Xidməti və mülki silah haqqında



Yüklə 40,58 Kb.
tarix01.07.2018
ölçüsü40,58 Kb.
#52994

Xidməti və mülki silah haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Maddə 1.     Qanunun təyinatı


I.    Bu Qanun Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir.

II.  Döyüş silahının istehsalı, satışı, əldə edilməsi, uçotu, saxlanılması, istifadə edilməsi, təmiri və məhvi qaydasını, habelə təlim və təltif silahına dair tələbləri, onların saxlanılması və təyinatı üzrəistifadə edilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 2.     Əsas anlayışlar


Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1)   silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir;

2)   xidməti silah — insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirənşəxslər tərəfindən istifadə olunması üçün nəzərdə tutulmuş silahdır;

3)   mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır;

4)   döyüş silahı — qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır;

5)   döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır;

6)   soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadəetməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır;

7)   soyuq atıcı silah — insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət əldə edən əşyalarla məsafədən hədəfi zədələmək təyinatına malik olan silahdır;

8)   odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradançıxarmaq təyinatına malik olan silahdır;

9)   pnevmatik silah — sıxılmış havanın və ya qazın təzyiqindən yaranan enerji hesabına gülləsi istiqamətlənmiş hərəkət edərək hədəfə məsafədən zədə yetirmək təyinatına malik olan silahdır;

10) qaz silahı — gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və ya başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuşsilahdır;

11) özünümüdafiə silahı — yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahıdır;

12) ov silahı  vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır;

13) idman silahı  idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır;

14) təlim silahı  növündən asılı olmayaraq silahla davranılması, onun sökülməsi və yığılması, habelə ondan istifadə edilməsi qaydalarını öyrətmək üçün nəzərdə tutulmuş və döyüş sursatı ilə atəşin açılmasını istisna edilən silahdır;

15) təltif silahı — hər hansı şəxsə xüsusi döyüş, qulluq və ya idman sahəsində xidmətlərinə görə mükafat kimi verilən, atəşi qatarlarla atmaq imkanına malik olmayan silahdır;

16) silah dövriyyəsi — silahın istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, satışı, başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsidir;

17) silah sahibi — mülkiyyətində bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş silah olan şəxsdir;

18) silah istifadəçisi — bu Qanunla müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə edilməsi üçün silah verilmiş şəxsdir.

Maddə 3. Xidməti və mülki silahın dövriyyəsi


I.    Xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir.

II.  Xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında:

1)   bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; [1]

2)   ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;

3)   ümumi uzunluğu 800 millimetrdən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanını aradan qaldırmayan odlu ov silahının dövriyyəsi;

4)   başqa əşyalara bənzədilmə formasında olan odlu silahın dövriyyəsi;

5)   xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi;

6)   tapançalar və revolverlər üçün zirehdeşən, alışdırıcı və ya dağıdıcı təsirə malik döyüş sursatlarının, eləcə də qırma güllələri ilə döyüş sursatlarının dövriyyəsi;

7)   zədələyici təsiri elektrik enerjisinə, radioaktiv şüalanmadan və bioloji amillərdən istifadəyə əsaslanan silah və başqa əşyaların dövriyyəsi;

8)   Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən istifadəsinə razılıq verilməyən gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin təsiri hesabına orta dərəcəli zədələnməyə səbəb olan qaz silahının dövriyyəsi;

9)   özünümüdafiə məqsədi ilə xüsusi təyinatlı güllələrlə doldurulmuş (polad özəkli, zireh deşən, işıqlandırıcı, dağıdıcı, ekspansiv tipli), eləcə də bütün növ boğucu qazlarla və gecə optik cihazı ilə təchiz edilmiş qaz tapançasının dövriyyəsi;

10) xidməti və mülki silahda səssiz atəş və gecə nişangahları üçün qurğuların quraşdırılması;

11) kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadəedilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi;

12) fiziki şəxslər, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan hüquqi şəxslər tərəfindən silahın göndərilməsi; [2]

13) mitinqlərin, küçə yürüşlərinin, nümayişlərin, piketlərin və digər kütləvi tədbirlərin keçirilməsi zamanı vətəndaşların silah gəzdirməsi qadağandır.

Maddə 4.     Xidməti və mülki silahın dövriyyəsinə nəzarət


I.    Azərbaycan Respublikasında xidməti və mülki silahın dövriyyəsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

II.  Xidməti və mülki silahın dövriyyəsinə nəzarəti həyata keçirmək səlahiyyəti olan orqan:

1)   silaha və onun istehsal olduğu, satıldığı, saxlanıldığı və məhv edildiyi yerə baxış keçirə;

2)   nəzarət funksiyalarının yerinə yetirilməsindən ötrü hüquqi və fiziki şəxslərdən müvafiq sənədləri, yazılı və ya şifahi məlumatları tələb edə;

3)   yol verilmiş pozuntuları aşkar etdikdə bu pozuntuların aradan qaldırılması üçün vətəndaşlar və vəzifəli şəxslər üçün məcburi olan göstərişlər verə;

4)   qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirləri görə bilər.


Maddə 5.     Xidməti və mülki silahın sertifikatlaşdırılması


I.    Azərbaycan Respublikasında istehsal edilən və Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən xidməti və mülki silahın bütün modelləri sertifikatlaşdırılmalıdır.

II.  Xidməti və mülki silahın hazırlandığı ölkə ilə silahın sertifikatlaşmasının qarşılıqlı tanınması barədə razılıq yoxdursa, Azərbaycan Respublikasına silahı kənardan gətirən istehsalçıların, eləcə dəvətəndaşların və hüquqi şəxslərin ərizələrinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada silahın sertifikatlaşdırılması aparılır.

III. Xidməti və mülki silahın sertifikatlaşdırılması ilə bağlı işin təşkilini, habelə sertifikatlaşdırılmaya dair texniki tələbləri və silahın sınaqdan keçirilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sertifikatlaşdırılma nəticəsində müəyyən olunmuş tələblərə cavab verən xidməti və mülki silaha uyğunluq sertifikatı verir. Bu sertifikat Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın dövriyyəsi üçün əsasdır.


Maddə 6.     Xidməti və mülki silahın Dövlət Kadastrı


I.    Xidməti və mülki silahın Dövlət Kadastrı (bundan sonra “kadastr” adlanacaq) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, aparılır və Azərbaycan Respublikasında dövriyyəyə icazəsi olan xidməti və mülki silah barədə sistemləşdirilmiş məlumatı özündə əks etdirən rəsmi sənəddir.

II.  Xidməti və mülki silah və onun döyüş sursatı barədə məlumatlar konkret silahın modelinin sertifikatlaşdırılmasının müsbət nəticələri əsasında Kadastra daxil edilir.

III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edilmiş qaydada Kadastra edilmiş dəyişikliklər və əlavələr barədə məlumatlar dərc edir, Kadastr üç ildə bir dəfə yenidən nəşr edilir.

IV. Kadastrın aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 7.     Xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlər


I.    Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında aşağıdakıların xidməti silah əldə etmək hüququ vardır:

1)   xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslərin;

2)   xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələrin (bundan sonra “təchiz edən müəssisələr” adlanacaq);

3)   idman və ovçuluq cəmiyyətlərinin;

4)   təhsil müəssisələrinin.

II.  Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) mülki silah əldəetmək hüququ vardır.

III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi digər vəzifəli şəxslərə xidməti silah verilir. Onların öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ vardır.

IV. Aşağıdakı hallarda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır:

1)   onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda; [3]

2)   haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks göstərişi olduqda;

3)   o ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

4)   onun haqqında ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində);

5)   polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

6)   fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

7)   bu maddənin 2-5-ci yarımbəndlərində nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda;

8)   silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunduqda.

V.  Beş ildən az olmayaraq ovçular cəmiyyətinin üzvü olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın, habelə odlu silahın saxlanılmasına və gəzdirilməsinə icazəsi olan silahlıbirləşmələrin əməkdaşının yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır.

VI. Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və ya mülki silahın əldə etməsi, saxlaması vətəyinatı üzrə istifadə etməsi qaydalarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 8.     Xidməti silahın əldə edilməsi və təyinatı üzrə istifadə edilməsi üçün verilməsi


I.    Xidməti silah Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yalnız dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Bu cür xüsusi icazəsi olan hüquqi şəxslər odlu silahı, onun döyüş sursatını və soyuq silahı əldə edə bilərlər. İcazədə xidməti silahın növü, tipi, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Bu icazənin verilməsinə görə dövlət rüsumu tutulur. [4]

II.  Dövlət orqanları və hüquqi şəxslər iki həftə ərzində əldə edilmiş xidməti silahı onun qanuniliyini sübut edən sənədlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət orqanlarına və hüquqi şəxslərə qeydiyyata alınmış xidməti silahın saxlanılması və ondan təyinatı üzrəistifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir. Bu şəhadətnamənin etibarlılıq müddəti üç ildir.

III. Xüsusi nizamnamə vəzifələri olan, habelə ov və balıq ehtiyatlarının mühafizəsi funksiyasını həyata keçirən dövlət orqanlarına və hüquqi şəxslərə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti silah kimi yivli lüləli odlu ov silahının əldə edilməsinə xüsusi icazə və ondan xidməti vəzifələri yerinə yetirmək üçün istifadə etmə hüququnu təsdiq edənşəhadətnamə verilir.

IV. Dövlət orqanının və hüquqi şəxsin rəhbərinin vəsatəti və ona əlavə olunmuş tibbi arayış əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilmiş əsaslar olmadıqda xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq keçmiş həmin dövlət orqanının və hüquqişəxsin işçisinə xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir.

V.  Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Xüsusi icazənin etibarlılıq müddəti qurtardıqda o yeni üç il müddətinə uzadılır. Bu sənəd itdikdə xidməti silahın sahibinə onun dublikatı verilə bilər. [5]

VI. Xidməti silah dövlət orqanının və hüquqi şəxsin rəhbərinin qərarı ilə yalnız xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edənşəhadətnaməsi olan şəxslərə verilir.

VII. Bu Qanunun tələblərinə əsasən xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramını, odlu silahın istifadəçisinin həmin silahın tətbiqişəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydasını, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 9.Mülki silahın əldə edilməsi


I.    Dövlət orqanları və hüquqi şəxslər mülki silahı əldə edərkən bu Qanunun 8-ci maddəsində və bu maddənin on birinci hissəsində müəyyən edilmiş tələblərə riayət etməlidirlər.

II.  Mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

III. Vətəndaşın bu müraciətindən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilən əsaslar olduqda ona mülki silahın əldə etməsinə xüsusi icazə verilməsindən imtina edir.

IV. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[6]

V.  Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin etibarlılıq müddəti altı aydır. İcazədə aşağıdakı məlumatlar göstərilir: mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti.

VI. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmışsilahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur.[7]

VII. Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Etibarlıq müddəti qurtardıqda vətəndaşın ərizəsi vədövlət rüsumunun ödənilməsi barədə sənəd əsasında şəhadətnamə yeni üç il müddətinə uzadılır. Şəhadətnamənin müddətinin uzadılması barədə ərizə onun qurtarmasına üç ay qalmış verilir vəAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin verildiyi gündən bir ay müddətində baxılır. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun.[8]

VIII. Mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə icazəalmadan soyuq ov silahını əldə edə bilər.

IX. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır.

X.  Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatıüzrə istifadə etməyə hüquq verir.

XI. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

XII. Əcnəbilər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi icazə ilə alındığı vaxtdan beşgündən gec olmayaraq Azərbaycan Respublikasından aparmaq şərti ilə mülki silah əldə edə bilərlər. Əcnəbi şəxs silahın Azərbaycan Respublikasından aparılma müddətini pozarsa həmin silah müsadirəolunur. [9]


Maddə 10.  Xidməti və mülki silahın istehsalı


I.    Xidməti və mülki silahın istehsalını bunun üçün xüsusi icazəsi olan müəssisələr həyata keçirirlər.

II.  Xidməti və mülki silah dövlət müəssisələrində və ya dövlət mülkiyyətinin payı 51 faizdən az olmayan müəssisələrdə istehsal olunur.

III. Hazırlanmış xidməti və mülki silahın və onun döyüş sursatının hər vahidi istifadə təhlükəsizliyi tələblərinə uyğunluğunu təsdiq etmək üçün məcburi sınaqdan keçirilir, ona Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti və mülki silahın sonrakı damğalanması və ya standartlara uyğunluğu barədə işarələr vurulur. Hazırlanmış hər silah vahidinin öz nömrəsi olur.

Maddə 11.  Xidməti və mülki silahın ölkəyə gətirilməsi və ölkədən aparılması


I.    Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

II.  Xidməti və mülki silahı Azərbaycan Respublikasına gətirən və Azərbaycan Respublikasından aparan şəxslər bu Qanunun və müvafiq xarici ölkənin qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.


Maddə 12.  Xidməti və mülki silahın ixracı və idxalı


I.    Xidməti və mülki silahın ixracı və idxalı Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

II.  Xidməti və mülki silahın idxalı onun istehsalına, satışına hüququ və əldə edilməsinə icazəsi olan müvafiq hüquqi və fiziki şəxslər tərəfindən silahın sertifikatlaşdırılmasının keçirilməsindən və onun barəsindəki məlumatları Kadastra daxil etdikdən sonra həyata keçirilir. İdxal edilən silahın və onun döyüş sursatlarının damğası və ya standarta uyğunluğu barədə nişanı olmalıdır.


Maddə 13.  Xidməti və mülki silahın satışı


I.    Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış qaydalarını müəyyən edirlər, habelə bu cür silahın satışı iləməşğul olmaq üçün xüsusi icazə verirlər.

II.  Bu Qanunun 7-ci maddəsinin birinci hissəsində göstərilən subyektlər qanuni əsaslarla öz istifadəsində və ya mülkiyyətində olan silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanınıəvvəlcədən xəbərdar etməklə xidməti və mülki silahın satışı ilə məşğul olmaq üçün xüsusi icazəsi olanların vasitəsi ilə və ya həmin orqanda yenidən qeydiyyatdan keçirməklə özləri sata bilərlər.

III. Xidməti və mülki silahın əldə edilməsinə xüsusi icazəsi olmayan subyektlərə odlu silahın satılması qadağandır. Xidməti silahın əldə edilməsinə xüsusi icazəsi olmayan subyektlərə odlu silah üçün döyüş sursatının satılması qadağandır. Odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olmayan vətəndaşa odlu silah üçün döyüşsursatının satılması qadağandır. [10]

IV. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə silah və döyüş sursatının satışı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla və ya qadağan oluna bilər. [11]


Maddə 14.  Mülki silahın bağışlanması və ya vərəsəlik üzrə əldə edilməsi


I.    Vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə mülki silahı əldə etmək üçün xüsusi icazəsi olan şəxsə bağışlaya və ya vəsiyyətlə miras qoya bilər.

II.  Qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya satmalıdır. [12]


Maddə 15.  Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi, təyinatı üzrə istifadə olunması və məhv edilməsi


I.    Xidməti və ya mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi, təyinatı üzrə istifadə olunması və məhv edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

II.  Silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır.

III. Silahın mühafizəsi ilə bağlı tələbləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IV. Odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır. [13]


Maddə 16.  Xidməti və mülki silahın tətbiqi


I.    Xidməti və ya mülki silahı xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən və ya vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrəistifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslər tətbiq edə bilərlər.

II.  Xidməti silah Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tətbiq edilə bilər.

III. Odlu silahın tətbiqi ilə bağlı ov etmə qaydalarını, eləcə də idmanla məşğul olma qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IV. Zəruri müdafiə və ya son zərurət vəziyyətində Azərbaycan Respublikasının mənafeyinə, ictimai mənafeyə, özünü müdafiə edənin və ya başqasının şəxsiyyətini və ya hüquqlarını qorxu altına alan təhlükəni aradan qaldırmaq məqsədi ilə xidməti və ya mülki silahın istifadəçisi bu Qanunla müəyyən edilmiş qaydada ona verilmiş silahı:

1)   həyatı, sağlamlığı, mülkiyyəti və ya mənzil toxunulmazlığını cinayətkar qəsdlərdən qorumaq üçün;

2)   digər şəxs tərəfindən silahın ələ keçirilməsinin qarşısını almaq üçün;

3)   insana hücum edən və ya əhaliyə təhlükə yaradan heyvanı məhv etmək üçün;

4)   yardım çağırmaq üçün;

5)   Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər müstəsna hallarda tətbiq edə bilər.

V.  Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş müstəsna hallarda xidməti və ya mülki silahın tətbiqinə yalnız real təhlükənin qarşısının alınması məqsədi ilə yol verilir. Silahın tətbiqi üçüncüşəxslərə ziyan yetirməməlidir.

VI. Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Xəbərdarlıq edilmədən silah yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:

1)   qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə;

2)   hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edilərsə.

VII. İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır. [14]

VIII. Xidməti və mülki silahın insana qarşı tətbiq edilməsinin hər bir halında silahı tətbiq etmiş şəxs bu barədə prokurorluq orqanlarına məlumat verməli, hadisə yerinin dəyişilməmiş saxlanılmasınaçalışmalı, zərərçəkənlər olduqda onlara tibbi yardım göstərməlidir.

IX. Xidməti və mülki silahın tətbiqi qaydası fövqəladə vəziyyət şəraitində dəyişdirilə bilməz.[15]


Maddə 17.  Mülki silahın kolleksiya edilməsi və ya sərgisinin keçirilməsi


I.    Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

II.  Mülki silahın nadir nüsxələri bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilir vəAzərbaycan Respublikasından aparılır.

III. Bir şəxsə məxsus incəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların sayı (yivli mülki silah istisna olmaqla) məhdudlaşdırılmır. [16]

Maddə 18.  Xidməti və ya mülki silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə ondan istifadə edilməsinə dair sənədlərin ləğvi


I.    Xidməti və ya mülki silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və istifadə edilməsinə dair bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilmiş sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda ləğv edilir:

1)   sahibi müvafiq olaraq xüsusi icazədən və ya şəhadətnamədən könüllü qaydada imtina etdikdə;

2)   sahibi öldükdə və ya hüquqi şəxs ləğv edildikdə;

3)   sahibin xidməti və ya mülki silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququnun məhdudlaşdırılması üçün bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuşəsaslar müəyyən edildikdə;

4)   sahibi tərəfindən silahın dövriyyəsi ilə bağlı bu Qanunla və digər normativ-hüquqi aktlarla nəzərdə tutulmuş tələblər sistematik olaraq pozulduqda və ya icra edilmədikdə.

II.  Bu maddədə nəzərdə tutulmuş əsaslara görə xüsusi icazəni və ya şəhadətnaməni ləğv etməzdən əvvəl həmin xüsusi icazəni və ya şəhadətnaməni verən orqan müvafiq olaraq xüsusi icazə və yaşəhadətnamə sahibinə qabaqcadan xəbərdarlıq etməlidir. Xəbərdarlıqda məhz hansı hüquqi normaların və ya qaydaların pozulması və yaxud icra olunmaması göstərilməli, yol verilmiş pozuntuların aradan qaldırılması üçün vaxt təyin edilməlidir.

III. Xidməti və ya mülki silahın sahibi müvafiq olaraq icazənin və ya şəhadətnamənin ləğvi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[17]

IV. İcazənin və ya şəhadətnamənin ləğv edildiyi gündən beş il keçdikdən sonra vətəndaşlar müvafiq olaraq yeni icazə və ya şəhadətnamə almaq üçün bu Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər.

V.  Xüsusi icazədən və ya şəhadətnamədən könüllü surətdə imtina edildikdə onların alınmasından ötrü təkrar müraciət etmək üçün müddət müəyyən edilmir. [18]

Maddə 19.  Xidməti və ya mülki silahın geri alınması


I.    Xidməti və ya mülki silah Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda geri alınır:

1)   xidməti və ya mülki silah sahibinin silah istehsalına və ya satışına hüququ, eləcə də onun əldə edilməsinə xüsusi icazəsi olmadıqda;

2)   müvafiq olaraq xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən, yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadəedilməsi hüququnu təsdiq edən şəhadətnamə olmadıqda;

3)   xidməti və ya mülki silahın istehsalına, satışına verilmiş hüquq və ya əldə edilməsinə verilmiş xüsusi icazə müəyyən edilmiş qaydada ləğv olunduqda; [19]

4)   müvafiq olaraq xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən, yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadəedilməsi hüququnu təsdiq edən şəhadətnamə ləğv edildikdə;

5)   fiziki və hüquqi şəxslər tərəfindən silahın əldə edilməsinin, qeydiyyatdan keçirilməsinin, saxlanılmasının, gəzdirilməsinin və ondan istifadə edilməsi barədə bu Qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydalar pozulduqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qəti qərar qəbul edilənədək;

6)   mülki silahın sahibi öldükdə, vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək.

II. Müstəsna hallarda fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti götürülməsinə yol verilə bilər.

III. Geri alınmış və müsadirə edilmiş, texniki cəhətdən istismara yararlı xidməti və ya mülki silah Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq silah satmaq hüququ olan müəssisələr vasitəsi ilə satılmalıdır.

IV. Təmir edilməsi mümkün olmayan, texniki şərtlərə uyğun gəlməyən odlu silah və onun döyüş sursatı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əvəzsiz olaraq geri alınır və məhv edilir.

V.  Müvafiq olaraq xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən, yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadəedilməsi hüququnu təsdiq edən şəhadətnamə ləğv edildikdə və yaxud bu sənədlərin etibarlıq müddəti uzadılmadıqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı silahı geri alaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tədbirləri görür.

VI. Silahın geri alınması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [20]


Maddə 20.  Xidməti silah istifadəçisinin hüquqları və vəzifələri


I.    Xidməti silah istifadəçisinin aşağıdakı hüquqları vardır:

1)   bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada silahı saxlamaq və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirmək;

2)   Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada silah tətbiq etmək.

II.  Xidməti silah istifadəçisi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1)   bu Qanunun tələblərinə əsasən silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi barədə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara riayət etməli;

2)   silahın tətbiqi şəraitində yararlılığının müəyyən edilməsi üçün vaxtaşırı silahı yoxlamadan keçirməli;

3)   bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada silahın və döyüş sursatının saxlanılmasını təmin etməli;

4)   müvafiq silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə itdikdə, sənədin itdiyi şəraiti göstərməklə şəhadətnaməni vermiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.


Maddə 21.  Mülki silah sahibinin hüquqları və vəzifələri


I.    Mülki silah sahibinin aşağıdakı hüquqları vardır:

1)   bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əldə edilmiş mülki silaha və döyüş sursatına sahib olmaq, istifadə etmək vəsərəncam vermək;

2)   mülki silahı könüllü və ya rekvizisiya üzrə təhvil verərkən bunun üçün kompensasiya almaq.

II.  Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs xüsusi icazə olmadan həmin silahın döyüş sursatlarınıhazırlaya bilər.

III. Mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1)   bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli;

2)   bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli;

3)   silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etməli;

4)   bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada buna səlahiyyət verilmiş əməkdaşları silah saxlanılan yerə buraxmalı və onlara zəruri sənədi — müvafiq olaraq mülki silahın əldə edilməsinə xüsusi icazəni və yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edənşəhadətnaməni təqdim etməli; [21]

5)   silahın və döyüş sursatlarının itməsi barədə dərhal Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.


Maddə 22.  Xidməti və mülki silahı istehsal edən müəssisələrin hüquqları və vəzifələri


I.    Xidməti və mülki silahı istehsal edən müəssisələrin aşağıdakı hüquqları vardır:

1)   bu Qanunun tələblərinə uyğun olaraq silahı istehsal etmək və sifarişçiyə satmaq;

2)   istehsal edilmiş silahın satışından gəlir əldə etmək;

3)   silahın istehsalı ilə əlaqədar konstruktor-təcrübə işlərini həyata keçirmək.

II.  Xidməti və mülki silahı istehsal edən müəssisələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1)   istehsalın təhlükəsizliyini, istehsala nəzarəti, buraxılan məhsulun müvafiq keyfiyyətini təmin etməli;

2)   hazırlanmış silahın dövlət standartlarına uyğunluğunu müəyyənləşdirmək üçün onun sınağını keçirməli;

3)   marka nişanı və qeydiyyat nömrəsi daxil edilən müvafiq jurnalda istehsal olunan silah və döyüş sursatlarının qeydiyyatını aparmalı;

4)   hazırlanmış silahın, onun ehtiyat hissələrinin və döyüş sursatlarının mühafizəsini və təhlükəsiz saxlanılmasını təmin etməlidirlər.

Maddə 23.  Xidməti və mülki silah satışı ilə məşğul olmağa hüququ olan müəssisələrin vəzifələri


I.    Xidməti və mülki silah satışı ilə məşğul olmaq hüququ olan müəssisələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1)   satışda olan silahın sertifikatına malik olmalı;

2)   əldə edilmiş və satılmış xidməti və mülki silahın uçotunu, eləcə də on il müddətində uçot sənədlərinin saxlanılmasını təmin etməli;

3)   satışda olan xidməti və mülki silahdan atılmış gilz və güllə nümunələrini Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının nəzdində olan gülləgilztekasına təqdim etməli;

4)   satışda olan silahın mühafizəsini və təhlükəsiz saxlanılmasını təmin etməli;

5)   xüsusi icazə tələb olunmayan silah istisna olmaqla, alıcıdan xidməti və ya mülki silahın əldə edilməsinə icazəni təqdim etməyi tələb etməli;

6)   satılmış xidməti və ya mülki silah, habelə onların alıcısı barədə üç gün ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına onun tərəfindən müəyyən edilmiş forma üzrəməlumat təqdim etməli və özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) əldə edilməsi barədə alıcının xüsusi icazəsində qeyd aparmalıdırlar.

II.  Müvafiq növ xidməti və ya mülki silahın əldə edilməsinə xüsusi icazəni təqdim etməmiş fiziki və hüquqi şəxslərə belə silahın, eləcə də nömrəsiz və damğasız silahın və ya standarta uyğunluğu barədə işarəsi olmayan patronların satışı qadağandır. [22]


Maddə 24.  Silah haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət


Bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 30 dekabr 1997-ci il



№ 422-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

1.       20 iyun 2003-cü il tarixli 484-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 424)

2.       30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

3.       7 sentyabr 2004-cü il tarixli 732–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 762)

4.       29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902)

5.       4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278)

6.       9 oktyabr 2007-ci il tarixli 430–IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

7.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

8.       21 iyun 2013-cü il tarixli 702-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 iyul 2013-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 794)
Yüklə 40,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə