Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə43/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

177 
 
Homerin həyat və fəaliyyətini tədqiq və təbliğ edən xüsu-
si  şərhçilər  qrupu  da  formalaşır  ki,  bunları  da  Aristotel 
“qədim  homerçilər”  adlandırırdı.  Tərkibinə  bir  çox  filo-
sofları  (Anaksaqor,  Pifaqor,  Demokrit  və  b.)  daxil  edən 
bu “homerçilər” qrupunu həm ədəbi-tənqid, həm də ədə-
biyyat tarixi ilə  məşğul olan ayrıca cərəyan kimi də nə-
zərdən  keçirmək  mümkündür.  Hətta  onların  ən  məşhur 
nümayəndələrindən  biri  olan  Demokritin  poetik  yaradı-
cılıq və üslubiyyata dair yazdığı traktatlarından (“Poezi-
ya haqqında”, “Sözün gözəlliyi haqqında”, “Sözlər haqqın-
da”, “Homer haqqında”) bir sıra parçalar qorunub saxlan-
mışdır.  Əsərlərin  adlarından  da  aydın  göründüyü  kimi, 
antik filosoflar ədəbiyyatşünaslığın demək olar bütün sa-
hələrinə  dair  fikirlərini  söyləməkdən  çəkinmir,  ədəbiy-
yatşünaslığı ümumilikdə fəlsəfənin mühüm tərkib hissəsi 
kimi nəzərdən keçirirdilər.  
Klassik  dövrün  ədəbiyyatşünaslıq  tarixində  son  bö-
yük  nailiyyətlər  yunan  fəlsəfəsinin  iki  görkəmli  nüma-
yəndəsi  –  Platon  və  Aristotelin  adları  ilə  bağlıdır.  Plato-
nun  sırf  estetika  prinsiplərinə,  ədəbi-nəzəri  norma  və 
qaydalara dair əsəri yoxdur. Lakin IV əsrdə hər hansı el-
mi biliyin ən başlıca ifadə forması fəlsəfi dialoq olduğuna 
görə, Platonun bir sıra dialoqlarında (“Fedr”, “İon”, “Döv-
lət”, “Qanunlar”, “Qorgi”, “Kratil”, “Protaqor”, “Pir” və d.) 
ədəbiyyatşünaslıq  fikirlərinə  rast  gəlmək  mümkündür. 
Filosofun  bu  sahəyə  aid  söylədiyi  bütün  düşüncələri 
onun ümumi idealist  fəlsəfi konsepsiyasına uyğun  gəlir-
di. Platona görə, maddi dünya ideyalar aləminin – həqiqi 


178 
 
və əbədi dünyanın sönük inikası olduğundan, belə maddi 
dünyanın  özünü  “təqlid”  etmək  “həqiqət”dən  daha  da 
uzaqlaşmaq deməkdir. Həqiqətə yaxınlaşdıran yeganə in-
san fəaliyyəti isə fəlsəfədir. “Təqlid” sənəti həm də insan-
ların  tərbiyəsinə  və  dövlətin  ümumi  nizam-intizamına 
ciddi xələl gətirir. Faciə və komediyalarda yalnız gözəllik 
deyil,  eyni  zamanda  eybəcərlik,  qəddarlıq,  yalan,  çılğın 
ehtiraslar nümayiş etdirilir ki, bunlar da ideal dövlət da-
xilində yolverilməzdir. Homerin “alleqorik” şərh üslubu-
nu  Platon  qəbul  etmir  və  ona  görə  də  Homeri  öz  ideal 
dövlətindən  kənarda  saxlayırdı.  Platon  antik  dünyada 
Homer irsinə tənqidi münasibət bəsləyən ən böyük filo-
sof olmuşdur. Onun dialoqlarında ən müxtəlif ədəbi-tən-
qidi və estetik prinsiplər, ədəbiyyat tarixinə dair məsələ-
lər əksini tapmışdır. Filosof əsərlərində poeziyanın təsni-
fatına, ədəbiyyatın estetik təsir gücünə, bədii ilhamın xa-
rakteri  və  mənbəyi  məsələlərinə  toxunmuş,  Homer  və 
Hesioddan tutmuş, öz dövrünə qədər çox sayda şairlərin 
yaradıcılığını təhlil etmiş, onlardan ayrı-ayrı sitatlar gəti-
rərək qiymətli şərhlər vermişdir. 
Ellinizməqədərki  estetika  və  ədəbiyyatşünaslıq  tari-
xinin mərkəzi siması isə, əlbəttə, Aristoteldir. Ədəbiyyata 
dair düşüncələrini filosof iki böyük traktatında – dövrü-
müzə qədər tam gəlib çatmayan “Poetika” və tamamlan-
mış  “Ritorika”  traktatlarında  cəmləmişdir.  Aristotel  də 
Platon kimi, bədii ədəbiyyata “təqlid” sənəti kimi yanaşır, 
lakin ondan fərqli olaraq, ədəbiyyatı həqiqətdən uzaqlaş-
dıran  yox,  ona  yaxınlaşdıran  sənət  hesab  edirdi.
 
“Poeti-


179 
 
ka”da təhlilə cəlb edilən başlıca problemlərdən biri məhz 
sənətin  gerçəkliyə  münasibəti  məsələsidir.
 
  Ədəbiyyat 
real  mövcud  olan  dünyanın  təqlidi  olduğu  üçün  idraki 
əhəmiyyəti  əvəzsizdir.  Eyni  zamanda,  tərbiyə  məsələlə-
rində onun qədər xeyrli fəaliyyət sahəsi tapmaq çətindir. 
Sənətin  ayrı-ayrı  növləri  isə  təqlidin  müxtəlif  üsullarla 
baş  verməsindən meydana  gəlir. Ədəbiyyatın emosional 
təsir gücündən danışarkən, Aristotel bədii əsərin qurulu-
şunu xüsusilə əhəmiyyətli hesab edirdi: hər əsər bir-biri-
nə həcmcə uyğun gələn hissələrin cəmindən təşkil olun-
malıdır və bu cəmlənmiş əsərin ümumi həcmi oxucunun, 
yaxud tamaşaçının rahat şəkildə qavraya biləcəyi həcm-
dən  böyük  olmamalıdır.  Aristotel  bədii  əsərdən  alınmış 
mənəvi həzz hissini sıx şəkildə əsərin tərbiyəvi əhəmiy-
yəti ilə əlaqələndirir və qeyd edirdi ki, əsərin hər bir həzz 
verən cəhəti eyni zamanda onun tərbiyəvi cəhəti olmalı-
dır (“Katarsis” nəzəriyyəsi). Filosofun ədəbiyyatşünaslıq 
elminə verdiyi töhfələrdən biri də termin yaradıcılığı sa-
həsi  idi.  Məs.,  “poetika”nı  o,  yalnız  nəzm  əsərlərinin  nə-
zəri norma və qaydaları kimi deyil, bütün bədii yaradıcı-
lığın nəzəriyyəsini bildirən termin kimi işlətmişdir.  
Aristotel “Poetika”sının bizə gəlib çatan hissələrində 
estetikanın ümumi prinsipləri ilə yanaşı, epos və faciənin 
konkret nəzəri normaları haqqında da geniş məlumatlar 
verilmiş  (“Poetika”nın  saxlanmamış  digər  iki  hissəsi 
lirikaya və komediyaya həsr olunmuşdu), eposun ən bö-
yük  nümayəndəsi  kimi  Homerin  nüfuzu  bərpa  edilmiş, 
faciədə isə daha çox Sofokl diqqət mərkəzinə çəkilmişdir. 


180 
 
Bununla yanaşı, Aristotel Evripidin yaradıcılığını da yük-
sək qiymətləndirmiş, onu “ən faciəvi şair” adlandırmışdı. 
Evripidə  qarşı  amansız  tənqidlərin  səsləndiyi  dövrdə 
onun yaradıcılığını yüksək qiymətləndirmək filosofun cə-
sarətindən  və  ədəbiyyatda  daim  yenilik  tərəfdarı  olma-
sından xəbər verirdi. Aristotelin ədəbi-tənqidi irsi bütün 
dövrlərin  ədəbiyyatşünasları,  estetik-filosofları,  həmçi-
nin digər elm sahələri (folklorçular, dilçilər və s.) ilə məş-
ğul  olanlar  üçün  zəngin  bilik  mənbəyi  olmuş,  “Poeti-
ka”nın  normaları  hətta  Yeni  dövrdə  belə  uzun  müddət 
dəyişməz  qanunlar  kimi  qəbul  edilmişdi.
 
Filosofun  öz 
dövründə isə alimin bir çox davamçıları meydana gəlmiş-
di ki, onlar da sonradan yeni fəlsəfi cərəyanı – peripate-
tiklər  cərəyanını  yaratmışlar.  Feofrast  (e.ə.  371-286), 
Messenli  Dikearx  (e.ə.  347-287),  Aristoksen  (təqr.  e.ə. 
354-cü  ildə  anadan  olmuşdur),  Hameleont  (e.ə.  IV  əsrin 
sonu), Rodoslu İronim, Praksifan və b. alimlər əsərlərin-
də Aristotel kimi sırf fəlsəfi məsələlərlə yanaşı, ədəbiyya-
ta dair fikirlərini də bildirirdilər. Ona görə qədim yunan 
ədəbiyyatşünaslıq  tarixinin  birinci  –  “klassik”  dövrünü 
başa  çatdıran  bu  fəlsəfi  cərəyanı  biz  eyni  zamanda  ədə-
biyyatşünaslıq cərəyanı kimi də nəzərdən keçirə bilərik. 
Ikinci  mərhələ  Ellinizm  dövrünü  əhatə  edir.  Bu 
dövrün  filoloji  tədqiqatlarını    fərqləndirən  əsas  əlamət 
onların  sırf  peşəkar  filoloq-alimlər  tərəfindən  yazılması 
idi.  Ellinizm  dünyasının  mədəni  mərkəzinə  çevrilən  İs-
kəndəriyyə şəhəri o dövrün alimləri, o cümlədən filoloq-
ları üçün tədqiqat mərkəzinə çevrilmişdi. Belə ki, burada 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə