Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


VI MÖVZU Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində



Yüklə 1,19 Mb.
səhifə4/14
tarix20.09.2017
ölçüsü1,19 Mb.
#1101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

VI MÖVZU

Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində.

P L A N

1.XIII əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət. Monqolların hücumlarinin başlanmasi.

2.Elxanilər dövlətinin yaranması.

3.XIII əsrdə təssərüfat həyatı.Şəhərlər və mədəniyyət.



Ədəbiyyat.

1.Azərbaycan tarixi.VII cilddə,III cild,B,2005,səh.14-76.

2.Azərbaycan tarixi üzrə qaynaqlar.B,1989,səh.121-137.

3.Azərbaycan tarixi.B,1994,səh.322-348.

4.Bakıxanov A.Gülüstani-İrəm.B,1991.

5..Piriyev V.Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə.(1316-1360-cı illər). Bakı. 1978.

6.Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin qonşu ölkələrə yürüşləri bu ölkələri böyük təhlükə qarşısında qoydu. Monqollar arasında tatarlar, noymonlar, kareitlər, mer-kitlər, tayciutlər, onkutlar adlanan tayfa birləşmələri var idi. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil edilmiş monqol feodal dövləti qonşu vila-yətləri zəbt etməyə başladı. Bu ölkələrdə feodal pərakəndəliyinin (Çin, Xa-rəzm,İran) olması monqolların işğalları üçün əlverişli şərait yaratdı.

Monqollar 1215-ci ildə Pekini, 1219-cu ildə isə Xarəzmi işğal edərək qərbə doğru yürüşə başladılar.

Monqol yürüşləri ərəfəsində Azərbaycanın daxili vəziyyəti çox acına-caqlı idi. Bu dövrdə Azərbaycan ərazisində vahid mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda 3 dövlət –Atəbəylər, Şirvanşahlar və Marağada Ağsunqurilər (1108-1227) dövlətləri mövcud idi.

Artıq XII əsrin sonlarında Eldənizlər dövləti əvvəlki qüdrətini itirmiş-di.Sülalə arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Atəbəylərin son nü-mayəndəsi Atəbəy Özbək feodalların əlində bir oyuncağa çevrilmişdi.

Belə bir vəziyyətdə monqollar ilk dəfə 1220-ci ildə Azərbaycana yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subatay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri talan edərək Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Lakin Atəbəy Özbək ehtiyat edərək monqol-larla danışıqlar aparmağı lazım bildi. Monqollar çoxlu xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan da Gürcüstana basqın etdilər.

1221-ci ilin əvvəlində Cəbə və Subutay Azərbaycana dönərək, yenidən Təbrizə hücum etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi yenə xərac ver-məklə şəhəri talandan qurtardı. Bundan sonra monqollar qəflətən Marağaya hücum etsələr də xalq şəhəri qəhrəmanlıqla müdafiə etdi. Lakin çox çəkmədi ki, şəhər təslim oldu və yerlə-yeksan edildi. Bundan sonra monqollar Həmədan və Ərdəbili yenidən talan edərək üçüncü dəfə Təbrizə hücum etdilər. Bu zaman Atəbəy Özbək Naxçıvana qaçaraq orada gizlənir. Şəhər hakiminin başçılığı altında xalq şəhərin müdafiəsinə qalxdı. Şəhəri ala bil-məyəcəklərini görən monqollar xərac almaqla kifayətlənib oradan uzaq-laşdılar.

Monqollar Azərbaycanın şimal torpaqlarına soxuldular. Onlar Beyləqanı alaraq yandırdılar.1221-ci ildə Gəncəni mühasirəyə aldılar, xərac alaraq yenidən Gürcüstana yollandılar və oranı qarət etdilər.

1222-ci ildə Şirvana soxulan monqollar Şamaxını mühasirəyə aldılar. Şəhərin mərd müdafiəçiləri düşməndən qorxmayaraq, ölümü üstün tutub doğma şəhərlərini müdafiəyə qalxdılar. Lakin sayca üstün olan monqollar şəhərə daxil oldular, şəhərdə əhalinin kökünü kəsdilər.(İbn əl-Əsir)

Monqollar 1222-ci ildə Şamaxıdan şimala tərəf yönəldilər. Onlar Dərbənd keçidindən keçərək, 1223-cü ildə Kalka çayı üzərində rus-qıpçaq qoşunlarını məğlub etdilər. Monqollar Xəzərin şimalı ilə Monqolustana qa-yıtdılar.

1223-cü ildə Eldənizlərin zəifliyindən istifadə edən Qıpçaq tayfaları Dərbəndi keçərək Şirvan, Gəncə, Qəbələyə qədər gəlib çıxdılar, böyük talanlar törətdilər. Belə bir vəziyyətdən Gürcü feodalları da istifadə etmək məqsədilə 1225-ci ildə Gəncəyə basqın etdilər.

1225-ci ildə Azərbaycan monqol hücumları nəticəsində hakimiyyətdən məhrum olmuş Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Cəlaləddn Xəzərin cənubundan keçərək Marağanı tutdu. Az sonra Təbrizə hücum etdi.Atabəy Özbək ailəsi ilə Gəncəyə,oradan isə Əlincəyə qaçdı və az sonra orada öldü.Bununla da Atabəylər dövləti süqut etdi (1225).

Təbrizlilər Şəmsəddin Tuğrainin qardaşı oğlu Nizaməddinin başçılığı altında şəhəri müdafiəyə qalxdılar. Müdafiəçilər 7 gün mərdliklə vuruşdular. Lakin şəhər əyanlarınn satqınlığı üzündən şəhər təslim oldu. Daha sonra Gəncə, Beyləqan, Bərdə, Şəmkir və başqa şəhərlər də istila olundu. Marağanın tutulması ilə Ağsunqurilər dövləti də süqut etdi. Şirvanşahlar da ildə 100 min dinar vermək şərti ilə Cəlaləddinin vassalına çevrildilər.

Azərbaycanın idarəçiliyi Cəlaləddinin vəziri Şərəf Əl Mülkin ixtiyarına verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üs-yanına səbəb oldu. Gürcüstan yürüşündə olan Cəlaləddin Təbrizə gələrək üs-yanı yatırmış və şəhər rəisi Nizaməddin Tuğraini edamı etdirmişdi. Bir qədər sonra Təbriz əhalisi Yarbəyin başçılığı altında üsyana qalxmışdı.Tezliklə xalq hərakatı bütün Azərbaycanı bürümüşdü.

1231-ci ildə Gəncə üsyanı xalq hərakatının ən yüksək pilləsi oldu. Sənət-kar Bəndərin başçılığı ilə gəncəlilər şəhər hakiminin sarayını ələ keçirərək şəhərdəki özbək qarnizonunu məhv etdilər. Şəhər üsyançıların əlinə keçdi. Bunu görən Cəlaləddin üsyançıalarla danışığa girib təslim olunmalarını tələb etdi. Lakin üsyançılar mübarizədən əl çəkməyərək, şəhərdən çıxdılar və sul-tan ordusuna hücum etdilər. Lakin qanlı döyüşdən sonra üsyançılar şəhərə doğru geri çəkildilər. Bunların ardınca Cəlaləddin də şəhərə soxularaq üsyanı yatırdı. 30 min nəfəri Cəlaləddin edam etdirdi, Bəndəri isə tikə-tikə doğratdı.

Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və başqa şəhərlərində də Cəla-ləddinə qarşı xalq üsyanları baş vermişdi.

Üsyandan az sonra Monqollar ikinci dəfə Azərbaycan ərazisinə yürüşə başladılar. 1231-ci ildə Çingiz xanın üçüncü oğlu Büyük xaqan Üqedey sərkərdə Çormoğonun başçılığı ilə 30 minlik qoşunu Azərbaycan üzərinə yürüşə göndərdi. Bunu görən Xorəzmşah Cəlaləddin cənuba doğru qaçaraq Diyarbəkr ərazisində dağlarda həlak oldu.

Monqollar yenə Marağanı talan edib Təbrizə doğru hərəkət etdilər. Yenə də şəhər əyanları satqınlıq edərək şəhəri təslim etdilər.Təbrizin bir çox sənət-karları Qaraqoruma göndərildilər.

1235-ci ldə Monqollar Gəncəni mühasirəyə aldılar. Uzunmüddətli müha-sirədən sonra şəhər alındı və yerlə -yeksan edildi. İbn-Əl_Əsirin yazdığına görə “Gəncə 4 il müddətinə xaraba vəziyətdə qaldı”. Şəmkir şəhəri də alına-raq yandırıldı və əhalisi qılıncdan keçirildi. Az sonra Bakı,Tovuz şəhərləri iş-ğal olundu. 1239-cu ildə Dərbəndin tutulması ilə bütün Azərbaycan monqol-lar tərəfindən istila olundu.

İlk yürüşdən fərqli olaraq monqolların ikinci yürüşdə əsas məqsədi işğal etdikləri ərazilərdə möhkəmlənməkdən ibarət idi. Odur ki, onlar qələbə çal-dıqdan sonra Monqolustana qayıtmadılar və yeni ərazilərdə məskunlaşdılar.

Azərbaycan və eləcə də Ön Qafqaz ərazisi 1239-1256-cı illərdə ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin Arqun ağanın yeritdiyi əsas siyasət yerli feodalların monqol əyanlarından asılılığını təmin etməkdən ibarət idi.

Monqol xaqanlığının Ön Asiya, Cənubu Qafqaz və Kiçik Asiyanı ələ keçirməsinə baxmayaraq XIII əsrin ortalarında həmin vilayətlərdə iri feodal malikanələri hələ də öz müstəqilliyini itirməmişdi.

Ali monqol xaqanı Münke istilaları davam etdirmək məqsədilə 1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Yürüşə Münkenin qardaşı Hülakü xan rəhbərlik edirdi. O, 1256-cı ildə Amu-Dəryanı keçərək Xəzərin cənubu ilə hərəkətə başladı. Həmin il İsmalilərin Ələmut qalası süquta uğradı. 1258-ci ilin fevralında Hülakünün sərkərdəsi Baqu Bağdadi ələ keçirərək 500 il hökmranlıq etmiş Abbasilər Xilafətinə son qoydu.

Zəbt edilmiş ərazilər hesabına yeni Monqol ulusu (dövləti ) Hülakülər dövləti yarandı. Bu dövlət Azərbaycanda bir əsrə qədər (1357) fəaliyyət gös-tərmişdir. Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi. Əvvəlcə Marağa, sonra isə Təbriz paytaxt oldu.

Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraqi- Ərəb, İraqi-Əcəm, Kir-man, Gürcüstan , Kiçik Asiya, Fars, Xuzistan, Xorasan vilayətləri daxil idi.

Hülakü xan oturaq əhalinin və yerli feodalların istismarı və sıxışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Yalnız Şirvanşahlar öz daxili müstəqilliklərini qoruyub saxlaya bilmişdilər.

Hülakü xanın ölümündən sonra (1265) hakimiyyətə Abaqa xan (1265-1282) keçdi.Onun hakimiyyətinin son dövrlərində mərkəzi hakimiyyətə qarşı narazılıqlar artdı. 1275-ci ildə ona qarşı hətta Aranda üsyan baş verdi, lakin üsyan çətinliklə də olsa, yatırıldı. Abaqa xandan sonra hakimiyyətə gələn Əhməd xan (1282-1284) cəmi iki il ölkəni idarə edə bildi.O, feodalların səyi ilə taxtdan salındı və Arqun xan (1284-1291), sonra isə Göyxatu xan (1291-1295) hakimiyyətə gəlsə də bir neçə ay taxtda oturdu.

Hülakulər sarayında baş verən çevriliş və çəkişmələr mərkəzi hakimiyyəti olduqca zəiflətmişdi. Bundan istifadə edən Qızıl Ordalılar 1263,1265, 1288 və 1290 -cı illərdə Azərbaycan torpaqlarına basqın edərək talanlar törətmişdilər. Qızıl Ordalılarla Hülakulər arasında müharibələr fasilələrlə 100 ilə qədər davam etmişdir. Bu müharibələr xalqı tamamilə var-yoxdan çıxarmışdı.

1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi.O, öz siyasətində yerli feodallarla əlaqənin möhkəmlənməsi siyasəti yeridirdi. Hətta o,islam dinini də qəbul edərək məscid tikdirdi.Köçəri monqol əyanları ona qarşı çıxsalar da O,yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi. Mərkəzi hakimiyyəti möhkəmləndirdi. Ölkədə nisbətən sabit vəziyyət yarandı. Ulcaytu xanın dövründə də (1304-1316) bu sabitlik pozulmadı. Lakin 12 yaşlı Əbu Səidin hakimiyyətə gəlməsilə (1316-1335) feodal ara çəkişmələri yenidən qızışdı. Faktiki olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində cəmlənməsi bir çox feodalların narazılığına səbəb oldu. 1319,1320,1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Lakin həmin iğtişaşlar Əmir Çobanın səyi nəticəsində yatırıldı. Bundan sonra Əmir Çoban artıq dövlətin faktiki hakimi kimi fəaliyyət göstərməyə başladı. Bundan narazı olan Əbu Səid 1328-ci ildə Əmir Çobanı və bir neçə oğlunu öldürtdürdü.

1335-ci ildə Qızıl Orda xanı Özbək yenidən Azərbaycana soxuldu. Elə bu zaman Əbu Səid feodal ara çəkişmələri nəticəsində öldürüldü. Qısa müddət ərzində hakimiyyətdə Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-1338) bir-birini əvəz etdi. Bu vəziyyətdən istifadə edən bir sıra əyyanlar və nəsillər müstəqilləşməyə meyl etməyə başladılar. Belə qüvvələrdən Çobaniləri, Cəlariləri və Xorasan əmirlərini göstərmək olar.

Çobanilər hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi .Əmir Çobaninin nəvəsi Şeyx Həsən Çobani 1338-ciildə cə-lairlilərə qalib gələrək Ulcaytu (Məhəmməd Xudavəndə) xanın qızı Satıbəy Xatunu padşah elan edib dövləti onun adından idarə eməyə başladı.1340-cı ildə ildə Şeyx Həsən Satıbəyi hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı padşah elan etdi. (1340-1344) 1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Əşrəfin qəddarlığından cana doyan əhali Qazı Məhiyəddin Bərdəinin başçılığı ilə üsyan etdilər. Hətta onlar Qızıl Orda xanı Cani Bəyi köməyə çağırdılar. 1357-ci ildə Cani bəy Azərbaycana gəlir və hakimiyyəti ələ keçi-rir. Əşrəf Çobani isə ələ keçirilərək edam edildi. Beləliklə, həm də Hülakülər dövlətinin varlığına son qoyuldu.

Hakimiyyəti ələ keçirən Cani bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə ot-urtdu. 2 ay sonra atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orduya qayıtdı.

Bundan istifadə edən Cəlairi əmir Şeyx Uveys (1359-1374) 1358-ci ildə Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan Cəlairlər dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi. 1367 –ci ildə Cəlairilər Şirvani zəbt etdilər. Şeyx Uveysin dövründə mərkəzi idarəetmə aparatı möhkəmləndi, iqtisadiyyatda müəyyən canlanma baş verdi. Lakin Cəlairi Sultan Hüseynin dövründə (1374-1382) ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.

Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyni öldürtdürür. Hakimiyyətə Sultan Əhməd keçir (1382-1410). Onun hakimiy-yətinə isə Əmir Teymurun yürüşləri son qoysa da 1410-cu ildə Qaraqoyunlu Qara Yusif tərəfindən öldürülərək Cəlairlər sülaləsinə son qoyur.

Monqol zülmü Azərbaycanda təsərrüfat həyatını dərin tənəzzülə uğratmışdı. Dağılmış şəhər və kəndlər uzun müddət xarabazarlıq halında qalmışdı. Kənd təsərrüfatı, sənətkarlıq, ticarətin inkişafı ləngimişdi. Baxmayaraq ki, XIII əsrin əvvəllərində (1303) Qazan xan Mahmud bir sıra islahat keçirdi və bu islahatların müsbət təsiri oldu, lakin tənəzzül XIII əsrin sonu –XVəsrin əvvəlinədək davam etdi.

Tarixçi Həmdullah Qəzvininin verdiyi məlumata görə Azərbaycanın cənubunda buğda, çəltik, pambıq, meyvə və üzüm becərilirdi. Bir sıra şəhərlərdə sənətkarlıq istehsalı dirçəlməyə başlamışdı. Ərdəbildə zolaqlı və alabəzək parçalar, Bərzənddə ipək örtüklər, Şəmkirdə yun paltar hazırlanır, Qəbələdə xan ipək istehsal olunurdu. XIII əsrin sonlarında ticarət də müəyyən qədər canlanmışdı. Azərbaycanın Şərq və Avropa ilə geniş ticarət əlaqələri tədricən bərpa edilirdi. Ən mühüm ticarət yollarında karvansaralar tikilirdi. Karvansaralar müəyyən dərəcədə qala istehkamlar şəklində tikilirdi. Çünki tacirlər tez-tez basqınlara məruz qalırdılar.Məsələn, Minəcik, Sanqaçal, Beş-Barmaq dağları yaxınlığında indi də qalmaqda olan karvan-saralar qalaları xatırladır.

XIII-XIV əsrlərdə Qərblə Şərq arasındakı ticarətdə Venetsiyalı və Genuyalı tacirlər böyük rol oynayırdılar. Onlar Azərbaycana xəz, kətan, mahud, qalay gətirir, buradan isə ipək, ədviyyat, daş-qaş və sair aparırdılar. Ticarətdə Təbriz şəhəri əsas rol oynayırdı. Elxanilər dövründə Təbriz çox böyümüşdü. Lakin digər şəhərlər monqolların vurduqları ziyan nəticəsində uzun müddət dirçələ bilmədi. Məsələn Gəncə, Beyləqan və s.

Mənbələrin məlumatına görə Təbrizdə 200 min ev, 1 milyona yaxın əhali yaşayırdı.

Monqol işğalı Azərbaycanın mədəniyyətinə də böyük ziyan vuraraq bir müddət elm, mədəniyyət və incəsənətin inkişafını ləngitdi. İşğalçılar əsarətə alınmış xalqların əsrlərdən bəri yaratdıqları mədəniyyət xəzinələrini dağıdıb məhv edirdilər. Lakin bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz mədəniyyətinin inkişafını davam etdirirdi. Hətta monqolların dövründə də Azərbaycan şərqin ən mühüm mədəni mərkəzlərindən biri olmuşdur.

Həmin dövrdə Övhədi Marağai, Zülfiqar Şirvani, İzzəddin Həsənoğlu kimi şairlər yazıb yaratmışdılar.

Övhədi Marağainın yazdığı, “Dəhnamə” (on məktub) poeması Azərbay-can şairlərinin əsərləri içərisində xüsusilə seçilirdi. Poemada feodalların amansız zülmü və ruhanilərin ziyanlığı ifşa olunurdu.

Azərbaycan –türk dilinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq hə-min dildə yazılan əsrlərin sayı da çoxalmışdı. Elmi əsərlər isə əvvələrdə ol-duğu kimi ərəb və fars dillərində yazılırdı. Türk dili dövlət dili səviyyəsinə qaldırıldı. Məhəmməd Naxçıvani qeyd edir ki, mühüm dövlət sənədləri əha-liyə 3 dildə -türk, ərəb və fars dillərində çatdırılırdı. Alim İbn Mühənna ilk dəfə Azərbaycan sözləri tərtib etmişdi. 1233-cü ildə şair Əli türk dilində “Yusif dastanı” əsərini yazmışdı.

Azərbaycan dilində yazan şairlərdən biri də İzzəddin Həsənoğlu idi. Onun Azərbaycan dilində yazılmış “Divani”böyük şöhrət tapmışdır. Həmin poemada coşqun və sədaqətli məhəbbət tərənnüm edilir.O, öz nigarına mü-raciət edərək deyir:

Həsənoğlu sənə gərçi duaçidir, vəli sadiq

Nə sadiq, sadiqi bəndə, nə bəndə, bəndeyi-çakər.

Göstərilən dövrdə memarlıq da inkişaf edirdi. Abşeronda. Naxçıvanda, Təbrizdə memarlığın gözəl abidələri-qalalar, qullələr, məqbərələr, məscidlər, karvansaralar və s. indidə qalmaqdadır.

Məsələn, Mərdəkan, Nardaran, Ramana qalaları həmin dövrdə tikilmiş-dir. Təbrizin Ərk qalası, Naxçıvanın Qarabağlar memarlıq kompleksləri indi də öz gözəlliyini saxlayırlar.

Azərbaycanda astronomiya (nücum), riyyaziyyat, tibb, fəlsəfə, tarix, coğrafiya və sair elmlər üzrə əhəmiyyətli kəşflər edildi, əsərlər yazıldı.

Görkəmli Alim Nəsrəddin Tusinin rəhbərliyi ilə 1259-cu ildə açılmış Marağa rəsədxanası və eləcə də XIV əsrin əvvəlində Şamqazanda tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Burada dünyanın bir çox ölkələrindən görkəmli alimlər çalışırdılar. Ən yaxşı cihazlarla təchiz olunmuş bu rəsədxanada elmi əsərlər, ulduzlu göyün xəritəsi, astronomiya cədvəlləri yaranmış və hətta həmin əsərlər Yunan dilinə tərcümə edilmişdi. Təbabətin inkişafında mühüm naiyyətlər əldə olunmuşdu. XIV əsrin əvvələrində Təbrizdə “Dar-əş Şəfa” (Şəfa evi) yaradılmışdı. Hətta orada universitetə oxşar bir məktəb var idi. Burada təbiətşünaslığı, fəlsəfəni, məntiqi, tarixi, təbabəti, ilahiyyatı öyrənmək üçün Şərqin müxtəlif ölkələ-rindən gəlmiş 6-7 min tələbə təhsil alırdı.

Həmin dövrdə riyaziyyat , fəlsəfə, tarix və başqa elm sahələrində gör-kəmli alimlər yetişmişdi. Azərbaycanın məhşur riyaziyyatçısı “Risalətül-he-sab”əsərinin müəllifi Ubeyd Təbrizi və görkəmli filosof Mahmud Şəbüstəri “Gülşəniraz”, “Səadətnamə” kimi qiymətli elmi əsərlər yazmışlar.

Tarixçi Məhəmməd Naxçıvaninin yazdığı “Dəstül Əl-Kitab” (qanunlar kitabı) o dövrün ictimai-siyasi həyatını canlandırır. Tarixçi Rəşidəddinin əsərləri “Şərq tarixşünaslığının qızıl əsərləri”hesab olunur. Onun “Came ət təvarix” əsəri hələ də qiymətli tarixi əsər sayılır.

Bu dövrdə Azərbaycanda elmin və ədəbiyyatın inkişafı ilə əlaqədar husn-xətt sənəti geniş yayılmışdı. Bütün kitabları xəttatlar gözəl xətlərlə yazıb köçürürdülər.

Musiqi sahəsində Səfiəddin Urməvinin xidmətləri çox böyük olmuşdur. O, özünün “Dövlət kitabı” əsərində musiqi nəzəriyyəsinə və not sənətinə aid qiyməli fikirlər söyləmişdir. O, not yazısının banisi sayılır. Səfiəddin Urməvi hətta bir neçə klassik muğam yaratmışdır.

Beləliklə Hülakülər dövründə baxmayaraq ki, işğalşılar Azərbaycan mədəniyyətinin obyektiv inkişafını ləngidir və maneçilik göstərirdilər, lakin xalq öz mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirirdi.



VII mövzu

XIV əsrin sonu-XV əsrin əvvəllərində siyasi vəziyyət Azərbaycan feodal dövlətləri.

P L A N .

.XIV əsrin sonlarında Azərbaycanın daxili və xarici vəziyyəti.

2.Hürufilik təlimi və Azərbaycanın siyasi həyatında onun rolu. İmadəddin Nəsimi.

3.XV əsr Azərbaycan feodal dövlətləri. (Şirvanşahlar, Qaraqoyunlular

1 və Ağqoyunlular dövlətləri)

Ədəbiyyat

1.Azərbaycan tarixi.VII cilddə, III cild, Bakı, 2005 səh.76-122.

2.Azəbaycan tarixi.B,1994,səh. 399-348

3.Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.137-184.

4.Azərbaycan tarixi.İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993,səh.149-153.

5.Azərbaycan tarixi.S.Əliyarlının redaktorluğu ilə,Bakı 1996,səh.277-299.

6.Priyev V.Azərbaycan Hülakilər dövlətinin tənəzzülü dövründə. Bakı,1978

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIV əsrin sonu –XV əsrin əvvəlində Azərbaycanın və bir sıra Şərq ölkələrinin siyasi vəziyyətində bir sıra mühüm amillər əsaslı rol oynadı. Bunlardan ən başlıcası bu yerlərin Teymurun basqınlarına məruz qalması idi.

Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti I İbrahimin hakimiyyəti (1382-1417) altında müəyyən iqtisadi – siyasi tərəqqiyə nail olmuşdu. I İbrahimin ağıllı və tədbirli siyasəti nəticəsində Şirvan öz istiqlaliyyətini qoruyub saxlaya bildi. Hətta Şəki hakimini Seyid Əlinin oğlu Seyid Əhmədi Teymurla barışdırıb Şəki torpaqlarını işğalçıların basqınından xilas etdi. Gürcü çarı Georğinin də Teymurla sülh mü-qaviləsinin bağlamasında I İbrahimin müsbət rolu özünü göstərdi. Təbiidir ki, Teymu-run vassallarına çevrilmiş Şirvan və Şəki öz qoşunları ilə həm Qızıl Orduya və həm də Türkiyəyə qarşı vuruşda iştirak etmişdilər.

Azərbaycanın sərvətləri Qızıl Ordu xanlarının da diqqətini çəkirdi. Onlar Elxanilərə qarşı müharibələrdə məğlub olaraq istədiklərinə, Azərbaycanın zəngin sərvətlərinə yiyələnə bilməmişdilər. İndi əlverişli şəraitin yetişdiyini görən Toxtamış xan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlamışdı.

Bu dövrdə Orta Asiyada Teymurilər dövlətinin qurucusu Teymurun da Azərbaycana yürüşləri məhz həmin dövrlərə təsadüf edir. 1386-cı ilin baharında Əmir Teymur İrana soxulur. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu. Lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır.

Azərbaycan xalqı Teymurun hücumundan özünə gəlməmiş 1386-cı ilin qışında Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla (Bəy Poladın sərkərdərliyi ilə) Dərbəndi keçərək Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim Şamaxının müdafiəsini təşkil etsədə, heç bir nəticə əldə edə bilmədi. Toxtamış Şirvanı keçərək Təbrizə yaxınıaşdı və orada ciddi müqavimətə rast gəldi. Toxtamış Şənbi Qazanda yerləşərək 8 gün Təbriz qalası ətrafında dövrə vurdular, lakin şəhərə girə bilmədilər. Bunu görən Toxtamış Əmir Vəli ilə danışıqlara girdi və 250 tümən qızıl alaraq, guya geri qayıtmağa başladılar. Arxayın olan şəhər əhalisi silahı yerə qoydular.Bunu görən Toxtamış xəyanət edərək şəhəri ələ keçirdi. Şəhər əhalisi 8 gün ərzində qarət olun-dular. Bunun ardınca Marağa şəhəri qarət olundu. Mərənd, Naxçıvan həmin taleyi yaşadılar. Bundan sonra Toxtamış Qarabağa və oradan isə şimala çəkilir. Toxtamış buradan gedərkən çoxlu sərvət və 200 mindən çox əsir aparmışdı. 1387-ci ildə Əmir Teymur yenidən Azərbaycana yürüş etdi. Onlar Cəlairli Sultan Əhmədi darmadağın edərək yenidən Təbrizə gəldilər. Teymur, Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutduqdan sonra payızda Naxçıvana gələrək Əlincə qalasına yaxınlaşdı. Bu qala Əlincə çayı sahilində, yüksək sıldırım qaya üzərində yerləşmiş, möhkəm divarlar və bürclərlə əhatə olunmuşdu. Cəlairli Əhməd xəzinəsini, ailəsini, oğlunu qalada yerləşdirib, onun müdafiəsini Əmir Altuna tapşır-mışdı. Onun ixtiyarında 300-ə yaxın qorçu var idi. Qalanın müdafiəsinə Şəki və Gürcüstan kömək edirdi. 1388-89-cu ilin qışında gürcülərlə ittifaqa girən Seyid Əli Orlat Əlincə qalası müdafiəçilərinin köməyinə gəldi. Qala yaxınlığında gərgin döyüş başladı. Bu döyüşdə Seyid Əli həlak olmuşdu. Lakin qalanı almaq mümkün deyildi. Teymurun sərkərdələrindən Əmir Məhəmməd Barlas, Əbu Bəkir Mirzənin başçılçğı altında qüvvələr bir neçə dəfə Əlincəyə qəti yürüşə başlasalar da, qala təslim olmamışdı. Lakin qala daxilində Məlik Tahirin xəyanəti (Altuna qarşı) qalanı zəiflətdi.

1399-cu ildə Teymur səfərbərlik edərək yenidən Əlincə səfərinə yollanır. Oktyabrın 10-da Teymur müqavimətə rast gəlmədən başsız buraxılmış qalaya daxil olur. Əlincə fasilələrlə 12-il (1387-1399) mərdliklə müdafiə olunduqdan sonra feodal ara çəkiş-mələri nəticəsində süqut etdi.

Çox maraqlıdır ki, Teymur Əlincə qalasını fəth etdikdən sonra öz əzəməti ilə onu heyran edən və heyrətə gətirən bu qalanı xüsusi ziyarət etmişdi.

Azərbaycanın cənub vilayətlərinin və Əlincə qalasının tutulması Şirvanı da böyük təhlükə altına alırdı. I İbrahim Şirvanın təhlükəsizliyi qayğısına qalaraq Teymurla danışıqlara girdi və 1386-cı ilin payızında qiymətli hədiyyələrlə Teymurun Bərdə yaxınlığındakı düşərgəsinə getdi. Rəvayətə görə İbrahim qiymətli hədiyyələrlə yanaşı 8 qul da aparıbmış. Adətən bu rəqəm 9 olurmuş.İbrahimdən soruşanda ki, niyə 8qul gətirmisən O, cavabında “9-cu qul mən özüməm”demişdir. Elə bu cavab guya Əmir Teymurun xoşuna gəlmişdir və onunla müttəfiq olmuşdur.

Başqa bir səlnaməçi yazır ki, hədiyyələrin üstündə İbrahim, Nizami Gəncəvin

“VII gözəl” timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymurun hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.

Bütün bunlara baxmayaraq, əsas məsələ odur ki, Şirvanşah Teymurla sazişə girir və Şirvan torpaqlarını dağıntılardan xilas edir. Danışıqlar zamanı Dərbənd keçidinin Qızıl Ordadan müdafiəsi məhz İ İbrahimə tapşırılmışdı.

Hələ 1987-ci ilin əvvəlində Qızıl Ordalılar ikinci dəfə Azərbaycana soxulanda Teymurun hərbi dəstələrinin tərkibində şirvanlılar da vuruşmuşdular.

1395-ci il aprelin 15-də Terek çayı sahilində vuruşmada Teymurla Şirvan qoşunlrı Toxtamışın hərbi qüvvələrini məğlub etdi.Toxtamış Sibirə qaçır və orada Sibir xanı Şadıbəy tərəfindən öldürülür.

Şirvan və Şəki qoşunları Teymurilərlə bərabər Osmanlı Türkiyəsinə qarşı da vuruşmuşlar.1402-ci ildə Ankara yaxınlığındakı döyüşdə Türk sultanı İldırım Bəyazid məğlub oldu və əsir düşdü. Bu qələbədən sonra yaxın Şərqin xeyli hissəsi Teymurun əlinə keçdi.

Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi.O,Teymurun hakimiyyətindən öz məqsədləri üçün istifadə etdi. Birincisi, O, Teymurla Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.

Eyni zamanda I İbrahim 1398-ci ildə Şəki vilayətinin hakimliyini Əlincə ətrafındakı döyüşlərdə həlak olmuş Seyid Əlinin oğlu Seyid Əhmədə qaytarmaq barədə Əmir Teymurun razılığlını aldı.

Üçüncüsü, I İbrahimin köməyi ilə gürcü çarı VII Georgi Teymula sülh müqaviləsi bağladı. Bununla həm də Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmləndi. Həmin vaxtdan etibarən Gürcüstan və Şəki Əmirliyi Şirvanşahın mütəffiqi kimi çıxış edirdilər.

Azərbaycanın Teymur tərəfindən istila edilməsi və onun zülmü ölkənin təsərrüfat həyatına sarsıdıcı təsir göstərir, xalqı aclığa məhkum edirdi. Dövrün müasirlərindən biri yazırdı:”Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər yeri bürüdü... gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır”

Bununla belə, Teymur Azərbaycanda xeyriyyə işləri də görmüşdü.O, Ankara vuruşmasından sonra , 1403-cü ildə Qarabağa gedərkən yolüstü Beyləqana gəlmiş və buranın dağılıb pis vəziyyətə düşdüyünü görmüşdür. Buna görə də Beyləqanın abadlaşdırılması və Araz çayından bura kanal çəkilməsinə göstəriş vernişdir.

Dünyaya hökmranlıq etmək istəyən Teymur : “Göydə Allah tək olduğu kimi, yer üzündə də ancaq bir padşah olmalıdır. Bəşəriyyətə iki padşah ağalıq edə bilməz”- deyirdi.Lakin onun bu iddiası baş tutmadı.1405-ci ildə isə Teymur vəfat etdi.

Azərbaycanın şimalında Şirvan dövləti mövcud olduğu bir zamanda ölkənin cənub vilayətlərinin idarəçiliyi Teymurun oğlu Miranşahın əlində idi. Miranşahın Azərbaycanda törətdiyi dağıntılar ölkənin təsərrüfatına və mədəniyyətinə mənfi təsir göstərirdi. Miranşahın qəddarlığı xalqın qəzəbinə səbəb olmuşdur. Xalq arasında ona “Maranşah” deyirdilər.Azərbaycanın bəzi bölgələrində ona qarşı tez-tez üsyanlar baş verirdi. Məsələn, Şəki hakimi Seyid Əli ona itayət etməkdən boyun qaçırdı. Təbrizdə də Miranşaha qarşı üsyan baş verdi. Hər iki üsyan çox çətinliklə yatırıldı. Elə məhz qəddarlığına görə Miranşah atası Teymur tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Atasının ölümündən sonra hakimiyyəti ələ keçirmək üçün mübarizə aparmış,1408-ci ildə Qara Yusiflə döyüşdə öldürülmüşdür.

Teymurun ölmündən sonra onun yaratdığı böyük imperiya dağılmağa başladı.Varislər arasında hakimiyyət uğrunda mübarizə başladı.Bir biri ilə ədavət edən Miranşah və onun oğlu Ömər Mirzə Azərbaycanın cənub hissəsinə yiyələnmək istəyirdilər. Belə bir şəraitdə Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərdə xalq üsyanları geniş vüsət aldı. Eyni zamanda Gürcüstanda da Teymurilərə qarşı üsyan başlayır.

Yaranmış vəziyyətdən I İbrahim istifadə edərək Kür çayını keçməyə və Gəncə və Qarabağı tutmağa nail olur.

Bu zaman İbrahimlə Gürcü çarı Konıstantin, Şəki hakimi Seyid Əli, Qaraman tayfa-sının başçısı Əmir Yarəhməd və Ərdəbil hakimi Bistam Cəyir ittifaq bağlayaraq Teymurilərə qarşı çixırlar.1405-ci ilin yayında birləşmiş qoşun Kür sahilində Ömər Mirzənin qoşunlarını məğlub edirlər.Ömər cənuba doğru çəkilir və Təbrizə gələrək əhalidən xərac toplayır.Qəzəblənmiş xalq ayağa qalxaraq üsyan edir və ömərin qoşununu şəhərə buraxmırlar. Şeyx Əli Qəssab və Qazi İmaməddin şəhərin başçısı seçilirlər.

1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək əhalidən 100 min qızıl istəyir.Narazı olan xalq yenidən üsyan edərək I İbrahimi özlərinə köməyə çağırırlar. 1406-cı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə daxil olur. Əhali İbrahimi mehribanlıqla qarşılayır və onu öz hakimi kimi tanıyır.Şirvanşah İbrahim əahlidən alınan vergiləri qayadaya saldı.

Beləliklə, qısa müddətə də olsa Şirbvanşah İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirə bildi. Lakin o,Təbrizdə möhkəmlənə bilmədi. Çünki tezliklə Cəlairli sultan Əhməd və onunla ittifaqda olan Qaraqoyunlu hərbi birləşmələrinin başçısı Qara Yusif Təbrizə yaxınlaşırlar. I İbrahim məcburiyyət qarşısında qalaraq Təbrizi tərk etməli olur.

Azərbaycanda ictimai-siyasi vəziyyətin durmadan kəskinləşməsi nəticəsində Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda islam dini ehkamlarına və sonralar Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yayılmağa başladı. Hürufilik (hərflər sözündəndir) şiəlikdə bir təriqətdir. Bu təlimin banisi Şeyx Fəzlüllah Cəlaləddin Nəimidir. Özünün dünyagörüşü, fəlsəfi təlimi və bədii yaradıcılığı ilə Azərbaycan fəlsəfi və bədii fikiri zəmnində yetişmişdir. Hürufilik təlimi Azərbaycanın sosial fəlsəfi fikir tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik və əxilik (qardaşlıq) hərəkatları ilə üzvi surətdə bağlı idi.

Hürufilik Allahın təbiətdə, əşyada, sözdə xüsusən insanda təcəssümünü əsas götürürdü. Bu nəzəriyyənin dərin sosial kökü vardı. Hürufilər deyirdilər ki hökmdarlar qan içən, din-şəriət xadimləri riyakardırlar. İnsanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə Nəimidir. O,öz qüvvəsi ilə ədalətsizliyi, qanlı müharibələri, zülmü, soyğunçuluğu aradan qaldıracaq dini ekamları, mənasız ekamları aradan qaldıracaq.

Deməli hürufilər Allahın təcəssümünü, kamil insanları, qəsbkar zalım hökmrannlığa qarşı qoyurdular. Başqa sözlə bu dövrdə Teymurilər zülmünə qarşı geniş xalq kütlələrinin azadlıq mübarizəsinə Sərbədarlar (insan azadlığı üçün başlarından keçənlər), müxtəlif ideoloji cərəyanın başçıları rəhbərlik edirdilər. Belə başçılardan biri Fəzlüllah Nəimi idi. Hürufilikdə Allah eyni zamanda söz, kəlam şəkilində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Deməli Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunur. Məs. Peyğəmbərimiz olan Məhəmmədin nitqi 28 hərfdə öz ifadəsini tapmışdır. Fəzüllah Nəimi isə farsın 32 hərfini əsas götürmüşdür. Onun “Cavidannamə” (Əbədiyyət kitabı) əsəri 32 hərfdən bəhs edir.İnsanın üzündə andangəlmə yeddi xətt vardır: 2qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən, yəni od, su, hava və torpaqdan əmələ gəldiyi üçün hər biri dörd hesab edilir.

Hamısının say isə 28 edir. Saç, ortadan ikiyə ayrıldıqda xətt 8 olur. Bu rəqəmi dörd ünsürə vurduqda 32 alınır.

Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirrlərini açmaq mümkün olduğunu qeyd edirlər. Hürufilərə görə, Allah yaratdığı dünya daim dövr edir və bu görünən dəyişikliklərin səbəbidir.Allah iki yolla təzahür edir.Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində. Yəni Quranda və şeylərin adında.

Hürufilik ilk dəfə Naxçıvanda, Astrabadda yayılmış, Teymurilərə qarşı mübarizədə əhəmiyyətli rol oynamışdır. Hürufilik tərəfdarları istilaçılar tərəfindən amansızcasına təqib olunaraq cəzalandırılmışlar. Fəzullah Nəimi 1394-cü ildə Teymurun əmri ilə ilə Miranşah tərəfindən həbs edilərək Naxçıvandan Əlincə qalasına aparılır və orada dəhşət-li surətdə edam edilir.

Hürufiliyin digər görkəmli nümayəndələri –məşhur hürufi şairi İmaddədin Nəsimi (əsl adı Seyid Əli idi),Əbdülhəsən Əli ül Əla və başqaları idi. Bunların başçılığı ilə hürufilər Turkiyə ərazisində fəaliyyət göstərmiş və türk dilində geniş ədəbiyyat yaratmışlar.

Hürufiləri daim təqib edən islam dininin amansız müridləri 1317-ci ildə Suriyanın Hələb şəhərində Nəsiminin diri-diri dərisini soymuşlar.

Dahi Azərbaycan şairi M.Füzulinin əsərlərində də hürufilik motivləri vardır.

Yaxın və orta Şərqin hərbi-siyasi tarixində qaraqoyunlu və ağqoyunlu tayfaları mühüm rol oynamışlar. Həmin tayfalar mənşəcə oğuz tayfalarından idilər.

Əvvəllər Van gölünün cənubunda məskən salmış qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan, Sivas və Gürcüstanın şimal torpaqlarında möhkəmlənib ağqoyunlu-lara, cəlairlərə və teymurilərə qarşı mübarizə aparmışlar.

Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca idi. 80-ci illərin sonundan etibarən Qaraqoyunlularla Cəlairlər arasında gedən müharibələr nəticəsində qaraqoyunlular bir qədər zəiflədi. Qara Məhəmməd (1380-1389) cəlairlərlə vəziyyəti sahmana salaraq mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoyur.1382-ci ildə o,Təbrizə hücum edir və cəlairli Şeyx Əli üzərində qələbə çalır. 1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin ərazilərindən keçərək Teymura və ağqoyunlulara qarşı vuruşur, ağqoyunluları məğlub edirlər.

1387-ci ildə Teymur Naxçıvandan qaraqoyunlular üzərinə hücuma keçir. Bunu eşidən Qara Məhəmməd Çapaqcur dairəsindəki sərt keçidləri tutaraq Teymuri qüvvələrini darmadağın etdi. Teymurla Toxtamış arasında gedən rəqabətdən istifadə edən Qara Məhəmməd 1388-ci il mayın 24-də Cəlairli əmirlərini məğlub edərək Təbrizə daxil olur. 1389-cu ildə öz qardaşı oğlu Qara Pirhəsənin qələbə çalmasına baxmayaraq mübarizəni davam etdirə bilir və1389-cu ildə Qaraqoyunluların rəhbəri Kəmaləddin Qara Yusif(1389-1420)olur.1392-ci ildə O,Pirhəsən bəyi məğlub edir və əsir edərək Teymura göndərir.

1394-cü ildə Əmir Teymur Bağdad yaxınlığında qaraqoyunluları və cəlairləri məğlub edir və Van şəhərini ələ keçirir. Bağdad yaxınlığındakı məğlubiyyətdən sonra Qara Yusif və Cəlairli Sultan Əhməd 1395-ci ildə Misirə sığınmalı olurlar. Teymur Misir hakimi Berqoqdan onların verilməsini tələb etsə də Berqoq gələcəkdə teymura qarşı onlardan istifadə etmək məqsədilə Teymura rədd cavabı verir.Lakin Berqoqun oğlu Sultan Fərəc Teymurla münasibətləri pozmamaq üçün mütəffiqləri həbsə aldı. Lakin Teymurun ölüm xəbərini alan kimi(1405) onları həbsdən azad etdi.

Tarixçi Xondəminin yazdığına görə,dostlar məhbəsdə olarkən şərtləşmişdilər ki, Bağdada Sultan Əhməd, Təbrizə isə Qara Yusif yiyələnsin.

1405-ci ildə və daha sonra Qara Yusif Kürdüstan,Ərənəniyyə,Azərbaycanın cənubunda yaşayan qaraqoyunlu və kürd əmirliklərini öz ətrafında birləşdirərək öz palanlarını həyata keçirməyə başladı.1406-cı ilin iyununda mütəffiqlər Bağdadı zəbt edib, təcili Cənubi Azərbaycana doğru irəlilədilər. Bu zaman Təbrizdə olan Şirvanşah İbrahim oranı tərk edir.Cəlairli Sultan Əhməd Təbrizə daxil oldu, lakin çox çəkmədi ki, Teymuri Əbu Bəkrin şəhərə yaxınlaşdığını görərək tezliklə oranı tərk etdi.

1406 –cı ilin payızında Qara Yusif hücum edərək Əbu Bəkri məğlub etdi. Oğlunun məğlub olduğunu görən Miranşah Qara Yusif üzərinə hücum təşkil edir. Hətta onun digər oğlu Şahrux 20 minlik qoşunla onun köməyinə gəlir.1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə Qara Yusif Teymuriləri darmadağın edir, və Miranşah öldürülür. Bu hadisədən sonra Sultan Əhməd yenidən Təbrizə Qayıdır.

Qara Yusifin əldə etdiyi uğurlar Sultan Əhmədi qorxuya salır.O, Misir şərtləşməsini pozaraq Qara Yusif üzərinə hücuma keçməyə fürsət axtarırdı. Nəhayət 1410-cu ilin ya-yında Qara Yusifin döyüş əməliyyatlarına başının qarışmasından istifadə edərək Qaraqoyunlular üzərinə hücum təşkil etdi.Bunu eşidən Qara Yusif Təbrizə doğru geri dönür və avqustun 30-da Şəmbi Qazan adlanan yerdə Qaraqoyunlularla Sultan Əhməd arasında döyüş baş verir və cəlairləri darmadağın edirlər. Sultan Əhməd isə edam edildi. Təbriz ələ keçirildi. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin təyin edir.

Beləliklə, baharlı tayfasından olan Barani sülaləsinin başçılığı və səyi nəticəsində 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Kürdən Cənuba Azərbaycan torpaqları, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı oldu.

Qara Yusif özü böyük şəxsiyyət idi. O, qüvvətli süvari ordu yaratmışdı. Qara Yusif güclü mərkəzi aparat yaradaraq, feodal ara müharibələrini zəiflətdi, təsərrüfat həyatında canlanmaya nail oldu.

1410- cu ildə Şənbi Qazan döyüşündən sonra Şirvan qoşunları Kəyumərsin baş-çılığı altıda Təbrizə yaxınlaşır. Onlar Sultan Əhmədə köməyə gəlmişdilər. Lakin Kəyumərs Qara Yusif tərəfindən əsir alınır. Az sonra Qara Yusif onu azad edərək, onunla Şirvanın təslim olması haqqında məktubu atası İbrahimə göndərir. Kəyumərsin şərtsiz azad olunması İbrahimdə şübhə doğurur və oğlunu edam etdirir.Bundan sonra Qara Yusif Şirvanın təslim olması üçün qasid də göndərir.Öz müstəqilliyini itirmək istəməyən İbrahim Şəki hakimi Seyid Əhməd və gürcü hakimi II Konustantinlə ittifaqa girir.

1412-ci ilin sonlarında Kür çayı sahilində mütəffiq qoşunları ilə Qara Yusif arasında vuruş başlandı. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin dəstəsində vuruşdular. Bu döyüşdə I İbrahim məğlub olaraq 7 oğlu ilə birlikdə əsir alınır. II Konustantin də əsir düşür və sonra öldürülür.

Qara Yusif I İbrahimdən 1200 İraq tüməni alaraq (bu pulu Təbrizdə Əxi-Qəssab tacir və sənətkarlardan toplamışdı) azad etdi. O,1413-cü ildə Şirvana gələrək Qara-qoyunluların vassalı kimi hakimiyyətini davam etdirdi. 1417-ci ildə I İbrahim vəfat etdi və hakimiyyətə onun oğlu I Xəlilüllah keçdi. O, hakimiyyətə gələn kimi Qaraqoyunluların hakimiyyətindən imtina etdi. Hətta I Xəlilüllah (1417-1462)Teymuri Şahruxla (1406-1447) ittifaqa girdi.Şahrux 1418 və 1420-ci illərdə Azərbaycana uğursuz səfərlər etdi.1420-ci il noyabrın 17-də döyüşlərin birində Qara Yusif yaralandı, Təbriz yaxınlı-ğında Ucan adlanan yerdə vəfat etdi.

Onun ölümündən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başladı. Bundan istifadə edən Sultan Şahrux Azərbaycana daxil olur. Qarabağda I Xəlilüllah onunla görüşə gələrək aralarındakı ittifaqı daha da möhkəmləndirirlər. 1421-ci ildə Şahruxun Azərbaycandan getməsi ilə Qara Yusifin oğlu İskəndər (1421-1438) dağınıq qaraqoyunlu qüvvələrini bərpa edərək Təbrizdə qərarlaşır. Onun qardaşı İsfəndiyar isə İraqda möhkəmlənir.

1429-cu ildə Şahrux 100 minlik qoşunla yenidən Azərbaycana yürüş edir və İskəndəri məğlub edərək Qara Yusifin digər oğlu Əbu Səidi hakimiyyətə gətirir. Əbu Səid Şahruxun vassalı kimi Cənubi Azərbaycanda, Qarabağ və Ərməniyyədə hömranlıq edirdi. 1431-cı ildə İsgəndər feodal əyanların köməyi ilə yenidən hakimiyyəti ələ keçirdi və 1438-ci ilə qədər hakimiyyətdə qaldı.

1438ci ildəQara Yusifin kiçik oğlu Cahanşah hakimiyyətə gəldi. İsgəndər qardaşı üzərinə hücum təşkil etsə də məğlub oldu və əsir edilərək Əlincə qalasına salındı.Orada öz oğlu tərəfindən qətlə yetirildi.(1437)

Cahanşah Teymuri Şahruxun ölümündən sonra (1447) müstəqil siyasət yürüdərək oturaq feodallara və tacirlərə arxalanaraq mərkəzi hakimiyyəti bir qədər möhkəmləndirə bilir.

Cahanşah ağqoyunlu Uzun Həsənlə daim düşmən münasibətində idi. Onların arasında tez-tez hərbi toqquşmalar olurdu.Nəhayət 1467-ci ilin noyabırın 10-da Muş döyüşündə Cavanşah məğlub olur və Cahanşah döyüşdə öldürülür. Cahanşahdan sonra oğlu Həsənəli Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd etsə də, buna nail ola bilmədi.1468-ci ildə Uzun Həsən Təbrizi ələ keçirir və Qaraqoyunluların hakimiyyətinə birdəfəlik son qoyur. Həsənli ələ keçirilərək Təbrizdə edam olunur.

Beləliklə Azərbaycanın siyasi həyatına yeni bir dövlət olan Ağqoyunlu dövləti (1468-1503) daxil olur.

Ağqoyunlular xalqımızın təşəkkülündə mühüm rol oynamış oğuz tayfalarından-dır.Bayraqlarında ağ qoç şəkli olan bu böyük tayfa hələ orta əsrlərin başlanğıcında Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışlar. Qaraqoyunlu Cahanşahın dövründə Azərbaycanın qərbində və Kürdüstanın cənubunda yaşayan ağqo-yunlular xeyli güclənmişdilər.

Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy (1370-1388) idi.Lakin onun varisləri Tur Əli (1388-92) və Fəxrəddinin dövründə (1392-1394) bu zəyifləyir. 1394-cü ildən Qara Yuluq Osman bəy möhkəmlənərək Diyarbəkri özünə mərkəz seçdi. O, öz hakimiyyətini möhkəmləndirərək Ərzincan, Mardin və Sivaz torpaqlarını öz hakimiyyəti altına aldı. Lakin 1434-cü ildə Qaraqoyunlularla döyüşdə 90 yaşlı Osman bəy öldürülür. 1453-cü ilə qədər ağqoyunlular içərisində hakimiyyət uğrunda kəskin mübarizə getmişdir. Belə ki, hakimiyətə gələn Uzun Həsən (1453-147) Diyarbəkri ələ keçirərək, mərkəzləşmə əlehinə çıxan qüvvələri darmadağın etdi. Uzun Həsən ilk növbədə Qaraqoyunlulara qarşı mübarizə üçün tədbirlər gördü. O, eyni zamanda Türkiyə ilə də mübarizə aparmalı oldu.

1467-ci ilin mayında Muş yaxınlığında Cahan şahın qoşunlarını məğlub edərək, özünü də öldürdü. 1468-ci ildə Uzun Həsən çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Beləliklə Qaraqoyunlu dövləti süquta uğradı.

Paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yarandı. Uzun Həsən gələcəkdə möhkəmlənmək və düşmənləri üzərində qələbə çalmaq üçün özünə müttəfiqlər axtarır.O, Şirvanşah Fərrux Yaşar (1462-1501) və Səfəvi Şeyx Heydərlə İttifaqa girir. 1469-cu ildə Uzun Həsən əsas rəqibi olan Əbu Səidi məğlub edir.

Ağqoyunlu dövlətinin tərkibinə Kürdən cənuba olan Azərbaycan torpaqları, Ərməniyyə , Diyarbəkr, Şərqi Gürcüstan, Ərəb İraqı və s. torpaqlar daxil idi.

Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər gördü. Vergi işlərini nizamlamaq üçün “Qanunnamə” verdi. Bunun nəticəsində ölkədə təsərrüfat həyatı nisbətən dirçəldi və güclü mərkəzləşmiş hakimiyyət yarandı. Uzun Həsənin xarici siyasətində əsas yeri Türkiyə Sultanı Fateh II Mehmetlə olan düşmənçiliyi idi. Çünki, II Mehmetin Kiçik Asiyanın şərq torpaqlarını tutması Ağqoyunlular üçün böyük təhlükə idi.

XV əsrin 60-70-ci illərində Ağqoyunlu dövlətinin Osmanlı İmperiyası ilə münasibətləri xarici ticarətlə əlaqədar olaraq son dərəcə kəskinləşdi. Odur ki, Uzun Həsən Osmanlı İmperiyasının əleyhinə Avropa və Asiyanın bir çox dövlətləri ilə diplomatik danışıqlar aparmağa başlayır. Uzun Həsən Böyük Moskva Knyazlığı, Polşa, Macarıstan , Almaniya, Venetsiya, Qğzıl Orda və s. dövlətlərlə diplomatik əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik danışıqlarda Uzun Həsənin anası Sara Xatunun böyük rolu olmuşdur. Bu qadının diplomatik istedadı bütün Ön və Orta Asiya ölkələrində hamını heyran qoymuşdu.

Ağqoyunlu dövləti daim türk hücumu təhlükəsindən ehtiyat edirdi. Çünki, XV əsrin ortalarından başlayaraq Türkiyə Azərbaycan və şərqin digər dövlətləri üçün böyük təhlükə təşkil edirdi.

Türkiyə 1453-cü ildə Avropanın ən güclü imperiyası olan Bizansı məğlub edərək paytaxtı Konstantinopolu ələ keçirəndən sonra, bütün Avropa işğal təhlükəsi altında qalmışdı. 1461-ci ildə Ağqoyunlu dövlətinin müttəfiqi olan Trabzon dövləti də türklər tərəfindən işğal edildi. Bütün bunlar Ağqoyunlu dövlətinin iqtisadi və siyasi mənafeyinə ziyan vururdu.

Türk sultanı II Fateh Mehmet Azərbaycanla Avropa ölkələri arasında karvan ticarətinə maneçilik törədir, bu yerlərdən keçirilib aparılan mallardan yüksək gömrük alırdı . Ağqoyunlular şərq ipəyi vasitəsilə Avropa ilə ticarətdən çoxlu gəlir əldə edirdilər. Bu ticarət yollarının belə məhdudlaşdırılması eyni zamanda Avropa dövlətlərinin də mənafeyinə zidd idi. Odur ki, Avropa dövlətləri də Türkiyəyə qarşı Ağqoyunlularla ittifaqa can atırdılar. Çünki bu dövlət osmanlılara qarşı mübarizədə avropalıların çox etibarlı müttəfiqi ola bilərdi .

1464 – cü ildə Venetsiya hökuməti Uzun Həsənin sarayına bir neçə diplomat göndərdi . 1471 – ci ildə Uzun Həsənin qohumu Katerina Zeno, İosafat Barbaro, Ambroca Kontarini və başqa diplomatlar Ağqoyunlu sarayında göründülər . Hətta Ambroca Kontarini Ağqoyunlularla Türklərə qarşı birgə əməliyyat planı da Uzun Həsənlə birgə müzakirə edərək razılaşdırılmışdı . Ağqoyunluların sarayında Macar və Polşa elçiləri də fəaliyyət göstərirdilər .

Lakin Avropalılar öz müttəfiqlik borclarına o qədər də sadiq qalmadılar. Halbuki, Türkiyə ilə ağqoyunlular arasında müharibə artıq labüd xarakter almışdı .

Beləliklə 1472 – ci ilin yazında Uzun Həsən Türkiyə üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı altında olan Ağqoyunlu qoşunları bir neçə qələbədən sonra Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada danışıqlara əsasən Venetsiya gəmiləri olmalı olsa da, heç bir gəmiyə rast gəlinmədi. Hətta Venetsiya diplomatları gizli olaraq II Mehmetlə danışıqlara girmişdilər. Beləliklə müharibənin ağırlığı təkcə Ağqoyunluların üzərinə düşdü .

1473 – cü ilin yazında güclü artilleriyası olan Türkiyə ağqoyunlulara qarşı hərbi əməliyyatlara başlamaq üçün Ərzincan tərəfə hərəkət etdi . Uzun Həsən də hərəkətə başlayaraq, Fərat çayının sağ sahilində düşərgə saldı . Beləliklə , o dövrün bir – biri ilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Uzun Həsən və II Fateh Mehmet öz qoşunları ilə birlikdə Fərat çayı sahillərində qarşı-qarşıya dayan-dılar.Ağqoyunlu qoşunu 70 min nəfərdən ibarət idi.Türk qoşunları o qədər çox idi ki, hətta Uzun Həsən türklərin hərbi düşərgəsini seyr edərkən onların çoxluğundan heyrətə gəlmişdi.

Beləliklə, 1473-cü il avqustun 1-də Fərat sahilində ağqoyunlularla Osmanlı türkləri arasında döyüş baş verdi. Malatya döyüşü adlanan bu döyüşdə Uzun Həsən türkləri ağır məğlubiyyətə uğratdı. Malatya məğlubiyyəti türklər arasında intizamın pozulmasına və böyük ruh düşgünlüyünə səbəb oldu. Türklər İstanbula doğru geri çəkilirlər.

Avqustun 11-də Otluqbeli (Tərcan döyüşü də deyilir) döyüşü zamanı ağqoyunlular üstünlük əldə etsələr də, yenidən nizamlanan və güclü odlu silahdan istifadə edən türklər nəticədə qələbə çaldılar.

Səlnaməçi Məhhəməd Nasirinin fikrincə,Ağqoyunlular Otluqbeldə ona görə məğlub oldular ki,onlar “belə top-tüfəng davası görməmişdilər”.

Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Bu uğursuzluq olkə daxilindəki narazı qrupların mərkəzi hakimiyyətə qarşı fəallaşmasına səbəb oldu.

1478-ci il yanvarın 6-da Uzun Həsən vəfat etdi. Hakimiyyətə Yaqub Mirzə (1478-1490)keçdi. O,1480-ci ildə Osmanlılara qarşı qalibiyyətli müharibə etmişdi.Türk sultanı II Bəyazid sülh təklif etməyə məcbur olur. Həmin ildə Yaqub Mirzə Misir və Suriya qoşunlarını da Urfa yaxınlığında darmadağın etdi. Yaqub Mirzə Şirvanşahlarla dostluq əlaqələrini qoruyub saxlayırdı, lakin Səfəvilərlə olan münasibətlər pozulmağa başladı və daha sonra düşmənçiliyə çevrildi.

XV əsrin sonlarında Ağqoyunlu dövlətini daxili çəkişmələr bürüdü. 1490-cı ildə Yaqub Mirzənin ölmündən sonra hakimiyyət uğrunda mübarizə daha da gücləndi.Yaqubun oğlu Baysonqur Mirzə (1490-1492) taxta çıxdı. Lakin Uzun Həsənin nəvəsi Rüstəm Mirzə hakimiyyət uğrunda mübarizəyə başlayır və 1492-ci ilin mayında Təbrizə girərək hakimiyyəti ələ alır.Rüstəm Mirzə (1492-1497)hakimiyyətini möhkəmləndirmək xatirinə hərbi əyanlara böyük torpaq sahələri (soyurqal) paylayır.Lakin köçəri əyanlar Rüstəm Mirzənin siyasətindən narazı idilər.Bundan istifadə edən Gödək Əhməd (uğurlu Məhəmmədin oğlu).Hakimiyyəti ələ keçirsə də 7 ay hakimiyyətdə qalır.Ona qarşı qiyam qalxır və öldürülür.Bundan sonra Əlvənd və Murad Mirzələr arasında uzun sürən hakimiyyət davası başlayır və nəhayət 1499-cu ildə döyüşlər dayandırılaraq hər iki şahzadə arasında danışıqlar başlayır.1500-cü ilin əvvəlində Təbriz yaxınlığında, Əhər adlı yerdə sülh imzalanır. Bu sülhə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan hissəsi, Qarabağ və Ərməniyyə Əlvəid Mirzəyə,bütün Ərəb İraqı, Fars, Kirman isə Murad Mirzəyə çatdı.

Bu parçalanma əslində Ağqoyunlu dövlətinin hərbi qüdrətini sarsıtdı və süqutuna gətirib çıxardı.

1500-1501-ci illərdə yenidən Əlvənd Mirzə ilə Murad Mirzə arasında hərbi əməliyyatlar davam etdi. Bu da onların hər ikisinin hərbi cəhətdən zəifləməsinə gətirib çıxardı. Bu ziddiyyətlərdən istifadə edən Səfəvilər 1501-ci ildə Əlvənd Mirzəni, 1503-cü ildə Murad Mirzəni məğlub edərək Ağqoyunlu dövlətini süquta uğratdılar.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə