UOT- 336.221: 657.372.32
İnnovasiya yönümlü amortizasiya siyasətinin
vergitutma cəhətləri
Xülasə
Tədqiqatın məqsədi - mövcud vergitutma mexanizminin amortizasiya ayır-
malarının investisiya və innovasiyalara yönəldilməsinə təsirinin tədqiqi.
Tədqiqatın metodologiyası - deduktiv yanaşma və müqayisəli təhlil.
Tədqiqatın nəticələri - sənaye müəssisələrinin amortizasiya potensialından in-
vestisiya və innovasiya məqsədləri üzrə istifadə səviyyəsi qiymətləndirilmiş, bu
potensialdan istifadənin aşağı səviyyəsinin səbəbləri göstərilmiş, amortizasiya ayır-
malarından istifadənin uçotu və vergi tənzimlənməsinin diferensiasiyası üzrə təkliflər
verilmişdir.
Tədqiqatın məhdudiyyətləri - amortizasiya ayırmalarından istifadə üzrə uçot və
statistika məlumatlarının bizə məlum olmaması müəssisələrin amortizasiya siyasə-
tinin daha dərindən tədqiqinə mane olmuşdur.
Tədqiqatın praktiki əhəmiyyəti - müəssisələrin amortizasiya siyasətlərinin dövlət
tənzimlənməsi, o cümlədən vergi tənzimlənməsi tədbirlərinin işlənməsində elmi-is-
tiqamətverici mənbə kimi istifadənin mümkünlüyü.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - müəssisələrin amortizasiya siyasətinin
tənzimlənməsində vergi tənzimlənməsi prinsiplərinə riayət olunması səviyyəsi təhlil
olunmuş və qiymətləndirmə aparılmışdır.
Açar sözlər: amortizasiya potensialı, uçot siyasəti, vergi tənzimlənməsi
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
VERGİQOYMA
Səh.49-68
*Vergilər Nazirliyinin Tədris Mərkəzi, AZ1040. Bakı ş. Sabunçu rayonu, Bakıxanov qəs., Ü.Rəcəb küçəsi, 1.
s-ilgar@mail.ru
Seyfullayev İlqar Zülfüqar oğlu*
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
49
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
1.Giriş
Tələb və təklifin qarşılıqlı təsiri, rəqabət və kapitalın sərbəst axını ilə yaranan
bazar mexanizmi dövlət tənzimlənməsi ilə birlikdə müəssisələrə istiqamətverici təsir
göstərərək onları daxili elementlərini dəyişməyə və xarici təsirlərə uyğunlaşmağa -
sistem olaraq keyfiyyətcə yeni səviyyəyə keçməyə vadar edir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Vergilər Nazirliyinin
Şamaxı rayonunda yerləşən yeni Tədris Mərkəzinin açılışı zamanı etdiyi proqram
xarakterli çıxışında ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərini bir daha bəyan
etmişdir: “Şamaxı rayonunda belə mənzərəli yerdə ən müasir standartlara cavab
verən Tədris Mərkəzi tikilibdir. Bu, gözəl hadisədir və Azərbaycanın ümumi inkişafı
ilə bilavasitə bağlı olan məsələdir. Çünki təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi
əsaslarla inkişafı bizim üçün ən vacib olan məsələlərdəndir və uğurumuzun
səbəblərindən biridir” [1].
İqtisadiyyatları yüksək innovasiya fəallığı ilə seçilən ölkələrdə amortizasiya ayır-
maları elmtutumlu texnologiyaların yaradılmasına, elmi-tədqiqat və sınaq-konstruk-
tor işlərinə, əsas vəsaitlərin modernizasiyasına yönəldilən investisiyaların
əhəmiyyətli mənbəyi hesab olunur. Qeyd etmək lazımdır ki, həmin ölkələrdə amor-
tizasiya siyasətinin tənzimlənməsi vergi siyasətinin ən mühüm elementlərindən biri
kimi qəbul olunur.
İqtisadi təfəkkür tarixində “əmək” və “torpaq” həmişə iqtisadi artımın ilkin mən-
bələri hesab olunmuşlar. İqtisad elmi inkişaf etdikcə qeyd olunan ilkin istehsal amil-
lərindən daha yaxşı istifadəni təmin etməyə imkan verən və bu amillərdən yaradılan
digər istehsal amilləri də (kapital, bilik, infrastruktur) iqtisadi artımın törəmə mən-
bələrinə aid edilmişlər. Amortizasiya əsas kapitalın təkrar və genişləndirilmiş is-
tehsalını təmin etməklə yanaşı, biliyin və əmək (həm fiziki, həm də əqli)
məhsuldarlığının inkişafında da əhəmiyyətli rol oynayır. Əsas kapitalın moderniza-
siyası, mütərəqqi istehsal texnologiyalarının yaradılması və tətbiqi müasir iqtisadiy-
yatda rəqabət üstünlüyünün əldə edilməsinin səmərəli üsullarından hesab olunurlar.
Belə üsulların əsas maliyyə mənbələrindən olan amortizasiya ayırmaları fundamental
və tətbiqi biliklərə iri həcmli tələb yaratmaqla elmin və təhsilin inkişafına çox güclü
impuls vermək imkanına malikdir.
Qeyd olunanlara əsaslanaraq, ölkəmizdə mövcud amortizasiya siyasətinin yeni
texnika və texnologiyaların yaranması və tətbiqi prizmasından öyrənilməsinə is-
tiqamətlənmiş tədqiqatları aktual hesab etmək olar. Bununla əlaqədar olaraq, müəs-
sisələrin amortizasiya siyasətinin mövcud vergi tənzimlənməsi praktikasının nəzəri
və tətbiqi baxımdan təhlili tədqiqatın məqsədi, amortizasiya siyasətinin vergi
tənzimlənməsi, mövcud amortizasiya siyasətinin investisiya yönümlüyü və bu
sahədə vergi tənzimlənməsinin prinsiplərinə riayət olunması məsələlərinin
öyrənilməsi tədqiqatın vəzifələri kimi qarşıya qoyulmuşdur.
50
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
2. Amortizasiyanın mahiyyəti və onun vergi tənzimlənməsi məsələləri
Klassik iqtisadi nəzəriyyədə amortizasiyanın iqtisadi mahiyyəti istismar olunan
əsas vəsaitin yenidən bərpası, yəni təkrar istehsalın təmin oluması üçün maliyyə və-
saitlərinin toplanması kimi qəbul olunmuşdur. Müasir dövrün texniki inkişaf tempi
amortizasiyanın mahiyyətinin dəyişilməsinə gətirmişdir. Əsas vəsaitlərin mənəvi
aşınmasının sürətlənməsi, istehsalda yeniliklərin tətbiqi sürətinin artması, sürətlə
dəyişən iqtisadi mühitə və tələbatlara uyğunlaşmaq zərurəti müəssisələr qarşısında
yüksək çeviklik qabiliyyətinə malik olmaq tələbini qoyur. Bu çeviklik həm idarəet-
mədə (struktur və metodlarda), həm də istehsalda mövcud olmalıdır. İstehsal pro-
seslərinin dəyişilməsi isə texniki elementlərdə və texnologiyalarda dəyişikliklərlə
müşayiət olunur. Müəssisələrin yenilikləri mənimsəmə və çeviklik qabiliyyətlərinin
texniki təşkiledicisinin maliyyə təminatı məhz amortizasiya ayırmaları və xalis mən-
fəət hesabına yaradılır.
Son 50 ildə inkişaf etmiş ölkələrdə amortizasiya ayırmaları iqtisadi artımın əsas
alətlərindən birinə çevrilmişdir. XX əsrin əvvəllərində bu ölkələrdə amortizasiya
ayırmalarının ümumi investisiyalarda xüsusi çəkisi 25-30 faiz idisə, indi bu göstərici
70-80 faiz səviyyəsindədir. Mənfəətdən maliyyələşən investisiyaların xüsusi çəkisi
müvafiq olaraq 50 faizdən 5-10 faizə, borc vəsaitləri hesabına investisiyalar isə 25-
30 faizdən 12-15 faizdək azalmışdır [2]. Müqayisə üçün qeyd edək ki, Rusiya Fe-
derasiyasında 2007-ci ildə bütün investisiyaların 22,8 faizi amortizasiya
ayırmalarının, 54,6 faizi kənardan cəlb olunan vəsaitlərin, 19,2 faizi isə mənfəət
hesabına həyata keçirilmişdir [3]. Göründüyü kimi, inkişaf etmiş ölkələrdə amorti-
zasiya əsas vəsaitlərin təkrar istehsalı və bərpası mənbəyindən yeni texniki ele-
mentlərə investisiya mənbəyinə çevrilmişdir. Nəticədə amortizasiya əsas vəsaitlərin
fiziki aşınmasının ifadəsi kimi deyil, investisiyaların tənzimlənməsi aləti kimi isti-
fadə olunmağa başlamışdır.
Qeyd olunan faktlar inkişaf etmiş ölkələrdə investisiya fəallığının artırılmasına
yönələn amortizasiya siyasətinin real nəticələr verdiyini göstərir. Tədqiqatlar göstərir
ki, sahibkarların investisiya fəallığının, o cümlədən amortizasiya siyasətinin in-
vestisiya yönümlüyünün vergi tənzimlənməsi bazarın rəqabət mexanizminin daim
dəstəklənməsi və qorunması, yeniliklərin güzəştli kreditlərlə təmin edilməsi, iqtisadi
fəaliyyəti tənzimləyən qanunvericilik aktlarının icrasının şəffaf mexanizmlərinin tət-
biqi kimi digər dövlət tənzimlənməsi tədbirləri ilə tamamlanır. Məhz belə sistemli
yanaşma praktikada uğurlu nəticələrin əldə edilməsinə gətirmişdir [4, 5].
Amortizasiya ayırmaları mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə
aid olunaraq vergitutma bazasının və büdcənin vergi daxilolmalarının azalmasına
gətirir. Amortizasiya ayırmalarını digər istehsal və satış xərclərindən fərqləndirən
əsas cəhəti onun vergi ödəyicisi üçün xalis mənfəət kimi sərbəst maliyyə vəsaitinə
çevrilməsidir. Əslində bu maliyyə vəsaiti məqsədli xarakter daşımalı və əsas fond-
51
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
ların bərpası və yenilənməsi üçün istifadə olunmalıdır. Əgər amortizasiya ayırmaları
investisiyalara yönəldilmirsə, onda onun mənfəət vergisinin bazasından çıxılması
makroiqtisadi baxımdan mənasını itirmiş olur. Dövlətin mənfəət vergisindən da-
xilolmaların amortizasiya hesabına azaldılmasında əsas motivi həmin vəsaitlərin
yenidən investisiyalara və nəticə olaraq iqtisadi artıma yönəldilməsi ilə əlaqədardır.
Belə ki, mənfəət vergisinin 20 faizlik səviyyəsi üçün dövlətin amortizasiya ayır-
malarına görə almadığı hər 1 manata vergi ödəyicisinin 4 manatlıq əlavə investisiya
mənbəyi yaranır [6].
Qeyd olunanlara əsaslanaraq amortizasiya ayırmalarının əsas vəsaitlərin bərpası
mənbəyindən genişləndirilmiş təkrar istehsal və innovasiyalar üçün investisiya mən-
bəyinə çevrilməsini vergi siyasətinin əsas vəzifələrindən biri kimi təklif edə bilərik.
Müasir dövrdə əsas vəsaitlərin, xüsusilə onların aktiv hissəsinin (texnoloji avadan-
lıqlar, maşınlar, dəzgahlar, mexanizmlər, cihazlar, qurğular və s.) mənəvi aşınması
fiziki aşınmadan daha böyük sürətlə reallaşır. Məhz bu amil amortizasiya ayır-
malarının bərpa rolunun əhəmiyyətinin azalmasına və onun yeni aktivlərə investisiya
edilməsini iqtisadi zərurətə çevirir.
Amortizasiya ayırmaları daha yüksək dəyərə malik olan yeni aktivlərin alınmasına
imkan verməlidir. Belə yanaşma əsas vəsaitlərin yenilənməsinə şərait yaratmaqla
bərabər, istehsal təyinatlı məhsullar bazarı üçün kəmiyyət və keyfiyyət baxımından
cəlbedici bazarların formalaşmasına və beləlikə maliyyə resurslarının məhsuldar
qüvvələrə yönəldilməsini stimullaşdırır.
Amortizasiya siyasətində ayırmaların hesablanması metodları və normaları
əhəmiyyətli rol oynayırlar. Praktikada proporsional və sürətləndirilmiş amortizasiya
metodlarından geniş istifadə olunur. Proporsional metodda amortizasiya ayırmaları
əsas vəsaitin təyin olunmuş istismar müddəti ərzində vəsaitin ilkin dəyərindən sabit
faizlə hesablanır. Bu metodda əsas vəsaitin dəyəri illər üzrə bərabər səviyyədə
bölüşdürülür.
İnkişaf etmiş ölkələrdə sürətləndirilmiş amortizasiyanın iki növündən daha geniş
istifadə edirlər: ikiqat artırılmış norma ilə azalan qalıq dəyəri metodu və ya sabit
faiz metodu; kumulyativ metod və ya “ədədlərin cəmi” metodu [7, s. 117-119].
Birinci metodun mahiyyəti ondan ibarətdir ki, amortizasiya ayırmaları əsas və-
saitin qalıq dəyərindən ikiqat artırılmış norma ilə hesablanır. Bu metodun tətbiqi za-
manı əsas vəsaitlərə qoyulmuş investisiyanın böyük hissəsi istismarın ilk illərində
geri qaytarılır və yeni investisiyalar üçün istifadə olunur. Sabit faiz metodunun mənfi
cəhəti ondan ibarətdir ki, əsas vəsaitlərə qoyulmuş vəsaitlərin amortizasiya vasitəsilə
tam geri qaytarılması müddəti xeyli uzanır (amortizasiya ayırmaları azalan qalıq
dəyəri metodu ilə hesablandığına görə).
İkinci metodun tətbiqində isə amortizasiya ayırmaları əsas vəsaitlərin istismar
müddətinin təyin olunması və istismarın ilk ilərində amortizasiya normalarının
artırılması vasitəsilə hesablanır (cədvəl 1).
52
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
Kumulyativ metodun tətbiqi zamanı əsas vəsaitin dəyəri istismar müddəti ərzində
tamamilə amortizasiya edilir və dəyərin böyük hissəsi istismarın ilk illərində geri
qaytarılır.
İndi isə ölkəmizdə amortizasiya siyasətinin mövcud qanunvericiliklə tənzimlən-
məsi mexanizmini təhlil edək.
Azərbaycan Respublikasında 24 mart 1995-ci ildə qüvvəyə minmiş Mühasibat
uçotu haqqında Qanunun 27-ci maddəsində amortizasiya ayırmalarının hesablanması
və uçotu məsələləri öz əksini tapmışdır. Bu maddəyə görə əsas vəsaitlər və qeyri-
maddi aktivlərin dəyəri onların xidmət müddətinə görə hesablanmış köhnəlmə
(amortizasiya) normaları və ya Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən təsdiq edilmiş köhnəlmə (amortizasiya) normaları ilə ödənilir. Müəssisələr
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə köhnəlmə (amortizasiya)
normalarını artırmaqla (bu artım iki dəfədən çox ola bilməz), sürətləndirilmiş köh-
nəlmə (amortizasiya) normalarını tətbiq edə bilər. Köhnəlmə (amortizasiya)
məbləğləri müəssisənin təsərrüfat fəaliyyətinə mənfi təsir etdiyi hallarda Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin razılığı ilə köhnəlmə (amortizasiya) normalarına
azaldılma əmsalları (bu əmsallar 0,5-dən aşağı ola bilməz) tətbiq edilə bilər [8].
Mühasibat uçotunu tənzimləyən qanunvericilik aktında müəssisələrə
sürətləndirilmiş amortizasiyadan istifadə etmək hüququ verilmiş, avadanlıqların xid-
mət müddətlərinin təyin olunma qaydaları müəyyən olunmuşdur. Digər tərəfdən, bu
qanunda amortizasiya ayırmalarından istifadənin uçotu və ya tənzimlənməsi barədə
tələblər yoxdur. Eyni zamanda, bu Qanunun qeyd olunan müddəaları ilə sonrakı il-
lərdə qüvvəyə minmiş Mülki və Vergi Məcəllələrinin müvafiq müddəaları arasında
aşkar uyğunsuzluqlar vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə
“mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məh-
53
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Cədvəl 1. Amortizasiya ayırmalarının kumulyativ metodla hesablanması
nümunəsi
Mənbə: Экономика предприятия. (под. ред. Н.А.Сафронова), М.:Юристь,1998, s.117.
Əsas vəsaitin istismar
müddəti (illər)
Qalan istismar
müddəti (illər)
Əsas vəsaitin ilkin dəyərindən
amortizasiya norması
1-ci il
5
5/15
2-ci il
4
4/15
3-cü il
3
3/15
4-cü il
2
2/15
5-ci il
1
1/15
Cəmi 5 il
15 hissə
15/15
dudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka ( əşyaya) sərbəst surətdə sahib
ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka
başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz
mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların
və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olun-
masın” [9]. Bu maddədən belə aydın olur ki, hüquqi və fiziki şəxslər mül-
kiyyətlərində olan əsas vəsaitlərin istismar müddətini texniki, təhlükəsizlik, ekoloji
və digər məhdudiyyətləri nəzərə almaqla sərbəst şəkildə müəyyən edə bilərlər.
Azərbaycan Respublikasının qüvvədə olan Vergi Məcəlləsi ilə təsbit olunmuş
amortizasiya normaları və ayırmaların hesablanması qaydası da Mühasibat uçotu
haqqında Qanunun müvafiq müddəalarından əsaslı şəkildə fərqlənir.
Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.4-cü maddəsinə görə
əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan
əsas vəsait üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin vəsaitin vergi
ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Əsas vəsaitin qalıq dəyəri isə
əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya çıxıldıq-
dan sonra qalan dəyər) cari ildə daxil edilmiş əsas vəsaitin dəyəri, habelə cari ildə
təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində
təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərin 5
faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Vergi Məcəlləsinin 114.3-
cü maddəsində amortizasiya ayırmaları bina və qurğular üzrə 7 faiz, əsas vəsaitlərin
ən aktiv növləri olan maşın, avadanlıq, hesablama texnikası və nəqliyyat vasitələri
üzrə 25 faiz, digər əsas fondlar üzrə isə 20 faiz səviyyəsində məhdudlaşdırılır [10].
Göründüyü kimi, amortizasiya ayırmalarının vergi qanunvericiliyi ilə təsbit olunmuş
hesablanma qaydası “azalan qalıq dəyəri” metodunun təkmilləşdirilmiş formasıdır.
Vergi Məcəlləsində də əsas vəsaitlərin xidmət müddətləri və amortizasiya olunan
məbləğlərdən istifadəyə dair heç bir məhdudlaşdırıcı və ya stimullaşdırıcı müddəa
təsbit olunmamışdır.
Qanunvericilik aktlarında mövcud olan belə uyğunsuzluqlar amortizasiya ayır-
malarının vergi və mühasibat uçotu arasında fərqlərin yaranmasına gətirir.
Avadanlığın dəyərinin amortizasiya dövrünün verilmiş normadan maksimum is-
tifadə olunmaqla müəyyən edilməsi nümunəsi cədvəl 2-də təqdim edilmişdir.
Cədvəldən göründüyü kimi, ilkin dəyəri 100 min manat olan şərti avadanlığın
dəyərinin tam amortizasiyası ən azı 12 il davam edir. Qeyd etmək lazımdır ki, is-
tismarın ilk illərində bu dəyərin qaytarılma sürəti kifayət qədər böyük olur: ilk üç
ildə dəyərin 58 faizi, 5 ildə 76 faizi və 8 ildə isə 90 faizi amortizasiya olunur. Əgər
avadanlığın alınmasına alternativ dəyər nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki,
12 illik amortizasiyanın gətirilmiş xalis dəyəri ilkin dəyərin 63 faizi qədərdir. İnfl-
yasiya amillərinin təsirini də nəzərə alsaq bu göstərici daha aşağı səviyyəyə düşər.
Qeyd olunanlar onu deməyə əsas verir ki, mövcud vergi tənzimlənməsi sahibkarların
54
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
amortizasiya siyasətində əsas vəsaitlərin aktiv hissəsinin yeniləşdirilməsi və
genişləndirilmiş təkrar istehsalı üzrə motivasiyasını demək olar ki, stimullaşdırmır.
Təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə düşünülmüş amortizasiya siyasəti
ötən əsrin 60-cı illərindən başlayan sürətli iqtisadi artımın əsas səbəblərindən biri
hesab olunur. Məhz bu siyasət həmin ölkələrdə yüksək texnologiyalar, informatika,
bio və nanotexnologiyalar sahələrində əhəmiyyətli nəticələrin əldə olunmasında
mühüm rol oynamışdır. Müasir dövrdə əsas vəsaitlərin amortizasiyası onların fiziki
aşınmasını xarakterizə edən göstərici olmaqla bərabər, iqtisadi artımın əsas mən-
bələrindən biri və genişləndirilmiş təkrar istehsalın tənzimlənməsi mexanizmi kimi
qəbul olunur.
55
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
İllər
Əsas
vəsaitin
qalıq
dəyəri
(manat)
Amortiza-
siya
norması
(faizlə)
Amortiza-
siya
ayırmaları
(manat)
Ödənilmiş
ayırmaların
ilkin dəyərdə
xüsusi çəkisi
Diskont
nəzərə
alınmaqla
illik amor-
tizasiya
ayırmaları
Diskont-
laşdırılmış
amortizasiya
ayırmalarının
ilkin dəyərdə
xüsusi çəkisi
1
100000
25
25000
0,25
21739
0,22
2
75000
25
18750
0,44
14178
0,36
3
56250
25
14063
0,58
9246
0,45
4
42188
25
10547
0,68
6030
0,51
5
31641
25
7910
0,76
3933
0,55
6
23730
25
5933
0,82
2565
0,58
7
17798
25
4449
0,87
1673
0,59
8
13348
25
3337
0,90
1091
0,60
9
10011
25
2503
0,92
711
0,61
10
7508
25
1877
0,94
464
0,62
11
5631
25
1408
0,96
303
0,62
12
4224
4224
1,00
789
0,63
Cəmi
100000
62722
0,63
Qeyd: hesablama zamanı avadanlığın istismarı dövründə təmir xərclərinin gəlirdən çıxılan
normalar həddində olması qəbul olunmuşdur.
Cədvəl 2. İlkin dəyəri 100 min manat olan şərti avadanlığın amortizasiya
ayırmalarının azalan qalıq metodu ilə hesabatı
Mənbə: hesablamalar müəllifə məxsusdur.
3. Azərbaycanın sənaye müəssisələrinin mövcud amortizasiya
siyasətinin tədqiqi
Ölkəmizdə amortizasiya praktikasının və Vergi Məcəlləsi ilə təsbit olunmuş amor-
tizasiya mexanizmindən necə istifadə olunmasının tədqiqi üçün Dövlət Statistika
Komitəsinin məlumatlarından istifadə etməklə təhlil aparaq. Ölkə iqtisadiyyatında
daha böyük xüsusi çəkiyə malik olmasına, büdcənin vergi daxilolmalarının əsas
hissəsini təmin etdiyinə, ən fəal və ən tez amortizasiya olunan maşın və avadan-
lıqların əsas hissəsini özündə cəmləməsinə, strukturuna və iqtisadi tənzimlənmə
(dövlət və bazar) vasitələrinə görə əhatəli olmasına görə bu təhlilin sənaye sahələri
üzrə aparılmasını daha əhəmiyyətli hesab etmək olar.
Müəssisələrin amortizasiya siyasəti sənayenin müxtəlif sahələrinin fəaliyyət
müstəqilliyindən, texniki-iqtisadi xüsusiyyətlərindən asılı olaraq fərqlənə bilər. Belə
ki, neft-qaz məhsullarının ixrac qiymətləri dünya birjalarında müəyyən olunur, daxili
qiymətləri isə dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisi və istilik enerjisi is-
tehsalı, su təchizatı, yanacaq və digər enerji daşıyıcılarının istehsalı ilə məşğul olan
müəssisələr daxili bazarda dövlət tərəfindən tənzimlənən qiymətlərlə fəaliyyət
göstərirlər. Mülkiyyət mənsubiyyətinə və rəqabət strukturuna görə digər sənaye
sahələrindən fərqlənən emal sənayesinin fəaliyyətində dövlət tənzimlənməsi nisbətən
az, bazar mexanizmlərinin təsiri isə daha güclüdür. Buna görə də, sənayedə və onun
emal sahəsində amortizasiya praktikası tədqiqat obyekti kimi qəbul olunmuşdur.
Qrafik 1-də Azərbaycanda əsas sənaye-istehsal fondlarının 2005-2010-cu illər
ərzində ilin sonuna qalıq dəyərləri göstərilmişdir [11].
Göründüyü kimi, sənayedə əsas fondların dəyəri yüksək templərlə artmaqdadır.
Belə ki, 2010-cu ildə əsas fondların dəyəri 2005-ci ilə nisbətən təxminən 2 dəfə art-
56
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
Qrafik 1: Əsas sənaye-istehsal fondlarının 2005-2010-cu illər ərzində qalıq dəyərləri
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml.
mışdır. Bu artım tempi sənayedə xüsusi çəkisi çox böyük olan neft-qaz hasilatı sə-
nayesinə qoyulan iri həcmli investisiyalar hesabına baş vermişdir. Emal sənayesində
də əsas fondların dəyəri 2010-cu ildə 2005-ci ilə nisbətən 1,55 dəfə artmışdır.
Qrafik 2-də sənayedə əsas fondların strukturu göstərilmişdir. Sənaye istehsal fond-
larında maşın və avadanlıqların xüsusi çəkisinin böyük olmasına rəğmən son illərdə
bu göstəricinin azalması, və əksinə, qurğuların xüsusi çəkisinin artması faktı neft-
qaz hasilatı sahəsində yeni qurğuların istifadəyə verilməsi ilə izah oluna bilər.
Özəl sektorun üstünlük təşkil etdiyi və rəqabətin daha intensiv olduğu emal sə-
nayesində isə fərqli hal mövcuddur. Belə ki, qrafik 3-də bu sahədə maşın, avadanlıq
və nəqliyyat vasitələrinin xüsusi çəkilərinin artımını, binalar, qurğular və digər əsas
fondların xüsusi çəkilərinin isə azalması meyllərini müşahidə edə bilərik.
57
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Qrafik 2: Sənayedə əsas fondların strukturu
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml.
Qrafik 3: Emal sənayesində əsas fondların strukturu
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml.
Amortizasiya potensialından istifadə səviyyəsinin təhlili üçün daxili mənbələr
hesabına investisiya qoyuluşları göstəricisindən istifadə oluna bilər. Əlbəttə, daxili
investisiyaların konkret mənbələr üzrə (amortizasiya ayırmaları, mənfəət, təsisçilərin
şəxsi vəsaitləri hesabına nizamnamə fondunun artımı və s.) bölgüsü barədə məlumat-
lar daha keyfiyyətli nəticələr əldə etməyə imkan verərdi. Lakin belə məlumatların
bizə məlum olmaması “daxili mənbələr hesabına investisiya qoyuluşları” kimi
ümumi göstəricidən istifadə olunmasını şərtləndirmişdir.
Sənaye sahələrinə daxili mənbələr hesabına investisiya qoyuluşlarının məbləği,
dinamikası və strukturu barədə məlumatlar qrafik 4-də verilmişdir.
Qlobal maliyyə böhranının ən çətin dövrü olan 2009-cu ilin göstəricilərini nəzərə
almasaq son illərdə daxili mənbələr hesabına investisiyaların artımını müşahidə edə
bilərik. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün yaradılan əlverişli mühit bu
sahəyə yönəldilən daxili investisiyaların da kəskin artımına şərait yaratmışdır. Belə
ki, 2010-cu ildə emal sənayesinə yatırılan daxili investisiyaların məbləği 509,1 mil-
yon manat olmaqla 2005-ci ilin müvafiq göstəricisindən 6,37 dəfə çox olmuşdur.
Sənayedə əsas vəsaitlərin dəyəri və strukturu barədə məlumatlar əsasında mümkün
olan amortizasiya ayırmalarının – amortizasiya potensialının məbləği üzrə hesabla-
malar aparmaq olar. Bu hesablamalar əsas vəsaitlərin müvafiq qrupları üzrə maksi-
mal amortizasiya normalarından istifadə olunması fərziyyəsi əsasında aparılır.
Sözügedən fərziyyə normal halda müəssisələrin əsas vəsaitlərə qoyuluşların mümkün
qədər qısa müddətdə amortizasiya olunmasında maraqlı olmalarına əsaslanır, yəni
müəssisələr əsas vəsaitlərə qoyuluşların tez ödənilməsi üçün amortizasiya nor-
malarının Vergi Məcəlləsi ilə müəyyən olunan ən yüksək hədlərindən istifadə et-
məkdə maraqlıdırlar.
58
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
Qrafik 4: Sənaye və onun sahələrinə daxili investisiya qoyuluşu
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml
Daxili investisiya qoyuluşlarının məbləğinin mümkün amortizasiya ayırmaların-
dan xeyli kiçik olması faktı sənaye sahələrində amortizasiya potensialından isti-
fadənin qiymətləndirilməsi üçün daxili investisiyaların tamamilə amortizasiyalar
hesabına reallaşması mülahizəsini qəbul etməyə imkan verir.
Hesablamalar göstərir ki, Azərbaycan sənayesində amortizasiya potensialından
investisiya mənbəyi olaraq istifadə çox aşağı səviyyədədir. 2010-cu ildə bu göstərici
37,2 faiz səviyyəsində olmuşdur. Qrafik 5-də sənayedə amortizasiya potensialı ilə
əsas vəsaitlərə daxili investisiyaların müqayisəsi göstərilmişdir.
Qrafikdən görünür ki, sənayedə həm amortizasiya potensialının, həm də əsas və-
saitlərə investisiyaların məbləğində artım meylləri mövcuddur. Sənayedə amortiza-
siya potensialı 2010-cu ildə 6,34 milyard manat səviyyəsində olmuşdur. Bu göstərici
2005-ci ilin müvafiq göstəricisindən təxminən 2 dəfə çoxdur. Əsas vəsaitlərə daxili
investisiyaların məbləği 2010-cu ildə 2005-ci illə müqayisədə 2,8 dəfə artaraq 2,36
milyard manat olmuşdur. Belə müsbət meyllərlə yanaşı bir təzadlı halı da qeyd et-
məmək mümkün deyil: 2005-ci ildən 2009-cu ilədək amortizasiya potensialı ilə əsas
vəsaitlərə daxili investisiyaların məbləği arasındakı fərq artmış, yalnız 2010-cu ildə
bu artım dayanmışdır.
Qrafik 6-da emal sənayesi üzrə amortizasiya potensialı ilə bu sahədə əsas və-
saitlərə daxili investisiya qoyuluşlarının miqdarı müqayisə olunmuşdur.
Emal sənayesində də amortizasiya potensialı əsaslı şəkildə artmışdır: 2010-cu ildə
amortizasiya potensialı 2005-ci ilin müvafiq göstəricisindən 1,65 dəfə çox olmuşdur.
Emal sənayesinə daxili investisiyaların kəskin şəkildə artması isə bu sahənin inkişaf
perspektivlərindən xəbər verir.
59
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Qrafik 5: Sənayedə amortizasiya potensialı ilə əsas fondlara daxili investisiya
qoyuluşlarının müqayisəsi
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml
Digər tərəfdən, amortizasiya potensialından istifadə səviyyəsi də əsaslı şəkildə
artmışdır. Belə ki, bu göstərici 2005-ci ildə 14,6 faiz olmuş, 2010-cu ildə isə 56,4
faiz səviyyəsinə qədər yüksəlmişdir. Ümidverici artım meyllərinin mövcudluğu ilə
bərabər amortizasiya potensialından istifadə səviyyəsinin hələ də aşağı səviyyədə
olması müəssisələrin amortizasiya siyasətində obyektiv və subyektiv xarakterli prob-
lemlərin qalmasını göstərir.
Sahibkarların amortizasiya ayırmalarının aşağı normalarla hesablanması motivinin
istehsal olunan məhsulun rəqabət qabiliyyəti ilə əlaqələndirilməsi mülahizəsi
mövcuddur. Bu mülahizəyə görə müəssisələr məhsulların rəqabət qabiliyyətini təmin
etmək üçün məsrəfləri amortizasiya ayırmalarının aşağı normalarla hesablanması
ilə azaltmağa çalışırlar. Sözügedən mülahizənin reallığa uyğunluğunu
qiymətləndirmək üçün həm sənaye üzrə ümumilikdə, həm də emal sənayesi üzrə
xərclərin strukturunu təhlil edək (diaqram 1 və 2).
Qrafik 6: Emal sənayesində amortizasiya potensialı və daxili investisiyaların
müqayisəsi
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml
Diaqram 1. 2010-cu ildə sənayedə xərclərin strukturu
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml.
60
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
Göründüyü kimi, sənaye istehsalında amortizasiya ayırmaları iqtisadi xərclər
arasında ən kiçik xüsusi çəkiyə malikdir. Son illərdə xərclərin strukturunda material
xərclərinin azalması və amortizasiya ayırmalarının artması meylləri müşahidə olun-
maqdadır. Artım meyllərinə baxmayaraq amortizasiya ayırmaları 2010-cu ildə sə-
nayedə 13,3 faizlik səviyyə ilə ümumi xərclərdə hələ də ən kiçik xüsusi çəkiyə malik
olan xərc qrupu olaraq qalır.
Diaqram 2-dən görünür ki, amortizasiya ayırmaları emal sənayesində də ən aşağı
xüsus çəkili xərc qrupu olaraq qalmaqdadır. Emal sahəsində ümumi xərclərin azaldıl-
ması üçün əsas prioritet material xərclərinin azaldılmasıdır. Əgər amortizasiya ayır-
malarının ümumi xərclərdə xüsusi çəkisini 8,1 faiz səviyyəsində qəbul etsək, onda
eyni istehsal həcmi üçün və digər xərclərin dəyişmədiyi halda amortizasiya ayır-
malarının 10 faizlik artımı ümumi xərclərin cəmi 1,8 faiz artımına gətirə bilər. Emal
sənayesində amortizasiya ayırmalarının xərclərin tənzimlənməsi aləti kimi
səmərəliliyinin çox aşağı olması faktı aşağı amortizasiya normalarının tətbiqinin
məhsulların rəqabət qabiliyyəti ilə bağlılığı mülahizəsinin əsaslı olmamasını göstərir.
Amortizasiya ayırmaları texnoloji innovasiyalara sərf olunan maliyyə mənbəyi
kimi də istifadə oluna bilər. Azərbaycan sənayesində texnoloji innovasiyalara qoyu-
lan investisiyaların fəaliyyət növləri üzrə bölgüsü və mənbələri barədə məlumatlar
cədvəl 3 və 4-də verilmişdir.
Verilən məlumatlardan nəzərə çarpan ilk fakt ondan ibarətdir ki, innovasiyalara
yönəldilən investisiyaların əsas fondlara daxili investisiyalarda xüsusi çəkisi çox
aşağıdır. Belə ki, 2010-cu ildə sənayedə daxili investisiyalar 2,35 milyard manat,
emal sənayesinə isə 509,1 milyon manat səviyyəsində olmuşdur. Həmin ildə yalnız
emal sənayesində innovasiyalara investisya qoyulmuşdur ki, bu investisiyanın da
həcmi 3,5 milyon manat səviyyəsində olmuşdur (həmin sahəyə daxili investisiyaların
cəmi 0,68 faizi).
Diaqram 2. 2010-cu ildə emal sənayesində xərclərin strukturu
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml
61
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
2005-2010-cu illərdə emal sənayesində texnoloji innovasiyalarla əlaqədar maşın
və avadanlığın alınmasına yönəldilən investisiyalar yalnız 2007-ci ildə, maliyyə böh-
ranından əvvəlki ildə sıçrayışla artmış və 40 milyon manat səviyyəsində olmuşdur.
Göstəricilər
2005
2006
2007
2008
2009
2010
Bütün sənaye
53, 2
43,8
49,6
8,02
4,6
8,1
müəssisələrin öz vəsaiti hesabına
4,06
0,89
25,5
5,9
3,6
3,5
dövlət büdcəsi
43,0
34,1
29,8
0,01
-
-
büdcədən kənar fondlar
1,62
0,33
9,2
-
-
-
sair
4,5
8,5
14,75
2,11
1,0
4,6
Emal sənayesi
8,6
1,08
49,5
7,4
4,1
8,1
müəssisələrin öz vəsaiti hesabına
2,3
0,73
25,5
5,3
3,1
3,5
dövlət büdcəsi
0,2
-
-
0,01
-
-
büdcədən kənar fondlar
1,6
0,26
9,3
-
-
-
sair
4,5
0,09
14,7
2,1
1,0
4,6
Cədvəl 3. Sənayedə və emal sahəsində texnoloji innovasiyalara çəkilən
xərclər və onların mənbələri
(milyon manatla)
Cədvəl 4. Sənayedə və emal sahəsində innovasiya xərclərinin istiqamətləri
barədə məlumatlar
(milyon manatla)
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml.
Mənbə: http://www.azstat.org/statinfo/industry/az/index.shtml.
Göstəricilər
2005
2006
2007
2008
2009
2010
Bütün sənaye
53,2
43,8
49,6
8,0
4,6
8,1
o cümlədən:
yeni məhsulların, xidmətlərin, yeni proses-
lərin tətbiqi və işlənməsi
0,86
0,78
3,8
2,5
0,8
2,5
texnoloji innovasiyalarla əlaqədar maşın və
avadanlığın alınması
1,8
0,4
40,0
4,5
2,3
5,0
yeni texnologiyaların alınması
50,6
42,7
0,3
0,1
1,1
-
texnoloji innovasiyalar
2,0
-
5,3
-
0,02
0,14
Emal sənayesi
8,6
1,1
49,5
7,4
4,1
8,1
o cümlədən:
yeni məhsulların, xidmətlərin, yeni proses-
lərin tətbiqi və işlənməsi
0,04
0,8
3,8
2,5
0,7
2,5
texnoloji innovasiyalarla əlaqədar maşın və
avadanlığın alınması
1,8
0,3
40,0
4,5
2,0
5,0
yeni texnologiyaların alınması
6,7
-
0,2
-
1,0
-
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
62
63
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Bu vəsaitlərin təxminən 80 faizi poliqrafiya fəaliyyəti (30 milyon manat) və qida
məhsulları (9 milyon manat) istehsalı sahələrində istifadə olunmuşdur. Həmin
məbləğin 25 milyonu müəssisələrin öz vəsaiti hesabına təmin edilmişdir. Sonrakı il-
lərdə isə daxili vəsaitlər hesabına yeni texnoloji maşın və avadanlıqların alınmasında
azalma meylləri müşahidə olunur. Qeyd olunan faktlar emal müəssisələrinin amor-
tizasiya siyasətində yeniliklərə meyilliliyin az olmasını göstərir.
4. Mövcud amortizasiya siyasətində vergi tənzimlənməsi prinsiplərindən
istifadə
Amortizasiya ayırmalarının mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərc-
lərə aid edilməsini əsas vəsaitlərin təkrar və genişləndirilmiş istehsalı proseslərini
dəstəkləyən vergi güzəşti kimi qəbul etmək olar. Aparılan tədqiqat göstərir ki, sənaye
sahələrində aparılan amortizasiya siyasətinin nəticələrindəki dəyişikliklərin vergi
siyasəti ilə əlaqəsi çox zəifdir. Belə ki, 2005-2010-cu illərdə amortizasiya siyasətinin
vergi tənzimlənməsində hər hansı ciddi dəyişiklik baş verməmişdir. Mənfəət ver-
gisinin 2005-ci ildəki 24 faizlik səviyyədən 2010-cu ildəki 20 faizlik səviyyəyə
endirilməsinin isə amortizasiya siyasətinə (xərc maddəsi olduğu üçün) təsirini o
qədər də güclü hesab etmək olmaz. Aparılan təhlilin nəticələri sənayedə həyata keçi-
rilən amortizasiya siyasətində vergi tənzimlənməsinin prinsiplərinə [12, 13, 14]
lazımi səviyyədə əməl olunmadığı qənaətinə gəlməyə əsas verir.
Vergi tənzimlənməsinin birinci prinsipinə görə vergi münasibətlərinin bütün işti-
rakçılarının maraqlarının balanslaşdırılmasına nail olmaq lazımdır. Sənaye müəs-
sisələrində mövcud amortizasiya potensialından çox aşağı səviyyədə istifadə
edilməsi müəssisələrin yüksək amortizasiya normalarına ehtiyacının olmamasını və
yaxud müxtəlif səbəblərdən bu normalardan istifadə etmək qabiliyyətinin aşağı ol-
masını göstərir. Müəssisələr Vergi Məcəlləsi ilə təyin olunmuş müvafiq güzəştləri
praktikada istifadə etmir və yaxud edə bilmirlər. Deməli, dövlətin də bu sahədə
maraqları tam təmin olunmur.
Vergi tənzimlənməsinin ikinci prinsipinə görə tənzimlənmə tədbirinin səmərəliliyi
təmin olunmalıdır. Əsas vəsaitlərin yenidən bərpası və modernizasiyasına, istehsalda
yeniliklərin yaradılmasına yönəldilməli olan amortizasiya potensialının böyük
hissəsinin istifadə olunmaması şübhəsiz ki, belə tənzimlənmənin səmərəliliyini
azaldır.
Üçüncü prinsipə görə vergi tənzimlənməsi ünvanlı olmalıdır. Dövlətin mövcud
amortizasiya siyasətində milli iqtisadiyyatın sahələri üzrə diferensiasiya elementləri
tətbiq olunmur. İstehsalın sərmayə tutumuna, fondtutumu və fondveriminə, əsas və-
saitlərin strukturuna və istifadə intensivliyinə, innovasiya fəallığına, aktivlərin
rentabelliyinə və digər belə göstəricilərinə görə bir-birindən kəskin şəkildə fərqlənən
sahələrdə eyni amortizasiya siyasətinin tətbiqi lazımi nəticələrə gətirə bilməz.
Vergi tənzimlənməsinin dördüncü prinsipinə görə vergi tənzimlənməsi dövlətin
digər tənzimləmə tədbirləri ilə sistem halında uzlaşdırılmalı və tətbiq edilməlidir.
Sənaye müəssisələrinin amortizasiya potensialından investisiya məqsədləri üçün
lazımi səviyyədə istifadə etməməsi faktı praktikada bu prinsipə də lazımi səviyyədə
riayət olunmadığını göstərir. Müəssisələrin əsas vəsaitlərə və innovasiyalara in-
vestisiya motivasiyasını gücləndirən və dolayısı ilə buna vadar edən dövlət tənzim-
lənməsi mexanizmlərinin - rəqabəti tənzimləyən məcəllənin, texniki və ekoloji
siyasətin (standartlaşdırma, sertifikasiya, texniki normalar və s.), müəlliflik
hüquqlarını və istehlakçı hüquqlarının qorunmasını təmin edəcək qanunvericilik
mexanizminin, güzəştli kreditləşdirmə mexanizmlərinin və s. - daha da inkişaf et-
dirilməsi amortizasiya siyasəti sahəsində tətbiq olunan vergi tənzimlənməsi tədbir-
lərinin səmərəliliyini əhəmiyyətli şəkildə yüksəldə bilər.
Fikrimcə, görkəmli iqtisadçı alim Yozef Aloiz Şumpeterin (1883-1950) 100 il bun-
dan əvvəl - 1911-ci ildə nəşr olunmuş “İqtisadi inkişaf nəzəriyyəsi” adlı əsərindən
götürülmüş sitatla ölkəmizin sənaye müəssisələrinin amortizasiya siyasətlərindəki
məhdudiyyətlərini daha yaxşı izah etmək olar: “İqtisadi şərtləri nəzərə almayan ideal
texniki həll modifikasiya olunur. İqtisadi məntiq texniki məntiqə həmişə qalib gəlir.
Məhz buna görə biz real həyatda polad məftillər əvəzinə kəndiri, sərgi nümunələri
kimi gözəl heyvanlar əvəzinə pis vəziyyətdə olan işlək heyvanları, təkmil maşınların
əvəzinə primitiv əl əməyini, çek dövriyyəsi əvəzinə yöndəmsiz pul təsərrüfatını
görürük. İqtisadi baxımdan ən yaxşı variantla texniki cəhətdən təkmil həll variantları
əksər hallarda bir-birinə uyğun gəlmirlər. Belə halın əsas səbəbi isə biliklərin yoxluğu
və ətalətlilik deyil, iqtisadiyyatın dərk olunmuş şəraitə uyğunlaşmasıdır.” [15, s. 73]
Bazar iqtisadiyyatında müəssisələr açıq, mürəkkəb və qeyri-xətti sistemlər kimi
fəaliyyət göstərdikləri üçün onların davranışının izahında özünütəşkil
nəzəriyyəsindən istifadə etmək olar. Həmin nəzəriyyənin müddəalarına və Y.A.Şum-
peterin qeyd olunan nəticəsinə əsaslanaraq ölkəmizin sənaye sahələrində amortiza-
siya potensialından aşağı səviyyədə istifadə edilməsinin və innovasiya meyllərinin
zəifliyinin səbəbini belə ifadə edə bilərik: “Sənaye müəssisələrinə daxili ele-
mentlərini (məqsədlərini, məqsədə nail olma texnologiyalarını, texniki elementlərini,
istehsal və idarəetmə strukturlarını, iş yerlərinə tələbləri və s.) dəyişməyə və key-
fiyyətcə yeni səviyyəyə keçməyə yönəldən xarici mühitin təsirlərinin (rəqabətin,
tələbatın, elmi-texniki inkişafın və digər amillərin) lazımi səviyyədə güclü (həm
kəmiyyət, həm də keyfiyyət baxımından) olmaması”.
5. Nəticə və təkliflər
Amortizasiya ayırmalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsində
müəyyən olunmuş normaları və hesablanma metodikası əsas vəsaitlərin nəinki
genişləndirilmiş, hətta sadə təkrar istehsalının tam maliyyə təminatını verə bilmir.
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
64
Azərbaycanın sənaye müəssisələrində əsas vəsaitlərə investisiya qoyuluşlarında və
amortizasiya potensialında əsaslı artımın müşahidə olunmasına baxmayaraq,
sahibkarlıq subyektləri amortizasiya siyasətlərində Vergi Məcəlləsinin verdiyi
imkanlardan çox aşağı səviyyədə istifadə edirlər. Sənaye müəssisələrində texnoloji
innovasiyalarla bağlı maşın və avadanlıqların alınması üzrə fəallığın aşağı səviyyədə
olması isə yeniliklərə meyilliliyin az olmasını göstərir.
Son 20 ildə ölkəmizdə həyata keçirilməkdə olan uğurlu iqtisadi islahatlar bazarın
tənzimlənmə mexanizmlərinin əhəmiyyətli dərəcədə inkişafına gətirmişdir. Əlbəttə,
təkamül xarakterli bazar mexanizmlərinin belə qısa müddət ərzində təkmil səviyyəyə
çatdırılması sadəcə olaraq mümkün deyil. Ölkəmizdə rəqabət mühitinin, alıcıların
seçmə imkanları və qabiliyyətlərinin, sahibkarlıq mədəniyyətinin, “qohum və
köməkçi sahələrin” və digər belə amillərin inkişaf səviyyəsindəki obyektiv
boşluqların mövcudluğu iqtisadi fəaliyyəti tənzimləyən bazar mexanizmlərinin key-
fiyyətində də təzahür olunur. Belə vəziyyətdə dövlətin inkişafın zəncirvari reak-
siyasını yaradacaq “impuls”un mənbəyi və müvafiq “mühit”i formalaşdıracaq əsas
institutsional qurum kimi fəallığı zərurətə çevrilir.
Qüvvədə olan Vergi Məcəlləsində və Mühasibat uçotu haqqında Qanunda amor-
tizasiya ayırmalarının istifadə istiqamətlərinin uçotu barədə heç bir tələb qoyulmur.
Müstəqilliyimizin ilk illərində müəssisələrə amortizasiya ayırmalarından istifadədə
sərbəstliyin verilməsini bazar iqtisadiyyatına keçid dövrünün çətinlikləri, kəskin
maliyyə çatışmazlığı və iri həcmli qarşılıqlı ödəməmələrin mövcudluğu ilə izah
etmək olardı. Hal-hazırda isə ölkəmizdəki iqtisadi vəziyyəti bütün sahələrdə inkişafın
yüksək templəri, makroiqtisadi dayanıqlıq, yüksək səviyyəli infrastrukturun mövcud-
luğu, müəssisələr arasında qarşılıqlı münasibətlərdə bazar prinsiplərinin üstün-
lüyünün təmin olunması və digər belə uğurlu göstəricilərlə xarakterizə etmək olar.
Bütün bunlar göstərir ki, müəssisələrin amortizasiya ayırmalarından istifadəsinin
dövlət tənzimlənməsinin təmin olunmasının, amortizasiya ayırmalarının gəlirdən
çıxılan xərclərə aid edilməsi kimi vergi güzəştinin nəticələrinin qiymətləndirilməsi
üçün müvafiq uçotun tətbiqinin vaxtı çatmışdır.
Amortizasiya siyasətinin vergi tənzimlənməsində ilk dövrlər üçün aşağıdakı dife-
rensiasiya istiqamətlərini təklif edə bilərik:
neft və qeyri-neft sektoruna aid sahələr üzrə;
neft-kimya və digər emal sahələri üzrə;
elmi-texniki fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunan əsas vəsaitlər
üzrə;
innovasiya fəaliyyətində istifadə olunan əsas vəsaitlər üzrə;
enerjiyə qənaət edən maşın və avadanlıqlar (siyahısı və istehsalda real nəticələri
müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş) üzrə və s.
İnvestisiya fəallığını stimullaşdıran mexanizmlərin daha da gücləndirilməsi ilə
yanaşı verginin tənzimləmə funksiyasının rolunu artırmaq lazımdır. Bu vəzifənin
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
65
həlli vergi inzibatçılığının vergidən yayınma hallarının azaldılmasına yönəlmiş
alətlərinin təkmilləşdirilməsi ilə paralel surətdə aparıldığı halda səmərəli ola bilər.
İstifadə olunmuş ədəbiyyat:
1. “Vergilər” qəzeti, №35 (576) 15 sentyabr 2011-ci il.
2. Соколов М. М. Изменения в амортизационной политике как особая форма налого-
вого воздействия на развитие экономики // Все о налогах, 2008, № 3, с. 23-29.
(Sokolov M.M. Amortizasiya siyasətində dəyişiklik iqtisadi inkişafa vergi təsirinin xüsusi
forması kimi// Vergilər haqqında, 2008, №3, s.23-29)
3. Петрикова Е.М. Роль амортизационной политики предприятия как инструмента
стимулирования инвестиций в обновление основных фондов // Финансы и кредит,
2007, № 34 (274). (Petrikova Y.M. Müəssisənin amortizasiya siyasətinin əsas fondların
yenilənməsinə investisiyaların stimullaşdırılması aləti kimi rolu// Maliyyə və kredit j-lı,
2007, №34 (274))
4. Пансков В.Г. Совершенствование амортизационной политики в контексте модер-
низации Российской экономики.// Финансы, 2010, №11, с. 27-31. (Panskov V.Q. Amor-
tizasiya siyasətinin Rusiya iqtisadiyyatının modernizasiyası kontekstində
təkmilləşdirilməsi.//Maliyyə j-lı, 2010,№11, s.27-31)
5. Дадашев А.З. Совершенствование налоговой политики при переходе к инновацион-
ному типу экономического развития.// Финансы, №6, 2009, с. 36-40. (Dadaşov A.Z.
İqtisadi inkişafın innovasiyalı formasına keçiddə vergi siyasətinin təkmilləşdirilməsi.//
Maliyyə j-lı, №6, 2009, s.36-40)
6. Голикова Е.И. Рыночная экономика требует реальной модернизации амортизацион-
ной политики. Финансы, №9, 2010, с. 28-32. (Qolikova Y.İ. Bazar iqtisadiyyatı amor-
tizasiya siyasətinin real modernizasiyasını tələb edir.// Maliyyə j-lı, №9, 2010, s. 28-32)
7. Экономика предприятия: Учебник под. ред. Сафронова Н.А., М.: Юристь, 1998, 584 с.
(Müəssisənin iqtisadiyyatı: N.A.Safronovun redaktəsi ilə Dərslik. M.:Yurist, 1998, 584 səh.)
8. Azərbaycan Respublikasının Mühasibat Uçotu haqqında Qanunu (24 mart 1995-ci ildə
qüvvəyə minmişdir). aba.az/publish/qanun_bazası/Qanunlar
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 2011.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 2011.
11. http://www.azstat.org/statinfo/industry/az/index.shtml - Dövlət Statistika Komitəsinin
saytı.
12. Məmmədov F.Ə. və başqaları. Vergilər və Vergitutma. Ali məktəblər üçün dərslik. Bakı:
2010, 512 s
13. Kəlbiyev Y.A. Fiskal Siyasət və Milli İqtisadiyyatın Tənzimlənməsi Problemləri (mono-
qrafiya), Bakı: Elm, 2005, 468 s.
14. Гордеева О.В. Принципы эффективного налогового регулирования.// Финансы,
№9, 2010, с. 33-36 (Qordeyeva O.V. Səmərəli vergi tənzimlənməsinin prinsipləri//
Maliyyə j-lı, №9, 2010, s. 33-36)
15. Шумпетер Й.А. Теория экономического развития М.: Прогресс, 1982, 401 с. (Şum-
peter Y.A. İqtisadi inkişaf nəzəriyyəsi M.:Proqress. 1982, 401 s.)
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
66
Сейфуллаев Ильгар Зульфигар оглы
доцент, доктор философии по экономическим наукам, Министерство по налогам
Баку, пос. Бакиханова, ул.У.Раджаб, 1.
s-ilgar@mail.ru
Налоговые аспекты инновационной политики амортизации
Аннотация
Цель исследования - исследование влияния действующего механизма нало-
гообложения на использование амортизационных отчислений в инвестицион-
ных и инновационных целях.
Методология исследования - дедуктивный подход и сравнительный анализ.
Результаты исследования - проведена оценка использования амортизацион-
ного потенциала в инвестиционных и инновационных целях, определены при-
чины низкого использования амортизационного потенциала, предложены меры
по учету использования амортизационных отчислений и по направлениям диф-
ференциации налогового регулирования амортизационной политики.
Ограничения исследования - отсутствие учетных и статистических данных
по использованию амортизационных отчислений затрудняет более глубокий
анализ амортизационной политики предприятий.
Практическая значимость исследования - возможность использования в ка-
честве научно-направляющего источника при подготовке мер государствен-
ного, в том числе налогового регулирования амортизационной политики
предприятий.
Оригинальность и научная новизна - проведен анализ уровня соблюдения
принципов налогового регулирования в действующей амортизационной поли-
тике.
Ключевые слова: амортизационный потенциал, учетная политика, нало-
говое регулирование.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
67
68
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
Seyfullayev Ilgar Zulfigar oglu
doctor of philosophy on economy, The Ministry of Taxes,
Baku, Bakıxanov, U.Rajab str. 1.
Taxation aspects of pro-innovative amortization policy
Abstract
Purpose - research the influence the mechanism of taxes regulation to use the
amortization sum for investment and innovations.
Design/methodology - deduction approach and comparative analysis.
Findings – are estimated the using of the amortization potential to investment and
innovation aims, are defined the reasons of low level in using of taxes abate for
amortization and proposed deferens directions for taxes regulation of the amortiza-
tion policy.
Research limitations – the non-existence of account and statictics information
about using of amortization are limited more deeply analysis of the amortization
policy of enterprises.
Practical implications - using as scientific and guiding source in prepearing the
regulations measure on the amortization policy of enterprise.
Originality/value - are analysed the observing levels of taxes regulation principles
on the available amortization policy.
Keywords: amortization potential, account policy, taxes regulation.
JEL Classification Codes: D23, D92, , E62, H21, O23
Məqalə redaksiyaya daxil olmuşdur: 24.10.11.
Təkrar işləməyə göndərilmişdir: 02.11.11.
Çapa qəbul olunmuşdur: 12.12.11.
Dostları ilə paylaş: |