Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   31

dostluq nümunəsini Balzak özünün «Ponse» və «Allahsızın ibadəti» əsərlərində təsvir edib. Həqiqi 

dostluqda qayğıkeşlik tələbkarlıqdan qat-qat çoxdur və mən bunu başqaları üçün sevgi adlandırıram.   

Təmənnasız məhəbbətin vacib özəlliyi ondan ibarətdir ki, o özü üçün sevgi və ya sadiqliklə 

müqayisədə daha çox xoşbəxtlik gətirməyə qabildir. Nədən ötrü? Ondan ötrü ki, insan məhz bu cür 

yaranıb: özünü unutmaqla o, əslində, xoşbəxtlik əldə edir. Nə qədər ki yalnız özün haqqında 

düşünürsən, nə vaxtacan ki şübhə və məmnuniyyətsizliyin girdabında yaşayırsan, düşüncələr səni bir an 

da rahat buraxmır: «Mən həyatda bacara bildiyim hər şeyə nail olmuşammı? Məni hazırda düşdüyüm 

vəziyyətə gətirən hansı səhvim oldu? Mənim barəmdə nə düşünürlər? Məni sevirlərmi?» Elə ki başqa 

kişi (yaxud qadın) sənin həyatının başlıca dayağına,    əsas sütununa çevrilir, onda hər şey öz qaydasına 

düşür. Bizim borcumuz nədədir? Sevdiyin adamın xoşbəxtliyini təşkil etməkdə. Həmin dəqiqədən 

etibarən həyat məna kəsb etməyə başlayır və bu məna həmin gündən onun özəyinə çevrilir. İnamla 

bəxş olunan təsvirəgəlməz, ifadəolunmaz rahatlıq həzzi, təəssüf ki, hamı üçün əlçatan deyil. Lakin 

dünyəvi bağlılıq da dadlı və qiymətlidir. Əlvida.   

 

SONRAKI PEŞMANLIQ HAQQINDA   



 

Bu günlərdə baxdığım bir film məni bərk həyəcanlandırdı. Bu, müflisləşən və öz uşaqlarının 

himayəsində yaşayan yaşlı ər-arvad cütlüyünün adi həyatı barədədir. Filmin qəhrəmanları, hər şeydən 

göründüyü kimi, çox yaxşı adamlardır, onların övladları – digər uşaqlardan zərrəcə əskik deyil. Amma 

hər şey hədsiz dərəcədə pis alınır. Yaşlı nəsil cavanların həyatını çətinləşdirir, mehriban münasibətlər 

vaxt ötdükcə korlanır. Valideynlərdə ədəb çatışmır, uşaqlarda – səbir. Kürəkənlər və gəlinlər qan 

qohumluğu ilə bağlı olmadıqları qocalara dözməkdən imtina edirlər. Nəhayət, ananı qocalar evinə 

göndərirlər. Qarı elə orada da ölür.   

Kinoteatrdan çıxarkən mən vicdan əzabı barədə düşündüm. Şübhə etməyə bilərsiniz: valideynləri 

öləndən sonra vicdan əzabı    uşaqlara rahatlıq verməyəcək, onları mütləq didib-parçalayacaq. Nə qədər 

ki bizə doğma olan adamlar sağdır, biz onlarla müxtəlif cür rəftar edirik – gah onlara qarşı diqqətli olur, 

gah da bilaixtiyar əsəbi münasibət göstəririk. Biz onları sevirik, amma eyni zamanda onların nöqsanları 

bizi təngə gətirib zəhləmizi tökür, çox vaxt da həyatımızı çətinləşdirir. Bizim öz istəklərimiz, öz 

arzularımız var və aydın olanda ki, bəs biz istəyən şeylər bizi sevənlərin arzularıyla çəp gəlir, onda öz 

vicdanımızı satmağa başlayırıq. Özümüzə təskinlik veririk: «Əlbəttə, o (ata, yaxud ana) əzab çəkəcək, 

amma daha mən özümü daimi olaraq qurban verə bilmərəm ki. Üstəlik də, növbəti dəfə daha xoş sözlər 

söyləməklə, daha mülayim münasibət göstərməklə bu mənasız incikliyi yumşaldıb aradan qaldıraram».   

Bu cür haqq-hesablar aparmaqla, vurub-çıxmaqla biz ölümü nəzərdən qaçırırıq. Ölüm isə öz vaxtında 

gəlir və artıq heç nəyi düzəldə bilməzsən. Bax elə onda da sonrakı peşmançılıq dövrü başlanır. Ölüm 

bizimçün yalnız gecikmiş təəssüf hissi qoyaraq bizi həmişəlik tərk edən adamların zəif cəhətlərini 

unutmağa məcbur edir. İndi isə biz öz doğmalarımızı görmək imkanından ömürlük məhrum olanda 

onların əvvəllər bizə zəhlətökən, yaxud səfeh kimi görünən hərəkət və davranışları, söhbət və 

danışıqları xüsusi riqqət və kədər doğurur. Biz əbədi olaraq o dünyaya köçənləri təsirləndirə və 

sakitləşdirə biləcək və bizdən, demək olar ki, heç bir səy tələb etməyən şeylər barəsində düşünməyə 

başlayırıq. Matəm libasına bürünmüş oğul düşünür: «İkicə kəlmə xoş sözlə onun kefini açmaq, bir neçə 

dəqiqəliyə baş çəkmək üçün yanına qaçmaq, yaxud zəng vurmaq nə çətin iş idi ki? İkicə sətirlik 

məktub yazıb göndərsəydim, atamın üzü bütün gün sevincindən işıq saçardı. Mənsə, onsuz da, təngə 

gətirdiyim qadınla daha bir neçə dəqiqəni bir yerdə olmaq üçün atamı bu sevincdən məhrum etmişdim. 

Hər şeyə vaxt çatırdı: rəislərə yazmağa da, dostlara yazmağa da, amma öz atama yazmaq üçün vaxt 

tapa bilmirdim. Halbuki onu bütün varlığımla sevirdim…»   

Mən vəhşilərin eynən ibtidai adamlar sayağı ölülərdən qorxmaları və onları sakitləşdirmək üçün cəhd 

etmələri, onlara qurban gətirmələri barədə oxuyanda qətiyyən təəccüblənmirəm. Bu doğrudur ki, ölülər 

yuxularda geri qayıdırlar və öz vaxtında onların həyatını bədbəxt etmiş diriləri didib-parçalayırlar. 

Bununla əlaqədar Anatol Fransın ən gözəl romanlarından biri olan «Teatr əhvalatı»nı, yaxud 




Şatobrianın xanım de Dyuranın vəfatından sonra yazdığı etirafı oxuyun. Şatobrian xanım de Dyuranın 

sadiq dostluğuna dəfələrlə soyuq etinasızlıqla və güclə gizlədilən qıcıqla cavab vermişdi: «Bu alicənab 

xanımı itirəndən sonra… mən heç cür sakitləşə bilmirəm; mənə son dərəcə sadiq olan bu böyük ürək 

sahibini tez-tez məyus etməyimin peşmançılığını çəkirəm, göz yaşı içində indi özümü səbatsızlıqda 

məzəmmət edirəm. Öz hərəkətlərimizə diqqət yetirməyimizin vaxtıdır! Unutmayaq ki, həyatımızı 

yolunda qurban verməyə hazır olduğumuz yaxınlarımıza dərindən bağlılıq hiss etməklə yanaşı, həm də 

onların varlığını zəhərləməyə qabilik. Dostlarımız qəbrə köçəndən sonra biz axı onların qarşısında öz 

günahımızı necə yuya bilərik? Bizim bu faydasız təəssüflərimiz, bu sonrakı peşmançılıqlarımız 

sağlığında onların qəlbinə vurduğumuz yaralara məlhəm ola bilərmi? Onlar öləndən sonra bizim 

axıtdığımız göz yaşlarındansa, həyatda bizim təbəssümümüzü görməyi daha üstün tutardılar».   

Gəlin vicdan əzabı çəkə-çəkə onların kölgələrinə əbəs yerə təklif etdiyimiz həmin o mehribanlığı 

dirilərin özlərinə göstərməkdən imtina etməyək. Bunu heç vaxt yaddan çıxartmayın, querida və əgər 

görüş qismətimiz olsa, onda mənim kimi bir qocanı təəssüfləndirərək özünüz üçün sonrakı peşmanlığın 

təməlini qoymayın. Əlvida.   

 

KRAL OLMAQ İSTƏYƏN ADAM   



 

Kiplinq «Kral olmaq istəyən adam» adlı əla bir hekayə yazıb. Bu bir irland avantüristinin – Kiplinqin 

Kafiristan adlandırdığı və çox az adamın tanıdığı hansısa ölkədə kral olmağı qarşısına məqsəd qoymuş 

son dərəcə qoçaq və cəsur bir əsgərin əhvalatıdır. Diqqət yetirin ki, yarımvəhşi xalqların 

mövcudluğunu yada salsaq və ingilis səyyahı Brukun yaxın keçmişdə Saravakanın racəsi1 olduğunu 

düşünsək, onda bu fikir heç də məntiqsiz görünmür.   

Əvvəlcə hər şey qəhrəmanın istədiyi kimi gedir. Öz sərrast atəşləri sayəsində o, heç vaxt tüfəng 

görməmiş dağlıları heyrətə salır, qorxudur və özünə tabe edir. Təzəlikcə bir yaşayış yerinin hakimi olan 

kimi o, həmin yerin sakinlərini yeni müharibəyə təhrik edir və bir unter-zabit olaraq ətrafında 

məğlubedilməz qoşun toplayır. Hakimiyyəti yavaş-yavaş genişlənir, yerli sakinlər onu, az qala, Allah 

sayır və tabe olub qarşısında təzim edirlər. Tezliklə bu qoçaq arzu etdiyi kimi, artıq böyük bir ərazidə 

kral olur.   

Əgər yerli qadınlar onu şirnikdirib yoldan çıxartmasaydılar, elə kral olaraq da qalacaqdı. Belə ki, o 

fikirləşir: axı kral niyə də evlənməsin? Öz arzusunu kahinlərə bildirir, kahinlər isə cavabında yalnız 

başlarını bulayırlar: «Bəyəm Allah da bəşər qızıyla izdivaca girə bilərmi?» Lakin kral artıq öz seçimini 

etmişdi: yerli gözəl onun arvadı olacaqdı. Nikah mərasimindən sonra kral qızı qucaqlamağa və öpməyə 

cəhd edir. Bərk qorxmuş qız kralı var gücüylə dişləyir; qan fışqırır. Bu, qiyam üçün bəhanədir. «Sən 

Allah deyilsən, sən – adicə insansan!» və təbəələri onu uçuruma atırlar.   

Bu, insan nəslinin özü qədər qədim bir əhvalatdır; onun ilk rüşeymlərinə biz hələ Samson və Dalila 

haqqındakı pritçada rast gəlmişik. Qədim əsatirin bu qədər uzunömürlü olmasında təəccüb doğuracaq 

heç nə yoxdur, çünki son dərəcə gerçəkdir. Başqaları üzərində ağalıq etməyə can atan adam həyatın adi 

sevinclərindən imtina etməyi bacarmalıdır. Rəhbər, ona nə qədər çətin də olsa, asketliyə, 

tərki-dünyalığa ehtiyac duyur. Adamlar onların maraq və əyləncələrini bölüşəni xoşlayır, amma 

beləsinə nadir halda hörmət qoyurlar.   

Biz hər birimiz öz departamentində balaca bir ağa olmuş və orada bir vəzifədən digərinə adlamış (çünki 

onlar suyu üfürə-üfürə içən işgüzar adamlar, ağıllı hakimlər idilər) xeyli cavan tanıyırıq. Parlamentin 

deputatı qismində Parisə düşən bu adamlar yeni həyat tərzinin şirnikdirmələrinə uydular. Bizdə bu cür 

Samsonların pusqusunda dayanmış Dalilalar sarıdan qıtlıq-filan yoxdur. Kifayət qədər tez bir müddətdə 

xadimin indiyə qədərki təvazökarlığında dəvətli naharlara, gecə əyləncələrinə həvəs peyda olur. Əgər o, 

təbiətən səxavətli və alicənabdırsa, onda nəzakətə nəzakətlə də cavab verəcək; bütün bunlar isə ucuz 

başa gəlmir. Tezliklə o artıq bir gecəyə o qədər pul xərcləyir ki, əvvəllər bu pul onun bir ayına bəs 

edirdi. Və bir halda ki onun ixtiyarında sərfəli vəzifələr var, onda həmin vəzifələri ondan satın almağa 

hazır olan varlı pirat da tapılır. Dalila yeni peyda olmuş Samsonu dilə tutmağa başlayır ki, bəs əlverişli 



təklifi qəbul etsin. Sabah onun təbəələri aşkar edəcəklər ki, o, cəmi-cümlətanı, adamdır, hələ üstəlik də, 

son dərəcə səbatsız, qeyri-sabit bir adam. Uçurumdan da arxayın ola bilərsiniz.   

Ey mənim qəlbimin yad qadını, kimi nəzərdə tutduğum sizə, yəqin ki, aydındır. Əlvida.   

 

 



BAYRAM HƏDİYYƏLƏRİ DÖVRÜ   

 

Nəhayət, bir-birimizə hədiyyə etməyin vaxtı gəlib çatdı. Etiraf edim ki, mən bunu böyük sevinclə 



qarşılayıram – amma bu əsla qarşıda məni gözləyən bəxşişlərdən yana deyil (dünyada mənə 

məmnuniyyət bəxş edəcək az əşyalar mövcuddur), daha çox adamları hədiyyə verməyə sövq edən 

duyğulardan yanadır. Sevgi ilə seçilmiş hədiyyəni – hədiyyə verənin onu məhz kiminçün seçdiyinə, 

seçimin təkrarsızlığına və necə təqdim olunmasına əsasən – digər hədiyyələrin arasında çox asanlıqla 

tanıyırsan. Bax elə buna görə də bütün mümkün simvol və alleqoriyalar bayram günlərində öz daimi 

əhəmiyyətlərini qoruyub saxlayır. Bir çox ətirlərə müəyyən xatirələrlə, yaxud təsirli ümidlərlə bağlı 

məhz ona görə bu qədər ifadəli adlar qoyulur ki, onları hədiyyə edərkən birbaşa deyilməsi mümkün 

olmayan arzuları ifadə etmək mümkün olsun. Bu həmçinin bəzi roman və şeirlərə də aiddir: tutaq ki, 

hər hansı aşiq Yeni ilin yaxınlaşmasından istifadə edərək, həyata keçirmək istədiyi uydurulmuş bir 

əhvalatı oxumağı sevdiyi qadına təklif edir. Sent-Böv hətta öz cəhdlərini anlaşıqlı edən povesti özü 

yazmışdı. Üzərində kəlamlar, yaxud şeir misraları həkk olunmuş adicə şərf, yaxud cib dəsmalı əlin 

yazmağa qalxmadığı sözləri ifadə etmək gücündədir. Hədəfi dəqiq nişan almış almaz oxlar, sərrast 

atılmış güllələr ürəklərə daha kəsə yol tapır.   

Amma mən hədiyyə verməyi hədiyyə almaqdan daha çox xoşlayıram. Bizə əziz olan adamın üzündə 

onun lap çoxdan və    ürəkdən arzuladığı istəyin qəfil gerçəkləşməsindən doğan sevinci görmək əsl 

məmnuniyyətdir! Oyuncaq vitrinlərini diqqətlə gözdən keçirib bitdə-bitdə araşdırmaq – uşaqlarımızın 

hələ körpə olduqları və onları xoşbəxt etmək bizim ixtiyarımızda olduğu müddətdə bundan böyük 

məmnuniyyət ola bilərmi! Sonradan onları hədiyyə ilə sevindirmək, təəssüf ki, artıq bizim qüvvəmiz 

daxilində olmur. Qadınlar isə bizim bəxtimizdən, iş hədiyyəyə çatanda özlərini lap uşaq kimi aparırlar 

– bu vaxt onlar üçün Şaxta baba rolunda çıxış etmək necə də xoşdur! Burada ən çətini – həmin rolun 

öhdəsindən uğurla gəlməkdir. Kişilər əksər halda belə düşünməyə meyillidirlər ki, qadınların xoşuna 

gələn şey məhz onların özlərinin bəyəndiyi şey olacaq. Amma bundan da yanlış təsəvvür ola bilməz! 

Mən belə düşüncə tərzi olan filosofa heyranam və onun əsərləri külliyyatını ən ucuz xəzi xoşlayan, ən 

təvazökar zinət əşyalarını bəyənən, hətta sadəcə, çiçəkləri sevən qadına məmnuniyyətlə hədiyyə 

etməyə hazıram. Hədiyyələri hədiyyə veriləcək adamdan ötrü seçmək lazımdır, onu təqdim edəcək 

adamdan ötrü yox.   

Daha bir məqam: hədiyyə həqiqi hədiyyə olmalıdır, yəni onu heç bir şərt qoymadan həmişəlik istifadə 

üçün bağışlamaq lazımdır. Bəzi ailələrdə hədiyyəni «M. O» (müvəqqəti olaraq) bağışlayırlar. «Vermək 

və geri almaq məsləhət deyil». Valideynlər öz balaca oğlanlarına elektrik dəmir yolu bağışlayırlar. 

Sonra ata texnikadan daha yaxşı baş çıxartdığına istinad edərək oyuncaqla özü əylənməyə başlayır, 

aldadılmış uşaq isə bir qıraqda dayanıb ona fikirli-fikirli göz qoyur. Başqa valideynlər uşaqlarına 

verdikləri hədiyyələrə göz qırpmadan nəzarət edirlər, sanki, oyuncaq yox, qiymətli və tezsınan sənət 

əsəridir və muzeydə olduğu kimi, onu qoruyucu məftillərlə tutmalısan.   

– Vurma kuklanı, yoxsa sındırarsan.   

– Ana, o, özünü pis aparırdı.   

– Nə gic-gic danışırsan! Bu, cansız kukladır… özü də atan ona filan qədər pul verib…   

Daha bir illüziyanın ölümü bayram gününü kədərə bürüyür.   

– Onlar əvvəl hədiyyəni verirlər, – uşaqlar şikayətlənir, – sonra elə özləri də ona toxunmağı qadağan 

edirlər; oynadanda isə, ümumiyyətlə, alıb şkafda gizlədirlər.   

Yeni il bayramı çox vaxt göz yaşlarıyla bitir. Unutmayaq ki, səxavət – bayram ovqatının ayrılmaz 

hissəsidir. Hədiyyə edərkən yüz ölçüb bir biçmək və qənaətcilliyə yol vermək – hədiyyə etmək deyil. 



Hətta ən adi hədiyyə də onun ünvanlandığı adamı yaxşı mənada heyrətə gətirə bilər, bir şərtlə ki, gərək 

hədiyyə verənin imkanları böyük olmasın. «Sizə bir dəstə gül hədiyyə ediləndə hesab edin ki, dünyanı 

sizə bağışlayıblar». Lakin varlı adam ona sağlam düşüncənin söylədiyindən bir qədər artığını 

bağışlamağa borcludur. Qədərindən artıq bağışlamayan adam isə kifayət qədər bağışlamamış olur.   

Əgər hədiyyə vermək özünəməxsus bir peşədirsə, hədiyyə qəbul etmək də peşədir; özü də asan peşə 

deyil. Burada təxəyyül zəruridir. Kim qayğıkeşliklə seçilmiş hədiyyəni qəbul etməyə, hədiyyə verənin 

seçim qarşısında uzun-uzadı düşüncəsini, gərgin səylərini qiymətləndirməyə qabil deyilsə, öz 

minnətdarlığını lazımi qaydada ifadə edə bilməz. O barədə fikirləşin ki, dostunuz sizin sevincinizi 

qabaqcadan duyub; düşünün ki, o, sizdən xoş təəccüb və heyrət nidalarını çoxdan gözləyir. O ümid 

bəsləyir ki, hədiyyəsi haqqında hələ «sizin damınız altında uzun müddət danışacaqlar». O, sizin 

tərəfinizdən hədiyyənin məziyyətlərinin bütün xırdalıqları nacan müzakirə ediləcəyini eşitmək istəyir; 

gözləyir ki, siz onun səxavət və zövqünün tərifini göylərə qaldıracaqsınız. Saymazyana qəbul edilən 

hədiyyə, bəlkə də, özlüyündə cüzi şeydir, lakin bəzən ağır faciəyə çevrilir. Azacıq cibxərcliyi olan 

qadın ərinə üç qalstuk alır. Əri bağlamanı açıb soruşur:   

– Bu mənimçündür? Sən gərək çoxdan biləydin ki, mən bu cür tünd naxışlı qalstuklar taxmıram. İcazə 

ver, indən belə bu şeyləri mən özüm seçim.   

Göz yaşları və bunu başa düşmək asandır.   

Əlbəttə, hədiyyə verəcəyin adamı özünlə xəzçinin, zərgərin, dəri qalantereyası, yaxud dəri üzlü kitab 

tacirinin yanına da apara bilərsən, amma bir şərtlə ki, onunla münasibətləriniz kifayət qədər yaxın olsun; 

əks təqdirdə pul məsələsi hədiyyənin qüsursuzluğuna kölgə salacaq. Hədiyyəni qəbul edərkən 

peşmançılıq hiss edirsənsə, bunu yalançı sevinclə ört-basdır etməlisənmi? Burada iki fikir ola bilməz – 

qayğınızı çəkən adama siz mütləq məmnunluq bəxş etməlisiniz. Böyük müsibətdənsə, kiçik yalan daha 

yaxşıdır. Xüsusən də bu, uşaqlar tərəfindən edilən hədiyyələrə aiddir – balacaların hədiyyəsini həmişə 

böyük heyrət və sevinclə qəbul etmək lazımdır. Öz uşaqlığımın dəhşətli bir günü yadıma düşəndə 

mənim hələ indi də ürəyim sıxılır. Qənaət edib topladığım kiçik məbləğə mən bacılarımdan birinə 

balaca uşaq ütüsü və ütüləmək üçün oyuncaq taxta almışdım. Bu şeylər ona lazım deyildi və bacım 

onları mənim başıma çırpdı. Həmin vaxtdan altmış il keçib, amma mən hələ də sakitləşə bilmirəm. Bu 

çox haqsız hərəkət idi!   

«Yazıq adamlar, – bir vaxtlar abbat Myüne deyirdi. – İki min il ərzində onlar hətta ən ağır səkkizinci 

günahı da dərk edə    bilməyiblər». Onlar həm də yeni oyuncaqlar fikirləşə bilməyiblər. Qız uşaqları 

üçün – kukla və mətbəx ləvazimatı; oğlan uşaqları üçün – müharibə və nəqliyyat vasitələri. Vəssalam, 

daimi mövzu yalnız budur. Əlbəttə ki, müharibələrin xarakteri dəyişir. Və hindu qəbiləsinin silahı olan 

ox-yayın əvəzinə, indi vitrinlərdə bombaları avtomatik şəkildə şəhər maketinin ortasına atan 

bombardmançı oyuncaq dəstinə rast gəlmək mümkündür. Lakin bunu tərəqqi adlandırmaq olmaz. 

Əvəzində kuklalar – onların bəxtindən – dəyişmir. Bax elə məhz qadın, Alenin dediyi kimi, saxlanması 

lazım olan şeyi qoruyub saxlayır, təki kişi adam olaraq qalsın. Qoy    dünyaya əmin-amanlıq bəxş 



etməkdə qadın bizə yardımçı olsun. Yeni iliniz mübarək, mənim əzizim. Əlvida.   

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə