Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə15/41
tarix30.12.2017
ölçüsü4,06 Mb.
#18485
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

Ədəbİyyat:
1.Adilov Məmməd. Azərbaycan paleoqrafiyası. Bakı, “Elm”, 2010, 224 səh.

2.Из сокровищницы рукописей Азербайджана. Элм. Баку. 1983. Автор составитель Каграманов Дж.В. (İngilis, rus və azərbaycan dilində)

3.Şeyda Yavuz. Süsleme sanatında rumi motifi ve tarihsel gelişimi. Ankara 2008. (Yüksek lisans tezi). 106 s.

4. Fatma Çiçek DERMAN. İslam sanatları tarihi. (Unite 5) Eskişehir, Eylül 2010. 247 s.

5.Ayla Ersoy. Türk tezhip sanatı. İstanbul 1988, 95 s.
Yədulla Dadaşlı

(Müəllimlər İnstitutu)
Bədİİ və onun “Tərcümətül-bədaye” lüğətİ
Hüseyn əfəndi Qayıbovun şəxsi kitabxanası vasitəsilə ələ gətirilən və hazırda M.Füzuli adına Əlyazmalar İnstitutunda sax­lanılan bir “Məcmuə” elmi baxımdan olduqca əhəmiy­yət­lidir. B-551/3255 şifrli bu “Məcmuə” bir neçə müəllifin əsər­lərini özündə birləşdirir. Məcmuənin 6 b-14 a vərəqlərini şair Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti, 30 b-42 a və­rəq­lərini Əbu Nəsr Fərahinin “Nisabüs-sibyan”, 47 b-77 b və­rəqlərini şair Dədə İbrahim Şahidinin “Töhfeyi-Şahidi” mən­zum lü­ğətləri, 82 a-127 b vərəqlərini Əbdürrəhman Caminin “Yu­sif və Züleyxa” poeması əhatə edir. Məcmuənin 49 a və­rəqinin haşiyəsində Şahidinin həyatı, vəfat tarixi və əsərləri haq­qında yığcam məlumat ve­rilmişdir. 42b vərəqində türk di­lindən fars dilinə çevrilmiş “Əsasi-sal­na­meyi-türkan” (“Türk­lə­rin əsas salnaməsi”) adlı şeir yerləşdirilmiş, şeir­də heyvan ad­ları ilə adlandırılan ayların mənası və əhəmiyyəti izah olun­muşdur.

Fars və türk dillərində müxtəlif səpkili əlyazmalar salınmış sözü ge­dən məcmuə şair Bədiinin “Tərcümətül-bədaye” mən­zum lüğəti ilə baş­lanır. Lüğətin sonuncu vərəqində katib, ya­zıl­ma tarixi və yeri haqqında Hüseyn əfəndi Qayıbov tərəfin­dən ərəb dilində yazılmış aşağıdakı mə­lumat yer almışdır. “Təm­mət həzəl-övraq əl-müsəmmi bil-bədaye neöv­ne-xaliq əl-bədaye. Hərrərə Hüseyn Molla Yusif nahiyeye-Qəzzaqi, sənə 1269 fi mahe-rəməzan”.

(Tərcüməsi: “Bədaye” adlanan bu vərəqlər bədaye xəlq edən Yara­danın (Allahın) köməkliyi ilə tamamlandı. Hüseyn Mol­la Yusif [oğlu] Qazax nahiyəsində 1269-cu ilin ramazan ayında yazdı).

Bu məlumatdan anlaşılır ki, Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti hicri-qəməri tarixlə 1269-cu ilin ramazan ayın­da (miladi tarixlə 1852-ci ildə) Qazax qəzasında Salahlı kənd məktəbinin müəllimi Hü­seyn əfəndi Qayıbov tərəfindən nəs­tə­liq xəttilə yazıya alınmışdır. Təəs­süf ki, bu vaxta kimi nə Bə­diinin həyat və yaradıcılığı, nə də “Tərcü­mətül-bədaye” mən­zum lüğəti milli filologiyada kifayət dərəcədə öyrənil­mə­miş­dir. Bədii haqqında ilk məlumata görkəmli Azərbaycan allimi və ədibi Mirzə Məhəmmədəli Tərbiyətin (1875-1940) “Daniş­məndani-Azərbaycan” [1987] əsərində rast gəlirik. M.Tərbi­yət adı çəki­lən əsərində yazır ki, Bədii Təbrizin məşhur təbib­lərindən və rəssam Müzəffərəlinin dostlarındandır.” Onun fars və türk dillərində bir çox şeirləri vardır. Aşağıdakı şeir onun­dur:

Cəmallı cavanları mən ürəkdən sevərəm,

Ox vursalar ürəyə mən heç dinmərəm.

Şəhər şeyxi mən edir bizi bu gənclərdən,

Qoca, cahildir, şeyxə bir söz demərəm.

(“Məcməül-xəvas”).

M.Tərbiyət Bədiinin qəzəllər divanının şəxsi kitabxanasın­da saxlan­dı­ğını da nəzərə çatdırır və “Müsəlləsat lüğəti” mən­zu­məsinin Bədii qə­ləmindən çıxmasını ehtimal edir.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinə dair fundamental əsərlərin müəllifi kimi tanınan M.Tərbiyət “Danişməndani-Azər­baycan” əsərin­də Bədiini fars və türk dillərində lirik qə­zəllər divanının və “Müsəlləsat lüğəti” mənzuməsinin müəllifi si­masında oxuculara tanıdır. Buradan mənzum lüğətçilik sa­hə­sində müəyyən təcrübəsi olan Bədiinin adı çəki­lən lüğətdən başqa daha bir mənzum lüğətin – “Tərcümətül-bədaye” əsə­ri­nin müəllifi olması mülahizəsi formalaşır.

XX yüzilin görkəmli Azərbaycan alimi, akademik Həmid Araslı “Bö­yük Azərbaycan şairi Füzuli” monoqrafiyasında M.Fü­zuli dövrü Azərbaycan şairləri sırasında Bədiinin də adı­nı çəkir: “XVI əsrin tanın­mış şairlərindən biri də Bədiidir. Bə­dii Şah Təhmasibin zamanında ya­şamışdır. Onun əsərlərindən aşağıdakı qəzəl məlumdur:

Dila, müqəyyədi-ol ənbərin kəmənd ola gör,

Qərib silsilədir zülfi-yar, bənd ola gör.

Pəsəndi-qeyr əgər olmadım, könül qəm iməz

Pəsənd xatiri-ol şuxi-dilpəsənd ola gör.

Halımı yarə yetir, tanrı üçün, ey halə,

Şərari-ah kimi dəmbədəm bülənd ola gör.

Xumi-şərab, Bədii, ləvəndi-meykədədir,

Ayağı torpağına baş qoyub ləvənd ola gör.

Bu sətirlər şairin klassik irsə yaxından bələd, lirik sənətkar olduğunu aydınlaşdırır”.

Məhəmmədəli Tərbiyət və Həmid Araslının Bədii haqqında verdik­ləri məlumatları ümumiləşdirib, belə nəticəyə gəlmək müm­kündür: Bədii XVI əsrin tanınmış şairlərindən və həkim­lərindən biri, rəssam Mü­zəf­fərəlinin dostudur. Şah Təhmasibin dövründə yaşamış, fars və türk dillərində qəzəllər divanı, “Mü­səl­ləsat lüğəti” mənzuməsini yaz­mış­dır.

“Tərcümətül-bədaye” mənzum lüğəti Bədiinin əsəri olub, fars dilin­də yazılmışdır. Hüseyn əfəndi Qayıbov bu lüğəti fars dilindən Azər­baycan dilinə tərcümə etmiş, Qazax qəzasının Sa­lahlı kənd məktəbində müəllimlik etdiyi 1850-ci illərdə şagirdlərə fars dilini öyrətmək məqsə­dilə tədris vəsaiti kimi fay­dalanmışdır.

Səkkiz vərəqdən ibarət olan “Tərcü­mətül-bədaye” əsərinin Azər­bay­can dilində olan variantı “Məcmuə”nin 6 b-10 a və­rəq­lərində, fars dilin­də olan əlyazması isə 10 a-14 a vərəq­lə­rin­dədir. “Tərcümətül-bədaye” lüğətinin farsca əlyazması 196 mis­radan, azərbaycanca əlyazması ilə 195 misradan ibarətdir. Əl­yazmanın 9 b vərəqində bir misra H.Qayıbov tərəfindən nə­dənsə buraxılmışdır.

Bədii “Tərcümətül-bədaye” mənzum lüğətini Azərbaycan və Şərq dillərində yazılmış elmi və bədii əsərlərdə, əlyazma və çap kitablarında olduğu kimi, rəsmi başlıqla – “Bismillahir-rəhmanir-rəhim və bihi nəs­təin” [“Şəfqətli və rəhmli Alla­hın adı və onun köməkliyi ilə” (başla­yıram)] ifadəsi ilə aşağıdakı misralarla başlayır:

ﺍﺯ ﭘﺲ ﺤﻣﺩ ﺨﺩﺍﻮﻨﺩ ﺯﻣﯿﻥ ﺁﺳﻣﺎﻥ

ﺩﺮ ﻟﻐﺖ ﻨﻆﻡ ﻜﻨﻢ ﺤﻣﭼﻮ ﻵﯽ ﻋﻣﺎﻦ

ﺻﺎﺤﺑﻜﻣﺎﻞ ﺍﯽ ﺤﻮﺍﮬﯽ ﻣﻌﻨﯽ ﺴﮫ ﺍﺯ ﻠﻔﻈ ﭕﮑﯽ ﺍﺯ

ﺪﺍﻥ ﺘﺮﺘﻳﺐ ﺒﺪﻴﻥ ﻀﻢ ﻮ ﻜﺴﺮ ﻓﺘﺢ ﺍﯙﻟﺶ

(Tərcüməsi:

Bundan sonra, Yeri, Göyü yaradan Allaha şükür olsun!

Oman incilərinə bənzər şeir lüğəti yazıram.

Ey kamal sahibi, bir cür yazılan üç mənalı söz istəyirsənsə. əvvəlcə fəthə, sonra kəsrə və zəmmə hərəkələri ilə sıralanmış sözlərə bax).

XVI əsr Azərbaycan şairi Bədii Oman incilərinə bərabər tut­duğu, dil­çilik elmi baxımından son dərəcə qiymətli “Tərcü­mətül-bədaye” mən­zum lüğətində ərəb əlifbası ilə eyni cür yazılan, lakin hərəkələrlə məna baxımından fərqlənən onlarla ərəb mənşəli sözün farsca açmasını vermişdir.

Hüseyn əfəndi Qayıbov “Tərcümətül-bədaye” lüğətini fars dilindən Azərbaycan dilinə çevirərkən müəllifin üslubunu, əsərin vəzn və janr xüsusiyyətlərini, qafiyə quruluşunu olduğu kimi saxlamış, orijinalın tələblərini gözləmişdir. Bu da Qayı­bo­vun şairlik istedadından (hərçənd H.Qayıbov şair olma­mış­dır, lakin şair M.V.Vidadinin nəslindəndir) və tərcümə nəzə­riy­yəsinə bələd olmasından irəli gəlir. Bununla yanaşı, H.Qa­­yıbov lüğətin Azərbaycan dilindəki əlyazmasının əvvəlinə və axı­rına Bədii mətnində olmayan misralar artırmış, müvafiq sə­hifələrin ha­şiyə­lərində izahlar vermiş, əsərin adını yalnız Azər­baycan variantının ilk səhifəsinin rəsmi başlığından sonra göstərmişdir.

Bədii kimi H.Qayıbov da əlyazmanın başlanğıcında “Bis­mil­lahir-rəh­manir-rəhim və bihi nəstəin” ifadəsini işlətmiş, “Hüvə Allah süb­han” (Tərif o Allaha layiqdir) ifadəsini əlavə et­mişdir. Lüğətin əlyaz­masının əvvəlinə artırdığı:

Qadiri-biçunə hər dəm həmd bihədü bəyan

Kantizam aləmi qıldı nəhan ikən əyan.

Həm sələvat ilə səlam ol seyyid kövnünə, həm

Alü övladinə kanlərdir çıraği-sərvəran, –

misralarında Qayıbov gizli dünyanı nizam-intizamla, qayda ilə aşkara çıxaran, bərabəri olmayan qüdrət sahibinə -Allaha son­suz şükürlər söyləyir. Dünya müsəlmanlarına çıraq kimi işıqlı yol göstərən islam dininin başçısı Məhəmməd peyğəmbərə və onun nəslinə (Fatimə, Əli, Həsən, Hüseyn) salam və salavat söy­ləyir.

Rəsmi başlıqlardan sonra H.Qayıbov yazır ki, Bədii ərəb dilində işlənən bəzi sözləri toplayıb, Oman incilərinə bənzəyən mənzum lüğət yazmışdır. Eyni şəkildə yazılan, lakin fəthə, kəsrə və zəmmə diakritik işa­rələri ilə mənaca tamamilə fərqlə­nən ərəb mənşəli sözlərin farsca qar­şılığını açıqlamışdır:

Bədha bəzi ərəb ləfzin Bədii cəm edüb,

Eyləmiş nəzmi-lüğət misli-lölöi-Oman.

Tərcümə fürs eyləmiş ani bu minval üzrə kim,

Ləfz bir, məna üç, əvvəl fəthə, kəsrü zəmm nişan.

Ərəb dilinin fonetik, leksik və qrammatik xüsusiyyətlərinə bələd olan­lar yaxşı bilirlər ki, ərəb əlifbasında kəlmələrin dü­rüst tələffüz edil­məsi üçün bir sıra işarələr vardır. Tanış olma­yan sözləri belə işarələrlə təc­hiz etdikdə dürüst oxumaq olur. Fəthə, kəsrə və zəmmə belə işarələr­dəndir. Fəthə işarəsi (–) hərf­lərin üstündə qoyulur və “ə” səsini bildirir. Hərflərin al­tın­da qoyulan kəsrə işarəsi (–) “i” səsini, hərflərin üstündə qo­yulan zəmmə işarəsi isə (–) “ü” səsini ifadə edir. Sözün yazıda aldığı şəkil “ləfz” adlanır. Bəzi ərəb mənşəli ləfzlərin (söz­lə­rin) üstündə və ya altında fəthə, kəsrə və zəmmə diakritik işa­rələrini müvafiq qaydalara uyğun qoymaqla yeni mənalı üç sözü almaq mümkündür. Bu üsul yalnız ərəb dili ləfzlərinə məxsusdur. Bədii də göstərilən diakritik işa­rələrlə (hərəkə­lər­lə) fərqlənib, eyni cür yazılan sözlərdən ibarət mən­zum lüğət yazmaqla Azərbaycan məktəb və mədrəsələrində təhsil alan şa­girdlərin ərəb dilini öyrənməsini asanlaşdırırdı. Mənzum lü­ğətin əz­bərlədilməsi şagirdlərin ərəb mənşəli sözlərin mənasını uzun müddət yadda saxlamaları ilə sonuclanırdı.

“Tərcümətül-bədaye” mənzum lüğətinin Hüseyn əfəndi Qa­yı­bov tə­rəfindən Azərbaycan dilinə tərcümə olunması əsərin əvvəlində və so­nunda tərcüməçinin özünün yazdığı aşağıdakı misralardan aydın görün­məkdədir:

Eylədüm türkcə ani tərcümə katfali-türk

Anlıyıb zəbt etməyə ta olalar anlar rəvan.

... Oldu bu nəzmi-Bədii tərcüməsi çün təmam,

“Tərcümətül-bədaye”dir ana nami-nişan.

H.Qayıbov “Tərcümətül-bədaye” lüğətini dilimizə çevir­mək­də Cə­nu­bi Qafqaz, o cümlədən Azərbaycan məktəblərində oxu­yan şagirdlərə ərəb dilini öyrətmək məqsədi daşıyırdı. Şa­girdlərin ərəb dilini öyrən­məsi isə müsəlman Şərqinin ən qiy­mət­li mənəvi abidəsi sayılan Qurani-Kərimin düzgün oxun­ma­sı, surə və ayələrin mənasını dürüst anlaması üçün son dərəcə önəmli idi.

Lüğətin əvvəlindən sonuna kimi sözlərin anlamı aşağıdakı misralara uyğun sıralanır:

Rəbb – rəbbül-aləmeyn, ribb-bir cəmaət, xəlqdir,

Rübb – nar, alma, üzüm suyidir,ey cani-cəhan.

...Mərrə bir – kərrəyə derlər, mirrə-dəxi qüvvətə,

Mürrə – acı nəsnədir kim, təlx olur andan dəhan.

...Qətr – yağışdır, ərəbcə qitr – meydir, ey əxi,

Qütr – övd oldu lüğətdə hər tərəf bil bəd əz an.

Bu misraların sayını xeyli artırmaq mümkündür, lakin nü­munə göstərilənlər də kifayətdir. “Tərcümətül-bədaye” əsəri­nin Azərbaycan dilinə tərcüməsi zamanı H.Qayıbov yuxarı­da­kı parçada işlənən ərə­bizmləri belə şərh etmişdir:

Rəbb–Allah, ribb–camaat, xalq, rübb–meyvə şirəsi (nar, al­ma, üzüm suyu);

Mərrə – bir dəfə, mirrə – qüvvət, mürrə – acı;

Qətr – yağış, qitr – mey, qütr – təkrarlama.

Göründüyü kimi, lüğətdə işlənən və misal gətirilən yuxarı­dakı ərə­bizmlər, Azərbaycan dilindən fərqli olaraq, eyni şəkil­də yazılır və yal­nız hərəkələrlə bir-birindən fərqlənir. Bu da şa­girdlərin oxu və yazı mə­dəniyyətini sürətləndirir, ərəb dilini mənimsəməsinə güclü təsir göstə­rirdi.

H.Qayıbov əlyazmanın 7 a, 8 a, 8 b, 11 a, 11 b, 12 a, 13b vərəq­lə­ri­nin haşiyələrində müəyyən izahlar vermişdir ki, bu da tədris prosesi ilə bağlı olmuşdur. Bədiinin “Tərcümətül-bə­daye” mənzum lüğətinin fars dilindəki əlyazmasının və Azər­bay­can dilinə tərcüməsinin filoloji xü­su­siy­yət­lərinin araşdırıl­ma­sı bizi bu əsərin Azərbaycan dilçiliyi və peda­qoji fikir ta­rixinin dəyərli qaynaqlarından biri olması qənaətinə gətirir. H.Qayıbov isə bu qiymətli əsəri yazıya almaqla, tərcümə et­məklə və təd­ris prosesinə gətirməklə milli dilçiliyə və pedaqoji fikir tarixinə la­yiqli töhfə vermiş, özünü dilçi və pedaqoq kimi təsdiqləmişdir.


Zivər Hüseynlİ

(Xəzər Universiteti)
Səfəvİlərİn İlk dönəmİnə aİd tarİxİ qaynaqlar
Səfəvilər dövrü nəsr əsərləri baxımından ən zəngin dövr­lər­dən biri hesab olunur. Bu dönəmdə nəzm və nəsr ədəbiyyatı, astaranomoya, tibb, riyaziyyat, din və s. kimi elmin müxtəlif sahələrinə aid bir çox əsər­lər qələmə alınsa da tarixi mətnlər daha çox üstünlük təşkil edir. Başqa sözlə desək tarixi yazılar bu dövrün ən önəmli nəsr əsərləri ara­sında yer tutur. 

Səfəvi dövrü tarixi əsərləri mövzu, məzmun və zaman ba­xımından geniş olsa da çoxu Səfəvilər sülaləsi, Səfəvi hakim­ləri və onların döv­ründə baş verən hadisələr haqqındadır. 

Fars ədəbiyyatında daha əvvəlki əsrlədən müxtəlif sahə­lərdə nəsr əsərlər o cümlədən tarixi əsərlər yazılmışdır. Bunun bariz nümunəsi kimi Tarixi-Təbəri, Tarixi- İbn Əsir, Tarixi- Beyhəqi və s. əsərləri gös­tərmək olar. Tarix yazmaq ənənəsi əsasən Teymurilər dönəmi başlasa da Səfəvilər dönəmində daha geniş şəkildə davam etməyə başlamışdır. Belə ki, bu ənənə sayəsəndə Səfəvilər dövrü tarixi əsər baxımından elə zəngin bir dönəm olmuşdur ki, nəinki özündən əvvəl, hətta sonrakı sil­silələrin hakimiyyəti dövrü belə zənginliyə rast gə­linmir.Bundan başqa tarix yazma ənənəsi təkcə Səfəvilər deyil, Osmanlı və Hindistan kimi dövlətlərdə də geniş şəkildə yayıl­mışdı.

Adı gedən dönəmdə yazılan tarixi əsərlərin sayı bəziləri bir, bəziləri isə birdən çox cildləri olmaqla yüz addan çoxdur. Bu əsərlər mövzü ba­xımından da zəngin olduğu üşün məhşur İran yazıçısı Zəbihullah Səfa həmin tarixi əsərləri mövzu və məz­mun baxımından altı hissəyə bö­lüb: 1.Ümumi dünya tarixi, 2.İslamdan əvvəlki, İslam dövrü, Səfəvilər dövrünədək İran tarixi, 3.Səfəvilər, Əfqanlar və Nadirşah dövrü tarixi, 4. Hind soltanlarının tarixi, 5. Məhəlli tarix, 6. Dini tarix.(8; S.1551)

Bunlar arasından üçüncü kateqoriyadakı, Səfəvilərə aid əsər­lərin bir necəsi haqqında məlumat verəcəyik. Lakin bu haqda yazmazdan əvvəl ümumi olaraq əsərlərin xüsusiyyətləri haqqında yazacağıq.

Səfəvilər dövrünə aid bu tarixi əsərlər, Səfəvilər sülaləsi, bu süla­lə­nin əcdadları, hakimlərinin, şahlarının tarixi ilə yanaşı, yazıldığı dönə­min siyasi, ictimai, mədəni, elmi, dini və s. mə­sələləri haqqında geniş məlumatlardan ibarətdirlər. Bu əsər­lərin böyük əksəriyyəti məhz Səfəvi padşahlarının göstərişi ilə qələmə alındığı üçün daha çox dövründə ya­zıl­dığı padşahın siyasi fəaliyyətlərindən başqa onun əcdadı, şəcərəna­mə­si, ailəsi və s. haqqında məlumatlara geniş yer verilmişdir. Bəzi əsər­lər Səfəvilər xanedanının əcdadları haqqında məlumatla başlayıb Səfə­vilərin güclü hakimlərin dönəmi, yəni I Şah İs­mayıl, I Şah Təhmasib və ya I Şah Abbas dönəminədəki hadi­sələrlə sona çatır. Bəzi tarixlər isə Səfəvilərin zəif padşahları yəni I Şah Abbasdan sonrakı padşahların dö­nəmi haqqındadır. İkinci qrupa aid olan tarixlərin də bəziləri Səfəvilərin əcdadları dönəmindən başlayır. Həmçinin bu qrupa aid olan tarixlərin bəzisi Səfəvi sülaləsinin süqutu ilə sona çatmır, Əfqanlar və Əfşarlar dönəmi haqqında belə məlumatlardan ibarətdirlər.

Əsər müəlliflərinin bir çoxu elm, ədəb əhli olduqları üçün öz əsər­lərində şeirlər, beytlər dərc etmiş, hebelə dövrün tanın­mış şairləri və elm adamları haqqında yazmışdırlar.

Burada təqdim olunan əsərlərin yazıldığı dil fars dilidir. Lakin dönə­min dini dili ərəb dili və ikinci rəsmi dili olan türk dilindən də bu əsər­lərdə nümunələrə rast gəlinir.

Tarixçilər özlərindən əvvəlki müəlliflərin əsərlərindən qay­naq kimi istifadə etsələr də daha çox öz müşahidələrini qələmə alırdılar.

Bu məqalədə oxuculara təqdim edəcəyəmiz əsərlər I Şah İsmayıl və I Şah Təhmasib Səfəvi dövrünə aid olan qaynaq­lardan ibarətdir.

Səfəvi dönəminin ilk zamanlarına aid əsas qaynaqlardan biri Qiyassədin Xandmirin (vəfat 942 h.q.- 1535 m.) dörd cildik Həbib-us-siyər əsəridir. Kiatb 927-930 h.q. (1521-1524 m.) tarixləri arasında yazılmışdır. Məllif dördüncü cilddə Şah İsmayılın şəcərənaməsi, Şeyx Səfiəddin İshak Ərdəbilidən I Şah İsmayıladək sülalənin tanınmış şəx­siy­yətləri və Səfəvilər tarixinin 930 h.q. (1524m.) ilinədək baş verən hadisələr haq­qın­da çox dəyərli məlumat vermişdir.(4; C.1 S.11-13) Bu əsər Şah İsmail Səfəvi haqqında yazılmış ən dəyərli və ən etibarlı qay­naqlardan biridir. Kitab Doktor Dəbir Siyaqinin nəzəri ilə, Cəlaləddin Homayuni tərərfindən təshih olunlmuş, Xəyyam nəşriyyatında 1380 h.ş. (2001m.) ilində çap edilmişdir.

Adı keçən əsərin davamı olaraq bilinən Tarixi- Padişahiye- Şah İs­mail və Şah Təhmasib, Qiyasəddin Xandmirin oğlu, Əmir Mahmud tə­rə­findən yazılmış digər Səfəvi qaynağıdır. Bu əsər Zeyli- Həbib-us-si­yərTarixi- Şah Təhmasib adı ilə də ta­nınır. Şah Təhmasibin həyatı, fəth­ləri və soy kökü haqqında yazılan bu kitab 957-958 h.q. (1549-1550m.) tarixində qələmə alınmışdır. Müəllif yazıları boyu Həbib-us-si­yər kitabına işarə etmiş və atasının adını yazmışdır. Görünür o, atasının Həbib-us-siyər əsərini davam etmək istəyində olmuş, lakin ömür vəfa etməmişdir.(6; S.250)

Futuhati- Şahi əsəri Səfəvi dönəminin ilk illərində aid tarix­lərdən biridir. Əlyazma iki dəftərədn ibarətdir. Birinci dəftər beş fəthdən, ikin­ci dəftər Şah İsmayılın zühurundan 920 h.q. (1514m.) ilinədək hadisə­lərdən yazır. Bu ildən sonra müəllif heç bir məlumat vermədiyi üçün əl­yazmanın yarım qaldığı ehtimal olunur. (3;S.2223) Əmir Sədrəddin İb­ra­him Əmini Herəvi tərəfindən yazılan bu kitab Məhəmmədrza Nəsiri tərəfindən təshih eilmiş, 1383 h.ş.(2004m.) ilində Əncüməni-asar və məfaxiri-fərhəngi nəşriyyatında çap edilmişdir.

Digər bir əsər Budaq Münşi Qəzvininin yazdığı Cəvahir-ül-əxbar kitabıdır. Qaraqoyunlular dönəmi tarixindən 984 h.q. (1577m.) ilinədək hadisələrdən bəhs edən bu əsər daha çox öz müəllifini adı ilə tanınır. Budaq Münşi divanda yüksək məqam sahiblərindən biri olmuşdur. O, əsərini I Şah Təhmasib zamanında yazmağa başlamış və II Şah İsmayıl dönəmi sona çatdırıb, adı gedən padşaha təqdim etmişdir. Müəllif, öz əsə­rinin Səfəvilərə aid hissəsini, Qızılbaşlarla bəzi döyüşlərə qa­tıl­dığı zaman müşahidələri əsasında yazmış, eyni zamanda döv­rün iqtisadi vəziyyətindən də xəbər vermişdir.(1; S. 39) Möhsün Bəhramnejad tərə­fin­dən təshih edilən bu əsər Mirasi-məktub nəşriyyatında 1378 h.ş. (1999m.) ilində cap eilmişdir.

Daha bir dəyərli əsər Aləmarayi- Şah İsmail, Aləmarayi-Səfəvi və ya Cahangoşayi-Xaqan adılı kitabdır. Müəllifi bilin­mə­yən bu kitabın ya­zıl­dığı tarix 1086 h.q. (1675m.) ilidir. Olduqca sadə dildə, dastan və ya nağıl kimi yazılan bu kitab ən çox Şah İsmayıl haqqında məlumatlardan ibarətdir. Tarix kitabına bənzəməsə də kitabda yazılmış bəzi tarixi hadisələr əsərin çox dəyərli bir tarixi əsər olduğunu sübut edir.(7; S.12-14) Əsğər Müntəzir Sahib tərəfindən təshih olunan kitab 1384 h.ş. (2005) Elmi ve fərhəngi nəşriyyatında çap edilmişdir.

Səfəvi tarixi üçün çox dəyərli digər bir qaynaq Təzkireyi-Şah Təh­ma­sib kitabıdır. Əsər Şah Təhmasibin taxta oturduğu 930 h.q. (1524m.) ilindən Bayazidin ona pənah gətirib, yeni­dən atası Süleymana təslim edildiyi 968 h.q.(1561m.) ilinədək tarixi hadisələrdən bəhs edir. Şah Təhmasib tərəfindən sadə bəyanla yazılmış bu əsər Şah Təhmasibin öz dönəmindəki bəzi hadisələri əhatə etmişdir. Əmirullah Səfəvi tərəfin­dən təshih olunan bu kitab Şərq nəşriyyatı tərəfindən 1363 h.ş. (1984m.) ilində çap edilmişdir.



Tarixi-Şah Təhmasib adı gedən padşah haqqında yazılmış, müəllifi məlum olmayan digər bir əsərdir lakin deyil. Müəllif Şah Təhmasibin hakimiyyətinin ilk ilərindən başlayaraq, 930-963 h.q (1524-1556m.) illəri arasında yaşayan Türkistan, Orta Asiya xanları, Hind və Osmanlı soltanlarıın tarixlərindən də bəhs etmişdir. Kitab nağıl şəklində yazılsa da yazıçı ya yaz­dı­ran etibarlı qaynaqlardan istifadə etmiş, hadisələri ol­duqca düz­gün şəkildə çatdırmışdır. Əlyazma haqqında Əhməd Gül­çin Məa­ni, dil və ədəbiyyata aid Yəğma jurnalının 1343 h.ş. (1964m.) ilinin 196 sayında məlumat vermişdir.

Digər bir əsər Həsən bəy Rumlu tərəfindən yazılmış Əhsən-üt-təva­rix kitabıdır. 807-985 h.q.(1404-1577m.) illəri arasında, Şah Təhmasib, II Şah İsmayıl və Şah Soltan Məhəmməd Xudabəndənin hakimiyyətinin ilk illərindən bəhs edən bu kitab adı gedən dövür haqqında çox dəyərli məlumatlardan ibarətdir. Müəllif, Şah Təhmasib və ondan sonrakı hadi­sə­ləri öz müaşhi­dəsi əsasında yazmışdır. Çarlz Narmen Siden tərəfin­dən təshih olunmuş bu əsər Şəms kitabxanası nəşriyyatında 1931 m. ilin­də çap olunmuşdur.

Qazi Mir Əhməd Qumi İbrahimi tərəfindən yazılmış Xüla­sət-üt-tə­varix kitabı Səfəvilər sülaləsinin ilk padşahından 999 h.q. (1591 m.) ili­nə­dək olan padşahlar haqqındadır. Müəllif 984 h.q. (1576m.) ilində II Şah İsmayılın fərmanı ilə yazmağa başladığı bu kitabı 999 h.q. ilində I Şah Abbasa təqdim etmiş­dir. Əsər beş cilddən ibarət ümumi tarix kita­bı olsa da, yalnız Səfəvilər dönəminə aid olan beşinci cildi mövcuddur. Dövlət­də yüksək məqamlarda işlədiyi üçün öz müşahidələri və Lob-üt-təvarix, Həbib-us-siyər, Cahanara və Əhsən-üt-təvarix kimi etibarlı qay­naqlar əsasında yazılan bu əsərdə müəllif illəri ni­zamlı şəkildə yaz­mışdır. (5; C.1. S. 9-18)

Ehsan İşraqi tərəfindən təshih edilən bu kitab Tehran universiteti nəş­riyyatında iki cilddə 1383 h.ş. (2004m.) ilində çap edilmişdir.



Noqavətul-asar fi zikrul-əxyar, 998-1007 h.q. (1590-1598 m.) illə­rin­də baş verən hadisələrdən bəsh edən qay­naqdır. Ki­tabın müəllifi Mah­mud ibn Hidayətullah Əfuşteyi Nətənzi, Şah Təhmasibin ilk il­lə­rin­dən I Şah Abbasın hakimiy­yə­tinin on birinci ilinədək baş verən hadi­sə­lərdən yazır. Səfə­vilər dönəminə aid qayanq olsa da bu kitabda yazılan bəzi ta­rixi hadiəsələrə, bununla eyni dövürdə yazılan kitablarda rast gə­linmir. Qələmə aldığı hadisələrin böyük əksəriyyəti şahidi olduğu hadi­sələr, bir hissəsi isə digər tarixi əsərlər əsasənda ya­zılmışdır. Müəllif ol­duqca incə ədbi ifadələrdən istifadə et­mişdir.(2; S. 18-19) Ehsan İşraqi tərəfindən təshih edilən bu ki­tab Şerkəti- enteşarati-elmi və fərhəngi nəş­riyyatı tərəfindən 1350 və 1373 h.ş. (1971 və 1994 m.) ilində çap edil­mişdir.

Digər dəyərli bir əsər üç cildlik Əfzəl-üt-təvarix kitabıdır. Birinci cildi Şeyx Səfiəddin Ərdəbili dönəmindən I Şah İsma­yılın vəfatınadək, ikinci cildi Şah Təhmasib, II Şah İsmayıl və Sol­tan Məhəmməd Xuda­bəndə dönəmi, üçüncü cildi isə Şah Ab­bas dönəmi haqqındadır. Müəl­lifi Mirzə Əfzəli, kitabını yaz­maqda məqsədi Səfəvi şahı Şah Abbasın halını bəyan et­mək olduğunu yazır. Bu kitab Səfəvi dövrünün əsas qay­naq­la­rın­dan biridir.(8; C.5/3. S.1565-1566)



Nəticə

Səfəvi dövrü qaynaqları, istər özündən əvvəl istər sonrakı dövürlərlə müqaisədə sayca daha üstünlük təşkil edir.

Məqalədə yalnız Səfəvilər dövrünün ilk iki şahı haqqında yazılan kitablardan məlumat verildi.

Haqqında məlumat verilən kitabların sayca 8 addadır. Lakin bəzi kitabların birdən artıq adı, bəzilərinin isə birdən artıq cild­ləri vardır.

Müəlliflər bu əsərlərdə sadəcə dövrün tarixi hadisələri de­yil, istimai, mədəni, dini, elmi və s. vəziyyətindən də xəbər ve­rirlər.

Müəlliflər öz dövürlərindən əvvəlki qaynaqlardan yararlan­sa­lar da əsərlərini daha çox öz müşahidələri əsasında qələmə al­mışdılar.

Haqqında məlumat verilən tarixi əsərlər fars dilindədir.
Ədəbİyyat:


  1. Budaq Münşi Qəzvini, Cəvahir-ül-əxbar. Təshih edən Möh­sün Bəh­ram­nejad. Mirasi-məktub nəşriyyatı, 1378 h.ş. Tehran

  2. Əfuşteyi Nətənzi Mahmud ibn Hidayətullah. Noqavətul-asar fi zik­rul-əxyar. Təshih edən Ehsan İşraqi. Şerkəti-enteşa­rati-elmi və fərhəngi nəşriyyatı, 1350 və 1373 h.ş. Tehran

  3. Əmir Sədrəddin İrahim Əmini Herəvi. Futuhati-Şahi. Təs­hih edən Mə­həmmədrza Nəsiri. Əncüməni-asar və məfaxiri-fər­həngi nəşriyyatı, 1383 h.ş., Tehran

  4. Xandmir Qiyassədin. Həbib-us-siyər. C.4. Təshih edən Cəla­ləddin Ho­mayuni. Xəyyam nəşriyyatı, 1380 h. ş. Tehran

  5. Qazi Mir Əhməd Qumi İbrahimi. Xülasət-üt-təvarix, iki cild­də. Təs­hih edən Ehsan İşraqi, Tehran universiteti nəşriyyatı, 1383 h.ş.Tehran

  6. Naxçivani Hacı Hüseyn, Zeyle-Həbibus-siyər, təlif Mah­mud ibn Qiyasəddin Xandmir, Nəşriyeyi zəban və ədəbiyyat “Daneşkədeyi ədəbiyyat və ulume-ensaniye- Təbriz, 1337 h.ş. ili no.47. Təbriz

  7. Naməlum müəllif. Aləmarayi-Şah İsmayil. Təshih edən Əs­ğər Müntəzir Sahib. Elmi ve fərhəngi nəşriyyatı, 1384 h.ş. Tehran

  8. Səfa Zəbihullah. Tarix-i Ədəbiyat dər İran. C.5/3. Ferdous nəş­riyyatı, 1386 h.ş. Tehran

  9. Şah Təhmasib Səfəvi. Təzkireyi-Şah Təhmasi. Təshih edən Əmi­rul­lah Səfəvi. Şərq nəşriyyatı, 1363 h.ş.Tehran


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə