Xudu Məmmədov. Qoşa qanad Ön söz



Yüklə 366,8 Kb.
səhifə3/4
tarix04.11.2017
ölçüsü366,8 Kb.
#8436
1   2   3   4

Fikir çalarlı duyğu
Zira ki, elmsiz şeir əsası yox divar olur

Və əsassız divar qayətdə bietibar olur.

Füzuli
Dünyagörüşünün, biliyin sənətkar üçün rolu çox bö­yükdür. Bu böyüklüyü inkar edənlər varmı? – deyə so­ru­şula bilər. Qəribə də olsa var.

Sənəti elmlə qarşı-qarşıya qoymaq, biliyin sənəti qurulaşdıracağını zənn etmək, təbiət elmlərinə məktəb yaş­larından marağın olmamasını sənətkar üçün ilkin əla­mət­lərdən biri hesab etmək və s. kimi qəribə mülahizələr dün­yagörüşün, biliyin sənətkar üçün böyük rolunun inkarı deyilmi?

İnsan fəaliyyətinin elə bir sahəsi tapılmaz ki, sənətin ona müsbət təsiri olmasın. İnsanın fikir fəaliyyəti sənətin ən çox təsir etdiyi sahələrdən biridir. İki min il bundan əv­vəl yaşamış yunan coğrafiyaşünası Strabona görə “Po­e­zi­ya­nın yaratdığı heyrət və heyranlıq onu məmnuniyyətlə qav­ramağa məcbur edir. Buna görə də poeziya biliyə sevgi yaradan şirin bir dərmana çevrilir”. Ola bilsin ki, bu fikir Strabondan da qabaq deyilmişdir. Ancaq mən sənəti elm ba­xımından qiymətləndirdiyinə görə Strabona istinad etdim.

Zəmanəmizdə sənətin bu xüsusiyyətinə həmişə oldu­ğun­dan daha çox ehtiyac vardır: bilik günü-gündən həyat üçün daha böyük əhəmiyyət kəsb etməklə yanaşı mü­rək­kəb­ləşərək, dərinləşərək kütləvi cazibəliyini, şirinliyini iti­rir. Bir tərəfdən bu, bir tərəfdən də sənətimizdə bilik məsə­lə­sinə münasibətlə az-çox tanışlığım məni belə bir söhbətə cürətləndirdi.

Söhbətdə məqsəd istedadlı gənclərimizin diqqətini indidən bu məsələyə cəlb etməkdir – biliksiz istedad sə­nət­karlıq zirvəsinə yüksələ bilməz. Dünyagörüşün təməli in­sa­nın dünya ilə ilk tanışlığından başladığı halda onun zəif­li­yi yetkinlik yaşlarında, istedad fəaliyyətə başladıqda üzə çıxır.

Dünyagörüşün, biliyin sənət və sənətkar üçün böyük rolunu göstərmək üçün sənətkarlardan danışmaq, onların bu barədə fikirlərini təkrar etmək də olardı. Ancaq bu yol­da oxucu suallarla az qarşılaşardı. Gerçəkliyə yaxınlaşmaq üçün ən yaxşı yol onun hansı suallarla meydana gəldiyini və hansı sualları doğurduğunu izləmək, araşdırmaqdır.

Haqıında danışmağa hazırlaşdığımız qədim həqiqət sadə səslənsə də çox mürəkkəb mahiyyətlidir.

Bu bir sıra təsvir çətinliklərinə səbəb olur. Hər şey­dən əvvəl mahiyyətini başa düşmək istədiyimiz anlayışları elə həmin anlayışlarla araşdırmaq – təhlil etmək məcbu­riy­yə­tindən tamam uzaqlaşmaq mümkün deyil. Belə bir və­ziy­yət almazı almazla cilalamağa oxşayır.

Başqa bir psixoloji çətinlik belə məsələlərdən söhbət açarkən min il qabaq deyilmiş fikirləri bir az da pis təkrar etmək qorxusudur. Sənət – bilik əlaqəsini öyrənmək üçün bir-birinin müasiri olan sənətkarların yaradıcılığının mü­qa­yisəli təhlili də bəsdir. Buna görə də hər yerdə, hər dövr­də bu barədə kim isə, nə isə demişdir. Necə deyərlər, göy hər yerdə mavidir. Yeri gəlmişkən belə söhbətlərdə prinsi­pial mənası olan bir çətinlik üzərində də dayanmaq is­tər­dim. Nəyinsə dəqiq təsviri tələb olunduqda siz onu fikri­niz­də az-çox müstəqil hissələrə ayırıb, bu hissələrin ayrı­lıqda təsviri ilə yanaşı, onların arasındakı əlaqələri də gös­tər­məyə çalışırsınız.

Mücərrəd sistemlər, həyat, fikir fəaliyyəti, sənət ki­mi mürəkkəb mahiyyətli sahələr üzərində belə bir iş apar­maq çox böyük çətinliklərlə bağlıdır. Bu məsələlərdə baş­qa çətinliklər bir yana, hissələr arasındakı əlaqələr o qədər zən­gin, o qədər sıxdır ki, bu hissələri müstəqil nəzərdən ke­çirdikdə özünü o qədər də haqlı bilmirsən.

Sənət əsərləri xarici aləmi özünəməxsus bir tərzdə əks edən, fərdi quruluşa malik beynin yaradıcılıq məh­su­ludur. Bu iki iş bir beyninkidir, proses bir beyində gedir, həm də onun ayrı-ayrı yerlərində yox, hər yerində gedir. Bir də beyin təkcə bu işlərlə məşğul olmur, beyin bütün psi­xoloji damarların oynandığı yeganə səhnədir. Bu da­mar­­ların hamısı mürəkkəb şəkildə bir-biri ilə bağlıdır. Be­lə bir halda, nəyi isə ayırıb qalanlarla az bağlı hesab etmək qabaqcadan yanılmağa ilk addım atmağa bərabərdir.

Ancaq nə etmək olar?! Bütün bu çətinliklərdəndir ki, belə söhbətlərdə müəlliflər obrazlılığa əl atmalı olurlar. Bu heç də həmişə yazıya oxunaqlıq vermək arzusunun nə­ticəsi deyil, ənənəvi elm dilinin elmi üslubun belə hallarda imkansız olduğundan irəli gəlir. Öz-özlüyündə bu müsbət hadisədir; bir tərəfdən məsələyə cazibəlilik verir, digər tə­rəf­dən müxtəlif ifadə üslubları arasında körpü yaradır.

Sənətkar kimdir, o, sənətkar olmayanlardan nə ilə se­çilir?

Tamaşa, konsert, sərgi salonlarında və adi yerlərdə biz sənətkarlarla dəfələrlə rastlaşırıq. Ancaq xarici əlamət­lə­rinə görə başqalarından seçilmədikləri üçün biz onları ta­nıya bilmirik. Sənətkar sənəti ilə seçilir, özündən qabaq ya­şamış sənətkarların qeyri-adiliklərini təqlid etməklə se­çil­mir. Onun sənəti kimi qeyri-adiliyi də özünə məxsusdur və tez gözə çarpan deyil. Onlar da tamaşaçı, dinləyici, oxu­cudurlar. Sənət əsəri sənətkarı hamıdan çox dü­şün­dü­rür, sevindirir, qüssələndirir. Axı, o, sənət əsərlərini daha çox cəhətlərdən görə bilir!

Adətən sənətkarla ilk tanışlıqdan sonra ona verilən sual çox sevilən əsərin necə yazıldığı olur. Belə hallarda sənətkar ya sualın özü üçün də maraqlı olduğunu etiraf etməklə kifayətlənəcək, ya da əsərin yaranma tarixindən danışacaq.

Sənətkarın öz yaradıcılığını izləməsi yaratmaq qədər çətindir. Yaratdığın anda da necə yaratdığın haqqında dü­şünmək və onu izləmək mümkün deyil. Belə anlarda yara­dıcının varlığı bir məqsədə – yaratmaq işinə yönəlir. Bü­tün sənətkarların necə yaratdıqları haqqında fikirlərini bir yerə toplasanız, çox olsa, orta həcmli bir kitab alarsınız.

Necə yaratdığını bilmədən, fikirləşmədən yarada bil­mək üçün üç cəhətin ahəngdar birliyi lazımdır:

İstedad – sənətkarlığa məxsus cilalanmış, həssas tə­bii xüsusiyyət.

Dünyagörüşü – xarici aləmin beyində ümumiləşmiş əksi, xarici aləm və özün haqqında mühüm hissəsi ob­yek­tiv olan bilik.

Sənət texnikası – yazı, rəngkarlıq, bəstələmək, ifa­çı­lıq texnikası, uyğun peşələr üçün zəruri olan xüsusiyyət.

Əlbəttə, sənətkarlarda elə bir xüsusiyyət yoxdur ki, az da olsa başqalarında müşahidə edilməsin, ancaq sənət­kar­lığı fərqləndirən bu xüsusiyyətlərin spesifikliyi, onların anadangəlmə itiliyi və bir-biri ilə müəyyən münasibətdə olmasıdır.

İstedad haqqında nə demək olar?

Bu sual çox yazıların obyekti olmuş və olmaqdadır. İndi, istedad axtarışının cəmiyyətin çox vacib bir işinə çev­rildiyi vaxtda bu məsələnin böyük əhəmiyyəti var.

İstedad bir sıra xüsusiyyətlərin ahəngdar birliyidir:

Yüksək emosionallıq, fantaziya – yaradıcılıq təxəy­yü­lü – Mikelancelo kimi mərmər parçasında Davidi gör­mək, ahəng hiss etmək, gözəlliyi duya bilmək, şeylərə qey­ri-adi tərəfdən yanaşmaq, düşüncə orijinallığı, fikir azad­lığı, ayrı-ayrı hissələrdəki ümumiliyi görmək, dönməz meyl, özünüifadə istəyi, tutduğu yolun doğruluğuna sarsıl­maz inam, istedadın təbiətinə uyğun itiləşmiş hissələr: səs həssaslığı, forma həssaslığı, rəng həssaslığı və s. ayrı-ay­rılıqda belə, bu xüsusiyyətlərə tez-tez rast gəlinmir. Ən azı bu saydıqlarımızın bir fərddə olması çox nadirdir. Bu sə­bəbdən istedad da arzu etdiyimiz qədər deyil. Bu de­yi­lən­lərdən də istedadın mürəkkəb mahiyyətini, həm də konkret xüsusiyyətlərindən bir qismini hiss etmək olar. Məşhur rəssam Van Qoqun “Mənim ticarət və uzunmüddətli təhsil üçün yaranmadığım hələ rəssamlığa qabiliyyətsiz olduğu­mu göstərmir. Əksinə, mənim ruhaniliyə, ticarətə qabiliy­yətim olsaydı, yəqin ki, rəssamlığa yaramazdım” – sözlə­rini bu baxımdan dediyini zənn etmək lazımdır. Ruhanilik, tacirlik istedadı varsa, onun mahiyyəti başqadır və bu, ək­sər hallarda sənətkar istedadı ilə vəhdətdə olmur.

Bədii istedad sahibləri də hamı kimi həyatla müxtəlif şəkildə qarşılaşırlar. Onları müxtəlif fiziki sağlamlıq, mad­di imkan, fərdi və ictimai – psixoloji mühit, yazılmış və ya­zılmamış davranış sədləri gözləyir. Bu şəraitlərin hamısı istedadın sənətkara qədər yüksəlməsi üçün eyni dərəcədə əlverişli deyil.

İnsan dünyaya “ağlaya-ağlaya” gəldiyi halda özü bir müddət onu gülən görür: ananın bütün varlığının körpə üçün qayğıya çevrilməsi, körpə üçün ailənin, insanların və bütün dünyanın qayğısı... Bütün dünya bir körpə, sanki bir məqsəd ətrafında birləşir. Körpə bu birliyin başlanğıcı, mərkəzidir. Bir sözlə körpə bəxtiyarlığı! O, bu birliyin azacıq pozulduğunu duyan kimi elə bir haray salır ki, sizdə onun birlik hüququna heç bir şübhə qalmır. Ana quca­ğın­dan düşüb, həyatla bilavasitə üz-üzə gəldikdən sonra bu qə­ribə birliyin pozulduğu hallar çoxalır, həmin vəziyyət etirazdan çox təəccübə, təəssüfə səbəb olur. Dünya gözlərə yeni tərəflərdən açılmağa başlayır. Həmişə şirin olmayan qəribəliklərlə dolu olan bu anlar baharın ilk günlərini xa­tır­ladır: hər gün yeniliklərlə dolu dünya təzələnir, gördük­lə­rini bir şəkildə cəmləşdirmək istəyirsən, fəqət şəkillər çox tez-tez dəyişir. Həyatla ilk müstəqil tanışlıq başlanır. İste­dadın ilk əlamətləri görünür. Fəhmlə duyulan birlik, kör­pənin gözündə hamıdan tez pozulur. Axı onun ahəngə – birliyə həssaslığı yüksəkdir. O yeni ahəng görməyə baş­layır. Bəlkə də uşaq yaradıcılığı itirilmiş ahəngin qüssəsi ilə yeni görünməyə başlayan ahəngin sevinci arasında çır­pın­tılardır. Bəlkə də bu aləmlərdən biri yaranıb qurtar­ma­mış, yenisi başlanır. Yetkinliyə qədər istedadların bu fikir sər­güzəştləri uşaqların kəpənək ovuna oxşayır: onlar hey dünya haqqında bir şəkli görmək istədikcə, “ələ keçmək” istədikcə biçimlər dəyişir, uçaraq başqa bir çiçəyə qonur.

Orqanizmin fiziki birliyini saxlamaq üçün arası kə­sil­məyən bir yenidənqurulma işi lazım gəldiyi kimi, psixo­loji birliyin də saxlanması üçün xarici aləmin beyindəki şək­linin arasıkəsilməz bərpası – yenidənqurulması lazım­dır.

Biz səhnəyə tamaşa edib, söz, oyun, musiqi, dekor bir­liyindən, ahəngindən zövq alırıq. Belə bir səhnəyə səh­nə arxasından tamaşa edin. Əvvəlki birlikdən ya iz qalma­ya­caq, ya da siz onu çətin görəcəksiniz. Ancaq bilirik ki, səhnədəki ahəngi yaratmaq üçün tamaşaya qədər görülən işlər, tamaşa getdiyi vaxt səhnə arxasında aparılan işlər bir-biri ilə ahəngdar bağlı olmalıdır. Bu ahəngi görmək üçün daha böyük hazırlıq, daha böyük təcrübə lazımdır.

Dünyada ahəng heç vaxt pozulmur, sadəcə olaraq, ona müxtəlif münasibətlərdə müxtəlif ahəngləri, əlaqələri gö­rürük. Vaqifin səhnə arxasında Qacarla şirin söhbətini və onların səhnədəki söz atışmalarını bir vəhdət kimi qav­ra­maq üçün təkcə səhnəyə və səhnə arxasına deyil, teatr və aktyorların həyatına da bir səhnə kimi baxmaq lazımdır. Be­ləliklə, dərk etməli olduğumuz hadisələri hər dəfə yeni çərçivəyə alıb, yeni bağlılıqlar görməli oluruq. Bu yolla dün­yanı müxtəlif bucaqlar altında, müxtəlif rakurslarda gö­rür, şəklini beynimizdə mükəmməlləşdiririk. Bu mü­kəm­­məlləşmə fərdin psixoloji aləmini, xüsusilə onun dün­ya haqqındakı təsəvvürünü bütün insanlar üçün ümumi olan cəhətlərlə zənginləşdirir. Başqa sözlə dünyagörüşü ob­yektivləşir.

Davranışında tarazlıq (daxili məntiq) olan hər bir fər­­din dünyagörüşündə tamlıq vardır. Lakin bu tamlıq bü­tünlükdə dünyanın obyektiv şəkli hesabına deyil, xarici alə­min beyindəki əksinin bir hissəsi beynin öz “yaradıcılıq məh­sulu” və ya həmin qaydada başqa beyinlərin “yaradı­cı­lıq məhsulu” olan hissə və əlaqələrdən ibarətdir. Dün­ya­görüşün mükəmməlləşməsi beyində yaranan obyektiv his­sələrin bir mərkəz ətrafında birləşib böyümə prosesidir.

İnsanın dünyagörüşünün inkişafı sanki insanların dün­yagörüşünün inkişaf yolunu təkrar edir. Şəklin mərkəzi əvvəl fərdin “məni” olduğu halda, sonralar öz yerini dünya vəhdətinə, təbiətə qədər dəyişə bilir. Dünyagörüşün bir ömür­də belə yüksək səviyyəyə qalxmasında beyindən əla­və, bütün orqanizmin və konkret fərdi əhatə edən mühitin çox böyük rolu vardır. İstər istedadın inkişafı, istərsə də dün­yagörüşün formalaşması fərdi mühitin təsiri altında ge­də­cəkdir. Biz fərdi mühit dedikdə fərdi bilavasitə əhatə edən mühiti nəzərdə tuturuq. Fərdi mühit ilk görüş dairə­sidir. Hazırda bizdə mövcud olan mühitlər istedadların in­ki­şafı, normal dünyagörüşün inkişafı üçün uyğun amillər­dir.

Sabir dövründə fərdi mühit çox-çox müqavimətli idi. Belə bir mühit şair istedadı olanlardan mədh və mərsiyyə xarakterli yaradıcılıq tələb edirdi. Lakin güclü Sabir is­te­dadı fərdi mühit həddini aşa bildi, bu mühitin tələbinə uyğun olmayan dünyagörüşü ilə istedadına üsyankar isti­qa­mət verə bildi. Fərdi mühit Sabiri baqqal görmək istə­diyi kimi, Nyutonu da fermer görmək istəyirdi. Lakin Nyu­ton istedadının qüdrəti fərdi mühitin tələbləri ortalığa çıxana qədər Nyutonu təbiətin tələbləri ilə rastlaşdırıb onu bu tələblərin əbədi qulluğuna vermişdi.

Əlbəttə, fərdi mühit istedadın inkişafı üçün sədd ol­masa da yaradıcılıq məhsuluna, aşağı səviyyəli tələbi ilə dün­yagörüşün normal, yəni istedada uyğun inkişafına ma­ne ola bilər. Belə halda istedadın dünyagörüşü fərdi mü­hitin imkanlarından asılıdır. Müasir sənətkar dünya­görü­şü­nə malik olmaq üçün rəsmi təhsil zəruridirmi? Çox vaxt sənətkar üçün təhsilin vacib olmadığını iddia edənlər klas­sikləri misal gətirib, onların hansı universitet qurtar­dıq­la­rı­nı soruşurlar. Təhsili beş-altı il universitetə gedib-gəlmək kimi başa düşmək gülüncdür. Hər bir təhsil səviyyəsinə uyğun bilik həcmi var. Bu bilik həcminə malik olmaq hə­min təhsil səviyyəsinə qalxmaq deməkdir. Onun hansı yol­la əldə edilməsi başqa söhbətdir. Klassiklər öz dövrlərində mümkün olan ən yüksək səviyyəli təhsilə malik idilər.

Təhsilin bitməsi ilə dünyagörüşün inkişafı tamam­lan­mır, əksinə onun fərdi yaradıcılıq hesabına inkişaf et­diyi yeni dövr başlanır. Rəsmi təhsil bizə insanlığın indi­yə­dək nəyi əldə etdiyini öyrədir. Beləliklə, biz mütərəqqi insanlığın dünyagörüşünə yiyələnərək sərbəst fikir uçuşu­na hazırlaşırıq.

Şərqin böyük alimlərindən biri olan Əbu Reyhan Biruninin dediyi kimi, bilik biliyə ehtiyac yaradır. Bilik da­xili azadlıqdır. O insanın bütün daxili imkanlarını xarici aləmlə qarşı-qarşıya qoyur. Bilik – daxili azadlıq – dün­ya­gö­rüşün ictimai və fikir azdlığını ortalığa çıxaran səbəb­dir.

İnsanlığın dövrümüzdə mövcud olan şəkli, yəni onun daxilindəki münasibətlər, müxtəlif məhdudiyyətlərin nəticəsi kimi formalaşmalıdır. Sanki insan, xüsusiyyət­lə­ri­ni bilmədiyi bir aləmə düşmüşdür və o bir səhvlə həyatını təhlükəyə sala bilərdi. Deməli, davranışa, fikrə müəyyən məh­dudiyyət qoyulmadan xarici aləm təhlükəsiz öyrənilə bilməzdi, dinamik cəmiyyət şəkli üçün azadlıq, qaydalı dav­ranış azadlığı inkişaf etdirilə bilməzdi. Digər tərəfdən, köhnəlmiş qaydaları qoruyan bu məhdudiyyətlər yeni qay­daların, yeni yolların öyrənilməsinə böyük müqavimət göstərməkdədir. Şübhəsiz, bu halda da insan xarici aləmi öyrənə bilməzdi və yaratdığı məhdudiyyətlər içərisində do­laşıb qalardı. Bunun nə demək olduğunu insanlar çox-çox qədimdən başa düşmüşlər. Qədim dövrün naməlum yazıçılarından biri deyir: “Biz müasir adamlar uşaq yaş­la­rı­mızdan mükəmməl qulluqçuluq ruhunda tərbiyə olun­mu­şuq. Bizim cocuq düşüncələrimiz quldarlıq qanun-qay­da­ları ilə qidalanmışdır. Mənim dərin inamıma görə, biz bu səbəbdən natiqliyin həyatverici qüvvəsi olan azadlıq dadı­nı bilmədən ancaq və ancaq gözəl yaltaqlar ola bilərik və ya hər cür qulluq insan ruhunun salındığı bir zindandır. Bu­rada ruh alçalır və eybəcərləşir”.

Belə məhdudiyyətlər çərçivəsindən çıxmaq istərkən dünyagörüşü həm daxili azadlıq, həm də ağıllı çıxış yolu tapmaq üçün lazımdır. Sənətkar dünyagörüşünün böyüklü­yünə görə böyük və daxili azadlığa malikdir. Buna görə də o xarici azadlığın azlığını daha tez hiss edir və bu məsələni cəmiyyətin inkişaf yolunda əngəl olan bir məsələ kimi or­talığa atır. Buna görə də Platon öz ideal dövlətindən şair­lərin qovulacağını əsas şərtlərdən biri kimi qoyurdu. Bu dövlətdə vətəndaşlar ancaq dini himnlər oxuya bilər, dini himnlərə qulaq asa bilərdilər. Başqa sözlə, belə bir dövlət qa­rışqa cəmiyyətini xatırladırdı: cəmiyyətdə dəyişməz şəkil və fərdiyyətin yoxluğu. Belə cəmiyyətdə mükəmməl qa­nun və göstərişlər kitabından başqa heç bir yazıya eh­ti­yac qalmazdı.

Gördüyünüz kimi, tarix boyu, sənətkarı bəşəri mey­dana çıxaran dünyagörüşü və onun verdiyi daxili azad­lıq­dır. Belə bir üstünlük şəxsi səadət əvəzinə tanıdığınız ne­çə-neçə sənətkarı dar ağacına, cəllad baltası altına gətirib çıxarmışdır.

Bəs nə üçün istedad belə bir yolu seçir?

Bunun səbəbi hər şeydə ahəng görməyə can atan bö­yük daxili ehtiyacdır. Onu belə bir yol seçməyə vadar edən dünyanı yalnız olduğu kimi görmək bacarığı deyil, eyni zamanda, istədiyi kimi görmək arzusudur. Bu arzular sə­nətkarın şəxsi səadət anlayışına başqa çalar – məzmun ve­rir. Daxili aləmini qaydaya salmaqla başlanmış bir mü­ba­rizə bu qaydanın xarici aləmdə axtarılması işinə çevrilir. Sənətkar özünü xalqla, insanlarla, bəşəriyyətlə eyniləşdirə-eyniləşdirə vahid ahəng axtaran bir vəziyyətə çatır. Belə­liklə, sənətkar insanlığın qəribə bir modelinə çevrilir.

Yuxarıda dediyimiz bu mübarizədə, elə bil ki, sənət­kar öz ideal arzusuna nail ola biləcəyinə inamla inamsızlıq arasında dayanır. Həm mütləq inam, həm də mütləq inam­sızlıq fəaliyyətsizliyə gətirib çıxara bilərdi.

Ümumiyyətlə, belə vəziyyətdə insan yeniliyə daha həs­sas olur. Çünki, hər yenilik onun tamamlanmaqda olan aləmi ilə uzlaşmır, tamlığın mümkünlüyünə yarımçıq inam isə yeninin yanından sürətlə ötüb keçməyə imkan vermir. Bu mübarizədəki yolüstü müvəffəqiyyətlər sənətkara səadət gətirir və ya onun adi mənada şəxsiyyətini tam­laş­dırır. Lakin səadət böyük olduqca, onun gercək olduğuna fərdi inam azalır. Bu xoşbəxtliyi başqalarının gözündə an­lamaq tələbi əmələ gəlir. Sənətkar səadəti şəxsi səadətdən çox-çox geniş mahiyyətli olduğu üçün başqalarında tez əks-səda tapa bilir, hər kəs onu öz tapıntısının doğurduğu xoşbəxtlik kimi hiss edir. Qədim bir yazıçının dediyi kimi “İnsan qəlbi öz təbiətinə görə gözəl sözə çox həssasdır. Onun təsiri altında insan qəlbi ehtişamla dolur. Elə bil bu sözü özü yaratmışdır. Sənətkar əks-sədaların sayı qədər də öz xoşbəxtliyinə inanır və o qədər də yenidən xoşbəxt olur.

Şəxsi səadətin özündə də bu xüsusiyyət var: həyə­can­landırır, düşündürür, ehtişamını başqaları ilə bölüşmək eh­tiyacı doğurur. Bu səadətin kiçik səbəbləri belə gülməli görünsə də gözlərimizi yaşardacaq qədər bizə təsir edir. Səadət sahibinin bu səadətə haqqı olması və bu hissin ifa­dəsinin səmimiliyi bizim həyəcanlanmağımıza bəs edir. Təəssüf ki, yaşımızın ötən vaxtlarında başa düşülməmək qorxusu, əks-sədasız qalmaq və səadətimizin bir xəyal ol­duğunu görmək vahiməsi bizi ya onu gizlətməyə, ya onu oxşar “yuxular” görənlərlə bölüşməyə, ya da qeyri-səmimi şəkildə başqalarının mühakiməsinə verməyə məcbur edir. Biz bu qayda ilə nə qədər sevinc itiririk!

Dünyagörüşü geniş olduqca sənətkar həyata daha yüksək zirvədən baxır, onun hiss etdiyi ahəng daha ümu­mi, daha bəşəri, tapıntısının gətirdiyi səadət daha böyük olur. İstedada müvafiq dünyagörüşü bu səadətin bilavasitə əks-sədasını eşitmək ehtiyacından sənətkarı azad edir. Dün­yagörüşünün verdiyi inam sənətkarı başqa fikirlərin əsir­liyindən xeyli qurtarır. İstər Füzuli, istər Şekspir, is­tərsə də başqa böyük sənətkarlar bizdə və bizdən son­ra­kılarda əks-səda tapacağını bizimlə bir zamanda yaşayır­mış kimi görürdülər. Bu baxımdan dünyagörüşün elmdə rolu ilə sənətdə rolunun fərqi yoxdur. Hər ikisində istedad uçuş qüvvəsi olduğu halda, dünyagörüş uçuşa istiqamət verən, yolun doğruluğuna əminlik yaradan, gedilmiş yolu bir də getməyə qoymayan, bir nöqtə ətrafında fırlanmaq­dan xilas edən səbəbdi. Hər yerin, hər zamanın insanlarına mü­raciət edib əks-sədasız qalmayacağına sənətkarda inam ya­radan dünyagörüşüdür. Bir sözlə dünyagörüşü tapıntının qiymətləndirilməsi üçün zəruri bir vasitədir. Digər tərəf­dən, tapıntıya fərdin şəxsi baxımından deyil, daha yüksək olan ictimai baxımdan qiymət verilir.

Kanta görə, gözəl olan şeylər arasında əzəmətlini seç­mək üçün estetik mühakimə qabiliyyətindən başqa bir də idrak qabiliyyətinə malik olmaq lazımdır. Dünya­görü­şün əhəmiyyəti istedadın tapıntısını qiymətləndirməklə bit­mir, istedadı daha da itiləşdirir, yuxarıda deyildiyi kimi gö­rüş sahəsini böyüdür. Şedevrlər istedad yetkinliyi ilə dünyagörüşü yetkinliyi bir vaxta düşdükdə yaranır. Bəzən belə hesab edirlər ki, Rasinin sonralar zəif dram – faciələr yazmasına səbəb onun sənətkarlıq məsələləri üzərində çox işləməsi olmuşdur. Əlbəttə, bunun səbəbi Rasinin sənət­kar­lıq məsələləri ilə məşğul olması deyil, istedadının iti­li­yini itirməsi idi.

Dünyagörüşün formalaşmasında dəqiq elmlərin əldə etdiyi nəticələr həlledici rol oynayır. Sənətkarın müasir in­tel­lektual səviyyədə dünyagörüşünə malik olması, oxu­cu­sunu, dinləyicisini duya bilməsi, insanlar arasındakı, xalq­lar arasındakı fərdlə cəmiyyət arasındakı münasibətlərin müasir xüsusiyyətlərini görə bilməsi deməkdir.

İndiyə kimi insanların əldə etdiyi bilik müəyyən həc­mə malikdir. İnsan özü və xarici aləmi haqqında nə öyrənə bilmişsə, bu xəzinədə toplanmışdır. Burada bir çox cə­hət­dən bərabərsizlik hökm sürür: təbiətin cəhətləri öz əksini bərabər şəkildə tapa bilməmişdir, bu xəzinədə bütün dövr­lərin, bütün xalqların payı eyni deyildir. Bir sıra xalqların müasir bilik həcmi insanlığın bilik həcmi səviyyəsindədir. Belə ki, “inkişaf etməkdə olan ölkələr” dedikdə, təkcə sə­na­ye və kənd təsərrüfatının inkişafı nəzərdə tutulmur. Xalq­ların bərabərliyindən söhbət gedəndə onların intel­lek­tual imkanlarının bərabərliyini də nəzərdə tuturuq. Ancaq bu imkanın istifadəsi baxımından bərabərlikdən danışmaq hələ tezdir. Şübhəsiz, zaman keçdikcə bu fərq azalmağa doğ­ru gedir. Hələ xalqın bilik həcmi də onun müasir­li­yi­nin, tərəqqisinin tam göstəricisi deyil. Müasirliyi müəyyən edən şərtlərdən biri də bilik həcminin hansı hissəsinin hə­yat üçün məqsədəuyğun istifadə edilməsidir. Əlbəttə, bü­tün sahələrdən mütəxəssislər hazırlayıb bilik həcmini in­san­lığın bilik həcminə çatdırmaq olar. Çünki bir fərdin nis­bilik nəzəriyyəsini mükəmməl bilməsi, onun mənsub olduğu xalqın bu nəzəriyyəni bilməsi üçün zəmanət de­məkdir.

Vətəndaş sənətkar olmaq üçün xalqların taleyində biliyin rolunu bilmək lazımdır və onu intuisiya – fəhm ix­tiyarına atmaq olmaz, onun çox ciddi və əsaslandırılmış bilik kimi öyrənilməsi lazımdır. Elmi özünə fəaliyyət sa­həsi seçən gənclərin yaşadığı mühit üçün ənənəvi ol­ma­yan, lakin bilik həcmi baxımından çox vacib sahələrdə ix­tisaslaşmaqdan ötrü müvafiq emosional şəraitə böyük eh­tiyac var. Vətəndaş sənətkarlar Mirzə Cəlilin, Sabirin ça­ğı­rışlarını yada salın. Dünyanın, zamanın intellektuallıq ya­rı­şında öz yerini bilmək, xalqların taleyində biliyin rolunu aydın hiss etmək sənətkar yaradıcılığına xüsusi çalar verir, ona yol açır.

Elmin inkişafı texniki tərəqqi vasitəsilə insanı həyat tərzini yeniləşdirməyə, adət etdiyi anlayışların bəzisindən əl çəkməyə, bəzilərini dəyişdirməyə məcbur edir. Öz əlləri ilə yaratdığı yeniliklər onu ilk baxışdan həlledilməz gö­rü­nən suallar qarşısında görür. Beləliklə, sənət, səbəbi tex­ni­ki tərəqqi olan yeni problemlərlə qarşılaşır. Mənə elə gəlir ki, elmin, texniki tərəqqinin bu baxımdan sənətə təsiri öy­rə­nilməmişdir.

Elmin sənətə güclü təsir göstərdiyi yollardan biri də sə­nətdə istifadə olunan texniki vasitələrdir: sənətin bir mə­lumat kimi yayılma vasitələri, yeni rənglər, yeni ma­te­riallar, yeni tembrli səslər və s.

Bu vasitələrin sənət üçün yaratdığı imkan sənətə ye­ni çalar verir, yeni janrların meydana gəlməsinə səbəb olur. Texniki tərəqqi sənəti xalqa daha da yaxınlaşdırır, sə­nət gündən-günə kütləviləşir, kitab sözünə, sənət səsinə eh­tiyacı olanların sayı artan sürətlə çoxalır. Bütün bunlar sənətə, sənətkara necə təsir etməyə bilər?

Dediyimiz kimi bilik, bioloji, sosioloji mühitlərin mükəmməlləşdirilməsi üçün əsas amildir. Bu amilin inki­şa­fındakı hər bir yüksəlişi sənətkar həm cəmiyyət üzvü, həm də sənətkar kimi hiss etməlidir.

“Yaşamaq” anlayışının mənası müasir adam üçün baş­qalaşmışdır. Sənətkara nəyisə təlqin etmək məqsədi ilə yox, onu başa düşmək məqsədi ilə bu məsələ üzərində bir az dayanaq.

Biz olum və ölüm arasında yaşayırıq. Dünyaya gəl­di­yimiz və onu tərk etdiyimiz günlər fərdi-fiziki, fərdi-bio­loji varlığımızın sərhədləridir. Eyni vaxtda dünyaya gələn, eyni vaxtda da onu tərk edənlərdən birinin “yaşı” o bi­ri­ninkindən dəfələrlə fərqlənə bilər. İnsan bilik hesabına öz yaşını dünyaya gəldiyi vaxtdan çox-çox qabağa da çəkə bilər. İnsan bilik hesabına dünyanı fiziki olaraq tərk etdik­dən sonra da yaşaya bilər. Biz gördüyümz hadisələrin çox az bir hissəsini yadda saxlayırıq. Ancaq görmədiyimiz, mə­lumat kimi qəbul etdiyimiz nə qədər hadisələrin şa­hi­diyik. Onların bəzən iki min illik tarixi olur. Yaşadığımız məhəllədə baş verən hadisələrin çoxundan xəbərsizik, ancaq buna fiziki imkanımız var. Buna baxmayaraq, fiziki cəhətdən getməyimizə imkan olmayan aləmlərdə baş ve­rən hadisələrdən belə xəbər tuta bilərik. Beləliklə, insan öm­rünün uzunluğu ala bildiyi məlumatın həcmi ilə öl­çü­lür. Bu məlumatın hansı vasitə ilə alınmasının əhəmiyyəti yoxdur. Bu gün, dünən olmuş hadisə ilə min il bundan qabaq baş vermiş iki hadisənin bu baxımdan fərqi onların xatirə canlılığındadır, ancaq hər ikisi keçmişdir, eyni dərə­cədə əlçatmazdır. Zəmanəmizdə baş vermiş bir hadisənin bizdən necə uzaq olduğu bizi xüsusi hallarda maraqlandıra bilər. Yaşamaq – aləmlə məlumat əlaqəsində olmaq baxı­mın­dan hadisənin hansı məsafədə olmasının heç bir əhə­miyyəti yoxdur. Dediyimiz mənada fiziki yoxluqdan da son­ra yaşaya bilmək gələcəyi görməklə şərtlənir. Bu, intel­lektlə daha çox əlaqəsi olan bir xüsusiyyətdir. İntellekt in­san ömrünü yalnız özü üçün deyil, başqaları üçün də uza­dan əsas xüsusiyyətlərdən biridir. Biz “ölməz sənətkar” ifadəsini işlətdikdə onlara həmişə ehtiyacı olacağını de­mək istəyirik. İntellektin gücü hesabına “yaşamaq” anla­yı­şını belə başa düşənlər bütün zamanlarda olmuşlar. Lakin “yaşamaq” anlayışına belə yanaşmağın kütləviliyi bizim zə­­ma­nəmiz üçün səciyyəvidir. İnsanın fiziki ömür sər­hə­dindən çıxmaq imkanı heç vaxt indiki qədər hüdudsuz ol­ma­mışdır. O özünü təbii imkanların məhdudiyyətindən xi­las edərək zamanda, məkanda sərhədsiz yaşamaq ba­ca­rığı qazanmışdır. Bu imkan hesabınadır ki, müasir insan müx­təlif dövrlərə müxtəlif tərəflərdən birdən-birə baxa bilir, onları müqayisə edə bilir. Hər şeydən əvvəl müasir sə­nətkar, zəmanəmizin bu xüsusiyyətini, müasirlərinin belə bir baxışını nəzərə almasa necə düşündürə bilər, necə inan­dıra bilər?

Sənətkarın aləmi görə bilməməsində təbiət elmlə­ri­nin rolunu klassik sənətkarların misalında göstərmək olar. Onların çoxunun ilk təhsili təbiətşünaslığın müxtəlif sa­hə­lərindən idi və bəziləri üçün təbiətşünaslıq ikinci bir iş sa­həsi olmuşdur. Qədim sənətkarlara gəldikdə isə çox zaman onların alim və ya şair olduğunu müəyyən etməkdə çə­tinlik çəkirik. Əlbəttə, əksər hallarda həm alim – mü­tə­fək­kir, həm də şair idilər. Nizami, Xaqani, Füzuli, Ömər Xəy­yam, Nəsimi sənətkarlıqlarından başqa, həm də öz dövr­lə­rinin elminə dərindən bələd olan alimlər idilər. Biz o dövr­lərin elmlərini çox vaxt sənətkarların əsərləri vasitəsi ilə bər­pa edə bilirik. Başqa sözlə, o dövrün intellektual hə-yatını onların gözləri ilə görə bilirik. Onları zəmanəmizə qədər yaşadan və ölməz edən sənətkarlıqla bərabər, eyni za­manda, fikir yüksəkliyidir.

Dünyagörüşünün bütövlüyü, xüsusilə, qiymətlidir. Şil­ler bunu çox gözəl ifadə etmişdir. “Tamın qırıntısına əbədi bağlanmış adam özü də qırıntıya çevrilir. Hərəkətə gətirdiyi təkərin yekrəng səsini daima eşidərək insan öz varlığının ahəngini inkişaf etdirə bilməz... öz təbiətindəki insanlığın ifadəçisinə çevrilə bilər”.

Sənətkarlar, dünyanı obrazlarla görən gözlərimizdir. Onların fərdi dünyalarında gəzib, dünyanın müxtəlif cə­hət­lərini, qatlarını görüb öz fərdi dünyamızı təkmil­ləş­di­ri­rik. Onlar bizi fikir aləmində gəzdirərkən dünya bizə daha qaydalı, daha mürəkkəb, daha yaşamalı görünür. Bunun üçün sənətkar yaxşı görə bilməklə bərabər yaxşı da göstərə bil­məlidir. Sənətkar bizə dünyanın obrazlı təsviri ilə ya­naşı, bəlkə də ondan daha artıq dünyanı necə görmək la­zım olduğunu öyrədir.

Başqa sözlə, o bizə passiv müşahidəçi kimi deyil, ey­­ni imkanlı bir sənətkar kimi müraciət edir, dünyanı görə bilməkdə özünə qədər yüksəltməyə çalışır. Həm də bizi həll olunmuş misallar, şablon şəkillər əsirliyinə salmadan, yaxşı bir müəllim kimi dünyanı müstəqil görmək, bu sə­yahətə sərbəst çıxmaq cürəti verir.

Sənət bu yolda öz vəzifəsini ən çox semantik mə­lu­mat vasitəsilə yerinə yetirir. Elə bu vəzifəni yerinə ye­ti­rərkən sənətkar yenidən dünyagörüşün imkanı ilə hə­rə­kət edir.

Sənət haqqında elə söhbət varmı ki, orada “təqlid” sözünə rast gəlinməsin. İnsan bütün yaradıcılıq işində tə­biəti təqlid edir desək yanılmarıq. “İnsan təbiəti dərk et­mək, onu təqlid etmək üçün yaranmışdır” – deyən Siseron təqlidi yaradıcılığın məqsədinə qədər yüksəltmişdir. “Təq­lid” sözü ətrafında gedən mübahisələrin bir səbəbi də onun çox ümumi anlayış olmasıdır. Bülbül səsini andıran bir tə­ranə də, muğam da, təbiətdə hazır şəkildə tapılan bir mad­də­nin də, təbiətdə olmayan bir maddənin də laboratoriyada alınması təbiətin təqlididir. Lakin bu təqlidlər arasında bö­yük fərq var.

Gətirdiyimiz misalların bir qismində təqlid olunan tə­biətin yaradıcılıq məhsuludur. Bir qismində isə təbiətin ya­radıcılıq yolu təqlid olunur. Sənətkar təbiətin özü kimi iş­ləməyə, yaratmağa çalışır. Birinci mənada, təqlid heç bir dövrdə sənətin məqsədi olmamışdır. Az və ya çox də­rə­cə­də təbiətin yaradıcılıq məhsulları sənətkar üçün vasitə ro­lu­nu oynamışdır. Elmi dildə desək, sənət əsəri rəmz, göz, dil rolunu oynamışdır.

Bu münasibətlə Götenin bir fikrini yadınıza salmaq istərdim. O deyir: “...ancaq ideyanın rəssamı sənətkardır”. Dahi alman şairi özü ideyanın rəssamı idi. Faust, Me­fis­tofel, Marqarita, Voqner və s. kimi obrazlar ma­hiy­yə­tin ifa­dəsi üçün bir vasitəçi rolunu oynamışlar. Böyük sə­nət­kar öz ideyalarının rəsmini bu boyalarla çəkmişdir. Təbiəti yük­sək səviyyədə təqlid etmək üçün, “ideyanın rəs­samı” ol­maq üçün dünyagörüşünün genişliyi lazımdır. Göte hə­yatı, yaradıcılığı və dünyagörüşü ilə buna ən yaxşı mi­sal­lar­dan biridir. Bir qayda olaraq istedadlar sənətkarlıq sirlə­ri­nə yiyələnməyə təbiəti və böyük sənətkarları öyrən­mək­dən başlayırlar. Bəs təbiət və sənətkarlar necə öyrənil­mə­lidirlər? Bu sualın geniş cavabı məqsədimizdən xeyli kə­nardır. Ancaq belə bir qısa cavabla kifayətlənək: birinci növ­­bədə, keçmiş və müasir sənətkarların yaradıcılıq yo­lu­nun ümumi cəhətlərini aşkar etməliyik. Rafael və ya Fü­zulini dərindən öyrənib təqlid etməklə onlardan böyük sə­nət əsəri yaradan bir nəfər də göstərilə bilməz. Eləcə də tə­biəti olduğu kimi təkrar edib onun özündən yüksəyə qalx­­maq mümkün deyil.

Hər hansı bir dövrə məxsus böyük sənətkar dedikdə gözümüzün qabağına fikrində, şəxsiyyətində təzadlar toq­quşan bir istedad gəlir. Bizi, birinci növbədə, sənətkarın bu təzadlara hansı yüksəklikdən baxa bilməsi, onlara mü­nasibəti, orada görə bildiyi qayda və onun səmimi ifadəsi ma­raqlandırır. Ola bilər ki, bu təzadlar öz-özlüyündə bi­zim üçün kəskinliyini itirmiş olsun. Əsas məsələ bunda de­yil. Sənətkar öz könül çırpıntılarının səmimi ifadəsini ta­parsa, o əks-sədasız qala bilməz. Belə bir səmimiyyətin ol­­mamasından və yalnız müşahidələrlə qondarılması üzün­dən çox kitabın qatı açılmır, çox şəklin qarşısında dayanan olmur, çox musiqi radionu bağlamağa vadar edir.

Sənət texnikasına bələd başabəla sənətkar isə dün­ya­ya sanki öz fərdi gözləri ilə yox, müasir hesab etdiyi ta­maşaçı gözü ilə baxır. Sənətin bəlası olan təqlid buradan meydana çıxır. Belə bir təqlidin məhsulu olan əsərlərin klas­sik Avropa sənətində ancaq çeşni kimi əhəmiyyəti var­dır. Müasir sənətə gəlincə, məsələ tamamilə başqadır. For­ma öz mahiyyətindən çıxmadığı üçün mahiyyətə enə bil­mir və formal xarakter daşıyır. Belə bir təqlid bilmədiyin əcnəbi dillərdən birini yamsılamağa bənzəyir. Bu cür yam­sılama isə ancaq gülüş doğurur.

Hacı Qara silahlanmaqla quldurları təqlid etdiyi üçün gülüş doğurur. O, igidləri mahiyyətcə təqlid etsəydi, yə­ni Heydər bəylə çiyin-çiyinə “şücaət göstərməyə” daxi­lən hazır olsaydı, bu heç bir gülüşə səbəb olmazdı. Əksinə, onun zəmanə ilə ayaqlaşa bilməyən faciəli təbiətinə acı­yar­dınız.

Məktəb yaşlı uşaqların əksəriyyəti kimi mən də “əsər”lər yazar, “tablo”lar yaradardım. Əlbəttə, hələ o za­man bir çox sənətkarın əsər yaratmaq üçün öz mühitinə müraciət etdiyini bilirdim. Lakin mənim belə “əsərlərim” nə­dənsə həm çətin yazılır, həm də çətin başa düşülürdü. Mən tezliklə “əsərlərimin” mövzusunu Aralıq dənizi sa­hil­lə­rindən, “rəsmlərimin” mövzusunu isə Bibliya əhvalat­la­rın­­dan götürdüm. Tanışlarımın ümumi fikrinə görə məndə böyük qabiliyyət var idi. Ancaq nədənsə yaradıcılığım nə on­ları, nə də özümü həyəcanlandırırdı. Mənim “dramla­rım­da” odlu sözlər söylənilir, qəhrəmanın başına ağır mü­si­bətlər gəlirdi və mənə elə gəlirdi ki, yazılarımın ayrı-ayrı yerləri hətta Nizaminin və Cəfər Cabbarlının əsərlərindən yaxşıdır. Hələ İsa peyğəmbərin başına gələn əhvalatları əks etdirən şəkillər! Onlar kəndimizdə divara vurmaq üçün işlənmiş tikmələrdəki şəkillərdən çox “mükəmməl” idi. Əl­bəttə, mənim “yaratdıqlarım” başqalarının xoşuna gəl­mə­­yəndə bunu başa düşülməzlik kimi qəbul edirdim. İsa pey­ğəmbəri əks etdirən şəkilləri qonşu kənddən olan er­mə­ni dostuma bağışladım. Lakin orada da bir kəsin hey­ranlığına səbəb olduğunu görmədim. Bir sözlə, aydınlaşdı ki, məndə yaradıcılıq istedadı yoxdur. Adi şeylərdə qeyri-adilik görə bilmirdim. Ona görə də qeyri-adi mövzulara əl atırdım. İndi əsərə müasirlik libası geyindirmək, onu “müasir­­lərə” cazibədar donda göstərmək üçün in­tel­lek­tuallıqla bağlı sözlər işləndiyini, səs, söz, rəng, forma dissonanası yaradaraq gözə kül üfürüldüyünü gördükdə öz “yaradıcılığım” yadıma düşür.

Sənətkar öz bədii fikrinin ifadəsi üçün vasitə seç­mək­də azad olmalıdır. Bu vasitənin bədii fik­rə münasibliyi başqa məsələdir. Lakin sənətkar belə bir vasitə kimi real təbiət obyektlərindən isti­fa­də etdikdə onun mahiyyətcə fərq­li olmayan, lakin özünə az tanış olan obyektlərə üs­tünlük ver­məsi qə­ribə deyilmi? Fərz edək ki, rəssam yara­dıcılığını müəyyən müddət Odlu torpaq adalarına həsr et­miş­dir. “Bədii məqsəd belə tələb etmişdir” – deyilə bilər. An­caq bu hansı bədii məqsəddir ki, rəs­sam öz mühitində ona münasib ifadə vasitəsi tapa bilməmiş və bu qədər uzaq­lara müraciət etməli olmuşdur?

Məsələ rənglərin, səslərin ahəngindədirsə, necə ola bi­lər ki, sənətkar göz açdığı mühitdə ahəng üçün ifadə va­sitəsi tapa bilmir, onu bir-iki aylıq ezamiyyətdə olduğu bir diyardan gətirir. Sənətin məqsədi ekskursiya deyildir. Bi­zim başqa ölkələr haqqında təsəvvürümüzü zəngin­ləş­dir­mək üçün daha yaxşı imkanlar var. Əgər məqsəd sənət­ka­rın dünyada nəyi gördüyünü göstərməkdirsə səyahət ədə­biy­yatı, səyahət filmləri, fotoalbomlar daha çox şey gös­tə­rə bilməzmi?

Gürcüstanın xalq rəqs ansamblının və Aleksandrov adına Sovet Ordusu xorunun İngiltərədə böyük müvəf­fə­qiy­yətlə çıxışlarının şahidi olmuşam. Gürcüstanın xalq rəqs ansamblının konsertinə mən bir neçə tanışımı da dəvət etmişdim. Bu kollektiv haqqında çoxdan eşitmiş­dim­sə də ilk dəfə idi ki, onun çıxışına tamaşa edirdim. On­lar birinci nömrələrindən sonuncuya qədər tamaşaçıların tə­səvvür etmədiyim heyranlığına səbəb oldular. Çox qə­ribə idi: musiqi müşayiəti qara zurna və qarmon, başqa sözlə, gürcü şənlik məclislərində işlənən adi çalğı alətləri idi. Əlbəttə, gürcü qardaşları istəsələr müasir çalğı alət­lə­rinin hamısından istifadə edən orkestrlə, repertuar zəngin­liyi ilə ingilisləri heyrətləndirə bilərdilər. Heyran etmək isə bu yolla mümkün deyil. Böyük miqyas, mürəkkəbliklə bağ­lı zənginliklə, bir-biri ilə az əlaqəli oyunları ifa et­məklə, tamaşaçı qəlbinə yatmaq cəhdi ilə ancaq hey­rət­lən­dirmək olar.

Aleksandrov adına xorun repertuarı isə rus xalq mah­nılarından ibarət idi. Bu gözəl mahnıları ingilis də, hindli də, türk də öz mahnısı kimi heyranlıqla dinləyirdi. On­ların heç birində ingilis və ya başqa Avropa tərzinə uy­ğun­laşma cəhdi duyulmurdu. Xor ingilis mahnısı da oxu­du. O da alqışlarla qarşılandı. Lakin bu alqışlar tama­milə baş­qa mənalı idi. Bu ifa ingilis xalq mahnılarına, ingilis musiqisinə hörmət idi. Hər iki kollektivin müvəffəqiy­yə­ti­nin səbəbi çox aydındır. Onlar özlərini olduqları kimi gös­tər­məyə, yabançı görkəmə düşməməyə çalışırdılar. Sənət­də səmimiyyəti rəng və musiqiyə bənzətmək olar. Onu tər­cü­məsiz hamı başa düşür. Başqa xalqların sənətinə bizim də münasibətimiz belədir.

Sənətdə özündən uzaqlaşma, yabançılaşma psevdo­müasirliyə, əldəqayırma universallığa gətirib çıxarır. Bu qay­da ilə bəziləri milli sərhədi aşmaq istəyir, lakin heç öz çərçivəsindən də çıxa bilmir. “Dil” sözünü, “pərdə” (lad) sö­zünü ümumi mənada işlətsək hər sənət formasının öz dili, öz ladı var. Biz bu əlamətə görə bir qaynağa mənsub əsər­ləri seçə bilirik. Müxtəlif dillərin, ladların qarışdırıl­ma­sı, eklektika sənət əsəri üçün vacib ahəng birliyini po­zur. İki və ya üç dilin sözlərindən, qrammatikasından süni su­rətdə yeni bir dil yaratsaq bu özünü doğruldarmı? Əl­bəttə, dil inkişaf etməlidir. Lakin bu inkişafı öz kökündən ayrılmaq kimi başa düşmək olmaz. Hər dilin özünəməxsus inkişaf yolu, inkişaf qanunları var. Bu qanunlar bizə qədər olan inkişafı izləməklə müəyyən olunur. Sənət dilinə sa­diqlik bu yolla əldə edilə bilər.

Bu münasibətlə öz vətəninin və yüzillərin sərhədini aşa bilmiş sənətkarlardan birinin sözlərini yadınıza salmaq istərdim. “Böyük Homer latınca yazmırdı, ona görə ki, yu­nan idi. Vergili də yunanca yazmırdı, çünki romalı idi. Sö­zün qısası, bütün qədim şairlər analarının südü ilə yoğ­rul­muş dildə yazırdılar və öz yüksək fikirlərini ifadə etmək üçün əcnəbi dilə müraciət etmirdilər. Buna görə də bu adəti bütün xalqlara yaymaq lazımdır ki, qoy alman şairi, elə də kastiliya, bask şairləri öz dillərində yazmağı öz­lə­rinə alçaqlıq bilməsinlər”. Ölməz Servantesin bu sözləri bü­tün mənalarda bütün sənət dillərinə aiddir.

Əlbəttə, yayılmış sənət dilində əsər yaradaraq baş­qa­la­rına tanış olmayan bədii vasitələrlə başa düşülmək bö­yük ustalıq istəyir. Əsil sənətin başqa yolu yoxdur. Alman xalq musiqisinə istinadən alman musiqi mədəniyyətinə ümumdünya şöhrəti qazandıran Bethoven filosof idi.

Bəzilərinə elə gəlir ki, müasirlik üçün ya elmdən, ya da elm adamlarının həyatından danışmaq lazımdır. Əsərdə alimlərlə nadanların vuruşması, ya da alimlərin təbiətlə mübarizəsi təsvir olunur. Belə əsərlərdə alim və elm haq­qın­da bütün səthi müşahidələrdən, ucuz məzhəkələrdən, elmdə hər yerdən az olan pafosdan bol-bol istifadə olunur.

Elmlə sənətin belə calanması heç biri üçün gərək de­yil. Bir-birinə sərhədsiz keçən duyğulardan yaranmış bədii şəkil fikirlə yox, fikir təsiri altında yarandıqda məqsədə da­ha yaxşı xidmət edir.

Bədii əsərin elm aləmindən, alimlərdən bəhs etməsi elmin kütləviləşməsinə kömək edə bilər, lakin bu, bədii dəyəri heç də artıra bilməz.

Müxtəlif dövrlərdə, müxtəlif şəkillərdə “sənətkar dövrün övladıdır” fikrinə rast gəlirik. Adi mənada bu bir tri­vial həqiqətdir – hamı dövrünün övladıdır. Əslində bu fikir belə başa düşülməməlidir.

Hər dövrün özü üçün səciyyəvi ictimai problemləri var. Fərdi məsələlər dövrə məxsus rəng alır. Ancaq bir dövrdə müxtəlif dövrlərin problemləri ilə yaşayan adamla­ra rast gəlmək mümkündür. Buna görə də biz tez-tez “o daş dövrünün adamıdır”, “gərək yüz il sonra dünyaya gə­lər­di”, “gərək yüz il bundan əvvəl anadan olardı” və s. ki­mi ifadələr eşidirik.

Dövrünün övladı adına layiq görülmüş şəxsiyyətlər üçün ümumi cəhət budur ki, onlar öz ömürlərinin əsas mə­na­sını ya dövrləri üçün zəruri olan, lakin özlərindən qabaq qoyulmuş bir məsələnin həllində, ya da dövrün ziddiy­yət­lərini təhlil edib onu həll oluna biləcək şəklə salmaqda görmüşlər.

İllər, əsrlər keçir, zəmanəni böyük sənətkarına görə ta­nıyırlar (Nizami dövrü, Şekspir dövrü, Puşkin dövrü...)

Bir nəşriyyatdan aldığı sifarişə görə Eynşteynin yaz­dığı tərcümeyi-hal çox maraqlıdır. İlk baxışdan burada Eyn­şteynin bilavasitə özünə aid olan az şey vardır. O, baş­dan-başa yeni fizikanın bioqrafiyasıdır.

Əslində bu, tamamilə təbii haldır. Axı, Eynşteynin ömür yolunu yeni fizikanın tərcümeyi-halından necə ayır­maq olar?

Vətənin dərdləri sualları ilə yaşayan, ömrünü onların həllinə qurban verən bir vətəndaşın tərcümeyi-halı vətənin tərcümeyi-halının bir parçasıdır.

Zamanın problemləri ilə yaşayan insanın tərcümeyi-halı zamanın tərcümeyi-halıdır.

Dünyagörüşü geniş sənətkarların arzusu arzulara çev­rilir. Yalnız belə sənətkarların oxucusu, tamaşaçısı dün­­­ya­ya sənətkar arzusuyla baxa bilir və bu baxımın onun şəxsiyyətinin formalaşmasına təsiri olur. Qabaqda de­di­yi­miz kimi, bu arzu ictimai fəaliyyətlərin səbəbi olan dün­yanı istənilən kimi görmək arzusudur. Şirin bir arzunun möv­cudluğu hələ əməl üçün azdır. Bu arzuya haqqın ol­duğuna inam da yaradılmalıdır. Dünyagörüşün böyük payı olan bu inam yaradıcının özündə olmasa o həmin inamı oxucusuna, tamaşaçısına necə təlqin edə bilər?

Müasir dünyagörüşü, biliyə söykənmiş sənət fəaliy­yə­ti fərdi mənafe çərçivəsindən çıxaran qüvvədir. Bu işi di­daktik tövsiyyə də görə bilər. Lakin birincinin üstünlüyü mü­qayisəolunmaz dərəcədə yüksək emosiya yarada bil­mə­sindədir, emosiya vasitəsi ilə inandıra bilməsindədir. Sə­nət, bizə arzularımız içərisindən həyata layiq arzunu seç­mə­yə kömək edir.

Fikirli duyğulara əsaslanan sənətin vəzifəsi arzu do­ğurmaq, bu arzuya haqqımız olduğuna inam yaratmaqdır. Sənət, eyni zamanda, bu arzunu həyata keçirmək üçün la­zımi qədər qüvvətli olduğumuza bizi əmin edir. İnsan sə­nət aynasında öz böyüklüyünü görür. O, böyüklüyünə inan­madan böyük işlər arxasınca gedə bilməz. İnsanın tə­biəti belədir. Yalnız böyük işlər arxasınca gedərkən insan in­sana yüksək mənalı ehtiyac hiss edir, özünü insanlığın bir hissəsi kimi görə bilir. İnsan öz fəaliyyəti ilə zamanın ic­timai şəklinin elementi olur, öz yerini tapır, necə deyər­lər, özünü tapır. Amerika pedaqoqları belə bir təcrübə aparmışlar: eyni qabiliyyətə malik iki qrupa göndərilən müəl­limlər aldadılmışdır. Onlara bir qrupun o birindən üs­tün olduğu xəbər verilmişdir və eyni məsələnin həllində bu qrupların müvəffəqiyyəti yoxlanılmışdır. Nəticədə “qa­biliy­yətli” qrupda müvəffəqiyyət böyük olmuşdur. Sadəcə olaraq, bu qrupda uşaqlar müəllimlərin onlar haqqında yax­şı fikirdə olduqlarını hiss etmişdilər. Xalqa inanmadan onun sənətkarı olmaq olmaz. Sən özün ona inanmırsansa onda özünə necə inam yarada bilərsən? Buna görə də, sə­nətkarın gözləri xalqın müvəffəqiyyətsizliyində belə mü­vəffəqiyyətə aparan bir iz görməyə qadirdir.

Bu iz onu qaldırmaq üçün istinad nöqtəsi olacaqdır. Bu məsələ böyük sənət nümunəsi olan xalq yaradıcılığında necə də gözəl həll edilmişdir. Burada qəhrəmanlıq əl çat­maq deyil. Adi adam da qəhrəman ola bilər. Xalq özünü ge­ri qaldığı üçün lağa qoymur. Bu, ümidsizlikdən başqa nə verər. Böyüklüyünə ümid yaradılmamış kiçikliyinə gül­dür­­məklə insanı düzəltmək olmaz. Bütün insan çir­kin­lik­lə­ri toplanmış bir obraz xəyalınıza gətirin. Bu, çirkin bir şe­yin şəklini divardan asmaq kimidir. Belə bir bədii portret xo­şa gələrmi? Əlbəttə, yox! İndi də təsəvvür edin ki, ob­razın çirkinlikləri onun öz dilindən etiraf kimi verilib. Siz burada xoşagələn bir şey hiss edəcəksiniz. Bu, insanın so­nuncu böyüklüyü olan etirafdır. Bütün təsvir edilən çir­kinliklərə baxmayaraq etiraf sizdə ümid doğurur, siz “yenə də insan!” – deməyə məcbur olursunuz. Xeyir – şər, sevgi – nifrət, yaxşı – pis bütün sənət əsərlərinin əsas mövzusu olmuşdur.

Sərhədsiz münasibətlər içərisində sevgi bizi işıq ki­mi cəlb edir. Biz onun tərəfdarı olur, ona haqq qazan­dı­rı­rıq. Yaxşı da belədir. O da fon deyilsə işıq kimi nəzəri cəlb edir. Onlar fona nisbətən çox-çox kiçik də olsalar in­san­­lığı arxalarınca aparan işıqlardır və onlarda güclənmək xassəsi var. Onlar öz azlığı ilə üstün gəlirlər.

Səbəbi çox sadədir. Pislərin birliyi bir nöqtədə oldu­ğu halda, yaxşıların birliyi bütün nöqtələrdədir. Pis, yax­şı­ya əks olduğu qədər də pisə əksdir. Beləliklə, istər fərdi aləmdə, istərsə də cəmiyyətdə qorxulu yaxşının, məhəb­bə­tin azlığı deyil, onların yoxluğudur.

Qaydasızlığın hamısı kimi pisliyin sifəti yoxdur, əqi­dəsi yoxdur, o yaşamaq üçün yaxşı əqidə ilə maska­lanmalıdır. Bütün bu hissləri bizdə doğuran fikirli sənətdir.

Yuxarıda gətirdiyimiz misallarla mən sənətin müx­tə­lif cəhətlərdən dünyagörüşü ilə təmasını göstərməyə çalış­dım. Bu təmasların hər biri ayrılıqda müzakirə olunacaq qə­dər böyük və ciddi məsələlərdir. Lakin bunlar sənətə qiy­mət vermək və onun təhlili ilə məşğul olmaq fikrinə dü­­şən istedadlı gənclərdə sənət məsələlərində dünya­gö­rü­şün böyük roluna inam üçün kifayətdir.

Geniş dünyagörüşü olan rəssamın tablosuna tamaşa edin. O, sizin üçün dünyaya açılmış bir pəncərə olacaq. Siz orada bir dərinlik görəcəksiniz. Dünyagörüşü geniş olan hər bir sənətkarın əsəri belədir. Siz orada müəmmalı heç bir şey görməyəcəksiniz. Hər şey sadə və yığcamdır. Lakin bu sadəlik sizi bir dərinliyə aparacaq, zəngin bir alə­mə müşayiət edəcək. Dünyagörüşü məhdud olanların tab­lo­sundan o tərəfə keçmək mümkün deyil, siz ancaq onun dediyi və çəkdiyini görə bilərsiniz. O, işarələr, o sözlər ar­xa­sında özü də heç bir işıq, genişlik görmədiyi üçün, daha doğ­rusu, onların arxasında dünyagörüşü durmadığı üçün siz də ürəyəyatan bir şey görməyəcəksiniz.

Bilik həcmi gündən-günə genişlənən dünyamızda be­lə bir dünyagörüşü necə əldə etmək olar?

Bütün bioloji əlamətlər kimi yaradıcılıq üçün zəruri xü­susiyyətlərin hamısı irsi deyildir. Bilik həcmi biliklər, söz­lər vasitəsilə qazanılır. Söz ancaq, fərdlərin bir-birini ba­şa düşməsi üçün deyil, həm də nəsillərin nəsilləri başa düşməsi üçün lazımdır.

Biz yetkinlik yaşına çatana qədər birhüceyrəlidən bu vaxta qədər keçilmiş təkamül prosesini təkrar edirik. 6-7 ­­yaşlarından yetkinliyə qədər isə insanın bilik təkamülünün təkrarı gedir. On il, on beş il böyüklərlə yanaşı “qaçdıq­dan” sonra bilik estafetini onlardan qəbul edib irəli apa­rı­rıq. Lakin bu 10-15 il bizi elmin əsrlər boyu əldə etdiyi ən əsas nailiyyətlərlə ümumi şəkildə tanış edir. Təhsil bu müd­dətlə qurtarmır. Təhsil insanın ömrünün sonuna qədər davam edir və davam etməlidir.

Keçmişə doğru getdikcə elm və sənət arasında sər­həd itir və çox vaxt eyni şəxsiyyətdə hər iki sahənin bir­ləş­diyini, bir əsərdə elmin sənətlə qəribə birliyini görürük. Bu, keçmiş haqqında biliyimi­zin azlığının nəticəsi deyil. Ali­min sənətkardan ayrılması həm sənətin, həm də elmin bu­daqlanması zəmanəmizə doğru inkişaf edən bir meyl ol­muşdur. Bu insanın aləm haqqında biliyinin artması, ge­niş­lənməsi, yeni görmə və ifadəetmə üsullarının meydana gəlməsinin zəruri nəticəsidir.

Qalileyə qədər əldə edilən biliklərin əksəriyyəti pas­siv müşahidələr və məntiqi mühakimələrin nəticəsi idi. O vaxtdan indiyə kimi əldə edilən biliklər, demək olar ki, fəal müşahidələr, təcrübə şəklində təbiətə verilən suallar, in­­sanın təbii hissetmə adi teleskopdan başlamış müxtəlif sürətlən­diri­cilər, radioteleskoplar və müasir elm cəbbə­xa­na­sını dolduran yüzlərcə cihazla əvəz olunması hesabına əl­də edilmişdir. İnsan təbii imkanları ilə təbiətin çox-çox məh­dud hissələrini görə bilirdi. İndi o bilavasitə ən uzaq qalaktikalardan elementar zərrəciklər arasındakı aləmə ta­ma­şa edə bilər.

İndi Aristotel, İbn Sina, Tusi, Leonardo do Vinçi, Lomonosov olmaq mümkündürmü?

Şübhəsiz yox! Təəssüf ki, yox! Kimya sahəsində çı­xan jurnalların hamısı ilə heç kimyaçı da tanış ola bilmir. O ancaq kimyanın müəyyən sahəsini, bilavasitə işlədiyi məsələlərə aid yenilikləri izləməyə qadirdir.

Başqa sahələr də belədir. Məsələ təkcə məlumatın həc­mində deyil. Əsas çətinliklərdən biri də spesifik və şər­ti dil çətinliyidir. Siz fizika və ya kimyaya aid bir məsələni oxu­yub anlaya bilməyəcəksinizsə, bu hələ sizin həmin sa­hə­də qabiliyyətsiz olduğunuzu göstərmir. Məqalə azərbay­canca yazılmış olsa da, oradakı sözlər adi mənada işlən­mə­­mişdir. Onların tamamilə müəyyən və məhdud mənası var. Elm dəqiqləşdikcə bu məhdudiyyət daha da artır.

Fizikada qüvvə cismə hərəkət təcili verən səbəbə de­yilir. Nə artıq, nə də əskik. Ümumi dildə qüvvə sözünün mə­nası genişdir. Eləcə də başqa sözlər. Başqa ciddi bir çə­tinlik tamlıq məsələsidir. Siz istədiyiniz bədii əsəri başqa­la­rından asılı olmayaraq oxuya bilərsiniz. Lakin elmi mə­qa­lələr belə deyil. Sizin təsadüfən seçdiyiniz məqalə əgər, doğ­rudan da, elmi məqalədirsə, bu çox böyük söhbətin – çoxdan başlanmış söhbətin bir hissəsidir. Söhbətin əvvə­lin­dən xəbərsiz kiçik bir hissəni anlamaq asan ola bilməz.

Dünyagörüşün genişləndirilmə yollarından bəzilərini – aşağıdakıları göstərmək olar.



  1. Bizim təhsil sistemindən doğru istifadə etmək.

Hələ aşağı siniflərdən şagirdlər arasında ixtisaslaşma başlanır: texniki fənlərə gedənlər, ictimai fənlərə gedənlər. Əslində burada bir pis şey yoxdur. Lakin bu məqsədlə eh­ti­yatsız atılan addımlar çox zərərlidir. İctimai səhəyə ge­dən­lər bütün texniki fənlərdən əl çəkib, ona bir yük kimi baxırlar. Əslində isə burada, orta məktəbdəki imkandan – texniki elmlər üçün ayrılmış imkandan səmərəli istifadə edil­məlidir. Çünki ali məktəbdə belə ardıcıl imkanı tap­maq çətindir. Bu cəhətdən texniki fənlərə gedənlərin vəziyyəti yaxşıdır. Onlarda ədəbiyyata maraq öz-özlü­yün­də yaşamaqla ictimai bilik ali məktəbdə davam etdirilir.

  1. Kütləvi kitablar, kütləvi elmi jurnallar dünya­gö­rüşün, biliyin artırılmasının digər vasitələrindəndir.

Elmi kitabları qalınlaşdıran, mürəkkəbləşdirən əs­lində elmi həqiqətin alınma yollarının təsviri, onun hə­qi­qiliyinin, sübutunun müzakirəsidir. Bu həqiqətləri aydın tə­səvvür etmək lazımdır. Belə bir biliyi elmi-kütləvi kitab və jurnalları oxumaqla, elmi söhbətlərə qulaq asmaqla əldə etmək olar. Elə bu cür ədəbiyyat da eyni məqsədi güdür.

Yüklə 366,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə