Xülasə Məqalənin yazılmasında məqsəd «investisiya»



Yüklə 146,89 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü146,89 Kb.
#43708
növüXülasə


UOT - 330.322:336.22

«İnvestisiya» və «kapital»

anlayışlarının mahiyyəti: mikroiqtisadi və

makroiqtisadi yanaşmalar



Bağış Sabir oğlu Əhmədov*

iqtisadiyyat üzrə fəlsəfə doktoru



Xülasə 

Məqalənin yazılmasında məqsəd «investisiya» və «kapital» anlayışlarının

dəqiqləşdirilməsindən ibarətdir. Belə ki, iqtisadi ədəbiyyatda bu anlayışlar çox müxtəlif

mənalarda işlədilir və bəzən də dəqiq çərçivəsi müəyyən edilmədən istifadə edilir.

Tədqiqat işində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müqayisə, sistemli

yanaşma, analiz və sintez metodlarından istifadə edilmişdir. Aparılmış tədqiqatın

nəticəsində «investisiya» və «kapital» anlayışlarının mahiyyəti dəqiqləşdirilmiş, həm

makroiqtisadi, həm də mikroiqtisadi səviyyələrdə investisiyanın və kapitalın tərkibinə

daxil olan elementlər müəyyənləşdirilmişdir. Məqalədə verilmiş müddəaların investisiya

və kapital yığımı məsələlərinin daha dərindən dərk edilməsi baxımından əhəmiyyəti

vardır. Araşdırmalar göstərir ki, investisiya və kapitala əlaqədar aparılmış tədqiqat

işlərində «investisiya» və «kapital» anlayışları müxtəlif mənalarda işlədilmişdir. Bu

tədqiqat işi belə fərqli yanaşmaları azaldacaqdır. Burada bu anlayışların müəyyən

edilməsində ortaya çıxan problemlər ilk dəfə ətraflı şəkildə şərh olunmuş, onların

mahiyyəti dəqiqləşdirilmişdir.

Açar sözlər: investisiya, kapital, kapital yığımı, vergi qanunvericiliyi.

1. Giriş

Milli iqtisadiyyatın struktur baxımından yenidən qurulması, texniki tərəqqinin təmin

olunması, məşğulluq və gəlirlərin səviyyəsinin artırılması və s. kimi məsələlər inves-

tisiya prosesində həll edilir. İnvestisiya kapital yığımına gətirib çıxarır ki, bu da ölkənin

istehsal imkanlarının artması hesabına məhsul və xidmətlərin buraxılışı potensialını

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011. 

69

*Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı şəhəri, AZ1000. İstiqlaliyyət küç., 6.



bahmadov@gmail.com

Səh. 69-84



İQTİSADİ NƏZƏRİYYƏ

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



artırır. Həmçinin, makroiqtisadi baxımından investisiya ölkədə çəkilən xərclərin

əhəmiyyətli  və dəyişən hissəsidir və onun azalması və ya artması məcmu tələbə ciddi

təsir etməklə ölkədə məhsul və xidmətlər buraxılışının həcmini və məşğulluğun

səviyyəsini müəyyən edir.

«İnvestisiya» anlayışına müxtəlif yanaşmalar mövcuddur. Belə fərqlilik bu anlayışın

müxtəlif səviyyələrdə ayrı-ayrı mənalar kəsb etməsi ilə əlaqədardır. Belə ki, mikroiqti-

sadi və makroiqtisadi səviyyələrdə «investisiya» anlayışına fərqli şəkildə yanaşırlar.

Makroiqtisadi səviyyədə mövcud kapitala investisiya qoyuluşları onun yenidən

bölüşdürülməsinə səbəb olur ki, bu da ölkə miqyasında ümumi investisiya qoyuluşu-

nun həcminin dəyişməsinə səbəb olmur. Belə halda, mövcud kapitalın alınması alıcı

tərəfindən investisiya hesab edildiyi halda, bu makroiqtisadi səviyyədə investisiyanın

ümumi həcminə daxil edilmir. Həmçinin, investisiyanın uçotu ilə əlaqədar yaranan

problemlərlə də bağlı olaraq «investisiya» anlayışının çərçivəsi fərqli olur. Bu baxım-

dan, ilk növbədə, mikroiqtisadi səviyyədə «investisiya» anlayışının mahiyyəti aydın-

laşdırılacaq, sonra isə makroiqtisadi səviyyədə bu anlayışa yanaşma

müəyyənləşdiriləcəkdir.

İnvestisiya iqtisadi sistemdə fəaliyyət göstərən kapitalın həcminin artırılmasıdır, yəni

məhsuldar resursların təklifinin artırılmasıdır [1, s. 13]. Bu baxımdan, investisiya kapi-

talın yaradılması ilə əlaqədardır və «investisiya» anlayışı ilə yanaşı «kapital» anlayışının

da dəqiq müəyyən edilməsinin investisiya məsələlərinin tədqiqi baxımından mühüm

əhəmiyyəti vardır.

2. Ümumi nəzəri yanaşmalar

Kapital müəyyən anda ehtiyatı, investisiya isə müəyyən dövr ərzində axını göstərir.

Yəni kapitalın həcmini müəyyən vaxt anında müəyyən etmək mümkündürsə, in-

vestisiya yalnız müəyyən dövr ərzində ölçülə bilər. Kapitalın arzu olunan səviyyəsinin

müəyyən edilməsi ilə investisiya axınlarının arzu olunan normasına dair qərar arasında

fərq vardır. Müəyyən dövr üzrə əsas kapitala investisiyanın arzu olunan axınlarını

hesablamaq üçün əsas kapitalın həmin dövrün sonunda arzu olunan (optimal) həc-

mindən həmin dövrün əvvəlindəki həcmini çıxmaq və həmin dövrdə istehlak olunmuş

əsas kapitalın həcmini əlavə etmək lazımdır. Deməli, müəyyən t dövründə əsas kapi-

tala investisiya axınlarının (I*t) arzu olunan həcmi aşağıdakı kimi müəyyən oluna bilər:



I*

t

= K*

t

– K

t-1

δK



t-1

(1)


Burada,   

K*

t

və K


t-1

- əsas kapitalın t  dövrünün sonunda arzu olunan həcmi  

və əvvəlindəki faktiki həcmi.

δ – kapitalın illik istehlak norması.

Klassik iqtisadçılar «investisiya» anlayışından geniş istifadə etməmişlər. Onlar kapitalı

iqtisadi resurslardan biri kimi araşdırmışlar. Belə ki, ingilis iqtisadçısı Adam Smit qeyd

B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

70



edirdi ki, «hər hansı bir şəxsin öz gəlirlərindən etdiyi qənaəti, o, özünün kapitalına

əlavə edir»; o, bu qənaəti ya əlavə sayda məhsuldar fəhlələrin saxlanmasına sərf edir,

ya da başqasının bunu etməsi üçün bu qənaəti müəyyən faizlə, yəni mənfəətdən

müəyyən pay almaqla borc verir. Ayrı-ayrı şəxsin kapitalının yalnız illik gəlir və ya mən-

fəətdən qənaət edilən məbləğ qədər artdığı kimi, ayrı-ayrı şəxslərin kapitallarının

cəminə bərabər olan bütün cəmiyyətin kapitalı da bu yolla artırıla bilər [2, s. 421]. 

Belə yanaşma klassik nəzəriyyənin «təklif nəzəriyyəsi» olması ilə əlaqədardır. Bu

zaman kapital cəmiyyətin malik olduğu sərvətin bir hissəsi hesab edilir. Lakin sərvətin

hansı hissəsinin kapitala aid olduğuna dair fərqli fikirlər mövcuddur. İngilis iqtisadçısı

A.Marşal qeyd edirdi ki, real həyatda kapitala aid olan şeylərlə, kapitala aid olmayan

şeylər arasında dəqiq fərq yoxdur [3, s. 48].  

Bu fikir əsas kapitalın statistikasının aparılmasında da üzə çıxır. Belə ki, Milli Hesablar

Sistemi - 93-də qeyd edilir ki, istehlakla əsas kapitalın ümumi yığımı arasındakı sərhədi

müəyyən etmək praktiki baxımdan heç də həmişə asan deyil. Bəzi fəaliyyət növləri

həm onların istehlaka aid edilməsi üçün elementlərə, həm də yığıma aid edilməsi üçün

elementlərə malikdir [4, s. 9]. 

Avstriya iqtisadçısı E.Bem-Baverk qeyd edir ki, kapital insan tərəfindən istehsal

edilmiş istehsal vasitələrinin, yəni keçmiş istehsal prosesində yaradılmış, bilavasitə is-

tehlak üçün deyil, yeni nemətlərin istehsalı üçün xidmət etməli olan nemətlərin məc-

musunu əks etdirir [5, s. 24].  İngilis iqtisadçısı A.Marşal da bu mövqedən çıxış edərək

göstərirdi ki, insanın kapitalı, gündəlik bazar həyatında qəbul olunmuş dildə adətən

sərvətin pul formasında gəlir əldə etmək və ya daha geniş mənada ticarət-sənaye

fəaliyyəti vasitəsilə satın alma üçün ayırdığı hissəsi kimi müəyyən olunur [3, s. 132]. 

Göründüyü kimi, yuxarıda qeyd edilən yanaşmalarda gəlir qazanmaq məqsədilə isti-

fadə edilən sərvət kapitala aid edilir. Bununla yanaşı, fransız iqtisadçısı L.Valras uzun-

müddətli istifadə edilən istənilən neməti əsas kapitala aid edirdi [6, s. 150].  Amerika

iqtisadçısı İ.Fişer isə sərvətin müəyyən vaxt anında mövcud olan ehtiyatını kapital ad-

landırırdı [7, s. 52].  Belə yanaşma ingilis iqtisadçısı A.Smitin yanaşmasına yaxındır.

A.Smit insanın malik olduğu ehtiyatı iki hissəyə bölür. İnsanın gəlir əldə etmək istədiyi

hissə kapital adlanır, digər hissəsi isə istehlaka sərf edilir [2, s. 305]. 

Göründüyü kimi, A.Smit sərvətin gəlir gətirən hissəsini kapitala aid edirdi. İ.Fişer isə

qeyd edirdi ki, kapital sərvətin istənilən xüsusi hissəsi və növü ilə məhdudlaşmır, ona

müəyyən zaman anında mövcud olan bütün sərvət və ya bu sərvətə olan mülkiyyət

hüquqları, və ya da bu sərvətin və ya ona olan mülkiyyət hüququnun dəyəri aiddir

[7, s.183]. 

Göründüyü kimi, İ.Fişer müəyyən zaman anında insanların, müəssisələrin və

cəmiyyətin malik olduğu sərvəti və ya onun dəyərini kapital adlandırırdı. İ.Fişer

həmçinin «kapital» anlayışının həm «kapital əmtəələri» və «kapitalın dəyəri»

anlayışlarını ifadə etdiyini göstərirdi. İndiki dildə desək, kapitalı həm natural, həm də

dəyər ifadəsində ifadə edirdi. Bu ifadələrdən ilk dəfə amerika iqtisadçısı C.Klark

istifadə etmişdir. O, kapitalı natural ifadədə «kapital əmtəələri», dəyər ifadəsində isə

«kapital» adlandırırdı. Və qeyd edirdi ki, kapitala mobillik verən onun dəyər ifadəsidir.

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011.

71



Kapital əmtəələrini  bir  istehsaldan  digərinə  istiqamətləndirmək  elə də  asan  deyil

[8, s. 72]. Bununla yanaşı, C.Klark kapitala yalnız istehsalda istifadə edilən maşın,

avadanlıq, alət, xammal və material və s. aid edirdi. İ.Fişer kapitalın balans və bazar

dəyərini fərqləndirirdi və kapitalın bazar dəyərini onun «gəlir gətirmək qabiliyyəti» ilə

izah edirdi. O, göstərirdi ki, ehtiyatın faktiki qiyməti «əldə ediləcək gəlirlərin kapitaliza-

siyasına» bərabərdir, bu da çoxlu amillərdən asılıdır. İngilis alimi C.Xiks də göstərirdi ki,

kapital əmtəələri bütün hallarda sonrakı dövrlərin ehtiyaclarını (tələbatlarını) ödəmək

üçün istifadə edilə bilər. Bu tərif eyni bir məhsulun həm kapital, həm də istehlak məh-

sulu olmasını istisna etmir [9, s. 7]. Məsələn, minik avtomobili həm cari, həm də

gələcək tələbatları eyni zamanda ödəyə bilir. 

İ.Fişer də əsasən bu yanaşmaya yaxın bir mövqedən çıxış edirdi. O, qeyd edirdi ki,

gəlirlər birincisi, kapitalın onun mənbəyi olduğunu, ikincisi, kapital sahibləri ondan

faydalananlar olduğunu nəzərdə tutur [7, s. 121]. Bu zaman gəlir dedikdə, istənilən

fayda axınları nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, onun təklif etdiyi nəzəriyyə kapi-

tal nəzəriyyəsindən çox investisiyanın nəzəri məsələlərini əhatə edirdi. Müasir dövrdə

mikroiqtisadi səviyyədə investisiya proseslərini izah edən zamanlararası nəzəriyyə

məhz İ.Fişer tərəfindən yaradılmışdır. 

Fikrimizcə, sərvətin o hissəsini kapitala aid etmək olar ki, bu sərvət gəlir və ya iqtisadi

fayda əldə etmək məqsədilə istifadə edilir. Kapital istehsal amillərindən biridir. Bu

baxımdan, istənilən kommersiya fəaliyyətində istifadə edilən sərvət kapitala aid edilir.

Bura həm əsas kapital, həm də dövriyyə kapitalı aiddir. Bununla yanaşı, bəzən bir sıra

fəaliyyətlərdə (məsələn, təhsil, səhiyyədə) istifadə edilən sərvətdən bilavasitə gəlir əldə

edilmir, lakin mahiyyətinə görə bunlar kapital hesab edilir. Çünki bu sərvət xidmətlərin

(faydalı səmərənin) yaradılmasında istifadə edilir. Bu baxımdan, kapital cari istehlak

üçün deyil, gələcək faydaların əldə edilməsi üçün nəzərdə tutulur. Yaşayış mənzilləri və

evləri də kapitala aid edilir. Çünki, birincisi, bunlar tikintinin məhsuludur və nisbətən

uzun müddətə yaradılır, ikincisi, bu mənzillərin kirayəsi hesabına gəlir əldə etmək

imkanları böyükdür. Belə halda alternativ xərc kimi, yaşayış mənzillərinin və evlərinin

kirayə xərclərini müəyyən etmək mümkündür. Qalan digər uzunmüddətli istifadə edilən

fərdi istehlak şeyləri kapitala aid edilmir.

«İnvestisiya» anlayışı əsasən Keyns nəzəriyyəsində geniş yer almışdır. Bu hal Keyns

nəzəriyyəsinin «tələb» nəzəriyyəsi olması ilə əlaqədardır və investisiya xərcləri isə

tələbin ən dəyişkən komponenti hesab edilir.

3. Mikroiqtisadi yanaşma

Mikroiqtisadi baxımdan ümumi şəkildə investisiya, gəlir (mənfəət) və ya sosial səmərə

əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan

maliyyə vəsaitlərindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir [10]. İnves-

tisiya, mahiyyətcə, gələcək naminə indikini qurban verməkdir. Lakin indiki dəqiq

məlumdur, gələcək isə həmişə qeyri-müəyyəndir. Buna görə də, investisiya gələcəkdə

qeyri-müəyyən faydaların əldə edilməsi naminə cari dövrdə müəyyən xərclərin çəkil-

B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

72



məsidir [11, s. 509]. Zaman amili investisiyanı müəyyən edən əsas amillərdən biridir.

Bütövlükdə, insan fəaliyyəti zamanla ayrılmaz şəkildə əlaqəlidir. Belə ki, tətbiq edilən

vasitələr həmişə indiki zamanda həyata keçirilir, bunların vasitəsilə əldə edilməsi

nəzərdə tutulan məqsədlər isə gələcəkdə reallaşır. Bu baxımdan, bazar iştirakçılarının

istənilən seçimi zamana görə üstünlük vermə elementinə malik olur. Buna görə də,

geniş mənada «investisiya» anlayışı gələcəkdə əlavə gəlir götürmək məqsədilə pul və-

saitləri üzərində müəyyən vaxt ərzində və müəyyən risk əsasında sərəncam hüququ-

nun itirilməsi ilə bağlıdır. Belə ki, pulu indi və müəyyən məbləğdə vermək lazım gəlir,

əgər gəlir əldə edilirsə, sonralar əldə edilir və onun kəmiyyəti də məlum olmur.

Bununla əlaqədar olaraq bəzi hallarda əsas amil zaman (məsələn, dövlət istiqrazları

üçün), bəzi hallarda əsas amil risk olur (məsələn, adi səhmlərin alışına olan opsionlar

üçün). Bəzi hallarda isə hər iki amil: həm risk, həm də zaman əhəmiyyətli olur

(məsələn, adi səhmlər) [12, s. 1]. 

Beləliklə, investisiya, dəyərin saxlanması və ya artırılması, və (və ya) gəlirlərin müsbət

kəmiyyətinin təmin edilməsi məqsədilə istənilən alətə pul vəsaitlərinin qoyuluşudur.

Qeyd etmək lazımdır ki, sərbəst pul vəsaitləri investisiya deyil, çünki nağd vəsaitlərin

dəyəri inflyasiya əsasında azala bilər və onlar heç bir gəlirin əldə edilməsini təmin etmir

[13, s. 10]. Bu baxımdan, pul vəsaitləri gəlir və ya sosial səmərə götürmək məqsədilə

müxtəlif alətlərə və ya obyektlərə qoyulduqda investisiyaya çevrilirlər. Bütövlükdə,

mikroiqtisadi baxımdan, investisiya cari istehlakla deyil, gələcək istehlakla bağlı

məqsədlərin əldə edilməsinə yönəldilən vəsaitlərdir və onu şərti olaraq aşağıdakı

tiplərə bölmək olar [14, s. 15]:

 fiziki kapitala, o cümlədən avadanlıqlara, maşınlara, bina və infrastruktura in-

vestisiya;

 insan kapitalına, o cümlədən təhsilə investisiya;

 texnologiyaya, o cümlədən elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə in-

vestisiya;

 maliyyə aktivlərinə, o cümlədən səhmlərin, istiqrazların və digər maliyyə alətlərinin

alınmasına investisiya.

Fiziki kapitala investisiya real investisiya, maliyyə aktivlərinə investisiya isə maliyyə in-

vestisiyaları adlanır. Yəni real investisiyalar maddi cəhətdən hiss oluna bilən aktivlərə,

məsələn torpaq, avadanlıq, zavodlara investisiyalar formasında olur, maliyyə

investisiyaları isə kağızda yazılmış kontraktları, məsələn, adi səhmləri və istiqrazları

əks etdirir. Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın

digər formada inkişafına investisiya yönəldilməsi kapital qoyuluşları şəklində həyata

keçirilir [10]. Kapital qoyuluşları real investisiyaların əsas hissəsini təşkil edir. Kapital

qoyuluşlarına tikinti-quraşdırma işlərinə, müxtəlif maşın və avadanlıqların, əsas fond-

lara aid olunan alət və inventarların alınmasına, tikinti obyektlərinin layihələndirilməsi

ilə əlaqədar olan geoloji-kəşfiyyat, axtarış və gələcək tikintinin əsaslandırılmasına,

tikinti üçün torpaq sahəsinin ayrılması, tikilən müəssisə üçün kadrların hazırlanması və

onun idarə heyətinin saxlanılmasına sərf edilən xərclər daxil edilir [15, s. 394]. Primitiv

iqtisadiyyatlarda investisiyanın əsas hissəsi real investisiyaların payına, inkişaf etmiş

iqtisadiyyatlarda isə maliyyə investisiyalarının payına düşür [12, s. 1].

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011.

73



İnsan kapitalı konsepsiyası amerika iqtisadçıları T.Şulç, C.Kendrik və digərləri

tərəfindən 20-ci əsrin 60-cı illərində hazırlanmağa başlanmışdır [16, 17]. İnsan kapi-

talının müasir konsepsiyasının əsasını H.Bekerin tədqiqatları formalaşdırmışdır [18].

İnsan kapitalı insanların iqtisadi və sosial fayda verən fərdi biliyini, vərdişini və digər

xüsusiyyətlərini təcəssüm etdirir. Bilik, bacarıq, səriştə və vərdiş əsasən öyrənmə və

əmək təcrübəsi vasitəsilə qazanılır, həm də təbii qabiliyyətlərlə də müəyyən olunur.

Qeyd etmək lazımdır ki, insan kapitalı ilə bağlı fikirlər əvvəllər də mövcud olmuşdur.

Belə ki, ingilis iqtisadçısı A.Marşal qeyd edirdi ki, «təhsil tanınmadan ölə biləcək çoxlu

insanların öz potensial qabiliyyətlərini açmağa imkan vermişdir. Bir böyük sənaye

kəşfinin iqtisadi faydası isə böyük bir şəhərin təhsili üzrə xərcləri ödəməyə tamamilə

kifayət edir» [3, s. 294]. 

İnsan kapitalı nəzəriyyəsi gələcəkdə rifahın yaxşılaşdırılması nöqteyi-nəzərindən insan

kapitalına investisiyanın səmərəliliyini qiymətləndirməyə imkan verir. Güman edilir ki,

həm xərclər, həm də belə investisiya qoyuluşunun ödənməsi müxtəlif formalarda

mövcud olur. İnsan kapitalının formalaşması üçün birbaşa xərclərə kitablar, təhsil

haqqı, istiqrazların və ssudaların ödənilməsi və s.; dolayı xərclərə əldə edilməsi

mümkün olan, lakin təhsil almaqla əlaqədar qazanılmamış gəlirlər aid edilir. İnvestisiya

qoyuluşlarının birbaşa ödənməsi bu ali təhsili olmayan işçi ilə təhsilli işçinin əmək

haqları arasındakı fərqdən gələcəkdə daxil olan əlavə axınıdır, dolayı ödənməsi isə bu

əməyin yaxşılaşdırılmış şəraiti, karyera perspektivi, sosial təminat, daha yüksək sosial

və ictimai status və s. kimi ixtisaslı işçilərin əldə etdikləri pulsuz əlavə faydadır.

Tədrisin gedişatında yığılmış insan kapitalı özündə əmək haqqının potensial artımını

əks etdir. 

Bununla yanaşı, Amerika iqtisadçısı C.Klark qeyd edirdi ki, «kapitalın tərkibinə istehsal

vasitələri aiddir və onlar həmişə konkret və maddidir. Biz işçilərin əldə edilmiş qa-

biliyyət və bacarıqlarını məhsuldar sərvətin mövcud fondunun bir hissəsi kimi qəbul

etmirik. İnsan faydalı peşə üçün təlim və ya təhsilinə pul xərcləməsi hesabına özünün

kapitalını artıra bilməz. Bu zaman onun əldə etdiyi şey, sözsüz ki, onun məhsuldar

qüvvəsini artırır və həmçinin bu şeyi əldə edərkən o, müəyyən məhrumiyyətlərə əməl

etməyə məcbur olur. O, əvvəlkinə nisbətən daha çox istehsal etmək bacarığına malik

olması üçün özünü müəyyən məmnunluqdan mərhum edir. Bu baxımdan, qəbul

edilməlidir ki, texniki təhsilə pul xərclənməsi ilə əmək alətlərinin alınmasına pul xərclən-

məsi arasında müəyyən oxşarlıq vardır. Lakin bu termini istifadə edərkən, biz dəqiq

şərhçi kimi təkid edəcəyik ki, insanın istehsal məqsədləri üçün istifadə etdiyi özünün

keyfiyyət xüsusiyyətləri kapitala daxil deyildir [8, s. 72]. Bu yanaşma aşağıda bir daha

geniş şəkildə izah ediləcəkdir.



4. Makroiqtisadi yanaşma

İngilis iqtisadçısı A.Marşal qeyd edir ki, ictimai nöqteyi-nəzərdən kapitalın hissələri

kimi torpaqdan başqa gəlir gətirən bütün şeylərə baxmaq olar … burada «torpaq»

dedikdə, gəlir gətirən təbii ehtiyatlar, balıq vətəgələri və s. təbiətin verdiyi sərvətlər

B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

74



aiddir [3, s. 140]. Makroiqtisadi baxımdan, ölkənin ümumi daxili məhsulunda məcmu

investisiya xərclərinə əsas kapitala investisiya, mənzil tikintisinə investisiya və ehtiyat-

ların artırılmasına investisiya qoyuluşları daxil edilir [19, s. 214]. Ümumi qayda belədir

ki, müxtəlif insanlar arasında mövcud aktivlərin yenidən bölgüsünə səbəb olan satın

almalar iqtisadiyyat üçün investisiya deyildir. Makroiqtisadçıların istifadə etdikləri mə-

nada investisiya, yeni kapitalın yaradılmasını nəzərdə tutur [20, s. 120]. Bu baxımdan,

heç də mikroiqtisadi səviyyədə ayrı-ayrı insanlar və ya firmalar tərəfindən edilən bütün

investisiyalar, makroiqtisadi nöqteyi-nəzərdə, yəni bütövlükdə milli iqtisadiyyat

baxımından investisiya hesab edilmir. Buna görə də maliyyə investisiyaları, əsasən,

makroiqtisadi baxımdan investisiyanın həcminə daxil edilmir. Bu investisiyalar əsasən

aktivlərin yenidən bölgüsünə və ya əsas kapitalın yaradılmasına investisiyanın

maliyyələşdirilməsinə vəsaitlərin cəlb edilməsi üçün həyata keçirilir. 

Bütövlükdə, kapitalın müəyyən edilməsi və onun hesablanması metodunun müəyyən-

ləşdirilməsi həm siyasət qərarlarının hazırlanması, həm də kapitalla bağlı məsələlərin

araşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Milli Hesablar Sisteminin

yaradılması makroiqtisadi səviyyədə «kapital» anlayışına mövcud yanaşmaların sayını

məhdudlaşdırmışdır. 

Bununla belə, bu məsələlərlə əlaqədar hələ də, mübahisəli fikirlər mövcuddur. Milli

Hesablar Sistemində ümumi yığıma, cari dövrdə iqtisadi vahidlər tərəfindən əldə

edilmiş, lakin həmin dövrdə istehlaka yönəldilməmiş mal və xidmətlərin yığımı daxildir.

Ümumi yığım əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının

dəyişməsini və qiymətlilərin xalis əldə edilməsini özündə birləşdirir. Maddi dövriyyə və-

saitlərinin ehtiyatlarının dəyişməsi istehsal ehtiyatlarının, bitməmiş istehsalın, hazır

məhsulun və təkrar satılmaq üçün əmtəələrin dəyərinin dəyişməsini əks etdirir.

Qiymətlilər nə istehsalda, nə də istehlakda əsasən istifadə edilməyən və dəyərin

saxlanması məqsədilə alınan aktivlərdir. Qiymətlilərin xalis həcmi, qiymətli daşların və

metalların, sənət əsərləri və s. kimi aktivlərin əldə edilməsindən onların reallaşdırılması

və ya sıradan çıxmasının fərqinə bərabərdir. Əsas kapitalın ümumi yığımı, hesabat

ilində əldə edilmiş əsas fondların dəyərinin və istehsalın nəticəsi olmayan aktivlərin

artan dəyərinin cəmindən onların reallaşdırılan və ya sıradan çıxan hissəsinin dəyərinin

çıxılması əsasında müəyyən olunur. 

Qeyd etmək lazımdır ki, sıradan çıxan əsas kapitalın dəyərinə əsas kapitalın istehlakı

daxil deyildir. Əsas kapitalın ümumi yığımından onun istehlakını çıxdıqda, əsas kapi-

talın xalis yığımı alınır. Əsas kapitalın ümumi yığımı müxtəlif formalarda ola bilər və on-

ların əsas tiplərinə aşağıdakılar aiddir:

1. Yaşayış sahəsi (yaşayış evləri, mənzilləri və s.);

2. Digər bina və tikililər;

3. Maşın və avadanlıqlar;

4. Yetişdirilən aktivlər, bunlara meyvə, süd və s. kimi məhsulların istehsalı üçün

dəfələrlə və ya fasiləsiz şəkildə istifadə edilən çoxillik əkinlər və mal-qara aiddir.

5. Qeyri-maddi aktivlər:

5.1. faydalı qazıntıların kəşfiyyatına çəkilən xərclər;

5.2. proqram təminatı xərcləri;

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011.

75



5.3. əyləndirici proqramlar, ədəbi-bədii əsərlərin orjinalları;

5.4. əsas fondlara aid edilən digər qeyri-maddi aktivlər.

6. istehsalın nəticəsi olmayan maddi aktivlərin yaxşılaşdırılmasına, o cümlədən tor-

pağın, onun alt qatlarının və təbiət mənşəli digər aktivlərin yaxşılaşdırılmasına və on-

lardan istifadə etmək üçün hazırlanmasına (meliorasiya, qurutma, meşə sahələrinin,

plantasiyaların, bağların və digər kənd təsərrüfatı yerlərinin inkişaf etdirilməsi və

genişləndirilməsinə və s.) çəkilən xərclər. 

7. istehsalın nəticəsi olmayan aktivlərə mülkiyyət hüququnun verilməsi ilə əlaqədar

xərclər.

Əsas kapitalın istifadəçiləri tərəfindən onun sahiblərinə əməliyyat lizinqi və ya başqa

formada bağlanmış müqavilə əsasında müəyyən olunmuş müddət ərzində əsas kapi-

taldan istifadəyə görə ödədikləri haqq icarə haqqını təşkil edir. İcarə haqqı həm əsas

kapitalın istehlakını, həm də onun dəyərinə müvafiq olaraq faiz xərclərini və kapital

sahibinin çəkdiyi istənilən xərci əhatə etməlidir. Əsas kapitalın xüsusi və ya icarəyə

götürülən olmasından asılı olmayaraq, onlara icarə haqqı müəyyən olunur. İstənilən

anda əsas kapitalın dəyəri onun qalan istismar müddəti ərzində əldə ediləcək icarə

haqlarının cari dəyəri, yəni gələcək icarə ödənişləri axınlarının diskontlaşdırılmış dəyəri

ilə müəyyən olunur. Bu baxımdan, əsas kapitalın cari dəyəri onun istifadəsindən gələ-

cəkdə əldə ediləcək faydalarını həcminə görə müəyyən olunur. Buna görə də,  əsas

kapitalın istehlakı ilə amortizasiya ayırmaları arasında əhəmiyyətli fərq mövcuddur. 

Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya ayır-

maların əsas fondların ilin sonuna ilkin qalıq dəyərinə görə hesablanır [21]. Belə

hesablama keçmişdə əsas kapitalın alınmasına və ya yaradılmasına çəkilmiş xərclərin

istehsal edilən məhsulun maya dəyərinə aid edilməsi mexanizmini əks etdirir. Milli

Hesablar Sistemində isə əsas kapitalın istehlakı gələcəkdə əldə ediləcək faydalar

əsasında müəyyən edilir. Əgər əsas kapitala aid olan aktivlər üzrə əsas kapitalın is-

tehlakını müəyyən edilməsi mövcud amortizasiya normaları əsasında həyata keçirilirsə,

onda əsas kapitalın ilkin dəyəri cari dəyərə çevrilməlidir.

Müasir iqtisad elmində ölkə miqyasında yaradılan məhsul və xidmətlərin son istehlaka,

aralıq istehlaka və kapitalın ümumi yığımına bölünməsinin uçotu məsələsi ciddi prob-

lem kimi qarşıda durur. Məsələn, müəssisələrdə kadrların hazırlanmasına, elmi-

tədqiqat və təcrübə konstruktor işlərinə, bazarların öyrənilməsinə, reklama çəkilən

xərcləri, mahiyyətinə görə (mikroiqtisadi baxımdan) aralıq xərclərə aid etməmək də

olar, bu xərclər müəssisədə istehsalın səmərəliliyini və onun istehsal və satış imkan-

larını artırmaq üçün nəzərdə tutulur. Lakin kadrların hazırlanması, bazarların

öyrənilməsi və s. bu kimi xərclər aktivlərin əldə edilməsinə səbəb olmur. Buna görə də,

belə xərclər, gələcəkdə faydaların əldə edilməsinə səbəb olsalar da, aralıq istehlak

kimi qəbul edilir. Biliklərin, vərdişlərin və ixtisasın əldə edilməsi insanların məhsuldar

potensialını artırır və gələcək iqtisadi faydaların mənbəyidir. 

Bu baxımdan, təhsilə qoyulan xərcləri də insan kapitalının artımına yönəldilən in-

vestisiya kimi, əsas kapitalın ümumi yığımına aid etmək olar. Lakin biliklər, vərdişlər,

ixtisas sözün geniş mənasında aktivləri əks etdirsə də, onları əsas fondlara aid etmək

olmaz. Belə ki, əsas fondlar istehsal edilmiş aktivlərdir (əsasən, maşın və avadanlıqlar,

B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

76



binalar və digər maddi aktivlər və həmçinin bəzi qeyri-maddi aktivlər), bunlar da

dəfələrlə və ya fasiləsiz şəkildə bir neçə hesabat dövründə (bir ildən çox) istehsalda is-

tifadə edilir [4, s. 8]. Biliklər, vərdişlər, ixtisas istehsal edilmiş aktivlər deyillər, çünki

bunlar təhsil və praktika yolu ilə əldə edilir ki, bu da özü-özlüyündə istehsal prosesi

deyildir. 

Məktəblər, institutlar, universitetlər və s. tərəfindən yaradılan təhsil xidmətləri şagird və

tələbələr tərəfindən bilik və bacarıqların əldə edilməsi prosesində istehlak olunur. Təh-

sil aktiv kimi ayrı-ayrı şəxslərin şəxsiyyətində əks olunur. Belə aktiv başqasına verilə və

ya əsasən müəssisənin balansında əks etdirilə bilməz. Təhsil aktiv kimi bu aktivə malik

şəxslərdə əks olunur, onların işlədiyi müəssisəyə aid olmur (bəzi nadir hallar istisna ol-

maqla). Belə aktivin qiymətləndirilməsi müəyyən çətinliklərlə bağlıdır. Çünki ixtisaslı

işçi tərəfindən alınan haqqın məbləği sərf edilmiş vaxtın və əməyin həcmindən asılıdır,

aktivin sahibinə sadəcə bu aktivə sahibliklə əlaqədar olaraq ödənilən gəlir deyildir. Bu

amil insan kapitalının digər kapitallardan fərqləndirir. Belə ki, kapitala sahib olan şəxs

ona sahibliklə əlaqədar olaraq gəlir əldə edir. İxtisaslı işçi isə təkcə ixtisasa və ya

müəyyən biliklərə sahib olmaqla deyil, bu biliklərdən istifadə edərək, əmək sərf et-

məklə gəlir əldə edir. 

Həmçinin, son istehlak insanların fərdi və kollektiv ehtiyac və tələbatlarının bilavasitə

ödənilməsi üçün məhsul və xidmətlərin istifadəsindən ibarətdir. Bir çox hallarda təhsil

sahəsindəki xidmətlərin istehlakı da məhz bu məqsədlə həyata keçirilir. Təhsil, bu xid-

məti istehlak edən insanların rifah səviyyəsini və ümumi həyat səviyyəsini yüksəldir.

Təhsil xidmətləri ilə yanaşı, səhiyyə xidmətlərinin, hətta qida məhsullarının  istehlakı,

mənzil təminatı insanların sağlamlığı və iş qabiliyyətini saxlamaları üçün zəruridir. Bu

baxımdan, makroiqtisadi baxımdan insan kapitalının kapitalın ümumi yığımına aid

edilməsi imkanları məhduddur və statistikada bu edilmir. Azərbaycanda mövcud Vergi

Məcəlləsinə əsasən müəssisədə kadrların hazırlanmasına çəkilən xərclər cari xərclərin

tərkibinə daxil edilir. Bununla yanaşı, təhsil sahəsində əsas fondların yaradılmasına

çəkilən xərclər kapitalın ümumi yığımına daxil edilir [21].

Əsas kapitalın ümumi yığımı ilə aralıq istehlak arasında sərhəddi müəyyən etməyi

çətinləşdirən məsələlərdən biri də əsas fondların təmiri, saxlanması və onlara texniki

xidmətlə əlaqədardır. Müəssisələrdə cari texniki xidmət və təmir, əsas fondların

saxlan¬masına çəkilən xərclərin məqsədi əsas fondları işçi formada saxlamaqdan

ibarətdir və aralıq istehlaka aiddir. Lakin əsas fondların əsaslı təmiri, modern-

ləşdirilməsi və yenidən qurulması onların istismar xüsusiyyətlərinin yaxşılaşdırılmasına,

istehsal güclərinin və fəaliyyət müddətlərinin artırılmasına səbəb olur və bu xərclər

əsas kapitalın ümumi yığımına aiddir. Praktikada cari təmirlə əsaslı təmir arasında fərq

qoymaq çətindir və bəzən bütün xərcləri əsas kapitalın ümumi yığımına aid edirlər. 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində cari təmirlə əsaslı təmir arasında fərq

qoyulmur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə hər il üçün

gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği binalar, tikintilər və qurğuların əvvəlki

ilin sonuna qalıq dəyərinin 2 faizi, maşınlar, avadanlıq, hesablama texnikası və

nəqliyyat vasitələrinin əvvəlki ilin sonuna qalıq dəyərinin 5 faizi, digər əsas vəsaitlərin

əvvəlki ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011.

77



əsas vəsaitlər üzrə sıfır faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği

bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki

məbləği çıxılır. Əks halda yuxarıda müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan

məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir.

Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin

təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır. Əsas və-

saitlərin ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği

onların qalıq dəyərinə aid edilir və bu məbləğdən amortizasiya hesablanır [21].

Göründüyü kimi, Azərbaycanda vergi praktikasında cari təmirlə əsaslı təmir arasında

fərq qoyulmur. Bununla belə, ölkədə Milli Hesablar Sistemində əsaslı təmir xərcləri

əsas fondların dəyərini artıran xərclərə aid edilir.

Firmalarda (müəssisələrdə) elmi-tədqiqat və təcrübə-konstruktor işləri məhsul və

proses innovasiyalarının yaradılması məqsədilə həyata keçirilir. Bunlara isə elmi-texniki

yenilik, istehsala tətbiqilik, kommersiya baxımından reallaşdırılma imkanı kimi

əlamətlər xasdır. İnnovasiyanın yaradılması prosesinə qoyulan investisiyalar yüksək

riskli olmaları ilə fərqlənirlər. Çünki heç də bütün elmi-tədqiqat və təcrübə konstruktor

işlərinə çəkilən xərclər innovasiyanın yaradılması ilə nəticələnmir, yəni mövcud ideya

yeni və ya əhəmiyyətli şəkildə təkmilləşdirilmiş məhsul və proses innovasiyalarına

çevrilmirlər. Həmçinin, bəzi hallarda elmi-tədqiqat və təcrübə konstruktor işləri

nəticəsində yaradılan innovasiyalar iqtisadi cəhətdən səmərəli və kommersiya

baxımından isə reallaşdırma imkanına malik olmurlar. 

Bu baxımdan, firmanın elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə əlaqədar çəkdik-

ləri xərclərin nəticəsi kimi, onun məhsul və ya proses innovasiyalarını əldə etməsi

qeyri-müəyyən olur. Belə şəraitdə, vergi qanunvericiliyində belə xərclərin əsas kapitala

investisiya kimi nəzərə alınması və cari xərclərə aid edilməməsi firmaların innovasiya

fəaliyyətinə olan stimullarını azaldır. Bu baxımdan, Azərbaycan Respublikasının Vergi

Məcəlləsində düzgün olaraq gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə

axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və

qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) cari

xərclərə aid edilmiş və bu xərclər əldə edilən gəlirdən çıxılır. 

Bununla yanaşı, firmanın kənardan aldığı qeyri-maddi aktivlərə çəkdiyi xərclər in-

vestisiya kimi nəzərə alınır və bu aktivlər, istifadə müddəti məlum olmayanlar üçün 10

faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütə-

nasib məbləğlərlə amortizasiya olunurlar. Bununla yanaşı, qeyri-maddi aktivlərin alın-

masına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin

hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı

qeyri-maddi aktivlərin dəyərinə aid edilmir. Belə yanaşma Milli Hesablar Sistemində də

tətbiq edilir və elmi-tədqiqat və təcrübə konstruktor işlərinə sərf olunan xərclər aralıq

istehlaka aid edilir.

Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinə əsasən əsas fondlara istifadə müddəti bir

ildən çox olan və dəyəri 100 manatdan çox olan və Məcəllədə müəyyən olunmuş

qaydada amortizasiya edilməli olan maddi aktivlər aiddir. Bunlara isə aşağıdakılar

aiddir [21]:

B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

78



 binalar, tikintilər və qurğular;

 maşınlar, avadanlıq və hesablama texnikası;

 nəqliyyat vasitələri;

 iş heyvanları;

 geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən

xərclər; 

 qeyri-maddi aktivlər; 

 digər əsas vəsaitlər.

Əsas fondların yaradılmasına vəsait qoyuluşu əsas kapitala investisiya hesab edilir.

Bununla belə, Vergi Məcəlləsi əsasən vergi bazasının müəyyən edilməsini nəzərdə

tutur və bir sıra hallarda məhdudlaşdırıcı və ya stimullaşdırıcı vasitə kimi, ümumi iqti-

sadi yanaşmadan kənarlaşmalar da ola bilər. Məsələn, belə hala əsaslı təmir xərc-

lərinin cari xərc kimi nəzərə alınmasını göstərmək olar. Həmçinin, Vergi Məcəlləsində

vergi tutulan bazanı müəyyən edilməsi məqsədilə gəlirdən amortizasiya olunan aktivlər

üzrə çıxılan məbləğləri müəyyən etmək məqsədilə əsas fondların tərkibi müəyyən

edilir. 


Bütövlükdə isə, Azərbaycanda mövcud uçot və vergitutma qaydalarına görə əsas ka-

pitalın (əsas fondların) tərkibinin müəyyənləşdirilməsi Milli Hesablar Sisteminə yaxındır

və ümumi iqtisadi prinsipləri özündə əks etdirir. Bir sıra kənarlaşmalar isə mikroiqtisadi

və makroiqtisadi səviyyələrdə əsas kapitalın müəyyən olunmasının fərqlənməsi ilə

əlaqədardır. Belə ki, Vergi Məcəlləsi iqtisadi subyektlərin fəaliyyətini tənzimləyir və

mikroiqtisadi səviyyəni əhatə edir. 

Ehtiyatların miqdarının dəyişməsinin investisiya kimi nəzərə alınması onunla əlaqə-

dardır ki, onların artması mahiyyətinə görə «istehlak olunmamış məhsulu» əks etdirir

[22, s. 138]. Ölkədə ehtiyatların həcmi azalırsa, onda bu göstəricinin qiyməti mənfi olur

və investisiya qoyuluşlarının azaldığını göstərir. Maddi dövriyyə vəsaitləri ehtiyatlarına

xammal və materiallar, bitməmiş istehsal və hazır məhsul aiddir. 

Bütövlükdə, Milli Hesablar Sistemində əsas kapitala ümumi investisiya qoyuluşunun

həcmi, yəni əsas kapitalın ümumi yığımı müəyyən edilərkən aşağıdakı amillər nəzərə

alınır:


1. Ölkə daxilində əsas kapitala aid olan aktivlərə mülkiyyət hüququnun dəyişdirilməsi

ilə əlaqədar xərclər (məsələn, vəkillərə, daşınmaz əmlak ilə əməliyyatlar aparan

agentlərə və digər vasitəçilərə ödənilən vəsaitlər, rüsumlar, komisyon ödənişləri,

vergilər və s.) əsas kapitalın ümumi yığımını artırır. Bu zaman həm satanın, həm də

alanın çəkdiyi xərclər nəzərə alınır;

2. Müəssisə tərəfindən onun əsas kapitalına aid olan uzunmüddətli istifadə məh-

sullarının (məsələn, minik avtomobilləri, kompyuterlər, mebellər və s.) ev təsərrüfat-

larına satılması və ixracı ölkədə əsas kapitalın ümumi yığımını azaldır, əksinə belə

məhsulların ev təsərrüfatlarından alınması və ya xarici ölkədən idxalı əsas kapitalın

idxalını artırır;

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011.

79



3. Torpağın, faydalı qazıntı yataqlarının və s. bu kimi istehsalın nəticəsi olmayan

aktivlərə mülkiyyət hüququnun dəyişdirilməsi ilə əlaqədar xərclər, birinci bənddə

göstərildiyi kimi, əsas kapitalın dəyərini artırır. Bu zaman torpağın dəyəri əsas

kapitala daxil edilmir; İstehsal edilməyən aktivlərə sahib olmaq hüququnun

başqasına verilməsi ilə əlaqədar olan məsrəflərə vəkillər, daşınmaz əmlak ilə

əməliyyatlar aparan agentlər və digər vasitəçilər tərəfindən göstərilən xidmətlərin

dəyəri, rüsumlar, komisyon ödənişləri, vergilər və s. daxil edilir.

4. Hər hansı aktivin əsas kapitala aid edilməsi üçün onun fəaliyyət müddəti bir ildən

yüksək olmalıdır. Həmçinin, azqiymətli əmək alətləri adətən əsas kapitala aid

edilmirlər [24, s. 257]. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının

Vergi Məcəlləsinə görə istifadə müddəti 1 ildən və dəyəri 100 manatdan çox olan

aktivlər əsas fondlara aid edilir. Bu baxımdan, dəyəri 100 manatdan aşağı olanlar

maddi dövriyyə vəsaitlərinə aid edilir [21].

5. Hərbi gəmilər, təyyarələr, tanklar və s. bu kimi əmlak ölkənin əsas kapitalına aid

edilmir. Bununla yanaşı, hərbi aerodromlar, doklar, yollar, xəstəxanalar və s. bu

kimi hərbi obyekt və tikililər əsas kapitala aid edilirlər. Çünki, bunlar mülki obyek-

tlərlə eyni təyinata malikdirlər. Praktikada nəqliyyat vasitələri, kompyuter, kommu-

nikasiya avadanlıqları və s. bu kimi ikili təyinatı olan hərbi əmlak əsas kapitalın

tərkibinə aid edilir.

Milli hesablar sistemində əsas kapitalın ümumi yığımına tikintinin hansı formada

həyata keçirilməsi əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, əgər tikinti ixtisas-

laşdırılmış tikinti təşkilatı tərəfindən həyata keçirilirsə, onda yalnız təhvil verilən tikin-

tinin həcmi əsas kapitala aid edilir. 

Təhvil verilməyən yarımçıq tikintilər bitməmiş istehsala aid edilir. Əgər hər hansı

obyekt satış məqsədilə yaradılırsa, onda həmin obyekt tikintisi sona çatdıqdan sonra

son istifadəçiyə satılmayana qədər əsas kapitala deyil, hazır məhsula aid edilir. 

Bu baxımdan tikintinin əsas kapitala aid edilməsi üçün onun son istifadəçinin

mülkiyyətinə verilməsi zəruridir. Bununla belə, əgər tikinti şəxsi istifadə üçün nəzərdə

tutulubsa, onda hansı mərhələdə olmasından asılı olmayaraq o, əsas kapitala aid

edilir. 


Məsələn, ev təsərrüfatı şəxsi istifadə üçün özü tərəfindən bina tikirsə və bunun tikintisi

ilin sonuna bitmirsə, belə bitməmiş tikinti əsas kapitala aid edilir. Yuxarıda qeyd

edilənlər çoxillik  əkmələrə və məhsuldar heyvanlara da aiddir. 

Məsələn, bir illik tinglər yetişdirilib satılırsa, bunlar hazır məhsul ehtiyatı, bu tinglərdən

ibarət bağ məhsuldar dövrünə çatmayıbsa, bitməmiş istehsala aid edilir. 

İstehsalçı müəssisələrin anbarlarında olan investisiya məhsulları da əsas kapitala aid

edilmir. Bu məhsullar son istifadəçilər tərəfindən alındıqdan sonra əsas kapitalın

ümumi yığımına aid edilir. 

Qeyd etmək lazımdır ki, Milli Hesablar Sistemində əsas kapitalın ümumi və xalis

ehtiyatı fərqləndirilir. Əsas kapitalın ümumi ehtiyatı istifadədə olan bütün əsas fond-

ların bərpa dəyərlərinin (yəni bütün əsas fondların qiyməti yeni əsas fondların cari

B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

80



qiymətinə bərabər götürülməklə) cəmi kimi, xalis ehtiyatı isə bu cari dəyərlərdən əsas

fondların istehlakının  toplanmış dəyəri çıxılmaqla, yəni əsas fondların bərpa qalıq

dəyərlərinin cəmi kimi müəyyən olunur. 

Beləliklə, makroiqtisadi səviyyədə investisiyanın həcmi ümumi yığımın formalaşmasına

vəsait qoyuluşunu, iqtisadi aktivlərin xalis əldə edilməsini əhatə edir. Bununla belə il

ərzində investisiya qoyuluşlarının həcmi ümumi yığımdan fərqlənə bilər. Bu əsasən

ləğv edilən əsas fondların qalıq dəyəri ilə əlaqədardır. Belə ki, əsas kapitalın ümumi

yığımı il ərzində əsas kapitalın ümumi ehtiyatının (əsas fondların istehlakını nəzərə al-

madan) artımını ifadə edir. Bu zaman əsas kapitalın ümumi ehtiyatı aşağıdakı düsturla

hesablanır:



K

t

= K

t-1

+

K





– KQ

t

– 

δKt



t-1

(2)


Burada

K

t

ilinin sonunda əsas kapitalın ümumi ehtiyatı;



Kt

t-1

t-1 ilinin sonunda əsas kapitalın ümumi ehtiyatı;

K

t

ili ərzində istifadəyə verilmiş əsas kapital; 

KQ

t

ilində ləğv edilən əsas kapitalın qalıq dəyəri.

Beləliklə, tamamilə istehlak edilməmiş əsas kapitalın sıradan çıxdığı şəraitdə əsas ka-

pitala investisiya qoyuluşları əsas kapitalın yığımından sıradan çıxan kapitalın qalıq

dəyəri qədər çox olur. Bundan başqa, investisiya prosesi əsas kapitalın yaradılması

prosesini əhatə edir və müəyyən dövr ərzində xərc axınlarını əks etdirir. Buna görə də,

il ərzində əsas kapitala investisiya qoyuluşu ilə əsas kapitalın yığımı əhəmiyyətli şəkil-

də fərqlənə bilər. Bu bitməmiş tikintinin və ya son istifadəçiyə təhvil verilməmiş obyek-

tin əsas kapitala aid edilməməsi ilə əlaqədardır. Belə şəraitdə əsas kapitala

investisiyanın müəyyən hissəsi maddi dövriyyə vəsaitlərinin  həcminin  artımına

səbəb olur.  

Bununla belə, maddi dövriyyə vəsaitlərinin dəyişilməsinin həcmi adətən milli iqti-

sadiyyatlarda böyük olmur. Belə hal əvvəlki dövrdə mövcud olan bitməmiş tikintinin

cari dövrdə əsas fond kimi istifadəyə verilməsi, cari dövrdə yaranan bitməmiş tikintinin

isə əvvəlkini kompensasiya etməsi ilə əlaqədardır.

Məcmu investisiya xərclərinə həm istehlak olunmuş kapitalın dəyəri, həm də kapitalın

artımı (yeni kapitalın dəyəri) daxildir. Ölkədə istehlak olunmuş kapitalın həcmi qədər in-

vestisiya qoyuluşu sadə təkrar istehsalın baş verməsinə gətirib çıxarır. Geniş təkrar is-

tehsalın baş verməsi üçün isə istehsal prosesində istehlak edilmiş kapitalın həcmindən

əlavə xərclərin çəkilməsi vacibdir. Bu əlavə investisiya xərcləri xalis investisiya adlanır.

Ölkədə məhz xalis investisiyanın həcminin artması iqtisadi artımın təmin olunmasına

gətirib çıxarır.

Beləliklə, milli iqtisadiyyat çərçivəsində investisiya və kapitalın həcminin dəqiq

qiymətləndirilməsi bir sıra çətinliklərlə əlaqədardır və bəzən bu subyektiv amillərdən də

asılı olur. Bununla belə, investisiya və kapitala daxil olan komponentlərin dəqiq

müəyyənləşdirilməsi həm təhlilin dərinliyi, həmdə alınan nəticələrin mötəbərliyi

baxımından böyük əhəmiyyətə malikdir.

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011.

81



5. Nəticə

İqtisadi ədəbiyyatda «investisiya» və «kapital» anlayışlarına müxtəlif yanaşmalar

mövcuddur. Belə müxtəlif yanaşmalar bu anlayışların müxtəlif səviyyələrdə ayrı-ayrı

mənalar kəsb etməsi ilə əlaqədardır. Mikroiqtisadi baxımdan, investisiya cari istehlakla

deyil, gələcək istehlakla bağlı məqsədlərin əldə edilməsinə yönəldilən vəsaitlərdir.

Makroiqtisadi baxımdan isə, müxtəlif insanlar arasında mövcud aktivlərin yenidən böl-

güsünə səbəb olan satın almalar iqtisadiyyat üçün investisiya deyildir. 

Bununla yanaşı, milli hesablar sistemində əsas kapitala investisiyanın həcmi əsas ka-

pitalın yığımına bərabər olmur. Çünki investisiya qoyuluşları hesabına yaranan bitmə-

miş tikinti maddi dövriyyə vəsaitlərinə aid edilir. Həmçinin makroiqtisadi səviyyədə

insan kapitalının formalaşması və elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin yerinə

yetirilməsi ilə əlaqədar xərclər investisiya qoyuluşlarına birbaşa daxil edilmir. 



Ədəbiyyat siyahısı

1. 


Долан Э.Дж., Линдсей Д. Рынок: микроэкономический модель. СПб, 1992, 448 c. [Dolan

E.C., Lindsey D. Bazar. Mikroiqtisadi model. SPb, 1992, 448 s.] 

2. 

Адам Смит. Исследование о природе и причинах богатства народов. М.: Наука, 1962, 784



с. [Adam Smit. Xalqların sərvətinin, təbiətinin və səbəblərinin tədqiqatı. M.: Nauka, 1962,

784 s.].


3. 

Маршалл А. Принципы экономической науки. Т.1. М.: Прогресс, 1993, 350 c. [Marşall A.

İqtisad elminin prinsipləri. T.1.  M.: Proqress, 1993, 350 s.].

4. 


Система Национальных Счетов 1993. Нью-Йорк, United Nations, 1998, 724 c. [Milli

Hesablar Sistemi 1993. Nyu-York, Birləşmiş Millətlər Təşkilatı, 1998, 724 s.].

5. 

Бем-Баверк Е. Капитал и прибыль. История и критика теорий процента. М.: Директмедиа



Паблишинг, 2008, 830 c. [Bem-Baverk E. Kapital və mənfəət. Faiz dərəcəsi nəzəriyyəsinin

tarixi və tənqidi. M.: Direktmedia Pablişinq, 2008, 830 s.].

6. 

Вальрас Л. Элементы чистой политической экономии. М.: Изограф, 2000, 448 с. [Valras L.



Xalis siyasi iqtisadın elementləri. M.: İzoqraf, 2000, 448 s.].

7. Fisher I. The nature of capital and income. New York, The Macmillan Company, 1906, 427 p.

[Fişer İ. Kapital və gəlirin təbiəti. Nyu York, The Macmillan Company, 1906, 428 s.].

8. John Bates Clark. The Distribution of Wealth: A Theory of Wages, Interest and Profits. New

York: Macmillan, 1908, 254 p. [Con Beyts Klark. Sərvətin paylanması: Əməkhaqqının, faiz

və mənfəətin nəzəriyyəsi. NyuYork: Makmillan, 1908, 254 s.].

9. Hicks J.R. Capital and Time: A Neo-Austrian Approach. London: Oxford University Press,

1973, 214 p. [Hiks C. R. Kapital və zaman: Yeni Avstriya yanaşması. London: Oksford Uni-

versitetinin Nəşriyyatı, 1973, 214 s.].

B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

82



10. «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu, 13 yanvar 1995-ci il.

11. J.Hirshleifer. Investment Decision under Uncertainty: Choice-Theoretic Approaches.

"Quarterly Journal of Economics",1965. Vol. 79, N 4. Nov. P. 509-536. [C.Hirşleyfer. İn-

vestisiya qərarı və qeyri-müəyyənlik: Seçim nəzəriyyəsi baxımından yanaşmalar. "Quarterly

Journal of Economics",1965. 79-cu cild, N 4. Noyabr. s. 509-536.].

12. 


Шарп У., Александер Г., Бейли Дж. Инвестиции. М.: ИНФРА-М, 2003, 1028 с. [Şarp U.,

Aleksander Q., Beyli C. İnvestisiyalar. M.: İNFRA-M, 2003, 1028 s.].

13. 

Гитман Л., Джонк М. Основы инвестирования. М.: Дело, 1997, 1006 c. [Qitman L., Conk



M. İnvestisiyanın həyata keçirilməsinin əsasları. M.: Delo, 1997, 1006 s.].

14. 


Кадочников С.М. Прямые зарубежные инвестиции: микроэкономический анализ эффек-

тов благосостояния. СПб.: Экономическая школа. 2002, 267 c. [Kadoçnikov S.M. Birbaşa

xarici investisiya: maddi rifaha təsirlərin mikroiqtisadi təhlili. SPb.: Ekonomiçeskaya şkola,

2002, 267 s.].

15. Hüseynov T.Ə. Müəssisənin iqtisadiyyatı. Bakı: Azərnəşr, 2005, 560 s.

16. Schultz T. Investment in Human Capital /American Economic Review, 1961, 

№ 51.1,

p. 1-17. [Şultz T. İnsan kapitalına investisiya /American Economic Review, 1961, 



№ 51.1,

s. 1-17.].

17. 

Кендрик Дж. Совокупный капитал США и его функционирование. М.: Прогресс, 1976,



275 c. [Kendrik C. ABŞ-ın məcmu kapitalı və onun fəaliyyət göstərməsi.  M.: Proqress,

1976, 275 s.].

18. Gary S. Becker (1993, 3rd ed.). Human Capital: A Theoretical and Empirical Analysis, with

Special Reference to Education. University of Chicago Press, Chicago, 1964, 412 p. [Beker

Qari S. İnsan kapitalı: xüsusilə təhsillə əlaqəli olaraq nəzəri və emprik təhlil. Çikaqo, Çikaqo

Universitetinin nəşriyyatı, 1975, 412 s.].

19. 

Албегова И.М., Емцов Р.Г., Холопов А.В. Государственная экономическая политика. М.:



Дело и Сервис, 1998, 320 с. [Albeqova İ.M.: Yemçov R.Q., Xolopov A.V. Dövlətin iqtisadi

siyasəti. M.: Delo i Servis, 1998, 320 s.].

20. 

Мэнькю Н.Г. Макроэкономика. М.: Изд-во МГУ, 1994, 736 c. [Menkyu N.Q.



Makroekonomika. M.: MDU-nun nəşriyyatı, 1994, 736 s.].

21. Az


әrbaycan Respublikasının Vergi Mәcәllәsi (2009-cu il 19 iyun tarixinə edilmiş əlavələr və

dəyişikliklərlə).

22. 

Макконелл К.Р., Брю С.Л., Экономикс: принципы, проблемы и политика. М.: ИНФРА-М,



2003, 972 

с. [Makkonell K.R., Bryu S.L., Ekonomiks: prinsipləri, problemləri və siyasət. M.:

İNFRA-M, 2003, 972 s.].

23. System of National Accounts 2008. New York, United Nations, 2009, 722 p. [Milli Hesablar

Sistemi 2008. Nyu-York, Birləşmiş Millətlər Təşkilatı, 2009, 722 s.].

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 1/2011.

83



Ахмедов Бахыш Сабир оглы

доктор философии по экономике

Азербайджанский Государственный Экономический Университет

Сущность понятий «инвестиции» и «капитала»:

микро и макроэкономические подходы

Аннотация

Целью написания статьи является уточнение понятий «инвестиция» и «капитал».

Так, в экономической литературе эти термины применяются в совершенно различ-

ных значениях и иногда используются без их четкого определения. Для достиже-

ния поставленной перед исследованием цели были использованы методы

сравнения, системного подхода, анализа и синтеза. В результате проведенного ис-

следования была уточнена сущность понятий «инвестиция» и «капитал», опреде-

лены элементы, входящие в состав инвестиций и капитала как на макро-, так и

микроэкономическом уровнях. Положения статьи имеют важное значение с точки

зрения более полного осмысления вопросов инвестиций и накопления капитала.

Исследования показывают, что в работах, связанных с инвестициями и капиталом

термины «инвестиция» и «капитал» используются в различных значениях. Данная

исследовательская работа уменьшит подобные различия в подходах. Здесь впер-

вые в более широком смысле были изложены проблемы, связанные с определе-

нием этих терминов, уточнены их сущность. 



Ключевые слова:

инвестициякапиталнакопление капиталаналоговое законо-

дательство

Məqalə redaksiyaya daxil olmuşdur: 22.11.10.

Təkrar işləməyə göndərilmişdir: 06.11.10.

Çapa qəbul olunmuşdur: 12.01.11.



B.Əhmədov. «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti...

84

Yüklə 146,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə