Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   31

və sadiqliyin gözəlliyini, bir-birinə bağlılığın şirinliyini, hətta qısqanclıq iztirablarını da candərdi, sanki, 

çox könülsüz etiraf edirlər. Amma onlar romantiklərin və hətta Prustun qəhrəmanlarından daha 

təmkinli, daha dözümlüdürlər; onlar öz hissləri barəsində süni laqeydlik və bir qədər istehza ilə 

danışırlar, hər halda, sözdə bu, belə görünür. Onlar məhəbbətə yumorla yanaşırlar. Bu əcaib    uzlaşma 

gözəllikdən məhrum deyil; onun öz gözəlliyi var.   

Bu yenilikdirmi? Mən buna tam əmin deyiləm. Xanım de Lafayetdən tutmuş Luiza Vilmorenə qədər 

oyunun qaydaları heç zaman belə ciddi olmayıb. Anqlosakslar öz atəşin hisslərini açıq-aşkar ifadə 

etməkdən çoxdan, lap çoxdan imtina ediblər.   

Kurtuaz məhəbbətinin ənənələri ilə yanaşı, İntibah dövründən gələn başqa bir sevgini də görmək olar. 

Benvenuto Çellininin və hətta Ronsarın əsərlərindəki sevgi əhvalatları o qədər də romantik görünmür. 

Stendalın, yaxud (bizim günlərimizdə) Monterlanın digər qəhrəmanları orta əsrlərin sevgi traktatlarının 

deyil, İntibah dövrünün sevgi oyunlarının qaydalarına riayət edirlər. Bu qaydalar    çox tez-tez 

dəyişdirilib, onlar gələcəkdə də dəyişəcəklər. Mən hazırkı gənc yazardan yeni «Adolf» və yeni «Svan» 

gözləyirəm və onun böyük uğur qazanacağına qabaqcadan əminəm.   

Çünki oyunun qaydaları dəyişsə də, istinad nöqtəsi elə əvvəlki kimi qalır. Həmin istinad nöqtəsi 

sizsiniz, ey mənim qiymətli xanımım. Əlvida.   

 

 

    MƏZƏLİ CƏHƏTLƏRİ İSTİFADƏ ETMƏK BACARIĞI   



 

Ey mənim qəlbimin yad qadını, siz hiss etmisinizmi ki, bizim qüsurlarımız da uğurlarımız qədər, bəzən 

hətta uğurlarımızdan da artıq dərəcədə xoşagələn ola bilər? Axı uğurlar sizi göylərə qaldırmaqla   

yanaşı, bir başqasını alçaltmış olur, halbuki bu vaxt çatışmazlıqlar başqalarının sizə qərəzsiz şəkildə 

gülməsinə    imkan verməklə onları öz gözlərində göylərə qaldırır. Naqqallığı, çərənçiliyi qadına 

bağışlayırlar, haqlı olmasını isə – bağışlamırlar. Bayron «paraleloqram şahzadəsi» adlandırdığı arvadını 

tərk etdi, çünki o çox sirayətedici və ağıllı qadın idi. Yunanlar Aristidi məhz o səbəbdən xoşlamırdılar 

ki, hamı onu Ədalətli adlandırırdı.   

Viktor Hüqo özünün «Görünən faktlar» əsərində parlaq siyasi karyera əldə etmiş hansısa cənab de 

Salvandi haqqında danışır. O, nazir olub, akademik olub, səfir olub, «Fəxri Legion»un «Böyük xaç» 

ordeninə layiq görülüb. Deyə bilərsiniz: bütün bunlar böyük şey deyil; ancaq bütün bunlardan başqa, o, 

üstəlik, qadınların arasında    uğur qazanmışdı, bu isə artıq çox dəyərli şeydir. Bax həmin o Salvandi 

xanım Qaylın müşayiəti ilə ilk dəfə cəmiyyətdə görünəndə məşhur Sofi Ge ucadan bildirmişdi: 

«Əzizim, amma sizin bu istiqanlı yeniyetmənizdə o qədər məzəlilik var ki! Onun maneraları ilə məşğul 

olmaq lazımdır». «Allah, özün saxla! – xanım Qayl çığırmışdı. – Onu özünəməxsus şeylərdən məhrum 

etməyin! Yoxsa onda nə qalar? Axı ona uğur gətirən elə məhz bu özəlliklər olacaq…» Xanım Qaylın 

nə qədər haqlı olduğunu gələcək təsdiqlədi.   

Anri de Juvenel bir vaxtlar mənə danışmışdı ki, cavanlıqda, jurnalist işlədiyi vaxtlarda Kalvadosdan 

olan Anri Şeron adlı bir deputatın parlamentdəki ilk addımları onu mat qoyub. Həmin bu Şeron saqqallı 

imiş, yekə qarnı varmış, əyninə də həmişə köhnə dəbli pencək geyinərmiş; o, masanın üstünə çıxaraq 

var səsiylə «Marselyeza» oxumuş və təmtəraqlı nitq söyləmişdi. Klemanso onu hərbi nazirin köməkçisi 

vəzifəsinə təyin edəndə isə Şeron təcili olaraq əsgər kazarmalarına yollanmış və əsgər yeməklərinin 

dadına baxmışdı. Jurnalistlər onu lağa qoyurdular; Juvenel fikirləşib ki, onun haqqında məqalə yazmaq 

maraqlı olardı və bu məqsədlə də Şeronla görüşmək qərarına gəlmişdi – Şeron onu açıq-saçıq bir 

görkəmdə qarşılamışdı.   

– Bilirəm, cavan oğlan, – Şeron ucadan deyib, – siz ondan ötrü təşrif buyurmusunuz ki, mənim nə 

qədər məzəli olduğuma əmin olasınız… Hə, necədir? Əmin oldunuzmu?.. Amma mən axı özümü 

bilərəkdən gülməli aparıram, çünki – yaddan çıxarmayın, cavan oğlan! – bu paxıl ölkədə gülünc 

görsənmək məşhurlaşmağın yeganə təhlükəsiz üsuludur.   

Bu sözlər Stendalı heyrətə gətirərdi. Amma məzəli görünmək heç də zəruri deyil, yəqin, siz özünüz də 




hiss etmisiniz ki, bəzi qəribəliklər, orijinal geyim tərzi kişiyə, yaxud qadına onun talantından daha çox 

şöhrət qazandırır. Ömründə Andre Jidin əsərlərini oxumayan minlərlə adama bu yazıçının başına 

qoyduğu meksikan fetr şlyapası və qısa plaş çox yaxşı tanış idi. Uinston Çörçill – böyük natiqdir, ancaq 

o, insanları yaxşı tanıyırdı və özünün əcaib şlyapasından, əndazəsiz qalın siqarından, kəpənək 

qalstukundan və «V» hərfi şəklində tutduğu barmaqlarından son dərəcə məharətlə istifadə edirdi. Mən 

ingiliscə bircə kəlmə də bilməyən Londondakı bir fransız səfirini tanıyırdım, əvəzində o çox dəbdəbəli, 

diqqətçəkən bantı olan xallı qalstuk taxırdı ki, bu da ingilislərin qeyri-adi dərəcədə xoşuna gəlirdi; və o, 

öz səfir vəzifəsində kifayət qədər çox qaldı.   

Restoranda nahar edən adamlara diqqətlə göz qoyun. Sizcə, metrdotellər ən çox kimin böyür-başında 

vurnuxacaq, ən yaxşı xidməti kimə göstərəcəklər? Hər şeydən razı görünən imkanlı    adamamı? Heç də 

yox. Ən qəribə, ən ədabaz adama. Tələbkar oldunsa – deməli, adamları maraqlandıracaqsan.   

Nəsihət: özünüzü təbii aparın və əgər bu, sizə xasdırsa, bir az da obrazlı. Buna görə sizə minnətdar 

olacaqlar. Əlvida.   

 

TAMAŞALAR HAQQINDA   



 

Siz öz əriniz, yaxud dostlarınız üçün tamaşa düzəldirsinizmi, xanım? Hərçənd sizin görkəminiz 

Minervanın görkəmidir, əgər siz onların üstünə qaçmasanız, mən son dərəcə təəccüblənərdim. Tamaşa 

qadınların sevimli silahıdır. O, qadınlara imkan verir ki, onlar bir dəfəyə qısa emosional partlayış yolu 

ilə, tam narazılıqla öz istəklərinə nail olsunlar – halbuki sakit vəziyyətdə buna nail olmaq üçün onlara 

bütöv ayları, illəri boş-boşuna yelə vermək lazım gələrdi.   

Elə tezqızışan kişilərə rast gəlmək olur ki, onlar mübahisədən həzz alırlar və öz davranışlarıyla hətta 

qadını da ötüb-keçərlər. Həmin tündməzaclıq onların cavablarında da sezilir. Belə mübahisələr 

qarşılıqlı kobud ittihamlarsız ötüşmür. Dava-dalaşdan sonra hiddət öləziyir, hər ikisinin ürəyi 

yüngülləşir və barışıq kifayət qədər zərif olur. Mən xeyli qadın tanıyıram ki, onlar tamaşa düzəldərkən 

hətta döyüləcəklərindən də qorxmurlar. Onlar hətta gizlincə bunun həsrətini də çəkirlər, ancaq bunu 

istədiklərini heç vaxt dilə gətirib etiraf etməzlər. «Bəs əgər mənim xoşuma gəlirsə ki, məni 

əzişdirsinlər?» – bu da həmin çətin tapmacanın açarı. Vurulan şillə kişidə hər şeydən öncə gücü – 

mənəvi və fiziki – qiymətləndirən qadınların yalnız hisslərini istiləşdirir.   

– İyrəncliyə, alçaqlığa bax! – siz heyrətlə bildirəcəksiniz. – Mənə əl qaldıran kişi mənimçün 

mövcudluğunu itirərdi.   

Siz səmimi-qəlbdən belə düşünürsünüz, amma tam əminlik üçün özünüzü sınamağınız lazımdır. Əgər 

sizin nifrətiniz öz təsdiqini tapsa, bu, o deməkdir ki, sizdə məğrurluq hissiyyatdan daha güclüdür.   

Normal kişinin tamaşaları görən gözü yoxdur. Tamaşalar onu təhqiramiz vəziyyətdə qoyur, çünki bu 

zaman kişi, adətən, təşəbbüsü əldən vermiş olur. Axı təmkinli ər öz üçayağının arxasından ona bol-bol 

söyüşlər yağdıran qəzəblənmiş pifiyanın qarşısında necə duruş gətirsin? Bir çox kişilər fırtına qopan 

kimi dərhal aradan çıxmağı üstün tuturlar, ya da qəzeti açıb oxumaqla baş verənlərə laqeyd qalmağa, 

əhəmiyyət verməməyə çalışırlar.   

Qeyd etmək lazımdır ki, uğursuz düzəldilən tamaşa adamı tez bezdirib təngə gətirir.   

Təkcə elə tamaşa sözünün özü bizə çox şeyi izah edir. O, aktyorlardan iqtibas edilmişdir. Effekt 

doğurması üçün tamaşa ustalıqla oynanılmalıdır. Üst-üstə yığılmış əsəbin çıxış üçün yol axtarması 

səbəbindən – boş, xırda şeylərdən başlayan tamaşa ən ağır xatirələrdən qidalanmaqla, çoxdankı 

incikliklərə, umu-küsülərə köklənməklə, ətrafdakı hər şeyi hönkürtüyə qərq etməklə yavaş-yavaş 

ətə-qana dolmalıdır. Sonra münasib məqamda dönüş baş verməlidir; vay-şivən, haray-həşir başa 

çatmalı, onun əvəzinə səhnəyə dalğınlıq və səngimiş qüssə çıxmalıdır; budur, artıq ilk təbəssüm də 

peyda oldu və hər şeyin son həddi kimi ehtirasın partlayışı qaçılmazdır.   

– Ancaq bu cür tamaşa düzəltmək üçün qadın qabaqcadan düşünülmüş plan əsasında hərəkət etməli və 

həmişə də özünü ələ almağı, idarə etməyi bacarmalıdır…   

Siz haqlısınız, xanım. Çarə nədir – teatrdır! İstedadlı aktrisa həmişə özünə hesabat verir, nə danışdığını 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə