Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə6/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
1   2   3   4   5   6   7   8   9
Əmək əzələləri və idrakı möhkəmləndirir. Onlara verilmiş tapşırıqları yerinə yetirməklə, uşaqlar öz yaddaşlarını inkişaf etdirə, həmçinin özlərində dəyişməz xarakter və hər bir işin öhdəsindən tez gəlmək bacarığını tərbiyə edə bilərlər. Kiçik vəzifələrlə dolu gün düşünmək, hesablamaq və iş planı tələb edir. Uşaqlar böyüdükcə, onlardan daha çox şey tələb etmək olar. Onları yormaması üçün əmək yorucu olmamalı və uzun müddət tələb etməməlidir. İşi seçərkən çox diqqətli olmaq lazımdır ki, o, uşağın fiziki və əqli inkişafına və xarakterinə müsbət təsir göstərsin.
Əgər uşaqları həddindən çox yükləməsəniz, yorğunluğun heç bir ziyanı olmaz. Yorulmaqla əldən düşmək arasında böyük fərq var. Uşaqlar böyüklərdən daha tez-tez məşğuliyyətlərini dəyişməli və istirahət etməlidirlər; lakin onlar lap erkən yaşlarından işləməyi öyrənə bilərlər və ətrafdakılara fayda gətirdiklərini dərk etmək onlara böyük sevinc bəxş edəcək. Sağlam əməkdən sonra şirin yuxuyla yataraq, sabah yenə işləmək üçün qüvvələrini bərpa edəcəklər.

Əməkdaşlıq prinsipi


Ailə tərbiyəsində əməkdaşlıq prinsipi böyük qiymətə malikdir. Evin böyük uşaqları valideynlərinin planlarında iştirak edərək və ev işlərini onlarla bölüşdürərək, onlara kömək etməlidirlər. Uşaqlarınızı öyrətmək üçün vaxt ayırın, göstərin ki, onların əməyini qiymətləndirirsiniz, sizə etibar etmələrini istəyirsiniz, onlarla ünsiyyətdən həzz alırsınız. Onda uşaqlar dərhal səsinizə səs verəcəklər. Nəticədə, siz öz iş və qayğlarınızda yüngüllük, uşaqlarınız isə əhəmiyyətli dərəcədə vacib olan praktiki hazırlıq əldə etməklə bərabər, ailə bağları və uşaqların artıq formalaşmaqda olan xarakteri möhkəmlənəcək.
Onlar ildən-ilə uşaqlığın təcrübəsizliyindən ayrılıb böyüməyə can ataraq, yavaş-yavaş böyüyüb yetkinləşərək, möhkəm irəliləyiş əldə etməlidirlər.
Heç də çətin olmayan ev işlərini könüllü surətdə yerinə yetirərkən, oğlanlar və qızlar əqli, mənəvi və ruhi kamilliyin özülünü yaradırlar.
Uşaqlar praktiki əməksevərlik və intizam dərslərindən daha vacib şeylər öyrənə bilərlər, nəinki kitablardan.
Bəzi analar deyir: "Kömək etmək istəyəndə, uşaqlarım mənə mane olurlar". Mənim uşaqlarımla da bu hal baş verirdi. Lakin necə fikirləşirsiniz, bunu hiss etmələri üçün onlara şərait yaratdımmı? öz uşaqlarınızı tez-tez tərifləyin.

Həftəlik əmək cədvəli


Bu sadə metod uşaqlarınızda artıq səs-küy və qarışıqlıq yaratmadan ev işlərində iştirak etməyə həvəs yaradacaq.
Cədvəli hazırlayın və görünən yerdən asın. Hər gün yerinə yetirilən işin qarşısına ulduz işarəsi qoymaqla qeyd edin.
Şəraitə uyğun şəkildə şəxsi siyahınızı düzəldin.
Mükafatlandırma nümunəsi: 200 ulduzun əvəzində - meşədə gəzinti. (Daha maraqlı şeylər fikirləşib tapmağa çalışın).
Uşaqlarınız öz öhdələrinə götürə biləcəkləri ev işlərinin siyahısını tərtib edin.

27. Valideynlərə münasibət


Uşaqları elə tərbiyə etmək lazımdır ki, atanı və ananı coşqun məhəbbətlə sevsinlər və qayğısına qalsınlar.
Uşaqlar başa düşməlidirlər ki, dünyaya göz açandan onların qayğısına qalan və xəstələnən zaman onlara qulluq edən valideynləri qarşısında borcludurlar. Onlar həm də başa düşməlidirlər ki, valideynlər onlardan ötrü narahat olurlar.
"Ata və anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun" (çıx. 20:12). Bu qanunda əhd də verilmişdir. Uşaqlar da, gənclər də, orta və ahıl yaşlı adamlar da bu qanunu yerinə yetirməlidirlər. Həyatda elə bir dövr yoxdur ki, uşaqları valideynlərə hörmət etmək məcburiyyətindən azad etmək mümkün olsun.

Valideynlərə məhəbbət


Valideynlərin başqa heç bir insanın layiq olmadığı dərəcədə məhəbbət və hörmətə haqları çatır. Allah özü buyurmuşdur ki, uşağın ilk yaşlarında valideynlər onunçün Allahı əvəz etsinlər. öz valideynlərinin qanuni haqlarını rədd edənlər Allahın hakimiyyətini də rədd etmiş olurlar.
Beşinci qanun tələb edir ki, uşaqlar valideynlərinə hörmət etmək, itaət etmək və qulaq asmaqla bərabər, onlara məhəbbət və nəvazişlə yanaşsınlar, qayğılarını yüngülləşdirsinlər, təmiz adlarını qorusunlar və qoca vaxtlarında onlara təsəlli olsunlar.
Bizim dövrümüzdə əksər uşaqlar valideynlərə münasibətdə öz borclarını düzgün dərk etmirlər. Valideynlər övladları üçün nə qədər çox çalışsalar da, övladların bir o qədər naşükür olması və valideynlərinə daha az hörmət etməsi hallarına da az təsadüf edilmir. Büyüklərin əzizlədiyi uşaqlar bunun həmişə belə davam edəcəyinə ümid edirlər və onların ümidləri özünü doğrultmadıqda məyus olurlar və ümidsizliyə qapılırlar. Bu vəziyyət onların bütün həyatı boyu davam edəcək. Onlar köməksiz olacaqlar, başqalarında dəstək axtaracaq və onların xeyirxahlığına və güzəştlərinə ümid bəsləyəcəklər. Artıq böyüyən zaman qarşıdurmalarla rastlaşanda, özlərini təhqir olunmuş hesab edəcəklər. Onların yaşamını sürünmək adlandırmaq daha doğru olacaq, hər dəfə hadisələrin onların istədiyi kimi getmədiyini gördükdə əsəbləşəcəklər.
Uşaqların valideyn sevgisinə böyük ehtiyacı var, əks halda çox bədbəxt olacaqlar. Bəs uşaqların da öz valideynlərini sevmələri, öz sevgilərini mehriban baxışlarda, xoş sözlərdə və sevinc bəxş edən səmimi ünsiyyətdə izhar etmələri, ata və anaya işlərində kömək etmələri lazım deyilmi?

Uşaqlar üçün məsləhətlər


Uşaqlar və gənclər erkən yaşlarından Allahın yoluna gəlməlidirlər, çünki erkən əldə edilmiş vərdiş və düşüncələr çox vaxt bütün həyatı boyu insanın xarakterinə böyük iz buraxır. Məsih istəyir ki, uşaqlar və gənclər necə ki öz valideynlərinə etibar edirlər, eləcə də Ona etibar edərək, yanına gəlsinlər. Rəbbimiz istəyir ki, körpə ac olanda ata-anasından çörək istədiyi kimi, siz də ehtiyacınız olan şeyləri Ondan istəyin.
İsa uşaqların ehtiyaclarını bilir və onların dualarını dinləməyi çox sevir. Ürəyinizdəki sirləri Ona açın, çünki O, sizin qəlbinizdəki ən gizli guşələri də aydın görür və düşüncələrinizi açıq kitab kimi oxuyur. Qəlbinizin xeyri üçün nə isə istədikdə, onu alacağınıza inanın və alacaqsınız.
Bu gün heç nəyin fərqinə varmadan ləyaqətli davranan insanlara çox böyük ehtiyac duyulur. Bu gün dünyaya təmiz ürəklər və güclü, möhkəm əllər lazımdır. Allahın planı belə idi ki, insan gündən-günə inkişaf edərək kamiliyin yeni zirvələrini fəth etsin. Əgər özümüz-özümüzə kömək etməyə çalışsaq, O da bizə kömək edəcək. Bizim bu dünyada və gələcək həyatdakı xoşbəxtliyimiz yer həyatındakı kamilləşməmizdən asılıdır.
Zövqləriniz, meylləriniz və vərdişlərinizdəki nöqsanları aradan qaldırın. Allah sizi mənəvi rahatlıq, aydın təfəkkür, sağlam düşüncə və iti qavrayışla mükafatlandıracaq.
Allahın bizə əhd verdiyi qanununa diqqət yetirin: "...Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun". Uşaqlar, siz əbədi yaşamaq istəyirsinizmi? Onda valideynlərinizi sevin və hörmət edin. Onların qəlblərinə toxunmayın, məyus etməyin, sizdən ötrü həyəcan və narahatçılıq keçirərək yuxusuz gecələr keçirmələrinə yol verməyin. Əgər indiyə qədər onları sevmirdinizsə və sözəbaxan deyildinizsə, bu andan dəyişilin. Başqa cür hərəkət edə bilməzsiniz, çünki bu sizin üçün əbədi həyatı itirmək deməkdir.

Qoca valideynlər


Əgər valideynlər uşaqlarının erkən yaşlarında onlara hörmətsiz yanaşmalarına, onlarla əsəbi, hətta kobud danışmalarına yol verirlərsə, nəticədə acı bəhrəsini görəcəklər. Əgər valideynlər öz övladlarından təxirəsalınmaz və tam itaət tələb etmirlərsə, onda onların xarakterlərini düzgün formalaşdırmırlar. Bu cür valideynlərin övladları qoca valideynləri qəbir evinə yaxınlaşan zaman onları məyusluğa düçar edirlər. Uşaqları elə tərbiyə etmək lazımdır ki, ata-analarını sevsinlər və qayğısına qalsınlar.
Bizim valideynlər qarşısında borcumuz heç vaxt bitmir. Bizim onlara, onların da bizə qarşı sevgisini illərlə yaxud məsafələrlə ölçmək mümkün deyil, bizim onların qarşısında daşıdığımız cavabdehlik heç vaxt üzərimizdən götürülə bilməz.
Uşaqlar bütün ömürləri boyu valideynlərə ehtiram göstərməyə borcludurlar. Əgər valideynlər qoca və zəifdirlərsə, onda övladlar onları lazımınca sevməli və diqqət göstərməlidirlər. Övladlar, hətta onlardan fədakarlıq tələb olunsa belə, qətiyyətli və alicənab davranmalıdırlar ki, valideynlər narahat olmasınlar.
Hətta ən ideal şəraitdə belə qoca valideynlərə sevinc və təsəlli bəxş edə biləcək şeylər çox azdır. Valideynlərin qəlbini uşaqların etinasız münasibətindən daha çox nə yaralaya bilər? Övlad üçün qoca, köməksiz ata-ananı kədərləndirməkdən daha böyük günah nə ola bilər?
Yetkin yaşa çatmış bəzi uşaqlar belə hesab edirlər ki, valideynlərini yaşayış yeri ilə təmin etməklə öz borclarını yerinə yetirmiş hesab edilə bilərlər. Valideynlərə yemək və sığınacaq yeri verməklə kifayətlənərək, onları sevgi və təsəllidən məhrum edirlər. Ahıl yaşlarında valideynlər məhəbbət və acımaya daha çox ehtiyac duyurlar, lakin övladlar böyük amansızlıqla onları diqqətdən məhrum edirlər. Nə qədər ki valideynlər sağdırlar, uşaqlar onları sevməli və hörmət etməlidirlər. Bacardığınız qədər qoca valideynlərinizin həyatına sevinc və nur bəxş edin.
Oğul və ya qız öz ata-anasını necə sakitliklə yad insanların əlinə verə bilər ki, onların qayğısına qalsınlar? Hətta əgər ananın xarakteri çox ağır olsa belə, bu, övladları Allahın onların üzərinə qoyduğu vəzifələrdən onları azad etmir.
Ola bilsin ki, övladlar uşaqlıqda onlarla sərt rəftar edildiyini hesab edirlər. Lakin əgər onlar valideynlərinə qarşı, xüsusilə də qoca və köməksiz çağlarında, qisas hissi ilə yaşasalar, Allahla sülhdə ola bilərlərmi? Valideynlərin köməksizliyi uşaqların sevgisinin əsasında durmalı deyilmi? Qoca ata-ananın ehtiyacları ürəklərdə nəcib hissləri oyandırmazmı, övladlar öz valideynlərinə xeyirxah və hörmətlə yanaşmazlarmı? Ata-analarınıza qarşı ürəklərinizi daşlaşdırmayın.
Artıq qocalmış, zəifləmiş və xəstə anasına qarşı ikrah hissi ilə yaşayan insan haqqında düşünmək xüsusilə çətindir. Övladlar bu cür anayla nə qədər təmkinli və nəvazişli davranmalıdırlar! Onlara yalnız xoş kəlmələr, ürəklərinə toxunmayan sözlər söyləmək lazımdır.
Qoy sizin xəstə, artıq özlərinə qulluq etməyi bacarmayan valideynləriniz son günlərini rahatlıq, sülh və məhəbbət içində keçirsinlər. Qoy onlar sizin dodaqlarınızdan yalnız xeyirxahlıq, məhəbbət, mərhəmət və bağışlanma kəlmələri eşitsinlər. Rəbbin sizi sevməsini, mərhəmət göstərməsini, bağışlamasını və xəstələnib yatağa düşdüyünüz zaman sizin üçün əlindən gələni etməsini istəyirsinizmi? Elə isə özünüzə qarşı hansı münasibəti arzulayırsınızsa, ətrafınızdakılara da həmin münasibəti göstərin. Valideynlərinizə qulluq edin, çünki sizdən başqa heç kəs kiçik xeyirxahlıq işlərini bu cür minnətdarlıqla edə bilməz.
Valideynlərin xeyri üçün xidmət etdiklərini dərk etmək övladlara bütün həyatları boyu məmnunluq bəxş edir və özlərinin acıma və məhəbbətə ehtiyacları olan zaman xüsusi sevinc gətirir. Sevimli valideynlərinin son günlərində onlara rahatlıq və sülh bəxş etdikləri üçün sevinəcəklər. Başqa cür hərəkət etmək, qoca valideynləri oğul və qızlarının xeyirxah qulluğundan məhrum etmək o deməkdir ki, əgər ürəklərimiz hələ sərtləşməyib və hissiyyatsız daşa çevrilməmişiksə, bu cür hərəkətdən sonra qəlbimizi vicdan əzabı ilə doldururuq, həyatımızın yerdə qalan hissəsini isə təəssüf hissi ilə keçiririk.

28. Ailə tərbiyəsinin prinsipləri


Uşaqların ehtiyaclarını onları Yaradandan daha yaxşı kim bilə bilər?
Hər bir ailədə qayda-qanun hökm sürməlidir, valideynlər öz sözləri və davranışları ilə uşaqlara əyani şəkildə qiymətli nümunə olmalıdırlar.
Uşaqlara və gənclərə özlərinə hörmət etməyi, Allaha sadiq olmağı, öz prinsiplərinə sədaqəti saxlamağı öyrədin; onlara Allah Qanununa hörmət etməyi və əməl etməyi öyrədin.
Ailə münasibətlərini Allah özü təyin etmişdir. Onun Sözü uşaqları idarəetmə işində yeganə təhlükəsiz bələdçi ola bilər. İnsan fəlsəfəsi Allahın bildiyindən daha çox şey açıqlaya bilmir və Rəbbin uşaqlar üçün nəzərdə tutduğu plandan daha müdrik plan irəli sürə bilmir. Uşaqların ehtiyaclarını onları Yaradandan daha yaxşı kim bilə bilər? Uğrunda canını qurban Verəndən daha çox kim onların yaxşı güzəranının qayğısına qala bilər? Əgər valideynlər Allahın Sözünü diqqətlə tədqiq edərək, sədaqətlə əməl etsəydilər, nadinc uşaqların pis davranışlarından irəli gələn qəlb ağrıları daha az olardı.

Uşaqların hüquqları


Uşaqların onları cəmiyyətin faydalı, ehtiramlı və layaqətli üzvlərinə çevirəcək təhsil və tərbiyəni almağa tam hüquqları vardır. Onların indi və gələcəkdə yaxşı yaşamaları uşaqlıq və gənclik çağlarında qazandıqları vərdişlərdən əhəmiyyətli dərəcədə asılıdır. Uşaqlar hələ erkən yaşlarından itaətə və başqalarının xoşbəxtliyi üçün çalışmağa alışdırılmalıdırlar. Onlara coşqun xarakterlərini tənzimləməyi, sərt kəlmələrdən uzaq durmağı, dəyişməz xeyirxahlıq, nəvaziş və təmkin göstərməyi öyrətmək lazımdır.

Kortəbii məhəbbət


Uşaqlara qarşı kortəbii məhəbbət və bunun əvəzində uşaqların göstərdikləri qeyri-səmimi iltifat daimi yol yoldaşlarıdır. Bəzi valideynlər uşaqlarının itaətsizliyinə bəraət qazandıraraq deyirlər: "Mənim uşağım məni sevir". Bu, heç də məhəbbət deyil. Ailədə boy atmalı olan həqiqi məhəbbət ona görə qiymətlidir ki, itaətlə sınaqdan çıxarılmışdır. Uşaqların çoxsaylı öpüşləri ilə məhəbbətlərini izhar etmələri sizin gözünüz ünündən pərdə salır və uşaqlarınız da bunu bilirlər. Hər şeyin dərinliyinə varın və valideyn sevgisinin nə demək olduğunu açıq şəkildə onlara göstərin. Əgər uşaqlarınızın sizi öpməsi və qucaqlaması itaətlə və tələblərinizə əməl etməklə müşayiət olunmursa, onda bu nəvazişləri saxtakarlıq və yalan kimi özünüzə yaxın buraxmayın.
Böyüklər kortəbii bağlılığa aludə olmalı deyillər, lakin həddindən artıq sərtlik göstərmək də lazım deyil. Məhəbbətlə davranın. Kobudluq və düşüncəsiz tələblərinizlə uşaqlarınızın qəlbinə toxunmayın.

Uşaqlarınızı məhəbbətlə idarə edin


Dəfələrlə şahidi olmuşam ki, ailə kobud sözlərə və acıqlı baxışlara yol verilmədən idarə olunduqda daha effektli olur. Onda uşaqlar valdeynlərinin getdikləri yolla gedirlər və çox nadir hallarda bir-birilə kobud danışırlar. Daim əmr şəklində tapşırıqların verildiyi, tez-tez kəskin iradlar eşidildiyi və sərt cəzaların yerinə yetirildiyi bir çox ailələrdə də olmuşam. Orada da uşaqlar valideynlərinin nümunəsinə əsasən yaşayırdılar və o evdən səhərdən axşama kimi acıqlı kəlmələr, iradlar və mübahisələr eşidilirdi.
Qorxulu, dəhşətə gətirən və qəlblərdəki məhəbbəti məhvə sürükləyən sözlərdən uzaq durmaq lazımdır.
Kobud sözlər uşaqların xarakterini sərtləşdirir və ürəklərini yaralayır, çox vaxt bu yaraları sağaltmaq çətin olur.
Uşaqlar ən kiçik ədalətsizliyi belə hiss edirlər və bu hal bəzilərini o dərəcədə bədbinliyə gətirib çıxarır ki, artıq onlara əmr edən yüksək, əsəbi səsə fikir vermirlər və cəzalanmaqdan qorxmurlar. Uşaqları əhəmiyyətsiz xətalara görə həddindən artıq sərt tənqid etmək çox təhlükəlidir. Həddindən artıq ağır tənqid və sərt qaydalar bütün qayda-qanunlara hörmətsiz yanaşmağa gətirib çıxarır və bu cür şəraitdə tərbiyə olunmuş uşaqlar çox tezliklə hər cür qanunlara hörmətsizlik göstərəcəklər.
Ətrafda baş verən hər şey cavan idrakda tez iz buraxır. Onlar özün ifadəsini öyrənir, səsin tonuna qulaq asır və büyüklərin hərəkətlərini olduğu kimi təkrarlayırlar. Ata-ananın qıcıqlandırıcı və deyingən davranışı uşaqlar üçün mənfi nəticə verən dərsə çevrilir, nəticədə isə həmin valideynlər övladlarını bu cür nümunələrin təsirindən azad etmək üçün hər şeylərini qurban verməyə hazır olurlar. Valideynlər yalnız əxlaqlı həyat sürməklə və təmkin göstərməklə övladlarında düzgün xarakter formalaşdıra bilərlər.

Uşaqlar tez təsirlənən və sevən təbiətə malikdirlər. Onları sevindirmək asan olduğu kimi, kədərləndirmək də asandır. Analar öz övladlarına nəvazişli kəlmələrin və xeyirxah işlərin köməyi ilə öyüd-nəsihət verməklə, onların ürəklərini özlərinə bağlaya bilərlər. Onlarla sakit tonda danışın, düşüncəli davranın və vədinizi hökmən yerinə yetirin.


Uşaqlarınıza bağlılığınız yüz qat əvəzilə mükafatlandırılacaqdır. Uşaq əyləncələrini, sevinclərini və kədərlərini onlarla bölüşdürün. Valideynlərin onlarla ünsiyyətdə maraqlı olduqlarını, onların sağlamlığını möhkəmləndirən və ömürlərini uzadan oyun və əyləncələrdə iştirak etdiklərini gördükdə çox məmnun qalırlar. Heç vaxt uşaqlarınızın qarşısına qaşqabaqlı şəkildə çıxmayın və kobud sözlər söyləməyin. Allah bütün bu sözləri özünün qeyd kitabında yazır. Uşağınız sizin şəxsi mülkiyyətiniz deyil; onunla istədiyiniz kimi davrana bilməzsiniz, çünki o Allaha məxsusdur.

Daimilik
Ailənin idarə olunmasındakı qeyri-sabitlik böyük ziyan gətirir və bu, ailədə başçının tamamilə olmaması kimi pisdir. Nə üçün uşaqlar çox vaxt tərs, dikbaş və intizamsız olurlar? Bunun səbəbi ailə tərbiyəsindədir. Həddindən çox valideynlər öz ailələrinə başçılıq işində rabitəsiz hərəkət edirlər. Hərdən sərt olan, hərdənsə əvvəllər mühakimə edilən şeylərə indi icazə verən ailə başçılığı uşaq üçün öldürücü təsirə malikdir.


Avtoritetini qəbul etməyə borclu olduğumuz Allah valideynlər tərəfindən hər hansı sıxışdırılmanı və uşaqlar tərəfindən hər hansı itaətsizliyi qadağan edir. Rəbb lütf, mərhəmət və həqiqətlə doludur. Onun qanunu müqəddəs, ədalətli və xeyirxahdır. Valideynlər də, uşaqlar da bu qanuna əməl etməlidirlər. Mərhəmət və ədalətin birgə təsiri evdə hiss olunmalıdır. "Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək" (Çəb. 85:10). Bu cür intizamın hökm sürdüyü ailələr Rəbbin tapşırıqlarına əməl edəcəklər.

Vahid cəbhə


Valideynlər bir bədən kimi əlbir olub çalışmalıdırlar. Onların arasında heç bir fikir ayrılığı ola bilməz. Lakin bir çox valideynlər bir-birinə zidd hərəkət edərək, övladlarına böyük zərər toxundururlar. Bəzən elə olur ki, valideynlərdən biri həddən atıq güzəştə gedən, digəri isə həddən artıq sərt olur. Bu ziddiyyət uşağın xarakterinin formalaşmasına mənfi təsir göstərir. Dəyişikliyi həyata keçirən zaman kobud gücü işə salmaq lazım deyil, lakin eyni zamanda iradəsiz şəkildə həddən artıq güzəştə getmək də lazım deyil.
Əgər ata və ana bir-birinin təsirinə qarşı durmağa çalışaraq, fikir ayrılığına gələrlərsə, onda bu cür ailədə əxlaqi pozğunluq baş qaldıracaq və uşaqlar ata-anaya hörmət etməkdən imtina edəcəklər. Uşaqlar ailənin qayda-qanunlarına kölgə salan şeyləri (Xüsusilə də onların fəaliyyətlərini məhdudlaşdıran qanunlarla bağlı.) tez görürlər.
Bəzi sevən analar heç cür yolverilməməli olan şeyləri etmək üçün uşaqlarına icazə verirlər. Bəzən uşaqlar öz səhvlərini atalarından mənimsəmiş olurlar. Buraya uşaqların böyük məharətlə öyrəndikləri yalan dərsləri aiddir. Ata həqiqəti üzə çıxaran zaman bir-birilə əlbir olan ana və uşaqlar bəhanə taparaq, həqiqətin bir hissəsini gizlədirlər. Uşaqlar valideynlərinin arasında fikir birliyinin olmadığını bilirlər və erkən yaşlarından yalan danışmağa başlayır, öz səhv əməllərini gizlədir, hər şeyi valideynlərinə təhrif olunmuş şəkildə çatdırırlar. Hadisələri şişirdilmiş şəkildə çatdırmaq vərdişə çevrilir və kobud yalanlar vicdan əzabı çəkmədən rahatlıqla danışılır.
Elə də olur ki, uşaqlarla çox az vaxt keçirən, onların vərdişlərinin və xarakterlərinin əsas cəhətləmrini bilməyən ata kobud və tələbkar olur. O, özünü ələ ala bilmir və əsəbləşən zaman onları cəzalandırır. Uşaq bunu bilir və cəzalanan zaman itaət etmək əvəzinə, qəzəblə dolur. Ana isə eyni cür səhv əməlləri gah diqqətdən kənarda qoyur, gah da sərt şəkildə cəzalandırır. Uşaqlar heç vaxt valideynlərinin nə tədbir tökəcəklərini bilmirlər, ona görə də neçə müddət cəzasız qala biləcəklərini aydınlaşdırmaq yanğısı ilə yaşayırlar.
Son nəticədə nəyin şahidi oluruq? Atanın və ananın səs tonları, baxışları, sözləri onu göstərir ki, onlar uşaqların tərbiyəsi məsələsində razılığa gələ bilmirlər. Ata ananı məzəmmətləyir və uşaqları məcbur edir ki, ananın xeyirxahlığına və bağlılığına hörmətsiz yanaşsınlar. Ana belə hesab edir ki, uşaqlarına dərin bağlılıq göstərməli, onların arzularını həyata keçirməli və pis hərəkətlərinə göz yummalıdır, çünki onun fikrincə ata kobud və təmkinsiz olduğu üçün ana öz fəaliyyəti ilə onun mənfi təsirini neytrallaşdırmalıdır.
Əgər valideynlər tərbiyə prinsiplərində ortaq məxrəcə gələ bilirlərsə, onda uşaq ondan nə tələb olunduğunu başa düşəcək. Lakin əgər ata öz sözləri və baxışları ilə ananın işini bəyənmədiyini büruzə verirsə, ananı həddindən artıq tələbkar və sərt hesab edirsə və bu sərtliyin əvəzində nəvaziş və güzəşt göstərirsə, bu, uşağa öldürücü təsir göstərir. çox tezliklə uşaq başa düşür ki, istədiyi kimi hərəkət edə bilər.
Ailə yaxşı təşkil olunmalıdır. Ata və ana öz vəzifələrini birlikdə müzakirə etməli və onların icrasına aydın idrakla başlamalıdırlar. Bütün fikir ayrıntılarını aradan qaldırmaq vacibdir. Ata və ana heç vaxt uşaqların yanında bir-birinin planlarını və fikirlərini tənqid etməməlidirlər. Əgər valideynlər fikir birliyinə gələ bilmirlərsə, onda öz münasibətlərini uşaqların yanında müzakirə etməsinlər.
Atalar və analar, öz ürəklərinizi ən sıx və xoşbəxt ittifaqda birləşdirin. Qoy hər kəs özünə görə yaşamasın, əksinə, bir-birinizə yaxın olmağa çalışın, onda uşaqlarınızın ürəklərini incə məhəbbət telləri ilə özünüzə bağlaya bilərsiniz.

Sərbəstlik və intizam


Sizin ailənizdəki vəziyyətə uyğun gələn variantı seçin.

1. Evimizdəki intizam qaydalarının tələbləri ilə ikimiz də razıyıq. (Tez-tez, hərdən, heç vaxt).

2. Qoyulmuş intizam qaydalarına əməl etməyə çalışırıq. (Tez-tez, hərdən, heç vaxt).

3. Uşaqlarım evdən kənarda özlərini pis aparan zaman, onları alçaltmadan hər şeyi yoluna qoymağı bacarıram. (Tez-tez, hərdən, heç vaxt).

4. İcazə verilən hərəkətlərin sərhəddi əvvəlcədən təyin olunmuşdur və onlara sözsüz əməl edilir. (Tez-tez, hərdən, heç vaxt).

5. Mən yalnız yerinə yetirə biləcəyim şeylər üçün söz verirəm və sözümün üstündə dururam. (Tez-tez, hərdən, heç vaxt).

6. Hətta uşağım özünü pis aparan və pis əhval-ruhiyyədə olan zaman, mən yenə də ona hörmətlə yanaşıram. (Tez-tez, hərdən, heç vaxt).

7. Əməllərinin nəticəsini özünün hiss etməsi üçün işə qarışmadan uşağıma imkan yaradıram. (Tez-tez, hərdən, heç vaxt).

8. Evdəki məhəbbətlə intizam arasındakı tarazlığı saxlamağı bacarıram. (Tez-tez, hərdən, heç vaxt).

9. Övladımı yalnız sözlə deyil, həm də şəxsi nümunəmlə tərbiyə etməyə çalışıram. (Tez-tez, hərdən, heç vaxt).

10. Uşaqlarımın hər birinin fərdi xüsusiyyətlərini nəzərə alaraq, müxtəlif tərbiyə o sullarından istifadə etməyi bacarıram. (Tez-tez, hərdən, heç vaxt).

29. Ailədə dindarlıq


Valideynlər yadda saxlamalıdırlar ki, Allahın hüzurunda yaşayır, danışır və fəaliyyət göstərirlər.
Ailədə din uşaqların Allahın iradəsinə uyğun şəkildə tərbiyə edilməsini nəzərdə tutur. Dini tərbiyə adi təlimdən daha böyük əhəmiyyətə malikdir. O, nəzərdə tutur ki, siz uşaqlarınızla birlikdə dua etməli, onlara Məsihə yaxınlaşmağı və öz ehtiyaclarını Ona söyləməyi öyrətməlisiniz; öz həyatınızla göstərməlisiniz ki, Allah sizin üçün birinci yerdədir və Onun məhəbbəti sizi səbirli, xeyirxah və təmkinli edir.
Dinin praktik şəkildə mövcud olduğu ailə bundan əhəmiyyətli dərəcədə faydalanır. Valideynlərin imanı onları məhz Allahın onların ailəsi üçün nəzərdə tutduğu işi yerinə yetirməyə vadar edəcək. Uşaqlar Rəbbin və Onun iradəsinin ünündə ehtiramla böyürəcəklər.
Din cəmiyyətə, ilk növbədə isə ailəyə təsir göstərməlidir. Əgər evdə uşaqlar Allaha məhəbbət və hörmət ruhunda tərbiyə olunublarsa, onlar böyüyən zaman öz uşaqlarını da buna uyğun şəkildə tərbiyə edəcəklər. Beləliklə, həqiqət prinsipləri cəmiyyətdə kök atacaq və dünyaya hiss edilə biləcək dərəcədə böyük təsir göstərəcəkdir. Dini ailə tərbiyəsindən xaric etmək olmaz. öz ailələrinizi Allaha həsr edin, sonra isə evlərinizdə məsihçi kimi danışın və hərəkət edin.
Ailəvi dindarlığın olmadığı yerdə imanın nümayiş etdirilməsi heç bir əhəmiyyət kəsb etmir. çoxları özlərini aldadaraq belə fikirləşirlər ki, xarakter gələcək həyatda yeniləşəcək, lakin yer həyatının axırına qədər ürəkdə dəyişiklik baş verməyəcək. Əgər əbədi həyata girmək istəyirsinizsə, onda əvvəlcə yer özündə müqəddəs olmalısınız. özünüzdə inkişaf etdirdiyiniz xarakter cəhətləri öldükdən sonra, yaxud dirilmə zamanı dəyişilməyəcək. Siz həyatda olarkən hansı xarakteri daşıyırdınızsa, o xarakterlə də qəbirdən qalxacaqsınız. Məsih öz gəlişi zamanı sizin xarakterinizi dəyişdirməyəcək. Bizim gündəlik həyatımız gələcək aqibətimizi təyin edir. Ailə ocağı səma ailəsinə hazırlaşmaq üçün seçilmiş yerdir.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə