Xəyalin diGƏr adi: maddə


Uzaqlıq hissi də beyində əmələ gələn hissdir



Yüklə 1,03 Mb.
səhifə3/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   2   3   4   5   6   7   8   9   ...   15

Uzaqlıq hissi də beyində əmələ gələn hissdir

Avtomobillər, siqnal səsləri, mağazalar, binalar... Bir küçəyə baxdıqda qarşılaşdığınız bu mənzərə sizə çox aydın, çox həqiqi görünür. Ona görə, insanların böyük bir qismi gördükləri bu mənzərənin beyinlərində əmələ gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar. Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması mümkün deyil.

Görüntünu bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu xam maddələrdən o qədər qüsursuz şəkildə istifadə edilmişdir ki, beynimizdə üç ölçülü, rəngli və canlı görüntü halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç fərqinə varmadan bütün ömür boyu həqiqi zənn edərək içində yaşadığımız, ancaq əslində sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxar.

İndi özünüzü avtomobil sürərkən təsəvvür edin. Avtomobilin rolunu özünüzdən bir qol məsafədə, küçə işıqlarını isə bir neçə yüz metr qarşıda görürsünüz. Qarşınızdakı avtomobillə aranızda təxminən 10 metr məsafə var. Üfüqdə görünən dağlar isə kilometrlərlə uzaqdadırlar. Ancaq bu təxminlərinizin hamısı səhvdir! Nə dağlar, nə də qarşınızdakı avtomobil o qədər uzaqda deyil. Əslində bütün bu görüntülər bir film pərdəsi kimi beyninizdə tək bir səthdə, iki ölçülü şəkildə yerləşir. Bəs onda bu məsafə və dərinlik hissi necə əmələ gəlir?

Məsafə dediyimiz hiss bir növ üç ölçülü görmə formasıdır. Görüntülərdə məsafə və dərinlik hissini yaradan şeylər isə perspektiv, kölgə və hərəkət dediyimiz ünsürlərdir. Optika elmində məkan (space) hissi deyilən bu hiss forması çox qarışıq sistemlərlə təmin olunur. Bu sistemi ən asan yolla belə izah edə bilərik: əslində gözümüzə gələn görüntü sadəcə iki ölçülüdür. Yəni hündürlük və en ölçülərinə malikdir. Göz bülluruna gələn görüntülərin ölçüləri və iki gözün eyni anda iki fərqli görüntü görməsi dərinlik və məsafə hissini əmələ gətirir. Bizim hər bir gözümüzə düşən görüntü digər gözə gələn görüntüdən bucaq, işıq kimi ünsürlər baxımından fərqlənir. Beyin bu iki fərqli görüntünü vahid rəsm halına salaraq dərinlik və məsafə hissini əmələ gətirir.

Bunu daha yaxşı anlamaq üçün bir təcrübə keçirə bilərik. Əvvəlcə, sağ qolunuzu bacardıqca irəli uzadın və şəhadət barmağınızı qaldırın. İndi gözlərinizi barmağınıza zilləyərək növbə ilə sağ və sol gözlərinizi yumub açın. İki gözə fərqli iki görüntü gəldiyi üçün barmağın bir az yerini dəyişdirdiyini və ya sürüşdüyünü görəcəksiniz. İndi iki gözünüzü də açaraq sağ şəhadət barmağına zilləyərkən sol əlinizin şəhadət barmağını mümkün olduğu qədər gözlərinizə yaxınlaşdırın. Yaxındakı barmağın cüt görüntü əmələ gətirdiyini görəcəksiniz, bu isə duyğu sistemində uzaqdakı barmaqdan fərqli dərinlik hissi əmələ gəlməsinə görədir. İndi bu vəziyyətdə ikən gözlərinizi növbə ilə yumub-açsanız, yaxındakı barmağın daha çox yer dəyişdirdiyini görəcəksiniz, çünki iki gözə düşən görüntülərin fərqi artmışdır.

Üç ölçülü film çəkilərkən də bu üsuldan istifadə edilir; iki müxtəlif bucaqdan çəkilən görüntü eyni ekran üzərində əks etdirilir. Tamaşaçılar rəng filteri və ya polyarlaşdırıcı filterli eynəklər taxırlar. Eynəyin şüşəsindəki filterlər iki görüntüdən birini tutur, beyin bunları birləşdirib üç ölçülü görüntü halına salır.

İki ölçülü tor qişada dərinlik hissinin əmələ gəlməsi iki ölçülü rəsm kanvasında həqiqi dərinlik hissi yaratmağa çalışan rəssamların istifadə etdiyi üsula çox bənzəyir. Dərinlik hissini əmələ gətirən bəzi vacib ünsürlər var. Bunlar cisimlərin üst-üstə yerləşməsi, atmosfer perspektivi, tekstura dəyişikliyi, xətti perspektiv ölçü, yüksəklik və hərəkətdir. Tekstura dəyişikliyi dərinlik hissinin əmələ gətirilməsində son dərəcə vacibdir. Üzərində gəzdiyimiz səth, məsələn, yol və ya çiçəklərlə dolu çöl əslində bir teksturadır. Bizə yaxın olan teksturalar daha hərtərəfli, uzaqdakılar isə daha tutqun görünür. Ona görə, tekstura üzərində yerləşdirilən cisimlərin məsafəsi haqqında mühakimə yürütmək çox asandır. Bundan başqa, burada kölgə və işıq ünsürləri də birlikdə üç ölçülü görüntünü tamamlayır.

Belə ki, qabiliyyətli rəssamların çəkdiyi rəsmlərə heyranlıqla baxmağımızın səbəbi kölgə və perspektiv ünsürlərindən istifadə edərək rəsmə verdikləri dərinlik və canlılıq hissidir.

Perspektiv uzaqdakı şeylərin müşahidəçiyə görə yaxındakı şeylərə nisbətən daha kiçik görünməsindən irəli gəlir. Məsələn, bir mənzərə rəsminə baxdıqda uzaqdakı ağaclar kiçik, yaxındakı ağaclar böyük görünür və ya arxa plandakı dağ rəsmi ön plandakı insan rəsmindən daha kiçik çəkilir. Xətti perspektivdə isə rəssamlar paralel xətlərdən istifadə edirlər. Məsələn, qatar relsləri üfüq xəttində birləşərək məsafə və dərinlik hissini əmələ gətirirlər.

Rəssamların rəsmlərində istifadə etdikləri üsul beynimizdə meydana gələn görüntüyə də aiddir. Beynimizdəki iki ölçülü məkanda dərinlik, işıq, kölgə eyni üsulla meydana gəlir. Bir görüntüdə təfərrüatlar, yəni işıq, kölgə və ölçülər nə qədər hərtərəflidirsə, o görüntü o qədər həqiqi olur və hisslərimizi aldadır. Beləliklə, biz üçüncü ölçü olan dərinlik və məsafə varmış kimi hərəkət edirik. Halbuki gördüyümüz bütün görüntülər film kadrı kimi tək bir səth üzərindədir. Beynimizdəki görmə mərkəzi son dərəcə kiçikdir! Bütün o uzaq məsafələr, uzaqdakı evlər, göydəki ulduzlar, Ay, Günəş, havada uçan təyyarələr, quşlar kimi görüntülər bu kiçik məkana sığışdırılır. Yəni sizin baxıb minlərlə kilometr yuxarıda dediyiniz təyyarə ilə əlinizi uzadaraq tuta bildiyiniz stəkan arasında texniki bir məsafə yoxdur, hamısı beyninizdəki qavrama mərkəzində tək bir səth üzərindədir.

Məsələn, üfüqdə gözdən itməkdə olan gəmi əslində sizdən kilometrlərlə uzaqda deyil. Gəmi sizin beyninizin içindədir. Baxdığınız pəncərənin çərçivəsi, pəncərənin qarşısındakı qovaq ağacı, evinizin qarşısından keçən yol, dəniz və dənizdə hərəkət edən gəmi də daxil olmaqla, beyninizdəki görmə mərkəzində, yəni iki ölçülü məkanda əmələ gəlir. Bir rəssam böyüklük və kiçiklik kimi nisbətləri, rəng, kölgə və işıq kimi xam maddələrdən və perspektivdən istifadə edərək uzaqlıq hissini iki ölçülü rəsmdə necə göstərə bilirsə, bizim beynimizdə də buna bənzər şəkildə uzaqlıq hissi olur. Nəticədə gördüklərimizi özümüzdən uzaqdaymış kimi qavramağımız, gördüklərimizlə aramızda bir məsafə olması bizi yanıltmalı deyil. Çünki məsafə də digərləri kimi bir hissdir.


Siz otağın içindəsiniz, yoxsa otaq sizin içinizdədir?

İnsanların gördüklərinin beyinlərində bir hiss olduğunu dərk etmələrinə mane olan səbəblərdən biri də bədənlərini də bu görüntünün içində görmələridir. “Mən bu otağın içində olduğuma görə, deməli, bu otaq mənim beynimdə əmələ gəlmir”-kimi səhv nəticəyə gəlirlər. Onları bu səhv nəticəyə aparan səbəb odur ki, öz bədənlərinin də görüntüsü ilə təmasda olurlar və bunu unudurlar. Ətrafımızda gördüyümüz hər şey necə sadəcə xəyali görüntülərdən ibarətdirsə, öz bədənimiz də eyni şəkildə beynimizin içində əmələ gələn bir xəyali görüntüdür. Məsələn, hal-hazırda oturduğunuz kresloda boynunuzdan aşağıda qalan hissənizi görürsünüz. Bu görüntü də digərləri kimi eyni sistemlə meydana gəlir. Əlinizi ayağınızın üzərinə qoyduqda bu toxunma hissi də beyninizdə əmələ gəlir. Yəni siz hal-hazırda beyninizdə əmələ gələn bədəninizi görür və bədəninizə toxunduğunuzu beyninizdə hiss edirsiniz

Bədəniniz də beyninizdə bir görüntü olduğuna görə, otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz? Aydındır ki, bu sualın doğru cavabı belədir: “otaq sizin içinizdədir”. Siz beyninizdəki otaq görüntüsünün içindəki bədəninizin görüntüsünü görürsünüz.

Bunu bir başqa misalla bir az da açıqlayaq. Təsəvvür edin ki, liftin düyməsinə basdınız və lift gəldikdə yuxarı mərtəbədəki qonşunuz da liftin içindədir. Liftə mindiniz. Əslində siz liftin içindəsiniz, yoxsa lift sizin içinizdədir? Həqiqət budur: lift içindəki qonşunuzun və bədəninizin görüntüsü ilə birlikdə sizin beyninizdə əmələ gəlir.

Beləliklə, biz heç bir şeyin “içində” ola bilmərik. Hər şey bizim içimizdə, yəni beynimizdə əmələ gəlir. Günəşin, Ayın, ulduzların və ya göydə uçan təyyarənin bizdən milyon kilometrlərlə uzaqlıqda olması da bu həqiqəti dəyişdirmir. Günəş və Ay da eynilə əlimizdə tutduğunuz bu kitab kimi sizin beyninizin içindəki kiçik görmə mərkəzində əmələ gələn xəyali görüntülərdir.
Süni şəkildə əmələ gətirilən hisslər

Yazıçı Rita Carter “Mapping the mind” adlı kitabında: “Görmək üçün gözlərə ehtiyac yoxdur”, -deyərək elm adamları tərəfindən həyata keçirilən çox əhəmiyyətli təcrübəyə yer verir. Təcrübədə görmə qabiliyyyətindən məhrum olan şəxslərə video rəsmləri titrəmələrə çevirən cihaz birləşdirilmişdir. Bu şəxslərin gözlərinin yanına taxılan kamera isə siqnalları həmin şəxsin beyninə göndərirdi. Beləliklə, bu şəxs davamlı şəkildə vizual dünyadan siqnalları qəbul edə bilirdi. Xəstələr bir müddət sonra həqiqətən görən insan kimi davranmağa başladılar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün linza vardı. Bu linza xəstəyə xəbər verilmədən işə salındıqda, xəstə görüntü böyüyərək üzərinə gəldiyini gördüyü üçün iki qolu ilə özünü qorumağa çalışmışdır.14 Bu təcrübədən də göründüyü kimi, hisslərimizin əmələ gəlməsi üçün süni şəkildə əmələ gətirilən hisslər də kifayətdir.


Yuxuda yaşadığımız “hisslər dünyası”

İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, siqnalların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çox insanın olduğu yerdə, təhlükədə görə bilər. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilər. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini həqiqətən təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə ürəyi ağzına gəlir, qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nələr hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə zehnindən kənarda gördüklərinin heç biri yoxdur.

Yuxuda yüksək bir yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edir. Əslində isə, o anda yatağında heç tərpənmədən yatır. Yuxuda ayağı sürüşərək su çuxuruna yıxıldığını görən bir insan bütün paltarlarının islandığını, küləkdən üşüdüyünü hiss edə bilər. Ancaq olduğu yerdə nə su çuxuru, nə də külək var. Hətta çox isti otaqda yatdığına baxmayaraq, nəmliyi və üşüməyi eynilə oyaq vaxtda olduğu kimi hiss edir.

Yuxusunda maddənin əsli ilə təmasda olduğunu iddia edən insan özündən son dərəcə əmin ola bilər. Ona maddənin xəyali görüntüsü ilə təmasda olduğunu, xarici aləmin əsli ilə təmasda olmağın mümkün olmadığını izah edən dostunun çiyninə əlini qoyaraq: “İndi mən xəyalam? Sən əlimi çiynində hiss etmirsənmi? Elə isə necə xəyali görüntü ola bilərsən? Hardan çıxarırsan bu iddiaları? Gəl səninlə gəzintiyə çıxaq, həm bu mövzu haqqında danışarıq, həm də belə bir mövzuya nə üçün inandığını mənə izah edərsən”, -deyə bilər. Gördüyü yuxusu o qədər aydındır ki, rahatlıqla avtomobili işə salıb, motora qaz verir və sonra birdən pedala basaraq avtomobili hərəkətə gətirir. Yolda sürətlə gedərkən ağaclar və yol xətləri sürətdən sanki göz aparan görüntü əmələ gətirir. Bir tərəfdən də təmiz dəniz havasını alır. Elə dostuna etiraz etməyə, o anda yaşadıqlarının xəyal olmadığını anlatmağa hazırlaşarkən saatının zənginə oyanır. Ancaq maraqlıdır ki, yuxuda gördüklərinin xəyal olduğuna etiraz edən bu insan oyaq olarkən də gördüklərinin zehnində əmələ gələn xəyali görüntülər olduğunu izah edən dostu yanında olsa, ona da eyni şəkildə etiraz edəcəkdir.

İnsanlar yuxudan oyandıqda o ana qədər gördüklərinin xəyal olduğunu anlayırlar, ancaq “oyanma” görüntüsü ilə başlayan və adına “həqiqi həyat” dedikləri həyatın xəyal ola biləcəyindən nədənsə heç şübhələnmirlər. Əslində isə “həqiqi həyatımız” dediyimiz görüntüləri qavrama forması yuxularımızı qavrama forması ilə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük və yuxudan oyanmadıqca onların bir xəyal olduğunu anlamırıq. Ancaq oyandığımız zaman: “Deməli, gördüklərim bir yuxu imiş”, -deyirik. Elə isə hal-hazırda gördüklərimizin yuxu olmadığını necə sübut edə bilərik? Sadəcə hələ oyandırılmadığımız üçün içində olduğumuz anı həqiqi zənn edə bilərik. Hər gecə gördüyümüz yuxulardan daha uzun davam edən bu yuxudan bir gün oyandırıldıqda bu həqiqətlə qarşılaşa bilərik və bunun əksini söyləyəcək heç bir dəlilimiz yoxdur.

Dünya həyatının bir yuxu kimi olduğu, ancaq bu yuxudan “böyük oyanma” ilə oyandıqda insanların yuxu kimi bir aləmdə yaşadıqlarını anlayacaqları İslam alimləri tərəfindən də dilə gətirilən bir həqiqətdir. Üstün elminə görə Şeyxi-əkbər (ən böyük Şeyx) kimi tanınan böyük İslam alimi Muhyiddin Ərəbi bir sözündə Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) bir hədisini söyləyərək dünya həyatını yuxularımıza belə bənzətmişdir:



Həzrəti Muhəmməd əleyhissəlam: “İnsanlar yuxudadır, öldükləri vaxt oyanacaqlar”, -buyurmuşdur. Deməli, dünya həyatında gördüyü şeylər yatan şəxsin yuxusunda gördüyü şeylər kimidir. Yəni xəyaldır.15

Bir ayədə isə Allah insanların qiyamət günündə yenidən dirildildikdə belə deyəcəklərini bildirir:


Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!” (Yasin surəsi, 52)
Ayədən də göründüyü kimi, insanlar qiyamət günü eynilə yuxudan oyanan kimi oyanırlar. İnsan dərin yuxuya getdiyi və yuxu gördüyü anda birdən oyandırıldıqda onu oyandıranın kim olduğunu necə soruşursa, bu insanlar da eyni şəkildə onları kimin oyandırdığını soruşurlar. Bu ayədə də diqqət çəkildiyi kimi, dünya həyatı gördüyümüz bir yuxu kimidir və hər insan bu yuxudan oyandırılacaq və gerçək həyatı olan axirət həyatına dair görüntüləri görməyə başlayacaqdır.
Süni şəkildə əmələ gətirilən dünyalara digər nümunələr

“Xarici dünya” olmadan hisslərin çox həqiqi şəkildə yaşana biləcəyinə dair dövrümüzün texnologiyasında da çox əhəmiyyətli nümunələr var. Xüsusilə son illərdə böyük irəliləyiş göstərən “xəyali gerçəklik” anlayışı çox diqqət çəkir.

Xəyali gerçəklik ən sadə formada kompyuterdə canlandırılan üç ölçülü görüntülərin bəzi cihazlar vasitəsilə insanlara “gerçək dünya” kimi göstərilməsidir. Bu gün bir çox sahədə fərqli məqsədlərlə istifadə edilən bu texnologiya bu səbəbdən “süni həqiqət”, “xəyali dünyalar”, “xəyali mühit” kimi də adlandırılır. Xəyali gerçəkliyin ən əhəmiyyətli xüsusiyyəti odur ki, xüsusi alətlərdən istifadə edən şəxs gördüyü görüntünü həqiqi zənn edir, hətta bu görüntünün içinə dalır. Ona görə, son illərdə xəyali gerçəklik ifadəsinin ingiliscə qarşılığının əvvəlində “immersive” sözündən də istifadə edilir və bu sözün mənası “batırmaq, qərq etmək, içinə dalmaq”dır. (İmmersive Virtual Reality: daldıran xəyali gerçəklik).

Xəyali dünya əmələ gətirmək üçün istifadə edilən alətlər görüntünü göstərən ekranı olan kaska, toxunma hissi verən elektronik əlcəkdir. Kaskanın içindəki alət isə davamlı olaraq başın hərəkətlərinə və istiqamətinə nəzarət edərək görüntünün başın istiqaməti və duruşu ilə mütənasib şəkildə ekrana gəlməsini təmin edir. Bəzən otaq böyüklüyündəki kubşəkilli yerin bütün divarlarında və döşəməsində stereo görüntülər əks etdirilir və bu otağa girən insanlar taxdıqları stereo eynəklərlə otaqda dolaşaraq özlərini tamamilə başqa məkanlarda, məsələn, şəlalə kənarında, dağın zirvəsində, dənizin ortasındakı gəminin göyərtəsində günəş şüaları altında dincələrkən görə bilərlər. Başa taxılan kaskalar üç ölçülü, dərinlik və məkan hissi olan görüntülər əmələ gətirirlər. Görüntülər insan ölçüləri ilə nisbətdə verilir və əlcək kimi bəzi alətlərlə toxunma hissi təmin edilir. Beləliklə, bu alətlərdən istifadə edən edən şəxs gördüyü xəyali dünyadakı əşyalara toxuna bilir, onların yerlərini dəyişdirə bilirlər. Bu məkanlarda insanın gördüyü görüntüdəki səslər də son dərəcə inandırıcıdır. Səs hər tərəfdən fərqli dərinliklərdə verilir. Bəzi hallarda dünyanın müxtəlif yerlərindəki bir neçə insana eyni xəyali mühit göstərilə bilir. Beləliklə, məsələn, dünyanın müxtəlif ölkələrindən, hətta müxtəlif qitələrindən üç insan özlərini digərləri ilə birlikdə motorlu qayığa minərkən görə bilirlər.

Xəyali dünyanın əmələ gətirilməsi üçün lazım olan alətlərdə istifadə edilən sistem beş duyğu orqanımızın sistemi ilə eynilik təşkil edir. Məsələn, istifadəçinin əlinə taxdığı əlcəyin içindəki mexanizmin təsiri ilə barmaq uclarına bəzi siqnallar verilir və bu siqnallar beyinə ötürülür. Beyin bu siqnalları şərh etdikdə bu şəxs ətrafında olmadığı halda ipək xalıya və ya səthi girintili-çıxıntılı olan, qabarıq vazaya toxunduğunu hiss edir.

Xəyali gerçəkliyin istifadə edilməyə başlandığı vacib sahələrdən biri tibbdir. Michigan Universitetində təkmilləşdirilən texnika ilə həkimliyə namizədlər və xüsusilə təcili yardım xidməti işçiləri süni əməliyyatxana mühitində təlim keçirlər. Burada otağın yerində və divarlarında əməliyyatxana ilə bağlı görüntülər, əməliyyatxananın ortasına isə əməliyyat stolu və “xəstə”nin görüntüsü əks etdirilir. Həkimliyə namizədlər isə üç ölçülü eynəklərini taxaraq bu xəyali xəstə üzərində əməliyyata başlayırlar. Şəkillərdən də göründüyü kimi bu şəkli görən bir insan hansının gerçək, hansının xəyali olduğunu anlamayacaqdır.

Bu nümunələrdə də göründüyü kimi, süni siqnallarla gerçək olmayan dünya gerçək kimi göstərilə bilir. Son illərdə çəkilən bəzi məşhur filmlərin bu mövzuya toxunması da son dərəcə diqqət çəkir. Məsələn, “The matrix” adlı Hollywood filmində filmin iki qəhramanı kresloda uzanmış vəziyyətdə ikən sinir sistemlərinə kompyuter qoşulduqda özlərini tamamilə başqa məkanlarda görürlər. Bir səhnədə uzaq şərq idman növü ilə məşğul olarkən, başqa birində isə özlərini başqa paltarlar içində bir çox insanın olduğu küçədə gəzərkən görürlər. Filmin qəhrəmanı yaşadıqlarının həqiqiliyi qarşısında bunların kompyuter vasitəsilə əmələ gətirilən görüntülər olduğuna inana bilmədiyini söylədikdə isə kompyuter tərəfindən görüntü dondurulur və bu şəxs həqiqi sandığı dünyanın əslində bir görüntü olduğuna inandırılır.

Beləliklə, dövrümüzün texnologiyası ilə süni siqnallar ilə süni görüntülər, başqa sözlə, süni dünya əmələ gətirmək mümkündür. Bu süni görüntülərin həqiqilərindən heç bir fərqi olmadığı təcrübədən keçirənlər tərəfindən ifadə edilir. Elə isə biz də hər an gördüyümüz “həyat görüntüsü”ndə təmasda olduqlarımızın mütləq “əsilləri” olduğunu iddia edə bilmərik. Çünki bu hisslərimizin səbəbi çox fərqli mənbə ola bilər.


Hipnozun göstərdiyi vacib həqiqət

Süni siqnallarla bir dünya əmələ gətirilməsi həqiqətinə ən yaxşı nümunələrdən biri də hipnozdur. Məlumdur ki, hipnozda hipnoz edilən şəxsin təlqinlər vasitəsilə həqiqisindən ayırd edilməyəcək qədər inandırıcı bir sıra hadisələri yaşaması təmin edilir. Sözügedən şəxs olduğu otaqda olmayan görüntüləri, adamları və ya mənzərələri görür, səsləri eşidir, qoxuları və dadları bilir. Bu müddətdə yaşadığı hadisələrdən sevinir, kədərlənir, həyəcanlanır, sıxıntı, təşviş keçirir. Hətta hipnoz altındakı şəxsin yaşadığı hadisələrin təsiri kənardan fiziki cəhətdən də müşahidə olunur, verilən təlqinlə əlaqədar nəbzin vurması, təzyiqin yüksəlməsi, dərisində qızartı əmələ gəlməsi, temperaturunun qalxması, mövcud ağrını hiss etməsi kimi əlamətlər meydana gəlir.16

Məsələn, hipnozun tətbiq edildiyi bir təcrübədə şəxsə xəstəxanada olduğu və bu xəstəxananın onuncu mərtəbəsində ölmək üzrə olan bir xəstə olduğu deyilmiş, ancaq onun əlindəki dərmanı tez çatdırdığı halda xəstənin həyatının qurtarılacağı təlqin edilmişdir. Bu şəxs hipnoz ərzində təlqinin təsiri ilə son dərəcə sürətlə 10 mərtəbəni yuxarı çıxmağa başladığını hesab etmişdir. Bu zaman tövşümüş, bərk yorulduğu üçün təngnəfəs olmuşdur. Sonra ona artıq ən yuxarı mərtəbəyə çatdığı və dərmanı çatdırdığı deyilmiş və rahat bir çarpayıya uzanması təlqin edilmişdir. Beləliklə, hipnoz edilən şəxs rahat olmağa başlamışdır.17 Hipnoz edilən şəxs ona təlqin edilən məkanı və mühiti bütün gerçəkliyi ilə yaşamasına baxmayaraq, ortada nə bəhs edildiyi kimi bir məkan, nə insanlar, nə də hadisələr var.

Digər təcrübədə isə normal otaqda olan şəxsə hamamda olduğu və hamamın çox isti olduğu təlqin edilmiş, bundan sonra həmin şəxs həddindən artıq tərləməyə başlamışdır.18 Burada çox vacib cəhət də diqqəti cəlb edir. İnsan bədənində tərləmə baş verməsi üçün bəzi təsirlərin meydana gəlməsi şərtdir. Bu hipnoz hadisəsində qarşılaşdığımız həqiqət isə budur: hipnoz edilən şəxs xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləmişdir. Bu nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək üçün o mühitin və ya məkanın əsli ilə təmasda olmaq şərt deyil. Süni siqnallar və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.



Milli Hipnoterapiya Dərnəyi, Milli Psixoterapiya Dərnəyi, Peşəkar Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Araşdırma Dərnəyi kimi bir çox qurumun üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terrence Watts da bir məqaləsində hipnoz vaxtı keçmişdəki hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları hadisə ilə əlaqədar olaraq bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir. Məsələn, insanın danışdığı hadisədə nəfəs alma çətinliyi kimi vəziyyət baş vermişsə, hadisəni hipnoz altında danışdığı vaxtda yenə nəfəsi daralır, hətta bir müddət tamamilə dayanır. Watts hipnoz zamanı kiçik yaşlarında döyüldüyü anı danışan insanın üzündə şillə izlərinin meydana gəldiyini də bildirir. Bundan əlavə, Watts bunun bir sirr olmadığını, bədənin ağrıya cavab verdiyini bildirir.19

Hipnoz hadisələrində görülən ən təəccüblü nümunələrdən biri də hipnoz edilən şəxsin dərisində təlqin nəticəsində yaraların belə əmələ gəlməsidir. Məsələn, Paul Thorsen adlı tədqiqatçı hipnoz altındakı şəxsin qoluna sadəcə qələmin ucunu toxundurmuş və bunun qızğın şiş olduğunu təlqin etmişdir. Qısa müddətdən sonra qələmin ucunun dəydiyi yerdə yanıq qabarcığı üzə çıxmışdır. Eyni tədqiqatçı Anne O. adlı şəxsə hipnoz vaxtı qolunun A hərfi şəklində sıyrıldığını təlqin etmişdir. Başqa heç bir şey edilmədiyi halda o yerdə A hərfi şəklində qızartı əmələ gəlmişdir.20 Bourru və Burot adlı tədqiqatçılar isə hipnoz altındakı şəxsə qolunun kəsildiyini təlqin edərək yumşaq qələmlə yüngül bir xətt cızdıqdan sonra qolunda qan sızdığını görmüşlər.21

J.A.Hadfield isə hipnoz etdiyi dənizçiyə qoluna qızğın dəmir basdığını və o yerin yanacağını söyləmişdir. Halbuki sadəcə barmağının ucunu oraya toxundurmuşdur. Sonra da o yeri sarımışdır. 6 saat sonra sarğı açıldıqda orada həqiqətən yüngül qızartı və qabarma görünmüşdür. Hadfield: “Ertəsi gün qabarıq xeyli böyümüşdü və eynilə yanıq yeri kimi su yığılmışdı”, -demişdir.22

Hipnoz vaxtı insan bədənində meydana gələn bu dəyişikliklər görmə, eşitmə, toxunma, hiss etmə, ağrı bilmə kimi hislərimizin əmələ gəlməsi üçün xarici aləmə ehtiyacımızın olmadığını göstərir. Məsələn, xarici aləmdə qızğın dəmir olmamasına baxmayaraq, bu təlqini alan şəxsin qolunda yanıq izi əmələ gələ bilir. Bütün bu nümunələrdən də məlum olduğu kimi, həm görüntünün necə əmələ gəldiyini tədqiq etdikdə, həm texnoloji nailiyyətlərə baxdıqda, həm də hipnoz kimi təlqin üsullarını bu məlumatlara əlavə etdikdə ortaya qəti həqiqət çıxır: insan ömrü boyu bədəninin xaricindəki dünyada yaşadığını zənn edir. Halbuki dünya dediyimiz hər şey qavrama mərkəzlərimizə çatan siqnalların beynimiz tərəfindən şərhidir. Yəni biz beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda ola bilmərik. Xarici aləmdə nə olduğunu bilməyimiz əsla mümkün deyil. Beynə ötürülən siqnalların mənbəyinin, orijinalının nə olduğunu da bilmirik. Bu gün bu mövzu ən əsas elmi kitablarda yer alan və məktəbdə yuxarı siniflərdən etibarən insanlara öyrədilən açıq həqiqətdir. Problem ondadır ki, insanlar bu həqiqət üzərində düşünmürlər.


Bütün bu hissləri yaşayan kimdir?

Bura qədər olan bölmələrdə həyatımıza aid bütün hisslərin beynimizdə əmələ gəldiyini nəzərdən keçirdik. Burada bir az diqqətlə düşünən hər insanın soruşacağı çox vacib sual ilə qarşılaşırıq.

Məlumdur ki, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları beynimizdə görüntüyə çevrilir. Məsələn, beyin görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını günəbaxan tarlası kimi şərh edir. Elə isə görən göz deyil.

Əgər görən gözlərimiz deyilsə, elə isə beynin arxa hissəsində, qapqaranlıq yerdə gözə, tor qişaya, göz bülluruna, göz sinirlərinə, göz bəbəyinə ehtiyacı olmadan elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, gördüyü bu mənzərədən zövq alan kimdir?

Heç bir səsin girə bilmədiyi beyində qulağa ehtiyacı olmadan elektrik siqnallarını ən yaxın dostunun səsi kimi eşidən, bu səsi eşitdikdə sevinən, eşitmədikdə onun üçün darıxan kimdir?

Beynin içində bir ələ, barmaqlara, əzələlərə ehtiyacı olmadan pişiyinin tüklərini oxşadığını hiss edən kimdir?

İsti, soyuq, qatılıq, forma, dərinlik, uzaqlıq kimi toxunma duyğularını əslinin eynisi ilə beyində kim yaşayır?

Heç bir qoxunun girə bilmədiyi beynin içində limon, lavanda, gül, yemiş, qarpız, portağal, kabab qoxusunu eynisi ilə qoxulayan və kababın qoxusunu duyduqda iştahaya gələn kimdir?

Bura qədər daima duyğularımızın beynimizdə meydana gəldiyindən bəhs etmişik. Elə isə beynin içində əmələ gələn bu görüntüləri bir televizor ekranındakı kimi seyr edən, seyr etdiklərindən sevinən, kədərlənən, həyəcanlanan, razı qalan, təşvişə düşən, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini şərh edən şüur kimə aiddir?

Həyatı boyu qapqaranıq, səssiz kəlləsinin içində ona göstərilən görüntüləri seyr edən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?

Bütün bunları qavrayan, şüuru meydana gətirən varlığın şüursuz atomların əmələ gətirdiyi su, yağ, zülal kimi maddələrdən ibarət olan beyin olmadığı aydındır. Beynin fövqündə çox daha fərqli bir varlıq olmalıdır. Daniel Dennet materialist olmasına baxmayaraq, kitabında bu sualı belə açıqlayır:

Şüurlu düşüncələrim və xüsusilə də günəş işığından, Vivaldidən, yüngülcə tərpənən budaqlardan aldığım zövq - necə olur ki, bütün bunlar sadəcə beynimdə əmələ gələn fiziki şeylərdir? Necə olur ki, beynimdəki elektrokimyəvi birləşmələrin kombinasiyası bu yüzlərlə zərif budağın zaman ərzində musiqi ilə diz çökməsinə çevrilir? Beynimdəki məlumatı hazırlama prosesi necə olur ki, üzərimə düşən günəş işığının istiliyinə çevrilir? Hətta beynimdəki hadisə necə olur ki, beynimdəki başqa bir məlumatı hazırlama prosesinin çertyoj şəklində əyaniləşdirilmiş zehni görüntüsünə çevrilir? Bu, mümkünsüz görünür. Mənim şüurlu düşüncələrim və təcrübələrim olan hadisələr beyin prosesləri deyilmiş kimi görünür, ancaq başqa bir şey olmalıdır, şübhəsiz, beyin proseslərinin səbəb olduğu və ya onlar tərəfindən hazırlanan, ancaq buna əlavə olaraq fərqli maddədən əmələ gələn, fərqli məkana yerləşdirilmiş bir şey. Bəli, niyə də olmasın?23

R.L. Gregory isə beynin arxasında olan və bütün bu görüntüləri görən bu varlığı belə şərh edir:



Gözlərin beyində şəkillər əmələ gətirdiyini söyləyən söhbət gedir, ancaq bu fikirdən çəkinmək lazımdır. Beyində şəkil əmələ gəldiyi deyilirsə, bunu görməsi üçün içəridə bir göz də olmalıdır, lakin bu gözün şəklini görmək üçün bir gözə də ehtiyac olacaq... və bu da sonsuz bir göz və şəkil olması deməkdir. Bu, mümkün deyil.24

Maddədən başqa varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl müəmma elə budur. Görən, gördüyünü qavrayan və reaksiya verən “içəridəki göz” kimə aiddir? Karl Pribram da elm və fəlsəfə dünyasında qavrayışı hiss edənin kim olduğu ilə bağlı bu vacib axtarışa belə diqqət çəkmişdir:



Yunanlardan bəri filosoflar “maşının içindəki xəyal”, “kiçik insanın içindəki kiçik insan” və s. üzərində daima düşünmüşlər. “Mən” – yəni beyindən istifadə edən varlıq haradadır? Əslində bilməni həyata keçirən kimdir? Assisili Müqəddəs Francisin də dediyi kimi: “Axtardığımız şey baxanın nə olduğudur”.25

Bir çox insan bu mövzunu düşünərək həqiqətə lap yaxınlaşdığı halda “görən kimdir” sualının cavabını verməkdə, düşüncədə bundan daha irəliyə getməkdə tərəddüd edir. Yuxarıdakı nümunələrdə də göründüyü kimi, mənliyimizi meydana gətirən varlığa bəziləri “kiçik insan”, bəziləri “maşının içindəki xəyal”, bəziləri “beyni idarə edən varlıq”, bəziləri isə “içəridəki göz” ifadəsindən istifadə etmişlər. Bütün bu ifadələrdən beynin fövqündə şüur sahibi olan varlığı tərif etmək və onu dərk etmək üçün istifadə edilmişdir. Ancaq bu insanlar materialist fikirlərinə görə, əslində görənin, eşidənin kim olduğunu dilə gətirə bilməmişlər.

Bu həqiqətin cavabını bizə verən yeganə mənbə dindir. Allah Quranda insanın əvvəl bədənini yaratdığını, sonra da ona “ruhundan üfürdüyünü” bildirmişdir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə