Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə9/41
tarix30.12.2017
ölçüsü4,06 Mb.
#18485
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

Raqub Kərİmov

(Əlyazmalar İnstitutu)
Q.Zakİrİn dİnİ şeİrlərİ
Tarixi keçmişimizin bütün dövrlərində istismarsız olaraq hər bir ya­zar ilk növ­bə­də dini mövzulara müraciət edərək öz yaradıcılıqlarında dini baxışlarını mərsiyə, növhə, sinəzən, minacat, nət, qəsidə kimi poe­tik formalarda tərənnüm etmişlər. Uzun bir inkişaf yolu keçən dini poe­ziya tarixi-ictimai şəraitlə əlaqədar olaraq za­man-zaman tərəqqi və tə­nəz­zül mərhə­lə­lə­ri­ni yaşayaraq həmişə gündəmdə ol­muş­dur. Məhz bu­nun nəti­cəsində ədəbiyyatımızda dini-ədəbi ənənə formalaşmışdır. Bu ədəbi ənənə xüsusilə XIX əsrdə daha geniş vüsət tapmış, hətta Raci, qumri, Sü­peh­ri, Şüai, Dəxil, Dilsuz, Nigari kimi dini-tə­riqət şairlərinin meydana gəlməsi üçün mün­bit zəmin yarat­mış­dır. Yaradıcılığını əsasən dini mövzulara həsr edən bu kimi sə­nətkarlarla yanaşı biz həmin dövrdə çoxşaxəli yaradıcılıq diapazonuna malik olan şairlərin də dini mövzu­lara müraciət etdiklərinin şahidi oluruq. Ümumiyyətlə, bu mövzuda şeir yaz­mağın özü də bir ənənə şəklini aldığı üçün XIX əsrdə yaşayıb ya­radan çox az sayda şairlər istisna olmaqla əksər şairlərin bu mövzuya müraciət et­diklərinin şahidi olur və bu qənaətə gəli­rik ki, hər bir dövrün ədəbi mühitinin for­ma­laşmasında dini ədəbiyyatın da özünəməxsus rolu olmuşdur. Dini ədəbiyyatın ya­ranması təkcə şairin öz istəyindən deyil, həm də ictimai tə­ləbdən, xalqın arzu və is­təyindən irəli gəlirdi. Ona görə də hər bir şair xalq arasında, ictimaiyyətdə daha mö­təbər mövqe qa­zanmaq üçün ən gözəl əsərlərini bu mövzuda yazmağa çalışır­dı­lar. Təsadüfi deyildir ki, XIX əsr maarifçi ədəbiyyatın for­ma­laş­masında bö­yük rolu olan, özü də çar Rusiyasının mühüm dövlət aparatında işləyən, bir sözlə, islam di­ni­nə o qədər də rəğ­bəti olmayan bir mühitdə çalışan Abbasqulu ağa Bakıxanov be­lə bu mövzuya rəğbətlə yanaşmış və özü­nün ən gözəl əsər­lərindən birini də bu möv­zuya həsr etmişdir. O cüm­lədən, XIX əsrin digər görkəmli şairi Qasım bəy Za­kiri də bütün yara­dıcılığı boyu islam dini qayda-qanunlarına riayət edən əsl Allah bəndəsi kimi görürük. Şair istər dini mövzularda yazdığı şeirlərində, istərsə də ayrı-ayrı mövzulu şeirlərinin daxilində sırası gəldikcə dinin təəssübkeşi kimi çıxış etmiş, insanları mə­nəvi saflığa, düz yola, həqiqi Allah bən­dəsi olmağa dəvət et­miş­dir. Bununla yanaşı Zakir insanları dini əqidədə mötədil olmağa, onları müxtəlif za­manlarda ayrı-ayrı oyunbazların ya­ratmış olduqları saysız-hesabsız təriqət və məz­həblərə uyma­mağa çağır­mışdır. İslam dininə, onun müqəddəs kitabı olan Qu­rana yaxşı bələd olan şair bu kimi təriqətlərin monumental islam dinini parçalamaq üçün ayrı-ayrı şəxslərin öz mənafeləri naminə ortaya atdıqları oyunbazlıqdan başqa bir şey olmadı­ğı­nı görür və oxucusuna bu oyunbazlara, fırıldaqçı dini liderlərə uy­ma­mağı tövsiyə edirdi. Digər mütərəqqi görüşlü dindar­lar kimi Zakir də öz əsə­rin­də şiələr və sünnülər arasında baş verən kəskin ixtilafları görür və təriqətlərdən, xü­susilə də şiəlikdən əmələ gəlmiş “Şeyxi” və “Üsuli” kimi təriqətləri tənqid atə­şinə tuturdu. Şair bu qəbil din xadimlərini “ölkəyə hərcmərclik sa­lan, adlarını alim qo­yub, özləri savadsız, dinləri pul, ipək pal-paltar olan müftəxor şarlatan ad­lan­dırır və “Əlif bey oxuyan” hər dələduz şiəliyin nə olduğunu an­lamadığı halda “məz­həbi-isna-əşəri”, “bargəhi-iymani zirü zəbər etdik­lərini”1 bütün kəs­kin­liyi ilə oxu­cunun nəzərinə çatdırır:

Ah, bu müftəxorun dad əlindən, səd dad

Ki, salıbdır necə gör məmləkətə qovğanı.

Hərcü mərc eylədilər məzhəbi-isna-əşəri,

Etdilər zirü zəbər bargəhi-iymanı.

Hər əlif, bey oxuyan adını ruhani qoyub,

Bilməz öz əbcədini, ruha çəkər suhanı.2

Əsası XIX əsrin birinci yarısında Şeyx Əhməd Əhsai (1744-1827) tərəfindən qoyulan “Şeyxi” təriqəti dini-siyasi cə­rə­yan olaraq şiəlik əsasında yaradılmışdır. On­ların nəzəriy­yə­sinə görə “on iki imam Alla­hın arzusu ilə bütün varlığın ya­ran­ma­sının zəruri səbədidir. Guya on iki imam dünya yaranmaz­dan əvvəl cövhər ha­lın­da mövcud imiş, Allah dünyanı imam­ların cövhəri vasitəsilə yaradıb və dünya onların hökmü ilə hə­rəkət etməlidir”.3 Onlar Peyğəmbər, onun qızı Fatimə və 12 ima­mın hər birini Allah qədər qüdrətli hesab etmişlər. Bu mə­sələyə müna­sibət bildirən professor Kamran Məmmədov çox düzgün olaraq qeyd edir ki, “imamların bu qədər şişirdilməsi, Allaha və onun dini kitabı olan Qurana bütün varlığı ilə inanan şairi (Q.Zakiri – R.K.) qəzəblən­dirirdi”.4

Zakiri qəzəbləndirən digər bir məsələ də, Quranın nazil ol­ma­sı ilə əlaqədar şey­xi­lərin irəli sürdüyü versiyadır. İslam di­ni­nə görə, Quran Allah tərəfindən Cəb­ra­yı­lın vasitəsilə pey­ğəm­bərə nazil olmuşdur. Şey­xi­lərin fikrincə isə Quranın mü­əl­lifi peyğəmbərdir və Cəbrayıl da Quranı peyğəmbərin bətnində zühura gətirmişdir. Bunu özlüyündə ana­liz edən şair “bu qə­naətə gəlir ki, əgər doğrudan da məsələ belə isə, onda bütün şair­lər də peyğəmbərdir. Çünki onlar da “mürsəl”dir. “Mür­səl” isə ancaq kitab sahibi olan peyğəmbərlərdir. Məhəmməd, İsa, Mu­sa, İbrahim, Davud kimi”.1

Həm dəxi bir də deyirlər ki, Rəsulun Cibril,

Batinindən gətirir zahirinə Quranı.

Belə gər olsa, cəmi-şüəra mürsəldir

Ki, yazıb hər biri bir cild, iki cild inşanı.

Onların da yenə vardır neçə ülül-əzəmi –

Ənvəri, Sədivü Cami, dəxi həm Xaqanı.2

Şair bu sırada özünün də yalançı peyğəmbər olduğunu deməklə on­la­rı ələ salır, dediklərinin oyunbazlıqdan başqa bir şey olmadığını söy­ləyir:

Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın,

Ümmətim Taynaqü Gülqışlaqu* Xızrıstanı.

Bununla yanaşı şairi qəzəbləndirən əsas məsələlərdən biri də bu kimi oyuncaq tə­riqət başçılarının digər dinlərin təsiri ilə insanlar arasında Allaha şərik axtar­ma­la­rı və onu adiləşdirmə­lə­ridir:

Etməyib şərmü həya göz görə Əbdüllahə

Elər isbat sərasər sifəti-sübhanı.

Bişü kəm xaliqü məxluqdə bir fərq gərək

Eləsən nik nəzər – bunda təfavüt hanı?

Bir quru ismdən özgə dəxi həqqə nə qalır,

Lənət olsun sana, ey münkiri-həqq ruhanı!

Nə rəvadır ki, dəxi bir də edək həqqə şərik

Biz imamı, necə kim, ermənilər İsanı.

İki tanrı yenə mümkündü süluk eyləyələr,

Gərək on dörd yerə bunlar bölələr dünyanı.3

Daha sonra şair yenə də üzünü şeyxilər və üsulilərə tutub deyir ki, bütün can­lı­la­ra ruzi verən, onların dadına çatan, hər “sifəti-imkanı olan” sonsuz qüdrət sahibi yal­nız Allahdır. Alla­hın malik olduğu xüsusiy­yət­lə­ri insanlara şamil etmək isə sa­də­cə ağılsızlıqdır:

Yoxdu bir ruzirəsan bari-xudadan qeyri,

Odu murü mələxə rizq verən asanı.

Mahiyi-bəhrə qılır qətreyi-barani ğiza,

Seyd edir bipərü balə məgəsi-pərranı.

Müşrikü mürtədü mərdudü nəsaravü yəhud,

Vəqfdir cümləyə xani-kərəmü ehsanı.

Doğrudur, raziqü mühyiyyü mümitdən qeyri

Hər sifət kim, deyələr var sifəti-imkanı.1

Dinə təfriqə salan bu kimi şarlatanları şair “asiyi-dərgahi-ilah” he­sab edərək onların nəzərinə çatdırır ki, əməlinizin nəti­cəsi olaraq müt­ləq cəhənnəmə gedə­cək­si­niz. Çünki sizin etdik­ləriniz Böyük Yaradana asi düşməkdən başqa bir şey de­yildir:

Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah,

Bir xəyal eylə ki, kimdir dediyin böhtanı!

Gedəcək düzəxə, bişübhə, o mövla həqqi,

Xaliqi-mövtü həyat kim bilə ol mövlanı.2

Zakirin yalançı, fırıldaqçı din xadimlərini kəskin şəkildə tənqid et­məsi, onlara qarşı barışmaz mövqedə dayanmasının əsas səbəbini onun sadiq Allah bəndəsi, islam dininə qəlbən bağ­lı olması ilə əlaqələn­dir­mək daha doğru olardı. Şair öz ye­rində olmayan bu kimi din xadim­lə­rini tənqid etməklə onları is­lah etməyə, cəmiyyətə vicdanla, namusla xid­mət etməyə yö­nəltməyə çalışmaqla yanaşı, həm də ümumilikdə müasirlərini, xüsusilə də gənc nəsli hadisələrə açıq gözlə baxmağa, hər ye­tənə aldanmamağa səsləmişdi. Təbii ki, Zakirin tənqidi şeirini oxu­yan hər bir kəs əsl həqiqətin nə olduğunu başa düşüb ha­disələrə, baş ve­rən olaylara yeni düşüncə tərzi ilə yanaşaraq on­dan lazımi nəticə çıxarır və bir daha bu kimi yalançı din xadimlərinin cəfəng sözlərinə inan­mırdı. Zakir şeirinin qüdrəti də bunda idi. O, oxucularını düşünməyə vadar etdiyi kimi, onları inmandırmağı da bacarırd. Zakir mənsub oldu­ğu islam dini qarşısında öz borcunu Kərbəla müsibəti ilə bağlı bir neçə mərsiyə, sinəzən, növhə və dini mövzulu qəsidə yazmaqla yerinə yetir­mişdir. Müqtədir tədqiqatçı Firidun bəy Köçərli Zakirin dini mövzulu şeirlərinə münasibət bildirərək yazır: “Ma­təmi-seyyidüş-şühəda və əh­va­lati-cansuzi-Kərbəla Zakirə, müttəqi və övladi-rəsul olduğu üçün, zi­yadə təsir edərmiş. Bu cəhətə ol mərhum bir neçə növhələr bu qissəyə dair inşad qı­lıblar”.3

Məlumdur ki, şiə təriqətinə mənsub olan digər şairlər kimi, o da birinci növbədə dini mövzuda yazdığı şeirlərində Həzrəti Əli (ə), Əhli-Beytin və xüsusilə də Kərbəla müsibətinin baş qəh­rəmanı olan imam Hüseynin başına gətirilən müsibəti ya­nıqlı lirik bir dillə təsvir etmişdir. Bununla yanaşı o islamda güc­lü təriqətlərdən biri olan sünnülüyə və eləcə də bu təriqətə mənsub olanlar haqqında mənfi heç bir fikir söy­lə­məmiş, təf­ri­qə­çilikdən uzaq olaraq, barışdırıcı mövqedə dayanmış, ümu­­­mi­lik­də islam dinini təbliğ etməyə çalışmışdır.

Kərbəla hadisəsi ilə bağlı ayrı-ayrı məqamları böyük usta­lıqla təsvir edən şair bu səhnələri yaratmaqla oxucusunun emo­sional hisslərini ehti­ra­za gətirir, onda din yolunda şəhid olan insanlara qarşı rəğbət yarat­maq­la yanaşı düşmənlərinə qar­şı dərin nifrət hissi oyatmağa da nail olurdu. Zakirin ya­ratdığı belə səhnələrdən birinə nəzər salaq:

Ey dil, qəmin ol, genə mahi-əza gəlir,

Ey didə, tök sirişk, zəmani-büka gəlir.

Etmə diriq əşkin kim bir zaman onun

Hər qətrəsinə bir dürri-yekta bəha gəlir.

Dəşti-bəla müsibətinin yox nəhayəti,

Hər zülmdən betər bəna bu macəra gəlir.

Yetdi pəyami-müjdə Yəzidi-pəlidə kim,

Dilşad ol, gələn üsərayi-bəla gəlir.

Yüz qoydu əhli-Şam tamaşayə xasü am,

Kim təşnəqani-vadiyeyi-Kərbəla gəlir.

Şurü şürurü qəlqələvü hay-huy ilə,

Nagah gördülər sipəhi-pürcəfa gəlir.

Almış çəhar canibin ol qövmi-bədxisal,

Sərü pa bərəhnə övrəti-Ali-Əba gəlir.

Zərdü zəif həmçü hilal bir cəvan o dəm,

Zəncirə bağlı dərdü qəmə mübtəla gəlir.

Bir tifli-gülüzar cərəsvar dad edib

“Pəs qandadır babam?” – deyib, ondan səda gəlir.

Ol xeyli-Zülfüqar arasında bir ərus

Yaxmış əlinə xuni-cigərdən həna gəlir.1

Qəsidənin bu hissəsinə qədər şair şəhid olanların ailə və uşaqlarının faciəli şəkildə Şam şəhərinə gətirilməsini təsvir etmiş, onların düşdük­lə­ri ağır vəziyyəti, çəkdikləri əzab və əziy­yəti emosional bir təsvirlə qələmə alaraq oxucuda Kərbəla şə­hidlərinin qatillərinə qarşı qəzəb və nifrət hissi doğura bilmişdir. Şair bu səhnəni son dərəcə təbii, real təsvir etdiyi üçün oxucu istər-istəməz şeiri oxuyan kimi onun təsirinə düşüb böyük maraqla hadisələrin sonrakı gedişini izləməyə can atır və özünü baş verən olayların cərəyanında hiss edir. Çox güman ki, Firidun bəy Köçərli şairin yaradıcılığı haqqında fikir söyləyərkən məhz onun malik olduğu bu qeyri-adi key­fiy­yətləri nəzərə almışdır: “Bu vaxta kimi nə qədər ki, dəşti-Ninəvada vüqua gələn faciə barəsində və xüsusən əhli-beyti-seyyidüş-şühəda haqqında növhələr deyilibsə, heç bir şairə bu zə­riflikdə, bu dərəcədə nazik istiarə və şirin ibarələr ilə növhə demək müyəssər olmayıbdır”.1

Zakir mərsiyənin ikinci hissəsində əsərə yeni bir obraz – Yəzidin xa­nımı obrazını daxil etməklə qəsidənin emosional gü­cünü daha da ar­tırır və bununla demək istəyir ki, hətta düş­mən tərəfində olan açıq dü­şün­cəli insanlar, o cümlədən, Yə­zidlə baş yastığa qoyan xanımı da bu fa­ciəni qəbul edə bilmir, onun haqsız olduğunu anlayır və nifrətlə qar­şılayır:

Zövci-Yəzid gördü Səkinə əlin tutub

Zarü həzin Zeynəbi-bəxtiqara gəlir.

İczü niyaz ilə çağırıb Fizzədən sorub

Dedi: - bu çox mənim gözümə aşina gəlir.

Kimdir? – Bəna dürüstünü izhar qıl, görüm,

Bunlar neçin əsir olub bu yana gəlir?

Fəryadilən dedi ki, Hüseynin əhli-beytidir,

Təzim eylə, sanma ki, xeyli-gəda gəlir.

Diltəng olub o dəmdə soruşdu şitab ilə:


  • Nolmuş Hüseyn özü ki, bullar bu yana gəlir?

Verdi xəbər ki, ol şəhi-gülgünkəfən sərin

Sümri-ləin eylədi təndən cüda, gəlir.

Qətl etdilər təmamən əsbabi-alətin

Təqsimü qarət eylədu qövmi-dəğa gəlir.

Əbbasü Əkbərin, dəxi nakam Qasimin

Başları nizələrdə, budur, cabəca gəlir...

Ol ximeyi ki, məskəni-xatuni-dəhr idi,

Od vurdular, tutuşdu həmə xişnəma gəlir.

Götürüb üzim Yəzidə dedi, ey dəni, səna,

Fikr eyləmədinmi ruzi-cəzada cəza gəlir?!

Neyçün xiyal etmədin onda neylərəm

Bir dəm fəzayi-məhşərdə ki, Mustəfa gəlr?

Düldül minən, ələm götürən, əjdər öldürən,

Mərri zəbun edən şəhpəri düşəra gəlir.

Düşəndə şahi-təşnələbin qanlı köynəyi,

Vay ol zamanda hayına Xeyrannisa gəlir...

Göründüyü kimi, şair Əhli-Beytin düçar olduğu müsibəti lirik-sen­ti­mental təsvir üslubundan istifadə yolu ilə verməklə yanaşı həm də sü­jetli lirikanın mükəmməl nümunəsini yarada bilmişdir. Qəsidənin birin­ci hissəsində “mahi-əza”nın gəldi­yi­ni, “Dəşti-bəla” müsibətinin bütün mü­si­bətlərdən faciəli olduğunu qeyd etdikdən sonra şair Kərbəla dü­zün­də şəhid olmuşların ailə üzvlərinin, arvad-uşaqlarının ayaqyalın, başaçıq, faciəli bir görkmədə dörd tərəfdən mühasirəyə alın­mış şəkildə Şam şəhərinə gətirilməsi səhnəsini təsvir edir. Bu zaman Şam əhalisi içə­risində dayanıb əsirlərə tamaşa edən Yə­zidin zövcəsinin gözü Səki­nə­nin əlindən tutub gələn Zeynəbə sataşır və Fizzədən xəbər alır ki, bu gəlin kimdir? O çox tanış gəlir. Fizzə cavabında bldirir ki, “Hüseynin əhli-beyti”dir. Ha­disədən bixəbər olan qadın Hüseynin başına nə gəl­diyini və bun­ların niyə buraya gətirildiyini öyrəndikdən sonra əri Yə­zidin hərəkətlərini töhmətləyir və cəza günü peyğəmbərə, onun varisi Əliyə Allah qarşısında nə cavab verəcəyini ondan soruşur...

Aydın, səlis bir dillə təsvir olunan bu hadisə Firidun bəy Kö­çərlinin Zakirin dili haqqında dediyi kimi “nəzmlənmiş nəsrdir”. Zakirin şeir dilinin sadəliyi, xalq danışıq dilinə yaxın olması onun ən uğurlu cəhət­lə­rindən biridir.

Təbbi ki, Kərbəla hadisəsi ilə əlaqədar yazılan hər bir əsərin başlıca ideyası baş vermiş faciəni insan psixologiyasına təsir edərək, onu eh­tizaza gətirmək, tökülən nahaq qanlara qarşı on­larda haqq-ədalət uğrun­da mübarizə ruhu aşılamaqdan ibarət­dir. Ona görə də şairlər şeirin emo­sional təsir gücünü artırmaq üçün əksər hallarda qadın və uşaq obraz­larına müraciət edir­dilər. Əlbəttə Zakir də digər sənətkarlar kimi qadın­lardan söh­bət açanda ilk növbədə Zeynəb, Səkinə obrazlarına, uşaq­lardan bəhs edəndə isə hələ qundaqda olan altı aylıq körpə Əliəsgər ob­ra­zına müraciət etmişdir. Bu surətlər fonunda yaratdığı epi­zod­larla o qəlb parçalayan, insanlarda qəzəb hisinin tüğyan et­məsinə səbəb olan səh­nələr yaratmağa nail olmuşdur:

Baş açıq, yalın ayaq səhrada Heydər qızları,

Naləvü fəryad edər Ali-peyəmbər qızları.

Dəşti-qəm içrə qalıb biyarü yavər qızları,

Nə rəvadır eyliyə xatuni-məhşər qızları.

İbni-Sə`di-nabinaya iltica, ya Mustafa!

Şami-şuma çün rəvan oldu əsirani-hərəm,

Ba sipah-sərdə küdurət, ba dili-ənduhü qəm,

Naqələr üzrə fəqan eylər Səkinə dəmbədəm,

Bu nə insaf, mürivətdir, bu nə zülmü sitəm?

Keçdi həddən üsrəti-Ali-Əba, ya Mustafa!...

Tiri-təqdiri-qəza ta dəydi hülqi-Əsğərə,

Eylədi ondan güzər bazuyi-ibni-Heydərə,

Əhli-beytin naləsi sər çəkdi çərxi-əhzərə,

Əlaman qəhhar qəhrindən o gün ki, məhşərə,

Yüz qoyar yetmiş iki gülgünqəba, ya Mustafa!.1

Kərbəla hadisəsini bütün detalları ilə bilən XIX əsr insanı bu müsi­bətin iştirakçılarından hər hansı birinin adı çəkiləndə konkret olaraq onun başına gətirilən faciəni yada salır və şeirin emosional təsir gücü al­tında həmin hissləri yaşayırdı. Həməsr­lə­rinin psixoloji durumuna ya­xın­dan bələd olan Zakir mərsiyə, növhə və sinəzən yazarkən birinci növ­bədə hansı obrazdan han­sı məqamda, necə istifadə edəcəyini özlü­yün­də ölçüb-biç­dik­dən sonra qələmə almışdır. Şair seçdiyi obraz ət­rafında mü­əyyən təsirli səhnələr yaratmaqla fikrini canlı, obrazlı şəkildə oxucuya çatdırmağı bacaran sənətkar olduğu üçün onun bu mövzuda yazdığı əsərlər dillər əzbəri olmuş və müəllifinə böyük uğur gətir­miş­dir. Təsadüfi deyildir ki, sovet rejimi sis­te­minin ölkəmizdə hökm sür­düyü bir zamanda ciddi qadağalara baxmayaraq aşura günlərində əksər bölgələrdə, xüsusilə Bakı ətrafı kəndlərdə mərsiyə, sinəzən və növhələri ən çox oxunan şairlərdən biri də Qasım bəy Zakir olmuşdur. Onun yaz­dığı dini şeirlərin uğur qazanmasının başlıca səbəbi isə öndə qeyd etdi­yi­miz kimi, mövzunu düzgün seçməklə la­zımi detalları hadisəyə uyğun şəkildə yerində, məqamında ver­mə­sindən ibarət idi. Onun Həzrəti-Zeynəbə, Həzrəti-Səkinəyə, Cənabi-Əliyə, Cənabi-Hüseynə ithaf etdiyi şeirlərin hər birin­də biz bu deyilənlərin canlı şahidi oluruq. Bu sırada şairin Cə­nabi-Zeynəbə həsr etdiyi “Zeynəb” rədifli növhəyə nəzər sa­laq:

Bu nə mahdır ki, həddən keçib iztirab, Zeynəb?

Fələk üzrə mahü mehri eylədi kəbab, Zeynəb.

Yox ümidi-sübh hərgiz üsərayi-qeydi-Şamə,

Nə yaman giran nəhsə düşüb afitab, Zeynəb?

Dedim əndəlibi-zarə ki, nə ahü zardır bu?

Dedi: - Bu fəqanə bais ələmi-cənab Zeynəb.

Dəxi lalədən sordum: - Niyə dağdar olubsan?

Dedi: - Yandırıbdı bağrım o evi xərab Zeynəb.

Gülü, sünbülü bu gün çəməndə əşkbar gördüm,

Oları edib pərişan yəqin inqilab, Zeynəb.

Bu bəlalı çöldə qönçə necə bürqədar olsun

Kim, əsir Şami-şumə gedə biniqab Zeynəb.

Yetişdi bir məqamə işi sərbürəhnə Şamə

Gedər, üz tutub məgəsdən edən ictinab Zeynəb.

Xəbər aldım Əhli-Beytin ədədi-qəmin fələkdən,

Dedi kim, şümarə gəlməz qəmi-bihesab, Zeynəb.

Özün etsə qərqeyi-xun, nə əcəb, o qətlgahda,

Bədəni-Hüseyni göz-göz görə çün hübab Zeynəb.

Degil özgə ğazə hacət onun əllərin həmin dəm

Dəmi-Qasım ilə eylər necə gör xizab Zeynəb.

Götür zivəri aradən ki, fəqani-şanə qoymaz

Səri-zülfi-novərusə verə piçü tab Zeynəb.

Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer?

Neçə gündü Kərbəlada nə xurü nə xab Zeynəb.

Nə rəvadı kuçə-kuçə gəzə rugüşadə, ey çərx,

O öz əksi-qamətindən edən hicab Zeynəb.

Cəmi-şiənin günahın sən özün bağışla, ya Rəb,

Bedili-qəmini-Gülsüm, berüxi-pürab Zeynəb.

Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən

Behəqqi-fəqani-Zəhra, behəqqi-əzabi-Zeynəb.1

Növhəni tam şəkildə verməkdən məqsəd dediklərimizi əya­ni şəkildə sübut etməkdən ibarətdir. Burada biz vəfalı bir qa­dın – ana, bacı obra­zını görürük. Əzizlərini itirmiş, əsir götü­rü­lərək Şama aparılan bu qadı­nın daxili iztirablarını, onun ke­çirdiyi həyəcan və təlaşları qabarıq şə­kil­də vermək üçün şair öz gözəlliyi, zərifliyi və incəliyi ilə insanların qəl­bində kövrək hisslər yaratmağa qadir olan gülə, çiçəyə, qönçəyə, sünbülə, laləyə, bülbülə və s. müraciət edərək şeirinin emosional gücü­nü daha da artır və bununla da qəm-kədər içərisində olan insanları öz seh­rinə sala bilir. Bu növhə ilə əlaqədar Firidun bəy Köçərlinin: “Əndə­libi-zarın ahü naləsini, lalənin dağdar olmasını, gülün və sünbülün çə­məndə pərişan və əşkbar olma­sını, qönçənin boynubükülü və ağzıyu­mu­lu qalmasını şair bir-bir sual edib, illət və baisini xəbər aldıqda hər bi­risi zəbani-hal ilə cavab verirlər ki, onları bu fəqana gətirən, belə dağdar qı­lan, pərişan hala salan Şami-şuma əsirvar, biniqab gedən cə­nab Zeynəbin qəmü ələmi olmuşdur”2 - qənaətinə gəlməsini də məhz bu hisslərin nəticəsi hesab etmək olar.

Göründüyü kimi, şair bu əsərində təbiəti şəxsləndirərək onun va­lehedici fonunda Zeynəb obrazı ilə yanaşı, sanki onun harayına səs ve­rən, onunla bu kədəri birgə yaşayan gül, çiçək, bülbül obrazlarını ya­ratmışdır ki, bu lirik səciyyələndirmə də öz növbəsində əsərin ümumi səviyyəsinə yeni ruh vermişdir. Şairin dini şeirləri üçün xarakterik olan belə lirik – sentimental üsluba digər şeirlərində də rast gəlirik. Onun Kər­bəla hadisə­sinin baş qəhrəmanı Cənabi-Hüseyn haqqında yazdığı farsca növhəsndə bu keyfiyyətləri görürürk.

Zakir poeziyasına, indiki halda dini mövzuda yazdığı şeir­lə­rinə röv­nəq verən başlıca cəhətlərdən biri də onun hadisələri ən mahir rəssam kimi təsvir etmək məharətindədir. Şairin “Bu gün” rədifli növhəsini oxu­duqda Kərbəla çölündə baş verən əsrin ən qanlı faciəsi oxucunun göz­ləri qarşısında bütün real­lığı ilə canlanır:

Şiələr təziyə saxlar bu gün,

Çün urub başına, ağlar bu gün.

Ağlayın, göylərə qarə çəkib

Həqdir indi əzadar bu gün.

Dağılıb çöllərə əhli-hərəmi,

Dadə yetsin şəhi-əbrar bu gün.

Yıxılıb nəşi quran üstünə

O iki qolsuz Ələmdar bu gün.

Qasimin gül bədənin meydanda,

Saldılar ləşgəri-küffar bu gün.

Əkbərin peykərini səd parə

Eylədi Nofəli-qəddar bu gün.

Başını təştə o şahi-rənun,

Kəsdi ol Şümri-sitəmkar bu gün.

Əsğəri-təşnələbin qundağın

Hərmələ tir ilə oxlar bu gün.

Od urub ximələtə yandırdı,

Zülmilə ləşgəri-əşrar bu gün.

Dağılıb çöllərə ac ilə susuz

Anabir xırda uşaqlar bu gün.

Ximədə şiddət edibdi mərəzi,

Qəşş edib Abidi-bimar bu gün.

Zeynəbin qollarını bağladılar,

Hanı bəs Heydəri-Kərrar bu gün?!

Şiələr ! Vay bizim halımıza,

Çün ölübdü Ələmdar bu gün.

Bağlanıb qol-qola övladi-Əli,

Yoxdu onlara havadar bu gün.

Ya Hüseyn! Əqd eylə, sən, qoy,

Olmasın oları xar bu gün.1

Şair növhənin hər beytində oxucunun gözləri qarşısında baş vermiş faciənin onu ehtizaza gətirəcək yeni-yeni səhnələrini canlandırır və şüb­hə­siz onu hadisələrin bilavasitə iştirakçısına, tamaşaçısına çevirməyə nail olur.

İlk beytdə şiələrin belə ağır gündə başlarına vurub ağla­ya­raq təziyə saxladıqlarını təsvir edən şair sonrakı beytlərdə Həq­­qin özünün də bu gün əzadar olmasını, “Əhli-hərəmin” çöl­lərə dağılmasını, qollarının iki­si də kəsilmiş Ələmdarın cə­sə­dinin quranın üstünə yıxılmasını, kafirlər tərəfindən Qasimin gül bədəninin forpağa salınmasını, qəddar Nofəl tərəfindən Ək­bərin başının para-para edilməsini, Hüseynin başının Şümr tərəfindən kəsilməsini, qundaqda olan Əsğərin Hərmələ tərə­fin­dən oxlanmasını, düşmənlər tərəfindən ximələrə od vurulub yandırıl­ma­sını, körpə uşaqların ac-susuz çöllərə dağılmasını, xəstə Abidin alaçıq­da xəstəliyinin şiddətlənməsi və onun qəşş etməsini, Zeynəbin qolla­rı­nın bağlanaraq əsir götürülməsini, bayraqdarın öldürülməsini, Əli öv­lad­larının qol-qola bağlana­raq əsir aparılmasını və onların bu gün hava­darı olmamasını qəlbləri riqqətə gətirən, ürək parçalayan kədərli, yanıq­lı bir dillə təsvir etmişdir. Əlbəttə, Zakirin əsas məqsədi təkcə hadi­sələri belə təsirli, yanıqlı bir dillə təsvir etməkdən ibarət deyil, onun əsl qa­yəsi insanlarda, ata-anaya, bacı-qardaşa, sevdiyi in­sana, haqqa, ədalətə məhəbbət hissi aşılamaqdan, onları vətən, xalq yolunda ölümə belə hazır olmaq kimi müqəddəs bir amala yönəltməkdən ibarətdir. Bu mə­qamda mövzu ilə bağlı istedadlı alim, professor Əsgər Qədimovun de­diklərini qeyd etmək ye­rinə düşərdi: “Dini lirika vasitəsilə şairlər oxu­cuların hisslərini saflaşdırmağa, qəlblərində nəcib insani duyğular oyat­mağa, on­ları haqqın, ədalətin müdafiəsinə yönəltməyə çalışırdılar. Odur ki, dini poeziyanın ideyalar aləmi tam şəkildə ictimai və bəşəri məzmun daşıyırdı. Çünki dini poeziyada faciəvi hadi­sələrin lirik-sentimental təs­vi­ri insanları bunlardan ibrət götü­rüb nəticə çıxarmağa və bəşəri-huma­nist dəyərlərə yiyələn­məyə səsləyirdi”.1

Uzun tarixlər boyu zaman-zaman insanların qan yaddaşına hopmuş dini poeziya həssaslıqla yanaşılan ən müqəddəs hisslər­lə bağlı olduğu üçün şairlər ona xüsusi önəm vermiş, vətənin ən ağır günlərində vətən övladlarını ayağa qaldırmaq üçün bu müqəddəs cihad silahından mə­harətlə istifadə et­mişlər. Ona görə də bu poeziya islam dini yarandığı gün­dən etibarən bütün dövrlərdə gündəmdə olmuşdur. Başda cənab Hü­seyn olmaqla Kərbəla şəhidlərinin dözüm və mətanəti, qürur və əzə­mə­ti, Zeynəb kimi qadınların şərəf və ləyaqəti dahi Nizamidən başlayaraq ondan sonra gələn bütün yazarlar üçün qida mənbəi olmuşdur. Onlar öz müsbət obrazlarını yaradarkən Kərbəla şəhidlərinə rəmz kimi yanaşmış və onların malik olduqları ali, müqəddəs insani keyfiyyətləri qəhrəman­ları­nın timsalında yaratmağa çalışmışdır. Əbədiyaşar dini poezi­ya və onun təbliğ etdiyi müsbət ideyalar indi də gündəm­dədir. Ərazisinin iyir­mi faizi işğal olunmuş xalq üçün bu poeziyanın geniş şəkildə öy­rə­nil­məsi, tədqiq və təbliği vacib və zəruridir.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə