Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 38,8 Kb.

tarix26.09.2017
ölçüsü38,8 Kb.


“Analitik baxış”.-2010.-№1.-S.13-16.

XOCALI FACİƏSİ KOLLEKTİV SARSINTI. KOLLEKTİV (j^

YADDAŞ VƏ MİLLİ İDENTİKLİK AMİLİ KİMİ

Rauf QARAGÖZOV

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji

Araşdırmalar Mərkəzinin əməkdaşı, psixologiya elmləri namizədi.

Xocalı  faciəsinin  müxtəlif  aspektləri  (siyasi,  hüquqi,  sosial  və  s.)  mövcuddur.  Mən  bu  faciənin  bəzi

psixoloji və sosio-mədəni aspektlərini vurğulayaraq, əsas 3 mövzuya aydınlıq gətirmək istərdim: 1. Xocalı faciəsi

kollektiv sarsıntı kimi; 2. Kollektiv sarsıntıya yanaşma növləri; 3. Kollektiv sarsıntının öhdəsindən necə gəlməli.

Mətləbə  keçməzdən  əvvəl  sizlərə  hafizənizi  yoxlayan  bir  eksperiment  təklif  edirəm.  Oxuculardan  xahiş

edirəm  ki,  bir  dəqiqəlik  diqqətlərini  cəmləyərək  yada  salmağa  çalışsınlar:  ilk  dəfə  Xocalı  hadisələri  haqqında

eşidəndə harada idilər və nə edirdilər?

Əminəm ki, azərbaycanlıların əksəriyyəti üçün o gün elə bil "canlı şəkil" kimi gözlərinin önündə durur. Nə

üçün hadisədən 18 il keçməsinə baxmayaraq o gün bizim yaddaşımızda belə təfərrüatı ilə həkk olunub? Psixoloqlar

bu  hafizə  növünə  flashbulb  memory,  yəni  fotoiştq  hafizə  adı  vermişlər.  Bu  cür  hafizə  insanları  şoka  salan

məlumatlara cavab reaksiyası olaraq meydana gəlir. Erməni silahlı dəstələrinin Xocalı şəhərini məhv etməsi barədə

səslənən xəbər bizim üçün məhz belə bir sarsıdıcı məlumat olmuşdur.

Mən xüsusilə vurğulayıram: bu hadisə yalnız Xocalıda zorakılığa məruz qalmış insanlar üçün deyil, həm də

bu  faciənin  bilavasitə  şahidi,  yaxud  iştirakçısı  olmayan  bütün  azərbaycanlılar  üçün  psixi  sarsıntı  törətmişdir.

Psixoloqlar bu növ sarsıntını kollektiv sarsıntı adlandırırlar. Bu cür sarsıntı hansısa  bir  toplum  üzvlərinə  xas  olan

kollektiv  kimliyə  (identikliyə)  təhlükə  hiss  olunanda  törənir.  1990-cı  ilin  "Qara  Yanvar"  hadisələrindən  sonra

Xocalı  azərbaycanlıların  bu  cür  iri  miqyasda  ikinci  kollektiv  sarsıntısı  idi.  Kollektiv  sarsıntıya  məruz  qalmış

cəmiyyətin  emosional  əhvalında,  davranışında,  dünyaya  münasibətində  müxtəlif  dəyişikliklər  müşahidə  edilir.

Məsələn,  şok  vəziyyətində  olan  cəmiyyət  öz  təhlükəsizliyinə  əmin  ola  bilmir  və  öz  siyasi  rəhbərlərinə  inamını

kəskin şəkildə itirir. Bu isə öz növbəsində siyasi böhran vəziyyətini yarada bilər. Nəticədə, cəmiyyət, yaxud dövlət

iflasa uğramaq təhlükəsi ilə üzləşir. Digər tərəfdən kollektiv sarsıntı geniş kütlə arasında çaxnaşma və təşviş hissləri

törədə  bilir.  O  dövrdə  hər  iki  fəsad  bizdə  yaşadıldı:  həm  dərin  siyasi  böhran  müşahidə  edildi,  həm  də  kütlə

çaxnaşma və təşviş  içində idi. Bu nöqteyi-nəzərdən ermənilərin dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirməsi bir

sıra  məqsədlər  güdürdü:  azərbaycanlılar  arasında  təşviş  yaradıb  ermənilərin  hücumlarına  qarşı  müqaviməti

zəiflətmək, ümumiyyətlə isə  Azərbaycan  cəmiyyətini  iflic  vəziyyətinə  salmaq  və  mümkün qədər  çox  ərazini  işğal

etmək.  Bu  barədə  o  zaman  Xocalıya  basqın  edən  səhra  komandiri,  hazırda  isə  Ermənistanın  prezidenti  Serj

Sərkisyan özü etiraf edir: "Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə zarafat etmək olar. Onlar elə

bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmağı bacarmırlar. Biz bu stereotipi qırdıq". Onda həmin o Sərkisyanın

bu  yaxınlarda  Böyük  Britaniyanın  Beynəlxalq  Münasibətlər  İnstitutunda  çıxışı  zamanı  "Biz,  ermənilər  soyqırım

keçirmiş  xalq  kimi  bəşəriyyət  və  tarix  qarşısında  soyqırımların  qabağını  almaq  məsələsində  mənəvi  məsuliyyət

daşıyırıq" deməsi istehza və hətta dünya ictimaiyyətini məsxərəyə qoymaq deyilsə, bəs nədir? Xocalı qətliamında

birbaşa məsuliyyət daşıyan keçmiş səhra komandirinin dilində səsləndirilən "soyqırım və mənəvi məsuliyyət" kimi

sözlər  təkcə  riyakarlığın  zirvəsi  deyil,  bu  həm  də  simvolik  bir  məna  kəsb  edir.  Necə  deyərlər:  "Quzu  cildində

canavar".  Bu  həm  də  Avro-pa  qitəsinin  mərkəzində  sahə  komandiri  və  Bosniya  serblərinin  keçmiş  prezidenti

Radovan Karaciçin məhkəməsini təşkil edən və eyni zamanda, həmin qəbildən olan cinayətləri törədən Sərkisyanın

Avropanın  digər  bir  mərkəzində  mötəbər  tribunadan  çıxışına  imkan  verən  beynəlxalq  qurumların

qeyri-mükəmməlliyinin və zəifliyinin rəmzidir. Nəyə görə bunlar baş verir? Səbəb nədir? Qərb dünyası nə dərəcədə

baş  verən  hadisələri  qərəzsiz,  yekdil  nöqteyi-nəzərdən,  stereotiplərdən  azad  olaraq  qiymətləndirməyə  hazırdır?

Bunlar mürəkkəb suallardır və cavab tapmaq üçün bir çox məqamlara aydınlıq gətirmək lazımdır.  Burada isə mən

yalnız kollektiv yaddaş və identiklik ilə əlaqəsi olan səbəblərə toxunacağam.



Kollektiv sarsıntı və kollektiv yaddaş

Yəqin  ki,  hər  bir  xalqın  tarixində  kollektiv  sarsıntı  törədən  hadisələr  tapmaq  olar.  Lakin  xalqlar  məruz

qaldıqları kollektiv sarsıntıya yanaşma tərzində fərqli ola bilirlər. Prinsip etibarilə sarsıntıya müxtəlif yanaşma tərzi

mümkündür.  Bəzən  cəmiyyət  hansısa  səbəblərə  görə  aldığı  sarsıntını  "unudur".  Məsələn,  azərbaycanlıların

əksəriyyəti  erməni  quldur  dəstələrinin  XX  əsrin  əvvəllərində  Bakıda, Şamaxıda,  Qarabağda, Zəngəzurda  və  digər

yerlərdə  yerli  əhaliyə  qarşı  həyata  keçirdikləri  qətliamları sovet  dövründə,  demək  olar  ki,  unutmuşdular.  O  qanlı

günlər haqqında yaddaş yalnız yaşlı nəslin hafizəsində və nağıl etdikləri xatirələrində cəmlənirdi. Maraqlısı bu idi

ki,  o  zorakılığın  hətta  canlı  şahidi  olan  insanlar  baş  vermiş  əhvalatları  öz  uşaq  və  nəvələrinə  danışmaqdan

çəkinərdilər. Ona görə çəkinərdilər ki, bu əhvalatlar sovet məktəblərində tədris olunan rəsmi tarixlə ziddiyyət təşkil

edirdi.  Yəni  bu  əhvalatlar,  sosioloqların  dili  ilə  desək,  cəmiyyətdə  qəbul  edilmiş  "sosial  çərçivəyə"  yerləşmirdi.




Sosial çərçivələr dövlət, dini və digər ictimai qurumlar tərəfindən aparılan "yaddaş siyasəti" nəticəsində cəmiyyətə

bəzən zorla qəbul etdirilir. Sovetlərin "pantürkizm" və "panislamizm" şüarları altında yeritdikləri "yaddaş siyasəti"

azərbaycanlıların  (həm  türk,  həm  də  müsəlman  oduqları  üçün)  mədəni  yaddaşına  və  tarixi-ədəbi  irsinə  xüsusilə

amansız olmuşdur.  Nəticədə,  XX  əsrin  sonunda  yeni  qəddarlıqla  tüğyan  edən,  ölüm  və  kin-küdurət  səpən  erməni

millətçiliyi  və  separatizmi  bizim  üçün  gözlənilməz  oldu.  Hal-hazırda  ermənilərin  azərbaycanlılara  qarşı  yenidən

alışan  düşmənçiliyi,  torpaqlarımıza  təcavüzü,  törətdikləri  zorakılıq,  ilk  növbədə  Xocalı  qətliamı  bizi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində agah olmağa və onu kollektiv yaddaşda saxlamağa məcbur

edir. Xocalının yaddaşımızda qorunub saxlanılmasına  artıq əmin ola  bilsək də,  bizim  üçün  vacib  olan  onun  hansı

şəkildə saxlanılmasından ibarətdir. Bu, müəyyən mənada həm bizim milli identikliyimizin inkişaf  perspektivlərini,

həm də dünya ictimaiyyətinin Xocalı faciəsinə münasibətini müəyyən edir. Sarsıdıcı hadisənin yadda saxlanılması

iki  formada  baş  verə  bilər.  Psixoloqların  dili  ilə  desək:  "təsirə  impulsiv  cavab  vermə"  («импульсивное

отреагирование»  (acting  out))  və  "sarsıdıcı  təcrübənin  üzərində  çalışma"  («проработка  (work  through)

травмирующего опыта») formasında.

Götürək  "təsirə  impulsiv  cavab  vermə"  variantını:  bu  halda  yaşanmış  sarsıntı  yaddan  çıxmır.  Əksinə,

sarsıntı törətmiş hadisə bir növ bəslənir (daim xatırlanır, yaddaşlara həkk edilir), əbədiləşir. Ancaq, bununla yanaşı,

icma arasında sarsıdıcı hadisəni törətmiş səbəblərin, onun nəticələrinin sərbəst, azad şəkildə, müxtəlif mövqelərdən

çıxış edərək müzakirəsi  qadağan  olunur  və  hər  vasitə  ilə  bundan  boyun  qaçırılır.  Sarsıntı törətmiş  hadisə  hansısa

siyasi məqsədlərə nail ol-maq üçün məqsədli şəkildə istifadə olunur. Sarsıdıcı hadisələri dərindən dərk etmə imkanı

qapanır,  bloklanır.  Nəticədə,  hadisəyə  düzgün  qiymət  verə  bilməyən  toplumun,  xalqın  gələcəkdə  yenidən  bu  cür

sarsıdıcı hadisələrlə qarşılaşması təhlükəsi aradan götürülür. Erməni kollektiv yaddaşının təhlili mənə tam əminliklə

iddia etməyə əsas verir ki, bu topluma kollektiv sarsıntıya yanaşma tərzinin məhz bu variantı xasdır. Tarixən belə

olmuşdur  ki,  ermənilərin  kollektiv  yaddaşının  sosial  çərçivələri  erməni  kilsəsi  tərəfindən  cızılmış  və  ruhanilər

tərəfindən  ilk  tarixi  rəvayətlər  tərtib  edilmişdir.  Mənim  burada  bu  rəvayətləri  geniş  şəkildə  təhlil  etmək  imkanım

yoxdur (bunu başqa yerdə artıq qeyd etmişəm). Lakin deyə bilərəm ki, bu rəvayətlərin əsas ideyasını "ermənilərin

daima düşmənlərin əhatəsində yaşayıb incidilən xalq olması" təşkil edir. Əgər onların tarixi rəvayətlərini oxusanız,

orada  digər  xalq  və  konfessiyaların  nümayəndələrinə  qarşı  nə  qədər  kin  və  nifrət  dolu  mətnlərin  olduğunu

görərsiniz. Nəticədə, erməni kollektiv yaddaşının formaları kollektiv sarsıntını produktiv şəkildə dəf etməyə deyil,

daha  çox  özlərinin  real  və  uydurulmuş  məşəqqətlərini  yadda  saxlamağa,  kultlaşdırmağa  və  hətta  onlardan  həzz

almağa  yönəlmişdir.  Kollektiv  yaddaşın digər  konfessiyaların nümayəndələrinə  qarşı nifrət  hissi  oyadan  məhz  bu

xüsusiyyətləri ermənilər arasında sonradan onlar üçün acı nəticələrə gətirib çıxarmış türkəfobiyanın geniş intişarına

səbəb  olmuşdur.  Vaxt  ötdükcə  özlərinin  qurban  obrazını təbliğ  edən  rəvayətlərin  hazırlanması üzrə  geniş  şəbəkə

yaradaraq,  siyasi  məqsədlərinə  çatmaq  üçün  erməni  təşkilatları  Qərb  auditoriyasının  stereotipləri  və

zehniyyətlərindən bacarıqla istifadə edərək qurbanlara  təbii  mərhəmət  hissini  istismar  etməyə  müvəffəq  olmuşlar.

Tarixi detallardan xəbərsiz Qərb ictimai fikrinin özü çox zaman ermənilərin fakt və obrazlarla manipulyasiyasının

qurbanı olur. Misal üçün, "Nyu-York Tayms"ın ("New York Times") 3 mart 1992-ci il  və  "Taym"ın ("Time")  16

mart  1992-ci  il  tarixli  saylarında  dərc  olunmuş  informasiyaya  nəzər  yetirmək  kifayətdir.  Həmin  yazılarda  Xocalı

faciəsindən bəhs olunarkən "xristian Ermənistan" və "müsəlman Azərbaycan" kimi epitetlərdən istifadə olunmuş və

belə  təəssürat  yaranmışdır  ki,  guya  müharibə  universal  bəşəri  qanunların  pozulması ilə  müşayiət  edilmir  və  dini

xarakter  daşıyır.  İqtibas  gətirə  bilmədiyim  digər  yazılarda  isə  hadisələr  elə  təsvir  olunur  ki,  sankı  reportyorlar

ermənilərin bu cür vəhşilik törədə biləcəyinə inanmırlar.

Qurban obrazı - uduşlu obrazdır. Buna görə də bu obraza uyğun gəlməyən bütün fakt və hadisələr erməni

identikliyinin  mühafizəkarları  tərəfindən  müqavimət  və  aqressivliklə  qarşılanır.  Onlar  hər  vəchlə  bu  fakt  və

hadisələri gizlətməyə, yaxud diskreditasiya etməyə çalışırlar. Təsadüfü deyil ki, erməni quldur dəstələri tərəfindən

Xocalıda  törədilmiş  cinayətləri  ermənilər  inkar  edir,  cinayətkarları müdafiə  etmək  və  onların  hərəkətlərinə  bəraət

qazandırmaq  məqsədilə  hər  cür  saxtakarlığa  və  uydurmalara  yol  verir,  hətta  azərbaycanlıların  özlərini  belə

xocalıların  qətliamını  təşkil  etməkdə  ittiham  edirlər.  İnanmıram  ki,  Sərkisyanın  Böyük  Britaniyanın  Beynəlxalq

Münasibətlər İnstitutunda söylədiyi fikirlərlə təhlükəsizliyə bu cür nail olmaq olar. Əslində, ermənilər bu cinayəti

törətməklə nəinki azərbaycanlıların, hətta bütün qafqazlıların nifrətini qazanaraq, yenidən özlərini həyəcanla qisas

gününü gözləməyə məhkum etdilər.

Nəhayət,  "sarsıdıcı təcrübənin  üzərində  çalışma" variantı.  Burada  kollektiv  sarsıntı yaddaşda  qorunur.  Ən

önəmlisi  odur  ki,  bu  variantda  cəmiyyətin  özü  aldığı  sarsıntı  ilə  işləməyə  hazırlıq  nümayiş  etdirir.  Bunun  üçün

cəmiyyətdə  sarsıdıcı  hadisələrin  baş  vermə  səbəblərinin  aşkarlanmasına,  buna  gətirib  çıxarmış  amillərin  və

hadisələrin  nəticələrinin  dərk  edilərək,  baş  vermişlərə  görə  mənəvi  məsuliyyəti  müəyyən  etməyə  istiqamətlənmiş

geniş  və  hərtərəfli  müzakirələrə  şərait  yaradılır.  Bu  cür  yanaşma  nəticəsində  gələcəkdə  belə  hadisələrin

təkrarlanmaması üçün cəmiyyət  öz təcrübəsindən dərs almaq, onu anlamaq imkanı qazanır.  Bu, sarsıntının bu  cür

produktiv çalışması nəticəsində onun sosial qazanca çevrilməsi variantıdır. Yuxarıda dediklərimizin əsasında hansı

nəticəyə gəlmək olar?

Əgər  biz  kollektiv  sarsıntının  öhdəsindən  səmərəli  şəkildə  gəlmək  istəyiriksə,  onda  insanda  -  onun

emosiyaları, hissləri və düşüncələrində cəmlənmiş, fokuslaşdırılmış səmimiyyəti və həqiqəti əks etdirəcək, insanın

vicdanını  oyada  biləcək  təəssüratların  yeni,  daha  da  düşünülmüş  izahının  və  şərhinin  yaradılması  üçün  Xocalı




hadisələrinin geniş və azad ictimai müzakirələrinin keçirilməsinə nail olmalıyıq.

Bizdə, təəssüf ki, hələ belə məzmunlu izahlar çox azdır.  Xocalı hadisələrinin əsasən, belə deyək, "formal"

və "emosional" formada işıqlandırılması mövcuddur. Halbuki, şəxsi, fərdiləşdirilmiş  sənədli və ya bədii hekayələr

oxucunun  duyğularına  toxunar,  analitik  materiallar  isə  məntiqi  düşünməyə  və  hadisələrin  əsl  mahiyyətini  dərk

etməyə xidmət edə bilər. Beləliklə:

1. Biz gərək öz tariximizi  həm özümüzə,  həm də  dünya  ictimaiyyətinə  düzgün  danışmağı öyrənək.  "Quzu

cildində  canavar"  olan  erməni  millətçiliyinin  ifşa  olunması üçün  biz  məsuliyyət  daşıyırıq;  2.  Siyasi  hakimiyyətin

beynəlxalq  strukturları  ənənəvi  stereotiplərin,  zehniyyətlərin,  geosiyasi  və  iqtisadi  maraqların  təzahürünə  daha

həssas  yanaşmalıdırlar.  Heç  bir  geosiyasət  insan  vicdanı ilə  tənzimlənən  qanun  və  mənəvi  dəyərləri  ləğv  etməli

deyil. Cinayətlər cəzasız qalmamalı, cinayətkarlar isə mühakimə olunmalıdırlar.  Əks təqdirdə nüfuzlu təşkilatların



tribunalarından onların çıxışlarına qulaq asmaq kimi biabırçı məcburiyyətlə üzləşə bilərik.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə