Яли Камали архивиндяки «Короьлу» дастанынын


Koroğlınun Sərdar paşa dastanı



Yüklə 2,06 Mb.
səhifə14/16
tarix14.07.2018
ölçüsü2,06 Mb.
#55506
1   ...   8   9   10   11   12   13   14   15   16

Koroğlınun Sərdar paşa dastanı

Bir gün Koroğlı məclis qurmuşdı. Yeddi min yeddi yüz və yetmiş yeddi dəlilər səf-əndərsəf və neçə nəfər əyan və əşraf oturmuşdılar. Aşıq Cunun sazunı sinəsinə basub bu məclisün yaxçıluğun və İsabalınun sifarişün Koroğlıya belə hali edər:

Xəbər verim Çamlıbelün səfasun,

Hər mahaldan havalıdur, havalı.

Mərmərdən saldırub bürcü-qalasun,

Tutubdur şöhrəti küllü mahalı.

Koroğlı bir baxub aşuğa tərəf:

Koroğlınun hər mahalda əli var,

Fərmanuna yüz tərəfdən bəli var,

Əl şəmşirli, neçə yüz min dəli var,

Bu tərəfdən rahat olub xəyalı.

Koroğlı fikr eylədi dedi, hətmən bir hekayət var, mən bilmi­rəm. Dedi:

–Aşıq, rouşən danuş!

Soruş özündən dəlinün halunı,

Namərd meydanunda əgməz dalunı,

Kəsalətluğ tutub İsabalunı,

Neçə gündür yatıb, bəd olur halı.

Koroğlı dedi:

–İsabalı məgər bu məclisdə dəgül?

Aşıq dedi:

Qəhr eliyüb, bu məclisə gəlmədi,

Türfə verdüm, mənə baxub gülmədi,

Çox yalvardum, əsla məhəl almadı,

Gördüm yoxdur danışuğun məcalı.

Söz təmam olub, dedi:

- Koroğlı, İsabalı dedi gündür Koroğlı mənim sözümə cavab vermiyüb. Bu gün məclisdə sən mənim sözümü danuş. Əgərçi gənə Koroğlıdan mənə xəbər olmadı, Sıldırım qəyadan, Qərəti­kan­luğa aşaram. An vəxt Koroğlı bilür, mən hər nə soruşdum, dər­din nədür, dedi, Koroğlı özü bilür.

Bu sözdə Koroğlı qah-qah gülüb səsləndi:

–Qonaqlar məşğuli yemağ və içmağ olsunlar və qulax versün­lər mənim sözümə.

Təmam əyan-əşraf sakit olub, Koroğlı sazun alub sinəsinə, gö­rək nəmə deyir:

Dəlilərim, bu gün biri qəhr edüb,

Teztər durun, onı gedin, gətirin.

Qəzəbləndi, əgər, bura gəlmağa,

İltimas–iltica edin, gətirin.

Bu sözdə təmam məclisdə oturanlar baxdular bir–birinə, dedilər:

–Koroğlı kimə fərman verür?!

İsa başun salub aşağı. Koroğlı dedi:

Birizün həqqi yox baş tikə yerə,

Davtələb istərəm, gedə, gətirə,

Onu bu qəm həlakətə yetirə,

Sizlər durun, gedin, onı gətirin.

Sərdar paşa gördü Koroğlı cəngə çalışur və öz məclisində güc söz deyir, başun qovzadı, dedi:

–Koroğlı, kimə fərman verüri, aşkar deginən. Səlah oldu gedər, səlah olmadı getməz.

Koroğlı bir çəp baxub Sərdara, dedi:

Sən mənə qonaqsan, uca danuşma,

Çamlıbelün sən işinə qaruşma,

Təvanludur bu söz, söz başun açma,

Hər qonağa deməm, gedin gətirin.

Sərdar paşa dedi:

–Heylə, əgər, burdan çıxdım, bu sözün təlafisün açaram.

Koroğlınun bu yerişsüz sözüdür,

Yeddi min dəlisi və bir özüdür,

İsabalı onun bir sağ gözüdür,

Dəlilərim, gedin onı gətirin.

Söz təmam olub, Dəli Həsən durub ayağa dedi:

–Koroğlı, bu dəlilər necə ildir deyillər, İsabalı Koroğlınun sağ gözüdür, Eyvaz xan sol gözü. Hala ki, bu töürdür, biz gedək onı gətürək?

Koroğlı bu sözdə görək nəmə dedi:

Dəlilərin əcəb nadan olubdur,

Bundan belə ruzigarun necolur?

Hər biri bir xəyalata dolubdur,

Fikrün gedər hətmən başın kəc olur.


Baala dağlar saxlamaz özündə qarı,

Sumax verməz bəhri-Savalan narı,

İncilün bərində əkmə çinarı,

Əkərsənsə, ərzi təhi necolur?


.......................çala bilməz qılıcı,

Hamıya tək ola bilməz alucı,

...................... ola bilməz vuruci,

Vurucı quş dimdigünnən kəc olur.


...................... alub bu sözü deyər,

Aslan olan pünhan sökübdür yiyər,

.................... gör səni dağudar, yeyər,

Hər nə yesə genə gözü ac olur.

Söz burda tamam olub. Koroğlı bircə cam doldurub alub əlinə, dedi:

–Ay cəmaət, kimdir bu cami əlimdən ala, mərdanə başuna çə­küb içə və gedə mənim gözümün nuru İsabalını bu məclisə gətürə.

Yumuq Əhməd ayağa durub camı alub çəküb başuna, son­ra dedi:

–Ay Koroğlı, mən gedərəm, hər töür olar İsabalunı gətürrəm. Vəli bunnan əlbət bu məclisün dərhəm-bərhəmi

Olur. Bəs səbr eylə qonaqlar getsünlər, şayəd İsabalını mən gətirüm.

Bu sözdə təmam dəlilər dedilər:

–Bu, hesabi sözdür.

Çün, dəlilərin İsabalının mətləbindən xəbər varları idi. Vəli Ko­roğlının xəbəri yoxıydı. Koroğlı gənə fikrə gedüb görək bu əsrarə nəmə dedi. Çögürün alub sinəsinə hirsinnən qah-qah gülüb dedi:

Dəlilərim, sizə huşdar verirəm,

Yuxulanur çərxi-fələk dolana.

Bu havanun nəsimindən bilirəm,

Görürəm qovzanur rəngi solana.

Dəlilər dedilər:

–Koroğlı nəmənə nəzərə alıb, əlbəttə, xətər yuxudur. Məgər nəmə olubdur?

Dedi:

Bu havanun nəsimindən bilürəm,



Pişamədin vermədən ölirəm,

Vicdan gedür mən hirsimdən gülirəm,

Az qalubdur heysiyyətim talana.

Dəlilər təmam özlərini cəm edüb Koroğlınun döürini tutub­lar, dedilər:

–Nəmə olub?

Koroğlı dedi:

Düşmənlərim məkanımda yatubdur,

Yeriş edüb Çəmlibelə çatıbdur,

Bilməyənlər bilənləri atubdur,

Namus gedər, qeyrət az var çalana.

Dəlilər az qaldı ağlıyalar, dedilər:

–Koroğlı, axır de görək nəmə olub? Bizim ürəgimizdə huş qalmadı, nəmə olub? Koroğlı dedi: ...........

--------------------------

Mətnin sonrakı səhifələri əlimizdə yoxdur



ƏLİ KAMALİNİN ÇAP ÜÇÜN

HAZIRLADIĞI MƏTNLƏR

Aşıq Cünunun Çəmlİbeldən qaçması
Bir gecə Koroğlu məclisdə nədənsə Aşıq Cünuna acıqlandı və onu məclisdən eşigə saldı. Aşıq Cünun öz-özünə dedi: “Koroğlunun yemək-işməkdən sonra başı ayırd olsa bir daha yaxamdan tutub vuracaqdır, yaxşısı budur ki, fürsətdən fay­­dalanaraq aradan çıxım”.

Buna görə çögürü çiynində yola düş­tü və gəlib Daşqaladan endi, Qaratikanlıqdan keşdi, Sıldı­rım­qayalardan sovuşdu. Çox gələndən sonra Arzulum qırağına çat­­dı. Cadanın qırağında bir qayanın dibində gizləndi. Bir az­dan sonra bir tacir karvanı gəlib oradan keçdikdə aşıq Cünun ayağa qalxdı və qabağa yeriyib tacirbaşıya salam verdi. Onu görən bazurqanbaşı “əleykəssalam” deyib soruşdu:

– Ay aşıq, burada neyləyirsən, nə üçün qaşqabağın aşağıdır?

Aşıq Cünun cavab verdi:

– Tacir başı, dərdim bir-iki deyil. Mənim kimi olanın gərəkdə qaş-qabağı aşağı ola.

Tacirbaşı soruşdu:

– Aşıq, sənin dərdin nədir?

Aşıq Cünun sazını kökləyib tacir başıya xitabən görək nə söyləyir!?

Sənə deyim, xan bazırqan,

Dərdim başımdan aşıbdır.

Günüm keçib qocalmışam,

Ürəyim başı şişibdir.


Cavan ömrüm gedib bada,

Qocalmışam bu arada,

Giriftar oldum dünyada,

Dərdim qəmə qarışıbdır.


Çıxıb bu yerdən qaçaram,

Qanadım olsa uçaram,

Can ilə başdan keçərəm,

Qəm ürəyimdən daşıbdır.


Aşıq Cünun edər havar,

Başında şuru qovğa var,

Məni savar edib apar,

Kömək ol, işim düşübdür.

Sovdagər bu sözləri eşidib dedi:

–Aşıq, ticarətlə bu aşıqlıq tutmaz. Mən səni apara bilmərəm, bizdən əl çək.

Görək Aşıq Cünun sovdagərin bu sözünə nə cavab verir:

Sənə deyim, xan Sovdagər,

Mübarəkdir səfər sənə,

Sən məni özünlə apar,

Faydası çox yetər sənə.
Yükündə var tirmə qumac,

Qocalıb olmuşam möhtac,

Gəl, eylə dərdimə əlac,

Xudam eylər nəzər sənə.


Hacılar gedərlər haca,

Baxmazlar yoxsula, aca,

Mən eylərəm çox iltica,

Duamda var səmər sənə.


Sən məni mindirsən ata,

Aparsan Ruma, Şamata,

Ya Türkmən, ya da Kalata,

Apar, çatmaz xətər sənə.


Aşıq Cünun haqq aşığı,

Məclislərin yaraşığı,

Vardır qəlbimin işığı,

Uğurludur səhər sənə.

Tacirbaşı aşıq Cünunu tanıdı.Buna görə ona xitabən dedi:

–Aşıq, sən Koroğlunun aşığı olan Aşıq Cünunsan. Mən bilmirəm nə üçün onun əlindən qaçırsan. Amma bilirəm ki, Koroğlu sənin mənə qoşularaq qaçmağın bilsə malımi qarət edərək özümun də dərimə saman doldurar.

Qoca aşıq sazını bağrına basaraq söylədi:

Bülbül azad olan çağda qəfəsdən,

Qanad vurar çata öz məhəllinə,

Yeməkdən, içməkdən üzər əlini,

İstəyər çata öz tayifa, elinə.
Bir aşığam, yoxdur dünyada malım,

Koroğlu qorxusu pozubdur halım,

Daha istəmirəm yanında qalım,

Bir daha qayıtmam Çəmlibelinə.


Xudam yetiribdir bu saat səni,

Az qalıb alışa ömrüm xərməni,

İstəmə öldürə Koroğlu məni,

Leşimi sala Çəmlibel çölünə.


Qorxusundan seçməm gündüz-gecəni,

Gözüm görməz alçaq ilə ucani,

Qafiləyə qoşaraq bu qocani,

Aparıb çatdır Türkmənlər elinə.

Tacirbaşi razi olan deyildi. Amma, Aşıq Cünun o qədər yal­vardi, yaxardi ki, tacirbaşi üzə qaldı və yetim çarvadarlara dedi:

–Bu aşıqı götürüb bir qatırın yükünün arasına qoyun. Görək nə vaxt bunun şərri bizi də yaxalayacaq, özünü də?!

Çarvadarlar qoca aşıqı götürüb bir qatırın yükünün arasına qoyub yollandılar. İndi Aşıq Cünun tacirlərlə yol getməkdə olsun, görək Çəmlibeldə nə xəbər vardı?!

Sabah yenə Koroğlu məclis qurub dəlilərlə yemək–içməyə başlarkən Aşıq Cünunu istədi. Aşıq Cünundan haray olmadı. Onun çadırına adam göndərdi. Çadırında da tapılmadı. Gəlib Koroğluya,– «Nə özü çadırdadı, nə də qopuzu»,– söylədilər. Belə görən Koroğlu dedi:

–Hər yerdə olursa tapılıb gətirilməlidir.

Dəlilər hər yeri, hər dəlik–deşigi axtardılar. Ondan xəbər olmadı. Nəhayətdə gözətçilərdən biri dedi:

–Yarı gecə çögürü çiynində Qara Sıldırımdaş qalaya sarı gedirdi. Bu xəbər Koroğluya verildi. Koroğlu dedi:

–İzini tutub gedib onu tapmalısınız!

Dəlilər gözətçinin göstərişi ilə onun izini tutub gəldilər sıldırım qayalardan və qara tikanlıqlardan keçib Arzulum yo­lu­nun qırağına çatdılar. Yolda Aşıq Cünundan iz yoxuydu. An­caq çoxla at, qatır izi gördükdə bildilər ki, oradan bir kar­van keçibdir. Onlar bir-birlərinə dedilər:

–Aşıq Cünun buradan keçən karvanla gedibdir.

Sonra geri qayıdıb bu xəbəri Koroğluya çatdırdılar. Bu xəbəri eşidən Ko­roğ­lu bahar buludu kimi var gücüylə bir nəhrə çəkdi. Onun bu ba­ğırması dağ–daşı titrətdi. Bütün dəlilər onun dövrəsinə top­laş­dılar. Koroğlu onlara xitabən söylədi:

Dəlilərim, Aşıq Cünun qaçıbdır,

Dolanın dağları, tapın gətirin.

Kəsilib taqətim, ruhum uçubdur,

Hər nə yaparsınız, yapın gətirin.
Aşıq getsə tamaşadır tamaşa,

Tapılmasa işim yetişər başa,

Bilsəz gedib girib sıldırım daşa,

Fərhad kimi daşı çapın gətirin.


Atlılarım, ata minin mərdana,

Yollar boyu qatın tozu dumana,

Hər yerdə yetişdiz o bazırqana,

Var yoxunu alın, qapın gətirin.


Bazərgana vermək olmaz macalı,

Dolanın hər şəhəri, kəndi, mahalı,

Salması, Mərəndi, Xoyu, Xalxalı,

Ərdəbil, Sarabı çapın gətirin.


At belində mərdi-mərdanə yatın,

Yıxın obaları, bir-birə qatın,

Səğiri, kəbiri qol-qola çatın,

Qızıl-gümüşümü qapın gətirin.


Koroğlu az qalır qüssədən yana,

Dəlilərim, at çapırın hər yana,

Araz kimi çaya, dağa, arana,

Ondan bircə xəbər tapın gətirin.

Koroğlu sazla dediyi kimi söz ilə dedi:

–Gərək Aşıq Cünun tapıla. Yoxsa mənim abırım gedəcəkdir. Də­lilərdən on nəfər yaraqlanıb ata mindilər və Çəmlibeldən yol­lanmaq istədikdə Koroğlu bir daha sazını götürüb dəlilərə xitabən başladı:

At belinə çıxan, qoç dəlilərim,

Sizdən böyük intizarım var mənim.

Bir-birindən olan xoş dəlilərim,

Cünun etdi məclisimi xar mənim.


At çapın, axtarın bütün dünyanı,

Təbriz, Qaradağı, Şəki, Şirvanı,

Tez tapıb gətirin ondan nişanı,

Gətirməsəz dünyam olur dar mənim,


Suya dönüb qumsal yerdə batsa da,

Qubar olub buludlara çatsa da,

Duman olub uca dağa yatsa da,

Tapılmasa baş sizindir, dar mənim

Koroğlu sözünə son qoyaraq onların getməsinə buyuruq ver­di. Dəlilər at belində Çəmlibeldən aşağı endilər və bazur­gan­ların getdigi yolu tutub at çapdılar. Tacirlərin karvanı uzax­laş­mış­dısa, onlara yaxınlaşdılar. Tacirlərdən biri dönüb da­lı­ya bax­dıqda gördü ki, arxada qoyduqları yolun üstündə toz- du­man göyə qalxır. Görün­düyü­nü tacirbaşıya göstərdi. Ta­cir­başı bildi ki, gələnlər Koroğlunu atlılarıdır. Onlar Aşıq Cünunu apar­ma­ğa gəlirlər. Buna görə Aşıq Cünunu bir sandıqda otur­dub san­dığı da yol qırağında bir çuxur yerdə gizlədərək aşığa de­dilər:

–Səsin çıxartma ki, Koroğlunun dəliləri gəlirlər!

Karvan yoluna davam etdi. Dəlilər çatıb əllərindəki, yaraq­la­rıyla yüklərin iplərini kəsərək yükləri yolun üstünə dağıtdılar. Bütün bağlıları axtardılar. Amma, aşığı tapa bilmədilər.

Tacirlərin heş biri dillənə bilmirdi. Tacirbaşı da yolun qıra­ğında dizlərini qucaqlayaraq oturmuşdu. Dəlilər bütün yükləri ax­tardıqdan sonra dayanıb bir birinin üzünə baxmağa baş­la­dılar. Belə görən tacirbaşı irəli gəlib onlardan soruşdu:

–Oğullarım nə axtarırsınız?

Onlar dedilər:

–Koroğlunun aşığı gecə ilə Çəmlibeldən qaçıbdır. Onu axta­rı­rıq.

Qoca tacir dedi:

–Mənim bir balaca xəbərim vardır. Əvvəlcə soruşsaydız mən deyərdim.

Bunu eşidən dəlilər dedilər:

–Biz belə bildik ki, sən onu öz matahların arasında gizlət­mi­sən. İndi ki belə deyil, de görək ondan nə xəbərin var?

Tacirbaşı başladı:

–Biz Çəmlibelin qabağına çatdıqda bir qoca aşıq qopuzu da çiynində olaraq bu yandan Arzuluma sarı gedən bir atlıyla da­nı­şırdı. Biz onların yanından keçib bir az aralanmışdıq ki, mən dönüb geri baxdım. Qoca aşıq o atlının tərkinə minərək Arzu­lu­ma sarı yollandılar.

Bunu eşidən dəlilərdən biri dedi:

–Amma, biz bu sözü Koroğluya inandıra bilmərik. Bir qatır yü­kü bu matahlardan bizə ver. Biz onu Koroğluya aparıb inan­dı­raq ki, biz qafiləyə çatdıq. Amma Aşıq Cünun o qafilədə de­yil­di.

Tacirbaşı qəbul etməyə məcbur olub bir qatır yükü matah­lar­dan onlara verib yola saldı. Dəlilər Çəmlibelə sarı döndülər. Tacir­lər də dağılan matahları yoldan yığıb dəvələrə və qatırlara yük­lədilər. Aşıq Cununu da götürüb yola düştülər. Tacirlər gündə iki mənzil yol gedirdilər. Nəhayət, bir gün Türkmən elinə çatdılar. Yükləri düşürüb, matahları bazarda satmaq istə­di­lər. Türkmən cavanları qocaman aşığı tacirbaşının yanında gördükdə dedilər:

–Tacirbaşı, bu gün bizim toy məclisimiz var. İcazə ver, bu aşıq bizim toyumuza gəlsin. Tacirbaşı dedi:

–Mən bu aşığın yolunda çoxlu zəhmət çəkmişəm. Çoxlu matahım talanıbdır. Hər kim bunu toya aparmaq istəyirsə, mə­nim talanmış matahlarımın pulunu ödəməlidir. Bunu eşidən türk­mən cavanları tacirin istədiyi qədər qızıl, gümüş verib, aşığı toya apardılar. Toy başlandı. Qoca aşıq çögürü götürüb ayağa qalxdı, onu kökləyib çalaraq sözə başladı:

Mən Çəmlibeldən qaçmışam,

Gəlmişəm Türkmən elinə.

Çox dərə- dağdan aşmışam,

Gəlmişəm Türkmən elinə.


Türkmənin qoca- cavanı,

Hamısı qeyrətin kanı,

Yaxşı qurublar dövranı,

Gəlmişəm Türkmən elinə.


Cünunam, çalaram sazı,

Heç vaxt deməm yalan sözü,

Bir edib gecə-gündüzü,

Gəlmişəm Türkmən elinə.

İndi Aşıq Cünun türkmən toylarında olsun çalmaqda-oxu­maq­da, görək Çəmlibeldə nə xəbər vardı. Dəlilər yükü üstündə bir qatırla Çəmlibelə gəldilər. Aşıq Cünunun tacirlərlə getmə­diyini söylədi­lər. Tacirbaşıdan eşitdiklərindən, yəni bir qoca aşıq bir atlının tərkində Arzuluma sarı getdiyindən söhbət sal­dılar. Bu sözləri eşidən Koroğlunun rəngi qaraldı. Acığından di­nə bilmədi. Bir az uzanıb yatdıqdan sonra onu tapmamış qa­yıdan dəlilərə xitabən dedi:

Getdi daha adın-sanın, Koroğlu,

Bundan sonra gör dövranın necə olur?!

On nəfər nadana tapşırdım işi,

Peşman oldum, daha başım gic olur.
Yerimi-yurdumu tapacaq əğyar,

Gizli sirrim daha olacaq aşkar,

Buna görə oldum canımdan bezar,

İşıqlı gündüzüm qara gecə olur.


Hər adamda namus olmaz, ar olmaz,

Seçilə, tanına yaxşı ilə yaman,

Cunun gedib sirrini etsə əyan,

Biləcəksiz gələn necə yaxşıdır.

Koroğlu sözünün sonunda əlavə elədi ki, keçən qırx ildə heş kim Çəmlibeldə xəbər bilməmişdir. Dünya üzündə alınmaz bir qala kimi tanınan Çəmlibel Aşıq Cünun getməsi ilə açılmış və hamıya tanınmış kimidir. Aşıq Cünun oba-oba, oymaq-oymaq dolanaraq Çəmlibeldə nə vardı, kimlər yaşayırlar, hətta say-hesabımızı da hamıya bildirəcəkdir. Bundan bu yana paşalar və sultanların əlindən dinc nəfəs çəkmək bizə çətin olacaq. Bu sözü eşidən dəlilər başa düştülər ki, Aşıq Cünunun getməsi neçəyə başa gələcəkdir. Buna görə Dəli Həsən, İsballı və neçə nəfər ayrisi ayağa qalxıf dedilər:

–Aşıq Cünun su olub yerə batmışsa da, quş olub göyə uç­muşsa da onu tapıb gətirəcəyik. Sən arxayın ol.

Onlar bu söz­ləri deyib, silahlanıb atlarını yəhərlədilər. İşi belə görən Koroğ­lu sazı götürübü dəlilərə xitabən belə söylədi:

Yola düşən, cavanlarım,

Aşığı sizdən istərəm,

Qoçaq, igid aslanlarım,

Aşığı sizdən istərəm.
Qorxuram iş-işdən keçə,

Əməgimiz gedə heşə,

Əqlim, huşum başdan uça,

Aşığı sizdən istərəm.


Sənə deyim, İsaballım,

Qoyma, yaman olsun halım,

İstəməm müntəzir qalım,

Aşığı sizdən istərəm.


Koroğlu qəmlərə dalır,

Qəzəbdən rəngi saralır,

Tez olun, vaxtınız daralır,

Aşığı sizdən istərəm.

Dəlilər yola düşmək istədilər, Koroğlu da onların üzündən-gözündən öpüb yola saldı. Dəlilər ildırım yeyinliyində sıçrayan atların belində Çəmlibeldən aşağı endilər. Koroğlu da qayıdıb, sazı götürüb və dövrəsində qalan dəlilərə xitabən başladı:

Qoç igidlər at belinə qalxdılar,

Çəmlibeldən yürüyürlər hayana?

Atlarının dırnağından, nalından,

Toz qovzanıb qarışacaq dumana!
İsaballı hər məhlədə savaşa,

O məhlədə tamaşa var, tamaşa,

Dedigi sözünə eyləməz haşa,

Düşmən üstə hücum edər mərdana.


Güclü olar Dəli Həsən nəhrəsi,

Düşmən bağrın yarar dəlilər səsi,

Meydan ortasının qumu-qəyəsi,

İldırım tək çəkər göydə zəbana.

Koroğlu sözünə son qoydu, gedən dəlilərin ardıyca baxdı. Onlar o qədər uzaxlaşmışdılar ki, daha gözdən itməkdə idilər. On­lar oba-oba, oymaq-oymaq, kəndbəkənd və şəhərbəşəhər hər yeri dolandılar, hər kəsdən soraqlaşdılar, nəhayət gəlib Tür­k­mən elinə çatdılar. Qonaq olmaq üçün Türkmənlərin baş­çısı olan Qaşqay Türkmənin evin soruşdular. Qaşqay Türk­mə­nin evini Koroğlu­nun dəlilərinə göstərdilər. Dəlilər onun qapı­sı­na gəldilər. O gün Qaşqay Türkmən böyük bir məclis qur­muş­du. Çoxlu qonağı var idi. Dəlilər qapıçıdan içəri girmək üçün ica­zə istədilər. Qapıçılar türkmənə xəbər verdilər ki, on nəfər at­lı qonaq gəlibdi və içəri gəlmək istəyirlər. Qaşqay Türk­mən oğ­lu olan Eyvazı çağırıb dedi:

–Oğul, qonaqları hörmətlə qarşılayıb içəri gətir.

Eyvaz onları qarşıladı. Onlar Eyvazı görüb onun gözəlliyinə, boyuna, yaraşığına və ədəb-ərkanına heyran qaldılar. Onlar bu günə kimi belə bir igid görməmişdilər. Eyvaz qonaqları içəri gə­tirdi. Dəlilər atlardan endilər. Nökərlər onlardan atları təhvil al­dı­lar. Eyvaz dəliləri məclisə gətirdi. Atası ayağa qalxıb onları öpüb, məclisin yuxarı başında oturtdu. Qonaqlara yemək-iç­mək gətir­t­di. Hamı yeyib doyduqdan sonra, Qaşqay türkmən nö­kərlərinə dedi:

–Aşığı məclisə çağırın. İstəyirəm bir az çalıb–oxumaqla uzaq­dan gələn qonaqların yorğunluğunu çıxarsın.

Aşığın ardınca gedib onu məclisə gətirdilər. Aşıq Cünun şöqü–zövqlə məclisə girdikdə gözü Koroğlunun dəlilərinə düştü. Dəlilər də onu gördülər. Amma nə dəlilər onu dindirə bildilər, nə də o dəlilərə bir söz deyə bildi. Nəhayət, Qaşqay Türkmənin buyru­ğuna əsasən, sazı kökləyərkən öz–özünə belə dü­şündü ki, mən bu məclisdə Koroğludan deməsəm, dəlilər ge­dib Koroğluya deyərlər. Hardasa o da məni ələ keçirəcəkdir. Bəs bir iş görüm ki, onda mənim dərimi boğazımdan çıxart­ma­sın. Nəhayət, sözə başladı. Görək Qaşqay Türkmənə və uzaq­dan–yaxından gələn qonaqlara Çəmlibeldən və Koroğludan nə deyir:

Çəmlibeldən sizə verim bir xəbər,

Qurub daşdan, tikib qala Koroğlu.

Qıratı vuranda sıldırım dağa,

Girişəndə çalhaçala, Koroğlu.
Yığıb necə başıbəlli cavanlar,

Qorxusundan qaçar bəy, paşa, xanlar,

Ona bac verərlər böyük sultanlar,

Namə yaza hər mahala Koroğlu!


Qorxudubdu çoxlu sultanı, xanı,

Analar doğmayıb belə oğlanı,

Bir dəfə də yeyər bircə azmanı,

Gələr Çəmlibeldə hala Koroğlu!


Aşıq qaçıb Koroğlunun əlindən,

Bəlkə birazca dincələ dilindən,

Qasid gəlib Çəmlibelin elindən,

Gəlir məni sizdən ala Koroğlu!

Aşıq Cünun sözünə son qoyuldu. Bu məclisdə olan qərib qo­naq­ların yanında Koroğlunu öymək Eyvaza ağır gəldi. Buna görə də öz çögürünü götürüb ayağa qalxdı və atasından icazə alıb görək Aşıq Cünunun sözlərinin cavabında nə deyir?
Sənə deyim, dəli aşıq,

Bizə də Türkmən degərlər.

Sözündə yoxdur yaraşıq,

Bizə də Türkmən degərlər.


Türkmənlərin cavanları,

Toz oluru meydanları,

Saymazlar paşa, xanları,

Bizə də Türkmən deyərlər.


Aşıq, açma söz başını,

Demə Çəmlibel işini,

Çərçi soyandır qoşunu,

Bizə də Türkmən deyərlər.


Qoç Koroğlu gəlsə bura,

Boynundan asaram dara,

Ağ günün eylərəm qara,

Bizə də Türkmən deyərlər.


Aşıq, gəl olma divana,

Bu sözləri qoy o yana,

Sözün dəydi Eyvaz xana,

Bizə də Türkmən deyərlər.

Eyvaz sözünə son qoydu. Aşıq Cunundan başqa bir adam qonaxların haradan gəldiyini bilmirdi. Eyvaz yerə oturduqdan son­ra qonaqların tərəfindən alqışlanmadığı üçün təəccübləndi və onla­rın üzlərinə baxdıqda onların acıqlı və qaşqabaqlı ol­du­ğu­nu hiss etdi. Bu vəziyyəti Eyvaz, atası və başqa yerli qo­naq­lar gözləmirdi. Buna görə Eyvaz özünü saxlaya bilməyib qo­naq­lardan soruşdu:

–Hörmətli qonaqlar, mən Aşıq Cununun sözünə cavabdan başqa bir söz demədim. Siz nədən incidiniz? Bir də buyurun gö­rək siz kimsiniz, haradan gəlmişsiniz. Buraya gəlməkdən məq­sə­diniz nədir?

Söz buraya çatdıqda Dəli Həsən Eyvaza dedi:

–Sazını mənə ver, haradan gəldiyimizi və kim olduğumuzu söyləyim.

Eyvaz sazı Dəli Həsənə verdi. Dəli Həsən sazı bağrına basa­raq dedi:

Başına döndüyüm, Türkmənin oğlu,

Mərd igidin hövsələsi dar olmaz.

Başı buludlara çatmayan dağın,

İl başabaş sinəsində qar olmaz.
Saxlamaz alçaq dağ özündə qarı,

Hər gül açan ağac gətirməz barı,

Olmaz hər ölkədə Savənin narı,

Hər adamda namus olmaz, ar olmaz.


Koroğlunun səsi dağları yıxar,

Namərd boğazını əlində sıxar,

Hər bir mərəkədən üzüağ çıxar,

Heç döyüşdə zəlil olmaz, xar olmaz.


Dəliləri ələ alsa yarağı,

Bəy – paşanın, xanın sönər çırağı,

Üstünə tökülsə min quldur, yağı,

Vurar, tökər, meydan ona dar olmaz.


Çəmlibeldən bura at çapmışıq,

Oradan qaçanı burda tapmışıq,

Çəmlibelə qaytarılar bu aşıq,

Burada qalması sizə var olmaz.

Dəli Həsənin sözü başa çatdı. Saz ilə dediyi kimi sözlə də dedi:

–Biz Koroğlunun dəlilərindənik! Çəmlibeldən qaçıb buraya gələn Aşıq Cünunu aparmağa gəlmişik.

Bu sözü eşidən Türkmənbaşı dedi:

– Siz sabah Aşıq Cünunu apara bilərsiniz. Biz Koroğlunun el­çi­lərini əliboş yola sala bilmərik. Bu sözdəri eşidən Aşıq Cü­nun böyük Qaşqay Türkmənin yanına gəlib onun qulağına dedi:

–Mən bunlarla getsəm və siz orada olmasaz, Koroğlu icazəsiz buraya qaçıb gəldigimə görə mənim dərimi soyacaqdır.

Türkmənbaşı cavab verdi:

–Koroğlu mənimlə qardaşdır. Mən səni ona tapşıraram.

Nəhayət, qonaqlıq məclisi başa çatdı. Getməli qonaqlar get­di­lər. Dəlilər gecəni yatıb səhər çağı duraraq yola düşməyə ha­zır­laşdılar ki, Böyük Türkmən gəlib Aşıq Cünunu onlara və onların vasitəsilə Koroğluya tapşırdı. Dəlilər Aşıq Cünunu da gö­türüb Çəmlibelə sarı yola düştülər. Gecə-gündüz yol gəlib qırx gündən sonra Çəmlibelə çatdılar. Koroğlu Aşıq Cünunu gör­dükdə sevindi və onun haradan tapıldığını soruşduqda də­li­lər dedi:

–Necə getməlidisə, Böyük Türkmən elinə, getmişdi. Biz aşığı Bö­yük Türkmənin məclisindən tapdıq.

Türkmən adı gələndə Ko­roğ­lunun hirsi soyudu. Dəlilərə yemək-içmək gətiddirdi. Aşıq Cünuna da üz tutaraq soruşdu:

–Aşıq, de görüm Türkmən eli necə el, bir o yanlarda nə xəbər var?

Aşıq Cünun sazı köynəkdən çıxarıb bağrına basaraq başladı:

Türkmənlərdən xəbər söyləyim sənə,

Türkmən tək mahəl hanı, Koroğlu?

Öz gözümlə Türkmənlərdə görmüşəm,

Çox igit, qoçaq, cavanı, Koroğlu.


Gözüm düştü orda bircə oğlana,

Ucaboylu, enlikürək, mərdana,

Üstün gələr hər qaflana, aslana,

Tarix görmüb bu oğlanı, Koroğlu!


Aşıq Cünun seçər yaxşı, yamanı,

Sənə verim o cavandan nişanı,

Yıxar Söhrabı, Rüstəmi-dəstanı,

Sami, Zalı, Nərimanı, Koroğlu!


Aşıq Cünun saz ilə oxuduğu sözləri bir daha Koroğluya ap açıq söylədi.

–Çəmlibelə qonaq gələcəkdir.

Bu sözləri eşidən Koroğlu Çəmlibeldə türkmən qonaqlarının gəl­məyinə görə hazırlıq gördü. Neçə gün yol gözlədilər, bir gün yo­la baxan gözətçilər uzaqdan on atlının Çəmlibelə sarı at çap­ma­sını gördülər. Atların ayaqları daşa dəydikcə caddənin to­zu­nun içində elə qor səpirdi ki, elə bil bulud arasında ildırım çaxırdı. At­lar gəlib Çəmlibelə çatdılar. Koroğlunun əmrilə on­la­rın qabağın­da neçə qurban kəsildi. Onlara çox ehtiram edildi. Ko­roğlu Böyük Türkmənin sağ yanında gedən cavanı gör­dükdə onun gözəlliginə, igidliginə mat qalmışdı. Nəhayət, gəlib Koroğlunun öz çadırında oturdular. Koroğlu Böyük Türkmən­dən – «bu Eyvaz xan sənin oğlundur?» – deyə soruşduqda Türk­mənbaşı dedi:

–Qardaş, Eyvaz sənin qulundur.

Türkmənlər on gün Çəmlibeldə qonaq olduqdan sonra Bö­yük Türkmən Koroğluya dedi:

–Qardaş, biz sabah Türkmən elinə sarı yola düşməliyik. Sən­dən istəgim budur ki, sabahki yeməgimizə qaz, ördək bir­yan elətdirəsən.

Koroğlu ona “baş üstə” dedi. Amma Çəmlibeldə qo­yun, quzu, qoç sürü ilə tapılsaydı da ördək, qaz bir dana də ta­pıl­mazdı. Koroğlu dəlilərin yanına gedib onlardan qaz, ördək haradan tapılacağını soruşduqda dəlilərin biri dedi:

– Buralarda elə bir zad tapılmaz. Qaz, ördək istəsək gərək Arzulumda olan Cəfər paşanın dağından gətirək.

Bu sözü eşidən dəlilərdən biri dedi:

–Cəfər paşa çox adlı-sanlı bir paşadır. Onun çoxlu pəhlə­van­ları var. Habelə, Arzulumun yolları dağlıq və qorxmalıdır. Hər kəs o yollardan keçə bilməz.

Koroğlu dəlilərin içinə gəldi. Cəfər paşanın dağından kim qaz, ördək gətirə bilər, soruşdu. Heç bir igid hazırlıq göstərmədi. Təkcə Dəli Həsən irəli yeriyib dedi:

–Bu iş mənim işimdir. Mən gedib gətirə bilərəm.

İşi belə görən Böyük Türkmənin oğlu Eyvaz dedi:

–Yolu tanısaydım mən tək özüm gedərdim. Tanımadığım üçün tək gedə bilməsəm də Dəli Həsənilə getmək istəyirəm.

Koroğlu ona dedi:

–Yox, sən getmə, qoy Dəli Həsən özü tək getsin.

Nəhayət Dəli Həsən atlandı. O yola düştükdə Eyvaz da at­lanıb getmək istədi. Koroğlu gördü Eyvaz əl çəkən deyil. Buna görə ona da icazə verib sazı götürdü və Eyvaz xana xitabən belə söy­lədi:

Sənə deyim, xan Eyvazım,

Döşdür bu dağın yolları.

Sağ caddəsi gedər Ruma,

Üçdür bu dağın yolları.
Dağlarda aslan yatıbdı,

Dırnağı qana batıbdı,

Kəllə–kəlləyə çatıbdı,

Ləşdir bu dağın yolları.


İgit gərək kəsib–biçə,

Dağı–daşı dəlib keçə,

Bağlanan yolları aça,

Coşdur bu dağın yolları.


Aslanlar kəsərlər yolı,

Keçən qorxudan tük salı,

Atlar tökər mıxı-nalı,

Daşdır bu dağın yolları.


------------------------------

------------------------------

Qaz, ördək, durnanı tutsan

Xoşdur bu dağın yolları.

Bu sözləri eşidən Eyvaz Koroğludan sazı alıb başladı:

Dağlarnan qorxutma məni, Koroğlu!

Mənə Türkmən elində “yel” deyərlər,

Başı bəlli qırx min cavan içində,

Qoç igitlər mənə “əvvəl” deyərlər.
Atımı vuraram sıldırım dağa,

Meydanda gəzərəm həm sol, həm sağa,

Düşməni salaram əldən ayağa,

Məni görçək “gəldi əcəl” deyərlər.


Dava günü at sürərsəm meydana,

Yerdən toz qovzanar çatar dumana,

Aslan tək dırnağım boyanar qana,

Yürüşümə “cəngü–cədəl” deyərlər,


Yüyürsəm hər zaman yağı-köffara,

Ağ günün onların eylərəm qara,

Meydanıma gələn güclü sərdara,

Məni tanıyanlar «cahil» deyərlər.

Eyvaz sözünə son qoyub Dəli Həsənlə Arzulumda Cəfər paşanın dağından ördək, qaz gətirməyə yollandılar.
Söyləyən: Əfşar

Koroğlunun Türkmən səfərİ

Aşıq Cünun Türkmənistan səfərindən qayıtdıqdan sonra Ey­vazın yaraşığını, igitligini və ərdəmini Koroğluya bildirdi. Ocağı kor olan Koroğlu ki, belə bir igidi tapıb özünə oğul elə­mək qəsdindədir aşıq Cünunun sözlərini eşidib öz-özünə dedi:

–Haradasa gedib onu gətirib özümə oğul etməliyəm.

Koroğlunun bir adəti varıydı, hər vaxt dəliləri bir yerə top­lamaq istəsəydi, bir nərə çəkərdi. Koroğlu Eyvaz barədə olan fikrini hamıya bildirərək onların da fikrini öyrənmək üçün bir nərə çəkdi. Dəlilər qaçaraq gəlib onun dövrəsinə toplaşdılar və «Buyuruğun nədir?» – deyə soruşduqda Koroğlu sazı bağrına basaraq dedi:

Gəlin, gəlin, dəlilərim, başıma,

Sizə görə söz–söhbətim var mənim.

İstiirəm siz ilə məsləhətləşəm,

Bilirsiz ki, bir həsrətim var mənim.


Aşıq Cünun gedib gəzib dünyanı,

Ərzurumu, bütün Azərbaycanı,

Türkmənlərdə görüb bircə cavanı,

Onu gətirmək niyyətim var mənim.


Ardıyca gedərəm mən eldən-elə,

Eyvazı taparam, tutaram dilə,

Oğul edib gətirrəm Çənlibelə,

Gəlməsə, gücüm–qüdrətim var mənim.

Dəlilər Koroğlunun sözünü eşitdilər. Aşıq Cünunu gətirməyə gedən dəlilər: – Aşıq Cünunun sözü düzdür- deyə, – Koroğlunu Eyvazı gətirməyə getməyə daha artıq qurşadılar. Koroğlu dəlilərlə artıq danışıqlar apardıqdan sonra gecəni yataraq sabah səhər tezdən Türkmənistana yollanmaq qərarına gəldilər. Gecə yatmalı vaxt oldu. Koroğlu Aşıq Cünunu çağırıb dedi:

–Aşıq Cünun, səhər çağı mən gün çıxar–çıxmazda yola düş­mə­liyəm, məni yuxudan oyatmaq sənə baxır.

Aşıq Cünun «Baş üstə» dedi. Koroğlu öz yatağına getdi. Aşıq Cünun səhər çağı Koroğlunu oyadacağı üçün gecə yat­ma­ma­lıydı. Onun oyaq qalmağını görən gözətçilərdən biri:

–Aşıq, niyə yatmamısan? – soruşduqda aşıq cavab verdi:

–Səhər çağı gün çıxmamış Koroğlunu oyadacağam. Ona gö­rə gedib yatmamışam.

Dəli dedi:

–Sənin qaçmağının acığı Koroğlunun canından çıxmayıbdır. Özünü oyatmağı sənə tapşırdıqda, şübhəsiz, səni incitməyə bir mahna axtarır! Dua elə, sən çağıranda oyansa da, özünü yu­xu­luluğa vurub sonra «Məni oyatmadın» deyə, səni incitməsin.

Koroğlunun qəsdi belə bir zad olmasaydı da, bu söz aşıx Cünunu qorxutdu. Aşıq Cünun gecəni ayıq qalaraq bu sözləri tərənnüm edirdi:

Sən mənə kömək ol, qadir Allahım!

Bu gün tez yuxudan dura Koroğlu.

Qorxusundan çıxar göylərə ahım,

Qoyma qulağımı bura Koroğlu.


Deyirlər, acıqlı, yaman halı var,

Qüdrəti var, cəlalı var, malı var,

Durmasa başımın qalma-qalı var,

Basacaqdır məni gora Koroğlu.


Arzum budur, oyanarkən şad olsun,

Gözü aydın, ağzı dolu dad olsun,

Qoymaginən mənimlə o yad olsun,

Durcaq dar ağacın qura Koroğlu.

Nəhayət, dan ulduzu çıxdı, hava işıqlandı. Aşıq Cünun Ko­roğ­lunu oyatmağa gəldi. Bir dönə çağırdıqda oyandı. Ko­roğlu ya­raqlandı, sazını da götürüb Qıratın belinə qondu və bir nərə ilə dəliləri öz dövrəsinə topladı. Sonra Aşıq Cünunu yaxına ça­ğı­rıb neçə sikkə qızıl ona verərək soruşdu:

–Aşıq Cünun, sən Türkmən ölkəsinə getmisən. De görüm, mən hansı yoldan getsəm oraya tez çataram?!

Bu sorğunu eşidən Aşıq Cünun Koroğludan icazə alıb yol­la­rın necə olduğunu saz ilə söyləmək istədi və sazı kökləyib baş­ladı:

Çənlibeldən Türkmənə gedəndə,

Əvvəl çatar Ərcistana, Koroğlu.

Dörd yana ayrılır yol Ərcistanda,

Hər biri gedir bir yana, Koroğlu!
Məğribdən gedən yol çox-çox yavıxdır,

Amma ordan getmə, xətəri çoxdur,

Dağdır–daşdır, qardır–qışdır, soyuxdur,

Dağlar batıblar dumana, Koroğlu!


Yol gedir Təbəristanda üç olur,

İkisi düz gedir, biri piç olur,

Düz gedənlər gedir-gedir heç olur,

Gedir çatır biyabana, Koroğlu!


Tutub getməlisən o ayrı yolu,

O yol ilə gedir ticarət malı,

O yoldan üzülməz karvanın dalı,

Uzaqdır isə Türkmana, Koroğlu!


Aşıq Cünun deyir, budur nişana,

Ondan sağ yol dönür gedir Kirmana.

Sol caddədə görsən tanış, bigana,

Hər sirrin var söylə ona, Koroğlu!

Koroğlu haralardan keçəcəyini Aşıq Cünundan öyrəndi. Son­ra sazı kökləyib dəlilərə xitabən söylədi:

Dəlilərim, mən gedirəm, gəlincə,

Can kimi saxlayın bu Çənlibeli!

Mən gedirəm xan Eyvazın dalınca,

Can kimi saxlayın bu Çənlibeli.
Dəli Həsən görsün dəlilər sanı,

Yumuq Əhməd, sənə verrəm fərmanı,

Gündə yeyin üç yüz şişlik biryanı,

Can kimi saxlayın bu Çənlibeli.


İstər orda mətləb gələ əlimə,

İstərsə gəlməyə, gedəm ölümə,

Tapşırığım budur hər bir dəlimə,

Can kimi saxlayın bu Çənlibeli.


Mənim başım sevdalıdır, qallıdır,

Hər kimsənin vəzifəsi bəllidir,

Sizə böyük bu gün İsaballıdır,

Can kimi saxlayın bu Çənlibeli.

Koroğlu tapşırıqlarını da bitirdi və dəlilərlə vidalaşıb Qıratı sürdü. Qırat sıldırım qayalardan sıçrayıb yel kimi Çənlibeldən uzaqlaşdı və o qədər çəkmədi ki, Çənlibeldən baxanların gö­zün­dən itdi. Qırat quş kimi uçurdu başı uca, il başabaş qar­lı dağ­ları arxada qoyurdu, daşqın çaylardan üzüb süvüşür­dü. Gəlhagəl, günlərin birində bir kəndə çatdı. Koroğlu həm özü, həm də Qırat çox yorğunudu. Buna görə Koroğlu bir qa­pı­nı döyüb orada dincəlmək istədi. Bir qarı arvad qapını açdı. Ko­roğ­lu: “Bura kimin evidir” deyə, soruşduqda qarı dedi:

– Bura mənim evimdir. Məndən başqa bir adam burada yaşamır.

Koroğlu qarı arvada dedi:

–Mən bir qərib yolçuyam, ac və yorğunam. Bu gecə bu evdə qonaq olmaq istəyirəm.

Qarı cavab verdi:

–Mən bir qaraləçək arvadam. Çoxdandır ərim ölubdur. Səni qonaq eləməyə bir zad yoxumdur.

Koroğlu əl atıb cibindən bir avıc qızıl çıxarıb qarı arvada verib dedi:

–Özündən bir zad istəməyirəm, bunlarla məni qonaq elə.

Arvad qızılları gördükdə gözləri parıldadı. Əl uzadıb qızılları ala-ala dedi:

–Çox xoş gəldin, içəri buyur.

Koroğlu dedi:

–Qarı nənə, verdigim qızıllarla on batman arpa alıb atıma yedirt! Bir az çörək və bir biryan olmuş quzu mənə al!

Qarı çəp-çəp Koroğluya baxıb dedi:

–Mən qarı deyiləm! Altı ay bundan qabaq ərə getmişəm. İki ay toydan sonra ərim ölübdür. İndi sən mənə qarı deyirsən?!

Koroğlu gördü ki, qarı deyəndə arvadın acığı gəlir, dedi:

–Xanım, bağışla, mən yorğun olduğum üçün əvvəlcə sənə diqqətlə baxmadım.

Bu sözü eşidən qarı əzilə-əzilə dedi:

–İndi ki bildin mən qarı deyiləm, de görüm, mənimlə evlən­məyə hazırsan?

Koroğlu cavab verdi:

–Səndən istədigim şeyləri alıb gətirincə mən də bir az fikir eləməliyəm.

Bu sözü eşidən qarı arvad tərmə–tələsik bazara geddi. On bat­man arpa ilə bir biryan pişirilmiş quzu və bir qədər çörək alıb bir hammala verdi və ondan istədi ki, onları onun evinə aparsın. Ham­mal yükləri evə gətirincə Koroğlu atını bir bucaq­da bağlayıb özü də uzanıb yatdı. Amma Koroğlu ilə evlənməyə can atan qarı bazarda dolanaraq bir az sürmə alıb gözlərinə çəkdi və bir qədər ənlik və kirşan alıb bəzənmək üçün evə gəldi. İçəri keçib Koroğlunun ya­nına gəlməmiş bir gizlin yerdə ənlik, kirşanla özünü də bəzəyib qıycana-qıycana Koroğlu olan otağa girdi. O, yolu gələ-gələ deyirdi:

–İndi qonaq mənim yolumu gözləyir ki, mən evə çatam və biryan olmuş quzu ətini birlikdə yeyərək evlənməgimiz üçün artıq danışaq.

Amma içəri girdikdə Koroğlunun qanısoyuqluqla yanaş­ma­sıyla üzbəüz oldu. Buna görə də dillənib dedi:

–Qonaq, indi məni alırsan, ya yox?!

Koroğlu dedi:

–Görürsən ki, mənim bir atım var, bir özüm. Var–yox pulum da elə o idi ki, verdim bazara apardın. Sənin də ki bir zadın yoxdur, bununla belə bu evlənmək nə dərdə dəyər?

Bunu eşidən qarı dedi:

–Qoy mən deyim nələr varımdır:

–Üç toyuğum vardır, gündə sənə qeyqanaq pişirrəm. Beş keçi varımdır ki, hər gün süd, qaymax yeyəcəksən. Bir dəst yor­ğan–döşək, iki ağac qaşıq, bir çanaq və başqa şeylər də varım­dır. Genə də görsək keçinə bilməyirik sənin atını satarıq.

Söz buraya çatdıqda Koroğlu sazı köynəgindən çıxarıb çala-çala başladı:

Bu gün bir qarını gördüm,

Xınalı əl-ayağı var.

Deyir, qızam, gəl al məni,

Bir həyəti, bir bağı var.


Qarı deyirəm, tozlanır,

Gəlin deyirəm, nazlanır,

Üzünə baxcaq gizlənir,

Heç bilməyir qonağı var.


Gəzmişəm iraq-yovuğu,

Çəkmişəm isti-soyuğu,

Gəlinin var üç toyuğu,

Naharda qeyqanağı var.


Gəlin mənə verir cavab,

Deyir, sevin, xanəxarab,

İki qaşıq, bir rəxt–xab,

Bir dana də çanağı var.


Deyir, qonaq atın sata,

Malını malıma qata,

Mənimlə də yeyib–yata,

Bircə kiçik otağı var.

Koroğlu bu sözləri oxuyarkən qarı o yan, bu yana göz gəz­dirib gördü ki, bazardan alıb göndərdigi biryan olmuş qu­zu­nun ətlərini yeyib tükədibdir, təkcə sümükləri qalıbdır. Aya­ğa du­rub atın arpasına baxdı, ondan da bir zad qal­mamışdı. Belə görən qarı, bu nə işdir, deyə çox düşün­dük­dən sonra ya­dı­na düşdü ki, deyirlər, Koroğlu hər oturumda bir davarın ətini bir­yan edib yeyir. Qıratı da on batman arpa ilə doymaz. Buna gö­rə qayıdıb Koroğluya dedi:

–Səni tanıdım, sən Koroğlusan! Yoxsa bir davarın ətini bir oturumda yeyə bilməzdin. Habelə, atın da o qədər arpanı tükə­də bilməzdi. İndi mənimlə evlənməyə hazır olsan sözüm yox­dur, hazır olmasan bu yerin adamlarının hamısı sənin qanına su­suzdurlar, çıxıb hamıya xəbər elərəm və onlar tökülüb sənin ətlə­rini diricə-diricə doğrayarlar. Koroğlu cavab verdi:

–Xanım, mən bir aşığam, Koroğlu hara, mən hara?!

Qarı söylədi:

Mən bilirəm ki, bu qonaq,

Hardan gəlib tapıb bizi.

Sözümə verməyir qulaq,

Yalandır dedigi sözü.

Koroğlu dedi:

–Qarı, mən nə üçün sənə yalan deyirəm, yoxsa səndən qorxu­ram?

Qarı başladı:

Düz sözü boynuna almaz,

Deyir, məndə yalan olmaz,

Əmisi Şabandır qalmaz,

Əcəb utanmazdır özü.

Koroğlu gördü ki, qarı arvad bunun əmsinin də adını bilir. Buna görə ona acıqlı–acıqlı baxdıqda qarı artırdı:

Mən qurbanam ala gözə,

Qəzəb ilə baxır bizə,

Atasıydı Xoca Mirzə,

Qırat üstə çıxdı gözü.


Adı qonaq, özü yağı,

Gözləridir qan çanağı,

Tacirsə neylir yarağı,

Aşığın olar bir sazı.


Mən tanıram Rouşən xanı,

Mənim bu cismimə canı,

Anan adı Səlbibanı,

Qırat vurub sınıb dizi.

O arvaddan bu sözləri eşidən Koroğlu dedi:

–Sağ ol xanım, bəllidir ki, çox ayıq və bilikli qadınsan. Sən də mən­dən keçsən, mən səndən keçmərəm! Qoy atı bazara apa­rıb sa­tım və pulu ilə hər nə gərəksə alım, qayıdım gedək kəbin kəs­dirək.

Bu sözləri eşidən qarı çox sevindi. Koroğlu da saz çignində Qı­ratı minib aradan çıxdı və bir daha qarının evinə dönmədi. Ko­roğlu çox yol getdikdən sonra bir gün Türkmən vilayətində Aşıq Cünun Eyvazı gördüyü şəhərə çatdı. Qıratı bir karvan­sa­ra­da yemləyib saz çignində şəhərə çıxdı. Xalqın danışığına, söz–söhbətinə qulaq asa–asa şəhərdə dolanırdı ki, bir toy məclisinin başlanmasından xəbər tapdı və axtara–axtara gedib o məclisi tapıb içəri girdi. Heç kəsi tanımadığı üçün nə dinirdi, nə də danışırdı. Sazı bir bucaqda gizlədərək gəlib–gedənlərə baxırdı.

Məclis qonaqlarla dolana yaxınıydı ki, gördü hamı ayağa durdu. Koroğlu da ayağa qalxıb yanındakı qonaqların birinə: Kim gəlir” deyə sual verdikdə, o cavab verdi:

– Türkmənbaşı gəlir.

Koroğlu qapıya göz tikmişdi ki, gördü bir ucaboylu, enlikürək, gözləri piyalə kimi, burma bığları da qulaqlarının üstün­dən arxaya aşırılmış yaşlı kişi qabaqda, bir gözəl–göyçək, boy­lu–buxunlu, qollu–biləkli igid də onun ardıyca məclisə girdi.

Oğlanın yaraşığına heyran qalan Koroğlu yanındakı qonaq­lardan: Bu igid kimdir deyə soruşduqda onun Eyvaz xan olduğunu söylədilər. Koroğlu ona baxdıqca artıq qanı qay­na­yırdı və öz-özünə deyirdi: Aşıq Cünunun haqqı vardır, olduğu kimi bu igidi tərif edə bilməyə. Günçıxandan günbatana bütün ölkələri dolansam belə bir igid tapanmaram”

Nəhayət, yemək–içməkdən sonra məclisin yuxarı başında oturan Türkmənbaşı toy adamlarından: “bəs niyə aşıq gəlməyib, aşıqsız da toy olarmı, soruşduqda cavab verdilər ki, şəhəri ­do­landıq, hər yerdən soraqlaşdıq aşıq tapa bilmədik. Hamısının vaxtı alınmışdı. Hamısı başqa toylara getməyə söz vermişdi.

Bu sözü eşidən qonaqlardan biri toy adamlarına üz tutaraq əlini Koroğlunun çigninə qoyub dedi:

—Mənim yanımda oturan bu qərib qonağın da sazı vardır. Amma bilmirəm çalıb–oxumaq başarır, ya yox?

Toy adamları ona: “aşıqsan, dur ayağa” dedikdə Koroğlu ca­vab verdi:

–Yox qardaş, mən aşıq degiləm.

Bu sözü eşidən Eyvaz atasının üzünə baxdı. Böyük Türkmən başını qovzayıb bir bucaqda oturan Koroğluya dedi:

–Kişi, aşıq deyilsən? Niyə özünlə qopuz dolandırırsan?

Koroğlu bir az dizi üstə dikləndikdən sonra söylədi:

–Bununla aşıq cavabı verərlər, amma aşıqlıq etməzlər.

Bunu eşidən Böyük Türkmən dedi:

–Hansı aşığın cavabını verə bilərsən?

Koroğlu söylədi:

–Mənə fərqi yoxdur, hansı aşıq və hər kim olur olsun.

Bu söz Böyük Türkmənə ağır gəldi. Buna görə də nökərlərin­dən birini çağırıb dedi:

–Get Eyvazın qopuzunu buraya gətir.

O qədər keçmədi ki, Eyvazın qopuzunu gətirdilər. Böyük Türk­mən Eyvaza dedi:

–Oğul, ayağa durub saz ilə bu qonaqdan neçə söz soruş. Görək necə cavab verəcəkdir?

Eyvaz: “Baş üstə” deyib saz əlində ayağa durdu. Belə görən Ko­roğlu da sazı köynəkdən çıxarıb ayağa qalxdı. Eyvaz məc­li­sin aşağı başında dayanan ortayaşlı, boylu–buxunlu, qollu–biləkli, bığları burma, ancaq tanımadığı aşığa xitabən başladı:

Aşıq, sualımın söylə cavabın,

O nədir ki, leşi yoxdur, başı var?

Altı göz, üç canı var, on ayağı,

Ağzı yoxdur, amma bircə dişi var.

Koroğlu cavab verdi:

Cavabın söyləyim, Türkmən oğlu!

Günlə ayın leşi yoxdur, başı var.

Onayaqlı, altıgözlü, üçcanlı,

Əkinçi xışıdır, bircə dişi var.

Eyvaz:

O nədir ki, dəymə deyəndə dəyər?



Hansı iki yoldaş bir-birin yeyər?

O nədir, deyilsə insanı əyər?

O nədir ki, bir dalı, üç döşü var?

Koroğlu:


O dodaqdır, dəymə deyəndə dəyər,

Dəgirman daşları bir-birin yeyər,

Töhmətdir vurulsa insanı əyər,

Başdır, bir dalısı, üç də döşü var.

Eyvaz:

Nə qüdrətdir, nərə çəkər, guruldar?



O nədir ki, dal qabaqdan bir olar?

Nədir başı yanar, dibi quruldar?

O nədir ki, quyruğunda nişə var?

Koroğlu:


O buluddur, nərə çəkər, guruldar,

O göydür ki, dal qabaqdan bir olar,

Qəlyandır, baş yanar, dibi quruldar,

O əqrəbdir, quyruğunda nişə var.

Nəhayət, Eyvaz hər nə soruşdu, Koroğlu bir–bir cavab ver­di. Hamının qərib aşıqdan xoşu gəldi və Türkmənbaşıdan istə­dilər ki, aşıq­dan kim olduğunu soruşub toyda olanlara bildir­sin. Türkmən­başı Koroğ­luya xitabən: «Aşıq, sən kimsən, hara­lı­san?» soruşduq­da Koroğlu dedi:

–Xan sağ olsun, mən aşıq deyiləm, bir qərib qonağam.

Türkmənbaşı soruşdu:

–Bəs əlindəki qopuz nədir?

Koroğlu:

–Bu toxmaqdır, bununla çox başları əzmişəm, çox başları da əzəcəyəm.

Bu söz Türkmənə oxdan bərk dəydi. Buna görə də dedi:

–Bizlərdə qonağın hörməti çoxdur, yoxsa bu yekə–yekə danışmağına görə sənin qulağın burardım.

Koroğlu bu sözləri eşidib ayağa qalxdı və bir daha sazı kök­ləyib Türkmənbaşıya söylədi:

Mən qəribəm, vilayətlər gəzmişəm,

Görməmişəm sənin kimi kuhənsal.

Əsil kişilərə belə söz dəyməz,

Acı söz deyən olsa hər bikamal.

Bu sözdən Türkmənbaşının qaş–qabağı açıldı. Koroğlu da onu görüb sözə belə davam etdi:

Aşığın bir ağzı otdur, biri su,

Bədəsil olanlar olar iki xu,

Üzdə bir pərdə var, adı abi–ru,

Pərdəsizlə eyləməyin verü-al.

Böyük Türkmən bu sözlərdən daha da maraqlanaraq aşığın sözə davam etməsini istədi. Koroğlu da sözün davamında dedi:

Rəsmidir böyüklər yuxarı baxmaz,

Verdigin heç yerdə başına qaxmaz,

Sultan olan ölkəsini buraxmaz,

Əgərçi milləti ola karu–lal.

Türkmənbaşı cibinə əl atıb bir avıc cəvahir çıxarıb Koroğ­lu­ya vermək istədi. Koroğlu onun əlini qaytarmaq istəmədigi üçün ondan alıb məclisin aşağı başında olan kasıb yoxsullara sa­rı sovurub sözə davam etdi:

Bəzi adam var–dövlətə aldanar,

Tamahkar var görsə, hər zadı danar,

Arif olan mənim dərdimi qanar,

Niyə gərək gəzəm mahalbamahal?!

Türkmənbaşı belə gördükdə bildi ki, bu aşığın dünya malına ehtiyacı yoxdur. Bu ayrı məqsəd ilə gəzə–gəzə gəlib buraya çatıbdır. Buna görə də dedi:

–Aşıq, bəllidir ki, sən başqa bir zad axtarırsan. Sənin söz­lə­rindən elə xoşum gəldi ki, hər nə istəsən verəcəyəm. Hər nə istə­yirsən və bilirsən ki, Türkmən ölkəsində tapa bilərik, mən­dən istəyə bilərsən. Arxayın ol ki, əlimdən gələni əsirgəməyəcəyəm.

Bu sözləri eşidən Koroğlu fürsəti qənimət sayıb sözü başladı:

Sənə deyim, Türkmənbaşı!

İstərəm bir ağa səndən.

Nisan yağışı misali,

Dürri–mərcan yağa səndən.
Od tapılmaz ocağımda,

Əlim qalıb qucağımda,

Mən istərəm bu çağımda,

Düşməyəm irağa səndən.


Əsilsən, uca bir dağsan,

El içində üzü ağsan,

Güllü, bulaqlı bir bağsan,

Gəldim gül dərməyə səndən.

Söz buraya çatdıqda Eyvaz atasının sol tərəfindən durub sağ tərəfinə keçdi. Belə görən Koroğlu əlavə etdi:

Son sözüm budur Türkmana,

Arzum var sözüm inana,

Mən möhtacam o oğlana,

Keçdi indi sağa səndən.

Bu sözləri eşidən Türkmənbaşı dedi:

–Aşıq, bir söz de ki, uyarı olsun! Mənim bircə oğlum var, o da elə budur. Habelə bu oğlan bütün türkmən igidlərinin başçı­sıdır. Mən də versəm, türkmən igidləri razı olmazlar. Qonaq olmasaydın bir söz də deyərdim, ancaq qonaq olduğun üçün ondan vaz keçirəm.

Bu sözü eşidən Koroğlu soruşdu:

–Türkmənbaşı, nə söz deyəcəydin? Çəkinmə, hər nə istər­sənsə söylə!

Türkmənbaşı dedi:

–Eyvazı yerdən tapmamışam ki, hər yoldan keçənə verə biləm! Nə adın–sanın bəllidir, nə haralı olduğunu söyləyibsən, sənə necə inanmaq olar?

Koroğlu dedi:

–Mən Çənlibeldən gəlmişəm, Eyvazı da Koroğluya oğul elə­mək üçün istəyirəm.

Bu söz bir az Türkmənbaşının acıq odunu söndürdü və bu söz­ləri eşitdikdən sonra Koroğludan istədi ki, Çənlibeldən və Koroğlu­dan söz açsın. Koroğlu bu sözü Türkmənbaşıdan eşidib başladı:

Hansı qasid Çənlibelə gedəndə,

Gərək sədaqətli, düz ilqar ola.

Əyri sözlər düz igidə yaramaz,

Həqiqət söz gərək aşikar ola.


Koroğlu çox gedib gəzib dünyanı,

Tapanmayıb Eyvaz kimi cavanı,

Onu edər dəlilərin sultanı,

Gərək Çənlibeldə o, sərdar ola.


Hər dəryanın olmaz inci–mərcanı,

Qılınc alsan onun poladın tanı,

Aramışıq bütün Təkə Türkmanı,

Yox Eyvaz tək polad, cövhərdar ola.


Çənlibel dövrəsi sıldırım daşdır,

Türkməni keçsək, hər yerdən başdır,

Koroğluya, dəlilərə o xoşdur,

O məkanda igit Eyvaz var ola.

Bu sözləri eşidən Türkmənbaşı dönüb Eyvazın üzünə bax­dıq­da Eyvazın belə bir zada razı olmasını duydu. Eyvaz da öz–özünə dedi:

–Aşıqla birlikdə Çənlibelə gedərik. Oranı və Koroğlunu ya­xın­dan görərəm. Ağlımız kəsərsə, bir iş görərik, kəsməzsə, qa­yı­dıb gələrik.

O özü ilə belə qərara gəldikdən sonra başını qovzayıb Koroğ­lu­ya dedi:

–Aşıq, gecəni yatıb dincəl, sabah beş–on nəfərlik bir karvan­la Çənlibelə sarı yola düşərik. Görək ora necədir? Həm də ya­xın­dan Koroğlu ilə tanış olarıq.

Koroğlu Türkmənbaşının sözünə cavab olaraq başladı:

–Türkmənbaşı, icazə ver, qabaqca Eyvaz mənimlə gəlsin Çən­libelə gedək. Sonra siz də gələrsiz. Çünki Çənlibelə gəlmək istə­yən qasid göndərərək gələcəyini bildirməsə, onu Çənlibelə yol ver­məzlər. Bir də ki, elə dünyada rəsmidir, bir böyük adam bir yerə getmək istəsə, əvvəlcə oraya elçi göndərib gedəcəyini bildirməlidir, yoxsa orada lazım olan hazırlığı görməzlər. Bu da hər iki tərəfə pis olar. Eyvaz mənimlə Çənlibelə gəlsə, sizin də gələcəginizi xəbər verərik. Koroğlu da orada hazırlıq gördürər, qurbanlıq hazırladar və siz gələndə ayağıız altında ipək parçalar döşətdirər. Eyvaz kimi igid oğlan da uşaq deyil ki, yançıya ehtiyacı olsun.

Bu sözlər Türkmənbaşının xoşuna gəldi. Eyvaz da belə bir səfərə getməyə hazırlığını bildirdigi üçün Türkmənbaşı dedi:

–Belədirsə, mənim sözüm yoxdur. Sabah yola düşə bilərsiniz.

Nəhayət, gecəni yatdılar, sabah Eyvaz tanımadığı aşıqla Çən­libelə getməli oldu. Bu xəbəri carçılar bütün şəhər əhlinə car­ladılar. Bütün şəhər əhli, xüsusilə, cavanlar Eyvazı yola sal­ma­ğa gəldilər. Belə bir vaxtda Eyvaz da sazını sinəsinə basaraq cavanlara xitabən belə söylədi:

Gəlin, gəlin, yoldaşlarım,

Halal edin siz Eyvazı!

Mənim əziz qardaşlarım,

Halal edin siz Eyvazı!
Gəlin sizlə halallaşım,

Bu aşığıyla yollaşım,

Çaylar keçim, dağlar aşım,

Halal edin siz Eyvazı!


Türkmənin cavanları,

Qeyrətli pəhləvanları,

Olun atam oğlanları,

Halal edin siz Eyvazı!


Çənlibelin yolları daş,

Olub bu aşığa yoldaş,

Gedəcəyəm ora birbaş,

Halal edin siz Eyvazı!

Eyvaz saz ilə dedigi kimi, söz ilə də haraya və nə üçün ge­dəcəyini söylədi. Yoldaşlarıyla qucaqlaşıb öpüşdü. Ata-ana­sı­nın əlindən öpüb öz atına mindi. Koroğlu da Qıratı gətirməyə get­mişdi. Elə ki onu gətirdi, hamı ona heyran qaldı. Çün o gö­zəl­likdə və o böyüklükdə atı o günə kimi onların heç biri gör­mə­mişdi. Belə görən Türkmənbaşı hələ də aşığın kim olduğunu bil­mədigi üçün ona xitabən soruşdu:

–Aşıq, bu atın adı var, ya yox? Mən indiyə kimi belə bir at gör­məmişəm.

Bu sözün cavabında Koroğlu dedi:

–Bu, Koroğlunun öz atıdır. Buna Qırat deyərlər.

Türkmənbaşı dedi:

–Eşitmişəm Qıratın necə yaxşı xasiyyəti vardır. Hətta özü də adam kimi dil bilir. Belədirmi?

Koroğlu dedi:

–Doğrudur, örnək olaraq bir xasiyyətini indicə göstərərəm.

Koroğlu bu sözü dedikdən sonra sazı köynəgindən çıxarıb Qırata xitabən söylədi:

–Qıratım, mən sazı çalacağam, sən də onun havasıyla oyna­ya­caqsan.

Sonra sazı çalmağa başladı. Qırat da onun sazu-avazıyla ayaq­­larını yerə döyürdü. Koroğlunun çaldığı havayla oxuduğu sözləri bunlarıydı:

Başına döndüyüm yerişli, yollu,

Üzü tavus, durna telli, Qıratım.

Dırnağı altında dağı titrədən,

Ala gözlü, qara yallı, Qıratım.
Nə yaxşı yaradıb səni yaradan,

Hər döyüşdə sağlam çıxan aradan,

Meydanı yağı düşmənə daradan,

Qızıl üzəngili, nallı, Qıratım.


Meydana girəndə özün itirməz,

Yad olanı öz belində götürməz,

Qabağında olan duruş gətirməz,

On iki min adı bəlli, Qıratım.


Döyüş meydanında şahinü-şəhbaz,

Dəryalar üstündə edən taxtü–tac,

Hər döyüşdə məni edən sərəfraz,

Ağ zini yaşıllı, allı, Qıratım.

Söz başa çatdı. Onları yola salan türkmənlər hər ikisini öpüb yola saldılar. Onlar neçə gün yol gəldilər. Nəhayət, Çənlibelə yaxınlaşdılar. İsaballı gözətçilərə tapşırmışdı ki, hər vaxt Ko­roğ­lu­nun gəlməyini gördülər, xəbər versinlər. Buna əsasən bir gün dəlilərdən biri İsaballının yanına gəlib dedi:

–İki atlı Çənlibelə sarı at çapırlar. Şübhəsiz ki, biri Koroğ­lu­dur.

Dəlilər onlar gələn tərəfə baxdılar. Atların ayağı altından qovza­nan toz buludlara qalxırdı. O atların birinin Qırat olma­sına söz yo­xudu. İsaballının əmriylə neçə qurbanlıq hazırlandı və onlar gəlib çatan kimi qurbanlıqlar kəsildi. Eyvazla Koroğlu hə­lə atdan yerə enməmişdilər ki, Eyvaz dəlilərə göz gəzdirdikdə Koroğlu soruşdu:

–Eyvaz, kimi axtarırsan?

Eyvaz dedi:

–İstəyirəm görəm Koroğlu bunların hansıdır?

Bu sözü eşidən Koroğlu sazı çıxarıb bağrına basdı və at üstündə olaraq Eyvaza xitabən söylədi:

Başına dolanım, əziz Eyvazım!

Koroğlu deyirlər, oğul, mənəm, mən.

Dəlilərin başçısıyam mən özüm,

Koroğlu deyirlər, oğul, mənəm, mən.
Sizin eldə yalan satdım özümə,

İndi şərməndəlik gəlir gözümə,

İndi inan bu həqiqət sözümə,

Koroğlu deyirlər, oğul, mənəm, mən.


Orda söyləmədim, dedim, bilməzsən,

Mənimlə yollarda deyib gülməzsən,

Türkməndən Çənlibelə gəlməzsən,

Koroğlu deyirlər, oğul, mənəm, mən.


Koroğlunun çatıb əlliyə yaşı,

Xanlar, paşalarla edər savaşı,

Səni eyləyərəm dəlilər başı,

Koroğlu deyirlər, oğul, mənəm, mən.

Koroğlu sözünü bitirər-bitirməz dəlilərin davranışından Ey­vaza aşığın Koroğlu olması bəlli oldu. Nəhayət, atlardan enib dəlilərlə öpüşüb görüşdülər. Nigar xanım Eyvazı öz yaxasından keçirtdi. O gündən Eyvaz Koroğluyla Nigarın oğlu sayılırdı.

SÖZLÜK

Abi-kövsər – cənnət suyu

Aqibəte-kar – işin nəticəsi, aqibəti

Amadə – hazır

Arameş – sakitlik, rahatlıq

Arzumənd –arzu, istək

Asiman –göy, səma

Aşina – tanış, dost

Atəşi tuzağ – cəhənnəm odu

Anvəxt – o vaxt

Ahəngər – dəmirçi

Azadşode – azad olmuş

Aya – sual ədatı (mı4)

Axiyə – atı bağlamaq üçün dirək

Bac – vergi, rüsum

Badi-sərsər –soyuq külək

Bak – qorxu, xof

Barbənd – yük ipləri, yol kəməri

Barxanə – yük yeri

Bavər – inam

Baala – uca, yüksək

Bakəmali – mükəmməl, tamamilə

Barat – yük

Bazərqan – tacir

Bexatere – ...... görə, üçün

Beqavle qədimian – keçmiş insanların deyiminə görə

Bezən-bekub-berəqs – eyş-işrıt məclisi, şənlik

Beçeşm – göz üstə

Benami – adlı

Beyinnən aparmaq – aradan aparmaq, məhv etmək

Beytərin, behtərin – ən yaxşı

Bəd – pis

Bədşəkil – pis görünüşlü

Bədtər – daha pis

Bədov – yaman, yüyrək

Bədrux – pis üzlü

Bədqıyafa – pis geyimli

Bəəd – sonra

Bəəd əz – sonradan

Bəəd əz in – bundan sonra

Bədpəsənd – bəyənilməyən, pis bəyənilən

Bənaən – əsasən, başlanğıc

Bəna-bina - başlanğıc

Bəsat – toy-büsat

Bərdə – qul, kölə, əsir

Bərainke – buna görə

Bələtəm – bilirəm

Bərzəx – boyun, bərzəx, hədd, sərhəd

Bihud, bixud – əbəs, nahaq yerə

Bimiqdar – azca

Biryanı – kabab, qızartma

Bimaliyət – faydasız

Biistilah – şərhsiz, burada: şərtsiz

Bica – yersiz

Biruza – açıq, aydın

Biləxir – nəhayət

Bilafasilə – fasiləsiz, sürətli, iti

Bibak – qorxusuz

Bimar – xəstə

Bünyad – əsas, təməl

Cabəca – yerbəyer

Cadda –yol

Calalana – parlama, parıltı, şüa

Car – səs, çağırma

Cəbə – səbət, qutu

Cədəl – mübahisə, qalmaqal, dava

Cəlal – böyüklük, ululuq, şöhrət

Cələsə –toplantı, məclis

Cəng – vuruş, döyüş

Cəngəl – meşə

Cəngi-cədəl – müharibə, dava, qalmaqal

Cəngi-zərqərə – farsca deyim, mənası sözlə savaş

Cərahəti – yara

Cəri – dəliqanlı, cürətli

Cəşn – qonaqlıq, şənlik, bayram

Cida – mizraq, süngü

Cisr – bərə

Cisrban – bərə sahibi

Cilogirluq – qarşısını alma

Cirə – yemək, pay

Civar – ətraf, hədd

Cuya –axtaran

Cüda – ayrı

Çahar – dörd

Çadur pa – çadır gözətçisi

Çaar-cada – dörd yol

Çəp – sol

Çənd – neçə

Çəp-rast – çarpaz, sol-sağ

Çıqqa – bir az

Çillə – burada: qırx gün

Çərəkə –dorddə bir

Çərm – gön, işlənmiş dəri, burada yüyəndəki dəri

Çərxəki – fırlanma

Çərğət – baş örtüyü

Çəşm – göz

Çoxdanə – çox bilmiş

Çinançe – belə ki

Damən, damənə, dəmanə – ətək, dağın ətəyi

Danə nişan – naxışlanmış

Dari-dünya – dünya evi

Daqqul -bəb – qapını döymə

Davtələb – könüllü

Dərhəm-bərhəm-qarmaqarışıq

Dəxül-bab – qapını döymə

Dərce-dəhan – yerləşdirmə

Dərxast – istək

Dərvağe – gerçəkdə, əslində

Dəstgir – tutuqlama, ələ keçir-mə

Dəst – əl

Dəstur – əmir, fərman, göstəriş

Dərxast – xahiş

Dərhəm- bərhəm – qarışıq, nizamsızlıq

Dərbənd – dağ keçidi

Did – bazdid edüb – gözdən keçirib, görüşüb

Didar – görüş, burada: gözləyə-gözləyə

Didargah – ziyarət yeri, görüş yeri

Didban – qarovul, keşikçi

Dide – göz

Didə ruzkar – yer üzü

Didəbanı – gözətçisi

Didəm nəmi – gözüm yaşı

Dirəxtli – ağaclı

Digər – burada: daha

Dürüsti – haqlısan

Dovvomən, doyyomən – ikinci-si

Dutər – tərli

Dübarə – ikinci dəfə, bir daha, yenə

Dürdənənəvşə – mirvari dənəsi sərpilmiş

Elamiyyə – elan

Eyd – bayram

Əbəd – burada: heç vaxt

Əsmə, əsmər – qara

Əlan – indi

Əcələ – tələsik

Əciri bəsat – şənlik

Ədli-divan – ədalət divanı, ədalət məhkəməsi

Ədlbedil – ədalətli

Əğət – həqiqət

ЂƏhli təsənnün – sünnü

Əhyanı-əyan – aydın

Əqd – nigah, saziş

Əqəllən – ən azı

Əlan – bu an, bu vaxt, indi

Ələm – bayraq

Ənibal – mallar

Ənva-əqsan - növbənöv

Ərvah –ruh

Ərz – şikayət, dərd, söyləmə, bildirmə

Ərsə – meydan.

Əsbabi-cəngi – döyüş paltarı

Əslikar – əsilli

Əsrar – seirlər

Əza – təsəlli, yas

Əlxas – xüsusilə

Faiq, fayiq – üstün

Fələyi-firdos – cənnət küləyi

Fərar – qaçma, sovuşma

Fərmandeh – əmr verən, komandir, başçı

Fərmayeşe duste –dostun buyruğuyla

Fərzənde – övlad

Filhal –dərhal, indi

Firqə – dəstə, qrup

Finəticə – sonda

Fitarixe – tarixdə

Feelən – hazırda, hərəkətli

Fouc - bölük

Fourən – dərhal, anındaca

Gəllə – sürü, naxır, ilxı

Gomanam, begomanəm –– zənnimcə, belə güman edirəm

Gənc – xəzinə, dəfinə

Gərdanə – boyun, keçid, aşırım, gədik

Gərdəngah – dağın aşırımı

Gərdişgah – gəzməli, gəzinti yeri

Gərm – isti

Gir – düyün

Giran – ağır, dözülməz, çətin, əziz

Hamu zad – hər şey

Halaanke – indiki

Heykəl – boy-buxunlu

Hezar, hizar – min

Həmbab – tay-tuş

Həmsaya – qonşu

Həme – hamı, bütün

Hətmən – mütləq

Hənuz – hələdə

Həras – qorxu, həyəcan

Hərasan – diskinərək

Hərəmgah – hökmdar sara­yın­da kənar şəxslərin girməsi qa­da­ğan olan yer, qadınların ol­du­ğu yer

Hərəmsarı – hərəmlər saxlanı­lan yer


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə