Yatağın kəsilişi



Yüklə 12,36 Kb.
tarix02.10.2017
ölçüsü12,36 Kb.
#2558

Yatağın kəsilişi

Strukturların stratiqrafik bölümlərində baş vermiş fasial dəyişmələr haqqında məlumatların alınması neft geologiyasının ən vacib problemlərindən biridir. Bu məsələni həll etmək üçün strukturun müxtəlif sahələrində (nöqtələrində) qazılmış quyuların kəsilişindən əldə edilən geoloji-geofiziki məlumatlar ətraflı öyrənilir.

Belə tədqiqatlar əsasən strukturda aparılan axtarış-kəşfiyyat işləri prosesində və işlənilmənin ilk mərhələsində həyata keçirilir. Məhz bu dövrlərdə qazılan müxtəlif təyinatlı quyuların kəsilişindən götürülmüş süxur nümunələri öyrənilir və geofiziki üsullarla tədqiq olunur: layların stratiqrafik ardıcıllıqla yatımı, onların qalınlığı və litoloji tərkibi, neftli-qazlı layların mövcudluğu və onların yatma şəraiti və s. məlumatlar strukturun geoloji quruluşunun öyrənilməsinə kömək edir. Məhsuldar təbəqələrin isə kollektorluq qabiliyyəti, neftlə-qazla doyma dərəcəsi, fliudlərin fiziki-kimyəvi göstəriciləri, hasilat imkanları hər tərəfli tədqiq olunur ki, bu da həmin strukturun xalq təsərrüfatı baxımından qiymətləndirilməsi ilə nəticələnməlidir.

Q u y u k ə s i l i ş i n i n ö y r ə n i l m ə s i. Keçmiş dövrlərdə qazıma prosesində kəsilişdən tam keyfiyyətli süxur nümunələrinin götürülməsi üçün texniki imkanlar məhdud idi. Bu məqsədlə istifadə edilən müvafiq baltalar, yan süxurgötürən cihazlar çox vaxt kəsilişin gilli hissəsindən nümunənin götürməsini təmin edirdisə, qum fraksiyalı nümunələrin yer səthinə qaldırılmasına nail olmaq isə çətin olurdu: onların qismən və ya tamamilə dağılması baş verirdi. Son nəticədə yatağın kəsilişinin eyni dərəcədə tədqiqi mümkün olmurdu. Lakin müasir dövrdə qazıma prosesində istifadə olunan çox effektli avadanlıqlar süxur nümunələrini fasiləsiz və keyfiyyətli götürülməsini təmin edir ki, bu da strukturların kəsilişinin təsvir edilməsinə imkan verir. Onu da qeyd edək ki, quyulardan fasiləsiz süxur nümunəsinin götürülməsi (xüsusi ilə böyük dərinliklərdə yatan laylardan) və laboratoriyalarda tədqiqi baha başa gələn bir prosesdir. Odur ki, quyu kəsilişinin öyrənilməsində geofiziki üsullarından geniş istifadə edilir. Bu üsulların tədqiqatlara cəlb etmək üçün bir qayda olaraq aşağıdakı ardıcıllıqdan istifadə edilir: əvvəlcə strukturda qazılan ilk quyulardan süxur nümunələri (kern) götürülür və tədqiq olunur. Sonra həmin quyularda geofiziki tədqiqat üsulları vasitəsilə də kompleks tədqiqatlar aparılır. Hər iki üsulla alınan ölçü qiymətləri xüsusi cədvəllərdə əks etdirilir. Onların müqayisəsi vasitəsilə bütün lay parametrlərinin (məsələn, məsaməliyin) geofiziki qiyməti təyin edilir. Bu isə həmin strukturda sonralar qazılan quyularda süxur nümunələri götürülmədən belə onun kəsilişində rast gələn bütün layların parametrlərinin yalnız geofiziki tədqiqatlarla öyrənilməsini təmin edir.

Beləliklə, quyuların qazılması prosesindən kompleks geoloji-geofiziki üsullarla əldə edilmiş lay parametrlərinin qiymətləri müvafiq cədvəl və xəritələrdə göstərilir ki, bu da strukturun müxtəlif hissələrində (nöqtələrində) kəsilişi öyrənməyə kömək edir. Bu məlumatların ümumiləşdirilməsi isə strukturun daxili quruluşunun müəyyən ehtimallıqla təsvirini təmin edir.

Yuxarıda qeyd edildiyi kimi, quyu kəsilişlərinin öyrənilməsində geofiziki üsulların imkanları artmaqdadır. Odur ki, tələbələr bu sahəyə həsr edilmiş xüsusi kursu öyrənirlər. Bununla əlaqədar hazırkı dərslikdə quyuların geofiziki tədqiqatları haqqında yalnız qısa məlumatların verilməsi məqsədə uyğun sayılmışdır.

Beləliklə, neft yataqlarının tədqiqində istifadə edilən əsas müasir geofiziki üsullar haqqında məlumatlar aşağıda verilir.

1. Elektrik karotajı (fərz olunan xüsusi müqavimət və quyu potensialı üsulları: yan karotaj zondlama üsulu, yan karotaj üsulu, induksiya karotajı).

2. Radioaktiv karotajı (qamma karotaj üsulu, qamma–qamma karotaj üsulu, neytron karotaj üsulu, neytron-qamma karotaj üsulu, impuls neytron karotaj üsulu və s.).

3. Akustik karotaj (sürətə görə akustik karotaj, sönməyə görə akustik karotaj və s.).

4. Termometriya üsulu.

5. Kavernometriya, inklinometriya.

6. Qaz karotajı.

7. Debitometriya (sərf ölçən).



ƏDƏBİYYAT
B.Ə.Bağırov- Neft-qaz mədən geologiyası- bakı-2011
Yüklə 12,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə