Xx əsr. I hissə. 1900-1945-ci illər Tarix elmləri doktoru, professor Musa Qasımovun ümumi redaktəsi ilə



Yüklə 1,49 Mb.
səhifə5/13
tarix19.11.2017
ölçüsü1,49 Mb.
#11153
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

BEŞİNCİ BÖLÜM

1921-1923 -cü illərdə beynəlxalq münasibətlərin

səciyyəvi cəhətləri
Ziddiyyətlərlə dolu olan Versal müqaviləsi faktiki olaraq müharibə dövründə imzalanmış müttəfiqlik haqqında müqavilələri ləğv etdi. Keçmiş müttəfiq dövlətləri belə bir sual düşündürməyə başladı: beynəlxalq münasibətlərin yeni qaydasının möhkəmliyi necədir və sülh müqaviləsinin həyata keçirilməsinə kim nəzarət etməlidir. 1920-ci il yanvarın 10-da qüvvəyə minən müqavilənin həyata keçirilməsinə nəzarət etmək üçün bir sıra təşkilatlar yaradıldı. Komissiyaların çoxluğu Versal müqaviləsinin həyata keçirilməsinə mane olurdu. Meydana çıxan məsələləri həll etməkdən ötrü çevik daimi orqan lazım idi. Buna görə də müttəfiq ölkələrin səfirlərinin konfransı təsis edildi.

Lakin bu orqan da mövcud problemləri həll edə bilmədi. Çünki Paris sülh konfransı işğal olunmuş ərazilərdə mandatın bölüşdürülməsi, təzminat və başqa məsələləri həll etməmişdi. Bu problemləri konfransdan sonra həll etmək lazım idi. Keçmiş müttəfiqlər arasında konfransdan sonrakı ziddiyyətlər bu problemlərin həllinə kömək etmirdi. Mövcud vəziyyət Almaniyanın xeyrinə idi. Almaniya hər vasitə ilə Versal sülh müqaviləsinin maddələrinin həyata keçirilməsinə mane olurdu. Fransa Avropada Almaniyanın sabotajları ilə üzləşirdi. O, İngiltərənin köməyinə ehtiyac duyurdu. Bununla belə İngiltərə Avropada hegemonluğa can atan Fransanın rolunun güclənməsini istəmirdi. Avropada müttəfiqlər arasında olan bu ziddiyyətlərə Yaxın Şərqdəki şərait də əlavə olundu. Türkiyədə Mustafa Kamal paşanın başçılığı ilə xarici müdaxiləçilərə qarşı güclü milli-azadlıq hərəkatı başlandı.

Mövcud beynəlxalq şəraitdə İngiltərə və Fransa birlikdə hərəkət etmək qərarına gəldilər. Onlar üçün başlıca məsələ təzminatı almaq və Yaxın Şərq problemini həll etmək idi. Bu məqsədlə konfrans keçirtmək qərara alındı.


London konfransı


Konfrans 1921-ci il fevralın 21-dən martın 14-nə kimi keçirildi. Burada təzminat və Yaxın Şərq məsələləri müzakirə edildi. Konfrans İngiltərə ilə Fransa arasındaki kəskin ziddiyyətləri üzə çıxartdı. İki türk nümayəndə heyəti konfransda iştirak edirdi. Onlardan birinə-Ankara hökumətinin nümayəndə heyətinə Bəkir Sami bəy, digərinə- İstanbul hökumətinin nümayəndə heyətinə isə böyük vəzir Tovfiq paşa başçılıq edirdi. İkinci heyət konfransda əsas rol oynamırdı, lakin hər iki nümayəndə heyəti razılaşdırılmış layihələrlə çıxış edirdilər. Konfransda Türkiyənin tələbi aşağıdakılardan ibarət idi: Türkiyənin 1913-cü il sərhədlərinin bərpa edilməsi; İzmirin yunan ordusundan azad edilməsi və türklərə qaytarılması; boğazlardan keçidin sərbəst olduğu şəraitdə Türkiyənin suverenliyinə və təhlükəsizliyinə təminat verilməsi; işğal rejiminin ləğv edilməsi; öz sahillərini və ərazilərini qorumaq üçün Türkiyəyə hərbi-dəniz donanması saxlamaq hüququnun verilməsi.

İtaliya kamalçılarla müqavilə bağlamaq təklifini müdafiə edirdi. Fransanın baş naziri Aristid Brian da yumşaq mövqe tuturdu. İngiltərə nümayəndələri də fərdi söhbətlərdə Türkiyə ilə razılaşmağa cəhd edirdilər. İngiltərənin baş naziri Lloyd Corc Bəkir Sami bəylə görüşündə ona belə bir təklif etdi: Türkiyə Bakı neft mənbələri ilə birlikdə bütün Güney Qafqazı öz protektoratlığına götürsün.

Konfransın gedişində türklər İtaliya və Fransa ilə apardıqları danışıqların nəticəsində hərbi əməliyyatların dayandırılması və iqtisadi məsələlərin tənzimlənməsi haqqında saziş bağladılar. Lakin sonralar TBMM hökuməti Fransa ilə bağlanan sazişi təsdiq etmədi və Bəkir Sami bəy istefaya getdi.

Martın 11 -də Fransa və İtaliya türklərə, İngiltərə isə yunanlara aşağıdakı şərtləri qəbul etməyi təklif etdilər: müttəfiq qoşunları İstanbuldan çıxarılır; müttəfiqlərin Türkiyədəki beynəlxalq maliyyə nəzarət komissiyasında türklər iştirak edir; İzmirdə türk suverenliyi saxlanılır, lakin yunan qarnizonu qalır; Ermənistanın müstəqilliyi.

Həm türklər, həm də yunanlar bu şərtlərlə razı olmadılar. Konfrans uğursuzluqla nəticələndi. Yunanlar hərbi əməliyyatları davam etdirdilər. Türklər isə ruslarla danışıqlara başladılar.

London konfransında İngiltərə və Fransa aralarındakı ziddiyyətlərə baxmayaraq vahid mövqedən çıxış etdilər. Martın 3-də onlar Almaniyaya bəyannamə təqdim etdilər. Bəyannamədə Versal sülhünün şərtlərinə əməl edilməsi tələb olunurdu. Almaniya əgər martın 7-ə qədər Paris qərarlarını qəbul etməsəydi müttəfiqlər Reynin sağ sahilindəki əraziləri tutmalı idilər. Almaniya göstərilən müddətə razılıq vermədiyindən müttəfiqlər onun bir sıra ərazilərini tutdular və ona qarşı iqtisadi sanksiya tətbiq etməyə başladılar. Almaniyanın vasitəçilik barədə ABŞ-a etdiyi təkliflər nəticəsiz qaldığından geri çəkilməyə məcbur oldu.

1921-ci il aprelin 29-dan mayın 5-dək keçirilən ikinci London konfransında Almaniyanın təzminat ödəməsi haqqında komissiyanın qərarı müzakirə edildi. Təzminatın ümumi məbləği 132 mlrd. qızıl marka müəyyənləşdirildi( 1871-ci il Fransa-Prussiya müharibəsində məğlub olan Fransa 5 mlrd. frank təzminat ödəmişdi). Müttəfiqlər Almaniyadan bu və sülh müqaviləsinin- tərksilah keçirmək və müharibə canilərini vermək şərtlərini yerinə yetirməyi tələb etdilər. Ultimatiumun vaxtı qurtaran kimi 1921-ci il mayın 11-də Almaniya hökuməti ultimatiumun bütün şərtlərini qəbul etdiyini bildirdi.


Ankara müqaviləsi


20-ci illərin beynəlxalq münasibətlərində Fransa-Türkiyə əlaqələri özünəməxsus yer tutur. 1920-ci ilin ortalarından fransızlar yeni sülh müqaviləsinin bağlanması haqqında Türkiyə ilə danışıqlara başladılar. Danışıqları Fransa senatının xarici işlər komissiyasının sədri Franklen Buyon aparırdı. Yunanlar Sakariya döyüşündə türklər tərəfindən tamamilə darmadağın edildikdən sonra 1921-ci il oktyabrın 20-də Franklen Buyon Türkiyə ilə müqavilə bağladı. Müqaviləyə görə hərbi əməliyyatlar dayandırılırdı, fransız qoşunları Kilikiyadan çıxarılırdı və Türkiyə dəmir yollarında fransızlara konsessiya verilirdi. Ankara müqaviləsinin imzalanması İngiltərənin kəskin narazılığına səbəb oldu. Bu müqavilənin imzalanması ilə Versal sistemində ilk çatlar meydana gəldi. Fransa-Türkiyə müqaviləsinin imzalanması türk diplomatiyasının qələbəsi idi. Bu qələbə türk xalqının milli-azadlıq hərəkatına yeni ruh verdi.


Kiçik Antantanın



yaradılması
Avropanın mərkəzində gərgin beynəlxalq münasibətlər Almaniya, Çexoslovakiya, Avstriya, Polşa və Macarıstan arasında hökm sürürdü. İngiltərə və Fransa arasındakı kəskin ziddiyyətlər Avropada, Balkanlarda və Yaxın Şərqdə hegemonluq uğrunda gedirdi. Fransa ilə Almaniya, İtaliya ilə Fransa arasında kəskin ziddiyyətlər var idi. Belə şəraitdə Mərkəzi və Cənub-Şərqi və Avropa dövlətlərinin birləşdirilməsi haqqında ideyanın həyata keçirilməsini Fransa öz üzərinə götürdü. 1920-ci il avqustun 14-də Belqradda Çexoslovakiya ilə Yuqoslaviya arasında iki il müddətinə müdafiə ittifaqı haqqında müqavilə bağlandı. 1921-ci il aprelin 23-də Rumıniya Çexoslovakiya ilə müttəfiqlik haqqında müqavilə bağladı. 1921-ci il iyunun 7-də Rumıniya və Yuqoslaviya, 1922-ci il avqustun 31-də isə Çexoslavakiya ilə Yuqoslaviya müqavilə imzaladılar. Beləliklə, Avropanın Cənub-Şərqində Rumıniya, Çexoslovakiya və Yuqoslaviyadan ibarət Kiçik Antanta yaradıldı.


Bolşevik Rusiyasının Şərq



ölkələri ilə münasibətləri
Oktyabr çevrilişindən sonra Antanta ölkələrinin düşmənçilik münasibəti ilə üzləşən Rusiya Şərq ölkələri arasında özünə dayaq axtarmağa başladı. Belə ölkələrdən biri İran oldu. Əvvəlcə bolşevik Rusiyası özü bilavasitə və Azərbaycan vasitəsi ilə İrana təzyiq göstərdi, sonra isə İranla yaxınlaşdı. 1920-ci ilin sonunda İranın fövqəladə və səlahiyyətli səfiri Moskvaya gəldi. Öz növbəsində bolşevik hökuməti İrana öz səlahiyyətli nümayəndəsini göndərdi. Aparılan ikitərəfli danışıqlar nəticəsində 1921-ci il fevralın 26-da Rusiya-İran müqaviləsi imzalandı. Müqavilə 26 maddədən ibarət idi. Bu müqaviləni Rusiya tərəfindən K.Çiçerin və L.Qaraxan, İran tərəfindən isə Əliqulu xan Müşavirülməmalik xan imzaladılar.

Müqavilənin birinci maddəsinə görə Rusiya hökuməti fəhlə və kəndlilərin devirdiyi imperialist Rusiya hökumətinin İrana münasibətdə yeritdiyi zorakılıq siyasətindən imtina edirdi. Bu siyasət İran xalqını müstəqil, çiçəklənən və azad görmək istəyir. Rusiya hökuməti İranla əvvəllər bağlanmış bütün müqavilə, saziş və konvensiyaların qüvvədən düşdüyünü bildirdi. İkinci maddəyə görə Rusiya Asiya xalqlarının müstəqilliklərini qorumaq adı altında digər Avropa dövlətləri ilə müqavilə bağlayıb onu istismar etməsini pisləyirdi. Əvvəllər İrana münasibətdə üçüncü dövlətlə bağlanmış sənədlərdən imtina edilirdi. Üçüncü maddəyə görə sərhədlər 1881-ci ildə sərhəd komissiyasının müəyyən etdiyi kimi qalırdı. Lakin Rusiya İranın Astraabad vilayəti sahillərində yerləşən Aşur adadan Firuzə ərazisini ona verirdi, öz növbəsində Sərəh rayonunu torpaqları ilə birlikdə özünə götürürdü. Göründüyü kimi, Azərbaycan torpaqlarının bir hissəsi yenidən İrana verildi, əvəzində Türkmənistan yeni torpaqlar alırdı. Dördüncü maddəyə görə tərəflər bir-birinin daxili işlərinə qarışmaqdan imtina edirdilər. Beşinci maddəyə görə tərəflər öz ərazisində Rusiya və İran əleyhinə mübarizə məqsədi ilə fəaliyyət göstərən təşkilatların, qrupların, ayrı-ayrı şəxslərin, silahlı qüvvələrin, ordu hissələrinin mövcudluğuna imkan vermirdilər. Öz ərazilərində digərinə qarşı yönəldilən üçüncü dövlətin ordu və ya silahlı qüvvələrinin olmasına icazə vermirdilər. Altıncı maddəyə görə əgər üçüncü tərəf İran ərazisindən silahlı müdaxilə yolu ilə Rusiyaya qarşı hərbi çıxışlar və işğalçı siyasət üçün istifadə edərsə, Rusiya sərhədləri üçün təhlükə törədərsə və İran hökuməti onun qarşısını ala bilməzsə, Rusiya hökuməti özünü müdafiə etmək və onun qarşısını almaq məqsədilə İrana qoşun yeridə bilərdi. Rusiya öz qoşunlarını tez bir zamanda İran ərazisindən çıxarmalı idi. Yeddinci maddəyə görə Xəzər dənizindəki İran donanmasında Rusiyaya bədxah münasibət bəsləyən dövlətlərin vətəndaşları olardısa, Rusiya buna son qoymağı İrandan tələb edə bilərdi. Səkkizinci maddəyə görə Rusiya hökuməti çar hökumətinin İrana münasibətdə yeritdiyi maliyyə siyasətindən imtina edirdi. Doqquzuncu maddəyə görə Rusiya hökuməti çar Rusiyasının müəssisələrinin İran banklarında olan vəsaitlərini İran xalqının tam istifadəsinə verirdi. Bunun əvəzində İranın hansı şəhərində Rusiya konsulluğu yaradılardısa ona əvəzsiz istifadə üçün bina verilməli idi. Onuncu maddə yollar, teleqraf və s. məsələləri tənzimləyirdi. Rus tikilisi olan Culfa-Təbriz dəmir yolu və s. İrana verilirdi. On birinci maddəyə görə 1828-ci il 10 fevral tarixli Türkmənçay müqaviləsi qüvvədən düşmüş elan edilirdi. İran Xəzər dənizində öz bayrağı altında sərbəst donanma saxlaya və üzə bilərdi. Müqavilənin on ikinci və on üçüncü maddələri əmlak və İranla konsessiyalar məsələsini tənzimləyirdi. On dördüncü maddə Xəzər dənizində balıqçılıq məsələlərinə həsr edilmişdi. İran Xəzər dənizinin cənub sahillərində balıqçılıq üçün Rusiya tərəfinə əlverişli şərait yaratmalı idi. On beşinci maddəyə görə Rusiya hökuməti islam ölkələrində aparılan missionerlik fəaliyyətindən imtina edirdi və çarizmin bu məqsədlə yeritdiyi siyasəti pisləyirdi. On altıncı maddə vətəndaşların hüquqlarından bəhs edirdi. On yeddinci maddəyə görə Rusiyadakı İran vətəndaşları, İrandakı Rusiya vətəndaşları hərbi xidmətdən və vergilərdən azad edilirdilər. On səkkizinci maddəyə görə hər iki ölkənin vətəndaşları bir-birlərinin ərazilərində sərbəst hərəkət üçün əlverişli şərait əldə edirdilər. On doqquzuncu maddəyə görə müqavilə bağlanan kimi tərəflər ticarət əlaqələrinə başlayırdılar. İyirminci maddə bir-birilərinin ərazisindən malların tranzit yolu kimi keçirilməsində əlverişli şərait yaradılmasına, iyirmi birinci maddə teleqraf və poçt əlaqələrinin bərpa edilməsinə, iyirmi ikinci maddə səlahiyyətli nümayəndələr göndərilməsinə, iyirmi üçüncü maddə konsulluq münasibətlərinin qurulmasına həsr edilmişdi. İyirmi dördüncü maddəyə görə müqavilə üç ay müddətində ratifikasiya edilməli idi. İyirmi beşinci maddəyə görə rus və fars dillərində tərtib edilən müqavilənin hər iki mətni eyni qüvvədə idi. İyirmi altıncı maddəyə görə müqavilə imzalandığı andan qüvvəyə minirdi.

1921-ci il dekabrnn 15-dЉ Gran mЉclisi sovet-Gran mğqavilЉsini ratifikasiya etdi. Öah 1922-ci il yanvarnn 24-dЉ ratifikasiyann tЉsdiq etdi. Fevralnn 22-dЉ isЉ ratifikasiya sЉnЉdlЉri mğbadilЉ edildi.

Bundan sonra Rusiya fevralın 28-də Əfqanıstan, martın 16-da Türkiyə və noyabrın 5-də Monqolustanla müqavilələr bağladı.

Türkiyə ilə 16 maddədən ibarət imzalanan müqavilə dostluq və qardaşlıq haqqında idi.

Birinci maddəyə görə tərəflər onlara zorla qəbul etdirilən istənilən ikitərəfli və beynəlxalq müqaviləni rədd edirdilər. Türkiyə milli hökuməti tərəfindən qəbul edilməyən hər hansı müqaviləni Rusiya hökuməti də rədd edirdi.

Tərəflərin mənafelərinə bilavasitə cavab verən bu maddə Rusiyada mövcud olan bolşevik hakimiyyətini tanımamaq siyasətinə son qoymağı və Antanta dövlətləri tərəfindən Türkiyəyə zorla sırıdılmaq istənilən, lakin TBMM-in rədd etdiyi Sevr müqaviləsini ləğv etməyə yönəlmişdi.

İkinci maddəyə görə Türkiyə Batum şəhərinə və limanına suverenlik verilməsinə razı olurdu. Bu şərtlə, ona qanuni idarəçəlik, geniş muxtariyyət verilməli, bütün vətəndaşların mədəni və dini hüquqları qorunmalı idi. Türk malları Batumdan maneəsiz və kömrüksüz keçməli idi.

Üçüncü maddəyə görə tərəflər müqaviləyə əlavədə nəzərdə tutulmuş sərhədləri ilə Naxçıvanın Azərbaycanın protektoratlığında muxtar ərazi olmasına razılıq verirdilər və Azərbaycan onu üçüncü dövlətə güzəştə getməyəcəkdi.

Məsələnin bu formada həllinə tərəflər uzun sürən müzakirə və mübahisələrindən sonra gəlib çıxmışdılar. Bu məsələnin müzakirəsini keçirən siyasi komissiyanın 1921-ci il 10,12 və 14 mart tarixli iclaslarının protokollarının öyrənilməsi türk diplomatiyasının prinsipial mövqeyini təsdiq edir: Naxçıvan bölgəsi əhalisinin türk qoşunlarını qəbul etməsi faktı onun Türkiyənin himayəsində olduğunu göstərir. Lakin Türkiyə bölgə üzərindəki bu himayəni Azərbaycanın üçüncü dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürdüyü təqdirdə ona verməyə razıdır.

Dördüncü maddədə tərəflər Şərq xalqlarının yeni sosial qayda uğrunda mübarizəsinə yardım göstərəcəklərini bildirirdilər.

Beşinci maddəyə görə tərəflər Qara dənizin beynəlxalq statusunu qəti şəkildə işləyib hazırlamaqdan ötrü razılığa gəlirdilər. Hazırlanacaq qərar Türkiyənin suverenliyinə, təhlükəsizliyinə, o cümlədən İstanbulun təhlükəsizliyinə xələl gətirməməli idi.

Altıncı maddəyə əsasən tərəflər bütün əvvəlki illərdə bağlanan müqavilələri qarşılıqlı mənafelərə cavab verməyən akt kimi ləğv edirdilər. Rusiya çarizmlə bağlanmış müqavilələrdə və beynəlxalq aktlarda nəzərdə tutulan öhdəliklərdən Türkiyəni azad etdiyini bildirirdi.

Yeddinci maddəyə görə Rusiya işğal rejiminin hər hansı ölkənin azad milli inkişafı ilə bir araya sığmadığını göstərirdi. Türkiyədə işğal rejimindən doğan bütün hüquq və öhdəliklərin fəaliyyətini ləğv olunmuş hesab edirdi.

Səkkizinci maddəyə görə tərəflər bir-birilərinin ərazilərində və ya onun bir hissəsində hakimiyyətə gəlmək istəyən qrupların fəaliyyətinə yol verməmək barədə öhdəlik götürürdülər. Onlar Güney Qafqaz respublikalarına münasibətdə bu qarşılıqlı şərti gözləməli idilər.

Bu maddə həm də aprel işğalı nəticəsində Azərbaycandan mühacirət edib Türkiyəyə köçməyə məcbur olan müsavatçı şəxslərə və onların təşkilatlarına qarşı yönəldilmişdi. Məhz bu maddə az sonra Türkiyədə müsavatçıların təqib olunması üçün bir zəmin oldu.

Doqquzuncu maddəyə görə iki ölkə arasında münasibətlərin daimiliyini təmin etmək üçün tərəflər tezliklə dəmiryol və başqa vasitələrin açılması üçün tədbirlər görməli idi. Bu tədbirlər azad tranzitə, mallara və məhsullara aid edilirdi.

Onuncu maddəyə görə bir ölkədən çıxıb digərində yaşayanlar yaşadıqları ölkənin qanunlarına tabe olmalı idilər. Ailə və vərəsəlik məsələləri ayrıca sazişlə tənzimlənməli idi.

On birinci maddə ilə tərəflər bir-birlərinin ərazilərində yaşayan bu ölkələrin müvafiq xalqları üçün şərait yaradırdılar.

On ikinci maddəyə görə 1918-ci ilədək Rusiyaya məxsus olan ərazilərdə yaşayan hər hansı vətəndaş öz əmlakı ilə köçüb Rusiyaya gedə bilərdi. Bu hüquq Batumda yaşayanlara da aid edilirdi.

On üçüncü maddə ilə Rusiya 3-6 ay müddətində öz ərazisində olan hərbi əsirləri və həbs olunmuş türk vətəndaşlarını geri qaytarmalı idi. Türkiyə də eyni öhdəlik götürürdü.

On dördücü maddəyə görə tezliklə konsulluq münasibətləri qurulmalı, iqtisadi və maliyyə məsələlərinə dair saziş imzalanmalı idi.

On beşinci maddə ilə tərəflər Qafqaz respublikaları qarşısında öhdəliklər götürürdülər.

On altıncı maddəyə görə müqavilə ratifikasiya edilməli və mübadilə Karsda olmalı idi.

RSFSR Mərkəzi İcraiyyə Komitəsi 1921-ci il iyulun 20-də, TBMM isə həmin ilin iyulun 31-də müqaviləni təsdiq etdi və ratifikasiya sənədləri sentyabrın 22-də Karsda mübadilə edildi.

Müqavilənin imzalanmasının böyük əhəmiyyəti var idi. Əvvəla, müqavilə ölkələr əsasında anlaşmazlıqları aradan götürdü və hər iki tərəfə xeyirli idi. Müqavilə iki dövlət arasında mövcud olan problemlərin həlli üçün hüquqi-siyasi zəmin hazırladı.

İkincisi, müqavilə bolşevik Rusiyasını və Türkiyəni düşmənləri olan Antanta ölkələrinə qarşı sıx ittifaqda birləşdirdi.

Üçüncüsü, müqavilə qismən olsa da Azərbaycanın ərazi bütövlüyünü qorudu, Naxçıvanın ərazi mənsubiyyəti məsələsini aydınlaşdırdı.

1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistan Türkiyə ilə 20 maddədən və 3 əlavədən ibarət Kars müqaviləsini imzaladılar.




Vaşinqton konfransı
Versalda və ondan sonra imzalanan müqavilələr qalib dövlətləri sakitləşdirmədi. Quruda beynəlxalq münasibətləri tənzimləyən dövlətlər sularda nüfuz dairələri uğrunda mübarizə aparırdılar. Avropa işlərindən kənarda qalan ABŞ bu sahədə xüsusi fəaliyyət göstərirdi. Bu da səbəbsiz deyildi. Çünki ABŞ dünya müharibəsindən qüdrətli bir dövlət kimi çıxmışdı. Müharibədən əvvəl borc alan ABŞ müharibədən sonra borc verən dövlətə çevrilmişdi. Avropanın bir sıra dövlətləri ABŞ-a 11,6 mlrd. dollar borclu idilər. Bütövlükdə isə ABŞ -ın Avropa ölkələrinə başqa formalarla göstərdiyi yardımın miqdarı 20 mlrd. dollar idi. 20-ci illərin əvvəllərində ABŞ-İngiltərə ziddiyyətləri Çində, Latın Amerikasında və digər xammal mənbələri rayonlarında kəskinləşdi. Lakin ABŞ qarşıdurmadan qaçaraq İngiltərə ilə müvəqqəti əməkdaşlığa üstünlük verirdi. Yaponiyanın Uzaq Şərqdə, Fransanın isə Avropada hegemonluğa can atması ingilis və amerikan diplomatiyasını yaxınlaşdırırdı. Uzaq Şərqdə ABŞ-Yaponiya qarşıdurması kəskin idi. ABŞ Sakit okeandakı problemləri öz xeyrinə həll etməyə çalışırdı.

1921-ci il noyabrın 12-də Vaşinqton konfransı açıldı. Konfransda ABŞ, İngiltərə, Yaponiya, Fransa, İtaliya, Belçika, Holllandiya, Portuqaliya, Çin, dominionlarla birlikdə 14 dövlət iştirak edirdi. ABŞ nümayəndə heyətinin başçısı dövlət katibi Çarlz Yuz idi. Fransa nümayəndə heyətinə baş nazir Aristid Brian başçılıq edirdi.

ABŞ dövlət katibi Ç.Yuz çox güclü hərbi gəmilərin tikintisini dayandırmağı, köhnə gəmilərin bir qismini istifadədən çıxartmağı, gəmilərin su basımını müəyyənləşdirməyi təklif etdi. O, iri donanmanın ümumi su basımını İngiltərə və ABŞ üçün 500 min, Yaponiya üçün 300 min təklif etdi. Yeni xətt gəmilərinin hər biri 35 min tondan çox olmamalı idi. Amerika təklifi dənizlərdə üstünlük qazanmağa yönəlmişdi. Ona görə də bu çıxış sensassiya yaratdı. İngiltərə nümayəndə heyətinin başçısı Balfur ABŞ layihəsini müdafiə etdi. Yaponiya nümayəndəsi Kato da dəniz qüvvələrinin azaldılması təklifini qəbul etdi. Fransa dəniz qüvvələrinin deyil, quru qüvvələrin azaldılmasında daha çox marağı olduğunu bildirdi. 1921-ci il dekabrın 13-də ABŞ, İngiltərə, Fransa və Yaponiya 4 dövlət traktatını imzaladılar. Tərəflər Sakit okean rayonunda bir-birilərinin hüquqlarına və mülklərinə hörmət edəcəklərini bildirdilər, mübahisəli məsələləri ümumi razılaşmalar yolu ilə həll etmək barədə öhdəlik götürdülər.

Vaşinqton sülh konfransının gedişində 1922-ci il fevralın 6-da ABŞ, İngiltərə, Yaponiya, Fransa və İtaliya dəniz silahlarının məhdudlaşdırılması haqqında traktat imzaladılar. Bu traktat 5 dövlət müqaviləsi adlandırıldı. Müqaviləyə görə xətt donanmasının ölçüsünün nisbəti yuxarıdakı ölkələr üçün ardıcıllıqla müvafiq olaraq 5:5:3:1,75:1,75 kimi müəyyənləşdirildi. Bu saziş Sakit okeanda dəniz qüvvələrinin yenidən bölüşdürülməsi məsələsini həll etdi. Nəticədə ABŞ az dəniz donanması saxlamaq hüququndan əl çəkdi, öz qüvvələrini İngiltərə və Yaponiya ilə bərabərləşdirdi. Bununla belə, İngiltərə hələ də dənizdə öz üstünlüyünü saxlayırdı.

Vaşinqton konfransı Çin məsələsinə xüsusi diqqət yetirdi. Məlum olduğu kimi, Çin Versal müqaviləsini imzalamamışdı. O, Çin ərazisində olan alman mülklərinin özünə deyil, Yaponiyaya verilməsindən narazılıq edirdi. Konfransda Çin nümayəndə heyəti həmin ərazilərin qaytarılmasını tələb etdi. ABŞ Çini müdafiə etməli oldu. Nəticədə Yaponiya Sindaodan və Şandun əyalətindən əl çəkib onları Çinə qaytardı. Fevralın 6-da Vaşinqton konfransının iştirakçısı olan dövlətlər Çində siyasət haqqında müqavilə imzaladılar. Bu müqavilə 9 dövlət müqaviləsi adını aldı. Müqaviləyə görə dövlətlər Çinin suverenliyinə, müstəqilliyinə, ərazi və inzibati toxunulmazlığına hörmət etmək, açıq qapılar və bütün millətlərin ticarəti və sənayesi üçün bərabər imkanlar prinsipinə hörmət etmək barədə öhdəlik götürdülər.

Vaşinqton konfransı sularda beynəlxalq məsələləri həll etdi və Versal sülh müqaviləsini tamamladı. Paris sülh konfransında ABŞ-ı üstələyən İngiltərə və Fransa Vaşinqtonda istəklərinə tam mənasında çata bilmədilər. Burada ABŞ diplomatiyası şəksiz qələbə qazandı. Vaşinqton konfransı beynəlxalq məsələrdə ABŞ-ın rolunun artmağa başladığını göstərdi.


Genuya konfransı
Versal-Vaşinqton sülh sistemi dünyada diplomatik-siyasi münasibətləri tənzimlədi. Lakin dünya təsərrüfatını və ticarətini bərpa etmədən beynəlxalq münasibətlərdə problemləri həll etmək olmazdı. Ona görə də Avropanın qalib dövlətləri, ilk növbədə İngiltərə və Fransa beynəlxalq iqtisadi münasibətləri həll etmək üçün yollar axtarmağa başladılar. Müttəfiqlərin 1922-ci ilin yanvarında Kannda keçirilən ali şurasının iclasında İngiltərənin baş naziri Lloyd Corc beynəlxalq iqtisadi konfrans çağırmaq barədə təklif etdi. Yanvarın 6-da ali şura Lloyd Corcun təklifi ilə razılaşdı və müvafiq qətnaməni təsdiq etdi. Konfransı keçirməkdən ötrü 6 şərt qəbul edildi: heç bir dövlət digər dövlətə özünün mülkiyyət sistemini, daxili iqtisadi həyatını və idarəsini sırıya bilməz; başqasına kredit verən dövlət öz vətəndaşlarının hüquq və əmlakının qorunmasına əmin olmalıdır; ticarəti aparmaqdan ötrü maliyyə-pul dövriyyəsini təşkil etmək lazımdır; xarici kreditlərdən istifadə etmək istəyən dövlət bütün əvvəlki borc və öhdəlikləri qəbul etməlidir; mövcud quruluşu devirmək üçün təbliğat aparılmasından imtina edilməlidir; bütün ölkələr qarşılıqlı şəkildə qonşularına hücum etməkdən imtina etməlidirlər.

Kann konfransının qətnaməsinə görə Genuyada çağırılacaq konfransda baş nazirlər iştirak etməli idi. İngiltərə və Fransa Almaniyadan təzminat almağı, borclar və Yaxın Şərq məsələlərini həll etməyi vacib sayırdılar.

ABŞ konfransa dəvəti İtaliyanın Vaşinqtondakı səfiri vasitəsilə aldı. ABŞ dövlət katibi konfransda iqtisadi deyil, əsasən siyasi xarakterli məsələlərin həll ediləcəyini əsas götürərək konfransda yalnız müşahidəçi sifəti ilə iştirak edəcəklərini bildirdi. Müşahidəçi ABŞ-ın İtaliyadakı səfiri Çayld oldu.

Uzun mübahisələrdən sonra konfransa Almaniya və Rusiya dəvət edildilər. Fevralın 22-də Rusiya, Azərbaycan, Ermənistan, Belorusiya, Buxara, Gürcüstan, Uzaq Şərq, Ukrayna və Xarəzm respublikalarının nümayəndələri mənafelərini konfransda qorumağı RSFSR-ə verən protokol imzaladılar. Nümayəndə heyətinin başçısı RSFSR Xalq Xarici işlər komissarı G.Çiçerin təyin edildi.

Genuya konfransı aprelin 10-da San-Corco sarayında açıldı. Konfransda 29, İngiltərənin dominionları ilə birlikdə 34 dövlət iştirak edirdi. Konfransda İtaliyanı baş nazir Fakt, İngiltərəni Lloyd Corc, Fransanı xarici işlər naziri Lui Bartu, Almaniyanı Virt təmsil edirdi. İtaliyanın baş naziri konfransın sədri seçildi. Konfransda 4 komissiya yaradıldı: siyasi, maliyyə, iqtisadi və nəqliyyat. İqtisadi komissiyanın iclasında fransızların Almaniyaya münasibətdə irəli sürdükləri tələblər rədd edildi və o, təklikdə qaldı. Siyasi komissiyanın iclasında konkret siyasi məsələlərlə məşğul olmaqdan ötrü yarımkomissiya yaratmaq qərarına gəlindi. Burada ekspertlərin məruzəsi əsasən iki məsələyə həsr edilmişdi: Avropanın bərpa edilməsi və Rusiyanın bərpa edilməsi. Məruzənin 7 maddədən ibarət olan birinci fəslində aşağıdakı tələblər irəli sürülürdü: bolşevik Rusiyası çar hökumətinin və müvəqqəti hökumətin maliyyə öhdəliklərini öz üzərinə götürür; Rusiyanın bütün əvvəlki maliyyə öhdəlikləri qəbul edilir; bu öhdəliklərin yerinə yetirilməsi qəbul edilir; bu məsələlərə baxmaqdan ötrü xüsusi olaraq Rusiya borcları komissiyası yaradılır və s.

Avropa dövlətləri bolşevik Rusiyasından 18 mlrd. borcun ödənilməsini tələb edirdilər. Bolşevik nümayəndə heyəti isə birinci dünya müharibəsi, vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə vurulan zərər üçün 30 mlrd. dollar tələb edirdi. O, borcları ödəməyə aşağıdakı şərtlərlə razı idi: əlavə kredit və vaxt verilsin. Lakin Avropa dövlətlərinin düşmüş olduğu maliyyə-iqtisadi vəziyyəti buna imkan vermirdi.

Genuya konfransının gedişində rus-alman yaxınlaşması baş verdi. Aprelin 22-də Rapalloda müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə hər iki hökumət hərbi xərcləri, müharibə vaxtı vurulmuş ziyanları ödəməkdən, hərbi əsirləri saxlamaq üçün ayrılan vəsaitdən imtina edirdilər; iki ölkə arasında diplomatik və konsul münasibətləri dərhal bərpa edilirdi; ticarət və təsərrüfat məsələləri əlverişli şərtlərlə tənzimlənirdi.

Konfransın gedişində neft məsələsi mühüm yer tutdu. Qafqaz nefti uğrunda ABŞ, Fransa və Belçika üçlüyünə qarşı İngiltərə mübarizə aparırdı.

Konfransda iştirak üçün gələn türklərin məsələlərin müzakirəsinə buraxılmaması vəziyyəti mürəkkəbləşdirirdi. Bu, Kiçik Asiyada sülhün bərpa olunmasına mane olurdu.

Mayın 19-da konfransın son plenar iclası keçirildi. Konfransın işini Haaqada davam etdirmək barədə qətnamə təsdiq edildi.


Haaqa konfransı
1922-ci il iyunun 15-dən iyulun 20-dək keçirilən konfransda iki komissiya -rus və qeyri-rus komissiyaları, üç yarımkomissiya -xüsusi mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı. İyunun 27-də kredit yarımkomissiyasının ilk iclası keçirildi. Yarımkomissiyanın sədri hər hansı bir qərar qəbul etmək deyil, vəziyyəti öyrənmək üçün toplandıqlarını bildirdilər. Borclar üzrə yarımkomissiya da eyni fikirdə idi.

Konfransda Rusiya 3224 milyon qızıl rubl məbləğində kredit almaq istğəyirdi.

Xüsusi mülkiyyət yarımkomissiyası isə xaricilərin Rusiyada olan mülklərinin onlara qaytarılmasını tələb edirdi. Bu ilk növbədə neft mədənlərinə aid idi. Xüsusi mülkiyyətin qaytarılması tələbi və Rusiyanın iddiaları konfransın işini pozdu. Belə şəraitdə müzakirələrin aparılması səmərəsiz idi. İyulun 19-da sovet nümayəndə heyəti belə bir təklif irəli sürdü: müharibədən əvvəlki borcları qəbul edir və ödəməyə hazırdır; Rusiyada mülkiyyəti olan və konsessiyalar ala bilməyən keçmiş sahibkarların haqqını ödəyəcəkdir; iki il müddətində maraqlı şəxslərlə borcların ödənilməsi və təltif haqqında sazişə gələcəkdir. Buna cavab olaraq ingilislər razı qaldıqlarını bildirdilər. Fransızlar isə bunun əleyhinə idilər. Ruslar xaricilərə fərdi qaydada konsessiyalar verilməsinin mümkünlüyünü, Avropa dövlətləri isə vahid konsorsium yaradılması ideyasını irəli sürdülər. İyulun 20-də konfrans belə bir qətnamə qəbul etdi: ayrı-ayrılıqda Rusiyada konsessiyalar alınması ideyası rədd edilsin.


Yaxın Şərq



böhranı
20-ci illərdə beynəlxalq münasibətlərin mühüm hadisələri Yaxın Şərqdə baş verirdi. Antanta dövlətlərinin Yaxın Şərqdə yeritdikləri siyasətə qarşı kamalçı Türkiyə mübarizə aparırdı. İngilislər öz planlarını Fransa və İtaliyanın köməyi ilə həyata keçirə bilərdilər. İngiltərə Türkiyəni yunanların əli ilə vurmağa çalışırdı. Lakin eyni zamanda başa düşürdülər ki, yunanların qələbəsi Rusiya ilə Türkiyəni yaxınlaşdıra bilər.

1922-ci ilin avqustunda bir sıra məğlubiyyətlərə baxmayaraq yunanlar hələ darmadağın edilməmişdi. Avqustun 26-da türklər qəti hücuma keçərək Afion Qarahisar rayonunda yunanları darmadağın etdilər və sentyabrın 2-də yunan ordularının komandanı general Trikupisi əsir aldılar. Sentyabrın 9-da türklər İzmirə yaxınlaşdılar və 50 min yunanı əsir aldılar. Başqa rayonlarda da yunanlar geri oturuldular. Qəhrəman türk ordusu boğazlara və İstanbula yaxınlaşdı. Sentyabrın 15-də Britaniya nazirlər kabinetinin iclasında kömək üçün dominionlara, Fransaya, İtaliyaya və Balkan ölkələrinə müraciət etmək haqqında qərar qəbul olundu.

Fransız ordularının Çanakqaladan, italyanların isə Dardaneldən qovulması ingilislərin vəziyyətini ağırlaşdırdı. Sentyabrın 23-də İngiltərə, Fransa və İtaliya danışıqlara başlamaq haqqında türklərə müraciət etdilər. Danışıqlar oktyabrın 3-də Mudaniyada başlandı. Uzun sürən danışıqlardan sonra oktyabrın 11-də saziş imzalandı. Türk və yunan orduları arasında barışıq yaradıldı. Türklər Şərqi Frakiyada 8 min jandarma saxlamaq hüququ aldılar. Yunanların darmadağın edilməsi Yunanıstanda dövlət çevrilişinə səbəb oldu. Oktyabrın 13-də Yunanıstan Mudaniya barışığına qoşuldu. Yunanların məğlub olması İngiltərədə də hökumət böhranı yaratdı. Oktyabrın 19-da Lloyd Corc istefaya getdi, Bonar Lou baş nazir, lord Kerzon isə xarici işlər naziri oldu.

Bundan sonra İngiltərə Türkiyə ilə sülh konfransını hazırlamağa girişdi. Sülh konfransında İngiltərənin məqsədi 1921-ci il 16 mart tarixli rus-türk müqaviləsini zəiflətmək, ingilis donanmasını Qara dənizdə saxlamaq, Türkiyədə fransız nüfuzunu zəiflətmək, Mosul məsələsini İngiltərənin xeyrinə həll etmək idi.


Lozanna konfransı
İngilis-yunan işğalçıları üzərində qələbə qazanan türklər boğazlara dair konfrans çağırılmasını tələb etməyə başladılar. Lozanna konfransı 1922-ci il noyabrın 20-dən 1923-cü il iyulun 24-dək keçirildi. Konfransda İngiltərəni lord Kerzon, Fransanı Puankare, İtaliyanı Mussolini təmsil edirdilər. Bundan başqa konfransda Yaponiya, Türkiyə, Yunanıstan, Yuqoslaviya, Bolqarıstan və Rumıniya, həmçinin müşahidəçi kimi ABŞ iştirak edirdi. Konfransda üç komissiya yaradıldı: ərazi və hərbi məsələlər siyasi komissiyada, xaricilərin və milli azlıqların rejimi məsələsi hüquqi komissiyada, maliyyə və iqtisadi məsələlər isə iqtisadi komissiyada müzakirə edildi.

Türklər Türkiyənin sərhədlərinin 1913-cü ildəki kimi qurulmasını tələb edirdilər. İngilislər isə Türkiyəyə Avropada daha az ərazi saxlamağa çalışırdılar.

Konfransda Mosul məsələsi də müzakirə edildi. Bu ərazi 1909-cu ilədək sultan mülkiyyəti hesab olunurdu. Gənc türklər inqilabından sonra bu ərazi müsadirə edilmişdi. 1918-ci ildə Türkiyə məğlub olduqda türk sultanı Mosulu Əbdül Həmidin varislərinə qaytardı. Varislər də öz hüquqlarını Amerika kompaniyalarına verdilər. Türklər Mosulu vermək istəmirdilər. Çünki Mosul təkcə neft rayonu deyildi, həmçinin Kürdüstanın açarı idi. İngiltərə bu rayona ya özü sahib olmaq, ya da onu Millətlər Cəmiyyətinin müzakirəsinə verməyə çalışırdı. ABŞ bu rayonda İngiltərə, Fransa və İtaliyanın üstünlüyünə qarşı çıxırdı və bütün dövlətlər üçün açıq qapılar prinsipini irəli sürürdü.

Konfransda boğazlar haqqında məsələ də müzakirə olundu. Türklər boğazlarda işğal rejiminə qarşı çıxır, eyni zamanda Türkiyə ərazisində işğal rejiminin ləğv edilməsini tələb edirdilər.

Yanvarın 31-də lord Kerzon İngiltərə, Fransa və İtaliya adından boğazlara dair saziş layihəsini türklərə təqdim etdi və cavab üçün 5 günlük möhlət verdi. Türklər buna cavab olaraq şərtlər irəli sürdülər: dövlət müstəqillyi təmin edilsin; Sevr müqaviləsi ləğv edilsin; işğal rejimi ləğv edilsin; əsas türk əraziləri saxlanılsın və b.

Fevralın 4-də ultimatiumun vaxtı qurtardı. Türklər ultimatiumu qəbul etmədilər. Vağzalda qatarını saxlatdıran Kerzon isə çıxıb getdi. Beləliklə, Lozanna konfransının işi pozuldu. Konfrans pozulduqdan sonra Türkiyənin İtaliya və Fransa ilə yaxınlaşması baş verdi. Lozanna konfransı işinə yenidən 1923-cü il aprelin 9-da başladı. Yunanlar türklərdən, türklər isə müttəfiqlərdən vurulan ziyana görə təzminat tələb edirdilər. İngiltərə belə kəskin vəziyyəti görüb kompromis variant təklif etdi: Türkiyə təzminat tələbindən əl çəkir, əvəzində Qarağac və ətraf əraziləri alır. Türklər güzəştə getdiklərini bildirdilər.

1923-cü il iyulun 24-də 8 aylıq danışıqlardan sonra Lozanna protokolu imzalandı. Protokola görə Türkiyə Ərəbistandan, Sudandan, Tripolitaniyadan, Mesopotamiyadan, Fələstindən, Suriyadan və bir sıra başqa ərazilərdən imtina edirdi. Bununla belə, Türkiyə əsas ərazilərini özündə saxlayırdı.

Mosul məsələsi 9 ay müddətində İngiltərə ilə Türkiyə arasında bilavasitə ikitərəfli münasibətlərdə müzakirə edilməli idi. Onlar razılığa gəlməsəydilər, bu məsələ Millətlər Cəmiyyətinin müzakirəsinə verilməli idi.

İşğal rejimi ləğv edildi.

Boğazlar məsələsində belə bir razılığa gəlindi: ticarət və hərb gəmiləri dinc və müharibə vaxtı sərbəst şəkildə boğazlardan keçə bilərdilər; Bosfor və Dardanel hərbsizləşdirilirdi; İstanbulda boğazlar komissiyası adı ilə beynəlxalq komissiya təsis edilirdi; onun tərkibinə Fransa, İngiltərə, İtaliya, Yaponiya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Rusiya, Yuqoslaviya və Türkiyə daxil olurdular. Komissiyanın sədri türk olmalı idi.

Konfransın qərarlarına görə yunanlar İstanbuldan başqa bütün türk ərazilərindən çıxarılmalı idilər. Ermənilərin Türkiyə Ermənistanı yaratmaq planları boşa çıxdı. Uydurma erməni məsələsi Lozannada dəfn edildi. Türkiyədə olan alman, avstriya, macar vətəndaşlarının müttəfiqlərin əlində olan mülkləri xüsusi müqavilə bağlananadək müttəfiqlərdə saxlanılırdı.

Lozanna sazişini bir tərəfdən İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Yuqoslaviya, digər tərəfdən isə Türkiyə imzaladı. Sənəd imzalanan gün Belçika və Portuqaliya da ona qoşuldular.


Rur münaqişəsi
Bu dövrdə təzminat məsələsinin həll edilməməsi beynəlxalq münasibətlərdə ən mübahisəli problemlərdən biri idi. Fransa təzminatın tam ödənilməsini tələb edirdi. Almaniya isə bunu ödəməyə imkanı olmadığını bildirirdi. Təzminatın ödənilməsi məsələsində Almaniyada əsasən iki xətt var idi: təzminatı ödəməyin tərəfdarları və təzminatı ödəməməyin tərəfdarları.

Fransanın çətin maliyyə və iqtisadi vəziyyətində fransız rəsmi dairələri Rurun sərvətlərindən istifadə etmək barədə düşündülər. Fransız diplomatiyası Almaniyanı təzminatı ödəməməkdə və Versal sülh müqaviləsinin şərtlərini pozmaqda təqsirləndirirdi. İngiltərə Fransanın Avropada güclənməsini istəmirdi. Bu dövrdə İtaliyada hakimiyyətə gələn Mussolini Rur məsələsində Fransanı müdafiə edirdi. 1922-ci il yanvarın 2-4-də Parisdə keçirilən konfransda İngiltərə 4 il müddətində Almaniyanın təzminat ödəməsinə moratorium qoyulması təklifi ilə çıxış etdi. Fransa buna etiraz etdi. Yanvarın 10-da Fransa və Belçika Berlinə nota verərək təzminatın ödənilməsinə nəzarət etmək üçün Rura komissiya göndərdiklərini bildirdilər. Bunun ardınca yanvarın 11-də Fransa-Belçika orduları Ruru işğal etdilər. İngiltərə buna loyal münasibət bəslədi. İngilislər bu münaqişədə Fransa və Almaniyanın döyüşüb zəifləyəcəklərinə ümid edirdilər.

Almaniya etiraz etdi və reyxstaqda passiv müqavimət göstərmək haqqında qərar qəbul edildi. Rurun işğalı ilə Almaniya daş kömür, dəmir və çuqundan məhrum oldu.

Fransa da işğalla öz istədiyinə çata bilmədi. Passiv müqavimət nəticəsində Fransaya daş kömür göndərilmədi. Bunun əvəzində Almaniyada ictimai rəy Fransanın əleyhinə daha da gücləndi. Avropada münaqişəyə İngiltərənin müdaxiləsini tələb edən çağırışlar eşidilməyə başladı. 1923-cü il mayın 2-də Almaniya nota verərək təzminat məsələsini təzminat komissiyasının müzakirəsinə verməyi tələb etdi.

Rurun işğalı ilə Almaniyanı inqilabi böhran bürüdü. Böhran silahlı üsyana çevrildi.

Rurun işğalı beynəlxalq münasibətlərdə yeni şərait yaratdı. ABŞ Almaniyaya yardım təklifləri ilə çıxış etməyə başladı.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə