Xəbər bülleteni №8


-cı ilin büdcə sənədləri açıqlandı



Yüklə 0,57 Mb.
səhifə2/7
tarix13.11.2017
ölçüsü0,57 Mb.
#10064
1   2   3   4   5   6   7

2016-cı ilin büdcə sənədləri açıqlandı


14.09.2015

maliyye-nazirliyinin-binasi-21
2016-cı ilin dövlət və icmal büdcələrinin layihələri sentyabrın 14-də Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Dövlət büdcəsi layihəsində gəlirlər 14 milyard 566 milyon manat, xərclər 16 milyard 264 milyon manat həcmində proqnozlaşdırılır.

Transparency.az bildirir ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat məbləğində təsdiq edilib.

Beləliklə, gələn il üçün büdcənin gəlirlər hissəsi 4 milyard 872 milyon manat, xərcləri 4 milyard 836 milyon manat azaldılır.

2016-cı ilin icmal büdcəsinin gəlirləri 16 milyard 720,1 milyon manat və yaxud əvvəlki ilə nisbətən 3 milyard 996,7 milyon manat (19,3 faiz) az, xərcləri 19 milyard 906,5 milyon manat və yaxud əvvəlki ilə nisbətən 6 milyard 4,4 milyon manat (23,2 faiz) az nəzərdə tutulub.


2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı

Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasında fəaliyyəti dayandırıldı

14.09.2015



mm
Milli Məclisin sentyabrın 14-də keçirilən iclasında Avropa Parlamentinin 10 sentyabr qətnaməsi ilə əlaqədar qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanır və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasına son qoyulur.

Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilir ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxsın, Azərbaycan Respublikasının rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin.

Avronest Parlament Assambleyası 2011-ci il mayın 3-də Brüsseldə təsis edilib. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının parlament formatı olan Avronestə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan daxildir.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə bəzi Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış əksini tapıb: “Avropa Parlamenti Avropa Komissiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”.

Sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunur.

Parlamentin qərarı

15.09.2015

Transparency.az Milli Məclisin 14 sentyabr qərarının tam mətnini təqdim edir:

mmAvropa Parlamentinin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi 2915/2840 (RSP) saylı qətnamə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılıb, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilib.

Avropa Parlamenti ötən ilin iyul ayında yeni tərkibdə fəaliyyətə başladığı gündən bu qurumun rəhbərliyinin mövqeyi üzündən onunla Azərbaycan arasında heç bir rəsmi dialoq baş tutmayıb, qarşılıqlı səfərlər həyata keçirilməyib. Nə qədər qəribə olsa da, Avropa Parlamentinin rəhbərliyi tərəfindən deputatların Azərbaycana rəsmi və qeyri-rəsmi səfərlərinə qadağa qoyulub. Beləliklə, Avropa Parlamentində müəyyən qüvvələr parlamentlərarası dialoqu Azərbaycana qarşı yönələn təhqiramiz monoloqla əvəz etmək üçün ardıcıl addımlar atıblar.

Avropa Parlamentində Azərbaycana ədalətli münasibət bəsləyən deputatların təmsil etdikləri sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Azərbaycana qarşı qərəzli qətnamənin müzakirə olunduğu iclas da istisna təşkil etməyib, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmaları öz çirkin niyyətlərinə nail ola biliblər. Bunun əsas səbəblərindən biri odur ki, Avropa Parlamentinin rəhbərləri, ilk növbədə qurumun sədri Şults həmin ələbaxan qruplaşmaların fəaliyyətinə göz yumur, bəlkə özləri də bu fəaliyyətdə iştirak edir və bu qruplaşmaları himayə edirlər.

Avropa Parlamentinin iclası bir çox deputatların tolerantlıq səviyyəsini də üzə çıxarıb, bu qurumda Azərbaycanın dünyəvi dövlət kimi nüfuzuna qısqanclıqla yanaşıldığını nümayiş etdirib. Tamamilə məntiqlidir ki, hazırda Avropa İttifaqı ərazisində davam edən miqrasiya böhranı zamanı irqçilik və ksenofobiya meyllərinin misilsiz həddə çatması ittifaqın öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsinin qarşısını alır. Avropa İttifaqının üzvü olan bəzi ölkələrin yalnız xristian qaçqınlara sığınacaq vermək istəyi Avropa İttifaqı məkanında mövcud olan ifrat sağçı radikal və islamofob siyasi xəttin dəstəklənməsi, nəticə etibarilə ayrı-seçkilik sisteminin formalaşması üçün şərait yaradır. Buna bənzər meyllərin Avropa Parlamenti kimi beynəlxalq quruma yol tapması isə yalnız təəssüf doğurur. Belə bir şəraitdə dünyaya tolerantlıq nümunəsi göstərən, mədəniyyətlərarası dialoqun inkişafında qabaqcıl dövlətə çevrilən Azərbaycanın dəstəklənməsi əvəzinə ona qarşı qərəzli qətnamələrin qəbul edilməsi Avropa məkanında irqçiliyin və ksenofobiyanın təqdir olunması, Avropa İttifaqı ilə əməkdaşlığa meyl edən ənənəvi islam dövlətlərinə qarşı təxribat kimi qiymətləndirilməlidir.

Avropa Parlamenti Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan digər ölkələrdə insan hüquqlarının pozulması hallarına göz yumaraq yalnız özünə məlum olan səbəblərə görə bu cür problemləri məhz Azərbaycanda axtarmaqla məşğul olur. Bütün beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, 1 milyon azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş Ermənistan Respublikasının bölgədə insan hüquqlarının və azadlıqlarının kütləvi pozuntularına səbəb olması məsələsi bu günədək Avropa Parlamentində bir dəfə də müzakirə edilməyib. İnsan hüquqlarını ali dəyər kimi elan edən Avropa Parlamenti Dağlıq Qarabağ probleminin insan hüquqları və humanitar aspektlərinə nəzər salmağı nədənsə lazım bilməyib. Avropa Parlamenti öz sənədlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etsə də, bu məhkəmənin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 16 iyun 2015-ci il qərarına etinasızlıq göstərib.

Heç kəsə sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülüb və bu iş indi də davam etməkdədir. Ölkədə peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Avropa Parlamentinin qətnaməsində bir sıra şəxslərin azadlığa buraxılması ilə bağlı irəli sürülən tələblər heç bir hüquqi və siyasi əsasa malik olmayıb, Azərbaycanın müstəqil məhkəmə sisteminə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.

Avropa Parlamentinin qətnaməsində 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə Avropa İttifaqının Xarici Fəaliyyət İdarəsinə və üzv ölkələrə çağırışlara da yer verilib. Avropa İttifaqının üzvü olan dövlətlərin ərazisində seçicilərin yalnız 42 faizinin səsləri ilə formalaşmış Avropa Parlamentindən bu cür çağırışların edilməsi təəccüb doğurur. Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu çağırışa cavab verən ilk təşkilat olub. Məqsəd Azərbaycanda keçiriləcək parlament seçkilərinin legitimliyini qabaqcadan şübhə altına almaqdır.

Hər kəs əmin ola bilər ki, seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən bütün şərait təmin edilib və lazımi tədbirlər bundan sonra da həyata keçiriləcək. Hər hansı beynəlxalq qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi azad və ədalətli seçkiləri şübhə altına ala bilməz. Azərbaycanda suverenliyin daşıyıcısı Azərbaycan xalqıdır və seçkilərin legitimliyi barədə qərarı da o verəcəkdir.

Təəssüf ki, Avropa Parlamentinin ölkəmizə münasibəti Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı da ciddi təhlükə altına alıb. Avropa Parlamentinin indiyədək qəbul etdiyi qərəzli qətnamələr nəticəsində Avropa İttifaqı–Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqlara son qoyulub.

Azərbaycan Respublikasının Milli Məclisi bir daha Avropa Parlamenti üzvlərinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir, bu sahədə beynəlxalq təşkilatlar ilə əməkdaşlığın hüquq bərabərliyi, qarşılıqlı hörmət əsasında və konstruktiv məcrada inkişaf etdirilməsi üçün Azərbaycan xalqının və rəhbərliyinin möhkəm siyasi iradəsi mövcuddur.

Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Avropa Parlamentindən tələb edilsin ki, Avropa İttifaqı–Azərbaycan münasibətlərinə qarşı pozucu fəaliyyətinə son qoysun, Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəksin.

2. Avropa Parlamenti Azərbaycana münasibətdə konstruktiv mövqe tutmağa və bu yanaşmanı real addımlarla nümayiş etdirməyə çağırılsın.

3. Avropa Parlamentindəki konstruktiv və sağlam qüvvələrə müraciət edilsin ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısının alınmasında səylərini artırsınlar.

4. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalına siyasi dəstək məqsədi ilə Azərbaycanı daim hədəfdə saxlamağa çalışan müxtəlif lobbiçi qruplaşmaların Avropa Parlamentindəki pozucu fəaliyyəti qətiyyətlə pislənilsin və bu fəaliyyətə son qoyulması tələb edilsin.

5. Azərbaycana qarşı lobbiçilik fəaliyyətinin maliyyələşdirilməsi çərçivəsində yol verilmiş qanun və maliyyə pozuntularının, korrupsiya hallarının, Avropa Parlamenti rəhbərliyinin lobbiçilik fəaliyyəti ilə əlaqələri barədə ittihamların araşdırılmasına çağırılsın.

6. Avropa Parlamentinin müvafiq qurumlarına müraciət edilsin ki, Avropa Parlamentinin sədri Şultsla postsovet dövlətlərinin bəzi rəhbər şəxsləri arasında birgə korrupsiya əməlləri, qanun pozuntuları barədə mətbuatda yayılmış xəbərləri araşdırsın və onun qeyri-qanuni fəaliyyətinə qiymət versinlər.

7. Avropa Parlamenti Azərbaycanın zəngin tolerantlıq təcrübəsini nəzərə almaqla, Avropada islamofobiya və ksenofobiya problemlərinin həllinə diqqət yetirməyə çağırılsın.

8. Avropa Parlamentindən tələb edilsin ki, konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə son qoysun.

9. Hələ keçirilməmiş parlament seçkilərinin qərəzli çağırışlar ilə şübhə altına alınması cəhdləri qətiyyətlə pislənilsin və bunlara son qoyulması tələb edilsin.

10. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.

11. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulsun.

12. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxsın.

13. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin.

Əlilliyin müəyyən olunması meyarları dəyişir (Fərman)

15.09.2015



prezident-ferman
Prezident İlham Əliyev sentyabrın 14-də əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etməlidir.

Nazirlik əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədi ilə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatları elektron formada real vaxt rejimində TSERAS-a ötürülməsini, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatların əldə edilməsi imkanı yaratmaq məqsədi ilə müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışını təmin etməlidir.

Səhiyyə Nazirliyinə iki ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini yaratmaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışını təmin etmək tapşırılıb.

Bu nazirlik tibbi-sosial ekspertiza müayinəsinə göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə olunması imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etməli, həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil olunmasını təmin etməyi tapşırmalıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iki ay müddətində informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını və həmin resurslardan müvafiq dövlət qurumlarının istifadə imkanını təmin etməlidir. Nazirliyə tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin etmək də tapşırılıb.

Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etməlidir.

Hökumət tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydalarını, əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlərin sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini nəzərdə tutmaqla iki ay müddətində təsdiqləməlidir.

Nazirlər Kabinetinə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib onları bir ay müddətində “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etmək də tapşırılıb.

Yeni dövlət agentliyi yaradıldı

15.09.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılıb. Transparency.az bildirir ki, sentyabrın 14-də imzalanan prezident fərmanı ilə Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin əsasnaməsi təsdiq edilib (ƏSASNAMƏ). Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmuş Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.

Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 45 ştat vahididir.

Nazirlər Kabineti Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin cari il üçün maliyyə təminatı ilə bağlı məsələləri on gün müddətində həll etməli, quruma müvafiq bina və zəruri avadanlıqlar ayırmalıdır.

Ekspertlər büdcə layihələri haqda

15.09.2015

İqtisadçı ekspertlər Qubad İbadoğlu və Rövşən Ağayev 2016-cı ilin büdcə proqnozlarını (Layihələr) Transparency.az-a şərh ediblər.

Qubad İbadoğlu deyib ki, 2016-cı ilin büdcəsi 2011-ci il səviyyəsində qərarlaşıb: “Hökumət gələn il dövlət büdcəsinin gəlirlərini bu illə müqayisədə 4,87 milyard manat və ya 25,1 faiz az proqnozlaşdırır. Gözləntilərimiz özünü doğrultdu. Əslində bunu əvvəldən görmək çətin deyildi. İllərdir şişirdilmiş xərcləri nə zamansa ixtisar etməli idik. Amma bunu hökumətdə rasionallığın artması kimi deyil, neft gəlirlərinin azalmasından doğan məcburiyyət kimi dəyərləndirmək olar.

Dövlət büdcəsinin əsas donoru olan Neft Fondundan büdcəyə transfertlərin bu ildən başlayan azalması tendensiyasının gələn il də davam etməsi artıq yeni iqtisadi situasiya yaradıb. Bundan sonra büdcənin yükünü mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi çəkəcək. Amma gələn il hər üç başlıca mənbədən azalma proqnozlaşdırılıb. Növbəti ildə şirkətlərin mənfəət vergisinin bu illə müqayisədə 17,6 faiz az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmamasının göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi səviyyədə etirafı deməkdir. Gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfəətlərinin azalacağı, digərlərinin mənfəətli fəaliyyətinin zərərlə əvəz olunacağı gözlənəndir. Belə olan halda işçilərin ixtisarı və əmək haqlarının aşağı salınması fiziki şəxslərin gəlir vergisindən daxilolmaları da azaldacaq. İnvestisiya büdcəsinin kəskin ixtisarı bu sahədəki mənfi tendensiyaları daha da gücləndirəcək. Ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də əlavə dəyər və aksiz vergisinin əvvəlkindən az daxil olmasını şərtləndirəcək.

Artımla proqnozlaşdırılan mənbələrdən biri sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağını təsdiq edir”.

Xərclərə gəlincə, Qubad İbadoğlu deyib ki, növbəti ildə onun həcmi bu illə müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırılıb: “Növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpik tikintiyə, 14 manat dövlət aparatının saxlanmasına, 11 manat 70 qəpik sosial müdafiəyə və təminata, 11 manat 30 qəpik müdafiəyə, 10 manat 50 qəpik təhsilə, 7 manat 60 qəpik dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manat məhkəmə hakimiyyəti, hüquq müdafiə və prokurorluğa, 4 manat 60 qəpik səhiyyəyə, 4 manat mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpik kənd təsərrüfatına və balıqçılığa, 81 qəpik elmə, 1 qəpik ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənəcək.

Gələn il büdcədə 1,7 milyard manat kəsir yaranacaq. Büdcənin ümumi mənzərəsi belədir. Amma bu, proqnoz göstəricilərinin təqdimatıdır. Son zamanlar proqnozlar da özlərini doğrultmur. Bu il ötən il prornozlaşdığımız büdcə ilə gözlənilən icra arasında 2,5 milyard manat fərq yaranır. Gələn ilin büdcənin də faktiki icrası proqnozlardan az ola bilər”.

Rövşən Ağayev qeyd edib ki, 2016-cı ilin büdcəsində əsas ixtisar iki maddədə edilib: “İnvestisiya xərcləri 3,3 milyard manat az nəzərdə tutulur. 2015-ci il üçün bu xərclər 6,9 milyard manat həcmində təsdiqlənmişdi. “Əsas bölmələrə aid edilməyən xidmətlər” adlı bir xərc bölməsi üzrə xərclər 1,8 milyard manat azaldılıb və 896 milyon manat proqnoz edilib. 2015-ci il üçün həmin xərclər 2,696 milyard manat həcmində təsdiqlənmişdi.

Səhiyyə xərcləri 32,8 milyon manat, sosial müdafiə xərcləri 144 milyon manat azaldılıb. Təhsil xərclərinə demək olar toxunulmayıb. Ən maraqlısı odur ki, mədəniyyət və idman xərcləri təxminən iki dəfə artırılıb, 348 milyon manatdan 652 milyon manata çatdırılıb. Yəqin ki, bu, ölkədə beynəlxalq idman yarışlarının təşkili ilə bağlıdır”.

Rövşən Ağayev deyib ki, Neft Fondunun 2015-ci il dövlət büdcəsinə köçürmələri ilə bağlı öhdəliyi ən azı 25 faiz ixtisarla yerinə yetiriləcək: “Açıqlanan məlumatlardan aydın olur ki, bu il 10,3 milyard manat nəzərdə tutulsa da, fonddan dövlət büdcəsinə 8,1 milyard manat transfert ediləcəyi qərara alınıb.

2016-cı ildə fonddan büdcəyə 6 milyard transfert proqnoz edilir. Bu həcmdə köçürmə sonuncu dəfə 2010-cu ildə olub. 2011-2014-cü illərdə isə fonddan büdcəyə köçürmələrin həcmi 9-11,3 milyard manat intervalında dəyişib”.

Büdcənin yerli gəlir və xərclər bölümündə yeniliklər var

15.09.2015

2016-cı ilin dövlət büdcəsinin və icmal büdcəsinin layihələri (Layihələr) açıqlanıb. Dövlət büdcəsi layihəsində gəlirlər 14 milyard 566 milyon manat, xərclər 16 milyard 264 milyon manat həcmində proqnozlaşdırılır. İcmal büdcəsinin gəlirləri 16 milyard 720,1 milyon manat, xərcləri 19 milyard 906,5 milyon manat tutulub.

Transparency.az qeyd edir ki, dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766,3 milyon manat götürülüb. Bu, 2015-ci illə müqayisədə 68,2 milyon manat (8,2 faiz) azdır.

Yerli xərclər üzrə proqnoz 1 milyard 541,3 milyon manatdır. Bu, 2015-ci illə müqayisədə 112,7 milyon manat (6,8 faiz) azalma deməkdir.

Əsas yenilik isə gələn il rayon və şəhərlərdə vergi ödəyicilərinin mərkəzləşdirilmiş gəlirlərə ödəyəcəkləri vergilərin və digər ödənişlərin tam məbləğdə yerli gəlirlərə daxil edilməsi planıdır.

2016-cı ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 50,3 faiz olacaq, bu da əvvəlki illə müqayisədə 44,5 milyon manat (5,4 faiz) azdır.

Gələn il Sumqayıt, Mingəçevir və Şırvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına ödəyəcək.

Nazir: “Dərman vasitələrinin satışı bazarında nəzarət tədbirlərinə başlanıb”

15.09.2015



sahin mustafayevSentyabrın 15-dən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərlə satışına başlanıb. İqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetində dərc olunmuş müsahibəsində dərman vasitələrinin qiymətinin tənzimlənməsi prosesi, bu sahədə qiymətə və keyfiyyətə nəzarət barədə danışıb. Transparency.az həmin müsahibəni ixtisarla təqdim edir:

- Dərman vasitələrinin qiyməti necə tənzimlənir və bunun üçün hansı metodologiyadan istifadə olunur?

- Azərbaycanda dərman vasitələrinin qiymətinin tənzimlənməsi üçün istifadə olunan metodologiya referans qiymət yanaşması adlanır. Bu, beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur. Avropa ölkələrinin əksəriyyəti bu modeli tətbiq edir.

Metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymət əsasında nəzarət markasının da qiyməti nəzərə alınmaqla ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabinetində təsdiq edilmiş qaydalara uyğun olaraq topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə