“Mədəni-maarif”.-2010.-№4.-S.26-28.
Mədəni antropologiya kulturoloji tədqiqat istiqaməti kimi
İradə MƏMMƏDBƏYOVA,
Pedaqoji elmlər namizədi, dosent.
Hər bir mədəniyyət özünün məkan və zaman parametrləri ilə yaradıcısı olan xalqla (etnos, etnokonfessional
birliklər) sıx vəhdət təşkil edir. İstənilən mədəniyyət əsas hissələrə (elementlərə) bölünərək müvafiq funksiyaları
yerinə yetirir.
Mədəniyyətlərin inkişaf və yaşanması sosial (yaxud mədəni) insan fəaliyyətinin xüsusi üsulu ilə təmin
olunur. Mədəniyyət ayrı-ayrı xalqların həyat tərzi spesifikasının, davranışının, dünyanı dərk etməyin xüsusi
üsulunu əsatir, əfsanə, dini inam və dəyər meyarları sistemində ifadə etməklə insanın mövcudluğunun mənasını
qabarıq şəkildə təzahür etdirir.
Mədəniyyətlərin yaşamasında müxtəlif inkişaf səviyyələrinə dini inanc kompleksləri də (animizm,
totemizm, magiya, politeizm və dünyəvi dinlər) ciddi təsir göstərir. Çox vaxt din (bu mənəvi mədəniyyətin ən vacib
elementlərindən biri hesab edilir) mədəniyyətlərin özünəməxsusluğunun müəyyənləşməsində aparıcı amil və insan
birlikləri sistemində əsas nizamlayıcı qüvvə kimi çıxış edir. Beləliklə, mədəniyyət insanın həyat fəaliyyətinin əsas
forması olub, rəngarəng həyat tərzlərinin üzə çıxarılmasında, mənəvi - maddi dəyərlərin yaradılmasında başlıca
stimuldur.
"Böyük coğrafi kəşflər" dövründən sonra "orta əsrlər yuxusu"ndan yenicə oyanmış avropalıların gözü
önündə mədəni formalar və həyat tərzi xüsusiyyətlərinin rəngarənglikləri ilə zəngin və dolu olan yeni bir dünya
açıldı. XIX əsrdə mədəniyyətin rəngarəng növləri, Afrika, Şimali və Cənubi Amerika, Okeaniya və bir çox Asiya
ölkələrindəki spesifik mərasim və inamların təsviri mədəni sosial antropologiyanın inkişafı üçün bünövrə yaratdı.
Bu fənlər lokal mədəniyyətlərin, bunların bir-biri ilə qarşılıqlı əlaqəsi, hava şəraitlərinin bu mədəniyyətlərə təsir
xüsusiyyətlərinin tədqiqatının geniş əhatəsini təşkil edir. O zaman lokal mədəniyyətlərin çoxluğu mədəni-tarixi
prosesin iki forması növündə təqdim olunmuşdu:
1 .Tərəqqipərvər xarakterli (nisbətən sadə cəmiyyətlərdən daha mürəkkəblərinə) düzxətli mərhələli
təkamül;
2. Mədəniyyətlərin müxtəlif tiplərinin çox-xətli inkişafı.
Sonuncu halda ayrı-ayrı xalqların mədəniyyətinin özünəməxsusluğuna, hətta unikallığına xüsusi diqqət
yetirilir, mədəni proses isə, müxtəlif şərtləndirilmiş tarixi tiplərin həyata keçirilməsi kimi nəzərdən keçirilir.
XX əsrin 30-cu illərində mədəni antropologiyadan şəxsiyyət və müxtəlif tip mədəniyyətlərin qarşılıqlı
təsirini özünün tədqiqat obyekti kimi seçən yeni və xüsusi antropoloji fənn - psixoloji antropologiya yarandı. Başqa
sözlə deyilsə, kulturologiyada şəxsiyyət amili də nəzərə alınmağa başladı. Qeyd etmək vacibdir ki, bütün mədəni -
antropoloji biliklər daha çox etnologiya kimi adlandırılır. Etnologiya müxtəlif mədəniyyətlərin təhlilini ümumi
nəzəri və konkret-tepirik (etnoqrafik) səviyyələrinin vəhdətdə tədqiqidir.
"Antropologiya" termini iki əsas mənada işlədilir. Birincisi bu termin adı altında mədəniyyət və insan
haqqında ümumi bir elm başa düşülür. Bu mənada, həmin termindən XIX əsrdə mədəniyyət tədqiqatçıları istifadə
etmişlər. Bununla yanaşı, antropologiya dedikdə, həm də mədəni antropologiya, psixoloji antropologiya və sosial
antropologiya da başa düşülürdü.
Mədəniyyətin antropoloji cəhətdən öyrənil-məsi, ümumiyyətlə, kulturoloji biliklərin özəyini təşkil edir.
"Mədəniyyət" anlayışının təhlilində antropoloji yanaşmanın tərəfdarları bu mövqedən çıxış edirlər ki, mədəniyyət
insanın qeyri-bioloji fəaliyyətinin bütün növlərini, eləcə də onun nəticələrini əhatə edir.
Mədəniyyət - insanın yaratdığı hər şey deməkdir. Mədəni antropologiya elmi tədqiqatların xüsusi bir sahəsi
olub, diqqətini insan və mədəniyyət qarşılıqlı əlaqələr prosesinə cəmləndirir. İdrakın bu sahəsi XIX əsrdə Avropa
mədəniyyətində yaranmaqla həmin əsrin sonuncu rübündə qəti şəkildə formalaşmış oldu.
Xarici elmi mətbuatda bu elmin predmet xəttinin müəyyənləşməsi ilə bağlı yanaşmalar mövcuddur. Mədəni
antropologiya anlayışından insan adətlərinin öyrənilməsi, bəşəriyyət haqqında elm, birlik, mədəniyyətlərin
müqayisəli təhlili ilə bağlı dar bir sahənin yerinin dəqiqləşdirilməsi məqsədi ilə istifadə olunur.
Mədəni antropologiya əsas diqqətini füogenetik və ontogenetik planda mədəniyyətin yaradıcısı və
yaradılmasında xüsusi yeri olan insanın genezisi problemləri üzərində cəmləşdirir.
Mədəni antropoloji tədqiqatların başlıca problemləri insanın mədəniyyət fenomeni kimi təşəkkülü ilə
bağlıdır; bunlara insanın əsas instinktlərinin mədəni cəhətdən formalaşması, insanın spesifik konstitusiyasının
təşəkkülü, mədəni mühitlə bağlı insanın bədən quruluşunun formalaşması, insanın davranışı, onun sosial mədəni
münasibətlər sisteminə daxil olması ilə əlaqədar norma, qadağa və təşəkkülü, inkulturasiya prosesləri, mədəniyyətin
cinsi dimorfizm, ailə və nigaha təsiri, məhəbbət mədəni fenomen kimi, insanın dünyagörüşünün təşəkkülü,
mifologiya mədəni hadisə kimi və s. aiddir.
Müasir dövrdə insan ekologiyası və mədəniyyət məsələləri, mədəni sistemlərin mövcudluq
qanunauyğunluqlarının tədqiqi də az əhəmiyyət kəsb etmir, belə ki, insanın mədəniyyətin aparıcısı kimi təşəkkülü
onun təbiətinin mühafizəsindəki yeri və rolunu daxil etməyə bilməz.
İnsan və mədəniyyət tədqiqatlarının nəzəri proqramının təşəkkülü üçün E.Taylorun tayların "İbtidai
mədəniyyət", "İnsan və sivilizasiyaların öyrənilməsinə giriş ("Antropologiya")", "Bəşəriyyətin tarixə qədərki
məişəti və sivilizasiyanın başlanğıcı" və digər əsərlərinin çox böyük əhəmiyyəti olmuşdur.
Bu əsərlərdə E.Taylor evolyusionizm mövqeyindən çıxış edərək mədəniyyətə antropoloji şərh verməklə
mədəni antropoloji tədqiqatların əsasını qoymuş oldu. Evolyusionizm istiqamətində F.Frezerin, C.Mak-Lennan,
C.Lebbok, İ.Lippert və digərlərinin tədqiqatları inkişaf etdirildi.
Mədəni antropologiyanın tədqiqat obyektini, hər şeydən əvvəl, ənənəvi cəmiyyət, predmetini isə, yuxarıda
qeyd etdiyimiz kimi, qohumluq sistemləri, dil və mədəniyyətin qarşılıqlı əlaqələri, qida, yaşayış, nigah, ailə, iqtisadi
sistemlərin müxtəlifliyi, etnomədəni birliklərdə din və incəsənətin əhəmiyyətini təşkil edir.
Mədəniyyətin antropoloji cəhətdən öyrənilməsi mütləq şəkildə özündə aydın və aydın olmayanın
ziddiyyətlərini, ənənəvi və müasir cəmiyyət tiplərinin müqayisəsini əks etdirir. Ənənəvi mədəniyyət (yaxud
cəmiyyət tipi) cəmiyyətdə nizamlanmanın adət, ənənələr, qaydalar əsasında həyata keçirilməsindən ibarətdir.
Müasir cəmiyyətin mövcudluğu isə kodeks halına salınmış, hüquq, xalq tərəfindən seçilmiş qanunvericilik
orqanlarının vasitəçiliyi ilə yaradılan, yaxud dəyişdirilən qanunlar toplusu ilə gerçəkləşdirilir.
Ənənəvi mədəniyyət bir nəslin həyatında dəyişiklikləri hiss edilməyən cəmiyyət üçün xasdır. Belə
cəmiyyətlərdə nəsildən-nəslə qorunub saxlanılan və ötürülən ənənə aparıcı yer tutur. Cəmiyyətin bu tipi
özünəməxsusluğun, mədəni spesifikliyin qorunmasına istiqamətləndirilmişdir. Bu cür cəmiyyətdə bilik və
bacarıqların əsas mənbəyi yaşlı nəsil hesab olunur.
Mədəniyyətin müasir tipi isə fasiləsiz modernləşmə prosesində kifayət qədər sürətli dəyişikliklərlə
xarakterizə edilir. Belə bir cəmiyyətdə bilik, bacarıq, mədəni vərdişlərin mənbəyini tərbiyə və təlimin
stimullaşdırılmış sistemi təşkil edir.
Ənənəvi mədəniyyətdə başlıca məşğuliyyət növünü kənd təsərrüfatı təşkil edir. Hətta indiyədək elə
mədəniyyətlər mövcuddur ki, burada ovçuluq və toplayıcılıq hələ də qalmaqdadır.
Ənənəvi mədəniyyət haqqında müxtəlif məlumatlara C.Mordakın 1967-ci ildə nəşr edilmiş "Etnoqrafı
atlas"ında rast gəlinir. Hətta 600-dən çox ənənəvi cəmiyyətlərin (mədəniyyətlərin) kompyuter bankı da tərtib
edilmişdir. Ənənəvi mədəniyyətlər, indiyədək Cənubi Amerika, Afrika, Avstraliyada mövcud olmaqdadır.
Ənənəvi və müasir mədəniyyət-mədəniyyətlərarası tədqiqatların geniş mənada iki qütbünü təşkil edir.
Bunların arasından öz mədəni ənənələrini saxlamış sənaye modernləşməsi şəraitində yaşayan digər qarışıq mədəni
tipi də üzə çıxarmaq olar.
Mədəniyyətin bu ənənəvi sənayeləşmiş qarışıq tipində modernləşmə elementləri ilə davranış, həyat tərzi,
ənənəvi stereotipləri milli xüsusiyyətlərinin harmonik vəhdətini görmək mümkündür. Bu tip mədəniyyətlərə
Yaponiya, Cənubi-Şərqi Asiyanın bəzi ölkələri və Çini misal göstərmək olar.
Beləliklə, mədəni antropologiyanın kulturologiyanın ayrıca bir istiqaməti kimi meydana çıxması
cəmiyyət-mədəniyyət, insan-cəmiyyət, insan - mədəniyyət qarşılığının dərindən öyrənilməsində tarixi əhəmiyyət
kəsb edir. Azərbaycanda kulturologiyanın bu istiqamətinin öyrənilmə səviyyəsinə diqqət artırılır. Çünki yuxarıda
qeyd etdiyimiz kimi, kulturologiya problemlərin bir çoxunun tarixi məqamları, məhz mədəni antropologiya ilə
bağlıdır.
Ədəbiyyat
l. Белик А.А. Культурологи. М. 1998.
2. Гуревич П.С. Культурологи. М. 1996.
3. Оргова Э.А. Введение в социальную культурную антропологию. М. 1994.
4. Ионин Л.Т. Социология культуры. М. 1996.