Yaradıcılıq ehtirası sevgidən qat- qat böyükdü



Yüklə 33,24 Kb.
tarix14.06.2018
ölçüsü33,24 Kb.

Yaradıcılıq ehtirası sevgidən qat- qat böyükdü”

http://xeber365.com/menu_pic/3417_hamletf.jpg

Müsahibimiz Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlıdı. Hamlet müəllim rəhbərlik elədiyi təhsil müəssisəsi, Azərbaycanda elm və mədəniyyətin hazırkı vəziyyəti və dünyanın gündəmində olan aktual mövzularla bağlı suallarımızı cavablandırır.

- Hamlet müəllim, Xəzər Universiteti -Azərbaycan mustəqilliyini elan etdikdən qısa müddət sonra fəaliyyətə başlayan bir neçə özəl universitetlərdən biridi. Bu müddət ərzində nəinki rəqiblərini geridə qoyub, hətta günü gündən böyüyür. Dünya məktəbi, kitabxana..

- Kampus tikmişik. Orda olmusuz?

- Yox, amma kadrları gördüm. Doğrusu, kitabxananın dizaynına valeh oldum. Başqa nələr var və nələr olacaq?

- Universitetin böyüməsi həm də elmi-yaradıcı gücünün artması və maddi bazasının genişlənməsi deməkdi. Bizim hazırda yeddi binamız var: ikisi burda- indi olduğumuz yerdə, biri şəhər mərkəzində. Dörd dənə də yeni kampus tikirik- biri səkkiz, biri altı, biri də dörd mərtəbəli olacaq. İdman kompleksimiz olacaq. Orda üzgüçülük hovuzu, basketbol meydanı, güləş və digər döyüş növləri üçün salonlar nəzərdə tutmuşuq. Yeni tikilən binalardan biri uşaq bağçası üçündü, biri ibtidai, biri də orta məktəb üçün. Orda həm də laboratoriyalar quracağıq. Əcnəbi müəllimlərimizin yaşaması üçün də yer düzəltmişik. Faktiki olaraq, ilk baxışda universitetimizin funksional fəaliyyəti üçün bütün şərtlər var. Amma bunlarla kifayətlənmirik, daha da genişlənmək istəyirik. Əgər bizim toplantılarımızda iştirak etsəniz, yalnız narazılıq eşidərsiniz. Çünki keyfiyyətli nəticə əldən etməyin yollarından biri kiçik də olsa, gözə görünən nöqsanları aradan qaldırmaqdı.

- Mətbuat konfransında universitetin maddi büdcəsindən danışanda dediniz ki, nə vaxtsa imkanlı insanların da təhsil sahəsinə diqqət yönəldəcəyinə ümid eləyirsiz. Azərbaycanda belə insanlar heçmi yoxdu, yoxsa onlara mane olan nəsə var?

- Azərbaycanda imkanlı insanlar var və onlar qətiyyən insafsız deyillər. Sadəcə biz elə bir dövr yaşamışıq ki, orda həm qanunlar, həm də digər baxımdan insanların böyük xeyriyyəçi işlər görmələrinə mane olublar. Onda “sən bu pulu hardan almısan, necə almısan” deyə suallar və qorxular vardı. Amma düşünürəm ki, bu sürətlə dəyişəcək. Artıq dəyişir. Bəzi imkanlılar, böyük pullarla yardım eləməsələr də, müəyyən işlərimizə kömək eləyirlər.

- Dünyanın başqa yerlərində bu tip fəaliyyətlər qanunla tənzimlənir, xeyriyyəçilər vergilərdən azad olunur...

- Doğrudu, bizdə də olacaq. Bu yaxınlarda Diplomatiya Akademiyasının rektoru ilə bu məsələni müzakirə eləmişik, təkliflərimizi Milli Məclisə göndərmək istəyirik ki, insanlar vergi güzəştləri hesabına universitetlərə yardım edə bilsinlər. Mən bir az nikbinəm. İslahata meylli insanlar həmişə tələsirlər, nəticə görməyə, hər şeyi irəli dartmağa çalışırlar. Dövlət isə həmişə bir az sabitlik istəyir. Dövlət bir az mühafizəkardı. Ola bilsin, biz başqa ölkələrdən daha çox mühafizəkarıq. Bununla belə gözümüzün qarşısında bəzi dəyişikliklər, yeniliklər baş verir. Məsələn, xeyli vaxtdı deyirdik ki, pulu məktəblərə yox, tələbələrə verin, onları maliyyələşdirin. İndi Xəzər Universitetində tələbə gəlib pulsuz oxuya bilir. Magistraturada da, bakalavrda da. İmtahandan yüksək bal topla, dövlət sənin pulunu ödəyəcək. Düzdü, o, istədiyimizdən az pul verir, amma biz etiraz etmirik, çünki universitetimizə çoxlu savadlı tələbələrin gəlməyini istəyirik. Elə özümüz də onlara güzəşt eləyirik. Daha bir yenilik: dövlət, universitetlərdən əlavə dəyər vergisini götürdü. Bunun üçün çox çalışdıq, vuruşduq, əlləşdik və istəyimizə çatdıq. Yəni müəyyən addımlar atılır. Məsələn, indi mən müraciət eləmişəm ki, kampus tikmək üçün bizə əlli hektar yer verin. Cavab gözləyirəm. Ümid eləyirəm ki, müsbət cavab olacaq. Yaxud bizim təhsil fakültəmiz xeyli müəllimə təlim keçib. Hazırda Xəzər universiteti 90 məktəbin direktoruna və direktor olmaq istəyənlərə təhsilin idarəetməsi mövzusunda üç aylıq təlim verir. Onların hamısının pulunu dövlət ödəyir.

- Düzü, mətbuat konfransının mövzusu mənə bir az qəribə gəldi. Siz artıq dunya universitetlərinin reytinq cədvəllərində yeri olan müəssisəsiniz. Yerli mətbuatın bir rəqəm yuxarı, bir rəqəm aşağı yazmağı sizə niyə təsir edib?

- Məlumat doğru olmalıdı, əks halda insanları çaşdıra bilər. Media bəzən bu məlumatları başa düşmədiyi üçün yanlış verir, bəzən də qəsdən. Ola bilsin ki, sabah biz o reytinq cədvəllərindən çıxaq, çünki bu sahədə böyük rəqabət var. Sabah başqa bir universitet bizdən daha güclü ola bilər. Olsun. Lakin hər şey doğru, olduğu kimi yazılsa, daha yaxşıdı. Bu çox vacibdi.

- Təxminən, iki, ya da üç il əvvəl sizinlə bir layihə çərçivəsində söhbət eləmişdik. O zaman Azərbaycan dilinə qarşı laqeyd münasibətdən şikayətlənmişdiz. Deyəsən, təhsil komissiyasına “Azərbaycan və dünya dillərinin inkişafı” adlı layihə təklif etdiyinizi demisdiz. Necə oldu o layihə?

- Heç nə olmadı. O vaxt xarici dillərin, xüsusilə də rus dilinin inkişafına kömək məqsədilə bir toplantı keçirilmişdi. Onda biz də “Azərbaycan və dünya dillərinin inkişafı” variantını təklif elədik. Həmişəki kimi heç bir qərara bağlanmadı. Ancaq mən indi də o fikirdə qalıram: Azərbaycan dilinin qayğısına qalmağa çox ehtiyac var. Çıxın, küçələrimizə baxın. Bir çox müəssisələrin, idarə və təşkilatların adı ingiliscə, hətta bəzən türkcə yazılır. Türkiyə dost, qardaş ölkədi, amma bizim “ə” hərfimiz var və ondan istifadə olunmalıdı. Yəni dilin qayğısına qalınmalıdı, əks halda ana dilimiz unudulacaq. Dilçilik dövlətin qayğısını tələb edən sahədi. Düzdü, hazırda Azərbaycan dilində çoxlu kitablar nəşr olunur. Ancaq son vaxtlar ingilis, rus dillərinə rəğbət xeyli artıb. Bu, Azərbaycan dilinin hesabına olmamalıdı. Söhbət təkcə danışıqdan getmir. Azərbaycanlı uşaq birinci sinifdən ingilis, ya da rus dilində oxuyanda bu onun təfəkküründə, millətinə münasibətində özünü göstərir. O, folklorunu başa düşmür, musiqisini anlamır. Çünki tədris prosesində ona ingilis, rus mahnısı öyrədirlər. Yaxşı olar ki, insan əvvəlcə öz dilini və mədəniyyətini, sonra da onunla paralel dünyanı öyrənsin. Dünya məktəbinə uşaqlarını gətirən valideynlər bəzən məndən soruşurlar ki, Hamlet müəllim, uşağımızı hansı bölməyə qoysaq yaxşıdı - Azərbaycan, Rus, yoxsa Ingilis? Deyirəm ki, mütləq Azərbaycan bölməsinə qoyun. Çünki Azərbaycan bölməsində ikinci dil ingilis dilidi. Bakıda böyüyən uşaq rus dilini də öyrənəcək. İmkan verin, övladınızda yaxşı bir ruh olsun, cəmiyyət içində, ya da dağlara gedəndə, ya da kitab oxuyanda özünü yaxşı hiss eləsin. Dil öyrənmək problem deyil, amma insan kimi formalaşmaq ağır prosesdi.

- Xəzərdə Azərbaycan dilinin inkişafı üçün nələr edilir?

- Burda çox iş görülür. Hər yerdə olduğu kimi burda da Azərbaycan dili fənni var. Amma biz bu fənni başqa cür qurmuşuq, Azərbaycan dilində gözəl yazmaq öyrədirik. Yazmağın üslubları var: adi dəftərxana dili, qəzet dili, yaradıcı yazı, esse, akademik yazı. Bunların hamısı haqqında məlumat veririk. Bundan əlavə Xəzər yeganə ali məktəbdi ki, Azərbaycan ədəbiyyatı məcburi fəndi. Heç bir ali məktəbdə belə şey yoxdu. Biz bu fənni, uşaqların düşüncəsini və dilini inkişaf etdirmək üçün proqrama daxil eləmişik. Uşaqlar mütləq Nizaminin “Xosrov və Şirin”ini, Fizulinin “Leyli və Məcnun”unu, Axundovun əsərlərini oxuyurlar, Vaqifin şeirlərini əzbərləyirlər, XX əsr ədəbiyyatını, müasir ədəbiyyatı öyrənirlər. O fənni bir dəfə mən özüm demişəm. Bu dərsdə müəllimlərə proqrama əlavələr etmək imkanı yaradılır. Məsələn, Ramiz Rövşənin adı varsa, onun hansı əsərini öyrədəcəyinə müəllim özü qərar verir.

- Bəs Ramiz Rövşəndən sonrakı mərhələ? Ondan sonra da Azərbaycan ədəbiyyatı var axı...

- Ramiz Rövşəndən sonrakı mərhələ o qədər də tədris olunmur. Əvəzində kitab klubumuz var. Müəllimlər gənc şairləri, yazıçıları dəvət eləyirlər, onlarla tanış olurlar. Çünki ədəbiyyat heç vaxt dayanmır. Amma mədəniyyətin bütün sahələri kimi ədəbiyyatın da renessans dövrü olur. Biz indi qısa zamanda yeni Qara Qarayevin, Fikrət Əmirovun yetişəcəyini gözləyə bilmərik, bu mümkün deyil. Ancaq proses də dayanmır. Mən özüm müasir müəlliflərin əksəriyyətini tanıyıram. Çünki bir neçə il ardıcıl keçirilən Milli Kitab Mükafatı müsabəqisində münsiflər heyətinin üzvü olmuşam və bizə gələn son on əsərin onunu da oxumuşam.Onların hər biri haqqında özüm üçün rəy hazırlayırdım: mən bu bədii əsəri hansı meyarlara görə qiymətləndirirəm? Dili, intriqası, süjeti, bədii dəyəri və sair haqqında yazırdım. Bunu ona görə eləyirdim ki, sonra müəllif məndən ona niyə, məsələn, doqquz yox, səkkiz bal verdiyimi soruşanda izahım olsun. Qabiliyyətli, istedadlı yazanlar var. Amma yazıçılıq, şairlik inkişaf tələb edir. Çoxlu adamlar olur ki, gənc yaşlarında parlayırlar, sonra isə sönüb gedirlər. Ya da əksinə. Ona görə də gözləmək lazımdı.

- İki il əvvəl demişdiz ki, Azərbaycan elmi dəhşətli dərəcədə zəifləyib, mədəniyyətin, təhsilin, hətta ziyalılığın zəifləməyinə səbəb elmin zəifləməsidi. Keçən müddət ərzində fikriniz hansı tərəfə dəyişib? Azərbaycan elmində nə baş verir?

- Bəlkə cüzi dəyişikliklər baş verib, amma böyük mənada həmin fikrimdə qalıram. Bir misal çəkim: Tehran Universitetinin bir ildə çap etdirdiyi məqalələrin sayı Azərbaycandakı bütün universitetlərin və Elmlər Akademiyasının bütün alimlərinin çap etdirdiyi məqalələrdən beş dəfə çoxdu. Başqa bir misal: Finlandiyanın əhalisi Azərbaycandan iki dəfə azdı. Azərbaycan beş ildə beynəlxalq jurnallarda, təxminən, 2000-2500 məqalə çap etdirib, Finlandiya 80 000. Xahiş eləyirəm, rəqəmlərə fikir verin, fərqə baxın. Heç müqayisə eləmək mümkün deyil. Bu faciədi.

- Bu nədən irəli gəlir? Dünyada elm inkişaf edir, uçan kometaya cihazlar endirilir. Bu, sanki alimləri inkişafa ruhlandırmalıdı. Amma azərbaycanlı alim dinə meyl edir, mələyin uçma sürətini ölçür...

- Sovet döründə Azərbaycanda elmi məktəblər yaranırdı. Ancaq o dövrdə də xeyli şişirtmələr vardı. Məsələn, Azərbaycanın bütün riyaziyyatçılarını yığsan, Moskva universitetinin bir kafedrası onlardan daha güclü idi. Bunu demək lazımdı. Ancaq yenə də o vaxt insanlar Moskvaya gedirdilər, oxuyub gəlirdilər. Elm adamının bir qədər nüfuzu var idi, maaşı var idi. Ona görə alim olmaq istəyənlər də çox idi. İndi isə elm nüfuzunu itirib. Hərçənd insanların bir hissəsi yenə də “mən alim olum, diplom alım” xülyası ilə yaşayırlar. Buna görə plagiat baş alıb gedir. Mənim tanıdığım bir adam, ortadan aşağı səviyyəli bir alim deyir ki, bir ildə beş adama eyni mövzuda dissertasiya yazır. Hərəsini 5 % dəyişir, adlarını dəyişir, 95 % eyni qalır. Hamısı gedir, müdafiə eləyir. Azərbaycanda alim belə yetişir. Elm isə fanatikləri sevir. Necə ki, bir qız bir oğlandan, bir oğlan bir qızdan ötrü ölür. Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü.Ondan dərin və gözəl heç nə yoxdu.

- Hamlet müəllim, burdan çeynənmiş bir sual yaranır: niyə bizdə belədi?

- Tək bizdə belə deyil. Sovet İttifaqı dağılanda dəyərlər də dəyişdi. Sovet hökuməti insanların ayıbını örtmüşdü. Necə ki qar yağanda hər tərəf dümağ olur və altındakı kələ-kötürləri görmürük, sosializm də qar kimi idi. İnsanların pis xasiyyətlərinə, bəd niyətlərinə üzə çıxmağa imkan vermirdi. Çünki insanları imkan dairəsində işlə təmin eləyirdilər. Maaş alırdın, ev alırdın, səni oxutdururdu, səhiyyə də müəyyən dərəcədə var idi. Buna görə də insanlar həyatlarına qismən qane olurdular. Hökumət incəsənətlə, elmlə məşğul olanları da qiymətləndirirdi. Şairin hər misrasına pul verirdi. Düzdü, o şair də sistemi təbliğ eləyirdi... Amma indi şair kitab çıxartmaq üçün özü pul axtarmalıdı. Bu sistem çökəndə hər şey dəyişdi, viran oldu. Mənim bir amerikalı dostum deyir ki, sovetlər təzə dağılanda gəldim, buranı gördüm və artıq başa düşürəm ki, Roma imperiyası dağılanda vəziyyət necə olub. Yəni sosializm sistemi çökəndən sonra dəyərlər dəyişdi, insanlar acgözləşdi. Bu bir tərəfdən pozitivdi- insanlar daha çox qazanmağa, inkişaf etməyə çalışırlar. Ancaq bizdə mənfi istiqamətdə getdi proses. Dəyərlər- ədalət, humanizm, insaf bir az arxa plana keçdi. Belə yerdə isə elm cücərmir. Lakin ən geridə qalmış cəmiyyətdə, ən böhranlı dövrlərdə belə həmişə parlaq insanlar olub və olacaq.

- Siz Azərbaycanda dünyəvi və demokratik təhsil sistemi ilə fərqlənən bir universitetin rektorusuz. Bu səbəbdən hazırda dünyanın əsas mövzularından biri olan “Şarli Hebdo”ya hücum və karikaturaçıların qətli barədə fikrinizi öyrənmək istəyirəm. Dünyanı bir kənara qoysaq, Azərbaycanda iki münasibət oldu- hadisəni qınayanlar və söz azadlığına təhlükə kimi görənlər. İkinci, günahın karikaturaçılarda olduğunu deyənlər...

- Bu asan deyil. Birinci, onu deyim ki, terror varsa, insan ölürsə, buna heç cür bəraət qazandırmaq olmaz. Biz də hər şeyi görürük, başa düşürük, qınayırıq, amma gedib heç kimi öldürmürük. İnsan öldürmək qorxunc əməldi, ondan dəhşətli cinayət yoxdu. Birmənalı şəkildə! Bu, işin bir tərəfi. Digər tərəfdən bir hadisə baş verəndə mütləq səbəblərini araşdırmaq, təhlil eləmək lazımdı. Belə bir şey niyə baş verdi? Mən düşünürəm ki, söz azadlığı, ümumiyyətlə, azadlıq çox gözəl şeydi. Amma azadlıq “mən hər şeyi edə bilərəm” demək deyil. İnsan- kişi və ya qadın küçədə çılpaq gəzə bilərmi? Halbuki bu da azadlıqdı. Lakin gəzə bilmərik. Çünki yaşadığımız cəmiyyət qarşısında məsuliyyətimiz var. Onun müəyyən dəyərləri var- hətta səhv də olsa, ona qarşı çıxmaq olmaz. Ona görə də kefimiz istəsə belə, küçədə çılpaq gəzmirik. Məsələn, geylər parad keçirirlər. İnsansan, necə istəyirsən, yaşa. Ancaq bunu nümayiş etdirmək nəyə lazımdı? Bununla “mən sizdən yaxşıyam, üstünəm” deyirsən, axı?!

- Niyə məhz, “mən sizdən yaxşıyam”? Sadəcə öz yaşamaq hüququnu tələb etmək kimi baxa bilmərikmi?

- Yaşamaq hüququndan istifadə eləsin. Ancaq çıxıb nümayişkaranə surətdə insanlara meydan oxumaq, qıcıqlandırmaq, təbliğ etmək yaxşı deyil. Mən düşünürəm ki, bu, cəmiyyətə hücum etməkdi və doğru deyil. Ya da məsələn, mən ateistəm. Ancaq bu o demək deyil ki, inanclı bir adama hücum eləməliyəm. Buna ixtiyarım yoxdu. Eləcə də onun mənə hücum eləməyə ixtiyarı yoxdu. Son hadisələrdə də... Əgər onlar Məhəmməd peyğəmbərin karikaturasını çəkməklə milyonlarla insanların özlərini təhqir olunmuş hiss edəcəklərini bilirdilərsə, bunu etməməli idilər. Ola bilsin, belə deyil, ola bilsin, onların heç kimi təhqir etmək fikri yox idi... Ancaq nəticə budu ki, onlar həmin karikaturalarla kimlərisə təhqir etmiş oldular, yəni qisasa əsas verdilər. Ekstremist düşüncəli adamlar onlara öldürməklə cavab verdilər. Baxın, mən təhlil elədim. Birinci onu dedim ki, hər nə olur-olsun, insan öldürmək olmaz. Amma izah eləyirəm ki, bunun səbəbi milyonlarla insanın inancını təhqir eləməkləridi. Qafqazlının anasını söyəndə durub səni öldürəcək, bu onun üçün böyük təhqir hesab olunur. Ruslarda isə ana söyüşü adi sözdü. Ona görə də azərbaycanlının anasına söyməməlisən. Bunu nəzərə almaq pis deyil.

- Bu hadisəyə Aydın Talibzadə “Avropa daha çox birləşdikcə” adlı məqalə ilə münasibət bildirib və orda baş verənlərin alt qatında dayanan səbəblərdən biri kimi Bolonya sistemini göstərib. O, bu sistemin əslində Avropanı birləşdirmək üçün yaradıldığını, digər insanlara, qeyri-avropalıya qarşı rasizmi təbliğ etdiyini bildirir. Doğrudanmı, Bolonya sistemi bu qədər təhlukəlidi?

- Aydın müəllimin birinci fikri ilə tamamilə razıyam: Bolonya sistemi Avropanı birləşdirmək üçündü. Mənim bu barədə çoxlu məqalələrim var. “Azərbaycan Bolonyanı unudub, bu sistemə qoşulmaq lazımdı” deyə hay-küyü bir zamanlar mən qaldırmışdım. O vaxt Avropa Şurası “Country report” adlı bir məruzə istədi- yəni ölkədəki vəziyyətin təhlili. Avropa Şurası üçün o mərüzəni mən hazırlamışdım. Bolonya sistemini imzalamaq üçün də 2005-ci ildə Norveçə Misir Mərdanovla mən getmişdim. O sənədi imzalayırdı, mən də məruzə edirdim. Yəni mən Bolonya sisteminin təbliğatçılarından biriyəm. Bəli, Bolonya Avropanı birləşdirən elementlərdən biridi. Avropa Şurası, Şengen zonası, avro kimi... Ancaq Aydın Talıbzadənin fikirlərinin ikinci hissəsi ilə qətiyyən razı deyiləm. Bolonya sisteminin hədəfi təhsilin keyfiyyətini qaldırmaqdı. Deyir ki, bundan ötrü gücümüzü birləşdirməliyik. Avropanın Bolonyaya qoşulmayan ölkələr üçün də külli miqdarda proqramları vardı və bu gün də var. Avropa bu gün qonşu ölkələrin təhsil sisteminin, mədəniyyətinin inkişafı üçün böyük maliyyələr sərf eləyir. Deyir ki, mənim dəyərlərim - demokratiya, humanizm və s- doğrudu. Qoy, qonşularımın da onlardan xəbəri olsun. Hazırda Azərbaycan həmin proqramlar üzrə xaricə xeyli tələbə göndərir, onlardan bizə tələbələr gəlir. Hamısının pulunu Avropa Şurasının xüsusi komissiyası verir. Bolonya sisteminin rasizmə heç bir dəxli yoxdu. Əksinə, Bolonya sistemi Avropanın digər ölkələrlə münasibətlərinin hamarlaşmasına kömək eləyir.



-Və sonda məni maraqlandıran sual. Universitetin nəzdində animasiya mərkəzi yaradacağınızı demişdiz. Bu layihənin taleyi necə oldu?

- Animasiya mərkəzini yaratmışıq. Hətta ola bilsin, bununla bağlı bir ixtisasın tədrisinə də başlayaq. Yavaş-yavaş bu sahəyə daxil olmaq istəyirik. Dünyanın hər yerində partnyorlarımız olduğundan bu sahəni inkişaf etdirmək üçün lazımi mütəxəssisləri gətirmək imkanımız var. Gərəkli bütün texnikanı almışıq. Prinsipcə, məşğul olmaq istəyən olsa, müraciət edib bizimlə işləyə bilər.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə