Yazıçısı Mitsuko Takaxasi 1965-ci ildə "Bunqakkay" ("Ədəbi aləm") jurnalının xüsusi mükafatına layiq görülüb. Mən ilk dəfə 1979-cu ildə "



Yüklə 194,92 Kb.
səhifə1/2
tarix20.10.2017
ölçüsü194,92 Kb.
#5924
növüYazı
  1   2

Hörmətli oxucular!

Sizə təqdim edilən “Kəpənək mövsümü” novellasına görə tanınmış Yapon yazıçısı Mitsuko Takaxasi 1965-ci ildə “Bunqakkay” (“Ədəbi aləm”) jurnalının xüsusi mükafatına layiq görülüb. Mən ilk dəfə 1979-cu ildə “Yapon novellası” adlı topluda bu gözəl əsərlə tanış olduqdan sonra onu Azərbaycan dilində səsləndirməyi qərara aldım. Təbii ki, qeyri-adi dərəcədə orijinal Yapon təfəkkürü ilə yazılmış novellanın mövzusu, məzmunu və yazı manerası o dövrkü yerli ədəbi makulatura bolluğunda kəskin fərqləndiyindən tərcüməni tez bir zamanda bitirib “Azərbaycan” jurnalına təqdim etdim. Redaksiyada əlyazmamı tərcümə şöbəsinin müdiri, görkəmli tərcüməçi-publisist, həssas qəlbli ziyalı Natiq Səfərov (Ruhu şad olsun!) qəbul etdi və tanış olduqdan sonra özünün müsbət rəyi ilə tezliklə çapa imzaladı. Və 1980-ci ildə “Azərbaycan” jurnalının 2-ci sayında işıq üzü görən “Kəpənək mövsümü” ədəbi-mədəni ictimaiyyətin diqqətini çəkdi, xüsusən sovet ədəbiyyatının ənənəvi “klassik nümunələrindən” bezən gənclər arasında geniş yayıldı.

“Kəpənək mövsümü”nün bu günkü oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alıb, ilk gənclik illərimin əziz xatirəsi olan həmin tərcüməni hörmətli oxuculara təqdim edirəm.



Akif ƏLİ,

yazıçı-publisist

***

Mitsuko Takaxasi

(Yaponiya)

---------------------------


KƏPƏNƏK MÖVSÜMÜ

(povest)
...Cənab Nakamuranın arvadı birdən-birə kəpənəyə dönmüşdü.

Əlbəttə, dili dinc durmayanlar danışırdılar ki, guya bunlar boş söhbətlərdi, arvad ərinin əlindən baş götürüb harasa qaçıb, vəssalam, amma Nakamura özü başqa şey söyləyirdi və mən ona daha çox inanırdım.

Səhər o başdan kişi yuxudan oyanıb görür ki, arvadı yanında yoxdur, yorğan-döşəyin içində isə təkcə ipək gecə köynəyi qalıb. O, həyəcana düşüb arvadını səsləyir, elə bu vaxt mətbəx tərəfdən bir kəpənək uça-uça gəlib qonur düz onun sinəsinə, başlayır nazla qanadlarını yelləməyə. Bu kəpənək sən demə Nakamuranın arvadıymış. Kişi özünü yaman itirir, tez durub evlər idarəsi müdirinin yanına qaçır, xahiş eləyir həkim çağırsın, amma həyəcandan dili dolaşır, elə qarmaqarışıq danışır ki, müdir bir şey başa düşə bilməyib xəstəxana əvəzinə polisə zəng çalır. On dəqiqədən sonra pəncərələrimizin altında polis motosiklləri gurultu qopardaraq bütün binaya dəhşətli vəlvələ saldı. Məmur cənabları bizim mənzilə də gəlmişdilər. Mən nə bilirdimsə hamısını danışdım. Dedim, dünən axşam biz xanım Nakamurayla pilləkəndə rastlaşmışıq. Onda heç bir qəribəlik hiss eləməmişəm. Doğrudur, biz kəlmə də kəsmədik, amma o elə həmişəki kimi idi, dəyişib-eləməmişdi. Hara gedirdi? Deyəsən bazarlığa – çünki əlində iri zənbil vardı. Gecə saat on ikiyə işləmiş cənab Nakamura gəlib çıxdı. Evə gec qayıtmaq onun adətidir. Həmişə də dəm olur, dəm olanda da qapının ağzında bir hay-küy salır, gəl görəsən. Açarıyla sakitcə qapını açıb içəri girmək əvəzinə, barmağını zəngin düyməsinə basıb durur, ta arvadı gələnə kimi çalır. Lap baş-qulağımız gedir. Hə, dünən gecə də onlar dəhlizdə xeyli danışdılar. Ta sonra nə olub, bilmirəm...

Məncə polis işçiləri Nakamuranın özündən şübhələnirdilər ki, bəlkə o, ailə qalmaqalı zəminində arvadını vurub öldürüb. Amma boş söhbətdir! Onun arvadı çox mülayim qadındır, heç vaxt əri ilə dalaşmazdı. Nəhayət polis belə qənaətə gəldi ki, yəqin Nakamuranın dözülməz istilərdən ağlı çaşdığı üçün arvadının kəpənəyə döndüyünü zənn eləyib. Onlar gülməyə başladılar, amma mən burda gülməli heç bir şey görmürdüm. Çünki cənab Nakamuraya əvvəldən inanmışdım. Axı onun arvadı niyə də kəpənəyə dönməsin? Burda qəribə nə var? Xəyalımda o saat sarı bir kəpənək canlandı. Çünki xanım Nakamura sarı rəngi çox sevirdi, bu rəng ona yaxşı da yaraşırdı. Onun bütün paltarları sarı rəngdə idi – donları da, köynəkləri də, ayaqqabıları da... Yəqin onun könlünə havaya qalxmaq, genişliyə çıxmaq, cansıxıcı hündür, möhkəm ağ divarlardan savayı heç nəyi olmayan bu iyrənc yaşayış məskənindən uçub getmək, aralanmaq, uzaqlaşmaq meyli düşmüşdü. Bizim evlərə baxanda nədənsə adamı üşütmə tutur. Mənzillərimiz adamları bir-birindən ayırıb tənhalığa məhkum edən bağlı qəfəslərə bənzəyir. Yenə axşamlar, adamlar evlərinə qayıdıb işıqlar yanan vaxt dərd yarıdı, ancaq gündüzlər, bütün gün uzunu öz miskin fikirlərinlə tək qalıb vaxt keçrimək lap dözülməzdir.

Məmurlar bir şey aydınlaşdıra bilməyib çıxıb gedəndən sonra özümü Nakamuragilə saldım, – qonşuluq münasibətlərimiz pis deyildi – dedim görüm nə var, nə yox?

Cırıldamasın deyə qapını ehmallıca aralayıb içəri girmişdim ki, Nakamuranın səsini eşitdim:


  • Hə, axır ki biz tək qaldıq! Indi həyəcanlanmaya bilərsən...

Diksindim. Nakamura mətbəxdə mizin üstünə doğru əyilmişdi. Səsi kimi, durduğu vəziyyəti də çox qəribəydi – təsirli, təmtəraqlı. Lap monoloqunu məşq edən aktyora oxşayırdı. Mat qalmışdım, görəsən ona nə olub? Ancaq bir an sonra hər şey aydınlaşdı. Nakamuranın qarşısında – mizin üstündə sarı bir kəpənək vardı. Elə bəzəkli, elə qəşəng idi ki! Nazınan titrək qanadlarını açıb-yumurdu. Bütünlüklə arvadına başı qarışmış Nakamura məni görmürdü.

  • Necə, necə?.. Yalvarıram, danış... Yoxsa məndən utanırsan?

Özgə söhbətinə qulaq asanlardan deyiləm, ancaq bu səhnə məni elə heyrətə

salmışdı ki, kirimişcə yerimdəcə donub qalmışdım.



  • Hə, hə, əzizim! Anladım, anladım...

Nakamura sevincək başını yellədi, əllərini uzadıb ehmalca kəpənəyi ovcuna

götürdü. Sonra ovcunu dodaqlarına yaxınlaşdırıb pıçıldadı:



  • Mənim gözəlim... Mənim sevimlim... Qəşəngim...

Həyəcandan azacıq titrəyən sakit kişi səsi. Qırıq-qırıq pıçıltılar. Ahlar. Sonra yenə pıçıltılar, pıçıltılar... Mən sanki başqa bir aləmə düşmüşdüm.

Birdən Nakamura qəribə, ehtiraslı hərəkətlə sifətini ovcuna sıxdı.

Əvvəlcə bir şey anlamayıb diqqətlə onu izləyirdim. Ancaq bir azdan ağlım özümə gələndə hər şeyi başa düşüb qıpqırmızı qızardım. Utanaraq bayıra qaçdım.

Evdə xeyli müddət sakitləşə bilmirdim. Ürəyim şiddətlə döyünürdü...

Çılğın hənirtilər... Qızğın ehtiras... Bu dünyaya yad olan pərişan sifət... Uyuyaraq sərilib qalmış heysiz bədənciyəz və hərdən titrəyərək qımıldanan bir cüt sarı ipək qanad... Bəli, bu – vur-tut insan ovcuna qonmuş balaca bir kəpənək idi, mən onu cəmi bircə anlığa görə bildim, çox görmədim, ancaq elə bu bircə anda mən sanki zərrəbin altında kişi tumarından həzz alan bir qadını da görə bildim və şahidi olduğum bu mənzərədən büsbütün sarsıldım.

Eyni zamanda nədənsə özümü çox xoşbəxt hiss eləyirdim. Mənə elə gəlirdi ki, bütün bunlar məxsusi məndən ötrü hazırlanmışdı. Axı bu yaxınlarda yeni bir sifariş almışdım – televiziya üçün kooperativ evdə yaşayan evdar qadının həyatından pyes yazmalıydım. Çox baş sındırır, çox çalışırdım, ancaq bilmirdim, heç ağlıma da gətirmirdim nədən başlayım, nə yazım.

Indi isə mövzu özü uçub əlimə gəlmişdi. Pyesin adı ildırım kimi bircə anda çaxıb vərəqə qondu. Əlbəttə ki, “Kəpənək mövsümü!”. O saat redaktora zəng vurub pyesin adını dedim.


  • Necə, necə?.. Kəpənək? Hansı kəpənək, o uçan?.. Hm... Yaxşı bəs onların

nəyindən yazacaqsan?

  • Fərqi nədir? Ancaq siz narahat olmayın, bu səfər mən əsil şedevr

yaradacağam! – çox qətiyyətlə sözümü deyib dəstəyi asdım.

Indiyə kimi tənqidçilər mənim əsərlərimi ümidsiz, inamsız qarşılayıblar: “çox qurudur”, “obrazlar bitkin deyil”, “hisslər açılmayıb”, “real həyatdan əsər-əlamət yoxdur” və sair. Amma bu dəfə hər şeyin yaxşı olacağına inanırdım. İndi mən həyatın özünü kağıza köçürəcəkdim, daha axtarıb qoşub-qondarmayacaqdım.

“Kəpənək mövsümü”... Mənə elə gəlirdi ki, sanki bu mövzunu ömrüm boyu özümdə gəzdirmişdim və indi kənardan kiçicik bir təkanla sözlər öz-özünə qoşularaq aşıb-daşır, dalbadal kağıza qonmağa can atırdılar.
Bir səhər, adəti üzrə gəzintiyə çıxmış ərimin qayıtmasını gözləyib hər şeyi ona danışdım. Daha doğrusu əhvalatı ümumi cizgilərlə təsvir elədim, qeyri-ixtiyari şahidi olduğum intim təfərrüata isə varmadım. Utandığımdan mətbəxdə gördüyüm səhnədən söz açmadım. Ərim deyəsən inanmadı, fikirləşdi ki, yəqin mən yenə nəsə uydururam.


  • Axı adam durduğu yerdə necə kəpənəyə dönə bilər?

Ancaq nə etmək olar? Qonşularımız onu qətiyyən maraqlandırmırdı. Bu ki həmişə olan pıç-pıçdan, dedi-qodudan deyil: ay nə bilim filankəs özünə təzə paltar alıb, filankəsi küçədə cavan oğlanla görüblər... Bu dəfə söhbət çox ciddi məsələdən gedirdi. Axır ki, ərim uydurmadığıma, zarafat da etmədiyimə inandı, bir az fikrə gedib soruşdu:

  • Axı niyə o birdən-birə məhz kəpənəyə dönsün? Niyə?

Necə yəni niyə? Doğurdanmı ərim heç bir şey başa düşmürdü? Əslində heç mən özüm də bunun səbəbini əməlli-başlı izah edə bilmərəm, ancaq xanım Nakamuranın vəziyyətini çox gözəl duyuram. Belə şeylərin səbəbini soruşmaq, intihar etmiş adamdan nə üçün intihar elədiyini soruşmaq kimi bir şeydir. Intihar edənin bu son acı qərara gəlməsi üçün adətən əlində xeyli səbəblər olur, hərçəndi bu səbəblərin heç biri, ayrı-ayrı baxanda, həyatla vidalaşmaq üçün əsas vermir. Axı adam var daha ağır şəraitdə yaşamaqda davam edir. Burda məsələ şəxsi inamdadır – intihar edən başqa yol olmadığını güman edib öz xoşuna həyatla vidalaşır. Həyatdan getmək, əlbəttə, bu da bir çıxış yoludur. Ancaq bəs yaxşı, kəpənəyə dönmək məgər bundan pisdir? Belədə sən tamam yox olmursan, başqa şəklə düşüb yaşamağını davam etdirirsən... Ölüm isə artıq hər şeyin sonudur.

Yadıma gəlir, bir dəfə qəzetlər əvvəlcə uşağını, sonra da özünü öldürən bir qadın haqqında yazı vermişdilər. O, ölümündən əvvəl kağız da yazıb qoymuşdu: “Ərim çox işləyir. Evə gec qayıdır. Mən bütün günü tək oturmaqdan darıxıram. Şam yeməyinə həmişə birgə əyləşən ailələrə - atalara, analara və uşaqlara – paxıllığım tutur...” O vaxt o qadını heç cür anlaya bilmədim, amma xanım Nakamuranı çox gözəl başa düşürəm. Yadıma bir fransız kitabından sitat düşdü, deyəsən müəllifi də qadındır, familiyası, səhv eləmirəmsə, Bovazardı. Yazır ki: “Evdar qadın barama içərisində ipək hörən sürfəyə bənzəyir. Hər gün xörək bişirən, ev yığışdıran, qab-qacaq, paltar, əski-üskü yuyan bu qadın daim bəzəkli kəpənək kimi azadlığa çıxıb genişliyə pərvazlanmaq arzusuyla çırpınır”.


Kəpənəyə çevrilmək... Bir səhər oyanıb görürsən ki, ətrafında hər şey dəyişib. İçəriyə ardı-arası kəsilmədən gur günəş işığı axır və hələ dünən cansıxıcı, bomboz görünən dünya indi minbir rəngdə bərq vurur. Çöllər, meşələr yaşıllıq içində uyuyur. Sərin mehə də sanki dadlı bir ətir hopub. Genişliyin, ənginliyin ucu-bucağı yoxdur. Meşələr, dağlar, çaylar – hər şey sənin ixtiyarındadır. Və hələ dünən elə ağır olan bədənin bu gün sehrli bir yüngüllük içindədir. Sən rəngbərəng, qəşəng qanadlarını çala-çala səmada süzürsən, süzürsən və hiss edirsən ki, budur, nəhayət, əsil həyat başlanıb... Kəpənək ənginliyə, səmanın maviliklərinə doğru ucalır və tədricən kiçik bir qığılcıma dönür. Bu – həyatdır od tutub yanır. Vəcddən, həzzdən, ləzzətin bolluğundan alovlanır...

Uzaq uşaqlıq günlərindən bir qəribə hadisə yadımda qalıb. Bir axşam gün batanda mən sarı çiçəkli çəmənlikdə kəpənəklərin dalınca qaçırdım. Sarı kəpənəklər bu sarı çiçək dənizinin içində itib-batır, görünməz olurdular. Onların titrəşən qanadlarını sezmək üçün çox diqqətlə baxmaq lazım gəlirdi. Sonra günəş üfüqün arxasına çəkildi, çiçəklər tünd qızılı rəngə boyandı və mən baxıb gördüm ki, sən demə ətraf kəpənəklərlə doluymuş. Gözümün qarşısında birdən-birə hər şey canlanıb uçmağa başladı. Mənə elə gəldi ki, çiçəklər otlardan aralanıb havada süzürlər. Çiçəklər və kəpənəklər, kəpənəklər və çiçəklər... Onlar milyonlarla, lap milyardlarlaydı. Birdən-birə başım hərləndi, otların üstünə çökdüm və damarlarımda çox iti axan qanımın harasa yuxarıya dartındığını hiss elədim. Birdən bütün bədənim sanki çəkisizləşdi və mən sərbəst uçuşun qeyri-adi, izaholunmaz ləzzətini duydum. Nəydi bu? Bilmirəm. Amma lap elə indinin özündə də o günü xatırlayanda bütün bədənimə isti, dadlı ağrıya bənzər bir titrətmə yayılır...


Deyəsən bərk xəyala dalmışdım. Qapımız döyülürdü. Gələn Nakamura idi. O, bizim telefonla zəng vurmaq üçün icazə istəyirdi.

  • Müdirin kontorundan zəng eləmək istəmədim. Qorxdum yenə də məni düzgün

başa düşməyə və ...

  • Buyurun, buyurun! – Mən səmimiyyətlə onu içəri dəvət elədim.

Qonşum yəqin mikrorayonumuzun yeməkxanasına zəng vurmaq istəyirdi ki, səhər yeməyini tez gətirib çıxarsınlar... Yazıq görünür acmışdı; bu qəribə hadisəyə görə səhərdən dilinə bir şey dəyməmişdi. Nə olar, tezcə sifarişi yerinə yetirərlər, yeməkxanamız kifayət qədər sürətlə və dəqiq işləyir. Görünür evin-eşiyin nə qədər rahat qurulmuş olsa da, əgər arvadın kəpənəyə dönübsə, bəzi narahatlıqlara dözməyə məcbursan. Bu fikirdən mən bir az sakitləşdim və indi Nakamura ilə söhbətdən hiss elədim ki, bütün qəlbimi riqqətə gətirmiş o qəribə səhnə haqqında çox düşünməyə dəyməz.

  • Bağışlayın, siz gül mağazasının telefonunu bilmirsiniz?

  • Gül mağazasının?... – Mən yenə özümü itirdim, görünür bu sual çox

gözlənilməz oldu.

  • Bəli... Mən bu yaxınlarda arvadımı kəndə aparmağa hazırlaşıram, ancaq

hələlik istəyirəm mənzilimizi gülə tutum. Axı mənim arvadım çiçəkləri çox sevir...

Nakamura gül mağazasına zəng vurub, çoxlu-çoxlu gül-çiçək sifariş verdi. Bəli, onun arvadı həqiqətən də gülləri çox sevirdi. Həmişə bazardan qayıdanda zənbilində mövsümdən asılı olaraq bir neçə gözəl çiçək gətirərdi.

Yadımdadı, hələ bir dəfə o, ərindən şikayətləndi: “Mən gül alanda ərim yaman hirslənir. Deyir pul heyifdi, hər zir-zibilə vermə. Görürsən, amma özünün içkiyə pul verməyə heyfi gəlmir, hər axşam evə kefli qayıdır”.

Ailə həyatı qəribə şeydir. Ər-arvad yan-yana uzun illər yaşayır, ancaq çox vaxt bir-birlərinə heç fikir də vermirlər. Elə ki biri xəstələndi, ya başqa xoşagəlməz hadisə oldu, o saat o birisi əl-ayağa düşür, elə canıyananlıq göstərir ki...

Nakamura ləngimədən və təklif elədiyim çayı da içmədən, tezcə getdi. Görünür o, arvadını tək qoymaq istəmirdi.


  • Bütün bu əhvalatlara dərindən fikir verəndə belə məlum olur ki, arvadımla biz

toyumuzdan sonra ilk dəfədir vaxtımızı birgə keçiririk... Özümüz də elə sakitik, elə rahatıq ki... Çox gözəldir...

Bəs görən mən kəpənəyə dönsəydim...

Ərimdən soruşdum:


  • Mən kəpənəyə dönsəydim, yəqin sən məyus olardın, hə? Yoxsa əksinə -

sevinərdin, mənim portretimi çəkərdin?

  • Nə... portretini?

  • Hə da, yağlı boya ilə... Mən axı çox qəşəng kəpənək olardım...

Bu an ürəyimdən kəpənək olmaq arzusu keçdi. Bu çıxılmaz vəziyyətimdən yalnız kəpənək olmaqla canımı qurtara bilərdim. Ancaq ərim belə şeyləri anlamaq, yaxud heç olmasa təsəvvür eləmək iqtidarında deyildi. Indi də bütün görkəmiylə “Hə, yenə başladı!”-deyərək, saymazyana cavab verdi:

  • Kəpənək çəkməyin mənası nədi axı?..

Ərim rəssamdır. Hər gün nahardan sonra evimizin yaxınlığındakı emalatxanasına gedib şəkil çəkməklə məşğul olur. O, geniş tamaşaçı kütləsi arasında və ənənəvi üslubda işləyən rəssamlara üstünlük verən akademik mühitdə o qədər də məşhur deyil. Buna baxmayaraq incəsənət jurnalları daim yenilik axtaran əlli yaşlı Kenkiti Saymuranı yüksək qiymətləndirirlər.

  • Sən məni ta sevmirsən, hə? –nədənsə gözlərim yaşardı.

Ərim dinməzcə mənə baxdı. Sifəti çaşqın ifadə aldı. Biz iki il idi evlənmişdik, amma o hələ indiyədək mənim göz yaşlarımı görməmişdi. Hamı bizi xoşbəxt ər-arvad sayırdı, mənsə hərdən oturub öz-özümə düşünürdüm – doğurdanmı xoşbəxtlik elə budur?

Mən, Kenkiti Saymuranın ikinci arvadıyam. Birinci arvadı hələ o, Sibirdə əsirlikdə olan vaxt ölüb.

Mənim yaşım otuzu keçib. Peşəm radio və televiziya üçün müxtəlif məqalələr yazmaqdır, doğrudur məni o qədər də bacarıqlı müəllif hesab etmirlər, amma hər halda yazdıqlarımı da heç vaxt geri qaytarmırlar. Mən naşı xarrat kimi hər işdən yapışırdım – istər pyes olsun, istər ciddi hekayə, ya yumoristik veriliş – eşələnib-eşələnib axır ki, ortaya alababat bir şey çıxarırdım. Düzdür, mənə çox az qonorar yazırdılar, amma incimirdim. Pul məni maraqlandırmırdı. Çünki azad, sərbəst, qayğısız həyat, vaxtımı istədiyim kimi keçirə bilmək imkanım xoşuma gəlirdi. Mən bu günkü günlə yaşayırdım, dumanlı gələcəyim haqda bütün fikirləri özümdən uzağa qovur və yaradıcılıq naşılığımı çox əlverişli - “ilk addımlarını atan gənc” ifadəsi arxasında rahatca gizlədə bilirdim. Elə əslində yaşımın çoxluğuna baxmayaraq, mən “yeni yazmağa başlayan müəlliflər” cərgəsində idim.

Tadzima da bu siyahıdaydı. O da mənim kimi qaraqabaq, lal-dinməz, adama yovuşmazdı. Məlum məsələdir ki, belə adamların özü də kiminləsə münasibət saxlamaq ehtiyacı duyur... Odur ki, biz dostlaşdıq. Mən şəhərin mərkəzində yaşayırdım, Tadzima da hər şəhərə gələndə mənə baş çəkirdi. Işləri yaxşı gedəndə adam öz sevincini kiminləsə bölmək istəyir, çətinə düşəndə ondan betər – sənə canıyanan bir həmdəm axtarırsan. Canıyananlıq eləyən həmişə mən olardım, amma buna baxmayaraq Tadzimanın hər gəlişi mənə böyük sevinc gətirərdi; axı mən tamam tək yaşayırdım. O, demək olar ki, hər həftə yanıma gələrdi. Biz saatlarla dörd tatamilik (balaca həsir palazdır – tərc. ) dar otağımda üzbəüz əyləşib söhbət edərdik, Tadzima ta gecə yarısına kimi, axırıncı qatar gedənə qədər oturardı. Yox, yox, bizim aramızda heç bir şey olmamışdı. Biz hətta bircə dəfə də öpüşməmişdik. O hərdən mənə tanış olduğu qızlardan danışardı – qohum-əqrəbaları onu evləndirmək istəyirdilər. Mən özüm də ona tezliklə işlək, evdar bir qadınla evlənib vəziyyətini sahmana salmağı məsləhət görürdüm.

Bir dəfə rəssam həyatından bəhs edən televiziya pyesi yazmaq üçün sifariş almışdım. Bir roman götürüb səhnələşdirməyi düşünürdüm, çünki özüm rəssam haqqında necə yazmağı heç təsəvvürümə də gətirmirdim. O zaman Tadzima dayısı Saymuranın yanına getməyi təklif edib bildirdi ki, bu tanışlığın mənə köməyi dəyə bilər.

Həmin vaxta qədər o, rəssam dayısından bir kəlmə də danışmamışdı.


Saymura azdanışan, xoşagəlim bir adam idi. Mən peşəmdən doğan ədəbsizliklə ona cürbəcür, əksərən də səfeh suallar yağdırır, o isə aramla, tələsmədən cavab verirdi. Növbə ilə onun sifətində gah utancaqlıq, gah güzəşt, gah çaşqınlıq, gah da açıq-aydın istehza əks olunurdu. Ancaq gözlərindən həmişə xeyirxahlıq yağırdı və mənə elə gəlirdi ki, bu gözlər deyilən sözlərdən daha çox şey deyə bilər. Elə mənim xəyalımı qanadlandıran da məhz o gözlər oldu. Nəhayət, mən orta yaşlı rəssamın həyatından bəhs edən bir ssenari yazdım.

Təəccüblüdür ki, tənqidçilər ssenarim haqqında çox xeyirxah fikirlər söylədilər. Əsər televizorla göstərildikdən bir həftə sonra mən Saymuraya minnətdarlığımı bildirmək üçün bir şüşə viski götürüb onun emalatxanasına yollandım. Tadzima bərk məşğul olduğundan mənimlə gedə bilmədi.

Saymura yazı barəsində heç bir söz demədi, təkcə onu bildirdi ki, televizora baxıb. Amma deyəsən hər halda veriliş müəyyən təsir göstərmişdi, çünki elə bil rəssam dəyişilmiş, keçən dəfəkindən fərqli olaraq, mənə daha çox maraq göstərməyə başlamışdı. Tezcə çıxıb getmək istədim, o isə şam yeməyinə qalmağı xahiş elədi... Saymuranın bir xidmətçisi vardı, hər gün gəlib emalatxananı yığışdırar, xörək bişirərdi. Ancaq bu dəfə o xidmətçiyə təkcə bazarlıq etməyi tapşırdı və şamı özü hazırlayacağını bildirdi. Təəssüf ki, xörək bişirməkdə ona kömək edə bilmədim. Çünki ümumiyyətlə, kulinariya məsələlərindən heç cür başım çıxmırdı. Uzun illər boyu tənha yaşayaraq, ləzzətli yeməkdən həzz almağın nə demək olduğunu yadırğamışdım. Əlbəttə, hər bir insana mütləq yemək lazımdır. Və mən də aclıq hiss edən kimi yeyirdim. Yuxum gələn kimi yatırdım. Işləmək lazım olanda da işləyirdim. Ancaq nə yemək, nə yatmaq, nə işləmək, nə də müxtəlif əyləncələr mənə ləzzət verirdi. Özümü həyatda təzə sənət aləminə atılan gənc kimi hiss edirdim, mənə elə gəlirdi ki, əsil həyat, hələ hardasa qabaqdadır. Amma mən bu əsil həqiqi həyata daxil olmaq üçün necə bir addım atmağın lazım olduğunu bilmirdim.


  • Bilirsizmi, məncə, ərə getsəniz ömrünüz daha şən keçər... –Saymura sözarası

dedi.

Mən bu zaman elə Tadzima haqqında düşünür, onun nazik, əsəbi sifətini xatırlayırdım. Tadzimanın çox ağır, cod xasiyyəti vardi. Hərdən lap dəyərsiz, xırda-xuruş şeylərə də əsəbiləşərdi. Məsələn, adicə lüminessen lampaları ona pis təsir göstərirdi. Telestudiyada tez-tez redaktorlarla mübahisə edir, barıt kimi partlayaraq qapını çırpıb gedərdi. Nəticədə də gərəkli bir işi əldən çıxardı... Bəli, mən Tadzimanı düşünürdüm. Ziyan yoxdu, bütün bunlarla barışmaq olar. Əgər ona bacarıqla rəhbərlik edə bilsəm... hər şey düzələr...



  • Ərə gedib ciddi surətdə yaradıcılıqla məşğul olun,-Saymura davam elədi. –

Bacarığınızı xırda işlərə sərf edərək yalnız pul xatirinə işləməyiniz heyifdir...

Bu gözlənilməz sözlərdən özümü itirərək yeməyi kəsib Saymuraya baxdım. O heç nə olmayıbmış kimi yeməyində idi.



  • Biz yəqin ki, bir-birimizə alışa bilərik... Bu çətin olmaz, hər ikimiz kifayət qədər

yaşlıyıq və lazım gəlsə bir-birimizin baxışlarına da hörmət edə bilərik. Hətta bunun işimizə köməyi dəyər...

Qısası, Saymura ona ərə getməyi təklif edirdi. Bu, iki il qabaq olmuşdu. Biz evləndik. Bəxtimiz də gətirdi – indi yaşadığımız kooperativ binaya köçdük. Saymura ideal ər idi. Heç vaxt heç nədən ötrü narazılığını bildirməzdi. Sifətini belə qırışdırmadan birtəhər hazırladığım dadsız-duzsuz yeməkləri yeyərdi. Özü özünə xidmət edərdi. Hər gün nahardan sonra da emalatxanasına gedib şəkil çəkməklə məşğul olardı.



  • Sən məni daha sevmirsən, hə?

Mən həmişə sevgi barəsində düşünür, buna görə də tez-tez ağlayırdım. Ərim deyəsən mat qalmışdı – axı o, göz yaşlarımı ilk dəfəydi görürdü. Doğurdanmı məhəbbət bu imiş? Belə sakit, səssiz, yeknəsəq... Ancaq Saymura ilə nə qədər sakit dolanırdıqsa, əsəblərim bir o qədər gərilirdi... Yəqin uzun illər tənha yaşayaraq məhəbbətdən çox şey ummuşdum. İstəmişdim ki, məni tapacaq sevgi qeyri-adi dərəcədə ehtiraslı, güclü olsun, eləcə də həyatımı, həmçinin xasiyyətimi kökündən dəyişdirməyə qadir olsun. Ancaq mən zərrə qədər də dəyişməmişdim. Əvvəlki kimi öz isti yuvamda oturub sadəlövh xəyallara dalır, əsil həyatımın başlayacağı günü gözləyirdim. Vaxt vardı ki bütün bu xəyallarımın bir ucunu ailə həyatı ilə bağlayırdım. Düşünürdüm ki, dediyim o əsil həyat ərə gedən kimi başlayacaq. Illər isə ötürdü...

  • Kim bilir, bəlkə elə mən də kəpənəyə dönəcəyəm...

Bu sözləri zarafatyana deməyə çalışdım, bir az gülümsədim də, ancaq heç bir şey alınmadı, yenidən gözlərimdən yaş töküldü.

Əlbəttə, mənim zərrə qədər də öz “çevriləbilmə” qabiliyyətimə inamım yox idi, amma buna baxmayaraq kəpənəkdən söz düşən kimi nədənsə özümə yazığım gəlirdi.



  • Mən səni çox gözəl anlayıram, - Saymura halıma yandı, - bir işi başlamazdan

qabaq adamda yüksək əsəbi vəziyyət yaranır. Bir az döz, oturub yazmağa başlayan kimi, hər şey keçib-gedəcək...

O, heç nə anlamamışdı.


Saymura həmişəki kimi, yenə nahardan sonra emalatxanasına yollandı. Mən onun arxasınca baxıb kürəklərinə fikir verdim – yaşlı adam kürəyi idi. Sifətdən pis qalmayıb, amma kürəyi onun yaşlı olduğunu bildirirdi. Kədərim daha da artdı.

Əslinə baxanda ərimin heç bir taqsırı yoxdu. Heç mən də onu günahlandırmırdım. Ərə getməyə razılıq verəndə hiss eləmişdim ki, ömrümüz elə belə də keçəcək. Yəqin hər şeydə günahkar özüməm. Axı ərə gedənə qədər, yəni düz otuz il işim-peşəm o olub ki, ətrafıma keçilməz sədd çəkim. Səbəbi də tez-tez xətrimə dəyiləcəyindən qorxmağım, ağciyərliyim olub. Bu sədd çox hamar, parıltılı, sürüşkən baramaya bənzəyirdi. Hamı mənə çox tez isnişə bilirdi. Mənimlə boş-boş laqqırtı vurur, zarafatlaşır, ağıllarına belə gətirmirdilər ki, adamla yox, o dediyim baramayla əylənirlər. Onlar üçün nə fərqi – mən olum, ya barama; məlumdur ki, belə etinasızlıq aradakı münasibətlərə bir yüngüllük, sərbəstlik gətirir. Bəli, mən yüngülxasiyyət kimi tanınmışdım. Əslində isə o parıltılı baramanın daxilində hər gün, hər saat göz yaşları, hönkürtülər, əsəbi fikirlər doğulurdu. Lakin bunlar süzgəcdən keçib bayıra sızanda, təbəssümlərə, dadlı-dadlı sözlərə çevrilirdi. Mən öz sipərimin arxasında üçqat sıxılaraq əzilirdim, boğulurdum. Buna baxmayaraq əmin idim – nə qədər ki, baramadayam, heç nədən qorxum yoxdur. Axı insanlara öz həqiqi sifətini göstərməsən, qəlbin də yara görməz. Bu cür yaşamağı həyat adlandırmaq olarmı? Bilmirəm. Təkcə bir şeyi bilirdim: bu səddi yalnız mən özüm dağıtmalıyam, özgə heç kim. Ancaq bundan ötrü gərək özüm-özümlə qanlı vuruşa girəm.

Bir vaxtlar Tadzimadan çox şey umurdum. Elə ha gözləyirdim ki, o, bir gün əlini uzadıb ətrafımdakı çəpəri dağıdacaq. Amma o özünü daha qalın qabıqla bürüyüb bayıra çıxmaq barəsində heç düşünmürdü də. Deməli, yalnız mən özüm hərəkətə gəlməliydim. Lakin, mən dağlar aşmaq üçün doğulmamışdım. Yəqin ki, həmişə düzəngahlarda sakit-sakit gəzməyə alışmış adam zirvələrin bir o qədər də qorxulu olmadığını təsəvvürünə belə gətirmir – axı dağlardan birinin üzərinə qalxmaq, o biri, qonşu dağların heç də adicə təpəcikdən uca olmadığını görmək üçün kifayətdir. Mən heç vaxt hündürlüyə dırmaşmağa can atmamışam, odur ki, dağlar mənim üçün həmişəlik keçilməz maneə olaraq qalıb. Deməli, mən öz arzumdan əl çəkməliydim. Ümumiyyətlə heç vaxt bu və ya digər arzumu həyata keçirmək üçün qınımdan kənara çıxmağa çalışmamışam. Heç olmasa öz əllərimlə boğduğum ümidlərimin meyidlərini daşıyıb atmaq üçün də baramamdan çıxmazdım. Pul hərisliyi, şöhrət həvəsi, məhəbbət arzusu – bütün bunlar çoxdan ölüyə çevrilmişdilər və barama daxilində qalıb tədricən çürüyərək qara iyrənc bir maye halına düşmüşdülər. Bu baramanı kənardan dağıdan olsaydı vəziyyətim nə qədər yüngülləşərdi, özümü nə qədər yaxşı hiss edərdim! Amma heç kim bunu eləmirdi, mən də iyrənc mayedə boğulmamaq üçün tərpənməyə belə qorxurdum...

Kiminsə bizim mərtəbəyə qalxaraq qonşu qapının zəngini basdığını eşitdim, yəqin Nakamuranın sifariş verdiyi çiçəkləri gətirmişdilər. İradəmi toplayaraq masanın arxasına keçdim və qarşıma bir ağ dəftər qoydum.

“Kəpənək mövsümü”... Bu elə bir dövrdür, elə bir gündür ki, bu zaman hər hansı bir qadın birdən-birə məşəl kimi od tutur və hisslərin bolluğundan, xoşbəxtliyin gücündən göy qurşağı kimi bərq vurmağa başlayır. Bu, gündəlik bom-boz adi yaşayışla, həmin yaşayışın adamı təngə gətirən cansıxıcı kədəriylə, qəm-qüssəsiylə, həsrətiylə heç bir əlaqəsi olmayan gözəl bir mövsümdür... Kəpənək mövsümü...

Bu zaman mən səhərki kimi polis motosikllərinin uğultusunu eşitdim. Yoxsa, yenə də kiminsə arvadı kəpənəyə çevrilib? Belə getsə, yəqin tezliklə bütün arvadlar kəpənək olacaqlar. Bəli, kəpənək mövsümü başlanır! Mən yenə uşaqlıq zamanı rast gəldiyim həmin hadisəni xatırladım. Sarı çiçək dənizi və saysız-hesabsız sarı kəpənəklər...


* * *
Tezliklə duyğularım gerçək çıxdı. Bir axşam bazarlıqdan qayıdanda evlər müdiriylə rastlaşdım. Qoca məni saxlayıb artıq iyirmidən çox qadının kəpənəyə döndüyünü xəbər verdi. Indi daha heç kim demirdi ki, onlar xəlvəti evdən baş götürüb qaçıblar. Doğurdan da axı necə ola bilər ki, iyirmi arvad iyirmi əri eyni vaxtda atıb qaçsın!

  • Sizdən bir xahişim var, - müdir əlindəki bağlamanı mənə uzadıb dedi: - Bəlkə

lütf edib bunu qırx yeddinci mənzildəki xanım Asaya çatdırarsınız? Binamızda kəpənəklər peyda olandan, mən ora yaxın düşməyə qorxuram. Qanadlarının üstündəki o tozu görən gözüm yoxdur. Deyəsən indi buna alergiya deyirlər, hə? Nə isə, o tozcuqlar çox iyrənc şeydir. Lap yelbeyin qadınların sürtdükləri pudranın qoxusunu verir. Adamın nəfəsini kəsir...

Bağlamanı alıb evə tərəf getdim. Axşam olduğu üçün, demək olar ki, bütün pəncərələrdə işıq yanırdı. Elektrik işığı məni həmişə sakitləşdirir, o, gündüzün parlaq günəşindən daha isti, daha zərifdir. Mən bir işıq gələn pəncərələrə baxdım, bir də öz qaranlıq pəncərəmə, tutqun ümidsizlik aramla şəffaf qüssəyə çevrilirdi. Mən yenə öz qınıma çəkilərək qüssəyə dalır və xəlvəti özgələrinin həyatına boylanırdım. Görən o pəncərələrin arxasında nələr var? Birdən-birə paxıllıq mənə güc gəldi. Orda insanlar yaşayır, ömür sürür, sevib-sevilirlər, özləri öz həyatlarını və öz məhəbbətlərini yaradırlar. Maraqlıdır, görəsən kəpənəyə dönmüş qadınlar xoşbəxtdirlərmi?..

Qapıda cənab Asayla rastlaşdıq. Məndən bağlamanı alıb əzabkeş bir ifadəylə dedi:


  • Mənim Marim yenə özünə paltar sifariş verib? Doğurdanmı qadınlar üçün

bəzəyin bu qədər əhəmiyyəti var?

Asaylar cəmi yarım ildi evləniblər, evlənən kimi də bizim binadan mənzil alıblar.



  • Ta nə deyim, bəzənir, qoy bəzənsin, - o davam elədi. – hər halda bu,

kəpənəyə dönməkdən qat-qat yaxşıdır. Mən ona bir kəlmə də söz deməyəcəm, sus-pus duracam. Bilirsiz, mən heç istəməzdim arvadım kəpənək olsun. Axı biz cəmi altıca aydı evlənmişik, indi ömrümüzün ən xoşbəxt günlərini yaşayırıq. Mari hələ ailə həyatından bezikməyə macal tapmayıb, nə mənası var indidən dönüb kəpənək olsun, hə? Amma mən yenə də son dərəcə diqqətli və ehtiyatlı olacağam – axı qadınların qəlbi çox anlaşılmazdır... Nə bilmək olar, birdən...

Cənab Asayla sağollaşıb evə qalxdım. Ərim hələ gəlməmişdi. Bu gün də yəqin həmişəki kimi emalatxanadan gecə yarısı qayıdacaqdı. Işığı yandırdım, amma ürəyim açılmadı. Kimsəsiz boş otaqda hər şey – divarlar da, mebellər də kədərlə nəfəs alırdı.

Mən taqətsiz halda otağın ortasındaca döşəməyə çökdüm, özümə şam yeməyi hazırlamağa da halım yoxdu. Nə üçün özgələrinin pəncərəsində bu qədər cəzbedici görünən işıq, bizim otaqda hər yerə, hətta mənim qəlbimin ən gizli bucaqlarına kimi gedib çatsa da, heç bir rahatlıq gətirmir? Otaqlarımızda nə qədər məyusluq var, rənglər nə qədər sönükdür - elə bil hər şey məhv olub, ölüb. Mənimlə bir mərtəbədə iki xoşbəxt qadın yaşayır: Xanım Nakamura kəpənəyə dönüb, xanım Asay isə indi yəqin təzə paltarını geyinib baxır. Və ola bilsin ki, onun əri tam səmimiyyətlə bu paltarı tərifləyir. Mənsə tək-tənha boş otaqda oturmuşam. Saymura qayıdıb gələndə də belə olacaq – indiki kimi tam təklikdə qalacağam. Əgər bu saat mən bıçağı köksümə sancsam - əlbəttə, bunu eləmərəm, əlimi qana bulamaram, bəs axı bəzi həşəratlar elə baramanın içindəcə həlak olur, - hə, bıçağı köksümə sancsam belə ölümümdən xəbər tutan olmaz.

Birdən-birə həyəcan məni bürüdü. Küçəyə çıxıb qaranlıq şəhərdə veyillənməyə başladım. Yox, mən insanlardan xəbərsiz, tənhalıqda ölmək istəmirdim.


* * *

Günlərin bir günü uzun fasilədən sonra Tadzima bizə gəldi. Kəpənəklər barəsindəki söhbətlər ona da çatmışdı. Üzümə baxıb məyuscasına dedi:



  • Eh, mən də sevindim ki, sən artıq kəpənəyə dönmüsən...

  • O, “Kəpənək mövsümü” adlı təzə pyes yazır, - mənim əvəzimə Saymura

cavab verdi. – Deməli özünün kəpənəyə çevrilmək ixtiyarı yoxdur.

  • Nə deyim! Amma bu da bir cür bədbəxtlikdir! Kəpənəklərdən yazasan, amma

kəpənəyə dönməyə ixtiyarın olmaya! Mən belə əqidədəyəm ki, bütün qadınlar gözəl, parıltılı, bər-bəzəkli kəpənəklər olmalıdırlar. Baxıb fərəhlənəsən!

Bu sözlər açıq-aşkar mənim acığıma deyilmişdi. Saymuraya ərə gedəndən Tadzima mənimlə istehzayla danışırdı. Bu istehza günü-gündən artıb daha zəhərli olurdu, onun baxışlarında nifrətlə yazıqlıq bir-birinə qarışırdı. Mən heç bir söz deməyib qəhvə hazırlamaq üçün mətbəxə getdim. O niyə gəlmişdi? Söz yox, Tadzima Saymuranın bacısı oğlu idi və bizə gəlməyə ixtiyarı vardı, amma bu mənim heç ürəyimdən deyildi.



  • Nə var axı kəpənəklərdə? – Kəpənəyi xoşlamayan ərim etiraz elədi. –

Qayğısız, məskənsiz varlıqlardı. Təkcə bir şeyi xoşlayırlar ki, hamı onlara baxıb həsəd aparsın. Axı nəyinə həsəd aparasan? Məncə, onlar qadın şöhrətpərəstliyinin və şıltaqlığının təcəssümüdür.

  • Məgər o şıltaqlıq biz kişilərin fikrincə qadınlıq rəmzi sayılmırmı? Axı

şöhrətpərəstlik və etibarsızlıq – qadının əsas silahıdır. Məlumdur ki, qadınlar kişilərlə fiziki güclərinə, ya ağıllarına görə çəkişə bilməzlər. Ancaq əgər qadın etibarsızdırsa – demək sevgi yarışında həmişə o qalib çıxacaq. Nə qədər qəhrəman, nə qədər məşhur adam qadın vəfasızlığının, qadın etibarsızlığının qurbanı olub! Dayı, bəs siz nəyə görə kəpənəklərə qarşı çıxırsınız? Bəlkə, sadəcə olaraq onlardan qorxursunuz? Yumi mənə deyərdi ki, o həmişə məhz sizin kimi bir kişini öz toruna keçirmək niyyətində olub. Məncə siz də ona qarşı laqeyd deyilsiniz, hə?

Mən qəhvə gətirəndə Saymura astaca gülümsəyərək qəlyanını təmizləyirdi. Tadzima isə ötəri mənə sarı baxıb çərənləməyini davam elədi. Lap baş alıb gedirdi!



  • Bax, mən indi sizinçün neynim, dayı? Gah arvad axtarıb tapmalıyam, gah

naturadan çılpaq şəklini çəkməyə bir qadın. Bəs mənim barəmdə kim düşünəcək? Ancaq xahiş edirəm, unutmayasınız ki, heç də bütün qadınlar sizin arvadınız kimi təvazökar olmurlar...

Mən o qızı tanıyırdım. Yumini deyirəm. Peşəsi rəssamlar üçün model rolunu oynamaq idi; ərimə də onu Tadzima təklif eləmişdi. Hələ lap cavan, təəccübediləcək dərəcədə təravətli olan bu qız daim səbəbsiz-filansız gülürdü. Alnına və çiyinlərinə tökülən düzünə daranmış saçları onun sadəlövh sifətinə çox yaraşırdı. Amma hərdən qız, çox əzab çəkmiş yaşlı qadınlar kimi, ciddi və fikirli olurdu. Yumi diqqət mərkəzində olmağa alışmışdı, ona görə də bizdə özünü bütün tanışlarımızdan daha sərbəst aparırdı. Bir dəfə təzə açılmış sərgi barəsində qızğın söhbət getdiyi yerdə Yumi sözümü yarımçıq kəsərək dik qalxdı ki, hə bəsdi, mən gedirəm evə, ötürün. Dili də çox acıydı. Xüsusən oğlan yoldaşlarını ələ salmağı yaman xoşlardı. Danışdığı cürbəcür qəribə əhvalatları eşidəndə gülməkdən özümüzü saxlaya bilmirdik. Açığını deyim: bu qız məni çox narahat eləyirdi.



  • Məncə, birinci növbədə məhz Yumi kəpənək olmalıydı...

Heç özüm də bilmədən, gizli fikrimi ucadan söylədim.

  • O qızın kəpənəyə dönməyi nəyə lazımdı ki? Onsuz da həyatda kəpənək

kimidi. Onu heç nə heç kimə bağlamır. – Tadzima qəti ifadəylə dedi və mən susdum.

  • Bədənnən pis deyil...

  • Eh, o da müvəqqətidir... Bu gün-sabahlıqdır...

Məndən çəkinmədən onlar Yumi haqqında danışmağa başladılar. Tadzima sözlərinin çoxunu mənim ünvanıma deyirdi. Axır vaxtlar kökəlməyə başlamışdım, Tadzima da bunu dolayısı yolla mənə çatdırmaq üçün əlinə düşmüş fürsətdən istifadə edirdi. Qadın kökəlməyə başlayırsa, demək böhranlı yaş dövrü çatmışdır. O öz əvvəlki mənəvi həyatının hüdudlarını adlayaraq şəhvət dünyasına qədəm qoyur. Bədənlə birgə qəlbini də piy basır. Bir səhər baxıb görür ki, bədəni vaxtilə azad və yüksək olan mənəviyyatıyla mübarizədən qalib çıxıb, burda daha bir şey eləmək mümkün deyil. Heç bir hiylə, fənd köməyə gəlməz. Təmiz niyyətlər, ağıllı məqsədlər ümidsiz-ümidsiz üstünlüyü əldən verir. O gündən küt və acgöz əndam başçı rolunu oynayaraq harınlıq, nəşə, ləzzət tələb etməyə başlayır.

Yox, mənim Yumidən zəhləm getmir. O, gələndə özüylə səmimi sevinc, şadlıq, gənclik həvəsi gətirir. Yumi hardasa xanım Asaya da oxşayır. Yəqin ki, Yumi də ərə gedəndə onun kimi mülayim və qəşəng həyat yoldaşı olacaq. Xanım Asaydansa mənim çox xoşum gəlir. Mən həmişə onunla məmnuniyyətlə söhbət eləyirəm. O qadınla adam özünü çox rahat hiss edir. Yoxsa ki, Xanım Nakamura... Hələ kəpənəyə dönməmişdən əvvəl biz çox söhbət edərdik, ancaq nəsə bu söhbətlərdən adamın ürəyi qısılırdı, ağırlıq hiss edirdi. Bir də görürdün söhbət zamanı dediyin sözlər heç bir əks-səda doğurmadan sanki dibsiz quyuya düşüb gedir. Belədə adam həqiqətən özünü birtəhər hiss edir. Hərdən mənə elə gəlridi ki, mən özüm də xanım Nakamuraya bənzəyirəm...

Qapının zəngi çalındı. Gələn xanım Asay idi. O həmişə gözlənilmədən gəlirdi; amma bu gəlişlər heç vaxt, heç kimə maneçilik törətmirdi.


  • Olar? O, qonağınız var ki! Saymura dayı da evdədir? Əla!..

Ərimə “dayı” deyənlərdən heç xoşum gəlmir, amma Maridən inciməzdim, axı, o sadəliyindən belə deyərdi. Amma indi nədənsə qonşumun sadəlikdən, ya təsadüfdən bir söz deyə biləcəyinə inanmadım və bu inamsızlığı başqalarından gizlətmək üçün onu həmişəkindən daha səmimi, daha gülərüz qarşılamağa çalışdım.

Cənab Asay da arvadının səsini eşidib bizə gəldi.



  • Mari, hara yoxa çıxdın? Səni gözlədim, gözlədim, gördüm gəlmirsən, narahat

olmağa başladım.

  • Vay, Syum, gör bir nə gündəsən! Biabırçılıq!..

Mari şaqqanaq çəkib güldü. Kişi çaş-baş qaldı. Onun yaxasında döşlük, əlində isə yemək hazırladığı tava vardı.

Asay otağın ortasında dayanaraq çaşqın halda mızıldandı:



  • Yaxşı, gedək, Mari! Camaatın qonağı var, bizsə mane oluruq...

Ancaq Mari nə barədəsə məsləhətləşməyə gəldiyini bildirdi, odur ki, mən qonşu ər-arvadı Tadzimayla da tanış elədim.

  • Bax, lap gözəl, məsləhətçi nə qədər çox olsa, bir o qədər yaxşıdır. Syun, sən

də diqqətlə fikir ver... – Mari universal mağazadan aldığı xarici firma kağızına bükülmüş bağlamanı ehmalca stolun üstünə qoydu.

  • Yenə nə almısan? Dedim axı sənə, mükafatımdan əlimizdə bir qəpik də

qalmadı!

Ərinin bu qeydini qulaqardına vuran Mari bağlamanı açmağa başladı.



  • Dostlar, mən hamınızdan məsləhət istəyirəm. Ancaq son söz yenə mənə

məxsusdur ha, Syun. Belə ki, fikrini cəmlə və bu işə tam ciddiyyətlə yanaş.

Asay diqqətlə baxışlarını Marinin barmaqları altında xoş bir xışıltıyla səslənən nazik kağıza dikmişdi. Nəhayət, son vərəqə açıldı və biz... bir yığın kəpənək gördük. Şüşə lövhənin altında on beş-iyirmi kəpənəyi qurudub sancaqlamışdılar.



  • Hə, necədi, xoşunuza gəlir? Xüsusən bax bu, çox yaxşıdır. Eləmi, qəşəngdir?

Mari altında “Asagimadara” yazılmış kəpənəyi göstərdi. Asagimadaranın çil-çil, qara xallı incə qanadları vardı. Bu kəpənək çox modalı geyinmiş gözəl xanıma bənzəyirdi.

  • Syun, qulaq as... Əgər mən belə qəşəng bir kəpənəyə çönsəm, sən özünü

xoşbəxt sayarsan?

  • Nə?! Sən kəpənəyə dönmək arzusundasan? Sən ha?

  • Niyə də yox? Binamızdakı qadınların çoxu artıq kəpənək olublar, mənim

onlardan nəyim əskikdir?

  • Ay allah, axı mən var-qüvvəmlə çalışıram! Xörək hazırlayıram, evləri

yığışdırıram, hələ bir paltarları da özüm yuyuram! Səncə bütün bunlar nəyə görədir?

  • Syun, neyləmək olar? Indi zamana belə gəlib.

  • Mari, əzizim, istəyirsən gəl təzə bir şey alaq? Hə, denən, nə istəyirsən?

Pulların hamısını xərclə, utanma!.. Yadıma düşdü! Biz maşın alıb səyahətə çıxırıq! Razısan?

Mari şıltaqcasına dodaqlarını büzdü, görünür ərinin təklifləri heç ürəyindən deyildi. O bütünlüklə öz təzə ideyasına qərq olmuşdu. Və indi məntiqlə deyil, instinktlə iş görürdü.



  • Syun, boş-boş şeylər danışma! Axı sənin cüzi maaşınla maşın almaq olmaz!..

  • Əşi, tüpürüm maaşa! Sənin xətrinə mən hər şeyə hazıram! Istəyirsən bir

maşın qaçırım, hə? Ya bank yarım?

Söz-sözü çəkdi və dava-dalaş başladı. Asay qışqırıb deyirdi ki, qadınlar hamısı eqoistdir, təkcə özlərini düşünürlər; Mari isə ağlaya-ağlaya deyirdi ki, əri onu heç başa düşmür. Nəhayət həddini aşmış ər şüşə qutunu yerə çırpdı, - “Nə istəyirsən elə!” və çıxıb getdi. Gözləri yaşlı Mari onun arxasınca qaçdı.

Bütün bu müddət ərzində biz cınqırımızı da çəkmədən tamaşaçılar aktyorları izləyən kimi, şaşqın halda onlara baxırdıq. Asaylar səhnəni tərk edəndən sonra Tadzima dilləndi:


  • Sən demə, ailə həyatı fikirləşdiyim qədər də darıxdırıcı deyilmiş.

  • Bəli! Burdan belə çıxmırmı ki, artıq evlənmək vaxtın çatıb? – Saymura dedi.

Tadzima şən-şən gülümsədi:

  • Düz deyirsən, dayı! Gərək Okutamaya səfər eləyəm, gedib özümə bir gözəlçə

tapam. Əgər arvad əvvəl-axır kəpənəyə dönəcəksə, deyirəm elə bəribaşdan kəpənəklə evlənmək yaxşı olmazmı? Əziyyəti də az çıxar. Axı hələ məlum deyil arvadın gələcəkdə kəpənəyin hansı növünə çevriləcək. Hər halda adamı qorxu götürür.

Mən döşəmədən qurumuş kəpənəkləri yığışdırırdım. Tadzima isə dil-boğaza qoymadan hey üyüdüb-tökürdü.



  • Yox, zarafat bir yana, kəpənək əsil mənim axtardığımdır. Mən axı arvadın ərə

xüsusi qulluq eləməsini, xörək hazırlamasını, ev yığışdırmasını istəmirəm. Heç uşaq da ürəyimdən deyil. Mənimki kəpənək kimi qəşəng və mehriban bir arvaddır.

O elə həmişə belədir – bir də gördün çərənləməyə başladı, sonra özünü saxlaya bilmir. Amma ümumiyyətlə çoxdanışan deyil. Hərdən o, mənə pis atıcı sayılacağından qorxaraq gülləni hara gəldi səpələyən lovğa ovçunu xatırladır. Bəlkə Tadzima səssizliyin ağırlığına tab gətirə bilmədiyi üçün çox danışır? Ancaq sözlərinin bolluğundan özü də boğulanda ağzından düz-əməlli bir söz çıxarmır.

Ərim gecikəcəyindən qorxaraq, durub emalatxanaya hazırlaşmağa başladı.


  • Narahat olmayın, dayı, - Tadzima inamla dedi. – Yumi onsuz da vaxtında

gələn deyil.

Ərim gülümsədi:



  • Doğru sözə nə deyəsən? Keçən dəfə düz iki saat gözləmişəm. Yaman

həyəcanlanmışdım, hələ üstəlik əsəbiləşdim də - axı gün əyilir, işıq gedir... Amma Yumi elə fərəhlə, elə şadlıqla içəri girdi ki, acıqlanmağa dilim gəlmədi.

  • Hə, əşi, o belədi...

Tadzimanın fikrincə belə çıxırdı ki, burda qeyri-adi bir şey yoxdu. Saymura da bundan çox sakit danışırdı. Mənsə mat qalmışdım, bu cür həngamələrə necə dözmək olar? Yaşlı, həm də məşhur bir rəssamı iki saat gözlətmək, azı vicdansızlıqdır. Sonrası da bu iş axı o qızın peşəsidir, çörək ağacıdır. Belə işçiləri qovmaq lazımdır. Amma mən bütün bunları ucadan deyə bilməzdim. Ərimlə Tadzima yəqin ki, bərk təəccüblənərdilər. Onlar məni saya salmadan öz aralarında qızğın söhbətə girişmişdilər. Mənsə bir kənarda əyləşib sanki teatrda tamaşaya baxırdım. Mən həmişə beləyəm. Axı insanlar adətən özümlə deyil, ətrafımdakı səddin hamar, parıltılı üzü ilə ünsiyyətdə olurlar. Tırtılda xüsusi fikrin və bu fikri demək arzusunun ola biləcəyi isə kimin ağlına gələr? Təsəvvürünüzə gətirin ki, tamaşa vaxtı təsadüfən camaatın içərisindən bir nəfər çıxıb səhnəyə atılır. Söz yox, tamaşa yarımçıq kəsiləcək, aktyorlar bu çağırılmamış iştirakçının üstünə hirslənəcəklər. Yox, mənim heç vaxt yersiz səhnəyə atılmaq niyyətim olmayıb. Və Yumidən fərqli, heç kimi heç zaman gözləməyə məcbur eləməmişəm. Adətən görüşlərə lazım olduğundan da xeyli tez gedərdim. Amma kiminsə bununçün mənə çox sağol dediyini eşitməmişəm. Niyə görən mən beləyəm? Anadangəlmə səliqəliliyimdənmi, ya özümə inamsızlıqdanmı? Həmişə də özgələri üçün çalışmışam, özgə fikriylə razılaşmışam, özgə uğuruna şərait yaratmışam. Həyatda kiminləsə görüş təyin elədiyimi unutdura biləcək bir sevincim olubmu? Yaxud ömrümdə verdiyim vədi yaddan çıxara biləcək elə bir maraqlı dəqiqələr yaşamışammı? Yox! Yox! Yox!..
* * *

Ərim çıxıb getdi, Tadzimanın isə deyəsən heç tərpənmək fikri yox idi. Ürəyim nəsə narahatdı. Qab-qacağı yığışdırandan sonra özümə yer tapmır, boş-boşuna otaqdan mətbəxə, mətbəxdən otağa keçirdim.



  • Nolub e, elə hey fırlanırsan? Bir gəl əyləş, öz evindəsən də, iş qaçmır ki...

Tadzima kobud danışandı, ancaq indi evdə ikimiz qalanda onun səsi mülayimləşdi, bu da mənə çox xoş təsir bağışladı.

  • Görürsən necə yaxşı evdar qadın olmuşam?

  • Çox vurnuxursan, bu isə, necə deyərlər, mənəvi boşluğa dəlalət edən haldır...

  • Qətiyyən! Mən həyatdan çox razıyam. Saymurayla da bir yerdə özümü gözəl

hiss edirəm, o - əla ərdir. Sən mənim barəmdə narahat olmaya bilərsən.

  • Başa düşmürəm... Niyə axı sən birdən-birə götürüb bu “Kəpənək mövsümü”

pyesini yazmağa başlamısan? Bəlkə sən özün kəpənəyə dönmək istəyirsən? Elədirsə bəs niyə durmusan, səni ki, saxlayan yoxdur...

  • Yox, bu mənlik deyil! Saymuranın kəpənəkləri görən gözü yoxdur. Birdən

məni qovub bayıra çıxarsa, hara gedərəm...

  • Bura bax, bizim həyatımız axı “Bir şəhər”dəki kimi deyil. Susamısansa, hər

yan suyla doludur, nə qədər istəyirsən iç də. Niyə özünü su qəhətliyinə inandırmağa çalışırsan?

Tadzimanın işarə vurduğu “Bir şəhər” mənim pyesimin adıdır. Bu yaxınlarda televiziyada göstərilib. Bu elə bir şəhərdir ki, burda insanlar tam sərbəst gəzib-dolana bilirlər. Onların qarşısını heç bir daxili maneələr, mənəvi qadağalar kəsmir. Hamı ürəyi istədiyi kimi yaşayır... Təsadüfən bu “şəhərə” özgə planetdən bir nəfər gəlir, haçansa sevdiyi qadınla görüşür. Əvvəllər onların arasını kəsən bütün şərti maneələr artıq əhəmiyyətini itirmişdir və tamaşaçıda belə təsəvvür yaranır ki, nəhayət oğlan öz səadətnə qovuşacaqdır. O, sevdiyi qadınla xoşbəxt anlar keçirdiyi vaxt birdən-birə susuzladığını hiss edir. Boğazı quruyur, içməyə su axtarır, ancaq nədənsə su tapa bilmir. O, “su” dedikcə yad planetin sakinləri yalnız mülayimliklə gülümsəyirlər. Oğlan istəyini nə qədər qızğınlıqla başa salmağa çalışırsa, bir o qədər boğazı bərk quruyur. Adamlarsa yalnız gülürlər. Doğurdanmı su içmək arzusu bu qədər gülüncdür? Nəhayət bu adam xoşbəxt yaşayışını da, sevgisini də ataraq öz dünyasına qayıtmağa məcbur olur. Tək bir məqsəd xatirinə - bircə qurtum su içmək üçün... Vəssalam.

Pyesi televiziyayla göstərdikdən sonra tənqidçilər möhkəmcə üstümə düşdülər. Müdrikcəsinə, sırf elmi terminlərlə məntiqsizliyə və başqa əyər-əskiklərə görə məni bir danladılar ki, gəl görəsən... Axı onlar hardan bilsinlər bu pyesi yazmağa məni nə vadar eləyib? Nə bilsinlər yuxu görmüşəm. Yadıma düşəndə indi də utanıram! Yuxuda görmüşdüm ki, bir kişi xeylağıyla qucaqlaşmışıq. Özüm də lümlütəm. Camaat bizə baxsa da, mən utanmırdım. Niyə belə yuxu gördüyümü başa salmaqda çətinlik çəkirəm. Əslində mən çox utancağam, yuxuda isə nəinki həya eləmir, hələ bir özümü çox xoşbəxt də sanırdım. Bu vəziyyətimizin daha çox davam eləməsi üçün allaha da yalvarırdım. Oyananda bərk susamışdım. Boğazım qovuşmuşdu. Hər şey aydın idi: şam yeməyində omletin duzunu çox vurmuşdum. Hətta heç vaxt mənə irad tutmayan ərim də dedi ki, omlet duzlu çıxıb. Yuxulu-yuxulu, ləngər vura-vura özümü mətbəxə salıb doyunca su içdim. Nə qədər ləzzətli, dadlıydı! Yuxum tam dağılanda gördüyüm kişi yadıma düşdü və onun Tadzimaya oxşadığını xatırladım. Yox, hələ yuxuda olanda bilmirdim bu kimdi, sonradan isə tam əmin oldum ki, bu Tadzimaymış. Daha doğrusu özümü buna inandırdım...


  • Sən həmişə nəyisə özünə zorla təlqin elədiyinçün ziyan çəkirsən.

Doğurdanmı Tadzima məni nədəsə günahlandırırdı? Bir dəfə Saymuraya ərə gedib-getməməyimi onunla məsləhət eləmək istəyəndə, soyuqqanlılıqla sözümü kəsib demişdi: “Özün bilərsən, ərə gedən sənsən, mən deyiləm!” Sonralar, doğrudur, o neçə dəfə sözarası çatdırmışdı ki: “Belə tələm-tələsik, fikirləşmədən ərə gedəcəyini heç gözləməzdim”, amma bu sözləri elə etinasızcasına deyərdi ki, nə səsində, nə də sifətində kiçicik də olsa heyfsiləndiyi duyulmazdı. Bəlkə ürəyində heyfsilənsə də, özünü o yerə qoymazdı.

Bilsəydim ki, həqiqətən belədi, sevinərdim, amma bununçün əlimdə heç bir əsasım yoxdu. Bəlkə də hər şey başqa cür, çox sadəydi, məsələn, tutaq ki, adi insani hisslər Tadzimaya yaddır! Belədisə, o çox yazıq adamdı. Amma məsələ bunda idi ki, həmişə o məni yazıq sayırdı. Belədə mən də təkəbbürümdən özümü daha çox qüdrətli aparmağa çalışırdım. Budur, elə indi də onu inandırmaq istəyirəm ki, həm rəssam kimi, həm də bir insan kimi mən Saymurayla fəxr edirəm. Saymura mehribandır, həlimdir, – mənim həmişə belələrindən xoşum gəlib, -heç vaxt səsini üstümə qaldırmaz, nə istəsəm icazə verər, peşəmlə də maraqlanır, işimi soruşur. Ərə gedəndən sonra daha çox yaza bilirəm. Bütün bunlar ailəmizin uğurluluğuna sübut deyilmi? Kəsəsi, Saymura mənimçün ideal ərdir...

Bunları deyəndən sonra elə bildim xoşbəxt olduğuma Tadzimanı da inandırmışam. Amma o, sadaladığım bütün dəlilləri ciddi qəbul etməyib yüngülcə gülümsədi:


  • Sən bədbəxt olmaqdan qorxursan, onunçun da həm özünün, həm də

özgələrinin qarşısında xoşbəxt görünməyə çalışırsan. Bu indiki yaşayışının səni qane edə biləcəyinə heç vaxt inanmaram.

Hiss elədim ki, doğru deyir – heç olmasa müəyyən qismini, amma tələm-tələsik etiraz eləməyə başladım. Onda Tadzima qəddarcasına ikinci zərbəni endirdi. Siqaret qutusunu oynada-oynada, guya tamam kənar bir şəxs haqqında danışırmış kimi, etinasız görkəmlə dedi:



  • Di bəsdi! Mən öz dayımı yaxşı tanıyıram. Cikinə də bələdəm, bikinə də.

Haqqında çox şey bilirəm. Anladın?

Hə, Tadzimanın nəyə işarə vurduğunu anladım. Ancaq məsələ heç də bunda deyildi, qətiyyən bunda deyildi! Çünki mən Saymurayla daha çox mənəvi yaxınlığa can atırdım. Elə mənəvi yaxınlığa ki, bu zaman hansısa bir “Tadzima” barəsində düşünmək ağlıma belə gəlməsin.

Tadzima deyəsən lap ağ elədiyini başa düşdü. Sakitcə oturub gözlərini məndən yayındırmağa çalışdı.


  • Demək sən bizə ona görə gəlirsən ki, ailə həyatımızı güdəsən?

  • Yox, ey, yox! Bəlkə də mənim nələr keçirdiyimi başa düşməyəcəksən, amma

onu deyim ki...

Intizarla sözünün sonunu gözlədim. Mənə elə gəldi ki, nəhayət münasibətlərimizdə iynə ulduzu qədər işıqlı bir cığır açılır...

Birdən kimsə dəlicəsinə qapımızı döyməyə başladı. Mən cənab Asayın səsini tanıya bildim.


  • Saymura-san!.. Bədbəxtlik! Yalvarıram, tez olun qapını açın, tez!..

Biz dəhlizə yüyürdük, qapını açdıq. Asay kəkələyə-kəkələyə dedi:

kəpənək oldu getdi...

Bilmirdik kişini necə sakitləşdirək. Tez onların mənzilinə qalxdıq. Kəpənəyi çox axtarmaq lazım gəlmədi, onu əlbəəlcə gördük.



  • Asagimadaraya dönüb! Görürsünüz necə qəşəngdi... – Asayın sifəti işıqlandı.

Bir az əvvəl qutuda gördüyümüz kimi qəşəng bir asagimadara, təzə çıxmış zərif qanadlarıyla gün işığında bərq vura-vura rahatca uçurdu. O doğrudan da çox gözəliydi.

Asay işıldayan nəmli gözlərini kəpənəkdən çəkmirdi:



  • Gözəldir! Necə də gözəldir! Marinin bu qədər cazibədar ola biləcəyinə mən

heç şübhə eləmirdim, - o dodağaltı mızıldandı.

  • Bəs deyirlər qadınlar hamısı ifritədi... amma buna baxın... – Tadzima mənə

sarı dönüb guya saymazyana dedi. Sonra yenə nəsə söylədi. Mən fikir vermədim.

...Daha bir kişinin arvadı – ev qadını kəpənəyə dönmüşdü.

Mən qürub günəşinin şölə saçdığı çiçəkli bir çəmənlikdə gəzirdim. Ətrafımda kəpənəklər uçuşurdu. Minlərlə, yüz minlərlə. Daxilimdə dənizin xışltısına bənzər bir səs vardı. Tadzima bu səsi eşitməsin deyə cınqırımı da çıxarmırdım... Budur, o uşaqlıq illərimdə keçirdiyim vəcd, həzz, ləzzət... Yox, yox, o heç vaxt təkrarlana bilməz. Amma nə isə ona oxşar bir duyğu bütün bədənimi bürümüşdü...

Asay bizi unudaraq öz kəpənəyinin dalınca düşmüşdü. Birdən o xırıldamağa başladı, sanki ehtirasdan boğulurdu.



  • Mari, Mari!.. – Asay təkrar elədi. – Mənim əzizim, hər şeyi başa düşdüm, sən

haqlısan, haqlısan! Ancaq məni tərk etmə, uçub getmə, yaxşı?! Mən sənsiz dözəmmərəm, heç dözəmmərəm...

Tadzimayla biz sakitcə otaqdan çıxdıq, qapının ağzında sağollaşdıq. Bomboş mənzilimin astanasını adlayan kimi bir qədər əvvəl tək qalmaq arzusunda olan ürəyimi dözülməz kədər hissi bürüdü. Yadıma gəlir, hələ ərə getməmişdən əvvəl də bir dəfə məni öz kiçik, darısqal otağımda bu cür kəskin həsrət duyğusu yaxalamışdı. Tadzimanı qapıdan ötürəndən sonra üzüquylu düşüb hönkür-hönkür ağlamışdım. Hətta qabları yığışdırmağa belə heyim qalmamışdı. Təkcə bir istəyim vardı – ağlamaq, ağlamaq! Əlacsızlıqdan ağlamaq, öz yazıqlığımı dərk edərək ağlamaq...

Yenə də Tadzima mənə toxunmağa cürət eləməyib çıxıb getdi. Neçə dəfə özüm qoynumu ona açmaq arzusunda olmuşam, ancaq ürək eləməmişəm. Yəqin mən təkcə yuxuda cürətli və sərbəst ola bilirəm. Nədi məni belə tutub saxlayan? Birdən Tadzimanın bayaqkı sözlərini xatırladım: “Bəlkə də mənim nələr keçirdiyimi başa düşməyəcəksən, amma...” Heç vaxt o belə ciddi ahənglə danışmamışdı. Ancaq indi onun susması məsləhətdir. Artıq gecdir. Mən Saymuranın arvadıyam və mənə yalnız Saymura kömək edə bilər. Tadzima qorxaqdır. Düzdür, haçansa ətrafımdakı barama divarlarını dağıdıb məni azad etməsini arzulamışam. Onun isə gücü hələ tam bərkiməmiş bu qabığa yalnız iynələr sancmağa çatıb. Eh, özgəsini sancmaqdan asan nə var ki... O da ola əyləncə, maraq xatirinə, ya lap elə-belə bekarçılıqdan. Məhəbbətin bura heç bir dəxli yoxdur... Bax, deyəsən yenə başım öz ipək baramama qarışdı. Onu təzədən hörməyə çalışaraq, ətrafımda yeni, daha möhkəm, keçilməz çəpər çəkməyə can atıram. Elə çəpər ki, bütün dərd-sərimlə arxasında gizlənə bilim. Doğurdanmı mənəvi dincliyin əlacı gizlənməkdir? Doğurdanmı bütün ömrüm yan-yörəmə barama hörməklə, çəpər çəkməklə ötüb keçəcək? Kəpənəyə dönüb bircə dəfə o saf, parlaq, atəşin sevinci duymayacağam?

Qəribədir, bu həyəcanlı fikirlərdən xilas olmaq üçün ətrafımdakı səddi daha səylə möhkəmləndirməyə başladım.


* * *

Avqustun axırları idi, bürkülər hələ davam edirdi. Hər gün havanın hərarəti otuzdan yuxarı qalxırdı. Yağışdan əsər-əlamət görünmürdü. Deyirdilər son səksən ildə yay hələ belə isti, quraqlıq keçməmişdi.

Bütün günü evdə oturub heç yana çıxmırdım. Amma demək olar binamızdakı bütün qadınların artıq kəpənəyə çevrildikləri barədə xəbərlər alırdım. Mən çoxu da məzəmmətli, istehzalı baxışlardan qorxduğumçün bayır-bacaya çıxmırdım. Bilirdim ki, camaat məni görən kimi dərhal başlayacaqdı: “Baxın, kəpənəyə dönməyən təkcə bu xanımdır”.

...Siz niyə kəpənək olmaq istəmirsiniz? İnad edirsiniz?

...Yoxsa işiniz mane olur? Həm yazı yazmaq, həm də kəpənək kimi yaşamaq mümkün deyil?..

...Doğrudanmı heç vaxt kəpənəyə dönmək arzusuna düşməmisiniz?

Ərə getməmişdən qabaq da mənə tez-tez belə yöndəmsiz suallar verərdilər:

...Siz niyə ərə getmirsiniz?

...Kəbinə münasibətiniz necədir?

...Sizin üçün hansı əsasdır – iş, yoxsa ailə?

...Doğrudanmı heç vaxt ərə getməyəcəksiniz?..

Indi isə özüm-özümə sual verirdim: Doğrudan da, niyə axı mən kəpənək ola bilmərəm?



  • Çünki mən qadınam, kəpənək deyiləm. Ancaq görən mən əsil qadın sayılırammı?

Budur əsas məsələ. Axı hamı sakitcə yaşayır, sevinir, qanad çalıb pərvazlanır, məndən başqa. Yox, mən qadın deyiləm! Mənim bütün dərdim-sərim, kədərim də elə bundandır. Sərbəst deyiləm, sıxılıram, heç nəyə cürətim çatmır. Ərim isə bunları eşidəndə gülüb dedi ki, guya mən psixi xəstəliyə tutulmuşam.

Sonra da mənə əsəbi qırxayaq haqqında əhvalatı danışdı:



  • Biri varmış, biri yoxmuş, bir qırxayaq varmış. Gəzərmiş, tənbəl-tənbəl

veyillənərmiş, heç bir dərdi-səri yoxuymuş. Günlərin bir günü bu qırxayaq oturub fikirləşir ki, görən yeriməyə başlayanda əvvəlcə hansı ayağı irəli atmaq daha yaxşıdır? Çox fikirləşir, götür-qoy edir, ölçür-biçir, axırda çaşıb qalır, başını itirir və arxası üstə düşüb ayaqlarının qırxıyla da çabalamağa başlayır... İndi sən də ona bənzəyirsən.

Mən gülmədim, heç dodağım da qaçmadı. O doğru deyirdi. Fərq təkcə bunda idi ki, mən qırxayaq yox, hər vəchlə baramadan çıxıb qurtulmağa can atan sürfə idim. Yəqin mən barama toxumaqdan başqa bir şey bacarmırammış.


Son vaxtlar ərim evə gec qayıtmağa başlayıb. Yaradıcılıq ilhamı tez-tez cuşa gəlir və o, gecə yarısına kimi emalatxanada qalır. Onun gücü çoxdur, özü isə hələ təravətli və şəndir. Əvvəllər belə deyildi. Yəqin hər bir insanın ömründə bir dəfə belə işgüzar dövrü olur. Ancaq... məsələ təkcə işdədirmi?

Indi axşamlar mən evdə tək-tənha oturub ərimin yolunu gözləyirəm. Yazmağa nə gücüm qalıb, nə də həvəsim. Qulaqlarımda bütün günü o qızın sadəlövh, aydın gülüşləri səslənir. Yumini deyirəm. Gözlərimin önündə asagimadara kəpənəkləri uçuşur... Kəpənəklər... Nə qədər çalışsam da onlardan yaxamı qurtara bilmirəm. Bir axşam heç olmazsa qısa müddətə hər şeyi unutmaq ümidiylə bir qədər içməyə çalışdım... və tədricən buna alışdım. Viski zəhər kimi olsa da, hər içəndə kefimi qaldırırdı. Baramanın sapları tədricən açılır, mən özümü çox yüngül və sərbəst hiss eləyirdim. Bədənim rahatlıq tapırdı. Azadlıq – nə qəribə hissdir bu! Mənə elə gəlirdi ki, hər şeyə qadirəm, nə istəsəm eləyər, nəyə istəsəm çevrilə bilərəm. Məsələn, çox asanlıqla kəpənək olaram... Par-par yanan, min bir rəngə çalan o ülvi səadətə çatmaq üçün əlimi uzatmağım yetər!

Sentyabrın necə girdiyindən, necə sona yetdiyindən heç xəbər tutmamışam. Günlərim həmişəki kimi darıxdırıcı keçirdi. Boyun olduğum pyesi də yaza bilmədim. Üstünə “Kəpənək mövsümü” yazılmış dəftərçəni hərdən əlimə alıb ora-burasına baxır, dodaqaltı bu iki kəlməni təkrar-təkrar söyləyirdim. Maraqlıdır, görəsən o vaxtlar nədən yazmaq istəmişəm? Axı yaxşı yadıma gəlir ki, nəsə şedevr yaratmalıydım.

Bir axşam hava bərk soyuduğu üçün ərim evə tez qayıdıb gəldi. Viski içdiyimi görüb birtəhər oldu.



  • Bu nədir, nə qədər içmək olar? Sən ki, lap sərxoşsan? – Saymura qədəhi

əlimdən almaq istədi.

  • Sən allah, mənə toxunma... Yaxşısı budur su ver içim.

Ömrümdə ilk dəfəydi ona qarşı çıxır, iş buyururdum. Bu, gərək ki onu lap çaşdırdı, amma yenə də mətbəxə su dalınca getdi.

Bir az da, lap bir balaca da, hə budur, parıltılı, şəfəq saçan səadət... Bax, indi, az qalıb... Sonuncu sap da qırılsa... Yox, alınmadı... Nəsə çatmadı. Nə? Hə, bir az da içmək lazımdı... Belə!..

Mən qədəhdəki viskinin hamısını bir nəfəsə başıma çəkdim. Damarlarıma yayılan odlu mayenin təsirindən qanım çoşdu, fışqırtısı aləmi bürüdü və ürəyimə damdı ki, gecə nəsə olmalıdı.

Telefon zəng çaldı. Mən səndərləyə-səndərləyə yaxınlaşıb dəstəyi götürdüm. Yuminin səsiydi. Qulağıma şən musiqi doldu, deyəsən restorandan zəng vururdu. Uzaqdan gəlib çatan bu şən səslər saysız-hesabsız kəpənək qanadlarının xışıltısını xatırladırdı! Bu bənzəyiş məni elə güclü heyrətə saldı ki, bir kəlmə də söz deyə bilməyib yerimdəcə dondum.



  • Belə gecə vaxtı kimdi o?

Cavab vermək əvəzinə başımı yellədim. Ərim dəstəyi əlimdən aldı.

  • Alo! Kimdi?.. Yumi, sənsən? Nə boş-boş şeylər danışırsan? Niyə sözümə

qulaq asmadın? Mən axı xahiş elədim tez evə gedib yatasan... Heç bilirsən indi saat neçədir?

Görünür qız nəsə xahiş eləyir, bu isə razılaşmırdı, ancaq sonradan, deyəsən özünü boşladı.



  • Yaxşı, yaxşı, gələrəm. Hə, indi. Sən ordan heç yerə tərpənmə, gözlə...

Ərim dəstəyi asıb tələsik paltarasandan plaşını çıxartdı.

  • Bu qız məni lap boğaza yığıb.

  • Sən gedirsən...

  • Görmürsən, deyir gəlməsən... özümü öldürəcəm...

  • Of, nə sarsaq sözlər... Səni ələ salır...

  • Yox, ondan nə desən çıxar...

  • Ölmək istəyirsə, mane olma, nəyinə lazımdı?

Saymura məzəmmətlə mənə baxdı:

  • Heç ayıb deyil?

  • ...Bəs əgər mən desəm getmə? Yox, xahiş eləsəm, onda? Gedərsən? Hə?

Saymura... Say...

  • Bura bax, birdən-birə durduğun yerdə sənə nə olub? Yoxsa Yumini mənə

qısqanırsan? Narahat olma – bu saat onu evinə qoyub qayıdıram...

O, plaşını geyinib getdi.

“...Birdən-birə durduğun yerdə sənə nə olub?” Maraqlıdır. Yox, bəlkə elə doğrudan da mənə nəsə olub? Bəlkə Saymura indi bu saat mənə daha çox gərək idi, nəinki Yumiyə, nəinki hər hansı bir başqa adama, onda? Niyə getdi? Görən desəydim özümü öldürəcəm, o buna necə baxardı? Yəqin heç inanmazdı. Ümumiyyətlə heç kim inanmazdı. Mən axı hər şeyi başa düşən qadınam! Hər şeyi başa düşən qadın isə axmaq hərəkətlər eləməz. Heç ondan da nigaran qalarlar? Hər şeyi anlayan qadına böyük bir pislik eləsən də o yenə inciməz, küsməz. O kədərin də, qəmin də öhdəsindən gələr. Onların qarşısında əyilməz. Hər şeyi başa düşən qadınla ayrılmaq da asandır, istər bir saatlığa, istər həmişəlik. Əngəli-filanı çıxan deyil... Ona görə də mənimlə heç kim heç vaxt razılaşmır, hisslərimi ciddi qəbul eləmir. Mən çox yöndəmli, ziyansız adamam. Ümumiyyətlə, axı hər şeyi anlayan qadın nə deməkdir? Sürfə, tırtıl, kəpənək qurdu... Sakit, gözəgörünməz... Bir küncə çəkilib oturub, heç kimə də mane olmur. Onun işi – susmaq, bir də dözməkdir, vəssalam. O ətrafındakılara nə təsir göstərə bilər?

Viski dolu qədəh əlimdə dərin kresloya uzanıb zümzümə eləməyə başladım:



  • Özümü öldürəcəyəm!.. Əgər tez qayıdıb gəlməsən...

  • Özümü öldürəcəyəm!.. Əgər məni sevməsən...

  • Özümü öldürəcəyəm!.. Mütləq öldürəcəyəm, görərsən...

Səsim lap xırıltılı çıxırdı. Mən otaqda tək idim, binada da, bütün dünyada da tək idim. Tənhaydım... Necə hönkürüb ağlamağa başladığımdan heç özümün xəbərim olmadı...

Qapımızın zəngi vurulanda yataqda uzanmışdım. Birtəhər qalxdım, yenə səndərləyə-səndərləyə gedib qapını açdım və mat qaldım. Elə bilirdim gələn ərimdir, kandarda isə Tadzima dayanmışdı.

Deyəsən Tadzima məndən də çox təəccübləndi. Bir addım geri çəkilib, ilk dəfə görürmüş kimi, qəribə baxışla məni süzdü və hannan-hana dilləndi. Yoldaşıgildəymiş, maconi oynayıb bütün pullarını uduzub, durub bizə taksi puluna gəlib. Tadzima soyuqdan donmuşdu, dedim içəri girsin.

O bir az içmişdi, buna baxmayaraq stolun üstündə açıq viski şüşəsini görən kimi, qədəhi doldurub başına çəkdi.



  • Dayım hanı?

  • Yumi zəng vurmuşdu, dedi özümü öldürəcəm, o da “təcili yardım” arabası kimi

köməyə cumdu.

  • He-he, “təcili yardım” arabası – yaman dedin ha!

Tadzima güldü, amma bu gülüşdə nədənsə bir həyəcan, narahatçılıq duyuldu.

  • Bilirsən, sən qapını açanda yamanca təəccübləndim. Hə, dedim, axır ki, bu

xanım da kəpənəyə döndü! Yəqin hər şey içkinin köməyilə olub, hə?

Mən yalnız indi zərif tül gecə köynəyində olduğumu dərk elədim.



  • Bağışla, sən allah. Bu saat geyinib gəlirəm. Bilirsən, bir balaca içdim, sonra

da...

  • Oho! Kefli olmağın da bir yenilik!

Tadzimanın gözləri kədərli ehtiras qığılcımıyla işıqlanıbmış kimi, par-par yandı. Sanki özünü nəyəsə inandırmaq məqsədilə açıq-açığına məni başdan-ayağacan süzüb dedi:

  • Yadındadı, bir dəfə sərgiyə getmişdik? O belə böyük, mavi kəpənək gördük

e... Adını da unutmuşam. Elələri ancaq Cənubi Amerikada yaşayır...

Hələ ərə getməmişdən əvvəl idi. Biz universal mağazalardan birində təşkil edilmiş “Dünyanın bütün kəpənəkləri” sərgisinə getmişdik. Zalın ortasındakı lövhədə iri bir göy kəpənək asılmışdı, elə bil lap canlı idi. Al-əlvan gözəlliyi ilə bütün qalan kəpənəkləri kölgədə qoymuşdu, sanki havada pərvazlanırdı. Adam dünyada belə kəpənəklərin ola biləcəyinə heç inanmaq istəmirdi. Biz həmin göy kəpənəyin qarşısında xeyli dayanıb tamaşa elədik, xəyala daldıq, sanki biz də onunla birlikdə qanad açıb özgə aləmlərə uçduq.



  • Meşədə bu cür kəpənəyə rast gələn hər hansı bir kişi mütləq heyrətdən ağlını

itirər. – Tadzima o vaxt zarafatla demişdi.
...Mən paltarımı dəyişmək üçün yataq otağına keçdim. Təzəcə çarpayıya yaxınlaşmışdım ki, birdən Tadzima arxadan bərk-bərk çiyinlərimi qucaqladı. Mən cəld geri sıçradım və düz gözlərimin qarşısında onun sifətini gördüm.

  • Kəpənəyim mənim!..

Tadzima məni qolları arasında sıxıb çarpayının yanında durduğumuza baxmayaraq, döşəməyə yıxdı. Mən müqavimət göstərmədim. Döşəmədən otağı tamam başqa cür görürdüm. Adət elədiyim, hər kiçicik təfərrüatına kimi tanış olan yataq otağımız sanki yoxa çıxmışdı. Stolüstü lampanın işığı tavana qəribə kölgələr salırdı. Mən elə bil harasa dərinliklərə, yerin tərkinə batırdım. O dibsiz ənginlikdə təkcə Tadzima görünürdü. Biz səbirsizliklə bir-birimizi arayıb-axtarır, tapışırdıq. Deyəsən bu hissləri mən haçansa keçirmişdim. Özü də bir dəfə yox, çoxlu-çoxlu... Bəlkə yuxuda?.. Doğrudanmı onlar yuxu imiş?
Tadzimanın əlləri köynəyimə toxunanda yüngülcə göz qapaqlarımı endirdim və... hər yan qürub günəşinin şüalarına bürünərək bərq vuran güllü-çiçəkli çəmənlik idi. Və mən bu qürub yanğınında, bu göz qamaşdırıcı parıltılar altında saysız-hesabsız kəpənək görürdüm. Bu saat onlar hamısı dəstəylə havaya qalxacaq, bu saat... Uzaqdan səs gəldi, elə bil hardasa böyük bir ocaq çatmışdılar, növbəti anda isə artıq alov məni də bürüdü, canımı od götürdü; yandırıb-yaxan, hər şeyi udan insafsız alov... Mən Tadzimanın sirayətedici nəvazişlərinə qapılaraq qeyri-ixtiyari hıçqırdım. Bu hıçqırtıyla məni baramaya bərkidən sonuncu ilmək də qopdu. Dözülməz ağırlıq yoxa çəkildi, mən azad oldum, azad!.. Artıq bədənim nə şüura, nə də iradəyə tabe olaraq sərbəstcə yaşayır, Tadzimanın bədəniylə bir ahəngdə süzürdü. Səsim də dəyişib hıçqırtıya, iniltiyə dönmüşdü. Hədsiz ləzzət içində gedən bütün dəyişiklikləri hiss edir, bundan fərəhlənirdim. Daşlaşıb bərkimiş əzələlərim yumşalır, dərim elastikləşir, qanım fışqırtıyla fəvvarə vururdu, artıq huşumu itirməyə başlayırdım ki, qanadlarımın çıxdığını hiss elədim. Mən indi sanki təkcə qanadlardan ibarət olan məxluqdum. Onlar inkişaf edir, gərilir, uzanırdılar.

Təzə qanadlarımı gen açaraq Tadzimanın üstünə sərdim. Qanadlar hələ zəif olduğu üçün titrəyir, dayanmadan əsirdilər. Mən xoşbəxt idim!


Hər şey qurtarandan sonra, yəni Tadzima məni kəpənəyə döndərmək üçün bütün qüvvəsini sərf edəndən sonra, sinəmdəcə uyudu, mənsə qanadlarımı bərk-bərk sıxaraq onun üstünü örtdüm. Möhkəm sıxılı halda da qanadlarım titrəyirdi. Biz xeyli beləcə qaldıq. Nə vaxtsa aramızda ucalan sədd dağılıb tökülmüşdü. Mən Tadzimanın isti nəfəsini duyur, ürəyinin döyüntüsünü, damarlarındakı qanın zoqqultusunu hiss edirdim.

Sonra mən qalxdım. Ayaqlarımda qəribə bir heysizlik vardi, tavan, döşəmə, divarlar nədənsə durmadan hərlənirdi, özümü bir qədər inamsız hiss edirdim.

Elə hey nədənsə tutub dayanmaq istəyirdim... Və birdən hər şeyi anladım: mən ki uçuram! Onunçun da otaq belə baş-ayaq, dayaqsız görünür. Bu zaman artıq uçmağın ləzzətini duyub, havada qanad çalmağa başladım. Azadlıq! Yəqin ki, bu təzə vəziyyətimə alışana kimi hələ bir müddət keçməliydi.


  • Mənə baxırsan? Axır ki, kəpənəyə döndüm!.. Qəşəngəm, eləmi?!.

Tadzima çarpayının kənarında oturaraq key-key mənə baxırdı. Bir qədər əvvəl bu halsız kişinin qarşısıalınmaz ehtirasla coşduğuna inanmaq çətindi. O, məni məğlub eləmək istəyirdi, amma mən qalib çıxmışdım. Acıq verirmiş kimi, qanadlarımı gərərək onun başı üzərində uçurdum. Daxilimdə tükənməz sevinc duyurdum. Gülürdüm, ağlayırdım, durmadan təkrar-təkrar hey deyirdim:

  • Mən kəpənəyəm!.. Mən kəpənəyəm!..

Bədənimin odu səngimək bilmirdi.

  • Qucaqla məni!.. Sevinc bəxş elə mənə!..

Tadzima məni yatağa uzandırmağa çalışdı:

  • Sakit ol! Nə yaman içmisən?

  • Istəmirəm! Mən azadam! Kəpənəklər heç vaxt sakit uzanmırlar! – üstümə

çəkdiyi yorğanı tullayıb təzədən yataqdan uçub qalxdım.

Qanadlarımı geniş açıb Tadzimanı qucaqlamaq istəyəndə o elə qorxdu ki, lap yazığım gəldi.



  • Bağışla, taqsırkaram... Hər şey qoy aramızda qalsın. Heç kimə demə, yaxşı?

Bu axı nədi ki, boş bir şey... Doğrudan boş şeydir. Sabah hər şeyi unudacaqsan...

Bu sözləri deyib, o getdi, daha doğrusu... qaçdı.

Tək qalan kimi, yenə də otaq buz səhrasına döndü. Sıxıldım. Bəs qızıl parıltı hara getdi? Məni üşütmə tutmuşdu.

Soyuqdur, dəhşət soyuqdur... Axı niyə Tadzimanın sifəti belə kədərliydi? Bəlkə mənim kəpənək olandan sonra uçub qaçacağımdan qorxdu? Ay səni, səfeh, səfeh!.. Amma yox, bundan olmaz. Axı o dedi ki, günahkaram, bağışla, bir də dedi ki, sabah hər şeyi unudacaqsan. Bax bu lap ağ oldu! Məni burda tək-tənha atıb getməyə onun nə haqqı vardı? Mən sevincsiz dözəmmirəm, dözəmmirəm!

Bəli, mən daha qaynar sevinc olmasa, işıq, hərarət çatmasa yaşaya bilmərəm. Axı daha kədərdən və soyuqdan qorunmaq üçün səddim, qabığım yoxdu, dağılıb getmişdi.

Var gücümü toplayaraq qanad çaldım, otaqda uçmağa başladım. Bir yerdə duranda darıxırdım, dözə bilmirdim.

İşıq istəyirəm! İsti yandırıcı şüalar istəyirəm! Mənə sevinc bəxş edin! Doğrudanmı mənə kiçicik bir sevinc bağışlamağa bir adam tapılmayacaq?.. Soyuqdur, soyuq...

Niyə axı belə üşüyürəm? Axı mən yeni həyat üçün təzəcə doğulmuşam. Uzun illər həsrətində olduğum, arzuladığım həyat üçün. Mən kəpənəyəm, kəpənək! Bəs hanı o yüngüllük, o əlvan rənglər?

Dünya elə əvvəlki kimi bomboz idi. Və bu boz dünyada mən yenə də tək-tənha qalmışdım. Bəlkə indi gecədir, onunçün? Səhər açılanda hər şey yaxşı olacaq. Şəfəqin həlim parıltısı, günəşin ilıq nəfəsi mənə yeni güc, qüvvət verəcək. Gecə isə hamı yatır. Kəpənək də gərək yatsın. Qanadlarını cütləşdirib, qalın yarpaqların arasında özünə yer eləyib yatsın. Görəsən kəpənəklərin yuxusu necə olur? Qanadları yuxuda da – bir şey tələb edəndə, ya bir şey axtaranda titrədiyi kimi – titrəyirmi? Hə, əlbəttə, axı sakit yuxuda da kəpənəklər sevinc, od-alov, gözqamaşdırıcı rənglər həsrətində olurlar. Sabah tezdən o alov qopub məni də bürüyəcək. Sabah səhərdən mənim yeni həyatım başlayacaq, yeni həyatım... Bax onda...
***


Yüklə 194,92 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə