Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Mövzu: 5 Etnogeniz məsələsi. Azərbaycan xalqının təşəkkülü



Yüklə 1,66 Mb.
səhifə5/23
tarix14.10.2017
ölçüsü1,66 Mb.
#4591
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23

Mövzu: 5

Etnogeniz məsələsi. Azərbaycan xalqının təşəkkülü
Plan

1.Etnogenez prosesində ən qədim etnik qrup və tayfaların iştirakı.

2.Erkən orta əsrlərdə Azərbaycan əhalisi, tükdili tayfaların Azərbaycana gəlişi.

3. Azərbaycan xalqının və dilinin təşəkkülü.


ƏDƏBİYYAT

1.Azərbaycan tarixi VII cilddə, II cild. Bakı, Elm, 2007. Səh.469-485

2.Azərbaycan tarixi (Ziya Bünyadovu redaktorluğu ilə). Bakı, 1994.

3.Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994.

4.Qasımova R.M. Azərbaycan xalqının etnogenezi. Bakı, 1997.

5.Azərbaycan tarixinin etnogenezinə dair. Bakı, Elm və həyat,1989.

6.Sumbatzadə A.F. Azərbaycanci- etnogenez i forminavaniya naroda. Bakı, 1990

Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan- Qəzvin , qərbdə Tiflis, İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır.

Bu söz “etnos” sözündən olub –yunanca tayfa, xalq deməkdir. “Genezis” isə yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponemtdən yeni etnik ümumiliyin əmələ gəlmə prosesidir.

Etnik proses etnosların (qəbilələrin, tayfaların, xalqların) dəyişilməsi, yeni etnik birliklərin yaranması prosesidir. Etnik prosesləri, yaxud etnogenez prosesini öyrənən elm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. Etnik tarixin tədqiqi etnogenetik tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez etnosun etnik özünəməxsusluğunun, etnik sifətinin formalaşması prosesində baş verən tarixi proseslərin məcmuudur. ..

İki tip etnogenetik proses fərqləndirlir:

1. Yeni tayfa qpupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının iştirakı;

2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.

Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.

Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır. Qədim dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud etnosların (iber-qafqazlıların, iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı yer tutmasından asılı olmayaraq Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən başlayaraq məhz türk etnosları əsasında formalaşmışdır ki, həmin etnoslar (türklər) buraya eyni dövrdə deyil, müxtəlif dövrlərdə gəlmişlər.

Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenzi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.

Bu sahədə Ə. Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenizi və forma-laşması” (1980), S. Əliyarlının” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F. Məmmədovanın “Alban etnosu məsələsinə dair” (1989), Q. Qeybullayevin “Azərbaycan xalqının təşəkkülü yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin öyrənilməsinə böyük töhvələr vermişdir.

Etnogenez məsələsinin öyrənilməsində Z. Bünyadov, İ.Əliyev, Y.Yusifov, Rus alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük xidmətləri olmuşdur.

Akademik İ. Əliyevin belə bir mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq edir ki, kutilər, lullubilər və hurrilər (ola bilsin ki, adı qədim Ön Asiya mənbələrinə düşməyən başqa bir sıra sosial-siyasi birliklər) "hər biri qohum tayfalardan — qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət idi". Görünür, görkəmli tədqiqatçının e.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda məskunlaşmış əhalinin, o cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli olması barədəki fikri də elə bir şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri mütəxəssisləri İ. M. Dyakonov, Q. A. Melikişvili də təsdiq edirlər; onların araşdırmaları göstərir ki, kuti, lullubi, hurri, Urartu, Alban dilləri Qafqaz dilləridir. Ümumiyyətlə, e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər Azərbaycanda, xüsusilə onun cənubunda Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə, e.ə.V—III minilliklərdə adları və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları nəzərə almasaq, ölkənin e.ə. III—II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz mənşəli olmuşdur. Eramızdan əvvəlki son əsrlərdə, eləcə də eramızın ilk əsrlərində Azərbaycanın şimalında əsasən uti, girdman, qarqaz tayfaları yaşayırdılar ki, bunları tarixi mənbələr ümumi şəkildə "albanlar", yaxud "ağvanlar" adlandırırlar.

Beləliklə, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanın etnik tarixini aşağıdakı dövrlərə bölmək olar:

I. E.ə. V minillikdən e.ə. III minilliyin ortalarına qədər — etnik "qeyri-müəyyənlik" dövrü.

II. E.ə. III minilliyin ortalarından e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər — Qafqaz etnoslarının geniş yayıldığı dövr.

III. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən eramızın I minilliyinin ortalarına qədər —İran etnoslarının geniş yayıldığı dövr.

Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin Azərbaycanda məskunlaşması təşkil edir.

Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi (oğuz türklərinin Azərbaycana axını) XI əsrin (və II minilliyin) əvvəllərində başladı. Onlar Azərbaycanın etnosiyasi baxımdan dağınıq, qeyri mütəşəkkil cənubunu çox qısa bir müddətdə tutub, Şimala — Qafqazın cənubuna doğru hərəkət etdilər.

XI əsrdə, eləcə də XII əsrin əvvəllərində oğuz türkləri Azərbaycanın (və həmhüdud regionların) etnik simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq), istər İran, istərsə də Qafqaz etnoslarının, xalqlarının oğuzlara göstərdiyi müqavimətin heç bir əhəmiyyəti yox idi. Çünki ümumiyyətlə, II minilliyin əvvəllərindən başlayan türk-oğuz fütuhatı elə bir hadisə idi ki, onun qarşısını almaq, sadəcə olaraq,mümkün deyildi.



Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlüklə türkləşdirdilər, daha doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses (Azərbaycanın türkləşməsi) II minilliyin ilk əsrlərində min ildən sonra keyfiyyətcə başa çatdı.

Ümumiyyətlə, xalqın təşəkkülü üçün üç şərt vacibdir:

1) etnik potensial;

2) coğrafiya, yaxud ərazi;

3) sosial-siyasi təşkilatlanma.

Azərbaycan xalqının etnik potensialını, yaxud əsaslarını türk mənbəyi müəyyən etmişdir. Coğrafi, yaxud ərazi təminatına gəldikdə isə buraya zaman-zaman məskunlaşmış Cənubi Qafqaz, tarixi Azərbaycan (Şimali İran) və Şərqi Anadolu daxildir. Qədim dövrlərdən kifayət qədər canlı, qaynar həyat yaşayan bu coğrafiyada uzun zaman davam edəcək sosial-siyasi birliklər qurmaq həmişə çətin olmuşdur.

Türk etnosunun bölünməsi prosesinin yüz illər boyu davam etməsi, coğrafiyanın genişliyi, etnik-siyasi hadisələrlə zənginliyi Azərbaycan xalqının təşəkkül-formalaşma prosesinə ciddi təsir göstərmişdir.

Belə ki,

  1. eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə (XVI- XVII əsrlərə) qədər davam etmişdir.

  2. coğrafiyadan kənara az-çox diqqəti cəlb edəcək köçlər olmadığı halda, coğrafiyaya ardıcıl köçüb məskunlaşmalar olmuşdur;

  3. xalqın mütəşəkkilliyini təmin etməli olan sosial-siyasi, eləcə də mənəvi-ideoloji güc mərkəzləri tez-tez dəyişdiyindən həmişə natamamlıq kompleksi özünü göstərmişdir və s..

Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-qarışmasından yaranmışdır. Azərbaycan türkləri erkən dövrdən türk (prototürk) dilində danışmış və heç birbaşqa xalqdan dönməmişdir. Beləliklə, IX- XI əsrlər türklərin tarixində elə bir dövrdür ki, həm ilkin bölünmə başa çatır.
Beləliklə, Azərbaycan xalqı, əsasən, oğuz türklərinə aid olsa da, ümumtürk etnik-mədəni kodunun daşıyıcısıdır

Torpaqımızın qədim sakinləri olan Azərbaycanın şimal torpaqlarına öz adlarını verən albanlar olmuşdur. Bəzi müəlliflər albanların lap qədimdən məhz Azərbaycan dilli olmaları mülahizəsini irəli sürürlər. Albanların dilinin və tarixinin öyrənilməsində Q.Voroşilin böyük rolu olmuşdur. O,göstərir ki, alban-ağvan, ağuan oykonimi” comərdlər yurdu” mənasını verir Eyni zamanda tədqiqatçı alim göstərir ki, Alban adının kökündə “ALP” sözü vardır ki, o da qəhrəman , ər mənasını daşıyır. Tədqiqatçı alim K. Əliyev də bu fikirdədir. O,öz mülahizələrini sübuta yetirmək üçün alban çarlarından Kosis və Oroyz (Uruz) adlarının qədim Azərbaycan dilli soyların nümayəndələrinin adlarının olmasını əsas götürür. Uruz adına biz Kitabi Dədə Qorqud da rast gəlirik. (Alp Aruz) Albaniya ərazisində albanlardan əlavə müxtəlif dillərdə yaşayan müxtəlif tayfalar olmuşlar. Şübhəsiz ki, bu tayfaların çoxu Azərbaycan dilli olmuşdur.

Bəzən Albaniyada yaşayan xalqları Qafqaz dilli tayfalar qrupuna daxil edirlər. Lakin gəlin görək Albanların yaşadıqları Kür- Araz ovlağında bir dənə də olsun Qafqaz dilli toponimə rast gəlinirmi?.

Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin gəlməsi və Azərbaycan xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu sübut etmək üçün göstərmək lazımdır ki, səlcuqlardan sonra bir dənə də olsun səlcuqlarla bağlı və ya ayrı dildə toponim və oykonim qalmamışdır.

Tədqiqatçı V.Abayev göstərir ki, “Hər yeni soy öz sələflərindən nəsə alır, o cümlədən toponimləri. Əgər bu əraziyə sonradan gəlmiş soylar albanları öz içərilərində əritmişlərsə (assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə toponim qalmalı idi. Deməli albanlar da bu əraziyə gələnlərələ eyni dildə danışmışdır, və azərbaycan dilinin kökundə dayanmışlar. Belə olmasaydı biz Azərbaycan dilində Qafqaz dillərinin qalıqlarını və ya təsirini görərdik.

Alban tayfaları Azərbaycan (türk) dilli olub e.ə. VII əsrdən –VIII əsrə qədər Azərbaycan ərazisində məskunlaşmışlar. Onlar bir çox mənbələrdə alpan adı ilə də tanınmışlar. ”Kitabi Dədə Qorqud” eposunda biz alpan adlarına rast gəlirik və bu da sübut redir ki, bizim yazılı abidəmizin tarixi daha qədimlərə gedib çıxır.

Bir qədər də gəlmə soylar haqqında, hansı ki, onlarda Azərbaycan xalqının etnogenezində önəmli rol oynamışlar. Əslində onların hamısını gəlmə hesab etmək olmaz. Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi də davam edir.

Bu soylardan Azərbaycan ərazilərinə ən geniş şəkildə yayılanı saq (sak) tayfaları olmuşdur. Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə Azərbaycan ərazilərində yaşamışlar. Onların adları ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır. Saqların adı ilə bağlı ən qədim toponim Muğanda olmuş Balasakan adıdır. Onalr e.ə. III yüzillikdə bu ərazidə yaşamışlar. Azərbaycannın Şəki, Zaqtala, Arsaq adları bilavasitə saq tayfalarının adı ilə bağlıdır. Hətta saqlar Naxçıvan ərazisinə qədər yayıla bilmişlər. Bunu Ordubadın Nusnus kəndində Saq məhəlləsinin və Saq dağının olması sübut edir.

Azərbaycan ərazisində hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan biri də qaşqaylar olmuşdur. Onların Azərbaycan ərazisinə gəlmə tarixləri dəqiq məlum olmasada e.ə. II minillikdə onların kiçik Asiyada yaşamaları və hətta şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir qismi miqrasiya nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.

Qədim sakinlərdən biri də saspurilərdir. Yunan tarixçisi Herodat saspurilərin Araz sahilərindəə yaşadıqlarını göstərir. Görkəmli gürcü alimi Melikişivili saspur soy birləşmələrinin tərkibinə xirruq –urartu və işqut-qimmir soy birləşmələrinin də daxil edir. Tədqiqatlar belə hesab edirlər ki, saspuilərlə savirlər (sabir, Subar) arasında oxşarlıq vardır. Çox güman ki, tayfalar II-III əsrlərdə dış hullarının bir qolunu təşkil etmişlər. Bu hunların bir qupu isə Xəzərin qərb sahilində, indiki Quba-Xaçmaz, Dəvəçi rayonları ərazisində məskun olmuşlar.

Azərbaycan xalqının formalaşmasında yuxarıda göstərilən etnoslarla yanaşı biz gənlər (peçenek) qarqarlar, hunlar, xəzərlər, onoquzlar, sarqurlar (on oğuz, sarı oğuz) qıpçaqlar və s.etnoslarin da böyük rolu olmuşdur.

Hər bir xalqın mənşəyi onun dili müəyyən edilir. Diletnik mənsubiyyəti bildirən yeganə əlamətdir. XX əsrin 30-cu illlərin sonuna kimi azərbaycanlılar “türk, türk xalqı dili isə “türk dili adlanırdı. Lap qədimdən bəri Azərbaycan ərazisində trük dilində danışan etnoslar yaşamışdır. Son illərdə türk dillərində danışan əhalinin Azərbaycanda aborigen olmasını inkar edirdilər. Lakin qaynaqların araşdırılıb öyrənilməsi bu mülahizlərin əsassız olduğunu sübut etdi. Azərbaycan dili türk dilləri ailəsinə mənsudur. Deməli Azərbaycan türklərinin mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır.

Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla Şərqdə Çinə qədər, Rusiya çölləri də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə türk xalqları təmsil olunmuşlar. Hər bir türk xalqı bu ərazidə müxtəlif adlar altında formalaşmışlar. Bu proses erkən orta əsrlərdə baş vermişdir. Eləcə də Azərbaycan xalqının mənşəyində burada yaşamış və müxtəlif dövrlərdə ona qaynayıb qarışmış türk etnosları yaxından iştirak etmişlər.

Beləliklə, Azərbaycan xalqının və Azərbaycan dilinin formalaşması haqqında indi əsasən iki mülahizənin olduğu aydınlaşır: 1) Azərbaycan xalqının etnogenezində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı gəlmə (türkdilli və irandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar böyük üstünlük təşkil edərək e. XI-XII əsrlərində türkdilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxarmışdır;

Azərbaycan xalqı ta qədimdən bu ərazidə yaşayan yerli türk etnosların və qonşu ölkələrdən gəlib burada məskunlaşmış, türk dillərində danışan digər tayfaların qaynayıb-qarışmasından yaranmış, formalaşma prosesində və sonrakı dövrlərdə onun tərkibinə başqa dillərdə danışan ayrı-ayrı etnoslar, xüsusilə farsdilli tayfalar daxil olmuşdur; Azərbaycan türkləri erkən dövrdən türk (prototürk, erkən türk) dilində danışmış və heç bir başqa xalqdan dönməmişdir

Beləliklə, gördüyümüz kimi, haqqında bəhs etdiyimiz dövrdə tarixi Azərbaycan ərazisində cərəyan edən dil, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində yeni etnik birliyin - türkdilli Azərbaycan xalqının təşəkkülü prosesi başa çatır. Böyük axınla Azərbaycana gələn oğuz türklərinin bu prosesdə iştirakı isə Azərbaycan türklərinin səlcuq yürüşlərindən əvvəl başlayan formalaşmasını yalnız sürətləndirmişdi.

Bu prosesin başa çatması nəticəsində təqribən bugünkü Azərbaycan dilimizdə danışan və artıq əksəriyyəti təşkil edən xalqımızın təşəkkülündən sonra da Azərbaycan ərazisində, əvvəllər olduğu kimi, qafqazdilli və irandilli xalqlar yaşayırdılar. Maraqlı burasıdır ki, Azərbaycanın etnik xəritəsi bu gün də min il əvvəlki cizgilərini saxlamışdır. Bu gün də Azərbaycan torpağında indi "azsaylı xalqlar" adlandırdığımız irandilli talışlar, tatlar, kürdlər və b., qafqazdilli udinlər, ləzgilər, xınalıqlar, bııduqlar və b. yaşayırlar.

Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Deməli Azərbaycan türklərinin mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır.

Beləliklə Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş vermiş,VII-VIII əsarlərdə başa çatmışdır.

Azərbaycan — türk əsaslı Azərbaycan xalqının tarixi vətəni, dünyanın qədim etnokulturoloji mərkəzlərindən biridir. Azərbaycanlılar xalq, yaxud millət (superetnos) olaraq məhz Azərbaycanda formalaşmışlar. Azərbaycan xalqının tarixi ümumtürk tarixinin üzvi tərkib hissəsidir, bununla belə, hər bir türk xalqı kimi, Azərbaycan xalqının da özünəməxsus formalaşma, inkişaf tarixi vardır. Azərbaycan xalqının tarixən məskunlaşdığı (superetnos olaraq formalaşdıgı!) coğrafiya müxtəlif dövrlərdə müxtəlif adlarla adlandırılsa da, "Azərbaycan" sözü daha geniş yayılaraq 500 min km2 -ə qədər ərazinin əsas adına çevrilmişdir. Azərbaycanşünaslıqda belə bir aydın təsəvvür vardır ki, "Azərbaycan" sözü "regionun tarixində görkəmli rol oynamış Atropatın adı" (İqrar Əliyev) ilə bağlıdır... Burada söhbət o dövrdən gedir ki, "Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi" (İ. Əliyev). Və həmin hökmdarın adı tarixi mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə çəkilsə də, onun (Atropatın) etnik mənsubiyyəti barədə heç bir mə- lumat verilmir. e.ə. I minilliyin əvvəllərindən başlayaraq regionun iranlılaşması prosesi belə bir təkzibi çətin nəticəyə gəlməyə imkan verir ki, Atropatenanın əsas əhalisi iranlı olmuşdur. "Atropatena" ad-toponiminin antik (etimoloji) mənasını ilk dəfə atəşpərəst iranlılar, yaxud irandilli mühit unutdurdu. "Atropatena" (Atropatın yurdu) "Azərbaycan"a (odlar yurdu, müqəddəs odun qorunduğu məkana) çevrildi... Və görünür, iranlılar üçün "Azərbaycan"ın hansı konkret coğrafiyanı əhatə etməsi o qədər də maraqlı deyildi, onlar həmin əraziyə vətən kimi yox, ilahi bir məkan, hüdudsuz müqəddəs bir yer kimi baxırdılar.

Professor M. Seyidov yazır: "Azərbaycan" yer adı haqda orta yüzilliklərdən üzü bəri ayrı-ayrı xalqların alimləri dürlü mülahizələr, fikirlər söyləmişlər. Ancaq hələ də bu söz sirrini açmaqdan elə bil çəkinir və onun elmi sözaçımı — etimoloji təhlili öz doğru-düzgün həllini tapmamışdır". Görkəmli azərbaycanşünasın fikrincə, "Azərbaycan — uğurlu, yaxşıistər (Az), yaxşıistər qırmızı, yəni Günəş (Azar//Azər), varlı ata(dan) deməkdir. O, vaxtilə yaxşıistər qırmızı, yəni Günəş antropomorfik tanrısının adı imiş. Sonralar Az qəbiləsindən olan xan, insan mənasında işlənmişdir"... Həmin fikirlə razılaşmaq çətindir... Hər şeydən əvvəl ona görə ki, "Azərbaycan" sözü türkdilli mühitdə formalaşdığı üçün bu qədər mürəkkəb tarixi inkişaf mərhələsindən keçə bilməzdi. İkincisi, müəllifin təklif etdiyi etimologiya nə Azərbaycan türklərinin, nə də ümumiyyətlə, türklüyün tarixi dünyagörüşü ilə bağlı deyil. Və nəhayət, üçüncüsü, sözün "əvvəlki mənası ilə "sonrakı mənası" arasında semantik varislik, demək olar ki, yoxdur... Azərbaycan türkləri, iranlılardan fərqli olaraq, Azərbaycanı "müqəddəs məkan" deyil, məhz Vətən kimi dərk edib məskunlaşmışlar. Və "Azərbaycan" sözü məhz Azərbaycan türklərinin təfəkküründə formalaşan (konkret!) ərazinin müasir adına çevrilmişdir ki, bunun da əsasında onların tədricən məskunlaşdığı coğrafi miqyas (onun genişlənməsi sürəti) dayanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın bir ölkə olaraq hüdudlarının müəyyənləşməsində Azərbaycan xalqının təşəkkülünün həlledici təsiri olmuşdur. Belə ki, xalq formalaşdıqca ölkənin etnocoğrafi hüdudları da müəyyənləşmişdir. Azərbaycan ərazisində tarixən müxtəlif dövlətlərin mövcudluğu ölkənin bütöv bir siyasi hadisə kimi qavranılmasına mane olmaqla yanaşı, "Azərbaycan" anlayışının formalaşması prosesini də ləngitmişdir.



Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır... Və etiraf etmək lazımdır ki, Azərbaycanın etnik tarixinin qədim dövrü sonrakı dövrləri ilə müqayisə olunmayacaq qədər mübahisəlidir — məsələnin mürəkkəbliyi isə burasındadır ki, həmin mübahisələr artıq öz elmi-metodoloji əhəmiyyətini (enerjisini!) itirərək "siyasiləşmiş", başqa sözlə, etnosiyasi ambisiyaların, subyektiv maraqların münaqişə obyektinə çevrilmişdir. Lakin qədim dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud etnosların (iber-qafqazlıların, iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı yer tutmasından asılı olmayaraq Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən başlayaraq məhz türk etnosları əsasında formalaşmışdır ki, həmin etnoslar (türklər) buraya eyni dövrdə deyil, müxtəlif dövrlərdə gəlmişlər. Qədim dövrlərdə Azərbaycanda (və həmhüdud regionlarda) məhz türk etnoslarının mövcud olması, hətta türklərin dünyaya Azərbaycandan (ümumiyyətlə, Ön Asiyadan) yayılması barədə son zamanlara qədər müəyyən elmi-ictimai maraq doğuran nəzəriyyə artıq öz "azarkeş"lərini, demək olar ki, itirmişdir. ... Azərbaycanda (və həmhüdud regionlarda) ilk sosial-siyasi birliklərin e.ə. V minillikdə formalaşmasını güman etmək olar. Bununla belə, onların etnik mənsubiyyəti barədə heç nə demək mümkün deyil. Adları bizə məlum olan ən qədim tayfalar isə kutilər, lullubilər və hurrilərdir ki, mənbələr onlar barəsində e.ə. III minilliyin ortalarından başlayaraq söhbət açırlar. Həmin tayfalar əsasən Azərbaycanın cənubunda məskunlaşmışdılar. Və Şumer-Akkad mənbələrinin verdiyi məlumata görə, vaxtaşırı Ön Asiyanın güclü dövlətlərini, xüsusilə Mesopotamiyanı narahat edirdilər. Bu məlumat qədim azərbaycanlıların regionda hərbi-siyasi fəallığını göstərsə də, bu və ya digər dərəcədə mükəmməl dövlətçilik təfəkkürünə malik olub-olmamaları barədə əhəmiyyətli bir şey demir... Akademik İ. Əliyevin belə bir mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq edir ki, kutilər, lullubilər və hurrilər (ola bilsin ki, adı qədim Ön Asiya mənbələrinə düşməyən başqa bir sıra sosial-siyasi birliklər) "hər biri qohum tayfalardan — qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danı- şan və ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət idi". Və görünür, görkəmli tədqiqatçının e.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda (və həmhüdud regionlarda) məskunlaşmış əhalinin, o cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli olması barədəki fikri də elə bir şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri mütəxəssisləri İ. M. Dyakonov, Q. A. Melikişvili də təsdiq edirlər; onların araşdırmaları göstərir ki, kuti, lullubi, hurri, Urartu, Alban dilləri Qafqaz dilləridir... Ümumiyyətlə, e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər Azərbaycanda, xüsusilə onun cənubunda Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə, e.ə. V—III minilliklərdə adları və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları nəzərə almasaq, ölkənin e.ə. III—II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz mənşəli olmuşdur. Əlbəttə, Qafqaz etnoslarının Ön Asiyanın şimalında geniş yayıldıqları minilliklərdə "Azərbaycan" adlı bir ölkə, azərbaycanlı adlı bir xalq yox idi... E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə aid mənbələr Azərbaycanda (və həmhüdud regionlarda) daha bir sıra tayfaların, yaxud tayfa birliklərinin məskunlaşdığı barədə məlumat verir: buraya etnik mənsubiyyəti məlum olmayan turukkilər, nigimixlər, uruatrilər... aiddir ki, görünür, onlar Azərbaycanın etnik tarixinin, haqqında söhbət gedən dövründə elə bir sosial-siyasi nüfuza malik olmamışlar. Bununla belə, e.ə. III—II minilliklərdə Azərbaycanda (və həmhüdud regionlarda ) etnik yekcinsliyin pozulması üçün hər halda münbit şərait olduğunu inkar etmək mümkün deyil... Azərbaycan ərazisində formalaşmış bizə məlum ilk dövlətin — Mannanın (e.ə. IX—VII əsrlər) etnik tərkibi də göstərir ki, e.ə. I minilliyin əvvəllərinə qədər Azərbaycanda məskunlaşmış əhalinin əksəriyyətini Qafqaz etnosları təşkil etsələr də, "mübahisəli" etnoslar da mövcud olmuşlar. ...E. ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən etibarən Azərbaycan ərazisində İran etnosları məskunlaşmağa başladılar. Və həmin proses yalnız Azərbaycanın deyil, ümumən Ön Asiyanın etnik mənzərəsini əsaslı şəkildə dəyişdirdi. İran etnoslarının İran yaylasına, oradan da Azərbaycana yayılması tədricən, bununla belə, mütəşəkkil gedirdi. Ona görə də e.ə. I minilliyin əvvəllərindən etibarən Qafqaz etnosları getdikcə daha ardıcıl bir şəkildə Şimala doğru sıxışdırılmağa başladı. Cənubdan gələn İran "təzyiq"i o qədər güclü idi ki, artıq müəyyən dövlət quruculuğu təcrübəsi qazanmalarına baxmayaraq, Qafqaz etnosları həmin "təzyiq"in qarşısında davam gətirə bilmədilər. Ə. S. Sumbatzadə tamamilə doğru olaraq göstərir ki, III əsrdə Sasanilər dövləti tərkibinə daxil olana qədər Atropatena müxtəlif dillərdə danışan tayfalardan, yaxud xırda xalqlardan ibarət idi. Və eyni zamanda bütün latın, yunan və sonrakı dövrə aid erməni mənbələrində, bir qayda olaraq, "Atropatena", "Atropatakan" ölkə adına tez-tez rast gəldiyimiz halda, "atropatanlılar", yəni xalq adına olduqca az təsadüf olunur... Beləliklə, Mannada, Midiyada olduğu kimi, Atropatenada da o dərəcədə əhəmiyyətli etnik konsolidasiya prosesindən söhbət gedə bilməz ki, onun nəticəsində az-çox mərkəzləşmiş bir etnik birlik — xalq yaranmış olsun. "Atropatena—Mada xalqı" barədəki nəzəriyyənin tənqidə dözməyən daha bir sıra tərəfləri vardır... Məlum olduğu kimi, eramızın ilk əsrlərindən (hətta bir sıra əsaslandırılması çətin olan mülahizələrə görə, e.ə. I minilliyin sonlarından!) etibarən Azərbaycana (və həmhüdud regionlara) ilk hun-türk tayfaları axışmağa başladılar. Qafqazın şimalından cənubuna hərəkət edən həmin tayfaların əsas məqsədləri burada məskunlaşmaq yox, sadəcə Ön Asiyanı, o cümlədən Azərbaycanı yağmalayıb yenidən Qafqazın şimalına, Qıpçaq çöllərinə qayıtmaq idi. Müxtəlif xarakterli mənbələrin verdiyi məlumata görə, hun-türklərin Qafqazın cənubuna, hətta Ön Asiyanın içərilərinə hücum etdikləri I minilliyin birinci yarısında onların qarşısında duracaq bir etnosiyasi qüvvə yox idi. Ümumiyyətlə, qədim dövrün sonlarına doğru Azərbaycanda (və həmhüdud regionlarda) etnik konsolidasiyadan çox, etnosiyasi dağılma, parçalanma prosesi gedirdi ki, həmin proses tədricən burada məskunlaşan hun-qıpçaqlar üçün əlverişli sosial-siyasi şərait yaratdı. Beləliklə, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanın etnik tarixini aşağıdakı dövrlərə bölmək olar: I. E.ə. V minillikdən e.ə. III minilliyin ortalarına qədər — etnik "qeyri-müəyyənlik" dövrü. II. E.ə. III minilliyin ortalarından e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər — Qafqaz etnoslarının geniş yayıldığı dövr. III. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən eramızın I minilliyinin ortalarına qədər — İran etnoslarının geniş yayıldığı dövr. * * * ... Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin Azərbaycanda məskunlaşması təşkil edir. Hun-qıpçaqlar eramızın başlanğıcında Qafqazın şimalında, ümumən Böyük Çöldə, yaxud Qıpçaq çöllərində yayılaraq bu yerlərin əsas sakinlərinə, hətta belə demək mümkünsə, sahiblərinə çevrildilər. Və çox keçmədi ki, onlar Qafqazın cənubunda da göründülər... Hun-qıpçaqlar müxtəlif sosial-siyasi birliklərdən ibarət olsalar da, onların etnik tərkibi, demək olar ki, eyni idi, eyni dilin bir-birindən az fərqlənən dialektlərində danışırdılar. Hun-qıpçaqlar eramızın ilk əsrlərində, əsasən, Azərbaycanın şimalında — Albaniyada məskunlaşmışdılar. Cənuba bir sıra uğurlu yürüşləri olsa da, görünür, Böyük Çöldən çox aralanmaq onları təmin etmirdi və bir məsələni də nəzərə almaq lazımdır ki, hun-qıpçaqlar həmin çöl boyu Şərqdən Qərbə gedirdilər. Bu hərəkət istiqaməti onların həyat tərzinə həm uyğun idi, həm də Ön Asiyadakı etnososial sıxlıq (maneə!) burada mövcud deyildi. Azərbaycanda (Qafqazın cənubunda) məskunlaşan hun-qıpçaqlar, əsasən, savirlərdən, bulqarlardan və xəzərlərdən ibarət idi. Və I minilliyin ortalarında onlar Albaniya ərazisində o qədər geniş yayılmışdılar ki, akademik Z. Bünyadovun verdiyi məlumata görə, Xəlifə I Müaviyyə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı bu ölkənin necə bir ölkə olması barədə maraqlanarkən qoşun komandanı demişdi: "Azərbaycan qədimlərdən türk ölkəsidir, onlar tərəfindən məskunlaşdırılmışdır". Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda məhz "qədimlərdən" türklərin yaşaması haqqında fikir I minilliyin ortalarına aid Qafqaz mənbələrində bu və ya digər dərəcədə yayılmışdır. Bizim fikrimizcə, həmin anaxronizm türklərin regionda tutduqları böyük sosial-siyasi mövqeyin təsiri altında yaranmışdı. Hun-qıpçaqlar Azərbaycanın cənubunda da bu və ya digər dərəcədə məskunlaşmışdılar... Lakin Şimalda siyasi hakimiyyət bilavasitə onların əllərində idi. Cənubda isə Iran etnosları. hələ də üstünlük təşkil edirdilər. III əsrdə Azərbaycanın cənubu — Adurbadaqan Sasanilər dövlətinin tərkib hissəsinə çevrilir. Əvvəllər Adurbadaqanın etnik coğrafiyası Atropatenanın etnik coğrafiyası ilə, demək olar ki, əsas parametrləri ilə üst-üstə düşürdü. Lakin sonralar burada hun-qıpçaqlar da müəyyən mövqe tutmağa başladılar. Qafqaz etnosları isə əksinə, Cənubdakı etnosiyasi mövqelərini tamamilə itirmişdilər... Adurbadaqan əhalisinin əksəriyyətini təşkil edən İran etnosları, Atropatena dövründə olduğu kimi, müxtəlif dialekt, yaxud tayfa dillərində danışırdılar: bunlar indiyə qədər Azərbaycanda yaşayan talış, kürd, azəri və s. xalqların, tayfaların babaları idilər. Və orta əsrlərin əvvəllərindən etibarən formalaşmağa başlayan fars dili (eyni zamanda fars etnik ünsürləri) Adurbadaqanda geniş yayılmışdı. Ümumiyyətlə, həmin dil sonralar da Azərbaycanın həm cənubunda, həm də şimalında yalnız yüksək təbəqələrin, sarayların ünsiyyətində istifadə edilmiş, xalq kütlələri arasında yayılmamışdı... ...Hun-qıpçaqların Qafqazın cənubunda sosial-siyasi nüfuzlarının gücləndiyi əsrlərdə erməni kilsəsinin rolu yüksəlirdi, gürcü tayfaları da türklərin ilk gəlişləri dövründə yaratdıqları hərc-mərclikdən istifadə edib ərazilərini cənub-şərqə doğru genişləndirirdilər... Ərəb hücumları dövründə də Azərbaycanda türklüyün mövqeyini yüksəldən əsas mənbə Şimali Qafqaz, Böyük Çöl olaraq qalırdı. Şimaldan gələn xəzər-türk hücumlarının qarşısını almaq üçün ərəblər də sasanilər kimi sədd çəkməli, xüsusən sərhəd qarnizonları saxlamalı olurdular. Və görünür, hunqıpçaqların sərbəst hərəkətinə mane olan bu cür tədbirlər erməni kilsəsinə, eləcə də gürcü tayfalarına Qafqazın cənubunda kifayət qədər geniş fəaliyyət imkan verirdi... Lakin sasanilər kimi ərəblər də türklərin Cənuba enişinin qarşısını almaq iqtidarında deyildilər — VII—VIII əsrlərdə xəzər türkləri ərəb qoşunlarını dəfələrlə darmadağın edib, Azərbaycanın şimalında məskunlaşmışdılar. Ə. S. Sumbatzadə göstərir ki, ərəblərlə xəzərlərin intensiv bir şəkildə gedən müharibələri dövründə "Azərbaycanın köklü əhalisinin — atropatenalıların, albanların... törəmələrinin sayı əhəmiyyətli dərəcədə azalmaya məruz qaldı". Şübhəsiz ki, hərbi-siyasi passionarlıq dövrü keçirən ərəblərlə xəzərlərin, ümumən türklərin qarşılaşdıqları, çoxəsrlik müharibələr apardıqları bir dövrdə qeyri-passionar etnosların müdafiə olunmaq imkanları demək olar ki, yox idi. Və ərəblərin istila etdikləri əraziləri xüsusilə vilayətlərlə bölmək, etnosların hərəkətini məhdudlaşdırmaq cəhdləri Qafqazın cənubunu artıq özününkü sayan türkləri — xəzərləri təmin etmirdi. Onlar Azərbaycanın çöllərində sərbəst dolaşmaq istəyirdilər... Ərəblərə qarşı mübarizədə, təbii ki, yalnız Şimaldan — Böyük Çöldən gələn türklər — xəzərlər deyil, müəyyən mənada artıq "yerli" adlana bilən türklər — savirlər, bulqarlar, xəzərlər də iştirak edirdilər. Görünür, IX əsrdəki məşhur Babək hərəkatında həmin türklər də bu və ya digər dərəcədə rol oynamışdılar. Bu hərəkatın əsas tərkibi, çox güman ki, "qədim azərbaycanlılar"dan ibarət idi. Çünki ərəblərin təbliğ etdiyi İslamla barışmayacaq dinləri məhz onlar daşıyırdılar. Hun-qıpçaqların Azərbaycanda, xüsusilə, onun şimalında məskunlaşdıqları təxminən min illik dövrdə türk dili ölkədə kifayət qədər geniş yayılmağa başladı. V—X əsrlərin Qafqaz mənbələrində işlənən türkizmlər də bunu sübut edir. Lakin həmin dil yalnız danışıq dili idi. Və ümumiyyətlə, hun-qıp- çaqların yazısı olmamışdı... Azərbaycan dili tarixinin görkəmli tədqiqatçısı, professor Ə. Dəmirçizadənin (eləcə də onun tələbələrinin) ümumxalq Azərbaycan dilinin III—V əsrlərdə formalaşdığı barədəki mülahizəsinə gəldikdə isə demək lazımdır ki, a) həmin əsrlər hələ qədim (ümum) türk dilinin mövcud olduğu dövrdür, bu dövrdə hər hansı müstəqil türk dili barədə, ümumiyyətlə, söhbət gedə bilməz; b) Azərbaycanın, əsasən, Şimalında, başqa sözlə, Qafqazın cənubunda (yəni xüsusi etnik mürəkkəbliyi ilə fərqlənən bir regionda) məskunlaşmış hun-qıpçaqlar nəinki III—V əsrlərdə, hətta bir neçə əsr sonra da Azərbaycan türklüyünün hələ yalnız əsaslarını yaradırdılar. Eramızın ilk əsrlərində Qafqazın cənubunda xristianlıq yayılmağa başladı... Və çox keçmədi ki, regionda mövcud olan əsas etnoslar (daha doğrusu, superetnoslar!) — albanlar, gürcülər və ermənilər xristian kilsəsinin özlərinə məxsus "variant"larını yaratdılar. Bir-biri ilə mübarizə aparan alban, gürcü və erməni kilsələri etnik proseslərə də bu və ya digər dərəcədə təsir göstərirdilər... Azərbaycan tarixşünaslığında belə bir əsassız fikir mövcuddur ki, guya Ermənistanda yaşayan albanların bir hissəsi erməniləşmiş, bir hissəsi isə türkləşmişdir (akademik Z. Bünyadov, professor N. Vəlixanlı). Halbuki alban kilsəsi (və albanlar) son dövrə qədər erməni kilsəsinə (və ermənişləşməyə) qarşı mübarizə apardıqları kimi, hun-qıpçaqlarla nə qədər yaxın sosial-siyasi, mədəni əlaqələrə girsələr də, heç zaman kütləvi surətdə türkləşməmişlər. Azərbaycanın ərəb xilafətinə daxil olması ölkədə (Azərbaycanda) gedən etnik proseslərə müxtəlif baxımlardan əhəmiyyətli təsir göstərirdi. Məsələn, Qafqazın cənubuna uzaq Ərəbistandan xeyli miqdarda ərəb köçürüldü ki, bunlar xilafətin şimal sərhədlərini qorumalı, işğalçıların sosial-siyasi dayağı olmalı idilər. Yaxud İslam dininin qəbulu prosesində müxtəlif etnoslarda özünüdərk (və ifadə) ovqatı gücləndi... Bununla belə, Z. Bünyadovun "ola bilsin ki, Arran əhalisinin bir hissəsi (albanlar) çox tez ərəbləşməyə məruz qalıb, ərəblərlə qaynayıb-qarışmış, sonralar isə səlcuq türkləri gəldikdən sonra ərəblərlə birlikdə türkləşməyə məruz qalmışlar" .

XI əsrin sonlarında Azərbaycanın həm şimalı, həm də cənubu artıq oğuz türklərinin yaratdıqları Səlcuqlar imperiyasının tərkibinə daxil oldu... İmperiyanın aydın sərhədləri olmasa da, sahəsi həm kifayət qədər böyük idi, həm də get-gedə genişlənirdi. XI əsrdə, eləcə də XII əsrin əvvəllərində oğuz türkləri Azərbaycanın (və həmhüdud regionların) etnik simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq), istər İran, istərsə də Qafqaz etnoslarının, xalqlarının oğuzlara göstərdiyi müqavimətin heç bir əhəmiyyəti yox idi. Çünki ümumiyyətlə, II minilliyin əvvəllərindən başlayan türk-oğuz fütuhatı elə bir hadisə idi ki, onun qarşısını almaq, sadəcə olaraq, mümkün deyildi. Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlüklə türkləşdirdilər, daha doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses (Azərbaycanın türkləşməsi!) II minilliyin ilk əsrlərində min ildən sonra keyfiyyətcə başa çatdı. Oğuzlar müxtəlif tayfalardan ibarət idilər. Lakin səlcuqların başçılığı altında toplaşmış oğuzlar hərbi-siyasi baxımdan olduqca həmrəy idilər ki, bu da onların genişmiqyaslı qələbəsini təmin edən əsas şərtlərdən biri sayıla bilər.

XII əsrin 30-cu illərində Azərbaycanda Atabəylər dövləti yarandı. Azərbaycanın etnokulturoloji tarixində əhəmiyyətli rol oynamış həmin dövlət monqol-tatar hücumlarına qədər mövcud oldu. Atabəylər dövründə Azərbaycan ərazisinin çox hissəsi bütöv bir dövlətin tərkibində birləşmiş, Azərbaycan xalqının təşəkkülü tarixində yeni mərhələ başlamışdı... Hakimiyyətdə olan səlcuqlar fars dilinə xüsusi diqqət verib sarayda, bir qayda olaraq, həmin dildə danışsalar da, geniş xalq kütlələri fars dilini bilmir, yalnız türkcədən istifadə edirdilər.

Qaraqoyunlular, bunun ardınca isə Ağqoyunlular dövründə Azərbaycanda (və həmhüdud regionlarda) oğuz türklərinin etnosiyasi mövqeyi bir qədər də gücləndi. Bununla belə müxtəlif oğuztürkmən tayfalarının bir-birinin ardınca Azərbaycana gəlməsi ölkədə gedən etnosiyasi mərkəzləşmə- mütəşəkkilləşmə prosesinə hər halda mənfi təsir göstərirdi. Ümumiyyətlə, XI əsrin əvvəllərindən XV əsrin sonu, XVI əsrin əvvəllərinə qədərki mərhələdə, yəni Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci mərhələsində Azərbaycana gələn oğuz türkləri farsları daha da cənuba, Qafqaz etnoslarını isə daha da şimala sıxışdırdılar. Onların Azərbaycandakı mövqeyi qısa bir müddətdə o qədər gücləndi ki, xilafəti tez-tez narahat edən qıpçaqlar belə oğuz türklərinə müdaxilə edə bilmədilər. Ermənilər, gürcülər, dağıstanlılar isə həmin güc (oğuz türklüyü!) qarşısında tamamilə aciz idilər. Oğuz türkləri Azərbaycandan keçib Anadoluya yürüş etdilər.

Regiona oğuz türkləri ilə yanaşı karluk türkləri də gəlmişdilər ki, bu, əsasən Əmir Teymurun yürüşləri dövrünə təsadüf edir. Oğuz türkləri Azərbaycanın yerli (tarixi!) mədəniyyətinə xüsusi qayğı ilə yanaşdılar. Onların xüsusilə yüksək təbəqəsi Sasanilər dövründən qalmış dəbdəbəli saray həyatını ilk əsrlərdən hətta dirçəltdilər, artıq qeyd edildiyi kimi, farsca danışıb-yazmağa, mədəniyyətcə farslaşmağa başladılar ki, belə bir etnosun (oğuz türklərinin) kimisə türkləşdirəcəyi barədə düşünmək tamamilə absurddur. XI— XIII, eləcə də XIV—XV əsrlərdə oğuz fütuhatı geniş bir coğrafiyanı bürüdüyündən Azərbaycanın etniketnoqrafik sərhədlərini müəyyənləşdirmək çox çətindir. Həmin dövrdə Azərbaycan hər tərəfdən oğuz-türk mühiti ilə əhatə olunmuşdu. Və onun etnokulturoloji yüksəlişində bu mühit həlledici rol oynayırdı. Belə ki, haqqında söhbət gedən dövrdə etnik tipologiya baxımından Azərbaycanın "daxil"i "xaric"indən o qədər də seçilmir, demək olar ki, xüsusi əlamətlər daşımırdı. Lakin düşünmək olmaz ki, oğuz türkləri hər yerdə, bütün sərhəd boyu Azərbaycan hüdudlarından kənara çıxmışdılar. Məsələn, Qafqazın cənubunda ermənilər, gürcülər müxtəlif "diplomatiya" üsullarından istifadə edərək ərazilərini genişləndirir, vaxtaşırı kifayət qədər ciddi cəzalandırılmalarına baxmayaraq, xüsusilə gürcülər (adətən, "yerli" türklərlə — qıpçaqlarla ittifaqa girərək) Gəncəyə qədərki Azərbaycan torpaqlarını zəbt etməyə çalışırdılar.

II minilliyin birinci yarısında ölkə (ümumiyyətlə, region) əsaslı türkləşmədən sonra monqol-tatarların, Əmir Teymurun, Qaraqoyunluların və Ağqoyunluların hücumuna məruz qalmışdı ki, həmin hücumlar Azərbaycanda türk etnoslarının sıxlığını gücləndirsə də, sosial, siyasi, mədəni stabilləşməyə mane olur, artıq qeyd etdiyimiz kimi, xalqın təşəkkülü prosesini ləngidirdi. Birbirinin ardınca Azərbaycana axışan türk tayfaları özlərilə əsrlər boyu yaşamış olduqları, yaxud Türküstandan Azərbaycana qədər keçib gəldikləri yerlərin həyat tərzini, etnoqrafiyasını, az-çox fərqli mədəniyyətlərini, dünyagorüşlərini, hətta toponimiyasını gətirirdilər. Və onlar yeni coğrafi şəraitə nə qədər sürətlə uyğunlaşsalar da, özlərinəməxsusluqlarını da qoruyub saxlamağa çalışırdılar. Beləliklə, orta əsrlərin sonlarına doğru — XV əsrin sonu, XVI əsrin əvvəllərində Azərbaycan ərazisində türklərin çəkisi sürətlə artdı. Və onlar Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətini təşkil etməyə, müxtəlif dövlətlər qurmağa, mərkəzləşməyə başladılar.

Səfəvilər dövlətinin banisi I Şah İsmayılın sosial bazasını, professor Oqtay Əfəndiyevin göstərdiyi kimi, eyni bir milli maraq ətrafında birləşmiş müxtəlif oğuz tayfaları (ustaclı, şamlı, əfşar, türkmən, bayat, təkəli, zülqədər, qacar, varsaq, rumlu...) təşkil edirdilər. Təbii ki, həmin tayfalar bir- birindən o qədər də fərqlənmirdilər... Onlar Səfəvilərdən əvvəl də bu və ya digər dərəcədə siyasi ittifaqda olmuş, xüsusilə Qaraqoyunluların, Ağqoyunluların dövründə daha sıx birləşmişdilər. Və bu baxımdan Səfəviləri hətta özündən əvvəlki Azərbaycan dövlətlərinin bilavasitə varisi hesab etmək olar. Lakin onu da etiraf etmək lazımdır ki, XV əsrdəki kimi, Səfəvilər dövründə də Azərbaycan türk tayfaları hakimiyyət uğrunda mübarizədən əl çəkməmişdilər, yerli hakimlər — tayfa başçıları həm bir-birləri ilə münaqişəyə girir, həm də Səfəvilər sarayının intriqalarında fəal iştirak edirdilər.

Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna şübhə etmək, onu, ümumiyyətlə, İran dövləti saymaq özünü qətiyyən doğrultmur — O. Əfəndiyevin qeyd etdiyi kimi, dövlətin əsasını qoyanlar da, onun yüksəlişini təmin edənlər də Azərbaycanda artıq məskunlaşmış köçəri türk tayfaları idilər; Səfəvilərin dövlətçilik düşüncəsi, inzibati idarə sistemi bütünlüklə qədim türk dövlətçilik ənənələrindən irəli gəlirdi. Və dövlətin mərkəzi olan Təbrizdə (o cümlədən də sarayda), orduda türkcə danışırdılar. I Şah İsmayıl (və onun xələfləri) ənənəni "pozaraq" bir sıra fərmanlarını farsca deyil, məhz türkcə vermişdilər. Azərbaycan Səfəvilər dövləti bir əsrdən sonra — XVI əsrin sonu, XVII əsrin əvvəllərində öz tarixi tipologiyasını itirsə də, Azərbaycan xalqının formalaşmasında, demək olar ki, həlledici rol oynadı. XVII əsrin əvvəllərindən başlayaraq, ümumiyyətlə, regionda nə qədər böyük siyasi hərc-mərclik olsa da, xalqın etnik, sosial-siyasi, mədəni konsentrasiyası prosesi kəsilmədi, bu və ya digər şəkildə davam etdi. Hətta Azərbaycanın xanlıqlara parçalandığı XVIII əsrin ikinci yarısında da Azərbaycanın mənəvi-ruhi bütövlüyü güclənməkdə idi.

Azərbaycan xalqının formalaşması geniş miqyaslı milli intibah hərəkatı ilə müşayiət olunurdu... Yalnız belə bir faktı qeyd etmək lazımdır ki, XVI əsrin əvvəllərindən başlayaraq Azərbaycan ədəbiyyatının şedevrləri meydana çıxdı: "Koroğlu" eposu, xüsusi yaradıcılıq enerjisinin məhsulu olan aşıq sənəti, xalq dastanları... Və həmin əsasda formalaşan milli yazılı ədəbiyyat, M. V. Vidadi, M. P. Vaqif... Azərbaycan intibahı yalnız dil, ədəbiyyat və mədəniyyəti əhatə etmirdi, bütövlükdə milli təfəkkürü, xalqın ruhunu hərəkətə gətirmişdi.

Ümumiyyətlə, XVI—XVIII əsrlərdə sürətlə formalaşan Azərbaycan xalqının etnik-kulturoloji əsaslarını Azərbaycanda məskunlaşmış türklər təşkil edirdilər. Azərbaycanın müasir etnik-etnoqrafik mənzərəsi XVII—XVIII əsrlərdə müəyyənləşmiş, ondan sonra əsaslı bir dəyişikliyə məruz qalmamışdır. Görünür, burada yalnız ermənilərin XIX əsrin əvvəllərindən başlayaraq təcavüzkar siyasi məqsədlərlə Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də, Dağlıq Qarabağda məskunlaşdırılması istisna təşkil edir... Lakin məhz həmin dövrdən sonra ölkənin siyasi mənzərəsi çox tez-tez dəyişmiş, Azərbaycan müxtəlif dövlətlərin tərkibinə daxil olmuşdur ki, bu da xalqın formalaşmasına, heç şübhəsiz, kifayət qədər mənfi təsirini göstərmişdir.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə