Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 28,52 Kb.

tarix26.09.2017
ölçüsü28,52 Kb.


“Qanun”.-2009.-№9.-S.111-114.

SİYASİ ÖZGƏLƏŞMƏ FENOMENİNİN BƏZİ ASPEKTLƏRİ

Şəfiyev Üzeyir, 

fəlsəfə doktoru, dosent

Özgələşmə marksist fəlsəfənin kifayət qədər populyar anlayışlarından hesab olunsa da, ədalət naminə qeyd

edək  ki,  bu  gün  də  sözü  gedən  problem  aktuallığı  ilə  diqqət  mərkəzindədir.  Özgələşmə  probleminə  K.Marks

yanaşmasından  müasir  tədqiqatçılar  da  yan  keçə  bilmir.  K.Marksın  problemə  daha  çox  iqtisadi  metodoloji  təhlil

rakursundan  yanaşmasına  baxmayaraq,  onun  təhlilində  özgələşmə  problemi  universal  ekstensuonal  və  normativ

dəyərini tapırdı. Marks özünün "1844-cü il fəlsəfi-iqtisadi əlyazmalarında" özgələşmə fenomeninə geniş yer ayırsa

da  onun  özgələşmə  ilə  bağlı  təsnifatında  nə  siyasi,  nə  də  sosial  özgələşmə  ayrıca  fenomen  kimi  təsnif  edilmir,

hardasa  simptomatik  səciyyə  daşıyır.  Həmin  təsnifatda  çox  aydın  şəkildə  4  əsas  ünsür  fərqləndirilir:  əməyin

nəticəsindən özgələşmə, əməyin özündən, insanın əsl mahiyyətindən və nəhayət, insanın insandan özgələşməməsi.

Bu  təsnifatda  da  insanın əməyin  nəticəsindən  özgələşməsi  daha  çox  metodoloji  və  ontoloji  üstünlüyə  malik  olub,

digər ünsürləri kölgədə saxlayır. K.Marksın məntiqindən çıxış etsək sosial özgələşmə insanın insandan və insanın

öz əsl mahiyyətindən özgələşmə arasında orta, inteqral bir nəsnədir. K.Marks üçün özgələşmə  insan  varlığının  nə

isə  universal  fenomeni  olmayıb,  müəyyən  tarixi  inkişaf  mərhələsinə-kapitalizm  epoxasına  xas  hadisədir.  Onun

təbirincə,  özgələşmə  heç  də  bütün  insan  praksisinə,  bütün  fəaliyyətinə  deyil,  ancaq  onun  müəyyən  aspektinə  -

əməyə və onun nəticələrinə aid ola bilər. Elə məhz bu yanaşması ilə də K.Marks Hegeldən uzaqlaşırdı. Baxmayaraq

ki,  o,  özgələşmənin  konseptuallaşmasında  Hegel  sxemindən  bəhrələnirdi.  Özgələşmənin  Hegellə  K.Marks

yanaşmasının  əsas  fərqini  E.Quldner  çox  dəqiq  olaraq  belə  ifadə  edir:  "Hegel  üçün  özgələşmə  insan  ilə  onun

obyektiv aləminin qaçılmaz taleyidir. K.Marks üçün özgələşmə ancaq əməyin nəticəsinə münasibətdə təzahür edir.

K.Marksda  siyasi  özgələşmə  problemi  istehsal  prosesində  yaranan  özgələşmə  probleminin  içərisində  tamamilə

əriyir.  Özgələşmənin  bütün  formalarının  aradan  qaldırılması  sanki  avtomatik  şəkildə  baş  verir,  işçinin  əməyin

nəticəsindən fundamental özgələşməsi aradan qalxdıqda özgələşmə formaları aradan qalxır".

Əgər  K.Marks  işçinin  əməyinin  nəticəsindən  özgələşməsindən  danışırsa,  müasir  informasiya  cəmiyyəti

üçün  invenstorun  kapitaldan  özgələşməsi  kimi  də  ədalətli  tezisi  vardır.  Bir  qədər  də  irəli  getsək  belə  bir  tezis

üzərində israr etmək çətin deyildir ki, özgələşmə insanın maraq, mənafe dairəsinə və sosial fəaliyyət sferasına nüfuz

edə biləcək fundamental problematik nəsnədir. Əgər nəzərə alsaq ki, demokratik rejm və sistem hardasa ideal tip və

ya  idarəetmə  instrumentarisidir,  onda  belə  bir  qənaətə  gəlmək olar  ki,  bütövlükdə  cəmiyyət  öz  təbii  halında  daha

çox  avtoritar,  totalitar  səciyyə  daşıyır  və  belə  tipli  cəmiyyət  üçün  isə  siyasi  özgələşmə  əksər  şüurlu  vətəndaşın

hakimiyyətinin  formalaşmasının  real  proseslərindən  uzaqlaşması,  hakimiyyət  üzərində  nəzarətdən  kənarda

saxlanılması kimi  başa  düşülür.  Tədqiqatçılardan  Burdenin  təbirincə  desək,  nümayəndəli  demokratiyanın öz  sima

və məzmununda da siyasi özgələşmə faktorları heç də itmir, əksinə onun mahiyyətində də bu amillər özünəməxsus

təcəlla edir. Siyasi absentizm, vətəndaş bərabərliyinin devalvasiyası, ifrat siyasi elitizm hakimiyyət üzərində güclü

iqtisadi  oyunçuların  nəzarəti  siyasi  özgələşmənin  nəticəsi  və  təzahürü  kimi  çıxış  edir.  Nümayəndəli  demokratiya

şəraitində  əslində  siyasi  arenada  çox  qorxulu  tendensiya  hakimiyyət  üzərində  vətəndaşın  birbaşa  nəzarətinin

itməsidir. Bu proses getdikcə onunla nəticələndi ki, hakimiyyət vətəndaşlarsız onların maraqlarının müdafiəsini öz

üzərinə götürərək onları hakimiyyətin nəzarətindən kənarlaşdırdı. Belə bir vəziyyəti Ç.Teylor "müasirliyin xəstəliyi

kimi"  dəyərləndirir.  Bu  xəstəliyin  müalicə  yolunu  C.Xabermas  respublika  idealına  qayıdışda  və  ya  həqiqi

demokratiya  mexanizmlərinə  tətbiq  etməkdə  görür.  Müasir  siyasi  özgələşməni  həqiqi  qərb  demokratiyasının

eybəcərləşmiş  forması (C.Xabbermas)  və  ya  demokratiyanın  orijinal  əxlaqi  idealının  təhrif  olunması  (Ç.Teylor)

kimi  dəyərləndirən  tədqiqatçılar  az  deyildir.  Fransız alimi  Burde  müasir  demokratiyanın  vəziyyətini  daha  da  real

diaqnozlaşdıraraq qeyd edir ki, siyasi özgələşmə nümayəndəli demokratiyanın əsl mahiyyəti ilə sıx bağlıdır. Xalqın,

sinfin, sosial qrupun, millətin nümayəndəlik prinsipi müasir demokratik hakimiyyət institutlarının legitmləşməsi və

formalaşması  əsasında  durur.  Burdenin  fikrincə,  hakimiyyətə  göndərilmiş  nümayəndələr  müəyyən  mexanizmlər

vasitəsilə  sonradan  hakimiyyəti  qəsb  edir.  Beləliklə  də  onu  seçənlər,  göndərənlər  tədricən  və  ola  bilər  ki,  dərhal

qərar  qəbulundan  uzaqlaşdırılır,  onların  maraq  və  mənafeləri  nəzərə  alınmır,  nəticədə  isə  onlar  siyasi  seçim

uğursuzluğu  fonunda  pesimizmə  qapılır  və  ya  siyasi  sferadan  küsərək  uzaqlaşırlar.  Bu,  əlbəttə,  siyasi  özgələşmə

problemi  yaşayan  müəyyən  qisim  subyektlərin  qarşılaşdıqları  siyasi  taleləridir.  Bir  sıra  hallarda  saxta  seçim

imkanlarından  bəhrələnmiş  təmsilçi  demokratlar  qeyri-rəsmi  kluarlarda  onu  seçənə  ironiya  ilə  yanaşmaqdan  belə

çəkinməyərək  öz  təmsilçiliyindən  onun  xidmətinin  olmadığını  vurğulayırlar.  Belə  seçilənlər  siyasi  özgələşənlər

kateqoriyasına deyil, "siyasi iştirakçılar" pleyadasında olmalarına rəğmən "alət", "yedək" və "marionet" siyasi fiqur

imicindən  kənara  qaça  bilmirlər.  Əfsuslar  olsun  ki,  onları  seçənlər  öz  seçimlərindən  pərişan  olaraq  siyasətdən,

siyasi iştirakçılıqdan qaçış yolunu seçməli olurlar.

Tarixi  siyasi  elitizm  dövründən  fərqli  olaraq  hüquq  bərabərliyinin  istisnasız  olaraq  bütün  zümrə,  təbəqə,

fərdlərə  şamil  olduğu  çağdaş  dövrümüzdə  siyasi  iştirakçılıq  yolunda  əsas  ciddi  baryerlər  qismində  hakimiyyətə

sahiblik  konservatizmi  mərəzinə  tutulmuş  insanların  tarixi  təfəkkür  boy  artımındakı  infantilizm,  eləcə  də




hakimiyyətə  ictimai,  vətəndaş  borcu  əxlaqı ilə  deyil,  merkantil  maraqlar  kontekstindən  göstərilən  münasibətindən

irəli  gəlmir.  Əlbəttə,  sadaladığımız faktorlar  siyasi  özgələşməyə  aparan  yolda  yeganə  determinant  deyildir.  Siyasi

həyatın  hədsiz  bürokratlaşması siyasi  özgələşmə  üçün  siyasi-psixoloji  amil  kimi  müəyyənedici  amil  qismində  az

təsir  imkanına  malik  deyildir.  Bürokratiyanın  insanların  siyasi  özgələşməsində  oynadığı  rolundan  bəhs  edən

M.Veber  xüsusi  vurğulayır  ki,  onun  sayəsində  insanlar  simasızlaşır,  fərdi  təşəbbüslərini  ona  xərcləyir,  azad

fəaliyyətini itirərək dövlətin və idarəedici təşkilatın sadə icraçısına çevrilir.

Əlbəttə, bununla biz heç də o qənaətdə deyilik ki, siyasi özgələşmədə şəxsin özü günahsızdır.  Psixologiya

tarixində,  demək  olar  ki,  ilk  dəfə  özgələşmə  anlayışına  müraciət  edən  Z.Freyd  özgələşmə  fenomenini  şəxsiyyətin

patoloji  inkişafı  ilə  əlaqələndirirdi.  Siyasi  özgələşmə  amillərinin  şərhində  birmənalı  olaraq  psixologizmi

mütləqləşdirmək  fikrindən  uzaq  olsaq  da,  ancaq  siyasi  özgələşmənin  psixoloji  mərəzli  "könüllü  qurbanlarının"

olmadığını qəbul  etmək  çətindir.  Bir  sıra  hallarda  insan  xarakterində  olan  meşşan  təbiət  və  pessimizm  (nəticəsiz

mübarizə,  Sizif  əməyi)  onu  siyasi  özgələşənlər  cərgəsinə  dəvət  edir.  Siyasi  pesimizm  normal  seçim  imkanları

olmayan cəmiyyətlər üçün əsasən xas olsa da digər tərəfdən sağlam siyasi rəqabət şəraiti olan cəmiyyətdə də şəxsin

fərdi-psixoloji  keyfiyyətindən  (tənbəllik,  ümidsizlik  və  s.)  də  yarana  bilər.  Bu  baxımdan  siyasi  özgələşmə

probleminin  yaranmasında  ancaq  idarəetmə  strukturlarını  qınaq  obyektinə  çevirmək  düzgün  olmazdı.  Siyasi

özgələşmə  problemi  öz  mahiyyəti,  təbiəti  və  məzmununa  görə  çoxamilli,  çoxölçülü  problem  olub,  özünə  çox

aspektli yanaşma tələb edir. Cəsarətlə deyə bilərik ki, istisnasız olaraq bütün cəmiyyətlərdə kütləvi siyasi özgələşmə

və  ya  kütləvi  siyasi  iştirakçılıq  ictimai  siyasi  animiya  sayılmalıdır.  Cəmiyyətin  sosial  straftifikasiya  modelindən,

struktur, funksional təhlilindən çıxış edərək bəlli bir həqiqəti etiraf etmək çətin deyildir ki, hər bir təbəqə, qrup və

zümrənin  öz  fəaliyyət  sferası  vardır.  Əlbəttə,  bununla  biz  heç  də  sosial  mobilliyi,  təbəqələr  arası  hərəkəti,

yerdəyişməni  inkar  etmirik,  ancaq  bu  kütləvi  səciyyə  daşıyırsa,  deməli,  onun  anormal  ictimai  mahiyyət  daşıdığı

danılmazdır. Mübaliğəsiz belə nəticəyə gəlmək olar ki, özgələşmənin bütün formaları ictimai orqanizmin narahatlıq

sindromunu  ifadə  edən  anomik  hadisədir.  Belə  olan  təqdirdə  istər  idarəetmə  orqanları,  istər  üçüncü  sektorun

təmsilçiləri,  istərsə  də  müvafiq  elmi  ictimaiyyətin  nümayəndələri  bu  mərəzin,  sosial  problemin  müalicəsinə

çalışmalı,  istər  preventiv  tədbirlər,  istərsə  də  real  həll  reseptləri  ilə  onun  aradan  götürülməsi  üçün  əməkdaşlığı

gücləndirməlidir.  Çünki  bunu  hər  bir  cəmiyyətin,  dövlətin  vətəndaş  birliyinə  ehtiyacı olan  ümummilli  taleyüklü

problemləri tələb edir.

İstifadə olunmuş mənbələr:

1. Бурдье П. Социальное пространство: поля и практики: "Алетейя", СПб., 2005

2. Сорокин П. Человек. Цивилизация. Общество. М.Мысль, 1992

3. Социальная психология личности. М., 1979

4. Фромм Г. Бегство от свободы. М.: Прогресс, 1990

5. Человеческий фактор/ Под ред. Г.Салвенди: В 6 т.М.: 1991. Т.4



6. Шестапол Е. личность и политика. М. Полит.издат., 1988



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə