Xülasə Kainatda məhəbbət (Fantastika)



Yüklə 335,66 Kb.
səhifə2/5
tarix30.12.2017
ölçüsü335,66 Kb.
növüXülasə
1   2   3   4   5

   Səhər yuxudan yorğun durdum. Göydə gördüyüm mənzərə gözümümün qarşısından çəkilmirdi. Bu dəfə planeti ulduzların fonunda gördüyümdən onun yerini müəyyən edə bilərdim. Ulduz xəritəsinin köməyi ilə planetin yerini tapdım. O bizim qalaktikadakı günəş sisteminin planetlərinə bənzəyirdi. Bizə məlum olan planetləri daxilinə alan böyük elleptik trayektoriya üzrə hərəkət edirdi. Teleskopla baxanda göy üzündə ləkəyə oxşayırdı. İndi Yerə ən yaxın vəziyyətdə idi. Məlumatları dəqiqləşdirdikdən sonra iş planı hazırladım. İşə bu planeti araşdırmaqdan başlamağı qarara aldım.

   Bir neçə gündən sonra kosmosda birgə işləyəcəyim qrupla tanış oldum. Qrupun tərkibində dəfələrlə kosmosda olmuş gənc ekspertlər, orta yaşlı astrofiziklər, kimyaçılaçılar vardı. Onlara yeni planet haqqında bildiklərimi, planlarımı danışdım. Yoldaşlardan bəziləri mənimlə razılaşmadı, mübahisə düşdü. Nicat adlı astrofizik alim mübahisənin qızışdığını görüb müdaxilə etdi.

   - Niyə yersiz mübahisə edirsiniz? Məqsədimizə çatmasaq da yeni planet tapmış olacağıq. Adımızı planetə verib tarixə düşə bilərik. Tarixi oxuya bilən canlı qalsa, bizim haqqımızda öyrənəcək.

   Onun sözləri mənə daha çox toxundu. Qərarsız vaxtımda görüşsəydik hər şeyi atıb gedərdim. Ancaq, indi nə edəcəyimi bilirdim. Fikrimi açıq söyləməkdən ehtiyat edirdim. Yuxularım haqqında danışsaydım, yəqin, məni ağılsız hesab edəcəydilər. Susdum.

   Nicat müəllim tutulduğumu görüb:

   - Deyəsən, gənc fizikimizin xətrinə dəydik! -deyərək gülümsədi. - Aydın müəllim, rəhbərimiz sizsiniz. İstiqaməti siz müəyyənləşdirməlisiniz. Hər halda ağla gəlməyən yerdə planet tapmaq asan iş deyil.

   Sərt və ciddi görünən alimin yumşalması mənə cəsarət verdi. Yoldaşlarımın etibarını qazanmaq üçün:

   - İnanın ki, nə edəcəyimi bilməsəydim layihənin rəhbərliyini üzərimə götürməzdim.- dedim. - Məncə qalaktikamızın sirri o planetdədir.

   Kosmosda uzun müddət işləyəcəyimizdən hər cür gözlənilməz hadisəyə hazır olmalı idik. Bir aya qədər hazırlıq işləri getdi. Kosmik raket və onun daxilində yerləşdirilmiş əlavə aparatlar yoxlandı. Qrup üzvləri tibbi müayinədən keçdi.

   Nəhayət, uçuş vaxtı yaxınlaşdı. Ailəmlə vidalaşdım. Ayrılıq məqamı gələndə məni həvəsləndirən atamın səsi titrədi.

   - Oğul, ehtiyatlı ol! Artıq mən qocalmışam. Ailəmizin yükü sənin üzərindədir. - Oğlumu göstərdi. - Ona ata lazımdır. Unutma, ailəsi qarşısında məhsuliyyət daşımayan insan vətən borcunu yerinə yetirə bilməz!

   Anam səssiz divanda oturub üzümə baxmırdı. Deyəsən, incimişdi. Onun qocalmış zəhmətkeş əlləriindən öpdüm.

   - Narahat olma, ana, hər şey yaxşı olacaq. Tezliklə sağ-salamat qayıdacağam.

   - Əvvəldən belə işə baş qoşduğunu bilsəydim razı olmazdım. - Gözləri yaşardı. - Özündən muğayət ol! Bizi başa düşmək çətin deyil. Özün atasan...

   Oğluma tərəf baxdım. O, anasının boynunu qucaqlayıb ağlayırdı. Beş yaşı vardı. Hələ hara, nə üçün getdiyimi bilmirdi.

   - Oğul, sənə ulduz gətirəcəyəm. Ağlama. - deyib onu qucağıma aldım. – Atan uzaq getmir. Göylərə baxsan məni görəcəksən. İşimi qurtaran kimi yanına qayıdacağam.

- Tez gəl!

- Yaxşı. – Onu anasına verdim. – Nigar, ailəmiz sənə əmanət. Anamgilə yaxşı bax.

   - Arxayın get ! Gözün arxada qalmasın.- O, baxışları ilə sağollaşdı.

   Qəribə idi. Burada real mövcud olan ailəmi qoyub harada, nə vaxtsa yaşamış ailəmi axtrmağa ğedirdim. Əsl məqsədimi isə hec kimə açıqlaya bilmirdim. Ürəyim burda, fikrim orda idi. Ancaq, o planeti buradakı insanlara kömək etmək üçün axtarırdım. Məncə onun nədən məhv olduğunu bilsəydim planetimizi qoruya bilərdim.

   Kosmik gəmi uçuşa tam hazır idi. O, əsasən yerdən avtomatik idaretmə sisteminin köməyi ilə yerdən idarə olunacaqdı. Yerlə əlaqə kəsildikdə və ya zəiflədikdə bizimlə birgə uçan təcrübəli kosmonavt Orxan gəmidəki idərəetmə sistemini işə salıb uçuşa nəzarət edəcəkdi.

Uçuş əmri verildi. Biz öz yerlərimizi tutduq. Əvvəlcədən aramızda iş bölgüsü apardıq, görəcəyimiz işləri planlaşdırdıq. Ona görə də, hər birimizin qarşımızda görəcəyimiz işə yuğun aparatlar vardı.

   Gəmi səmaya qalxdıqdan sonra mənim müəyyənləşdirdiyim istiqamət üzrə hərəkət etdi. Hesablamalarıma görə məsafə uzaq deyildi. İkinci kosmik sürətlə hərəkət etsək iki-üç həftəyə planetə çata bilərdik. Yerdən uzaqlaşıb sonsuz kainatda bir nöqtəyə çevrildik. Göylər yerdən göründüyü kimi tam qaranlıq deyildi. Güclü projektor qaranlıqda yaxın məsafəni necə işıqlandırırdısa, günəş də qaranliq kainatdakı qalaktikamızı o cür işıqlandırırdı. Biz günəşə paralel istiqamətdə uçduğumuzdan çox vaxt göyləri işıqlı görürdük. Yalniz müxtəlif göy cisimlərinin kölgəsinə düşdükdə qaranlıq olurdu. Buradan baxanda ulduzların başqa formada düzüldüyünü gördüm. Bir anlıq mənə elə gəldi ki, qalaktikada itmişik .Qorxdum. Özümdın çox yoldaşlarım üçün qorxdum. Onların həyatı ilə oynamağa haqqım yox idi.

- Qorxma, oğul! - Nicat müəllim idi. - Uçuş nəzarətdədir.

   - Sağ olun! Səhv edəcəyimdən qorxuram. Axı burada tək deyiləm...

   Orxan narazı halda sözümü kəsdi.

- Burada mən sən yoxdur. Birimizin səhvi hamımızın axrına cıxar.

Tutulduğumu görüb mülayim səslə:

- Aydın müəllim, siz kosmosda olmamısınız. – dedi. - Biz bu yollarda yaşa dolmuşuq. Narahat olmayın, səhv etməyəcəyik. Lazım gəlsə, vəziyyətə uyğun planlarımızı dəyışəcəyik.

   Çiyinlərimdən ağır yük götürüldü.Rahat nəfəs aldım. İşini bilən təcrübəli insanlarla bir yerdə olduğum üçün sevindim. Layihəyə rəhbərlik əslində onlara yaraşırdı.Bəs nədən mən seçilmişdim!

   Açıq kosmosda hərəkət çətin və təhlükəli idi. Adətən biz göy üzündə Ay və saysız hesabsız ulduzlar görürük. Əslində qalaktikada meteoritlər, asteroidlər kometlər kimi çoxlu göy cisimləri var. Kosmik gəmimizin onlarla toqquşmadan hərəkət etməsini nəzarətdə saxlamaq çətin idi. Qalaktikanın dərinliyinə doğru hərəkət etdikcə kosmik radiasiya çoxalır, cihazların sıradan çıxma risqi artırdı.

- Orxan müəllim, böyük bir meteorit bizə tərəf gəlir. - Gənc kosmonavt təşvişlə qışqırdı. -Sürəti yüksəkdi, həcmi böyükdü. Onun yolundan çəkilkməyimiz mümkün deyil.

   Vəziyyət ciddi olduğundan Orxanın rəngi ağardı.

   - Hərə öz yerini tutsun! Bir neçə dəqiqəyə meteorit istiqamətini dəyişməsə, rakeklərdən ibarət gəmimiz kiçik hissələrə bölünəcək. Kiçik raketlərin hərəsi bir tərəfə səpələnəcək. Əgər sağ qalsaq əlaqə saxlayıb birləşərik. - Mənə tərəf baxıb gülümsədi. - Aydın müəllim, bəzən elm qurban tələb edir!

   Çətin vəziyyətə düşmüşdük. Ancaq, urəyim rahat idi. Az keçmiş gözümüzün qarşısında böyük ulduza bənzəyən mereorit kiçik hissələrə parçalanıb qalaktikaya səpələndi. Kosmik gəmimizə xətər toxunmadı. Kiçik hissə yanacaq daşıyan raketə dəyib onu partlatdı . Hələ yolun yarısını gəlmişdik. Gəmidəki yanacaq az idi. Onunla yalnız geri qayıda bilərdik. Yerdən kömək istəmək də mümkün deyildi. Planetimizdən çox uzaqlaşmışdıq, əlaqələrimiz kəsilmişdi. Vaxt itirmədən vəziyyəti müzakirə etdik.

   Orxan cihazların göstərişlərini qeyd edib kosmosda olduğumuz yeri müəyyənləşdirdi.

   - Nəzərdə tutdugumuz yerə çatmaq ücün yanacağımız kifayət etməyəcək. - O, bir az fikirləşdi. – Ora çatsaq da geri qayıda bilməyəcəytik. Kosmik radiasiya Yerlə əlaqə saxlamağımıza imkan verməyəcək. Gəmimiz radioaktiv şualanmalara uzun müddət tab gətirə bilməyəcək, sıradan çıxacaq.

   Kosmik gəmimiz bir neçə kosmik raketdən ibarət idi. Gənc ekspertlər gəmini bölüb kiçik qruplarla ışə davam etməyi təklif etdilər.Uçuşa rəhbərlik etməsəm də layihənin rəhbəri mən idim. Son sözü mən deməliydim.

   - Vəziyyətimizə görə uçuşu davam etdirmək bilə-bilə ölümə getmək deməkdir. - dedim. - Bizim isə ölməyə haqqımız yoxdur. Planetimizi fəlakətdən qorumalıyıq! İnsanların ümid yeri bizik!

    Bəyaqdan dillənməyən Nicat müəllim kinayə ilə dedi:

   - Əcəb ümid yeryik.Geriyə əliboş qayıdacağıq?

   - Yox. Mən kosmik raketlə yoluma davam edəcəyəm. Siz Yerlə əlaqə saxlaya biləcəyiniz yerə qədər geri qayıdacaksınız. Gəmini qaydaya salandan sonra uçuşa davam edərsiniz.

   - Bunu birgə edə bilmərikmi? - Gənclərdən biri soruşdu.

   - Gec olar. O, planet indi Yerə ən yaxın vəziyyətdədir. Bizim günəş sisteminin başına böyük elleptik trayektoriya üzrə sürətlə dolanır. Günəş sistemi tərəfindən zəif cəzb olunur. Əgər o qalaktikamızdakı başqa ulduz sisteminin planeti olsa, qutblərə tərəf hərəkət etdikdə asanliqla günəş sisteminin cazibəsindən çıxacaq. Onu tapa bilməyəcəyik.

   Təklifim söz-söhbətə səbəb oldu. Gənlərdən bir neçəsi mənimlə uçmaq istədi. Razılaşmadım. Orxan gəmidən bir kosmik raket və məndən əvvəl planetə düşüb məlumat verəcək kosmik aparat ayırdı.

   - Aparat həm sənə, həm də mümkün olsa bizə məlumat verəcək. Təhlükə ilə üzləşsən planetin səthinə düşmə. Biz mümkün qədər sənə tez çatmağa çalışacağıq.

Nicat müəllim məni raketə qədər ötürdü.

-Oğlum, mənim səni yaşda oğlum var. Birgə işlədiyimiz müddətdə sənə çox bağlandim. Hərdən xətrinə dəysəm də inan ki səni öz oğlum kimi istəyirəm. Səni burada tək qoymayacağam. Sirrini bilməsəydim ora getməyinə razı olmazdım.

   Raketə minib kosmik gəmidən uzaqlaşdım. Həmişə məndən narazı qalan Nicat müəllimin qayğı ilə söylədiyi sözlər qəlbimi sevinclə doldurdu. Sevildiyini bilmək ölümə gedərkən də xoş imiş. Ancaq, sirlərimi bilməsi mənə qəribə gəldi. Yadıma tibbi müayinələr düşdü. Bütün hazırlıq işləri, o cümlədən tibbi yoxlamalar Nicat müəllimin nəzərəti altında aparılırdı. O, olan yerdə nə üçün layihəyə rəhbər seçildiyimi anlamırdım. Onun sözlərindən sonra mənimlə bağlı nəsə, məqsədi olduğunu anladım.

   - Yəqin, beynimi yoxlayan zaman komputer yaddaşımı oxuyubmuş. - deyərək pıçıldadım. Başa düşülməyəcəyimdən qorxaraq əsil məqsədimi gizli saxlayıb təkbaşına çixdığım yolda tək olmadığımı bilmək mənimçün böyük xoşbəxtlik idi. Nəyin hesabına olur-olsun məqsədimə çatacağımı qərara aldım.

   Kosmik raket gəmidən sürətli idi. Bir neçə günə üçüncü kosmik sürətlə ucaraq planetə yaxınlaşdı. Kosmik aparat raketdən ayrılıb planetin səthinə düşdü. Oradan müxtəlif şəkillər çəkib mənə ötürdü. Mən gəmi ilə əlaqə saxlayıb məlumatları ona ötürməli idim. İlk siqnallara cavab gəlmədi. Az keçmiş gəmi ilə əlaqə yarandı. Qalaktikanın dərinliyində səsim eşidildiyi üçün sevindim.

   - Narahat olma, oğul. - Nicat müəllim idi. - Biz səni həm görür, həm də eşidirik.

   - Sizdən çox uzaqlaşmışam. Mənimlə necə əlaqə saxlayırsınız? Hələ getməmisiniz!

   - Gəmidən raket ayırıb bir qrup yoldaşlarımızı yanacaq gətirmək üçün göndərdim. Mən alim dostlarımla birlikdə sənə yaxın yerdəyəm. Göndərdiyin fotoşəkilləri aldıq. Planetin səthi xoşumuza gəlmədi. Kocmik aparatın planetdən götürdüyü hava, su və torpaq nümunələrini bizə göndər. Nümunələri yoxlayıb sənə məlumat verəcəyik. Bizimlə əlaqə saxlamadan planetin səthinə düşmə.

   Planet yaxın olduğundan aparatın necə işlədiyini görürdüm.

- Yaxşı. - dedim. - Aparat hələ işləyir. Planetin səthindən qalxdıqda istiqamətini sizə tərəf yönəldəcəyəm.

   Kosmik aparat çətinliklə planetin cazibə sahəsindən çıxıb açıq kosmosa qalxdı. Avtomatik idarəetmə sisteminin köməyi ilə onu gəmiyə tərəf yönəltdim. O gəmiyə iki -üç günə çataçaqdı. Deməli, mən araşdırmaların cavabını üç gündən tez ala bilməyəcəkdim. Bu müddət ərzində planet xeyli uzaqlaşacaqdı. Raketin yanacağı az olduğundan sonradan ona catmaq şansım olmayacaqdı.

   Məsləhətləşmədən planetin səthinə düşməyi qərara aldım. Planet Günəş sistemi planetlərindən dəfələrlə böyük idi. Ona görə də, ətrafında gücü cazibə sahəsi vardı. O, qalaktikadan uçub gələn müxtəlif göy cisimlərini səthinə cəzb etməklə planetlərimizi təhlükədən qoruyurdu. Planetə yaxınlaşdıqca güclü cazibə sahəsinə düşdüm. Səht boyu üçüncü kosmik sürətlə hərəkət etdirdım. Ancaq, buna baxmayaraq plnetin cazibə sahəsi raketi aşağıya doğru çəkirdi. Cihazların göstərişindən anladım ki, raketin malik olduğu sürətlə planetin cazibəsindən çıxmaq mümkün deyil. Geri qayıtmaq istədim. Bacarmadım.

   Planetin ətrafında dövrə vuraraq mənə lazım olan ərazini axtardım. Planet yuxuda gördüyüm kimi idi. Bəzi yerlərdə torpaq qırmızımtıl rəngə calaraq zəhərlənmiş ölü zonanı xatırladırdı. Bəzi yerlərdə isə planetin səthində nə vardısa, əriyərək axırdı. Yuxuda gördüyüm ərazini tapdım. Ora əriməkdə olan hissənin içində idi. Raketin sürətini azaltdım. O sürətlə aşağı endi.

   Xarabalığa çevrilmiş böyük ərazidə dağılmamış bir ev vardı. Bu yuxularımda yaxınlaşa bilmədiyim ev idi. Evin yox olacağından ehtiyat edib yavaş-yavaş ona tərəf getdim.Yol göründüyündən uzaq imiş. 15-20 mertlik yola iki saat vaxt sərf etdim.

   Ev billur rəngli təbəqə ilə ətrafdan təcrid edilmişdi. İcəri keçib otaqları gəzdim. Təmiz və səlıqəli otaqlarda işlənməmiş qədimi mebellər vardı. Otaqlqrdan biri zəngin kitabxana, digəri böyük lobaratoriya idi. Lobaratoriyada heç görmədiyim müxtəlif aparatlar, cihazlar vardı. Cihazların arasından qalın gündəlik tapdım. Gündəliyi vərəqləyəndə gözlərimə inanmadım. O mənim xəttimlə yazılmışdı. Çaşbaş qaldım. Yoxsa, bunu mən yazmışam! Necə, nə vaxt?

   Diqqətlə ətrafımı nəzərdən kecirdim. Bu evdə hər şey mənə doğma idi. Özümü evimdə hiss edirdim. Mənə elə gəlirdi ki, uşaqlığım və gəncliyim burada keçib. Sonradan hansısa, vacib səbəbdən həm onları, həm də planeti tərk etmişəm. Gedişimlə ailəm dağılmış, planetdə faciə baş vermişdi. Mənsə kömək edə bilməməşəm.

   Nə baş verdiyini anlamaq üçün gündəliyi vərəqlədim. Orada planetin durumu haqqında gündəlik qeydlər və müxtəlif riyazi hesablamalar vardı. Gündəliyi oxuyaraq xəyallara daldım. Zaman keçdikcə fikirlərim aydınlaşdı. Planetdəki ailəmi xatırladım. Ata-anam, qardaşlarım və onların ailələri gözlərim önündə canlandılar. Böyük səs-küylü ailəmi mehriban və qayğısız gördüm.

   - Oğul, yenidən görüşə bildiyimiz üçün xoşbəxtəm! - Atam idi. Onun həsrətlə dediyi sözlərdə dərin məhəbbət vardı. - Vətəninə xoş gəlmisən.

   - Sağ ol, ata! - Özüm də bilmədən onu qucaqladım. Qollarımın havadan asılı qaldı. Onun real deyil, xəyal olduğunu anladım. Kədərləndim.

   - Kədərlənmə, oğul! Ayrıldığımız vaxtdan milyon illər keçir. İndiyə qədər normal insan kimi yaşamağımız mümkün deyil. Yaratdığın qoruyucu sistem sahəsində biz - mən, anan və nişanlın sağ qaldıq. İllər keçdikcə bədənimiz əridi, ruha çevrildik. Ölməyi arzuladıq, ölə bilmədik. Sən bizi ən böyük arzumuzdan məhrum etdin.

   - Nə etdim?

   - Ölmək hüququmuzu əlimizdən aldın.

   Atamın sözləri fikirlərimi dolaşdırdı.

   - Öz doğmalarıma necə pislik edə bilərəm! - dedim. - Keçmişimi tam xatırlamasam da sizi sevdiyimə əminəm. Heç nə bilmədən ömrüm boyu sizləri, bu yerləri görmək arzusu ilə yaşamışam.

   - Oğul, sən həmişə yaxşı insan olmusan. Ailən və planetin üçün çox işlər görmüsən. Milyon illərdən sonra planetinə yenə xoş məramla gəlmisən.

   - Ata, milyon illər bundan əvvəl burada nə baş verdiyini mənə anlat.

   - Bildiklərimdən danışacağam. - O, xeyli fikrə getdi. - Planetimizin zəngin təbiəti vardı. Tanrı bizlər üçün gözəl bir ev tikmişdi. Bizim insanlar onun qədrini bilmədilər. İnsanlarımiz hegeomonluq iddiaları  ilə həm özlərini, həm də planetimizi məhv etdilər.

   - O vaxtlar mən kim idim? Nə iş görürdüm?

   - Mənim kicik oğlum idin. Səni özüm kimi alim yetişdirmişdim. Planetdə gedən bioloji prosesləri araşdırırdın. Yaxın illərdə planetimizdə partlayış olacağını bildirirdin. Bu haqqında məqalələr yazırdın. Partlayışdan az zərər çəkməklə qurtarmaq üçün müxtəlif təkliflər irəli sürmüşdün.

   - Ata, mən nə təklif edirdim?

   - Əsasən silahları ləğv erməyi təklif edirdin. Bundan o qədər danışdın ki, axirda səni elmi şuradan qovdular. Ona görə də, başqa planlarını açıqlamayıb təkbaşına işlədin.

   - Nə işlədim?

   - Bilmirəm. Gördüyün işləri özün xatırlamalısan. Əks halda nə özünü, nə bizi, nə də yaşadığın planeti xilas edə bilməyəcəksən.

   - Niyə?

   - Yaratdığın qoruyucu təbəqənin sirrini öyrənməsən bizi və planetimizi azad edə bilməyəcəksən. Belə olan halda planetimizin daım güclənən cazibə sahəsindən cıxmağın mümkün olmayacaq. Planetinizə də kömək edə bilməyəcəksən. Sən o vaxtlar burada elmi işlərinlə irəli getmişdin. Tək olmasaydın, rəhbərləri inandırmaq üçün çox vaxt sərf etməsəydin, təbiət möhlət versəydi bəlkə, planetimizi xilas edə bilərdin.

   Özümü günahkar hiss edirdim. Qəlbim köksümdə daş kimi ağırlaşmışdı.

   - Ata, qardaşlarım haqqında danışmadın. Onlara nə oldu?

   - Partlayış baş verən günü sən nişanlını evimizə qonaq çağırmışdın. Qardaşların onu utandırmamaq üçün ailələri ilə birlikdə gəzməyə çıxdılar. Onlar gedəndən az sonra möhkəm titrəyiş baş verdi. Sən tələsik evdən çıxdın. "Narahat olmayın tezliklə qaıdacağam." dedin. Qayıtmadın. Qardaşların da qayıtmadı. Əvvəlcə zəlzələ olduğunu güman etdik. Sonralar daha böyük fəlakət baş verdiyini anladıq.

   - Planetdə partlayış baş vermişdi?

   - Hə, nəhəng planetimiz kiçik hissələrə ayrılıb qalaktikaya səpələndi. Müşahidə etdim ki, bir böyük hissə Günəş sistemi planetlərindən biri ilə toqquşub onu parçaladı. Kiçik hissələr yenə əvvəlki trayektoriya üzrə hərəkət edirlər.

   - Deməli, astroidlər belə yaranıbmış.

   - Oğul, ikinci böyük hissədə stabil olmayan bu planet yerləşir. Planetimiz daim qalaktikadakı müxtəlif sistemlərin ətrafında dövr edir. Sənin yaratdığın sahəyə ğörə burada təbii proseslər yekunlaşa bilmir. O biri hissələrdə çoxdan canlı aləm yox olub. Biz isə nə ölüyük, nə diri! Nə ölə, nə də yox ola bilirik.

   - Sizlərə yaxşılıq etmək istəyərkən pislik etmişəm! - deyib əlimi ağırlaşan ürəyimin üstünə qoydum.

   - A kişi, uşağı incitmə, bəsdi! - Anam idi. Onun səsi qəlbimi titrətdi. Doğmalığını bütün qəlbimlə hiss etdim. - Oğlum, səni o qədər gözləmişəm ki!

   Onunla görüşə bilməyəcəyimi xatırlayıb özümü ələ aldım. O, isə saclarımı tumarladı. Başımda əllərinin istisini duydum.

   - Bağışla, ana! Sizləri incitmək istəməzdim. Burada nə vaxt, necə yaşadığımı hələ də anlaya bilmirəm. Bu planeti tapmağım, sizin yanınıza gəlməyim qeyri-adi yuxularıma görədi.

   - Sən partlayışdan sonra ölən yeğanə adam idin. - Atam ağır-ağır dilləndi. - Bütün canlılar isə yox olmuşdular. 

   - Ata, yox olmaqla ölməyin nə fərqi var?

   - Ölmək son deyil. Ölən sən idin. İndi qarşımda durmusan. Həmin gün planetdə hər şey, torpaq da yanıb yox oldu.

- Planetin parçalanması o qədər böyük fələkət törətdi!

- Bizim qalaktikadakı fiziki vakum və planetimizin böyüyərək maksimim həddə çatması parlayış təhlükəsini yaxınlaşdırdı. Partlayış nəticəsində planetimiz bir neçə yerə bölünəcəkdi. Yaradan yaratdıqlarını sevdiyi üçün təbiətə az zərər dəyəcəkdi. Ancaq, planetdəki kütləvi qırğın silahları işə düşdü. Hər tərəf od tutub yandı. Planetdəki bütün canlılar kül oldu. Yalnız biz sağ qaldıq.

   - Mən o vaxtlar ölmüşəmsə indi necə yaşayıram? Sizcə ölüb başqa cismə ruh kimi daxil olmuşam!

   - Yox. Sən həm cisim, həm də ruhsan. - Atam üzərində vaxtaşırı dioqramlar qurulan cihazı göstərdi. - Sən öz hüceyrələrindən birinin yarısını bu cihazda yerləşdirmisən. Hüceyrə öz yarımı haqqında daim məlumat verir, cihaz məlumatları dioqrama cevirirdi. Hal - hazırda onun yaddaşında son yüz illiyin məlumatları saxlanılır.

   Cihaza baxdım. Elə illər vardı həyat göstəricisi sıfra yaxınlaşmışdı. Son 35 ildə göstəricilərdə inkişaf görünürdü. Bu mənim yaşım qədər idi.

   - Deməli, planetdə partlayış milyon illər əvvəl olduğundan mənim 35 yox, bəlkə də 30-35 milyon yaşım var. Bu necə ola bilər!

   - Oğul, uzun illər sənin həyat göstəricilərin sıfra yaxın idi. Çox vaxt qayıtmayacağını güman edirdik. Çünki, sənin hüceyrələrini yaşadan orqanizmlər onu dəyişdirə bilərdilər.

   Məni heyrət götürdü.

   - Deyirsiz mən uzun muddət müxtəlif canlıların orqanizmində bir hüceyrə kimi yaşamışam! İnsan kimi ölüb hüceyrə kimi doğulmuşam?

   - Hə, düz başa düşmüsən. Daha doğrusu sən ölmüsən. Hüceyrələrin isə hyatını davam etdirib. Onlar münbit şəraitə düşüb müxəlif orqanizmlərdə yaşayıblar. Əminəm ki, daş da, torpaq da, yarpaq da olsan vətənini axtarmısan.Buraya gəlmən üçün isə insan olman lazım idi. Ona görə də, görüşümüz bu qədər uzun çəkdi.

   - Kaş sizə kömək edə biləydim.

   Atam şkafı işarə edib:

   - Orada qeydlərim var. - dedi. - Partlayışdan sonra sənin kəşfin sahəsində sağ qaldıq. Uzun illərdi dəyşirilmədən yaşayırıq. Yaşaya biləcəyimiz dövrə qədər cismən və ruhən var idik. Həmin vaxtlar mən bütün günü işləyib müxtəlif araşdırmalar apardım, qeydlər etdim. Səninçün maraqlı olan bir çox sualların cavabını qeydlərimdən tapa bilərsən.

   Kitab şkafından qeyd dəftərini götürdüm. Onun ilk qeydləri mənə aid idi. Gündəlik "Partlayışdan sonar yalnız kiçık oğlum sağ qala bilərdi…" sözləri ilə başlayırdı.

   Qeydləri oxumaq çox vaxt aparacağından:

    - Ata, mənə partlayışdan əvvəlki hadisələr haqqında ətraflı danış. - dedim.

   Atam dərindən köks ötürdü.

   - Yaxşı. Bizim planet günəş sisteminin planeti deyil. O, eyni qalaktikanın başqa ulduz sisteminin planetidir. Uzun illər bundan əvvəl alimlərimiz müəyyən etdi ki, sistemdə böyümə prossesi maksimum həddə çatıb. O bölünmək üzrədir. Əslində alimlər sənin bir neçə il əvvəl söylədiklərini təsdiqləyirdilər. Onlar vaxt daraldığından vəziyyətdən çıxış yolu tapa bilmədilər. Planetdə temperatur qalxdıqca kimyəvi silahlar başlıqsız olsalar da aktivləşməyə başladılar. Müxtəlif yerlərdə tez-tez partlayışlar oldu. Hava çirkləndi.

   - Parçalanma yüksək enerjinin ayrılması hesabına baş verdi?

   - Hə. Planetimizdə torpağın altı da, üstü də, hətta, başımızın üstündəki səma da silahlanmışdı. Uzun illər baş sındırıb axırımıza çıxa biləcək hər şeyi hazırlamışdıq. Hazırladıqlarımız planetimizin fələkətinə səbəb oldu. Zəhərlənmiş planetimiz tamam yox oldu. Sizin planetdə isə həyacan təbili çalmağın vaxtı keçib.

   - Qalaktikamızı deyə bilmərəm, ancaq, planetimizdə böyümə prosesi çox zəif gedir. Yaxın vaxtlarda partlayış olacağını güman etmirəm.

   - Oğul, özün bilirsən ki, təbiət hadisələrinin vaxtını müəyyən etmək mümkün deyil.

   - Ata, ola bilərmi sistemin məhvi partlayış deyil enerji mənbəyinin sönməsi hesabına olsun. Bizdə güman edirlər ki, nə vaxtsa günəş enerji mənbəyi kimi sönəcək. Sistemdə hər şey donub məhv olacaq.

   - Yox.

   - Niyə, yox. Axi hər bir canlı varlıq müəyyən dövrdən sonra enerjisini itirərək məhv olur.

   - Oğul, enerji itmir. Ölən özü enerji mənbəyinə çevrilir. Proses daim davam edir. Bu baxımdan kainatda böyümə prosesi gedir.

   Özümə arxayın halda:

   - Mən də həmişə bu fikirdə olmuşam. - dedim. - Məqalələrimdə böyumə prosesi və gələcək partlayışlar haqqında yazmışam. Son illər alimlərimiz planetdə sürətli böyümə prosesi getdiyini müəyyənləşdiriblər. Gələcəkdə bizim qalaktikada da partlayış baş verməsini təsdiqləyiblər.

   - O vaxtlar da belə oldu. Sənin məqalələrinə, işlərinə əhəmiyyət verən olmadı. Təkbaşına heç nə edə bilmədin.

   - Indi tək deyiləm. Bir qrup görkəmli alimlərlə birgə işləyirəm. Partlayışın səbəbini və vaxtını öyrənmək istəyirik.

   - Səbəbi, vaxtı müəyyən emək çıxış yolu deyil. Təbiətin qanunlarına müdaxilə etmək mümkün deyil.

   - Bəs, neyləyək!

   - Bizim vəziyyətimizdən özünüzə nəticə çıxardın. Siz nə qədər çox inkişaf etsəniz bizim o vaxtkı səviyyəmizə çatmış olarsınız. Biz isə səviyyəmizə görə bu vəziyyətə düşdük. İnkişaf etdikcə qəddarlaşdıq. Ağlımızdan, elmimizdən vəhşi kimi istifadə etdik. Tanrının işlərinə qarışaraq bir-birimiz üşün ölüm hazirladıq. Nəticədə hamımız məhv olduq.

   - Səhvlərimizi düzəltməyə calıacağıq. - Bu işin çətin, daha doğrusu mümkün olmadığını fikirləşdim. - Bunun üçün əlimdən gələni edəcəyəm. Ata, ana inciməyin. Sizin varlığınızdan xəbərim yox idi. Buraya gəlməkdə məqsədim partlayışın səbəbini öyrənmək idi. Burda sizi tapdığım, keçmişimi öyrəndiyim üçün xoşbəxtəm.

   - Keçmiş sənə gələcək işlərində kömək edəcək. - Anam mənə təsəlli verdi.

   Utandığımdan nişanlım haqqında xəbər ala bilmirdim. Anamın ondan danışmaq istəmədiyini görüb:

   - Nişanlımı da görmək istərdim. - dedim.

   Anamın üzü işıqlandı.




Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə