabiq müsavatçılar Ellada Məmmədli, Rövşən Dəmirli, Əlövsət Əhədoğlu, Rüfət Əliyev, Kamil Xəlilbəyli və başqaları, ümumilikdə 15 nəfərə yaxın şəxs imzalayıb.

Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilmiş 8-ci qurultayında başqan seçkisi olub. Həmin seçkidə Arif Hacılı qalib gəlib. Bəzi müsavatçılar seçkidə pozuntular olduğunu iddia edib, nəticələri tanımayıb, növbədənkənar qurultay keçirmək istiqamətində çalışıb. Bundan sonra narazıların bir qismi partiyadan çıxarılıb.

“Kütləvi çıxarış” və mobil ofis kampaniyası ilə bağlı yeni rəqəmlər

04.09.2015

zerdab
Əmlak Məsələləri Dövlət Komitəsinin “kütləvi çıxarış” kampaniyasından sentyabrın 4-də Zərdab sakinləri yararlanıb. AZƏRTAC-ın məlumatına görə, kampaniyanın Zərdab rayonunda keçirildiyi müddətdə 400-dək sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. 240-dək vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 160-dək vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.

“Kütləvi çıxarış” kampaniyası vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xidmətləri əhatə edir. Kampaniya bir sıra şəhər və rayonlarda, o cümlədən Gəncə, Şəki, Mingəçevir, Zaqatala, Şamaxı, Şirvan, Qusarda keçirilib. Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 4 min 750-dək vətəndaşa xidmət göstərilib.

Komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Mobil ofislər qeydiyyat xidmətlərini vətəndaşların ünvanına çatdırır. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır. Eyni zamanda daşınmaz əmlaka dair texniki pasportların tərtibi, dəyişdirilməsi, dəqiq çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Ötən ilin aprel ayından tətbiq olunan mobil ofis xidmətlərindən 71 minə yaxın vətəndaş yararlanıb.

Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimi olub

04.09.2015

Prezident İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət  başçısına bildirib ki, “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Dövlət başçısına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur.

Bildirilib ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Bununla da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

İlham Əliyev “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.

Mərkəzi Bankın valyuta ehtiyatı 1 milyard dollardan çox azaldı

04.09.2015

Avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatında azalma olub. Transparency.az Mərkəzi Banka istinadla xəbər verir ki, iyula nisbətən avqustda valyuta ehtiyatı 1 milyard 186 milyon dollar azalaraq 7 milyard 315 milyon dollara düşüb.

Afrikada 163 min milyonçunun 670 milyard dolları var

04.09.2015



dollarCənubi Afrika Respublikası (CAR) milyonçuların sayına görə Afrika ölkələri arasında ilk sıradadır. “AfrAsia” və “New World Wealth” banklarının məlumatına əsasən, Yohannesburqda 23,4 min milyonçu yaşayır. Ümumilikdə isə bütün Afrika milyonçularının üçdə biri CAR-ın payına düşür.

AZƏRTAC  bildirir ki, siyahıda ikinci yeri 10,2 min milyonçunun yaşadığı Misir paytaxtı Qahirə, üçüncü yeri 9,1 milyonçunun qeydə alındığı Nigeriyanın paytaxtı Laqos şəhəri tutur.

Ümumilikdə isə Afrika qitəsində 163 min milyonçu yaşayır. Onların ümumi varidatı 670 milyard dollar təşkil edir.

Qusardakı əmək yarmarkasının nəticələri

04.09.2015

yarmarka 1Sentyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qusar şəhərində əmək yarmarkası keçirib. AZƏRTAC xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 30-a yaxın idarə, müəssisə və təşkilatlardakı 350 vakant iş yeri çıxarılıb. Təklif edilən işlərə görə əməkhaqqı 110-450 manat arasında olub.

Yarmarkada 62 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib, 14 nəfər isə xalçaçılıq üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb.

Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

Hesablama Palatası dörd qurumda yoxlamaların nəticələri ilə bağlı qərarlar qəbul edib

07.09.2015

hesablamapalatasi 1
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Transparency.az bildirir ki, rəsmi məlumata görə, iclasda dövlət büdcəsindən Ağstafa Rayon İcra Hakimiyyətinə, onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara; Ucar Rayon İcra Hakimiyyətinə, onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara; Dövlət Sosial Təminat Xidmətinin Xaçmaz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən; Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin saxlanmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə olunub. Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib, bir audit tədbiri üzrə isə proqrama dəyişiklik olunub.

İşçilərə qarşı sövdələşməyə girən 4 nəhəng şirkətə 415 milyon dollar cərimə kəsilib

07.09.2015



logoABŞ-da məhkəmə “Apple Inc.”, “Google Inc.”, “Intel Corp.”, “Adobe Systems Inc.” şirkətləri və onların əməkdaşları arasında yaranan mübahisə ilə bağlı son qərarını verib. Mincom.gov.az bildirir ki, həm indiki, həm də keçmiş 65 min əməkdaş işəgötürənlərə əlbirlik ittihamı irəli sürüb. İddiaya görə, şirkətlər bir-birinin işçisini işə qəbul etməmək barədə razılığa gəlib, bu da şirkətlərə əməkdaşların əməkhaqqılarını azaltmağa imkan verib.

Məhkəməyə 2011-ci ildə müraciət edilib. Əməkdaşlar 2005-2009-cu illərdə əməkhaqqını azaldan şirkətlərin öz aralarında razılıq əldə etmələrindən şikayətçi olublar. Nəticədə məhkəmə kollektiv iddiaya görə ödəniləcək məbləği müəyyənləşdirərək şirkətlərin ümumilikdə 415 milyon dollar ödəməsi ilə bağlı qərar çıxarıb.

“Layt” 1 sent, “Brent” 13 sent, Azərbaycan nefti 1 dollar 75 sent dollar ucuzlaşıb

07.09.2015



neftDünya birjalarında neft yenə ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1 sent ucuzlaşaraq 45,68 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 13 sent azalaraq 49,16 dollar olub.

London birjasında “AzəriLayt” markalı neftin bir barreli 1 dollar 75 sent ucuzlaşaraq 50,89 dollara düşüb.

Cəmil Həsənli Qazaxıstandan yazıb: “Monopoliya haqqında təsəvvür belə yoxdur”

07.09.2015



cemil 1Müxalif Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq” qəzetinin 7 sentyabr sayında Qazaxıstandan yazıb. O qeyd edir ki, bir neçə gün öncə Qazaxıstanda olub, bu ölkədə gördüklərinə təəccüblənib: “Liberal iqtisadiyyat ayaq tutub yeriyir, monopoliya haqqında təsəvvür belə yoxdur. İstənilən iş adamı istənilən malı ölkəyə gətirə və qanunla icazə verilən istənilən malı ölkədən çıxara bilər.

Vergi və gömrük orqanlarında korrupsiya halları demək olar ki, aradan qaldırılıb. Ölkəyə daxil olan 20 tonluq meyvə maşını əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumu ilə birlikdə 3200 dollara sənədləşdirilir. Təkcə bir faktın timsalında gömrük və vergidəki vəziyyəti təsəvvür edə bilərsiniz. Bananın bir kiloqramının pərakəndə satış qiyməti təngə hesabı ilə 80 sentdir, Azərbaycanda isə bu məhsulun qiyməti 3 dollar ətrafındadır. Avtomobil benzini orta hesabla 47-48 sentə bərabərdir. Dünya bazarında neftin qiyməti endiyi üçün hökumət benzinin pərakəndə satış qiymətinin aşağı salınmasının yollarını arayır.

Hüquq mühafizə, vergi və digər dövlət orqanlarının iqtisadi həyata müdaxiləsi qadağan edilib. Kvartal ödənişlə hər bir avtomobil sahibi taksi fəaliyyəti ilə məşğul ola bilər. Benzinə ƏDV 12 faiz ətrafındadır.

Gəlir vergisi bizneslə məşğul olan hər kəsi təmin edən sərfəli həddə müəyyən edildiyi üçün istisnasız olaraq bütün iş adamları, orta və kiçik biznes subyektləri həvəslə dövlətin vergisini ödəyirlər. Nəinki fiziki şəxslər, hətta hüquqi şəxslər belə gəlirin həcminə görə vergi ödəməli olurlar. Məsələn, 3 aylıq gəliri 50 milyon təngədən aşağı olan hüquqi şəxslər 3 faiz həcmində vergi ödəyir ki, bu da kiçik biznesin kütləviləşməsi üçün əlverişli şərait yaradır.

Kənd təsərrüfatını qaldırmaq üçün aqrar sahə ilə məşğul olanlara faizsiz kreditlər sistemi tətbiq edilir. Təsərrüfatları texnika, güzəştli yanacaq və suvarma şəbəkəsi ilə təmin etməkdə dövlət kəndliyə qayğısını əsirgəmir. Kənd təsərrüfatının dirçəldilməsi daxili bazarda ət, yağ, süd və digər ərzaq məhsullarının qiymətlərinə ciddi şəkildə təsir göstərir. Mal ətinin bir kiloqramı 4 dollar, qoyun əti, qazaxların geniş istifadə etdiyi at ətinin qiyməti isə bundan bir neçə sent yuxarıdır. Böhran başlayandan sonra aqrar sahəni dayanaqlı etmək üçün hökumət əlavə olaraq kənd təsərrüfatına 500 milyard təngə (20 milyard dollar) yardım proqramını işə salıb”.

Cəmil Həsənli yazır ki, son aylarda dünyanı bürüyən maliyyə böhranı təngəni də yerindən oynadıb: “Lakin əhalinin banklarda olan vəsaitlərini və bankların özünü böhrandan qorumaq üçün vətəndaşların banklarda olan vəsaitlərinin böhrandan əvvəlki kursa konvertasiya edilməsi qərara alınıb. Dövlət bu məqsədlə hələ bu ilin fevral ayında “Nurlu yol” adlandırılan antiböhran proqramı qəbul edib. Təngəni müdafiə etmək üçün müxtəlif maliyyə proqramları işlənib hazırlanıb. Əhalinin banklarda olan vəsaitləri 98 faiz həcmində sığorta edilib. Bankları müdafiə etmək üçün ehtiyat fonddan onlara 500 milyard təngə həcmində vəsait ayrılıb.

Xarici mütəxəssislərin geniş dairəsi iqtisadiyyatın, maliyyə sisteminin, təhsilin və səhiyyənin idarə edilməsinə cəlb edilib. İş yerlərinin qorunub saxlanması hökumət üçün prioritet istiqamət sayılır. Bu məqsədlə ayrı-ayrı müəssisələrə dövlətdən yardımlar göstərilir. Kənd təsərrüfatını böhrandan qorumaq üçün ərzaq məhsulları ilə bağlı dövlət satınalmaları bilavasitə yerli məhsullarla həyata keçirilir”.

Ailə büdcəsinə qənaət yolları

07.09.2015

qubad ibadoglu.jpg 2

İqtisadçı ekspert Qubad İbadoğlu ailə büdcəsinə qənaət məsləhətləri paylaşıb. Transparency.az məsləhətləri təqdim edir:

- Mağazaya heç vaxt ac getməyin, yoxsa kassaya yaxınlaşanda görəcəksiniz ki, səbətinizdə çox da lazım olmayan bahalı ərzaqlar var;

- Maaş alan gün heç bir mağazaya girmədən, hətta ərzaq dükanına belə dönmədən birbaşa evə gedin. Həmin gün adam özünü Rokfeller kimi hiss edir və lazımsız xərcləmələr edir;

- Qarderob sarıdan qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin;

- Küçədə yolüstü xırda-xuruş almaq pis vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirin. Ya da iri nominalda pul götürün, bu halda onu xırdalamağa heyfiniz gələcək;

- Büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, növbəti dəfə artıq bir şey almaq həvəsi yarananda özünüzdən soruşun: “Bu mənə nə qədər vacib lazımdır? Mən bunu almadan keçinə bilərəmmi?” Belə olan halda özünüzə söz verin ki, bunu bir az gec, üç-dörd günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək və siz daha ayıq başla qərar verə biləcəksiniz;

- Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər. Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaqla ilkin məbləği toplamaq mümkündür;

Nəhayət, gündəlik xərclərinizə nəzarət edə bilmirsinizsə, aylıq olaraq qida, yol, xırda- xuruş üçün lazım olan məbləği müəyyənləşdirin. Sonra cəmi məbləği günlərin sayına bölün və beləliklə, gündəlik xərclərin məbləğini tapıb ona nəzarət edin. Əgər gün ərzində orta məbləğdən çox xərcləsəniz, deməli, balansı bərpa etmək üçün növbəti gün orta məbləğ həcmindən az xərcləməlisiniz.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı yayıb

07.09.2015

Əmlak Məsələləri Dövlət Komitəsi 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 95 mindən çox elektron xidmət göstərib. Transparency.az-a verilən rəsmi məlumata görə, ümumiyyətlə indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslərdən 248 mindən çox müraciət qəbul edilib və təmin olunub.

Məlumata əsasən, komitənin yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib: “Vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. Bununla da vətəndaşın qeydiyyat idarəsinə getmək, orada gözləmək və ya sənəd almaq üçün müraciət etməsinə ehtiyac qalmayıb. Komitənin elektron, SMS və onlayn xidmətləri məhz belə prosedurların aradan qaldırılması üçün yaradılıb.

Onlayn xidmətlərin tətbiq olunmadığı əvvəlki dövrlərdə vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu. Lakin indi bu yalnız 1 prosedurdan ibarətdir. Təkrar bazarda alğı-satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir”.

Açıqlamaya görə, komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət vətəndaşların istifadəsindədir: “31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır”.

Korrupsiya qalmaqalı fonunda keçirilən seçkidə komediya aktyoru önə çıxıb

07.09.2015

general elections in guatemala
Korrupsiya qalmaqalı ilə silkələnmiş Mərkəzi Amerika dövləti Qvatemalada sentyabrın 6-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az xəbər verir ki, sabiq komediya aktyoru Cimmi Morales 27,89% səslə önə çıxıb. Hüquqçu və sahibkar, müxalif lider Manuel Baldison 20,93% səs toplayıb. Sabiq birinci ledi Sandra Torres 17% səslə üçüncüdür.

Heç bir namizəd 50%-lik həddi keçə bilmədiyi üçün oktyabrın 25-də seçkinin ikinci turu olacaq.

Prezident seçkisinin birinci turu ölkəni silkələyən korrupsiya qalmaqalı fonunda keçirilib. Sentyabrın 4-də Qvatemalanın sabiq prezidenti Otto Peres Molina həbs edilib. Baş Prokurorluğun irəli sürdüyü ittihamlara görə, Molina yüksək rütbəli məmurlarla birgə korrupsiya sxemi qurub, gömrük rüsumlarının azaldılması üçün iş adamlarından rüşvət alınmasına rəhbərlik edib. Bu korrupsiya qalmaqalı avqust ayında vitse-prezident Roksana Baldettinin istefasına gətirib.

Sentyabrın 1-də Qvatemala Konqresi məhkəmənin müraciətinə baxaraq prezidentin toxunulmazlıq hüququnu qaldırıb. İki gün sonra Molina istefaya gedib.

Hazırda prezident səlahiyyətlərini vitse-prezident Alexandro Maldonado icra edir.

Mərkəzi Bank rəsmisi nağdsız ödənişlərlə bağlı rəqəmlər səsləndirib

07.09.2015

alim_quliyevAzərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev APA-Economics-ə müsahibəsində nağdsız ödənişlər məsələsindən danışıb: “Son illərdə Mərkəzi Bankın elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi yaradılıb. Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab olunan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi 2001-ci ildən, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi isə 2002-ci ildən istifadə olunur. Bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunub. Vaxtilə həftələrlə vaxt aparan hesablaşma əməliyyatları hazırda bir neçə saniyə ərzində başa çatdırılır.

Milli Ödəniş Sistemi infrastrukturunun daha da genişləndirilməsi, regionlarda əhali və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədi ilə Mərkəzi Bank Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə “Azərpoçt” layihəsi həyata keçirib. Nəticədə “Azərpoçt” MMC-nin geniş regional filial və şöbələrində maliyyə, o cümlədən nağdsız ödəniş xidmətlərinin göstərilməsinə imkan verən infrastruktur yaradılıb.

2015-ci ilin 1 iyuluna ölkədə 926 filial və şöbəyə malik olan 43 bank, 1163 filial və şöbəsində maliyyə xidmətləri göstərilən “Azərpoçt” MMC və həmçinin 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlar da Milli Ödəniş Sisteminin əsas infrastruktur elementlərini təşkil edir.

İyulun 1-nə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 7 milyon ədədə yaxındır. Hazırda ölkədə Mərkəzi Bankdan alınmış lisenziya əsasında fəaliyyət göstərən “AzeriCard” MMC və “MilliKart” MMC, həmçinin 7 bank prosessinq fəaliyyəti həyata keçirir. Ölkə üzrə ümumilikdə 2716 ədəd bankomat və 78391 ədəd POS-terminalın əhatə olunduğu kart infrastrukturu formalaşdırılıb. Ölkədə 24 bank internet bankçılıq, 15 bank isə mobil bankçılıq xidməti təqdim edir”.

Alim Quliyev qeyd edib ki, yaradılmış infrastruktur imkanlarına və bütövlükdə əldə edilmiş nəticələrə baxmayaraq nağdsız ödəniş dövriyyəsi digər ölkələrlə müqayisədə aşağıdır: “Ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır. İnkişaf etmiş ölkələrlə müqayisədə göstəriciləri nəzərə alaraq Mərkəzi Bank yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan istifadənin genişləndirilməsi və dövriyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətini davam etdirir. Dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunub.

Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 300-dən çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında “Azərpoçt” MMC-nin və 40-dan çox bankın 1800-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb.

2015-ci ilin yeddi ayı ərzində sistemdə ümumi məbləğ 793,5 milyon manat olmaqla 16,1 milyon ədəd ödəniş tranzaksiyası emal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sistemdə emal olunan əməliyyatların həcmi 26.5%, əməliyyatların sayı isə 6% artıb”.

Abdulla Abdullayev 13 il həbs cəzası aldı

07.09.2015

abdulla abdullayevBakı Ağır Cinayətlər Məhkəməsində iş adamları Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov, Nadejda İlyasovanın mühakiməsi başa çatıb. APA-nın məlumatına görə, sentyabrın 7-də hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Nadejda İlyasova 8 il şərti, digərləri 9 il şərti iş alıblar.

Hökmdə “AMAY” MMC-nin faktiki rəhbəri kimi göstərilən Abdulla Abdullayev və başqaları 2006-2008-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti “AMAY”ın Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilinib. İş Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə araşdırılıb.

Ötən il aprelin 4-də həbs olunan Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır. Qalan şəxslər zamində olublar.

İşğalçı rejim 19-cu qanunsuz aksiyaya hazırlaşır

07.09.2015

Sentyabrın 13-də işğalçı Dağlıq Qarabağ rejimi “bələdiyyə seçkiləri” adı altında növbəti şou keçirəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq işğal edilmiş ərazilərdə yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu vurğulayıb: “Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan status-kvonun saxlanması, işğalçı siyasətin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar atır, silahlı münaqişənin siyasi həllində maraqlı deyil, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.

Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi  ola bilməz”.

Transparency.az bildirir ki, 13 sentyabr “seçkiləri” Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmələrlə qurulmuş separatçı Dağlıq Qarabağ rejimində 19-cu bu tip şou olacaq. 1991-ci ildən indiyəcən Dağlıq Qarabağda seçki adı altında 18 qanunsuz aksiya keçirilib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 5 “bələdiyyə seçkiləri”, 2 “referendum”. Dünya birliyi bu “seçkilərin” və “referendumların” heç birinin nəticəsini tanımayıb.

Ermənistan Silahlı Qüvvələri və separatçı hərbi birləşmələr 22 ilə yaxındır Azərbaycanın bütün cənub-qərbini (Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayılı tam, Ağdərə, Xocavənd, Füzuli və Ağdamı qismən) işğal altında saxlayır.

Ali məktəbin adı necə olmalıdır: akademiya, institut, ya universitet?

07.09.2015

etibar-eSentyabrın 3-də Azərbaycan Dövlət Neft Akademiyasının adı prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə dəyişdirildi. Ali təhsil müəssisəsinin institut, akademiya və ya universitet adlandırılmasının onun statusuna təsiri varmı? Transparency.az-ın sualını cavablandıran təhsil məsələləri eksperti Etibar Əliyev deyir ki, bütün ali məktəblərin adlarında eyniyyət, uyğunluq yaranmalıdır: “Neft Akademiyasının Neft və Sənaye Universitet adlandırılması çox düzgün addımdır. Digərlərinin də adı dəyişməlidir. Qərbdə də ənənə formalaşıb ki, ali təhsil ocaqları universitet adlansın.

Akademiyada elmi tədqiqatlara böyük üstünlük verilir, fəaliyyətində təhsildən çox tədqiqat yer tutur. Bədən Tərbiyəsi və İdman Akademiyası, ya Rəssamlıq Akademiyası nə deməkdir? Elmlər Akademiyasında bütün elmlər üzrə tədqiqatlar aparılır. Onda belə çıxır Bədən Tərbiyəsi və İdman Akademiyasında da bədən tərbiyəsi və idman üzrə tədqiqat aparılır. Bu, paradoksdur.

İnstitut da tədqiqat xarakterlidir. ABŞ-ın Massaçusets Texnologiya İnstitutu dünya reytinqlərində öndədir. Büdcəsi Azərbaycanın büdcəsi qədərdir. İndi amerikalılar niyə onun adını akademiya eləmirlər? Akademiya olsa, təhsilin səviyyəsi qalxacaq? Əlbəttə, yox.

Mən Azərbaycanın bütün ali təhsil ocaqlarının universitet adlandırılmasının tərəfdarıyam, bunu doğru sayıram”.

Transparency.az bildirir ki, təhsil qanununa görə (Qanun), Azərbaycan Respublikasında ali təhsil müəssisəsi bir neçə formada ola bilər: ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s. Transparency.az bildirir ki, hazırda Azərbaycanda 31 universitet, 12 akademiya, ixtisaslaşmış 5 ali məktəb, 3 institut, 1 konservatoriya var:

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Tibb Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bakı Slavyan Universiteti

Azərbaycan Dillər Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Sumqayıt Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Texnologiya Universiteti

Naxçıvan Dövlət Universiteti

Qərb Universiteti

Bakı Asiya Universiteti

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti

Azərbaycan Universiteti

Qafqaz Universiteti

Xəzər Universiteti

Odlar Yurdu Universiteti

Bakı Avrasiya Universiteti

Bakı Qızlar Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Bakı Biznes Universiteti

Naxçıvan Özəl Universiteti

Bakı İslam Universiteti

ADA Universiteti

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Daxili İşlər Nazirliyinin Polis Akademiyası

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bakı Musiqi Akademiyası

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Dövlət Dəniz Akademiyası

Milli Aviasiya Akademiyası

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi

Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi

Bakı Ali Neft Məktəbi

Naxçıvan Müəllimlər İnstitutu

Azərbaycan Müəllimlər İnstitutu

Azərbaycan Turizm İnstitutu

Azərbaycan Milli Konservatoriyası.

Yanacağın bahalaşması gündəmə gələ bilər

07.09.2015

samir muallif yeni


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə