Xudu Məmmədov. Qoşa qanad Ön söz



Yüklə 366,8 Kb.
səhifə4/4
tarix04.11.2017
ölçüsü366,8 Kb.
#8436
1   2   3   4

Son söz
Elmlə sənətin əlaqəsi haqqındakı söhbətimiz sona ça­tır. Mən istəməzdim ki, oxucu buradakı mühakimə və mü­lahizələri təhlilə, tənqidə ehtiyacı olmayan hökmlər kimi qəbul etsin. Yazıya belə bir oxucu münasibəti söh­bətimizin ruhuna zidd olardı. Ancaq çox istərdim ki, oxu­cu müəllifin xeyirxah bir məqsəd güddüyünə inansın.

Elə bir müasir adam tapılmaz ki, onun sənətlə elmin əlaqəsinə öz münasibəti olmasın. Bu söhbət belə müna­si­bətlərdən biridir və daha ciddi, elmi araşdırma üçün bir stimul olacağına ümidimin doğrulmasını ən böyük müvəf­fə­qiyyətim sayırdım.

Elmin sənətə təsirini işıqlandırmaq arzusu ilə gətir­di­yim misallardan çıxarıla biləcək nəticələri aşağıdakı şə­kildə qruplaşdırmaq istərdim. Əslində onlar nəticədən çox açıl­masına ehtiyac duyulan suallardır.

Hər şeydən əvvəl, elm-bilik sənətkarda müasir dün­ya­görüşünun formalaşması üçün zəruridir. Elmin nailiy­yət­ləri ilə ümumi tanışlıq sənətkar düşüncəsini insan – tə­biət, insan – insanlıq, insan – insan, isan – həyat və s. kimi münasibətlərin müasir problemləri təsiri altında saxlayır. Çox halda belə problemləri hamıdan qabaq sənətkar du­yur.

Müasir estetika, sənətşünaslıq, bədii tənqid ictimai elmlərin inkişaf etməkdə olan vacib qollarıdır. Elm sənətə, sənətkara bu qollar vasitəsi ilə təsir edir. Elmin bu sa­hə­lə­rinin rolunu yalnız şərhçilikdə, müşahidəçilikdə və təh­lildə görmək səhv olardı. Əlbəttə, sənətkarın bu sahələrdə ta­nış­lığının onun yaradıcılığına təsirini açmaq bütün hallarda asan deyil. Əksinə, belə bir tanışlığın olmamasının təsirini gör­mək daha asandır. Bir qayda olaraq, görkəmli sənət­kar­lar həm də elm sahələrini inkişaf etdirmiş olurlar və hər bir sə­nət əsəri yeni sənət meyarı ilə birlikdə yaranır.

Elm, bilik sənətin xidmət göstərdiyi insanları dəyiş­dirir. Emosional mühitə ehtiyac həm kəmiyyət, həm də key­fiyyətcə dəyişir. Elmin sənətə təsir yollarının biri də budur. “Atom əsrində sənət necə olmalıdır?” kimi sualları mey­dana atan səbəb bu təsirdir.

Elm, bilik sənətin texniki vasitələrini dəyişdirir, da­ha doğrusu, zənginləşdirir. Elm, texnika, sənət əsərlərinin bir məlumat kimi yayılma vasitələrini keyfiyyətcə yeni­ləş­dirir, oxucu, dinləyici, tamaşaçı sənət əsəri ilə tamamilə ye­ni şəraitdə, yeni tərzdə tanış olur: radio, televiziya, kino, maqnitafon, və s. Bu texniki yeniliklər yeni sənət janr­la­rının meydana gəlməsinə səbəb olur. Başqa tərəfdən belə vasitələr sənətin kütləviləşməsinə kömək edir. Sənət, tex­niki tərəqqidəki inqilabların təsirindən azad deyil. Buna, sə­nəti kiçildəcək bir təsiri kimi yox, onun inkişafına yeni tələb qoyan təbii bir hal kimi baxmaq lazımdır.

Elm, bilik sənətkara ağılın gözləri ilə görünən alə­min üfüqlərini açır. Aləmin bilavasitə gözlə görünən his­səsinin zənginliyi onun ümumi zənginliyinin çox kiçik bir his­səsidir. Aləmin genişlən­məsi isə sənətə təsirsiz qala bil­məz. Müasir elmi fantastikanın xeyli hissəsi, kosmik möv­zular, riyazi asılılıqlardan təsviri sənət mövzuları kimi is­tifadə və s. bu təsirin hələ ilk əlamətləridir.

Elmlə tanışlıq biliyə inam yaradır. Bu inam insana, onun gələcəyinə inamdır. Sənətkarın hissinə əsaslandığı ina­mın üstünə belə bir inam da gələrsə onun yaratdığı əsər heyran etməklə bərabər, daxili məntiqi, dərinliyi, ciddiliyi ilə heyrətləndirə də bilər.

Elmin sənətə təsirinin mahiyyəti sənətin elmə təsi­rin­dən çox-çox mürəkkəb olduğunu nəzərə alaraq, belə bir tək­rarı lazım bildim. Ali məktəb illərindən bu günə kimi elm adamlarının sənətə münasibəti ilə onların elmdə mü­vəf­fəqiyyətləri arasındakı uyğunluğun səbəbi mənim üçün ma­raqlı bir sual kimi qalmışdır. Bir qayda olaraq, istər təhsildə, istərsə də elmi işdə orijinal müvəffəqiyyət qaza­nan­ların sənət həvəskarları olduğunu müşahidə etmişəm. Bu adamların çoxunda sənətə ehtiyac o qədər böyük olub, o qədər sənəti duya biliblər ki, tanıyanlar onları “sənət üçün itirilmiş adamlar” hesab edirlər. Belə itki ağrı gə­tirmir. Qoy həmişə elmin itirdiyi adamları sənət, sənətin itirdiklərini elm tapsın. Bəlkə də belə hallarda kimin ha­ra­da olmasının əlverişliliyini dəqiq təyin edə bilmə­məyi­mi­zin mübhəm bir əhəmiyyəti var. Bir neçə il bundan qabaq iki şəxsiyyətin yuxarıda göstərdiyim qanunauyğunluqdan kənara çıxması məni darıxdırırdı. Bunlardan biri müasir fizikanın yaradıcılarından olan alman alimi Heyzenberq idi. Lakin fizikanın ümumi məsələlərinə həsr etdiyi bir ki­tabını və bir neçə məqaləsini oxuyandan sonra onun tə­biət­cə şair olduğuna şübhəm qalmadı.

İkinci böyük şəxsiyyət alimimiz Yusif Məmmə­dəli­yev idi. Bəlkə də onun sözə qənaətcilliyi sənətə müna­si­bə­tini kənar adamlardan gizli saxlayırdı. Belə böyük alim, gö­zəl insan (mən bu sözləri öz müşahidələrimin nəticəsi ki­mi deyirəm!) sənətə necə laqeyd ola bilər! Sonra onun həmyaşlarından öyrəndim ki, Yusif Məmmədəliyev də bö­yük sənət pərəstişkarı imiş! Beləliklə, elm üçün istedadlı kadrlar seçilməsində, sənətə münasibət bəlkə də bir meyar kimi istifadə oluna bilər.

Mənim iştirak etdiyim aspirant, kiçik elmi işçi attes­ta­siyalarında, bir qayda kimi, öz elmi işinə marağı olma­yanların sənətə ancaq utilitar münasibət bəslədiklərinin şa­hidi olmuşam.

Fikrimizə incəlik verən, onu dağ çayları kimi coş­qun, iti, gözlənilməz döngəli, şəlaləli edən sənətin təsiri el­mi­mizin inkişafı üçün son dərəcə lazımdır. Sənətin in­kişa­fı, çiçəklənməsi dünya elminin tərəqqisi və onun insan­lı­ğın xeyrinə yönəldilməsi üçün lazımdır. Sənət insanı həm “ağıl artıqlığı”, həm də ağıl azlığı bəlasından qoruyan va­si­tədir. Sənət bizi peşə, məşğələ əsirliyindən qurtarır, gö­zü­müzdə dünyanın sxematikləşməsinə imkan vermir, daxi­li – psixoloji bütövlüyümüzü, xarici aləmlə sağlam vəh­də­ti­mizi saxlamağa kömək edir.

Müasir elmin sənəti zəifləşdirdiyini, “intellekt sahib­ləri” üçün sənətin az əhəmiyyətli olduğunu eşitdikdə, necə deyərlər, matım-qutum quruyur. Elə bil, sənətin vaxtı ilə mey­dana gəlməsinin səbəbi elmin zəifliyi olmuşdur. Sənə­tin və ya elminmi insan üçün daha vacib olması sualı da gülüncdür. Bu suyun və ya havanınmı insan üçün daha va­cib olması sualına oxşayır.



Elm və sənət insan mədəniyyətini yüksəklərə qal­dı­ran qoşa qanaddır. Quş tək qanadla uça bilməz. Uçuş, yük­səliş hər iki qanad eyni qüvvədə olduğu zaman əldə edilə bilər.



Xudu Məmmədov. Qoşa qanad, Bakı, Gənclik, 1974.

Yüklə 366,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə