Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə7/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
1   2   3   4   5   6   7   8   9
Əksər hallarda valideynlər uşaqlarını məsihçi vəzifələrini yerinə yetirmək üçün çox gənc hesab edərək, onların dindən uzaq şəkildə böyüməsinə icazə verirlər. Uşaqlara Allahı tanımadan böyümək imkanı vermək çox təəssüf doğurucu haldır. Uşaqlarını dini tərbiyədən məhrum edərək, valideynlər çox dəhşətli səhvə yol verirlər. Onlar belə fikirləşirlər ki, gələcəkdə, artıq yetkinləşən zaman onların həyatında hər şey yaxşı olacaq və onlar özləri dini təcrübə qazanmağa can atacaqlar. Ey valideynlər, əgər uşaqlarınızın ürəklərinə qiymətli həqiqət toxumları əkməsəniz, şeytan ürəyin tarlasına dəlicə toxumları səpəcək.
Siz hansı yolla gedirsiniz? Dini məsələlərdə uşaqlarınızın hər cür məhdudiyyətlərdən azad olmalarının vacibliyi fikri ilə hərəkət edirsinizmi? Bəlkə siz uşaqlıq və gənclik illərində onları məsləhət və nəsihətlərdən məhrum edirsiniz? özlərinin istədikləri kimi hərəkət etmələrinə icazə verirsiniz? Əgər belədirsə, onda siz Allahın sizin üzərinizə qoyduğu vəzifələrə etinasız yanaşmış olursunuz.
Körpələr başa düşməyə qabil olduqları zaman, valideynlər onlara İsa haqqında - Beyt-Lehemli Körpə haqqında danışmalıdırlar. Uşaqlarınızın yaşına və qabiliyyətlərinə uyğun şəkildə onların beyninə adi dindarlıq hissini yazmağa çalışın. Uşaqlarınıza İsaya dua etməyi öyrədin. Uşaqlar erkən yaşlarında İlahi təsiri tez qavrayırlar. Rəbbimiz bu cür uşaqları öz himayəsinə götürür.
Qoy valideynlər bu məsələdə rəhbərlik üçün Allaha müraciət etsinlər. Rəbbin ünündə diz çökərkən, onlar özlərinin vacib vəzifələrini həqiqətən dərk edəcək və beləliklə, uşaqlarını öz məsləhət və nəsihətlərində heç vaxt yanılmayan Kəsə etibar edə biləcəklər.
Valideynlər uşaqlarını dinə yalnız zahiri formada əməl etməyə məcbur etməməlidirlər, əksinə, sevinc, məsihçi nəzakəti, nəvazişi və rəğbəti izhar edərək, əbədi prinsipləri onlara cəlbedici işıqda çatdırmalıdırlar.
Özünüzün və uşaqlarınızın dini tərbiyəsinə etinasız yanaşmayın. Onlara erkən yaşlarından oxumağı, yazmağı və saymağı öyrətmək lazımdır. İdraklarını inkişaf etdirərək, irəliyə gedə bilərlər. Lakin hər şeydən əvvəl onlara öyrətmək lazımdır ki, müdrikliyin başlanğıcı Allaha hörmətdir.
Rəbbimiz tükənməz dərəcədə lütfkardır. öz ailənizdə bunu hiss edirsinizmi?

Nikahınızla bağlı Allaha minnətdarlığınızı bildirmək istədiyiniz halları sadalayın.


1. _________________________________________

2. _________________________________________

3. _________________________________________

4. _________________________________________

5. _________________________________________

6. _________________________________________

7. _________________________________________
"Ya Rəbb, bizə bu qədər şeylər bəxş edən Sən bir şey də - nəcib ürək də bəxş elə".

30. Əxlaqi normalar


"Din əxlaqdan deyil, əxlaq dindən doğulur". Şatobrian
Təəssüflər olsun ki, nikah anlayışı artıq çoxdan təhrif olunmuş, həyat yoldaşlarının vəzifələri haqqında təsəvvürlər zəifləmiş və ər-arvad münasibətlərinin müqəddəsliyi alçaldılmışdır. Allahın insandakı surəti bu cür təhrif olunur və əzablar və şər üçün qapılar açılır.
Əxlaqsızlıq indiki dünyada baş qaldırmış başlıca günahdır. İndiki kimi heç vaxt əxlaqsızlıq öz mənfur başını bu cür kobud şəkildə qaldırmamışdır. Görünür, insanlar çaş-baş vəziyyətdədirlər və xeyirxahlığı sevənlər əxlaqsızlığın kobudluğu, gücü və vüsəti qarşısında aciz qalmışdırlar. Bir çoxları Allahdan o dərəcədə uzaqlaşmışdırlar ki, Niaqara şəlaləsinin axınını tərsinə çevirib, sularını üzüyuxarı axmağa məcbur etmək mümkün olmadığı kimi, onların da idraklarını təmiz və müqəddəs olana yönəltmək qeyri-mümkündür.
İnsanın idrakı təmizlik və müqəddəslikdən əxlaqsızlığa, azğınlığa və cinayətə bir saatın içində çevrilmir. İnsana İlahi surətvermək yaxud əksinə, Allahın surətinə bənzər yaradılmış insanı şeytana bənzər etmək üçün vaxt tələb olunur. Biz baxa-baxa dəyişilirik. İnsanın Yaradanın surətinə bənzər yaradılmasına baxmayaraq, o, öz idrakını elə tərbiyə edə bilər ki, nə vaxtsa ikrahla yanaşdığı şeylər indi xoşuna gələ bilər. Onun idrakı tədricən zəifləyir və əgər insan özü öz mənəvi və əqli qüvvəsini şərə tabe edirsə, onu xilas etmək mümkün deyil. Cavan və ya qoca olmasından asılı olmayaraq hər bir adam, atdığı hər bir addımda məsləhət üçün Allaha müraciət etməyin vacibliyini dərk etməyənə qədər öz təhlükəsizliyini təmin edə bilməyəcəkdir.

Qadının davranışı


Cazibədar görünməyə çalışan qadınlar çox vaxt ağılsız hərəkətlərə yol verirlər. Bu maraqlı oyun kimidir, onlar könüllü surətdə oyuna gedirlər. Ərli və subay qadınlar çox zaman özlərini idarə etməyi bacarmırlar. Onlar subay və evli kişilərin diqqətini cəlb edirlər və əxlaqi bünövrəsi zəif olanlar dərhal təsir altına düşürlər. Qadın özünü utancaq və təmkinli apardığı təqdirdə yaranmayacaq fikirlər indi baş qaldırır. Ehtiyatlılıq və təmkin göstərərək, hər hansı özünə sərbəstlik hallarından qorunaraq, həddindən artıq diqqətə cavabsız qalaraq, lakin yüksək əxlaqi səviyyəni və şəxsi ləyaqəti qoruyaraq, bir çox bədbəxtliklərdən yaxa qurtarmaq olar.
öz yanında ədəbsiz kəlmələrin və ya söz atmaların səslənməsinə yol verən qadın Allaha xoş gəlməyən tərzdə hərəkət edir; nalayiq rəftara və ədəbsiz təkliflərə yol verən qadınlar öz qadın ləyaqətlərinin qayğısına qalmırlar.

Sədaqət
Ər və ata nikah əhdlərinə sədaqətini böyük səylə qorumalıdır. O, elə ehtiyatlı davranmalıdır ki, gənc qızlara və evli qadınlara İlahi qanunların yüksək normalarına uyğun gəlməyən şeyləri təlqin etməsin.


Biz hər bir ailənin birliyini, saflığını və müqəddəsliyini qoruyan divarların yıxılması özündən məhv olmuş çoxlu insan taleləri ilə üzləşirik. Qadın yad kişiyə öz ailə problemləri haqqında danışır və ərindən şikayətlənirsə, öz hərəkəti ilə ərinə xəyanət etmiş və ailəni qorumaq üçün ucaldılmış divarları yıxmış olur.
Siz öz fikirlərinizi idarə etməlisiniz. Bunu etmək asan deyil; qətiyyətli, hətta ağrılı səylər göstərmədən bunu edə bilməzsiniz. Bununla belə, bu borc hər bir insanın üzərinə qoyulmuşdur. Siz öz düşüncələrinizə görə Allah qarşısında cavabdehlik daşıyırsınız. Əgər siz boş xəyallara dalaraq, fikrinizi əxlaqsız mövzular üzərində cəmləşdirirsinizsə, Allahın qarşısında fikirlərinizi həyata keçirən zaman günah işlədə biləcəyiniz dərəcədə günah işlətmiş olursunuz. Yalnız əlverişli şəraitin olmaması bu fikirlərin reallaşmasına mane ola bilər.

Boşanma
Yeni bağlanmış nikah romantik parıltı ilə əhatələnmişdir və onu təsəvvür etmək üçün imkan yaradan və nikah əhdi ilə əlaqədar təfəkkürdə böyük cavabdehlik hissi oyadan bu xüsusiyyəti kənarlaşdırmaq çox çətindir. Bu əhd iki şəxsin taleyini elə möhkəm tellərlə bağlayır ki, o telləri ölümdən başqa heç nə qıra bilməz.


Nikaha girmək qərarını ciddi şəkildə düşünüb-daşınmaq gərəkdir, çünki bu insanın bütün yerdə qalan həyatını təyin edən addımdır. Kişi də, qadın da ciddi şəkildə düşünməlidirlər ki, bir yerdə yaşadıqları müddətdə qarşılarına çıxan hər cür çətinliklərdə bir-birinə sədaqəti saxlaya biləcəklərmi.

Məsihin boşanma haqqında söylədikləri


İsa Məsihin yaşadığı vaxtlar ər amansız şəkildə ən əhəmiyyətsiz şeylər üstündə, yaxud qadını uşaqlarından ayırmaq və evdən qovmaq məqsədilə arvadını boşaya bilərdi. Bu, böyük biabırçılıq sayılırdı və boşanmış qadın bundan az əziyyət çəkmirdi. Bu adət böyük bədbəxtliklər və günahlara səbəb olurdu. özünün dağdakı moizəsində Məsih aydın şəkildə elan etdi ki, ailə bağlarının qırılmasına yalnız nikah əhdinə xəyanət səbəb ola bilər. "Zinadanşi başqa bir səbəblə arvadını boşayan adam, - O deyirdi, - onu zinaya düçar edər; və kim boşanmış qadınla evlənərsə, zina edər" (Mat. 5:32).
İsa dünyamıza gəldi ki, bizim səhvlərimizi düzəltsin və Allahın surətini insanda bərpa etsin. İnsanlara öz qanun normalarını təyin etmək azadlığı verilməmişdir ki, bununla Allah Qanununu tapdasınlar və öz istədikləri kimi yaşasınlar. Qadının öz ərini, ərin öz qadınını tərk etməsi üçün Allah yalnız bir səbəb göstərmişdir - bu, zinadır.
Ölkənin qanununa görə qadın ərindən boşanmış hesab edilə bilər, lakin ali qanuna görə hələ də Allahın gözündə evli sayıla bilərlər. Ölkə qanunlarının boşanmaya icazə verməsinə baxmayaraq, keçmiş həyat yoldaşları Müqəddəs Kitaba, Allah Qanununa əsasən ər və arvad qalmaqda davam edirlər.
Ər və arvad bir-birlərinə hörmət və bağlılıq hisslərini möhkəmlətməlidirlər. Onlar öz sözlərinə və hərəkətlərinə diqqət yetirməlidirlər ki, qarşı tərəfi əsəbləşdirən və kədərləndirən şeylər söyləməsin və etməsinlər. Həyat yoldaşlarından hər biri qarşı tərəfin qayğısına qalmalı, qarşılıqlı bağlılığı möhkəmləndirmək üçün əlindən gələni etməlidir. Bir həyat yoldaşı kimi öz vəzifənizi məhəbbət və xeyirxahlıqla yerinə yetirin. Hər ikiniz birləşərək bir bədən olmağın yolu haqda düşünməlisiniz. Mülayimlik və nəvaziş həyatınızı təəccüblü şəkildə dəyişə bilər.

31. Ailə təsərrüfatı


Pul - bağlandığımız şeylərin daim yoxlanışdan keçirilməsidir
İşdə düzgünlüyün və həqiqi uğurun əsasında Allahın mülkiyyət hüququnun etirafı durur. Hər şeyi yaradan əsl Sahibdir. Nəyimiz varsa, bizə Allah tərəfindən etibar edilmişdir ki, bu mülkiyyətdən Onun tapşırıqlarına uyğun şəkildə istifadə edək. Allah bizə istedad və qabiliyyətlər verdi və dünyaya gətirdi ki, Onun təyin etdiyi işi yerinə yetirək. Pul və maddi şeylər bizə məxsus deyil. Biz qərib zəvvarlarıq. Həyatımız və sağlamlığımız üçün vacib olan şeyləri Allahdan bəxşiş kimi alırıq. Yer üzərində bizə verilmiş xeyir-duaların əvəzində Allah bizi sınağa çəkir ki, əbədi xəzinəni bizə etibar etməyin mümkün olub-olmadığını öyrənsin. Əgər bu sınaqdan çıxa bilsək, bizə məxsus olacaq mülkiyyəti - şöhrət və ölməzliyi əldə edəcəyik.
Pul yalnız lənət ola bilməz. O, böyük qiymətə malikdir və ondan düzgün istifadə edilərsə, fayda gətirə bilər. Lakin israfçılıq və düşüncəsiz istifadə zamanı pul bədxərc adam üçün tələyə çevrilir. Puldan öz qürurunu və şöhrətpərəstliyini təmin etmək üçün istifadə edən adam onu xeyir-duaya deyil, lənətə çevirir. Pul bağlandığımız şeylərin daim yoxlanışdan keçirilməsidir. Əgər Allahın verdiyi qanunlara daim əməl olunsaydı, dünyanın əxlaqi, ruhi və vətəndaşlıq cəhətdən vəziyyəti kükündən dəyişmiş olardı. O zaman indiki kimi özünü sevmə və özündən razılıq kimi hisslər ortaya çıxmazdı və hər kəs başqalarının xoşbəxtliyi və xoş güzəranı üçün çalışardı.
Tərifə layiq olan bir müstəqillik vardır. öz yükünü özü çəkmək və özgə çörəyini yeməmək - tərifə layiqdir. Müstəqil olmaq arzusunu idarə edən canatmalar çox gözəl və nəcib hisslərdir. Hər kəs özündə əməksevərliyi və qənaətcilliyi inkişaf etdirməlidir.

Borclar
Bir çox ailələr ona görə kasıb yaşayırlar ki, aldıqları pulu dərhal xərcləyirlər. Pulu qazanmamışdan qabaq götürmək və xərcləmək tələdir. İşi elə aparmaq lazımdır ki, borc götürməyə ehtiyac qalmasın. Kiməsə borclu olduğunu dərk edəndə adam özünə inamını itirir. Hətta bu haqda fikirləşmək adamı özündən çıxarır. Qazaqdığınızdan çox xərcləməmək vərdişini özünüzdə inkişaf etdirə bilərsiniz və buna qətiyyətli şəkildə səy göstərməlisiniz.


Əksəriyyət insanlar o qədər də savadlı deyillər və xərclərinin gəlirlərini üstələməməsini nizamlaya bilmirlər. Onlar şəraitə uyğunlaşmağı öyrənə bilmirlər və borc çirkabında üzənə qədər təkrar-təkrar borc götürürlər, nəticədə isə özlərinə inamı itirirlər və ruhdan düşürlər.
öz-özlüyünüzdə qərar verin ki, bir də heç vaxt borc götürməyəcəksiniz. Borca girməkdənsə, minlərlə şeydən imtina etmək daha yaxşıdır. Kiməsə borclu qalmaq - lənətdir. Bu işdən yoluxucu xəstəlik kimi uzaq qaçın. Borclarınızı ödəyin və qərar verin ki, hətta su və çörəklə yaşamalı olsanız belə, bir daha borca girməyəcəksiniz. Yenidən heç kimə borcu olmayan azad insana çevrilən zaman böyük qələbə çalacaqsınız.

Qənaətcillik


Tədbirlilik hissinin olmaması və təcrübəsizlik pul kisəsinin daim boşalmasına səbəb ola bilər, lakin insan yenə də fikirləşə bilər ki, o, öz arzularını və uşaqlarının arzularını məhdudlaşdırmağa alışmadığı və ev işlərini planlaşdırmağı və tədbirliliyi bacarmadığı üçün ən düzgün hesab etdiyi yolla hərəkət edir. Ona görə də bu cür ailəni saxlamaq üçün, eyni sayda ailə üzvləri olan digər daha qənaətcil ailəni saxlamaq üçün lazım olandan iki dəfə artıq vəsait tələb oluna bilər.
Hər kəs ailənin mühasibat işlərini aparmağı öyrənməlidir. Bəziləri bu işi ikinci dərəcəli hesab edərək, ona etinasız yanaşırlar, lakin bu, doğru deyil. Bütün xərcləri təyin etmək vacibdir.
Əgər siz bədxərcliyə meyllisinizsə, bu vərdişdən qəti şəkildə yaxa qurtarmaq lazımdır. Qənaətcilliyə, əməksevərliyə və mülayimliyə canatma uşaqlarınız üçün zəngin mirasdan daha yaxşı paydır.
Heç vaxt uşaqlarınızın beyninə yeritməyin ki, sizin məhəbbətiniz onların bütün arzularını həyatakeçirməklə izhar olunmalıdır. Pul xərcləmək üçün yeni üsullar kəşf etməyin. öz ixtiralarınızı qənaətcil yaşamaq üçün istifadə edin.
Gənclərə xas olan təbii cəhətlərdən biri qənaətə etinasız və yüngül yanaşmaqdır. Onlar onu zərər verənlik və məhdudiyyətlə səhv salırlar. Lakin qənaət ən geniş və liberal baxışlar və fikirlərə uyğun gəlir; qənaət olmayan yerdə həqiqi mərhəmət ola bilməz. Heç kəs qənaətcilliyi öyrənməyi öz ləyaqətindən aşağı saymalı deyil.
Qənaət - xəsislik deyil, vəsaitlərin ağıllı şəkildə istifadəsi deməkdir.

Vəsaitlərdən ağıllı şəkildə istifadə


Ailədə rahatlığın və sülhün olması üçün çox şey lazımdır. Ev işlərinin təşkilində lazımi intizam və sistemin olmaması məhvə məhkum nəticələrə və böyük itkilərə gətirib çıxarır. Cır-cındır geyinməklə və rahatlıq və komfort üçün lazım olan hər şeydən ailəmizi məhrum etməklə ürəyimizi daha da paklaşdıra və müqəddəsləşdirə bilmərik. Allah özümüzü sağlamlıq və rahatlıq üçün həqiqətən də vacib olan şeylərdən məhrum etməyimizi bizdən tələb etmir, lakin O, bədxərcliyə də bəraət qazandırmır.
Pulu nə vaxt saxlamaq, nə vaxt xərcləmək lazım gəldiyini təyin etməyi öyrənmək lazımdır. Hərdən qırılmış ilmələri yerinə bərkitməyə, nəyisə yamamağa, sökülmüş şeyləri yenidən bərpa etməyə dəyər. Siz əyləncələrə sərf etdiyiniz bütün xırda xərcləri hesablamalısınız. Zövqünüzü doyurmaq və dəbin tələbləri ilə ayaqlaşmaq üçün sərf etdiyiniz xərclərlə, arzularınızı həyata keçirmək üçün sərf etdiyiniz xərcləri qeyd edin. Mənasız işlərə sərf edilən pullardan evinizdəki komfortu və şəraiti yaxşılaşdırmaq üçün istifadə etmək olardı. Siz kasıb olmalı deyilsiniz; siz həm özünüzə, həm də yaxınlarınıza qarşı vicdanla davranmalısınız. Simiclik Allahın səxavətini təhqir etmək deməkdir. Lakin bədxərclik də eyni cür təhqirdir. Sizin nəzərinizdə kiçik görünən, xatırlatmağa dəyməyən xərclər üçün axırda hesabat vermək lazım gələcək.

Qənaətə rəğbət bəsləyin


Bir dəfə Məsih öz şagirdlərinə qənaətcillik barədə böyük diqqətə layiq bir dərs verdi. Onu dinləmək üçün gələn ac insanları doyurmaq üçün möcüzə göstərdi; lakin hamı yeyib doyduqdan sonra, O, artıq qalan qırıntıları atmağa icazə vermədi. öz İlahi qüdrəti sayəsində minlərlə insanı yedizdirən Şəxs indi öz şagirdlərini məcbur etdi ki, itkiyə yol vermədən bütün qırıntıları bir yerə toplasınlar. Bu dərs həm Məsihin dövründə yaşayanlara, həm də bizə verilmişdir. Allah Oğlu müvəqqəti həyatın ehtiyaclarının qayğısına qalır. Baxmayaraq ki, O, bu cür süfrəni istədiyi yerdə təşkil edə bilərdi, lakin həmin süfrənin qırıntılarına laqeyd yanaşmadı. İnsan nəslinin üzərinə düşən məyusluq, çətinlik və bədbəxtlikləri hiss etmək və başa düşmək üçün Məsih böyük əzablara və təhqirlərə dözdü. O, davamçılarını özünün keçdiyi həyat yolunu keçməyə səsləyir.
Hər bir kəs eqoistik, düşüncəsiz arzularını doyurmaq kimi çətin sınaq qarşısında dayanır. Lakin gəlin unutmayaq, həyat və izzət Rəbbi bu dünyaya insanlara özünü məhrumetmə dərsini öyrətmək üçün gəldi.
Bir çoxları belə hesab edirlər ki, bu və ya digər əyləncəyə yol verə bilərlər və öz arzularını həyata keçirmək üçün bütün gəlirlərini əhəmiyyətsiz şeylərə xərcləyərək, ayaqlarını yorğanlarına görə uzatmaqdan imtina edirlər. Allah istəyir ki, biz bu məsələdə daha ləyaqətli davranaq. Əgər yalnız ərzaq, içki və paltar ehtiyacımızı ödəyiriksə, özümüzə qarşı günah işlətmiş oluruq. Allah üçün daha ali şeylər var. öz pullarınızı lazımsız şeylərə sərf etməyin. Siz o qədər də böyük əhəmiyyət kəsb etməyən kiçik məbləği boş şey hesab edə bilərsiniz, lakin çoxsaylı kiçik məbləğlər üst-üstə gələndə çox böyük məbləğə çevrilir. "Bu, elə bircə qəpikdir", "bu, kiçik məbləğdir" fikrilə lazımsız şeylərə sərf etdiyiniz pullar az kimi görünür; lakin bu kiçik məbləği ildəki günlərin sayına vurun, sonra isə illərin sayına vurun, ağlasığmaz bir məbləğ alınacaq. Əgər şərait imkan verirsə, biz lazımsız şeylərə və eqoist "mən"imizə xərclədiyimiz vəsaitlərdən qənaətlə istifadə etməliyik.
Biz ətrafımızdakı insanların əziyyətləri haqqında çox az bilirik; lakin əgər imkanımız çatırsa, çətin vəziyyətdə olanlara dərhal yardım əlimizi uzatmağa hazır olmalıyıq. Ətrafımızda yeməyə və paltara ehtiyacı olan çox sayda adamlar var. Hər əl kasıblara kömək göstərə bilər. Bütün mümkün imkanlardan istifadə edərək, insanların dərdlərini yüngülləşdirməyi Allah bizim üzərimizə borc kimi qoymuşdur.

Pulun qədrini bilməyi uşaqlara necə öyrətməli


Valideynlər öz uşaqlarını özünüidarə ruhunda böyütməli, təlim və tərbiyə etməlidirlər, onları bahalı şeylərə can atmadan sadə həyatla yaşamağa alışdırmalıdırlar. Onları pulla ərköyün etmək lazım deyil ki, tükənməyən pul ehtiyatının olduğunu və bütün istəklərini həyata keçirmək üçün ondan istifadə edə biləcəklərini düşünməsinlər. Pula Allahın bəxşişi kimi yanaşmaq lazımdır.
Uşaq və gənclər pulu heç bir ciddi cəhd göstərmədən, asanlıqla əldə edəndə onun qiymətini bilmirlər. Gündəlik cib xərclərinin haradan qazanıldığını, yedikləri ərzağın və paltarın necə əldə edildiyini, ailəni saxlamağın nəyin bahasına başa gəldiyini başa düşən gənclərin vəziyyəti daha təhlükəsizdir.
Bəzən uşaqlar düşüncəsiz şəkildə kömək göstərirlər. Sərbəst şəkildə özünə həyat yolu tapan kəs qabiliyyətlərini daha yüksək qiymətləndirir, nəinki özgə cibindən pul alan kəs. Uşaqlarımızın bütün problemlərini onların əvəzinə həll edərək, onları başqalarından asılı köməksiz şəxslərə çevirməli deyilik.
Uşağın düşdüyü şərait ona valideynin göstərdiyi nümunədən daha çox təsir göstərir. Elə adamlar var ki, öz gənclik illərində necə olublarsa, uşaqlarının da o cür olacağına ümid bəsləyirlər və uşaqları onların ümidlərini doğrultmadıqda, zəmanənin pisliyindən şikayətlənirlər. Lakin əgər onlar özlərinin gənclik illərində yaşadıqları şəraiti uşaqları üçün yaratmırlarsa, bunu uşaqlarından tələb etməyə haqları yoxdur. Atalar səylə çalışırlar ki, uşaqlarını maddi cəhətdən təmin etsinlər, onlarçün özlərinin yaşadıqlarından daha yaxşı həyat şəraiti yaratsınlar. Bu çox geniş yayılmış bir səhvdir. Uşağın bütün arzuları həyata keçirilir. Onun atasının xarakteri hətta ən kiçik şeylərin də layiqincə qiymətləndirildiyi sərt qənaətcillik şəraitində formalaşmışdır. Onun oğlunun meylləri və xarakteri isə yüngül yanaşma və güzəştlər arasında formalaşacaq. Əgər hər şey kifayət qədərdirsə, ondan necə imtina etmək olar?
Valideynlərin öz uşaqlarına verə biləcəkləri ən yaxşı miras, onların faydalı əməyə alışdırılması və gözütoxluq və səxavətlə müşayiət edilən həyat təcrübəsidir.
Bu cür həyat tərzi ilə onlar, yalnız xeyirxah məqsədlər, şəxsi ehtiyacların və başqalarının təlabatlarının ödənilməsi üçün istifadə edilməli olan pulun həqiqi qiymətini nümayiş etdirirlər.
Uşaqlarıma xəsisliyə varmadan qənaətcil olmağı necə öyrədə bilərəm?

32. Işdə düzgünlük


"Məsihçi üçün düzgünlük ən yaxşı, həm də yeganə siyasətdir". Harri Blançard
Qanuni fəaliyyətin elə bir sahəsi yoxdur ki, Müqəddəs Kitabda onun haqqında həyati əhəmiyyət kəsb edən məsləhətlər verməsin. Müqəddəs Kitabın səy, düzgünlü, qənaətcillik, təmkin və əxlaqlılıq prinsipləri həqiqi uğurun sirləridir. "Süleyman peyğəmbərin məsəlləri" kitabında verilmiş bu prinsiplər əməli müdriklik xəzinəsidir. Hər hansı işgüzar sahədə fəaliyyət göstərən tacir, usta və rəhbərlər özləri və şagirdləri üçün bu müdrik insanın sözlərindəki nəsihətlərdən daha yaxşısını tapa bilərlərmi?
"İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar" (22:29).
"Hər zəhmətdə bir fayda var, boş sözlər insanı ehtiyac içində qoyar" (14:23).
"Tənbəl arzulayar, lakin çatmaz ona, çalışqan qovuşar bolluğa" (13:4).
"Əyyaş və qarınqulu yoxsullaşar, yeyib-içib məst olan cır-cındır içində qalar" (23:21).
"Etibarlı insan alar bol bərəkəti, cəzasız qalmaz sərvət hərisi" (28:20).
"Kələklə gələn var-dövləti külək aparar, zəhmətlə qazanılan var-dövlət artar" (13:11).
"Yalançılıqla qazanılan xəzinə havaya yayılan sis-dumandır, bir ölüm tələsidir" (21:6).
"Borclu adam borc verənə qul olar" (22:7).
"Başqasına zamin duran bəlaya düçar olar; belə zaminlikdən zəhləsi gedənə etibar etmək olar" (11:15).
Əgər Müqəddəs Yazıda tez-tez təkrarlanan xəbərdarlıqlara əməl edilsəydi, neçə-neçə insan maliyyə uğursuzluqlarından və müflislikdən xilas ola bilərdilər.
Səkkizinci qanun oğurluğu və qarəti mühakimə edir. Bu qanun sahibkarlıq işlərində fırıldaqçılığı qadağan edir və borcların və əməkhaqlarının ödənilməsini tələb edir.
Yalan danışan və fırıldaqçılıqla məşğul olan kəs özünə hörməti itirir. O, dərk etmir ki, Allah onu görür və onun şübhəli işləri haqqında bilir. Lakin onun əməlləri bəşəriyyətin də, Allahın da nəzərlərindən gizli qalsaydı belə, bu haqda özünün xəbərdar olması faktı onun təfəkkürünü və xarakterini mənfi istiqamətə yönəldərdi. Yalnız bir əməl xarakterin göstəricisi deyil, lakin o, sərhədi aradan qaldırır və onun ardınca gələn növbəti sınaq böyük hazırlıqla qarşılanır. Bu, o vaxta qədər davam edir ki, nəticədə yalan danışmaq və işlərində əyriliyə yol vermək vərdişi yaranır; əlbəttə ki, bu cür adama artıq etibar etmək olmaz.
Yaxınlarımıza münasibətdə kiçik işlərdə necə ləyaqətsizlik göstəririksə və ya açıq-aydın yalan necə nümayiş etdiririksə, Allahla da bu cür davranacağıq. Aldatmaq vərdişini tərgitməyən adamlar öz prinsiplərini o vaxta qədər həyata keçirəcəklər ki, artıq öz ürəklərinin yolunu azdıracaqlar və əhəmiyyətsiz ötəri mənfəətlərdən ötrü əbədi həyatlarını qurban verərək itirəcəklər.

Gələcək üçün qayğı


Əgər siz zaman-zaman böyük gəlir gətirən bir işdə işləyirsinizsə, onda qazandığınız pulları qənaətlə yığın və artıq vəsaitlərin bu cür asanlıqla əldə edilməyəcəyi vaxta saxlayın. Allah bizə öz zövq və arzularımızın tələbi ilə hərəkət etməməyi və yalnız bugünkü günün deyil, gələcəyin də qayğısına qalmağı tapşırıb. Ailədə həmişə dar gün üçün vəsait saxlanılmalıdır.

33. Qəlbin sağlamlığı


"Doğru, ehtiramlı, ədalətli, təmiz, cazibəli, etibarlı olan nə varsa, bir fəzilət və tərifə layiq bir şey varsa, bunları düşünün". (Flp. 4:8)
Allah insanlara göz verib ki, Onun möcüzəli işlərini görsünlər. O, insanlara qulaq verib ki, Onun haqqındakı müjdəni eşitsinlər. İnsanlara nitq qabiliyyəti verib ki, onlar Məsih haqqında günahları bağışlayan Xilaskar kimi danışsınlar.
Həvari Pavel imanlılara öyrətməyə çalışırdı ki, idrakı qadağan olunmuş mövzulardan və əqli qüvvəni əhəmiyyətsiz məsələlərə sərf etməkdən qorumaq çox vacibdir. Şər qüvvələrin qurbanına çevrilmək istəməyən insanlar öz qəlblərinin qapısını diqqətlə qorumalıdırlar; onlar beyində pis fikirlər yarada bilən şeyləri oxumaqdan, baxmaqdan və dinləməkdən yan qaçmalıdırlar. Fikirlərinizin qəlbin düşməninin təklif etdiyi hər mövzu üzərində qeyri-ixtiyari cəmləşməsinə yol verməyin. Qəlbi ehtiyatla qorumaq lazımdır, əks halda ətrafdakı şər qeyri-iradi şəkildə qəlbə daxil olaraq, orada kök atacaqdır və həmin qəlb zülmət dünyasında azacaqdır.
Biz hər zaman yadda saxlamalıyıq ki, gözəgörünməz xeyir və şər tacirləri bizim idrakımızın idarəsini öz əllərinə almaq üçün durmadan çalışırlar. Onlar gözlə görünməyən, lakin aktiv qüvvədən istifadə edirlər. Xeyirxah mələklər - ürəyə və idraka səmavi təsir göstərən xidmətçi ruhlardır, lakin qəlbin böyük düşməni iblis və onun mələkləri daim bizi məhv etmək üçün çalışırlar. Gözlə görünməyən və bir-birindən seçilməyən düşmənləri hiss və dərk edərək, bir şeyə əmin olmalıyıq: bizim razılığımız olmadan onlar bizə zərər toxundura bilməzlər. Əgər biz özümüz qapını açıb, şeytanı içəri dəvət etməsək, o, heç vaxt bizim fikirlərimiz, sözlərimiz və əməllərimiz üzərində hökmranlıq edə bilməz.

Qəlbin qidası


Hər addım başı böyük sınaqlarla qarşılaşan uşaqlar üçün narahat olmağa səbəb var. Onlar pis adamların dəstəsilə münasibət yaratmaqdan yan qaça bilmirlər. Onları pozğunlaşdıran şeyləri görür, eşidir və duyurlar və əgər bu təsirdən ciddi surətdə qorunmasalar, o, gizlincə, lakin qətiyyətlə onların ürəklərini korlayacaq və xarakterlərini eybəcər şəklə salacaq.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə