Xətai şəxsiyyətinə obyektiv münasibət



Yüklə 156,89 Kb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü156,89 Kb.
#72773


“Azərbaycan”.-2013.-1 fevral.-N 23.-S.7. 

 

Xətai şəxsiyyətinə obyektiv münasibət



 

 

"Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün 

səviyyələrdə üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdır". 

Akademik Ramiz MEHDİYEV 

 

Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyasının  rəhbəri  akademik  Ramiz  Mehdiyevin 

"Azərbaycan" qəzetində dərc olunmuş "Şah  İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsini 

həvəslə oxudum. Əsər böyük vətəndaşlıq ruhunda yazılmışdır. Görkəmli filosofun mövqeyi, irəli sürdüyü 

fikirlər ürəyimdən oldu. 

Həmişə dilimizdə və xəyalımızda canlanan Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai haqqında 

məşhur  rus  tarixçisi  İlya  Petruşevski  (1898-1977),  eləcə  də  bir  sıra  elm  adamları  müxtəlif  fikirlər 

söyləmişlər.  Deyilənlər  ümumiləşdirilərək  belə  bir  nəticəyə  gəlinmişdir  ki,  bu  böyük  şəxsiyyət,  dövlət 

xadimi  haqqında  iki  fikir  mövcuddur.  Bir  qrup  alimlər-tədqiqatçılar  onun  haqqında  şövqlə  danışır, 

digərləri isə ona mənfi münasibət bəsləyirlər. 

Bəs həqiqət necədir? Hansı fikirlər həqiqətə daha uyğundur? 

Tarix  elmləri  doktoru  Fərid  Ələkbərli  2012-ci  il  noyabrın  24-də  "Zerkalo"  qəzetində  dərc  etdirdiyi 

yazıda  Səfəvi  dövlətinin  yaradıcısı  Şah  İsmayıl  Xətainin  xidmətlərini  qaralayaraq  onu  təfriqəçi 

adlandırmışdır.  Sual  olunur:  nə  üçün,  məgər  buna  ehtiyac  varmı,  bu,  yadların  xalqımıza  qarşı  mənfi 

fikrini dəstəkləmək deyilmi? 

Hələ bu, azmış kimi, əslən Cənubi Azərbaycandan olan Güntay Gəncalp adlı birisi də cəmiyyətimizdə 

heç bir xidməti olmayan, keçmişimizə xor baxanların təsiri altına düşərək 2012-ci ildə Bakıda "Qanun" 

nəşriyyatında  "Səfəvilər"  adlı  kitab  nəşr  etdirmişdir.  Dəridən-qabıqdan  çıxan  müəllif  Şah  İsmayıl 

Xətainin tarixi rolunu heçə endirməyə çalışmış, cəfəng uydurmalar irəli sürmüşdür. 

Akademik  Ramiz  Mehdiyev  əsərində  bu  cür  fikirlərə  münasibətini  belə  bildirmişdir:  "Zənnimcə, 

G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar arasında yaxşını pisdən seçə bilməmişdir. Buna görə 

də onun çıxardığı nəticələr görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVII əsrlər tarixi sahəsində 

mütəxəssislərin  elmi  baxışlarına  ziddir.  Kitabda  qeyri-dəqiqliklər,  ziddiyyətlər,  uydurmalar  çoxdur, 

müəllif həqiqətə uyğun olmayan faktlara müraciət edir". 

Güntay  Gəncalp  əsərində  göstərmişdir  ki,  guya  Şah  İsmayıl  silah  gücünə  insanları  öz  etiqadından 

dönməyə  və  şiəliyi  qəbul  etdirməyə  məcbur  etmiş,  eyni  zamanda  sünnilərə  aid  nə  varsa  hamısını 

dağıtmışdır. 

 Həmçinin  müəllif  yazmışdır  ki,  Şah  İsmayıl  özünün  qızılbaş  tərəfdarları  ilə  birləşərək  türk 

mədəniyyətini  məhv  etmişdir.  Səfəvilər  dövründə  Azərbaycan  dili  yox,  rəsmi  şəkildə  fars  dili 

işlədilmişdir. 

Ümumiyyətlə, Güntay Şah İsmayılın Şirvanşahlar dövlətini qəddarcasına məhv etməsini və Osmanlı 

imperiyası ilə uğursuz müharibə aparmasını xüsusi vurğulamışdır. 

Qədim Roma hüququndan da məlumdur ki, problemli məsələ araşdırıldıqda həmişə mənfi və müsbət 

hallar nəzərə alınır. Çox təəssüf ki, Güntay Şah İsmayılın tarixi rolunu azaltmaqda maraqlı olan şəxslərin 

fikirlərinə üstünlük vermişdir. 

Təqdirəlayiq haldır ki, akademik Ramiz Mehdiyev əsərində məntiqi əsaslarla, arxiv materialları, tarixi 

sənədlər, elmi dəlillərlə həmin tədqiqatçıları və onların niyyətlərini ifşa etmişdir. Tarix sübut etmişdir ki,  

Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirərək qüdrətli Azərbaycan dövləti yaratmışdır. 

AMEA-nın  Mərkəzi  Kitabxanasında  Firuz  Mənsuri  adında  bir  müəllifin  "Razhayi  dər  dele-tarix" 

başlığı  altında  118  səhifəlik  kitabı  da  var.  Bu  kitabın  məğzi  ondan  ibarətdir  ki,  Şah  İsmayıl  Xətai 

Azərbaycan  dövləti  yox,  İran  dövləti  yaratmış,  onun  azərbaycanlı  olması  şübhə  altına  alınmış,  şairliyi 

inkar edilmiş, Azərbaycan dilində "Divan"ının  olmadığı iddia edilmişdir. Klassik ədəbiyyatımızın gözəl 

bilicisi, akademik Həmid Araslı qeyd olunan kitabla tanış olduqdan sonra Firuz Mənsuriyə açıq məktub 

yazaraq onun əsərini kəskin tənqid etmiş, iddialarını tamamilə rədd etmişdir. 

Akademik  Həmid  Araslı  həmin  məktubda  yazmışdı:  "...Siz  də  ana  dilinə,  ana  yurduna,  ana  südünə 

xain  çıxan  şöhrətpərəstlərdən  birisiniz.  Azərbaycan  xalqının  ədəbiyyat,  dil  və  mədəniyyət  tarixini  daha 

saxta yollarla inkar və təhrif etməyə cəsarət göstərirsiniz..." 



Daha sonra məktubda şərh olunmuşdur: "Şah İsmayıl Xətai Azərbaycan dövləti olan Səfəvi dövlətinin 

banisidir. O, eyni zamanda Azərbaycan ədəbi dilinin inkişafı tarixində mühüm rol oynamış görkəmli bir 

sənətkardır.  Hökmdar-şairin  mükəmməl  bir  "Divan"ı,  "Dəhnamə"  adlı  poeması,  "Nəsihətnamə"  adlı 

məsnəvisi hələ XVI əsrdən elm aləminə məlumdur. XVI əsrin başlanğıcında siyasət aləmində mühüm rol 

oynamış  Şah  İsmayıl  Xətai  eyni  zamanda  öz  bədii  əsərləri  ilə  siyasi  fikirlərini  təbliğ  etmiş,  qılıncı  ilə 

qurduğu  Səfəvi  dövlətini  qələmi  ilə  qorumuşdur.  Səfəvilər  sülaləsinin  ilk  hökmdarı,  Səfəvi  dövlətinin 

qurucusu olan Şah İsmayıl özünün 24 illik (1501-1524) hakimiyyəti dövründə Azərbaycan mədəniyyətini 

ən yüksək səviyyəyə qaldırmışdır. ...Səfəvilər dövründə Azərbaycan dili təkcə ədəbiyyat dili yox, həm də 

dövlət  və  siyasət  dili  olmuşdur.  Şah  İsmayıl  və  onun  xələflərinin  dövründə  sarayda  Azərbaycan  dili 

işlənmiş, dövlət idarələrinin bütün yazı-pozusu da azərbaycanca olmuşdur. 

Bu  həqiqət  bütün  dünya  şərqşünasları,  o  cümlədən  görkəmli  alimlər  Bartold,  Krımski,  Minorski 

tərəfindən də araşdırılmış, bu əsrlərdə Təbrizə gəlmiş Qərb səyyahları da bu haqda geniş bəhs etmişlər. 

Səfəvilər dövründə fars dilinə daxil olmuş yüzlərlə Azərbaycan sözləri haqqında doktorluq dissertasiyası 

yazılmış, Şah İsmayıl Xətainin siyasi fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyəti, dil xüsusiyyətləri də istər Şərq, 

istərsə də Qərb alimləri tərəfindən geniş tədqiq edilmişdiri. 

Bu  mövzu  ətrafında  araşdırmalar  aparan  akademik  Ziya  Bünyadovun,  hüquq  elmləri  doktoru,  uzun 

illər  inzibati  orqanlarda  rəhbər  vəzifələrdə  çalışmış  professor  Ağababa  Rzayevin,  xalq  şairi  Bəxtiyar 

Vahabzadənin,  Milli  Məclisin  deputatı  Hüseynbala  Mirələmovun,  "Azərbaycan  Səfəvilər  Dövləti" 

kitabının müəllifi Oqtay Əfəndiyevin dəyərli tədqiqatları da hər bir azərbaycanlının ürəyincədir. 

Bu da həqiqətdir ki, Fərid Ələkbərlinin, Güntay Gəncalpın və onun diletant dostu İsgəndər Palanın və 

qeyrilərinin keçmişimizə daş atmaları, tarixən bir-biri ilə qardaş, qonşu, dost olan, qanı bir, dini bir olan 

ölkələri qarşı-qarşıya qoymaq yalnız təhrikçilik və düşmənçilik niyyətlərindən irəli gəlir. 

Oxuduğumuz kitablardan, ali məktəblər üçün dərsliklərdən, o cümlədən "Azərbaycan tarixi"ndən, eyni 

zamanda  akademik  Ramiz  Mehdiyevin  çox  zəngin,  mənalı,  məntiqli  və  elmi  faktlar  əsasında  yazdığı 

irihəcmli dəyərli əsərindən aşağıdakı nəticəyə gəlirik: 

Qədirbilən  xalqımız  Şah  İsmayıl  Xətainin  xatirəsini  həmişə  uca  tutur.  Bu  böyük  şəxsiyyət  "Şərq 

tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində 

Xətai  təxəllüslü  şair  kimi  də  şərəfli  yer  tutur.  Heç  də  təsadüfi  deyildir  ki,  Şah İsmayıl  Xətai indiyədək 

yeddi böyük ələvi şairlərindən biri sayılır". 

Böyük  sərkərdə,  dövlət  xadimi  Şah  İsmayıl  Səfəvi  17  avqust  1487-ci  ildə  Cənubi  Azərbaycanın 

Ərdəbil  şəhərində  anadan  olmuşdur.  Ata  tərəfdən  Səfəvilər  nəslinə  mənsubdur.  Ana  tərəfdən  isə 

Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsidir. Gənclikdə qoçaqlığı, mübarizliyi, cəsarəti ilə seçilmişdir. 

Səfəvi  əmirlərinin  və  türk  tayfalarının  nümayəndələri  ilə  məsləhətləşmələr  aparmış,  Azərbaycanı 

birləşdirmək  planını  hazırlamışdır.  Ağqoyunlu  və  Şirvanşahlar  qoşunları  ilə  üç  qanlı,  lakin  müzəffər 

döyüşdən  sonra  1501-ci  ildə  Təbrizə  daxil  olaraq  orada  özünü  Azərbaycanın  və  İranın  hökmdarı  elan 

etmişdir. O zamandan da Səfəvilər dövləti məhz gənc hökmdarın gücü və qüdrəti sayəsində yaradılmışdır. 

Aparılan tədqiqatlar və tarixi mənbələr göstərir ki, Şah İsmayıl Xətai nə millətçi, nə də məzhəbpərəst 

olmuşdur.  O,  güclü  ordu  yaratmış,  müxtəlif  dini  cərəyanları  məharətlə  birləşdirib  onlardan  dövlətin 

mənafeyi naminə ustalıqla istifadə etmişdir. Bu da öz müsbət nəticəsini vermişdir. 

Böyük  şəxsiyyət  Heydər  Əliyev  də  1992-1993-cü  illərdə  Yeni  Azərbaycan  Partiyasını  yaradarkən 

ətrafına  sadiq  insanları  cəlb  etmişdi.  Bununla  da  ulu  öndər  gözümüzün  önündə  dağılmaqda  olan 

Azərbaycanı  xaosdan,  hərc-mərclikdən,  pərakəndəlikdən  xilas  etmişdir.  XVI  əsrdə  Şah  İsmayıl  da 

Səfəvilər  dövlətini  yaradaraq  ölkəni  dağılmaq  təhlükəsindən  qurtarmışdı.  Göründüyü  kimi,  hər  iki  dahi 

şəxsiyyəti müqayisə etdikdə oxşar cəhətlər ortaya çıxır. 

Şah İsmayıl Xətainin xidmətləri təkcə ondan ibarət deyil ki, o, Səfəvilər dövlətinin əsasını qoymuşdur. 

Diqqəti cəlb edən ən mühüm məqamlardan biri də odur ki, Şah İsmayıl hakimiyyəti ələ aldıqdan sonra 

sarayda  və  orduda  dövlət  dilinin  Azərbaycan  dili  olmasını  təsbit  etmişdir.  Onun  fərmanları  və  əmrləri 

Azərbaycan  dilində  yazılmışdır.  Başqa  millətlərlə  qarşılıqlı  hörmət,  tolerantlıq  məsələləri  bacarıqla 

nizama  salınmışdır.  Xalqının  maddi  vəziyyəti  yaxşılaşmışdır.  Mədəni  quruculuq  sahəsində  ciddi  işlər 

həyata keçirmişdir. Şah İsmayıl 1259-cu ildə böyük alim Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa 

rəsədxanasını  əsaslı  təmir  etdirmişdir.  1501-1524-cü  illərdə  24  illik  hakimiyyəti  dövründə  Azərbaycan 

ərazisini 2 milyon 800 min kvadratmetrə çatdırmışdır. 

Səfəvilər dövlətinə  və  müasir  Azərbaycana  böyük  səadət üz  vermişdir  ki, ağır illərdə  bu  dövlətlərin 

başında Şah İsmayıl Xətai və Heydər Əliyev kimi fenomen rəhbərlər dayanmışdılar. Onların hər ikisində 

vətən  məhəbbəti,  müdriklik  güclü  olmuşdur.  Vəziyyəti  ölçüb-biçməkdə  və  çətinliklərdən  çıxmaq  üçün 

lazımi yol axtarıb tapmaqda misilsiz məharət göstərmişlər. 




Şah İsmayıl Xətai hökmdar olduğu illərdə nəhəng Səfəvilər imperiyasını yaratmış və onun yüksəlişinə 

nail  olmuşdur.  Onun  hökmdarlığı  dövründə  beş  savaş  aparılmışdır.  Şah  İsmayıl   1500-cü  ildə  Cabani 

yaxınlığında  Şirvanşah  Fərrux  Yassar,  1501-ci  ildə  Şərurda  Ağqoyunlu  Əlvənd,  1503-cü  ildə  Alma 

Qulağı yaxınlığında Sultan Murad, 1510-cu ildə Mərv  yaxınlığında özbək xanı Məhəmməd Şeybani və 

1514-cü ildə Çaldıranda 

I Sultan Səlim ilə vuruşmuşdur. Sonuncu müharibə istisna olmaqla, dörd savaşdan Şah İsmayıl qalib 

çıxmışdır. 

Heç də təsadüfi deyildir ki, Şah İsmayılın yüksək hərbi istedadı və döyüş qabiliyyəti haqqında Karl 

Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, 24 illik hakimiyyəti dövründə 14 

əyalət fəth etmişdi". 

Şah İsmayılın hərbi səfərlərə çıxmaqda məqsədi vahid Azərbaycan dövləti yaratmaq idi. Tarixçilərin 

yazdıqlarına görə, o öz təşəbbüsü ilə Osmanlı imperiyası ilə müharibə aparmamışdır. Bu müharibənin və 

Şah İsmayılın məğlub olmasının səbəbləri vardı. 

Hazırda  türk  dünyasının  güclənməsi  bir  çox  dövlətləri  narahat  etdiyi  kimi,  XVI-XVII  əsrlərdə  də 

Osmanlı  imperiyasının  və  Səfəvilər  dövlətinin  varlığı,  geniş  əraziyə  malik  olması,  nüfuz  dairələrini 

genişləndirməsi dünya dövlətlərini düşündürürdü. Ona görə də bu iki müsəlman dövlətini nəyin bahasına 

olursa-olsun zəiflətməyə can atırdılar. 

İki din və dil qardaşının döyüşünün ilkin səbəbi isə ondan ibarət olmuşdur ki, həmin dövrdə Avropa 

dövlətləri osmanlıların Cənub-Şərqi Avropada irəliləməsinin qarşısını almaq üçün təhrikçilik işlərini ön 

plana çəkmişdilər. Belə bir şəraitdə Osmanlı imperiyasında Sultan II Bəyazidin oğlu I Səlim hakimiyyətə 

gəlmək  məqsədilə  atasını,  qardaşlarını,  gözəçarpan  insanları  qəddarlıqla  aradan  götürmüşdü.  I  Səlim 

1512-ci  ildə  taxta  çıxmışdır.  Bir  sıra  dövlət  başçıları  I  Səlimi  təbrik  etmişlər.  Lakin  Şah  İsmayıl  onun 

hakimiyyətə necə gəldiyindən xəbərdar olduğundan onu təbrik etməkdən imtina etmişdir. 

I Səlim Şah İsmayılın onu təbrik etməməsindən də qəzəblənərək 23 avqust 1514-cü ildə 100 minlik 

qoşunla Çaldıran adlı yerdə onunla üz-üzə gəlmişdir. Bu vuruşmada Şah İsmayıl məğlubiyyətə uğrasa da, 

I Səlimin qoşunları da geriyə dönməyə məcbur olmuşdu. 

Şah  İsmayıl  ruhdan  düşməmiş  və  ölkədə  quruculuq  işlərini  genişləndirmişdir.  Saray  alimi  Fəxri 

Hərəviyə,  Azərbaycan  dilində  divan  yaratmış  göyçaylı  şair  Həbibiyə,  İbrahim  Cahiyə,  Süruriyə, 

Tüfeyliyə, Şahiyə, rəssam-xəttat Şah Mahmud Nişapuriyə və İmdad Qəzviniyə yüksək səviyyədə qayğı 

göstərmişdir. 

Heç də təsadüfi deyil ki, dahi Məhəmməd Füzuli Şah İsmayıl Xətaiyə yüksək qiymət verərək "Bəngü-

Badə" əsərini ona ithaf etmişdir. 

Akademik Ramiz Mehdiyevin əsərində xüsusi qeyd olunur ki, "Şah İsmayılın Azərbaycan dövlətçiliyi 

qarşısında  ən  böyük  xidmətlərindən  biri  də  öz  dövrü  üçün  xarici  siyasət  mexanizmlərini 

formalaşdırmasıdır". Qüdrətli imperiya yaradan dövlət xadimi həm də Qərbi Avropada Papalıq, Fransa, 

İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli münasibətlərin bünövrəsini qoymuşdur. 

Şah  İsmayıl  Xətainin  qoyub  getdiyi  zəngin  dövlətçilik  irsi  bir  neçə  əsr  Səfəvi  dövləti  tərəfindən 

qorunub  saxlanmışdır.  Yalnız  XIX  əsrdə  baş  vermiş  Rusiya-İran  müharibələri  nəticəsində  Şah  İsmayıl 

Xətainin  yaratdığı  Azərbaycan  dövləti  iki  yerə  parçalanmışdır.  Şah  İsmayılın  hakimiyyəti  dövründə 

qazanılmış torpaqların hissə-hissə əldən çıxması tendensiyası Şimali Azərbaycanda da baş vermişdir. 

Çox təəssüf ki, Güntay Gəncalplar, İskəndər Palalar göstərilən tarixi faktlardan yan keçirlər. Bu cür 

başabəla  tədqiqatçılar  500  il  bundan  qabaq  Azərbaycan  torpaqlarını  genişləndirən,  Səfəvilər  dövlətini 

yaradan,  Azərbaycan  dilini  dövlət  dili  səviyyəsinə  çatdıran  görkəmli  sərkərdə,  böyük  şəxsiyyət  Şah 

İsmayıl Səfəvi haqqında uydurma ittihamlar yaymaqla ictimaiyyət qarşısında özlərini biabır etmişlər. 

Xalqımız Şah  İsmayıl Xətainin fəaliyyətini, dövlət idarəçiliyini, ideal dövlət başçısı olmasını yüksək 

qiymətləndirir. Onun 500 illik yubileyi 1988-ci ildə təntənəli şəkildə qeyd edilmişdir. Bakı və Xaçmazda 

onun  möhtəşəm  heykəlləri  ucaldılmışdır.  Paytaxtımızın  rayonlarından  biri  Şah  İsmayıl  Xətainin  adını 

daşıyır. 

Qoy  gənc  nəsil  bilsin  ki,  bizim  dahi  şəxsiyyətlərimiz  həmişə  olmuşlar  və  müasir  dövrdə  də  var. 

Onların xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün müqəddəs və əzizdir. 

Tariximizi, mədəniyyətimizi, müdrik rəhbərlərimizi sevənlər üçün akademik Ramiz Mehdiyevin "Şah 

İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi misilsiz əhəmiyyətə malikdir. 



  

Cahangir NƏSİROV, 

prokurorluq orqanlarının fəxri işçisi, baş ədliyyə müşaviri,  

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü  

Yüklə 156,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə