Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XV əsr Azərbaycan feodal dövlətləri



Yüklə 1,66 Mb.
səhifə9/23
tarix14.10.2017
ölçüsü1,66 Mb.
#4591
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

XV əsr Azərbaycan feodal dövlətləri. Qaraqoyunlu dövlətinin yaranması. Yaxın və orta Şərqin hərbi-siyasi tarixində qaraqoyunlu və ağqoyunlu tayfaları mühüm rol oynamışlar. Həmin tayfalar mənşəcə oğuz tayfalarından idilər. Bu tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunlu tayfalarının mərkəzi Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkirdə yerləşirdi.

Hər iki tayfa birləşməsi "türkmən" adlanan eyni etnik qrupa mənsub idilər. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur.

Oğuz tayfalarından olan Qaraqoyunlulara baharlılar başçılıq etmişdi. Əvvəllər Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin sonlarında Şərqi Anadoluda bəylik yaratmış və onun əsasını qoyan şəxs Bayram Xoca olmuşdur. Bu dövrdən başlayaraq Ağqoyunlulara, Cəlairlərə və Teymurilərə qarşı mübarizə aparmışlar.

XIV əsrin 80-ci illərin sonundan etibarən Qaraqoyunlularla Cəlairlər arasında gedən müharibələr nəticəsində qaraqoyunlular bir qədər zəiflədi. Bayram Xocanın Qaraqoyunlu tayfa ittifaqlarını birləşdirmək cəhdləri baş tutmadı. Oğlu Qara Məhəmməd (1380-1389) Cəlairlərlə nigah yolu ilə vəziyyəti sahmana salaraq mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqının əsasını qoyur. Lakin, O Azərbaycanda öz hakimiyyətini möhkəmləndirməyə çalışdığı üçün qohumluğa əhəmiyyət verməyərək 1382-ci ilin sentyabrında Təbrizə hücum edir və Cəlairli hakimi Şeyx Əli üzərində qələbə çalır. 1387-ci ildə Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçir. Bunu eşidən Qaraqoyunlu Qara Məhəmməd Çapaqcur dairəsindəki sərt keçidləri tutaraq Teymuri qüvvələrini darmadağın etdi.

Qaynaqların məlumatına görə Qara Məhəmməd 1389-cu ildə öz qardaşı oğlu Qara Pirhəsən tərəfindən döyüşdə qətlə yetirilmişdir. Qara Pirhəsən qələbə çalmasına baxmayaraq mübarizəni davam etdirə bilmir və 1392-ci ildə Qaraqoyunluların rəhbəri Kəmaləddin Qara Yusif ona qalib gəlir. 1392-ci ildə Qaraqoyunlu tayfa ittifaqının mərkəzi Van şəhərini Teymurilər tutaraq qarət etdilər. Bu məğlubiyyətdən sonra Azərbaycandakı mövqelərini itirmiş Qaraqoyunlular Teymurilərə qarşı əlbir mübarizə aparmaq üçün Cəlairilərlə yaxınlaşdılar. Beləliklə, 1394-cü ildə birləşmiş Qaraqoyunlu və Cəlairi dəstələri ilə Əmir Teymur arasında Bağdad yaxınlığında döyüş baş verdi. Nəticədə, Teymur qaraqoyunluları və cəlairləri məğlub edir və Van şəhərini ələ keçirir.

Göründüyü kimi, XIV əsrin ikinci yarısında Azərbaycanın qərbində yaranmış Qaraqoyunlu tayfa ittifaqı əhəmiyyətli bir qüvvə kimi diqqəti cəlb etsə də, öz daxili quruluşuna görə möhkəm deyildi. Tayfalararası mübarizələr ittifaqı zəiflətdi və 1395-ci ildə ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə onu bərpa etdi və Teymur əleyhinə ittifaq yaratmaq məqsədilə Cəlairi sultan Əhmədlə birlikdə Misirə getdi. Teymur Misir məmlüklər dövlətinin hakimi Bərkükdən onların həbs edilməsini tələb etsə də Bərkük gələcəkdə Teymura qarşı onlardan istifadə etmək məqsədilə Teymura rədd cavabı verir. Bərkükün ölümündən sonra taxta oturan onun oğlu Sultan Fərəc Teymurla münasibətləri pozmamaq üçün mütəffiqləri həbsə alsada Teymurun ölüm xəbərini alan kimi (1405) onları həbsdən azad etdi.

Tarixçi Xondəmirin yazdığına görə, dostlar məhbəsdə olarkən şərtləşmişdilər ki, Bağdada Sultan Əhməd, Təbrizə isə Qara Yusif yiyələnsin. Həmin ilin iyununda sözləşmiş mütəffiqlər Bağdadı zəbt edib, 1406-cı ilin iyulun sonunda Təbrizə yaxınlaşdılar. Bu zaman Təbrizdə olan Şirvanşah I İbrahim oranı tərk edir. Təbrizdə möhkəmlənən sultan Əhməd birinci növbədə Əlincə qalasının bərpa edilməsi barədə fərman verdi. O, vergilərin azaldılması və toplanması barədə Təbrizlilərə verdiyi vədə əməl etmədi, əksinə daha ciddi tədbirlər gördü. Buna görə də tezliklə Teymuri Əbu Bəkrin qoşunu Təbrizə yaxınlaşanda, yerli əhali ona kömək etmədi. Sultan Əhməd yenidən Bağdada qaçdı.

Bu dövrdə Cənubi Azərbaycan Teymuri Əbubəkr və Ömər arasında gedən qanlı toqquşmalar meydanına çevrilmişdi. 1406-cı ilin oktyabrın 14-də Təbriz yaxınlığında Şənbi-Qazanda Qara Yusif hücum edərək Əbu Bəkiri məğlub etdi. Oğlunun məğlub olduğunu görən Miranşah Qara Yusif üzərinə hücum təşkil edir. 1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə Qara Yusif Teymuriləri darmadağın edir və Miranşah öldürülür. Beləliklə, Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu və Azərbaycanın cənub torpaqları Qaraqoyunluların hakimiyyəti altına keçdi. Bu hadisədən sonra Sultan Əhməd Qara Yusifin köməyilə Təbrizə qayıdır.

Lakin Qara Yusifin əldə etdiyi uğurlar Sultan Əhmədi qorxuya salır. O, Misir şərtləşməsini pozaraq Qara Yusif üzərinə hücuma keçməyə fürsət axtarırdı. Nəhayət, 1410-cu ilin yayında Qara Yusifin Ərzincana hücum edən Ağqoyunlu tayfa birləşməsinin başçısı Qara Yuluq Osmana qarşı vuruşmasından istifadə edərək Təbrizə hücum təşkil etdi. Şirvanşah I İbrahimin oğlu Kəyumərs ona kömək edir. Şirvan qoşunu Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdi. Bunu eşidən Qara Yusif Təbrizə doğru geri dönür. 1410-cu il avqustun 30-da Şəmbi Qazan adlı yerdə Qaraqoyunlularla Sultan Əhməd arasında döyüş baş verir və Cəlairlər darmadağın edilir. Sultan Əhməd isə edam edildi. Qara Yusif Təbrizi ələ keçirir.

Beləliklə, 1410-cu ildə paytaxtı Təbriz olan Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Qara Yusif oğlu Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla Kürdən Cənuba Azərbaycan torpaqları, Anadolunun şərq vilayətləri, İraq-i ərəb bu dövlətin tərkibinə daxil oldu.

Qara Yusif dövrünün görkəmli sərkərdəsi idi. O, qüvvətli süvari ordu yaratmışdı. Qara Yusif güclü mərkəzləşmiş dövlət yarada bilməsədə, feodal ara müharibələrini bir qədərr zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi. Ölkə iqtisadiyyatında canlanma müşahidə olundu.

1410- cu ildə Şənbi Qazan döyüşündən sonra Şirvan qoşunları Kəyumərsin başçılığı altıda Təbrizə yaxınlaşır. Lakin Kəyumərs Qara Yusif tərəfindən əsir alınır. Az bir müddət keçdikdən sonra Qara Yusif onu azad edərək, onunla Şirvanın təslim olması haqqında məktubu atası I İbrahimə göndərir. Kəyumərsin zəmanətsiz azad olunması I İbrahimdə şübhə doğurur və oğlunu edam etdirir. Öz müstəqilliyini itirmək istəməyən I İbrahim Qara Yusiflə mübarizə aparmaq üçün Şəki hakimi Seyid Əhməd və Gürcü hakimi II Konustantinlə ittifaqa girir. 1412-ci ilin sonlarında Kür çayı sahilində mütəffiq qoşunları ilə Qara Yusif arasında vuruş başlandı. Bu döyüşdə Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin dəstəsində vuruşdular. Döyüş Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Hətta I İbrahim, onun yeddi oğlu və II Konustantin də əsir düşür. Qara Yusif I İbrahimdən 1200 İraq tüməni alaraq azad edir və O, 1413-cü ildə Şirvana gələrək Qaraqoyunluların vassalı kimi hakimiyyətini davam etdirdi. 1417-ci ildə I İbrahim vəfat etdi və hakimiyyətə onun oğlu I Xəlilüllah (1417-1462) keçdi. O, hakimiyyətə gələn kimi Qaraqoyunluların hakimiyyətini tanımaqdan imtina etdi. Hətta I Xəlilüllah Orta Asiya və İranda hökmranlıq edən Teymuri Şahruxla (1406-1447) ittifaqa girdi. Bundan istifadə edən Şahrux 1418 və 1420-ci illərdə Azərbaycana uğursuz səfərlər etdi. Qara Yusif bu yürüşləri dəf etməklə Sultaniyyəni və Qəzvini tutdu. Qara Yusif yaxşı silahlanmış güclü qoşunu malik idi. Teymuri tarixçiləri bu ordunun "günəşin zərrələri və buludun damlaları qədər saysız-hesabsız" olduğunu göstərirlər. Beləliklə Qəzvində Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş əraziyə yiyələndi. Şahruxun 1420-ci ilin yayında baş tutan yürüşü zamanı Təbrizdən düşmən qarşısına çıxmış Qara Yusif yolda ağır xəstələndi və qəflətən vəfat etdi.

Onun ölümündən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başladı. Bundan istifadə edən Sultan Şahrux Arazı keçib Qarabağa daxil olur. Qarabağda I Xəlilüllah onunla görüşə gələrək aralarındakı ittifaqı daha da möhkəmləndirməyə nail olur. Lakin Azərbaycanda Teymuri Şahruxun mövqeyi möhkəm deyildi. Çünki bir tərəfdən Qara Yusifin varisləri, digər tərəfdən Gəncə və Bərdə hakimləri ona qarşı mübarizəyə başlamışdılar. 1421-ci ilin avqustunda Qara Yusifin oğlanları İsgəndər və İsfəndiyar Dərbənd yaxınlığında, Alaşkerd vadisində Şahruxla döyüşə girsələrdə məğlub oldular. Şahruxun Azərbaycandan getməsi ilə Qara Yusifin oğlu İskəndər (1422-1429) dağınıq Qaraqoyunlu qüvvələrini bərpa edərək Təbrizdə qərarlaşır. Onun qardaşı İsfəndiyar isə İraqda möhkəmlənir.

1429-cu ildə Şahrux 100 minlik qoşunla yenidən Azərbaycana yürüş edir və İskəndəri məğlub edərək Qara Yusifin digər oğlu Əbu Səidi hakimiyyətə gətirir. Əbu Səid Şahruxun vassalı kimi Cənubi Azərbaycanda, Qarabağ və Ərməniyyədə hömranlıq edirdi. Lakin Əbu Səid Azərbaycan taxtında ancaq 5-6 ay otura bildi. 1431-cı ildə İsgəndər feodal əyanların köməyi ilə yenidən hakimiy­yəti ələ keçirdi və 1438-ci ilə qədər hakimiyyətdə qaldı.

1434-cü ilin ortalarında İsgəndər Şirvan üzərinə yürüş təşkil etdi. Şirvanşah I Xəlilullah Şahruxun yanına öz adamını göndərdi, ölkəsinin qarət edildiyini ona xəbər verdi. Nəticədə 1435-ci ildə Teymuri Şahrux Azərbaycana üçüncü dəfə yürüş etdi. 1436-cı ildə isə Azərbaycan hökmdarlığını Cahanşaha verdi. İsgəndər qardaşı üzərinə hücum təşkil etsə də məğlub oldu və əsir edilərək Əlincə qalasına salındı. Orada öz oğlu tərəfindən qətlə yetirildi. Beləliklə 1438-ci ildə Qara Yusifin kiçik oğlu Cahanşah hakimiyyətə gəldi. Onun əsas rəqibi Ağqoyunlu tayfa ittifaqının başçısı olan Uzun Həsən idi. Onunla mübarizə gedişində Qaraqoyunlular Şərqi Anadolunun böyük bir hissəsindən əl çəkməli oldular. Qaraqoyunlu Cahanşah 1440 və 1441-cı illərdə Gürcüstana yürüşlər təşkil etdi. 1445-ci ildə Cahanşah Bağdadı zəbt etdi. Beləliklə, İraq-i Ərəb də Azərbaycan Qaraqoyunlu dövlətinə qatıldı.

Cahanşah Teymuri Şahruxun ölümündən sonra (1447) müstəqil siyasət yürüdərək oturaq feodallara və tacirlərə arxalanaraq mərkəzi hakimiyyəti bir qədər möh­­kəm­ləndirə bilir. Həmçinin, bu zamandan etibarən Cahanşah öz adına xütbə oxutdurmağa, sikkə vurdurmağa başladı.

Teymurilər dövləti ərazisinin şahzadələr arasında mübarizə meydanına çevrildiyini görən Cahanşah fürsətdən istifadə edərək 1453-cü ildə İran və İraqda bir sıra əraziləri, 1457-ci ildə isə Curcanı və Xorasanı tutdu. 1458-ci ildə isə Teymuri sultanlarının mərkəzi Herata girdi. Bu vaxt köçəri feodallar Azərbaycanda Cahanşahın oğlu Həsənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın ərafında birləşərək qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarında Əbu Səidin barışıq təklifini qəbul etdi və müqavilə bağladı. Cahanşah Azərbaycana döndükdən sonra feodal qiyamlarını yatırdı.

Beləliklə, Cahanşahın öz gərgin fəalliyyəti ilə daxili və xarici müdaxiləyə, ara müharibələrinə son qoysada, mərkəzi hakimiyyəti qüvvətləndirmək səyləri nəticəsiz qaldı. Xalq kütlələrininin son dərəcə ağır vəziyyətdə yaşaması ilə əlaqədar ziddiyətlərin kəskinləşməsi, feodallar arasındakı çəkişmələr, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri getdikcə Qaraqoyunlu dövlətinin zəifləməsinə səbəb oldu və Ağqoyunlu Uzun Həsənin qaraqoyunlular üzərində qələbə çalması üçün əlverişli şərait yaratdı.

Qeyd olunduğu kimi Cahanşah Ağqoyunluların başçısı Uzun Həsənlə daim düşmən münasibətində idi. Nəhayət bu mübarizə 1467-ci ilin noyabırın 10-da Muş döyüşündə Cavanşahın məğlub olması və döyüşdə öldürülməsi ilə nəticələnir. Cahanşahdan sonra oğlu Həsənəli Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd etsə də, buna nail ola bilmədi. 1468-ci ildə Ağqoyunlu Sultan Həsən Təbrizi ələ keçirir və Qaraqoyunluların hakimiyyətinə birdəfəlik son qoyur.

Ağqoyunlu dövlətinin yaranması. XIV əsrdə Kiçik Asiyanın şərqində məskunlaşmış Qaraqoyunlulardan qərbə doğru torpaqlarda Ağqoyunlular yaşayırdılar. Ağqoyunlular xalqımızın təşəkkülündə mühüm rol oynamış oğuz tayfalarındandır. Bayraqlarında ağ qoç şəkli olan bu böyük tayfa hələ orta əsrlərin başlanğıcında Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışlar. XI əsrdə yaşamış görkəmli türk filoloqu Mahmud Kaşğari (XI əsr) adlarını bir-bir sadaladığı 24 oğuz qəbiləsi içərisində Bayandur qəbiləsinin də olduğunu qeyd etmişdir.

Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy (1370-1388) idi. Lakin onun varisləri Tur Əli (1388-92) və Fəxrəddinin dövründə (1392-1394) bu ittifaq zəyifləyir. 1394-cü ildən Qara Yusif Osman bəy (1394-1435) möhkəmlənərək Diyarbəkri özünə mərkəz seçdi, öz adına pul kəsdirdi. O, öz hakimiyyətini gücləndirərək Ərzincan, Mardin və Sivaz torpaqlarını öz hakimiyyəti altına aldı. Lakin 1435-ci ildə Qaraqoyunlularla döyüşdə 90 yaşlı Osman bəy öldürülür. Bu hadisədən sonra Qara Osmanın dövründə Ağqoyunlu tayfa ittifaqında başlanan arasıkəsilməyən daxili mübarizə yenidən gücləndi. Qara Osmandan sonra Ağqoyunlu tayfa ittifaqının başçısı olmuş oğlu Əli bəy (1443-1444) daxili və xarici mübarizədə müəyyən üstünlüklər əldə edə bildi. Əli bəyin ölümündən sonra onun oğlanları Cahangir Mirzə (1444-1453) və Uzun Həsən arasında Ağqoyunlu ittifaqına rəhbərlik etmək uğrunda mübarizə başladı. Bu mübarizə 1453-cü ildə Uzun Həsənin qələbəsi ilə nəticələndi. Beləliklə, hakimiyətə gələn Uzun Həsən (1453-147) Diyarbəkri ələ keçirərək, mərkəzləşmə əleyhinə çıxan qüvvələri darmadağın etdi. Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. Qeyd olunduğu kimi 1467-ci il noyabrın 10-da Uzun Həsən Muş yaxınlığında Cahanşahın qoşunlarını məğlub etməklə Qaraqoyunlu dövləti süquta uğratdı. Bağdada qədər olan geniş ərazilər Ağqoyunluların əlinə keçdi.

1468-ci ildə Uzun Həsən çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yarandı. Ağqoyunlu dövlətinin tərkibinə Kürdən cənuba olan Azərbaycan torpaqları, Diyarbəkr, Şərqi Gürcüstan, Ərəb İraqı və s. torpaqlar daxil idi.

Ağqoyunlu dövlətinin xarici siyasəti. Ağqoyunlu dövləti Avropa dövlətləri ilə əlaqələr yaratmış ilk Azərbaycan dövləti olmuşdur. Bu əlaqələrin yaradılmasında əsas məqsəd Azərbaycanın beynəlxalq ticarət əlaqələrini, əsasən ipək ticarətini inkişaf etdirmək və ordunu müasir odlu silahla təhciz etməkdən ibarət idi.

XV əsrin 60-70-ci illərində Ağqoyunlu dövlətinin Osmanlı İmperiyası ilə münasibətləri son dərəcə kəskinləşdi. Əsas səbəblər isə Osmanlı imperatorluğunun Azərbaycan ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik edən dövlətə çevrilmək istəyi və Trabzon məsələsi idi. Trabzon Ağqoyunlu tacirlərinin həm Qara dənizə əlverişli çıxış yolu idi, onlar bu şəhər vasitəsilə Krımdakı mərkəzləri ilə əlaqə saxlayırdılar. Eyni zamanda Sultan Həsən Trabzon imperatorunun bacısı Teodora (Dəspinə xatun) ilə evlənmişdi.

Ağqoyunlu qüvvələrinin osmanlılarla ilk toqquşması 1461-ci ildə Qoyluhisar adlanan yerdə baş verdi. Döyüşdə Osmanlı sərkərdəsi Həmzə bəyin qoşunu ağır məğlubiyyətə düçar oldu. II Mehmedin özü böyük qüvvə ilə strateji əhəmiyyətə malik olan Qoyluhisarı geri qaytarmaq üçün hərəkət etdi. Uzun Həsən vəziyyətin çətinliyini görərək osmanlılarla sülh yaratmaq qərarına gəldi və sultanı Trabzona yürüşü fikrindən uzaqlaşdırmaq məqsədilə Azərbaycanın ilk diplomat qadını - anası Sara xatunu II Mehmedin düşərgəsinə göndərdi. Sara xatun II Mehmetlə görüşdə onu Ağqoyunlular üzərinə yürüşdən daşındırmalı idi. Çünki, Ağqoyunlular Osmanlı kimi güclü imperiya ilə qarşılaşacaq qüvvəyə malik deyildilər. Digər tərəfdən Ağqoyunlu dövləti üçün Qaraqoyunluların və Teymurilərin hücumu gözlənilirdi. Bununla yanaşı Sara xatun II Mehmeti həm də Trabzon üzərinə hücumdan çəkindirməli idi. Birinci vəzifə yerinə yetirilsə də, ikinci məsələdə Sara xatun Osmanlı Fatehini fikrindən döndərə bilmədi. Nəhayət, Trabzon şəhəri bir aylıq mühasirədən sonra sultan qoşunu tərəfindən tutuldu. 1461-ci ildə Osmanlı imperiyası və Ağqoyunlu dövləti arasında bağlanmış Yassıçəmən sülhünə görə Trabzon imperiyası süqut etdi və ərazisi Osmanlı dövlətinə qatıldı. Trabzonu itirməklə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həmçinin Qara dənizə yeganə çıxış yolunu itirdi və Genuya (İtaliyada şəhər) tacirləri ilə əlaqə kəsildi. Bundan sonra Sara xatun Trabzon xəzinəsindən öz gəlini Dəspinə xatuna çatası payı alaraq geri qayıtdı.

Trabzonu fəth etdikdən sonra II Mehmed işğalçılıq siyasətini davam etdirərək Azərbaycan ərazisini də öz əlinə keçirmək üçün Ağqoyunlulara qarşı mübarizəyə hazırlaşdı. Odur ki, Sultan Həsən Osmanlı İmperiyasının əleyhinə Venetsiya, Macarıstan, Neapol krallığı, habelə Kipr və Qaraman və başqa dövlətlərlə diplomatik əlaqə yaratmağa başladı. Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı hazırlandı.

Ağqoyunlular şərq ipəyi vasitəsilə Avropa ilə ticarətdən çoxlu gəlir əldə edirdilər. Bu ticarət yollarının Osmanlılar tərəfindən məhdudlaşdırılması eyni zamanda Avropa dövlətlərinin də mənafeyinə zidd idi. Odur ki, Avropa dövlətləri də Osmanlılara qarşı Ağqoyunlularla ittifaqa can atırdılar.

Ağqoyunlu dövlətinin güclənməsi Teymuri hökmdarı Əbu Səidi də Azərbaycana yürüşə tələsdirdi. 1468-ci ildə Azərbaycan ərazisinə hücum edən Əbu Səidə qarşı Sultan Həsən Şirvanşah Fərrux Yasar və Səfəvilərin Ərdəbil hakimi Şeyx Heydərlə ittifaq yaradaraq onu Muğan düzündə Mahmudabad döyüşündə məğlub etdi. Sultan Həsən Şirvanşah Fərrux Yəsarla və Ərdəbil hakimi Şeyxi Heydərlə ömrünün sonuna kimi dostluq əlaqəsi saxlamışdır. Hələ hakimiyyətə qədərki dövrdə o, qızını Şeyx Heydərə ərə vermişdi. Bu, Trabzon imperatoru Kalo İohann Komnenin vaxtilə Sultan Həsənə verdiyi Katerinanın qızı idi.

Ağqoyunlular üçün Teymuri təhlükəsi aradan qaldırılsada XV əsrin sonlarına doğru Osmanlı imperiyası ilə münasibətlər daha da kəskinləşdi.

Belə ki, 1472-ci ilin yazında Sultan Həsən Osmanlı üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı altında olan Ağqoyunlu qoşunları bir neçə qələbə­dən sonra Aralıq dənizi sahillərinə çıxsada Avropalı müttəfiqləri gəlib çıxmadılar. Hətta Venet­siya diplomatları gizli olaraq Osmanlı sarayında Misir və Suriyadan keçən quru yollarda ticarət imtiyazları qazanmaq üçün danışıqlara girmişdilər. Beləliklə müharibənin ağırlığı təkcə Ağqoyunluların üzərinə düşdü .

1473-cü ilin yazında güclü artilleriyası olan Osmanlı imperiyası Ağqoyunlulara qarşı hərbi əməliyyatlara başlamaq üçün Ərzincan tərəfə hərəkət etdi. Sultan Həsən isə Fərat çayının sağ sahilində düşərgə saldı. Beləliklə, 1473-cü il avqustun 1-də Fərat çayı sahilində Malatiya yaxınlığında o dövrün bir-biri ilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Sultan Həsən və Fateh II Mehmed qarşı-qarşıya dayandılar. Mənbələrin məlumatına görə Ağqoyunlu qoşunu 70 min nəfərdən ibarət idi. Türk qoşunları o qədər çox idi ki, hətta Sultan Həsən türklərin hərbi düşərgəsini seyr edərkən onların çoxluğundan heyrətə gəlmişdi. Bu döyüşdə Sultan Həsən osmanlıları ağır məğlubiyyətə uğratdı. Malatya məğlubiyyəti türklər arasında intizamın pozulmasına və böyük ruh düşgünlüyünə səbəb oldu. Türklər İstanbula doğru geri çəkilirlər.

Lakin, 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan döyüşü də deyilir) döyüşü zamanı ağqoyunlular üstünlük əldə etsələr də, yenidən nizamlanan və güclü odlu silahdan istifadə edən osmanlıar nəticədə qələbə çaldılar.

Ağqoyunlu qüvvələrinin məğlubiyyətinin əsas səbəbi Sultan Həsənin ordusunda kifayət qədər odlu silahın olmaması idi. Səlnaməçi Məhhəməd Nasirinin fikrincə, Ağqoyunlular Otluqbeldə ona görə məğlub oldular ki,onlar “belə top-tüfəng davası görməmişdilər”. Osmanlılar əleyhinə ittifaqa daxil olmuş Avropa dövlətlərinin mənafeyi də bir-biri ilə toqquşduğu üçün bu ittifaq Sultan Həsənə kömək edə bilmədi. Lakin, Ağqoyunlu dövləti məğlub olsa da Osmanlı qoşunlarına ağır zərbə vuruldu, onların şərqə doğru yürüşlərinin qarşısı alındı.

Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Bu uğursuzluq olkə daxilindəki narazı qrupların mərkəzi hakimiyyətə qarşı fəallaşmasına səbəb oldu. 1474-cü ildə Uzun Həsənin böyük oğlu, Şirazın valisi Uğurlu Məhəmmədin başçılığı ilə mərkəzi hakimiyyətə qarşı üsyan baş verdi. Qiyamçılar məğlub edildikdən sonra Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. Osmanlı sultanı II Mehmed qızını ona verərək Sivasa-Azərbaycan Osmanlı sərhəddinə hakim təyin etdi. Lakin Uzun Həsən öz fərari oğlunu tutub Təbrizdə edam etdirdi. II Mehmed isə qızı və nəvəsi Əhmədi İstanbula apardı.

Sultan Həsən Osmanlılara qarşı mübarizədə Ağqoyunlulara kömək etmədiyi üçün 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Nəticədə 1477-ci ildə Uzun Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü.

Sultan Həsənin hakimiyyəti dövründə Moskva knyazlığı və Qızıl Orda dövləti ilə də iqtisadi və diplomatik əlaqələr saxlanılırdı. Aparılan danışıqlar nəticəsində Qızıl Orda dövləti Təbriz sarayından öz cənub sərhədlərinin təhlükəsizliyinə dair təminat almışdı. Bu türk dövləti ilə münasibətlərinin yaxşı olmasını daha üstün tutan Sultan Həsən 1475-ci ildə Moskva knyazı III İvanın Qızıl Ordaya qarşı ittifaq bağlamaq haqqında təklifini qəbul etməmişdi.

1478-ci il yanvarın 6-da Uzun Həsən vəfat etdi. Onun vəfatından sonra ölkədə sabitlik pozuldu, kəskinləşmiş feodal mübarizəsi Azərbaycanın iqtisadi və mədəni inkişafına olduqca ağır təsir etdi. Ağqoyunlu dövləti daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradı.

Sultan Həsənin oğlu Yaqub Mirzənin dövründə (1478-1490) ölkədə nisbi sabitlik hökm sürürdü. Şirvanşahlarla olan ənənəvi dostluq münasibətləri Şirvanşah Fərrux Yasarın qızı ilə nigahından sonra daha da yaxşılaşdı. Qohumları olan (Sultan Həsən bacısını Şeyx Cüneydə, qızını isə onun oğlu Şeyx Heydərə vermişdi) Ərdəbil hakimliyinin getdikcə güclənməsini özü üçün təhlükə hesab etdiyindən Yaqub Mirzənin onlarla münasibətləri pisləşdi. O, 1480-ci ildə Osmanlılara qarşı apardığı qalibiyyətli müharibələr nəticəsində Osmanlı sultanı II Bəyazid sülh təklif etməyə məcbur olur. Həmin ildə Yaqub Mirzə Misir və Suriya qoşunlarını da Urfa yaxınlığında darmadağın etdi.

1490-cı ildə Yaqub Mirzənin ölmündən sonra hakimiyyət uğrunda mübarizə daha da gücləndi. Sultan Yaqubun oğlu Baysunqur Mirzə (1490-1492) taxta çıxsada Sultan Həsənin nəvəsi Rüstəm Mirzə hakimiyyət uğrunda mübarizəyə başlayır və 1492-ci ilin mayında Təbrizə girərək hakimiyyəti ələ alır. Rüstəm Mirzə (1492-1497) hakimiyyətini möhkəmləndirmək xatirinə hərbi əyanlara böyük torpaq sahələri-soyurqal (bəxşiş) paylayır. Nəticədə köçəri əyanlar qüvvətləndilər və mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırdılar. Bundan istifadə edən Sultan Həsənin nəvəsi Gödək Əhməd (Uğurlu Məhəmmədin Sultan II Mehmedin qızından olan oğlu) hakimiyyətə keçmək üçün mübarizəyə başladı. O, 1496-cı ildə Sultaniyyə döyüşündə Ağqoyunlu qüvvələrini məğlubiyyətə uğratdı. 1496-cı ilin sonunda isə Naxçıvan vuruşmasında Rüstəm Mirzəni məğlub etdi və əsir aldı. Beləliklə, Gödək Əhməd 1497-ci ildə Təbrizə daxil oldu və hökmdar taxtına çıxdı.

Gödək Əhməd ilk növbədə mərkəzdənqaçma meyllərinin qarşısını almaq üçün irsi soyurqalların ləğv edilməsinə başladı, şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etdi, Ağqoyunlu dövlətinin əvvəlki qüdrətini bərpa etməyə çalışdı. Lakin, O, 1497-ci ilin dekabrında İsfahan döyüşündə əyanlar tərəfindən öldürüldü. Bundan sonra Əlvənd və Murad Mirzələr arasında uzun sürən hakimiyyət davası başlayır və nəhayət 1499-cu ildə döyüşlər dayandırılaraq hər iki şahzadə arasında danışıqlar başlayır. 1500-cü ilin əvvəllərində Təbriz yaxınlığında dərviş Baba Xeyrullanın köməyi ilə Əbhər adlı sülh müqaviləsi imzalanır. Bu sülhə görə, Qızıl üzən çayı sərhəd olmaqla Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan hissəsi, Qarabağ və Ərməniyyə Əlvənd Mirzəyə, bütün Ərəb İraqı, Fars, Kirman isə Murad Mirzəyə çatdı.

Bu parçalanma əslində Ağqoyunlu dövlətinin hərbi qüdrətini sarsıtdı və süqutuna gətirib çıxardı. Bu ziddiyyətlərdən istifadə edən Səfəvilər 1501-ci ildə Əlvənd Mirzəni, 1503-cü ildə Murad Mirzəni məğlub edərək Ağqoyunlu dövlətini süquta uğratdılar.

Siyasi quruluş, idarə sistemi, hərbi qüvvələr. Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri müsəlman şərqinin ən güclü dövlətləri idilər. Qaraqoyunlu və Ağqoyunlu dövlət başçıları padşah titulu daşıyırdılar. Şirvanşahlarda isə dövlət başçısı şah adlanırdı. Uzun Həsən özünün Osmanlı və Teymuri sultanları səviyyəsində hökmdar olduğunu qeyd etmək məqsədilə sultan titulunu qəbul etmişdi.

Qaraqoyunlu və Ağqoyunlu dövlətində aşağıdakı vəzifə ardıcıllığı mövcud idi:1. Padşah; 2. Əmir-əl-ümarə (əmirlər əmiri) –baş komandan, padşahdan sonra ikinci şəxs sayılırdı; 3. Sədr-əzəm-mövlana (ağa) - bütün müsəlman ruhanilərinə rəhbərlik edirdi. Vəqf əmlakı, onların gəliri, mədrəsələr və xeyriyyə idarələri tamamilə onun ixtiyarında idi; 4. Vəzir- daxili inzibati və xarici işlərə, dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxırdı, şahın möhürdarı, sahibi divan idi.

Qaraqoyunlu və Ağqoyunlu sarayında digər vəzifələr də (eşik-ağası, qapıçı, möhrdar, xəzinədar, əmiraxur və s.) vardı. Bundan başqa, mənbələrdə münşi əl-məmalik, mustovfı, qazi əlqüzzat, divanbəyinin də adları çəkilir.

Qoşun puşandarlardan (ağır silahlı süvarilərdən) və tirkəşbəndlərdən (oxatanlardan) ibarət idi. Qaraqoyunlu və Ağqoyunluların 100 min, Şirvanşahların isə 60 minlik qoşunu var idi.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə