Yazılmışdır: 1906 1909 Yenidən işlənmişdir: 1917 1920 İlk nəşri: 1969 İlk səhnə quruluşu: 1922 ƏŞxas



Yüklə 284,53 Kb.
səhifə2/3
tarix11.04.2018
ölçüsü284,53 Kb.
#36913
növüYazı
1   2   3
Yavuz (yerindən qalxar). Dur, doktor Qaratayı gətirəlim, baxalım, nə deyir. 
İlcay. İmdi xəbər göndərdim, qardaşımla bərabər gələcək, lakin o gecədən bəri nə Özdəmiri unudur, nə də Xandəmirlə Qaratayı görməyə gözü var. Hətta, Özdəmirin ölməsini də Qarataydan görür. 
Yavuz. Yaxşı, Qaratay nə yapsın? 
İlcay. Nə biləyim, görünür ki, o xüsusda bir şey bilir. 
Yavuz. Xeyr, doktor öylə adam deyil... Yalnız Ərtoğrul bir az xəyalpərəst... boş yerə özünü üzür. 

Ərtoğrul arxa tərəfdən gəlir. 

İlcay. Ah, bir danəcik oğuldur, o da öz səhhətinin, öz həyatının düşmanı... 
Yavuz. Heç maraq etməyin, həpsi keçər gedər. 
İlcay. Ah, qorxuram, çox qorxuram. 
Ərtoğrul (sinirli qəhqəhələr ilə). Qorxma, annəciyim, heç qorxma!.. Çünki həyatda qorxulacaq bir şey yox... İnsanları qurtaracaq bir qüvvət varsa, o da cəsarət, yalnız bir cəsarətdir. Mən yaşamaq üçün titrəyənləri daima Əzrail qucağında gördüm; ufaq bir qıvılcımdan ürkənləri daima yanğın ocağında buldum. 
İlcay. Lakin düşünməli, yavrum, böylə sərin havada sadə bir gömləklə bağçaya çıxılırmı? (Evə gedir.) 
Yavuz. Məncə, bu hal çocuqluq və dəlilikdir. 
Ərtoğrul. Əvət, çocuqluq və dəlilik!.. (Qəhqəhə.) Çocuqluq və dəlilik! İştə xatırlayıram, bu sözlər bir ay əvvəl də qulaqlarımı tırmalamışdı... O gecə, əvət o gecə Altunsaç da mənə çocuq deyirdi; Özdəmir də dəli deyə gülürdü. 
İlcay (əlində bir qalpaqla bir atqı “plaş” gəlir və hər ikisini Ərtoğrula verir). Al, quzum, hava çox sərin... Təkrar soyuq alırsan. 
Ərtoğrul (atqını alır, yarı bürünür, qalpağı sıra üzərinə atar). Bilməm, bu bahardan, bu lətif ruzigardan neçin bu qədər qorxursan? Ağacları, çiçəkləri süsləyən, quşları, kələbəkləri bəsləyən bahar yalnız insanamı, yalnız mənəmi düşman kəsiləcək!? Halbuki, mənim vücudum bir çiçəkdən daha qaba, bir kələbəkdən daha qalındır. 
Yavuz (rəqsan və məğrur addımlarla gəlməkdə olan Altunsaçı Ərtoğrula göstərir. Yarım qəhqəhə ilə). İştə çiçəkdən bəhs etdin də, qarşımıza çıxdı. 
Ərtoğrul (mənalı bir baxışla baxar). Əvət, həm də öylə bir çiçək ki, yürüyürmü, qoşurmu, oynayırmı, uçurmu, insan bir dürlü fərq eləmir. 
Altunsaç (şux bir təbəssümlə). Gün aydın, əfəndilər. (Təmənna edər.) 
İlcay. Xoş gəldin, qızım, səfa gəldin. (Öpüşürlər.) 
Altunsaç (Ərtoğrula). Necəsən, baxalım, nə yapırsan? 
Ərtoğrul (istehzalı təbəssümlə). Qüruni-vüstada yaşayıram. (Qəhqəhə.) Əvət, qüruni-vüstada yaşayıram. 
Altunsaç. Hala unutmadınmı? Unutmadınmı ya? 
Ərtoğrul. Mən çox vaxt özümü unuduram, fəqət bu sözü unudammıram. (Acı qəhqəhə.) Çünki səni unudammıram. 
Altunsaç. Təşəkkür edirəm, görünür ki, qovğadan çox zövq alırsan. 
Ərtoğrul. Zatən, bütün həyat qovğadan ibarət deyilmi, ya? 
Yavuz (yerindən qalxar, kinayəli bir ahənglə İlcaya). Bunları öz halına buraxsaq, daha eyi olmazmı? 
İlcay. Haydı, gəl, biz birər qəhvə içəlim, savaşıb barışdıqdan sonra onlar da gələrlər. 

Hər ikisi içəri girər. 

Altunsaç (şux bir təbəssümlə). Çox tühaf deyilmi, ya! Yenə əski hal, yenə əski xırçınlıq... 
Ərtoğrul. Nə yapalım, çox uğraşdım, bir dürlü yeniləşmədim. Əvət, yenə əski çocuqluq, yenə əski dəlilik... 
Altunsaç (çox ciddi). Xeyr, sən mənə gülürsən, mənimlə əylənirsən. 
Ərtoğrul. İştə bu da yeni bir iftira, yeni bir təhqir... 
Altunsaç (sarsılmış bir halda). Ah, neçin insaf etmirsən? 
Ərtoğrul. İnsafmı? (Qəhqəhə.) Zatən, insaf və mərhəmət İsa ilə bərabər göyə çəkildi. 
Altunsaç. Ah, yenə gülürsən. 
Ərtoğrul. Fəqət bu qəhqəhələr acı fəryadlardan başqa bir şey deyil. 
Altunsaç. Xeyr, sən çox haqsız və çox məğrursan. 
Ərtoğrul. Kim bilir, bəlkə mən bir aynayam ki, öz mənliyini məndə görürsən. Mən əvvəl nə idimsə, imdi də oyam, hər nasılsa dəyişmədim, dəyişmirəm; fəqət sən biləks, gündən-günə dəyişir və gözəlləşirsən. Hər halında bir yenilik, hər hərəkətində bir böyüklük görünür. (Acı qəhqəhə.) Əvət, sən bir gülsən ki, zəhərli tikənlərin könlümü parçalayır; sən bir pərisən ki, atəşli dırnaqların beynimi gəmirir. 
Altunsaç (sinirli və dalğın). Ah, sən bir cəlladsan, bir Əzrailsən. 
Ərtoğrul (müstəhzi). Halbuki, Əzrail də bir mələkdir. Fəqət mən bir mələyin Əzrail olmasını arzu etmərəm... 
Altunsaç (getmək istər). Əvət, haqlısan... 
Ərtoğrul. Nerəyə? 
Altunsaç. Gəldiyim yerə. 
Ərtoğrul (onun əlini yaxalar). Xeyr, getmə! Əgər məndən uzaqlaşmaq istəyirsən, daha yaxın gəl; çünki yanğından qurtulmaq üçün tək bir çarə var; o da yalnız alova soxulmaqdır. 

İlcay ilə Yavuz balkona çıxarlar. 

İlcay. Nerdə qaldınız? 
Yavuz. Sizi bəkləyiriz. 
Ərtoğrul. Gəliriz. 
İlcay. Nə oldu? Barışa bildinizmi, qovuşa bildinizmi? 
Altunsaç (istehzalı təbəssümlə). Əvət, barışdıq, fəqət atəşlə pambığın barışması kimi... 
Ərtoğrul. Əvət, qovuşduq, fəqət kürreyi-ərzlə püsküllü ulduzun qovuşması kimi... 
İlcay (Altunsaçın əlindən tutar). Gəl, baxalım, neçin bizdən qaçırsan? 
Altunsaç (Ərtoğrula baxar, acı bir təbəssümlə). Mən qaçmıram, qaçırırlar. (İçəri girərlər.) 
Yavuz (Ərtoğrula). Mənə bax! Altunsaç bir gövərçindir, əfsus ki, onu uçurmaq istəyirsən. 
Ərtoğrul. Maraq etmə, uçurmaram. 
Yavuz. Düşün ki, o bir atəşdir, halbuki, atəşlə lətifə edilməz. 
Ərtoğrul (müstəhzi qəhqəhə ilə). Görünür ki, Qaplandan ehtiyat edirsən. 
Yavuz. Xeyr, o sərsəmdir, əlindən bir iş gəlməz; fəqət doktor Qaratay, sənin o yeni rəqibin daha qorxunc və daha təhlükəlidir. 
Ərtoğrul. Demək, imdi Afəti buraxıb da, Altunsaçımı izləyir? 
Yavuz. Həm də nasıl izləmək! Bir an belə kölgəsindən ayrıldığı yox. Babası Xandəmir isə doktora qarşı çox lütfkar... Çünki o da kəndisi kimi macəracu, olduqca sərvət və şöhrət düşkünü... 

Alagöz qara geyinmiş olduğu halda əlində iki kitab gəlir. 

Ərtoğrul. Buyursunlar, əfəndim. (Əl verdikdən sonra.) Eyi ki, bizi də xatırlaya bildiniz. 
Alagöz. İnanız ki, heç vaxtım yox, yalnız xəstə olduğunuzu eşitdim də, onunçün gəldim. 

Ərtoğrul. Təşəkkür edirəm. 


Yavuz. Lakin, nədənsə, əsla evinizdə bulunmursunuz. 
Ərtoğrul. Əvət, mənə də xidmətçi öylə söylədi. 
Alagöz. Çünki hər gün xəstəxanaya gedirəm də... 
Ərtoğrul. Neçin? Xəstəmisiniz? 
Alagöz. Xayır, yaralı əsgərlərə baxıram. 
Ərtoğrul. Hanki xəstəxanada? 
Alagöz. “Turan” caddəsində, “İbn Sina” xəstəxanasında... 
Ərtoğrul (mənalı və məhzun). Əvət, çox gözəl... 
Yavuz. Bu kitablar nə? 
Alagöz. Romandır, Ərtoğruldan aldım. 
Ərtoğrul. Nasıl, mütaliə buyuruldumu? 
Alagöz (məhcub və mütəbəssim). Əvət, təşəkkür edirəm, sanki hər ikisi mənim ruhumu, mənim həyatımı təsvir edən birər aynadır. Görünür ki, bunları seçib verdikdə, hər şeydən əvvəl, məni düşünmüşsünüz. 
Ərtoğrul. Təbii deyilmi ya... 
Yavuz (mütəbəssim). Zatən, ruhşünaslıq da bir növ peyğəmbərlikdir. 
Ərtoğrul. Daha doğrusu, peyğəmbərlik də bir növ ruhşünaslıqdır. Yaxşı, bu kitabların məalı nədir?
Alagöz. Nurani bir təsəlli: səadət — məhəbbətdir. 
Ərtoğrul. Təbii, məhəbbət — səadətdir. 
Alagöz (məzhun bir təbəssümlə). Demək ki, mən məsud olamaram. 
Yavuz. Neçin? 
Alagöz. Çünki sevmirəm. 
Yavuz. Xayır, biləks, səadət sizi daima izləyir, bir kölgə kimi peşinizdən ayrılmır; lakin bir mane, qorxunc bir kabus sizi məyus edir. 
Alagöz (azacıq sinirli). Açıq söyləyin, anlamıram. 
Yavuz. Düşünsəniz, anlarsınız... Fəqət anlamasanız, daha məsud olursunuz. 
Alagöz (sarsılmış bir halda ətrafa). Ah, nələr eşidirəm! Bu müəmmalı sözlər bir ox kimi qəlbimi parçalayır. 
Ərtoğrul. Aman, rica edirəm, bu sərsəmə qulaq verməyin, Altunsaç da burada. Buyurun, bir qədər görüşüb qonuşursunuz. 

Alagöz məhzun və düşüncəli addımlarla içəri girər. 

Yavuz (dadsız qəhqəhə ilə). Mən Alagözü bunca sinirli bilməzdim. 
Ərtoğrul (darğın). Sən bir odunsan, həm də yonulmamış meşə odunusan. 
Yavuz. Heç darılma, girər, üzr istərəm. 
Ərtoğrul. Üzrün qəbahətindən daha betər... 
Yavuz (yarım qəhqəhə ilə). Bilirmisən nə var, mən bu qıza məftunam. Fəqət sənə qarşı o qədər lütfkar göründü ki, sinirlərimə toxundu. 
Ərtoğrul. Yaxşı, oxu atıb yayı gizlətməkdə nə məna var? Söylə, baxalım. O hanki mane, o nasıl kabus imiş? 
Yavuz. Kabus iştə onun annəsi... O bu şəhərdə durduqca, Alagöz məsud olamaz. 
Ərtoğrul. Haydı, gəl baxalım, sən daima saçma söyləməkdən zövq alırsan. (Təbdili-tövr ilə.) Lakin sənə bir ricam var; saqın, bir daha könlünə toxunmayasan. 
Yavuz. Yaxşı, sənin xatirin üçün dilsiz və sağır olaram. 

İçəri girirlər, bu sırada Afət ilə Qaplan gəlir. Afətin şıq və siyah əsvabı, mükəmməl tualeti, sərbəst tövr və hərəkəti kəndini daha şux, daha füsunkar göstərir. 

Qaplan. Mən geri dönmək istəyirəm, təbii, qüsura baxmazsınız. 
Afət. Neçin? Ərtoğrulu görmiyəcəkmisən? 
Qaplan. Xeyr... Onu sevindirməkdən ziyadə kücəndirmiş olaram. 
Afət. Yaxşı, o halda buraya qədər neçin gəldin? 
Qaplan. Orasını özüm də bilməm. (Onu məczub bir baxışla süzərək.) Müsaidənizlə... (Əlini öpər.) 

Ayrıldığı sırada Qaratay gəlir. 

Doktor (istehzalı təbəssümlə uzaqlaşan Qaplanı göstərir). Yeni eşqinizi təbrik edirəm. 
Afət (eyni tərzdə). Əskik olmayın. 
Doktor. Fəqət könül bir olduğu kimi, məhəbbət də bir olmalıdır. 
Afət (müstəhzi). Sizdə olduğu kimi deyilmi? (Sinirli.) Ah! İnsafsız, mərhəmətsiz!.. Sən məni atıb da, Altunsaça uyarsan, saatlarca peşindən ayrılmazsan, mehtablı gecələrdə əcnəbi kokotlara qayıq gəzintisi yaparsan, həpsi keçər, gedər. Fəqət mən... mən isə yalnız əlimi öpdürməklə böyük bir günah işləmiş oluram, öyləmi?.. 
Doktor. Çünki sən qadınsan, anlayırmısan? 
Afət (müstəhzi qəhqəhələrdən sonra, ciddi). Ah, zavallı qadınlar!.. Bütün mühit və qanunlar onlara düşman, bütün din və adətlər düşman; bütün təbiət və kainat düşman!.. Çünki zəifdirlər, onunçün də haqsızdırlar. Fəqət erkəklər həp məsum! Bütün sapqınlıqlarilə məsum, bütün azğınlıqları ilə məsumdurlar... Çünki bütün qanunları yapan onlar!.. Onunçün də haqsız deyillər... Haqsız olsalar belə, haqlı görünürlər. 
Doktor. Afət! Sən erkəkləri deyil, yalnız məni təhqir edirsən. 
Afət (son dərəcə qızğın). Sus, artıq çıldırıram. Ah, sən təhqirə belə layiq deyilsən. Sən, sönük bir arzun üçün məni qatil etdin, öz əlimlə qocamı zəhərlətdin; əməyilə bəsləndiyim bir biçarəni məhv etdin. Ah, imdi isə... 
Doktor (təlaş ilə). Aman, rica edirəm, sus! 
Afət (acı bir təbəssümlə). Heyhat! Mən sussam da, həqiqət susmaz. (İçəri girər, Xandəmir gəlir.) 
Xandəmir. Neçin içəri girmirsən?.. Ərtoğrulu görə bildinmi? 
Doktor. Xeyr, mən də imdi gəldim. 

Ərtoğrul sərv ağaclarının arasında görünür, onları dinlər. 

Xandəmir. Yahu, iki günün biri, xəstəlik, dəlilik!.. Bu çocuq başımıza bir bəla kəsildi. Zavallı Altunsaç!.. Ortada rəsmi bir şey yoxsa da, yenə hər kəs bu ikisini nişanlı bilir. Ah, qızımı, qızımın istiqbalını məhv etdim. 
Doktor. Əvət, Altunsaç bir almasdır. Siz onu qeyb etmiş kimisiniz, fəqət mən o alması təkrar özünüzə iadə edərsəm, mükafat olaraq nə verərsiniz? 
Xandəmir (təkidlə). Nə istərsən, hər nə istərsən... 
Doktor. Əgər istəyəcəyim məzkur almas özü olursa?.. 
Xandəmir (bir qədər sükutdan sonra). Lakin Altunsaçın könlünü almaq şərtilə... 
Doktor. İştə o mənim vəzifəm... (Ətrafa). Özdəmiri zəhərlətdiyim kimi, Ərtoğrula da bir çarə düşünərəm. 
Ərtoğrul (ətrafa). Ah, insan qılıqlı canavarlar! 
İlcay (təlaş ilə çıxar). Siz burdamısınız? Ərtoğrul nə oldu, nerəyə getdi? 
Xandəmir. Biz yeni gəldik, bir şeydən xəbərimiz yox. 
İlcay. Ah, imdi yenə əhvalı qarışdı. Sinirlənib də, dışarı fırladı. 
Doktor. Hər halda, onu yalnız buraxmamalı, bir gün, əvvəl bu şəhərdən uzaqlaşdırmalı, təbdili-hava üçün ətraf köylərə göndərməli. 
İlcay. Aman, doktor, bir çarə? 
Doktor. Artıq başqa çarə yox, onun yalnız vücudu deyil, beyni də xəstələnmiş... Diqqət edilməzsə, azacıq sonra dəli olar. 
Ərtoğrul. Dəlimi?.. (Qəhqəhə.) Yaxşı, dəlinin nəyi dəli olacaq?! 
İlcay (niyazkar). Ərtoğrul!.. 
Ərtoğrul. Rica edirəm, sən sus! 
Xandəmir (yaltaqca təbəssümlə). Doktor səni sevdiyi üçün öylə söyləyir. 
Doktor. Əvət, yalnız səni, sənin səhhətini düşünürüz. 
Ərtoğrul (sinirli və qızğın). Ah, tülkülər, çaqqallar!.. 

Bu sırada Altunsaç da çıxar. 

İlcay. Aman, nə söyləyirsən, düşün ki, onlar müsafir... halbuki, müsafirə ehtiram lazım... 
Ərtoğrul. Xayır, onlar bu evə müsafir kimi deyil, mənim məhvimi arzu edən iki cəllad kimi gəlmişlər. 
İlcay. Üzr istə, oğlum, ah, hər ikisindən üzr istə!.. 
Ərtoğrul. Əfv edərsən, doktor, mən sənə tülkü dedim, halbuki, sən insanları boğazlıyan diplomlu bir makinasan. (Xandəmirə.) Sənə də çaqqal dedim, möhtərəm dayı!.. Halbuki, sən də maarif süpürgəsisən, əqli topuğunda bir qazsan, qaz... Anladınmı? (Acı və sərsəmcə qəhqəhələr...) 
Altunsaç (sinirli). Fəqət bu nəzakətlə sən nə olursan, sən?! 
Ərtoğrul (qəhqəhə). Mən də düşgün bir mühitdə çırpınan bir zavallı!.. Sönük varlıqları yaxmaq istəyən bir qıvılcım... Pəncə-dırnaqlarla qəlbi gəmirilən bir bədbəxt, bir biçarə... Mənasız saylar ətrafında dolaşan bir sıfır, bir heç... 
Xandəmir (doktora). Görünür ki, söylədiklərimizi eşitmiş. (Ərtoğrula.) Ərtoğrul! Bir düşün ki, nə bütü qırırsan. 
Ərtoğrul. Bütpərəstliyi çoxdan buraxdım. Onunçün də büt qırmaqdan çox zövq alıram. 
Altunsaç. Ah, sən getdikcə çıldırırsan. 
Ərtoğrul. Əvət, çıldırıram, dəmin doktor da öylə söylədi. Deyilmi, əfəndim!.. (Doktora baxıb acı qəhqəhələrlə gülər.) 
Altunsaç. Rica edirəm, bizi yalnız burax! 
Ərtoğrul (istehzalı təbəssümlə). Xayır, rica ilə getməm. 
Altunsaç (qızğın). O halda əmr edirəm. 
Ərtoğrul (istehzalı qəhqəhə ilə). Madam ki, əmr edirsən, gedərəm. (Qəhqəhə.) Çünki sən qürur və əzəmət sultanısan. Çünki sənin əmrinə qarşı əyilməmək — haqsızlıqdır. Çünki sənin hər sözün şimşəkdən parlaq, qılıcdan kəskindir. (İki-üç addım bağçaya doğru yürür, təkrar dönər.) Bax, iştə gedirəm... (Acı və istehzalı qəhqəhələrlə çəkilir.) 

PƏRDƏ 


ÜÇÜNCÜ PƏRDƏ 

Bir il sonra dəniz kənarında, bağçada bir xiyaban... Xiyaban ilə dəniz arasında ortası açıq, otlar, sarmaşıqlarla örtülü bir çardaq... Xiyaban və çardaq içində - sağda, solda sıralar... Qürubə qarşı... mayıs... 

Pərdə açıldıqda yanıq və yaralı bir səslə aşağıdakı türkü eşidilir: 

Mən aşiqəm, bəlalər var başımda, 


Durmuş qorxunc uçurumlar qarşımda, 
Yaralandım, vuruldum gənc yaşımda, 
Sağalmaz yarası coşğun könlümün. 

Cahan cənnət olsa, insanlar mələk, 


Dağlar inci saçsa, dənizlər çiçək, 
Güldürsə həp ağlar gözləri fələk, 
Sağalmaz yarası məhzun könlümün. 

Bu sırada Ərtoğrul Yavuzla bərabər gəlir. O, imdi büsbütün dəyişmiş. Sağlam və gürbüzdür. 

Yavuz. Baxsana!.. Bu türkü sanki sənin halını təsvir edir. 
Ərtoğrul. Söylənmə, bax nə deyir. 

(Türkü davam edər) 

Sərxoşam, keçmədim meyxanələrdən, 
Aqiləm, dərs aldım divanələrdən, 
Dün gecə öyrəndim pərvanələrdən: 
Sağalmaz yarası məcnun könlümün. 

Yer üzünü sarsa dilbər mələklər, 


Mənim gözüm yalnız birini bəklər. 
Əflatunlar gəlsə, boşdur əməklər, 
Sağalmaz yarası vurğun könlümün. 

Yavuz. Əvət, sanki tamamilə sənin qəlbini oxuyur; sanki Altunsaçın ayrılığında çəkdiyin qayğıları tərənnüm edir. 


Ərtoğrul (istehzalı qəhqəhə ilə). Gerçəkdən yanılmırsan; çünki əriyib bitdiyimdən bəlli... 
Yavuz. Demək, Altunsaçı daha sevmirsən, öyləmi? 
Ərtoğrul. Yalnız onu sevmək deyil, hətta, məhəbbət sözünə belə güləcəyim gəlir. İmdi mənim sevəcəyim bir qız bulunursa, o da mütləqa insanlardan qaçmalı və kimsəyi sevməməlidir. 
Yavuz. Bu halda, Alagözün könlünü qazanmalısan, çünki o da tamamilə bu fikirdədir. 
Ərtoğrul. Nə isə... 
Yavuz. Fəqət Altunsaç?! Ondakı qürur və əzəmət bulunur şeymi? 
Ərtoğrul. Rica edirəm, Altunsaçı burax, daha ondan bəhs etmə. 
Yavuz. Zatən, bu gündən sonra lüzumu da yox... Çünki doktora nişanlandı, hər iş bitdi getdi. 
Ərtoğrul. Nasıl, doktor Qaratayamı? 
Yavuz. Əvət, bir ay sonra dügün yapılacaqmış... 
Ərtoğrul. Tamam, iştə bu xəbərdən çox məmnun oldum. Qəlbimdə ona aid bir kölgə, bir duyğu, sönük bir xatirə vardısa, o da imdi silinmiş oldu. (Sükut...). Əcəba, doktorun məşuqəsi nə oldu? Afət, o gözəl Afət nə yapır? 
Yavuz. Nə yapacaq; şəhərin bütün gəncləri, ən gözəl dəliqanlıları onun üçün çıldırır. Yalnız erkəklər deyil, qadınlar da ondakı gözəlliyə heyran, hətta, əvət, hətta özü belə öz hüsnünə, öz gözlərinə, öz dodaqlarına məftundur. Tualet yaparkən, dəfələrlə aynadakı rəsmini öpdüyünü görmüşlər... Əvət, o daima məğrur və bəxtiyardır. (Məhzun bir sükutdan sonra.) Mən yalnız bəxti dönmüşləri, talesizləri düşünürəm; mən yalnız Alagözə, o məsum qızcığaza acıyıram. Çünki o, hənuz açılmadan solmuş pənbə gülü andırır. 
Ərtoğrul. Sən onu, bihudə, gülə bənzədirsən... Məncə, Alagöz boynu bükük bir mənəkşə, Afət bəyaz bir zanbaq, Altunsaç isə tikənlı bir güldür. Əvət, bir gül!.. 
Yavuz (ətrafa baxaraq). İştə ana ilə qız gəlirlər. 
Ərtoğrul. Mənə qalırsa, onlara ana ilə qız deyil, Afət ilə Alagöz demək daha doğrudur. 
Yavuz. Çox tühaf, bu gün, nədənsə, bərabər gəzirlər, halbuki, Alagöz daima təklikdən xoşlanır və əlindən gəldiyi qədər Afətdən qaçır. 
Ərtoğrul. Çünki, onun bir atəş olduğunu bilir. Yanmayım — deyə çəkinir. 
Yavuz. Əvət, bir atəş, həm də qorxunc və sevimli bir atəş!.. 

Gedərlər, Alagöz ilə Afət gəlir. 



Afət (şux qəhqəhələrlə). Demək, sən kimsəyi sevmirsən, öyləmi? Doğrusu, çox xariqüladə bir təbiət!.. (Təbdili-tövr ilə.) Görünür ki, sən təbiətə qarşı qoymaq istəyirsən. Halbuki, dünyadakı otları, çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları həp birər-birər gözdən keçirsən, sevgidən məhrum heç bir məxluqə, heç bir zihəyatə rast gəlməzsən. Hətta günəşlər, aylar və ulduzlar arasında belə sıxı bir rabitə var, sarsılmaz bir cazibə qanunu var. 
Alagöz. Təbii, hər kəsdə olduğu kimi, məndə də könül var. Məndə də duyğu var. Fəqət nə çarə ki, imdilik sevəmmirəm, seviləmmirəm. Şübhə yox ki, sevsəm, seviləcəyimə də əminəm; əfsus ki, nə sevmək istəyirəm, nə də sevilmək; çünki nə bu mümkündür, nə o... 
Afət. Neçin, Alagöz, neçin?.. (Sıraya oturur.) 
Alagöz (sarsılmış bir halda). Çünki... qorxunc bir kabus ümidlərimi boğur, çünki ... bədbəxtəm. (Sükut.) 
Afət. Xeyr, sən bəxtiyarsan və bəxtiyar olacaqsan. Çünki gözəlsən, məsumsan; hər kəs sevir, hər kəs pərəstiş edir. Fəqət sən hər kəsi sevməməli... hər dəliqanlıya könül verməməlisən. Bildiklərimdən yalnız iki gənc səni məsud edə bilər; onlardan biri: Ərtoğrul, biri də Oqtaydır. 
Alagöz (şaşqın bir halda yerindən qalxır). Hanki Oqtay? 
Afət. Sənin xəstəxanə arxadaşın, gənc operator. 
Alagöz. Sən onu nerdən tanıyırsan? 
Afət (yarım qəhqəhə ilə). Mənim gözlərim çox uzaq görür, qəlbim ən gizli məhəbbətləri duyur; sənə aid nə varsa, həpsini anlar, həpsini bilirəm; hətta röyadə belə səndən ayrılmam. Gecə-gündüz sənin gələcəyini, sənin səadətini düşünürəm. 
Alagöz (köks keçirər). Heyhat! Keçmişim qaranlıq bir gecə, gələcəyim də aldadıcı bir sərabdır. 
Afət (qalxar, mütəəssir). Ah, sən daima qorxunc xəyallar, gülünc iztirablar içində çırpınıb durursan... Bax, iştə Oqtay da gəlir... Sən onunla bir qədər qonuşub gəzərsən, mən də təkbaşıma dəniz qürubunu tamaşaya dalaram. (Uzaqlaşır, Oqtay gəlir.) 
Oqtay (əl verir). Qüsura baxma, Alagöz, səni çox bəklətdim, deyilmi? 
Alagöz. Zərər yox. 
Oqtay. Bu qadın kim? 
Alagöz. Ona Afət derlər. 
Oqtay. Neçin ayrıldınız, manemi oldum? 
Alagöz. Xeyr. 
Oqtay. Kimlərdəndir, əcəba? 
Alagöz (qızarmış və sarsılmış bir halda). Sonra anladaram, hələ gəl, bir qürub lövhəsini seyr edəlim. (Dənizə baxar, məczub bir halda.) Aman, ya rəbbi, nə qədər gözəl!.. Günəşin böylə dilbər qızıllığını, rəngarəng buludlar arasında batışını heç xatırlayamıram. 
Oqtay. Gerçəkdən, batı tərəfi bir cənnət bağçası... Günəş isə utandığından qızarıb, çiçəklər içinə gömülən bir köylü qıza bənzəyir. (Digər tərəfə baxaraq.) Hələ bu qarşıya bax! Yeni çıxmaqda olan bu solğun aya, bu vərəmli çöhrəyə bax!.. Sanki bənizi uçmuş, əriyib bitmiş bir aşiq kimi öz sevgilisini izləyir. 
Alagöz (şux təbəssümlə). Ah, bu erkəklər çox tühaf; həpsi bir xəstəliyə mübtəla... Həpsinin özü, sözü, dərdi, düşüncəsi həp eşq, daima eşqdir. Hər nə görsələr, onda bir gözəllik, bir məhəbbət bulurlar. 
Oqtay. Yaxşı, dünyadə gözəllik və məhəbbətdən dadlı nə ola bilir?! 
Alagöz (müstəhzi). Əvət, gözəllik və məhəbbət?! 
Oqtay. Məncə, bütün cahanı xilas edəcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da: gözəllik və məhəbbətdən ibarətdir. 
Alagöz (sıraya oturur, istehzalı təbəssümlə Oqtayın əlindəki kitabları göstərir). Qaliba, bu fikri əlindəki kitablardan almışsan? 
Oqtay (əlindəki üç cild kitabı təqdim ilə). Əvət, mütaliə buyurulrsa, şübhəsiz ki, haqsız olmadığım meydana çıxar. 

Bu sırada Yavuzla Ərtoğrul gəlir. 

Ərtoğrul. Mərhəba... 
Oqtay. Buyurun baxalım. (Hamısı yüngül təmənna edərlər.) 
Alagöz (kitabları birər-birər açar). Bu şer divanı, bu musiqi parçaları, bu da din fəlsəfələri?.. Həpsinin də ruhu, məalı, qayəsi yalnız-yalnız məhəbbətdən ibarətdir. (Oqtaya.) Bunlar iki gün məndə qalsın, olurmu? 
Oqtay. Çox gözəl, neçin olmaz. 
Ərtoğrul. Baxalım, nasıl şeylər... (Kitabları alıb baxar, etinasız və laübali bir tövr ilə sıra üzərinə buraxır; şiddətli və müstəhzi qəhqəhələrlə.) Şer!.. Musiqi!.. Din!.. (Təbdili-tövr ilə.) Allah eşqinə, bu kitablardan, bu mütaliələrdən vaz keç! Bu çərçivəyə alınmış şerlərdən, notaya girmiş musiqilərdən qaç! Bu kitabları qaralayan dinlərdən, məzhəblərdən uzaqlaş! 
Dünyada yalnız bir şer, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir. 
Şermi istərsən? 
İştə aşiqlərin iztirabı, filosofların düşüncəsi, öksüzlərin köks keçirməsi, kimsəsizlərin göz yaşı, yıldızların səfvəti, qürubun məhzunluğu, gecənin sükutu, fəzanın dərinliyi həp birər şerdir. Əvət, hər ah, təbəssüm, hər inilti, hər fəryad, hər fırtına, hər girdab birər şerdir. 
Musiqimi istərsən? 
Çayların, irmaqların ninnisi, dənizlərin, çağlayanların vəlvələsi; arslanların, yıldırımların gurlaması; xəfif ruzigarların zümzüməsi; yarpaqların, çiçəklərin öpüşməsi; bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir. Vurğun könüllərin acı təranəsi; mini-mini çocuqların dadlı qəhqəhəsi, körpə quzuların mələməsi həp birər musiqidir. 
Dinmi istərsən? 
İştə hər yıldızın incə təbəssümləri, hər günəşin yıldızlı baxışları hər gün yeni bir din, yeni bir məzhəb doğurur. Hər qürubun ölgün nəfəsi, hər gecənin səssiz qaranlığı o günkü günəşlə bərabər o günkü dinin məzari-ədəmə gömüldüyünü elan edər. Hətta, hər mövsümin, hər ayın, hər həftənin, hər günün allahları da, peyğəmbərləri də, dinləri də, kitabları da bir-birindən ayrı, bir-birinə düşmandır. 
Oqtay. Demək ki, sən hər şeyi təbiətdə görürsən, öyləmi? 

Ərtoğrul. Əvət, təbiət hər şeydir. 


Alagöz (ətrafa baxar, Oqtaya). Getmiyəlimmi? 
Oqtay (kitabları alıb). Hənuz xəstəxanaya gediləcək vaxt deyil, azacıq gəzinəlim də sonra... 
Alagöz. Çox gözəl (Yavuzla Ərtoğrula.) Bizə arxadaşlıq etsəniz, məmnun oluruz. 
Ərtoğrul. Yalnız könlümüzü sizə arxadaş verə biləriz. 
Alagöz. Demək, məndən qaçırsan, öyləmi? 
Ərtoğrul. Biz yarasamıyız ki, günəşdən qaçalım? 
Alagöz (mütəbəssim). Təşəkkür edirəm, amma yenə bir gül axıtdınız. 

Gedərlər. 

Yavuz (Ərtoğrula). Neçin getmədin? 
Ərtoğrul. Bəlkə yalnız gəzinmək istəyirlər. 
Yavuz. Halbuki, özü arzu etdi. 
Ərtoğrul. O fəqət bir lütf və nəzakətdi. 
Yavuz. Ah, sənin bu istiğnalı halların!.. 
Ərtoğrul. Bilirmisən, əzizim, Alagöz gəzinmək üçün qalxmadı; uzaqdan Afəti gördü və çəkilmək istədi. 
Yavuz. Hanya, nerdə? 
Ərtoğrul. İştə, Qaplan bəylə bərabər gəlir, gedəlim artıq... 

Bir tərəfə çəkilirlər. Afətlə Qaplan gəlir. 

Afət (çılğınca qəhqəhələrdən sonra). Ah, gənclik, gözəllik, nə böyük səadət!.. (Gözləri yaşarır, məndil ilə silir.) 
Qaplan (şaşqın). Afət! Bu nə hal? Sən gülürmüsən, yoxsa ağlayırsan? 


Yüklə 284,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə