Yazı manerasmdakı sadəlik, şairanəlik və xalq ruhu mənə bir oxucu, bir yazıçı kimi xoş gəlir, hiss edirəm ki, o



Yüklə 259,81 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü259,81 Kb.
#73589
növüYazı


YOLDAŞLIQ SOHBƏTI 

(İsa Hüseynovun hekayaləri haqqında) 

İsa  Hüseynovun  əsərlərini  həmişə  maraqla  oxuyur  və  izləyirəm.  Onun  yazı  manerasmdakı 

sadəlik,  şairanəlik  və  xalq  ruhu  mənə  bir  oxucu,  bir  yazıçı  kimi  xoş  gəlir,  hiss  edirəm  ki,  o 

yazarkən  çətinlik  çəkmir,  özünü  yormur,  hadisələrin  təbii  axını  ilə  gedərək,  həyatdakı  mühüm 

cəhətləri,  xüsusiyyətləri  nəzərdən  qaçırmır.  Hiss  olunur  ki,  o,  insan  əhvali-ruhiyyəsinə, 

münasibətlərinə  dərindən  nüfiız  etmək,  onları  bir  yazıçı  kimi  açıb  gostərmək  istəyir.  O,  öz 

qəhrəmanlarını yaxşı bildiyi, yaxşı tanıyıb duyduğu kənd həyatından seçir və təsvir edir. 

«Başa  düşə  bilmirəm»  adlı  hekayəsindəki  Xədicəni  misal  göstərmək  istəyirəm.  Kəndli  qızı 

Xədicə  orta  məktəbi  bitirəndən  sonra  ali  məktəbə  girmək  üçün  şəhərə,  yeganə  qardaşı 

Mustafanın  evinə  gəlməsini,  birinci  görüşdə  qardaşı  arvadı  Minanın  və  onun  «hacıleylək  kimi 

caydaq, kürəyiçıxıq» dayısı oğlunun bağışladığı təsiri, gərgin imtahan saatlarını, sonra Minanın 

ucundan tədriclə qardaşından inciyib kəndə qayıtmasını elə təbii, elə təsirli bir dil ilə nağıl edir 

ki, keçirdiyi psixoloji anları elə sərrast ifadə edir ki,  bilaixtiyar müəllifin istedadına sevinirsən. 

Xədicənin  danışığında,  hərəkətlərində  qeyri-təbii,  süni  heç  nə  görmürsən.  Bir  anlığa  müəllifı 

unudursan.  Xədicənin  səmimiyyəti,  ənənəvi  saflığı,  sədaqəti  -  onun  nəcib,  fədakar  qəlbi  səni 

mütəəssir edir. 

Xədicə,  hər  dərdə  dözən,  sevdiyi  oğlunun,  qardaşının,  ərinin  yolunda  hər  əziyyətə, 

məhrumiyyətə  hazır  olan  azərbaycanlı  anaların  xələfidir.  Onun  gələcəkdə  ləyaqətli  bir  ana 

olacağına şübhə yoxdur. 

«İnciklik»  hekayəsindəki  Qəndəf  də  belədir.  Azərbaycanlı  analarda  əsrlərdən  bəri  davam  edib 

gələn,  təbii  bir  xüsusiyyəti  -  mərdliyi,  saflığı,  həssaslığı,  halal  zəhməti  ilə  dolanmağı, 

gözütoxluğu Qəndəfdə də görürük. 

Böyük Vətən müharibəsi qəhrəmanı Əsəd Qəndəfi sevirdi. Əsəd kimi «gözəl, əqilli» bir oğlana 

getmədiyi  üçün  tay-tuşları  Qəndəi  məzəmmət  edirdi.  Lakin  bir  gün  qız  öz  sirrini  rəfıqəsi 

Nazpəriyə açdı 

«-  Əsəd  yaxşı  adamdır,  ay  Nazpəri,  -  dedi,  -  ancaq  mən  hələ  Əsəd  gəlməmişdən  ayrısına  söz 

vermişəm... Əjdərin oğlu Qurbana... 

- Qurban kobudun biridir, ay qız, onun nəyinə söz vermisən?  - deyə Nazpəri özünəməxsus açıq 

ürəklə rəfiqəsini fikrindən daşındırmaq istədi...» 

Lakin Qəndəf söz vermişdir və bundan peşman da deyil. Qəndəf sevdiyi oğlana gedir... Uşaqları 

olur. Günlərin birində Qurbanın dayısını kolxoz sədri seçirlər. Stolbaz və xəbis bir adam olan bu 

dayı  isə,  Böyük  Vətən  müharibəsi  Qəhrəmanı  Əsədin  gələcəkdə  onun  yerini  tuta  biləcəyindən 

qorxaraq,  onu  briqadirlikdən  çıxarıb,  əvəzinə  bacısı  oğlu  Qurbanı  təyin  edir  və  beləliklə, 

Qurbanın  əsl  xarakteri  meydana  çıxmağa  başlayır.  Yeni  vəzifəyə  keçən  kimi  o,  sevinərək  evə 

gəlir.  Əsədin  haqsız  yerə  işdən  çıxarılıb,  yerinə  ərinin  təyin  olunmasını  öyrənən  Qəndəf  bunu 

nifrətəlayiq bir hərəkət kimi pisləyir. Bir zamanlar gözəlliyi, boy-buxunu ilə fəxr etdiyi Qurbana 

qarşı gənc qadında dərin bir nifrət əmələ gəlir. O, ərindən qəlbən, ruhən inciyir və bu, hekayədə 

aydın, təbii boyalarla təsvir olunur. 

«Cığırlar»  hekayəsindəki  Sevər  də  məhəbbət  bağladığı  oğlandan  cəsarət  və  mərdlik  uman, 

maymaqlığa  nifrət edən, kəskin  və qəti hərəkətləri  xoşlayan tipik  bir azərbaycanlı qızıdır. Yeri 

gəlmişkən qeyd edək ki, kolorit verə bilmək bacarığı İsa Hüseynovun qadın surətlərində xüsusilə 

özünü  göstərir.  Onun  təsvir  etdiyi  kənd  qızları,  qadınları  bütün  ruhu  ilə,  bütün  təbii 

xüsusiyyətləri ilə azərbaycanlıdırlar. 

İsa  Hüseynov  öz  qəhrəmanlarını,  onların  hərəkət  və  əhvali-ruhiyyələrini  yerli  şəraitlə,  ətraf 

mühitlə  canlı  əlaqədə  verir:  «Yaxınlıqda  molotilka  işləyirdi.  Artıq  güneylilər  arpa  döyümünə 

başlamışdılar.  Geniş  xırmanda  çoxlu  adam  qaynaşırdı.  Havanı  kövşən  iyi  doldurmuşdu. 

Xırmanın  ortasındakı  hündür  dirəyin  başında  parlayan  elektrik  Iampası  yaba  ilə  molotilkanın 

üstünə  dərz  qaldıran  kolxozçuların  tərli  çöhrələrini  aydınlaşdırmışdı.  Lampanın  işığı  Qiyasla 

Sevərə  qədər  gəlib  çatırdı.  Qiyas  qızın  iri  gözlərində  onun  heç  zaman  görmək  istəmədiyi  bir 

ifadəni aydınca seçirdi» və sairə... 




İsanın  əsərlərində  xoşa  gələn  cəhətlərdən  biri  də  gözəl,  şairanə  təbiət  təsvirləridir.  O,  təbiəti 

duyur.  Fırtınalı  qaranlıq  meşənin  ildırım  parıltılarındakı  ani  görünüşünü,  qıjıltı  ilə  axan  dağ 

çayının  hiddətini  həssas  bir sənətkar ruhu  ilə  ifadə edə bilir. Budur, o, meşədə gecəyə düşmüş 

Qiyasla  Sevərin  ətrafında  baş  verən  təbiət  hadisələrini  təsvir  edərək  yazır:  «...  Lap  qəribə  idi: 

şərqdə də, şimalda da - mavi dərinliklərdə saysız-hesabsız ulduzlar sayrışırdı. Hər yan açıq idi. 

Yalnız ortada kiçik qara bir ləkə var idi. 

Lakin qəfildən hər şey dəyişdi. Külək qalxdı. Ağaclar sağa-sola çırpınmağa başladı. Bayaqkı sirli 

pıçıltı dəhşətli  bir uğultu  ilə əvəz olundu. Güney dağının  zirvəsindəki  bulud qalaqları  bir  neçə 

dəqiqənin  içində  karvan-karvan  axışıb  gəldi,  əvvəlki  xırda  damcılar  get-gedə  iriləşdi,  sıxlaşdı, 

sel-su meşəni bürüdü... Elə bir zülmət çökdü ki, gənclər bir-birini görə bilmədilər...» 

Müəllif  bu  mənzərə  ilə  əlaqədar  olaraq,  qəhrəmanlarının  müəyyən  hərəkətlərini  göstərdikdən 

sonra  fırtınanın  təsvirini  davam  etdirir:  «...  Güney  dağının  zirvəsində  ildırım  çaxdı.  Gurultu 

aləmi bürüdü. Ani işıqda ağacların qara, qorxunc kölgələri görünüb yenidən qaranlığa qərq oldu. 

Qiyas meşənin hansı yerində olduqlarını təyin edə bümirdi.» 

İsa Hüseynov təbiət təsvirlərini həmişə qəhrəmanların psixoloji vəziyyəti ilə təbii əlaqədə verir. 

Lakin  yaradıcılığında  belə  gözəl,  ümid  verən  cəhətlər  olan  İsa  Hüseynov  bəzən  tələsir,  üzdən 

gedir, bəzən ciddi bədii qüsurlara yol verir. 

İsa Hüseynov, povestlerində olduğu kimi, hekayələrində də çox zaman mətləbi uzadır, lüzumsuz 

təfərrüata uyur və bəzi hallarda isə, əsas məsələyə heç dəxli olmayan şeyləri təsvir edir. Bu qüsur 

onun «Cığırlar», «İki ovçu» kimi hekayələrində vardır. 

Son dövrdə nəsrimizdə ən ciddi bir nöqsan kiıni meydana çıxan bu uzunçuluqla kəskin mübarizə 

aparmaq  lazımdır.  Biz  aydın,  qısa  və  yığcam  yazmaqda,  sözə  qənaət  eləməkdə  nə  üçün 

Haqverdiyevin,  Mirzə  Cəlilin,  Süleyman  Saninin  və  eləcə  də  dünya  klassiklərinin  ölməz 

ənənələrini unuduruq? 

Dövrümüzun  pafosu,  sürəti,  bizdən  istər  roman  olsun,  istərsə  povest  və  ya  hekayə,  qısa  və 

yığcam yazmağı, uzunçuluğa yol verməməyi,  mətləbi çeynəyib çürütməməyi, psixoloji təhlillər 

üçün,  təbiət  təsvirləri  üçün  yeni  ədəbi  vasitələr,  yeni  maneralar  axtarıb  tapmağı  tarixi  bir 

zəruriyyət kimi tələb edir. 

Bunun  üçün  bizim  qarşımızda  Turgenev,  Qoqol  və  Çexov  kimi,  Mirzə  Cəlil  kimi  gözəl 

nümunələr vardır. Əlbəttə, yığcam və qısa yazmaq yazıçıdan istedadla bərabər, dərin sənətkarlıq 

da tələb edir. 

İsa  Hüseynovun  hekayələrindəki  qüsurlardan  biri  də  bəzən  əsas  surətlərin  statik  verilməsidir. 

Belələri  əsərə  necə  daxil  olmuşlarsa,  eləcə  də  çıxırlar.  Onlarda  hadisələrin  gedişilə  əlaqədar 

olaraq  heç  bir  daxili  inkişaf  hiss  edilmir.  Onların  əhvali-ruhiyyəsində,  xarakterlərində  heç  bir 

təbəddülat  baş  vermir.  «Cığırlar»  hekayəsindəki  Qiyas  buna  tipik  misal  ola  bilər.  Qiyas  Sevər 

adlı qızı  sevir. Lakin əvvəldən axıra qədər bu  barədə ona bir kəlmə də söz deyə bilmir. Hətta, 

gecə meşədə yağışdan qorunmaq üçün Qiyas Sevərlə birlikdə ağacın dar koğuşunda daldalanmalı 

olurlar.  Lakin  oğlanın  lal  sevgisi  yenə  dilə  gəlmir  ki,  gəlmir.  Maraqlı  bir  surət  olan  Sevər  nə 

qədər eyham vurur, çalışırsa da gənc aşiqdən heç bir hərəkət görmür və çox haqlı olaraq ondan 

üz  döndərir.  Müəllif  deyə  bilər  ki,  mən  Qiyası  elə  qəsdən  o  cür  utancaq  və  cəsarətsiz  vermək 

istəmişəm. Ola bilər. Lakin, bəs, onda bu hekayənin qayəsi nədən ibarətdir? Müəllif aşiqləri öz 

məhəbbətini cəsarətlə açıb söyləməməyəmi çağırmaq istəmişdir? 

Əgər, belə isə, bu, indiki dövr üçün də səciyyəvi deyil. Çünki indinin gənci otuz-qırx il bundan 

qabağın  gənci  deyil.  İndi  oğlanlar,  qızlar  öz  hisslərini  bir-birilərinə  bəyan  etməkdə  o  qədər  də 

çətinlik  çəkmirlər.  Digər  tərəfdən,  əgər,  Qiyas  normal  bir  adam  isə  (o  tamamilə  normal  bir 

gəncdir), əgər, qızı  həqiqi, canlı  bir ehtirasla  sevirsə, o zaman  hər gün görüşdüyü,  hər gün  bir 

yerdə  yol  yoldaşı  olduğu  Sevərə  qarşı  bu  dərəcədə  cəsarətsiz,  bu  dərəcədə  maymaq  hərəkət 

etməzdi. 

Bir də, axı, qız bu oğlanın nəyinə aşiq olmuşdu? Onda sevilməyə layiq kiçik bir cəhət də olsa, 

bizə məlum deyil. 




Biz Qiyası əvvəlcə Sevərə necə utancaq, necə küt bir hiss və hərəkətlə yanaşan görmüşdüksə, o, 

hekayədən eləcə də çıxır. Onun qəlbində, sevgisində, xarakterində  heç  nə dəyişmir, biz də  heç 

nədən mütəəssir olmuruq. 

Müəllif Qiyasımı təqsirləndirir? (Nədə təqsirləndirir?) Sevərimi təqsirləndirir? Bunların hansında 

nə  kimi  nöqsan  görür?  Nə  kimi  ciddi  ictimai  məsələyə  toxunur?  Məlum  deyil.  Çünki  müəllif 

oxucuya  nə  deyəcəyini,  onu  nədən  çəkindirib,  nəyə  təhrik  edəcəyini  özü  üçün 

aydınlaşdırmamışdır. 

Eyni halı İsa Hüseynovun «Əmi qızı» adlı son hekayəsində də görürük. Hekayə gənc Əsmərin 

yuxusu  ilə  başlayır.  Qız  yuxuda  görür  ki,  əmisi  oğlu  ilə  birlikdə  çayda  çimir.  Birdən  su  onu 

burulğana  salaraq  batırmaq  istəyir.  Əmisi  oğlu  Əsməri  xilas  etməyə  çalışır,  lakin  bacarmır  və 

sairə... Əsmər  bu qorxulu  yuxudan  oyanandan sonra əmisi oğlu  haqqında düşünməyə  başlayır. 

Keçmişlərdə, uşaqlıqda həmişə əmisi oğlu zarafatla ona deyərdi ki, «əmi qızı, kaş  sənin başına 

bir  xəta  gələydi,  mən  də  səni  qurtaraydım...  Bəlkə  ondan  sonra  mənim  qədir-qiymətimi 

bilərdin...» 

Əsmər  bu  sözləri  xatırlayaraq,  əmisi  oğlunun  onu  sevdiyini  yalnız  indi  dərk  etməyə  başlayır 

(halbuki  o  sözlərin  deyilməsindən  çox  illər  keçir  və  bu  uzun  müddətdə  əmioğlu  ilə  əmiqızı 

həmişə bir-birilərini görürlər!) 

Lakin,  Əsmər,  onu  suda  boğulmaqdan  xilas  etmiş  başqa  bir  oğlana  ərə  gedibdir  (kiçik  bir 

hekayədə neçə dəfə suda boğulmaq məsələsi ola bilər?!), özü də ərini sevir. Əmisi oğlunu isə, o, 

ancaq yaxın, əziz bir qardaş kimi istəyir. 

Çarpayıda  uzanmış  gənc  qadın  bu  əhvali-ruhiyyədə  ikən  birdən  əmisi  oğlunu  başı  üzərində 

dayanmış  görür.  (O,  haradan  gəlib  çıxdı?  Yoxsa,  Əsmər  gecə  qapını  açıq  qoyub  yatmışdı?) 

«Əmisi  oğlunun  həzin  titrək  səsi  onu  diksindirdi:  -  İcazə  ver,  əlini  sıxım,  əmiqızı.  Rayona 

gedirəm, təzə işə. Gəldim səninlə görüşüm...» 

Beləliklə,  əmisi  oğlu  öz  nakam  məhəbbəti  ilə  çıxıb  gedir,  hekayə  isə,  bu  sözlərlə  qurtarır: 

«Əsmər  boş  şəkil  yerinə  baxdı  (şəkli  əmisi  oğlu  xəlvətcə  götürmüşdü  -l.Ə.)  və  birdən  əllərini 

üzünə  qapayıb  döşəndi,  ən  əziz,  ən  sevimli  bir  adamı  əbədi  itirdiyinə  görə  hönkürdü...»  Elə 

buradaca meydana bir sual çıxır: Əsmər əmisi oğlunu nə üçün əbədi olaraq itirir? Məgər, o, əmisi 

oğlunu yenə də bir qardaş kimi sevə bilməzmi? 

«Cığırlar»  haqqındakı  sualı  burada  da  təkrar  etmək  olar:  hekayənin  qayəsi  nədir?  O,  nə  kimi 

ideya daşıyır? Burada hansı xarakter açılır? İnsan qəlbinin, insan əhvali-ruhiyyəsinin bizə məlum 

olmayan  hansı  cəhəti  meydana  çıxır?  Əlbəttə,  bu  suallara  cavab  vermək  çətindir.  Əmioğlu  da 

«Cığırlar»dakı Qiyas kimi hekayədə əvvəlcə necə görünmüşdüsə, eləcə də qeyb olur. Biz onun 

təbiətində, ruhi aləmində heç bir dəyişiklik, heç bir hərəkət və inkişaf hiss etmirik. Əmi qızının 

da duyğuları bizim üçün bir müəmma olaraq qahr. Onun sevimli əri, bir dəfə də olsun, hekayədə 

görünmür. Halbuki buna zəruriyyət hiss edilir. Əhvalat elə qurulmuşdur ki, müəllifm «Əsmər öz 

ərini sevirdi» deməsi oxucunu kifayətləndirmir. 

Əsmərin əsl təbiəti, ruhi aləmi örtülü qalmışdır. Buna görə də, onun xarakteri haqqında bir söz 

söyləmək çətindir. İsa Hüseynovun müsbət qəhrəmanları bəzən həddindən artıq fağırlıq, dilsiz-

ağılsızlıq göstərirlər, Bu hal isə, oxucımun əsəblərinə toxunur. Məsələn, «İnciklik» hekayəsində 

kolxoz sədri Böyük Vətən müharibəsinin qəhrəmanı Əsədi haqsız olaraq briqadirlikdən çıxarıb, 

onun yerinə öz bacısı oğlunu qoyur. Əsəd bu vicdansız hərəkətə qarşı etiraz edirmi? Belə çıxır 

ki, Əsəd cahil, karyerist bir adamın haqsız hərəkətinə boyun əyərək çıxıb getmişdir. 

Bu  cür  hallar  dövrümüzün  mübariz  ruhlu  gəncləri  üçün  səciyyəvi  deyildir.  Yazıçılıqda 

novatorluq yeni yazı manerası və başqa cəhətlərlə bərabər, eyni zamanda, yeni insan xarakterleri 

kəşf  etmək  deməkdir.  Bu  nöqteyi-nəzərdən  İsanın  əsərlərində  bir  yeknəsəklik  nəzərə  çarpır. 

Xüsusilə  onun  müsbət  qəhrəmanları  çox  zaman  təbiət,  ruh  etibarilə  bir-birilərinə  oxşayır,  bir-

birilərini  xatırladırlar;  Qiyas,  Əmioğlu,  Xədicə,  hətta,  «Yanar  ürək»  povestinin  qəhrəmanı 

Səməd... 

Arzu edirik ki, İsa öz hekayələri üzərində daha diqqətlə işləsin, tələsməsin, oxucuya nə deyəcəyi 

barədə  dərindən  düşünsün,  ideyanın  aydın  və  dürüst  çıxmasına  çalışsın,  surətlər  qalereyasını 



getdikcə  genişləndirsin,  öz  yaradıcılıq  imkanlarından  səməreli  istifadə  etsin,  hekayəni  ictimai 

mənası olmayan, xırda, sentimental təfərrüat üzərində qurmaqdan çəkinsin. 



«Ədəbiyyat və incəsənət» qəzeti, 3 avqust 1957-ciil 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 259,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə