Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 74.56 Kb.

tarix02.10.2017
ölçüsü74.56 Kb.


“Qanun”.-2010.-№3.-S.3-10.

HÜQUQUN MÜASİR İNKİŞAF MEYİLLƏRİ

Hüseynov Əbülfəz,

hüquq elmləri doktoru

Müasir  dövrdə,  ictimai  münasibətlərin  formal  qlobal  tənzimlənməsinə  ehtiyacın  olduğu  bir  şəraitdə

hüququn ənənəvi anlayışı, prinsipləri, funksiyaları, onun cəmiyyətdə yeri və rolu da sosial dinamikaya uyğun olaraq

inkişaf  edir.  Bu  zaman  təbii  olaraq  həlli  tələb  edilən  nəzəri-tarixi  və  elmi-praktik  problemlər  ortaya  çıxır.  Belə

problemlərdən biri hüquqi akkulturasiya ilə bağlıdır. Müasir şəraitdə hüquqi akkulturasiya qlobal miqyas əldə edir.

Qloballaşma  şəraitində  hüquqi  akkulturasiyanın  (bir  cəmiyyətin  öz  hüquqi  norma  və  dəyərlərinin  digər  cəmiyyət

tərəfindən mənimsənilməsi) yeni anlamı da unifikasiyaya səbəb olur. İnkişaf etmiş hüquq sisteminin elementlərinin

inkişafdan geri qalan digər hüquq sisteminə keçirilməsi nəticəsində sonuncu reinteqrasiya edir. Ayrıca götürülmüş

bir ölkənin hüquqi inkişafı hüququn planetar miqyasında baş verən inkişaf qanunlarına tabe olur. Qarşılıqlı təsirlər

bir  neçə  istiqamətdə  gedir.  Misal  olaraq  ideyaların,  anlayışların,  hüquqi  konstruksiyaların,  təsisatların  və  s.

resepsiyasını  göstərmək  olar.  Bu  cür  hüquqi  akkulturasiya  unifikasiyaya  gətirib  çıxarır.  Məsələn,  əsas  iqtisadi

mübadilə  axınlarını  beynəlxalq  ticarət  konvensiyaları  və  qloballaşmanın  nəticəsi  olaraq  beynəlxalq  adətlər

tənzimləyir. Deməli, ölkənin hüquqi həyatının bu sahələrində müəyyən tələblər qanunvericiliyi unifikasiya etdirir,

hüquq yaratma və hüquq tətbiqetmə proseslərini standartlaşdırır.

Hüququn  unifikasiyası  o  faktın  dərkindən  irəli  gəlir  ki,  transsərhəd  xarakter  daşıması  üzündən  hüquqi

tənzimləmənin  bəzi  sferalarını  yalnız  unifikasiya  olunmuş  formada  səmərəli  tənzimləmək  olar.  Hüququn

unifikasiyası  üzrə  ilk  beynəlxalq  konvensiyalar  yüz  il  bundan  öncə,  "millətçiliyin  çiçəkləndiyi"  bir  dövrdə

intellektual  mülkiyyət  və  nəqliyyat  sahəsində  bağlanmışdı.  XX  əsrin  sonunda  hüququn  unifikasiyası  prosesinin

templərinin zəifləməsini Y.Bazedov siyasi amillərlə izah edir. Məhdud sayda "sivil ölkələrin" unifikasiya aləti kimi

beynəlxalq sazişlərin ratifikasiyası ona görə öz aktuallığını və səmərəliliyini itirdi ki, ikinci dünya müharibəsindən

sonra  beynəlxalq  arenada  yeni  müstəqil  dövlətlər  meydana  çıxdı.  Hüququn  ayrı-ayrı  sahələrinin  unifikasiyasına

yönəldilən  beynəlxalq  konvensiyaların  ratifikasiya  prosedurlarının  mürəkkəbləşməsinə  səbəb  məhz  beynəlxalq

arenada  hüquq  subyektlərinin  sayının  artması  oldu"  (2,  s.  65).  Əlbəttə  ki,  hüquqi  praktikada  özünü  göstərən

meyillər, o cümlədən ratifikasiya olunmuş sazişlərin praktiki həyata keçirilməsi belə bəzən problemə çevrildi. Belə

şəraitdə konvensiyalar fraqmentar xarakter kəsb edirdi.

Avropada gedən inteqrasiya prosesləri və Avropa Şurasının yaradılması (qeyd edək ki, Avropa ölkələrinin

sosial-mədəni  reallıqlarının  qəti  olmasa  da,  təxminən  bir-birinə  yaxın  olması  bu  işdə  az  rol  oynamır)  hüququn

unifikasiya praktikasına yeni təkan verdi. Avropada hüququn unifikasiyası sahəsində böhran başa  çatdıqdan sonra

Avropa  kontekstində  hüququn  unifikasiyası  üzrə  fəaliyyət  canlandı.  Qeyd  olunmalıdır  ki,  Avropa  müqavilə

hüququnun  inkişaf  əlamətləri  qanunvericilikdə,  məhkəmə  pratikasında,  doktrinada,  habelə  hüquqi  təhsil

səviyyəsində  də  müşahidə  olunur.  Lüksemburq  və  Strasburqdakı  Avropa  məhkəmə  instansiyalarının  fəaliyyət

təcrübəsi  sübut  edir  ki,  üzv  olan  ölkələr  milli  hüququn  inkişafını,  əvvəllər  olduğu  kimi,  təkbaşına  təmin  edə

bilməzlər. Bu, milli dövlətlərin milli hüquqi siyasətləri ilə Avropa Birliyi hüququnun qarşılıqlı asılılığının birbaşa

nəticəsidir.  Milli  hüquq  sistemlərinin  bir-birinə  yaxınlaşması  prosesində  model  qanunvericiliyi  də  böyük  rol

oynayır.  Belə  hüquqi  model  təmərküzləşdirmə  funksiyasını  yerinə  yetirir,  çünki  dövlət  hüquqi  tənzimləməni

müəyyən  vahid  qaydalara  əsasən  yaradır.  Model  qanunvericiliyi  konfederasiyalar,  beynəlxalq  təşkilatlar

səviyyəsində daha səmərəli inkişaf  edir. Burada strukturlaşdırılmış sistemlər daha mütəşəkkil hərəkət edir, onların

orqanları model hüquq yaratma prosesini istiqamətləndirə bilir. Düşünürük ki, imperativ aktlar olan müqavilələrlə,

konvensiyalarla  müqayisədə  model  qanunvericiliyi  daha  çevikdir.  Model  qanunvericiliyinə  gəlincə,  o,  milli

qanunvericiyə ümumi prinsiplər əsasında öz xalqının  və  dövlətinin  tələblərini  nəzərə  almağa  imkan  verir.  Əlbəttə

ki,  tədqiqatçıları  belə  bir  sual  düşündürür:  hüququn  unifikasiyasında  məqsəd  həddindən  artıq  nikbin  deyilmi?

Unifikasiya  etmiş  normalarla  milli  normaların  birgə  mövcudluğundan  irəli  gələn  hüquqi  xarakterli  çətinliklər  də

yaranır.  Bu  proses  milli  hüququn  anlamında  və  şərhində  müşahidə  olunan  inersiyadan  irəli  gələn  ziddiyyətlərlə

müşayiət olunur. Bəzi hallarda bu və ya digər milli hüququn sosial-mədəni aspektləri vurğulanır, hüququn müəyyən

və bu mənada unikal bir milli mədəniyyətin məhsulu olduğu bildirilir.

Avropada  hüququn  unifikasiyasının  aktuallaşmasını  şərtləndirən  əsas  amillərdən  biri  kimi  tədqiqatçılar

beynəlxalq  alqı-satqı müqavilələri  haqqında  Vyana  konvensiyasının,  vahid  daxili  bazarın,  qeyri-hüquq  xarakterli

tədbirlərin  olmasını,  xüsusən  də  Avropa  təsisatlarının  fəaliyyətini  göstərirlər.  Bununla  belə  unudulmamalıdır  ki,

Avropa  ölkələrinin  sosial-hüquqi  təsisatlarının  bir-birinə  yaxınlaşması  tarixən  Roma  hüququnun  prinsip  və

ideyalarına köklənən ümumi mədəniyyətin hesabına mümkün oldu. Avropa Şurası təsisat sistemi özü elə qurulub ki,

tarixdə  ilk  dəfə  olaraq  millətlərüstü  struktur  üzvü  olan  ölkələr  üçün  məcburi  olan  normaları  qəbul  etmək

səlahiyyətinə  malikdirlər.  Hətta  AŞ-nın  bəzi  institutları  üzv  olan  ölkələrdən  milli  səviyyədə  ümumavropa

hüququnun tətbiqi üzrə öz öhdəliklərini yerinə yetirməyi də tələb etmək hüququna malikdirlər. Belə təsisat alətləri

beynəlxalq konvensiyaların qəbulunu və ratifikasiyasını müşayiət edən ənənəvi maneələri aradan qaldırmağa imkan




verir.  Bu  fakt  elə  bir  təsisat  sisteminin  yaradılmasından  xəbər  verir  ki,  bu  sistemdə  hüququn  normalarını müasir

cəmiyyətlərin  dəyişməkdə  olan  siyasi,  iqtisadi  və  texnoloji  kontekstinə  adaptasiya  etdirmək  imkanları  artıq

potensial olaraq mövcuddur. Buna görə də hüququn qloballaşma  şəraitində inkişafı baxımından Avropa  Şurasının

təsisat və hüquq sistemləri böyük maraq kəsb edir.

Avropada  hüquqi  həyatın  standartlaşması  hüququn  unifikasiya  edilmiş  normalarının  ümumdünya

standartlarının, mexanizmlərinin və prosedurlarının yayılmasında özünü büruzə verir. Hüquqşünas alimlərin fikrinə

görə, bu, praktiki olaraq bütün sferaların, ilk növbədə isə həyat tərzinin standartlaşmasının hüquqi əksidir. Hüquqi

standartlar  isə  hüquqi  tənzimləmənin  müxtəlif  sahələrinə  toxunur.  Bu,  ilk  növbədə,  şəxsiyyətin  hüquq  və

azadlıqlarının  beynəlxalq-hüquqi  standartları,  habelə  ədalət  məhkəməsinin  fəaliyyəti,  sahibkarlıq  fəaliyyəti

sahələrində, maliyyə və s. sferalardakı mövcud standartlardır (6,  s.  84).  Eyni  zamanda  Avropa  hüquqi  məkanında

ticarət və iqtisadi münasibətlər, ekologiya sferasında milli dövlətlərin yurisdiksiyasının hüdudlarından kənara çıxan

yeni qlobal hüquqi birliklər meydana gəlir. Buna misal olaraq, artıq haqqında söhbət gedən Avropa hüququnu - AŞ

hüququnu  göstərmək  olar.  Bu  normativ-hüquqi  kompleksə  həm  millətlərüstü,  həm  də  dövlətdaxili  hüququn

əlamətləri  xasdır  (5,  s.  91).  Bununla  belə  qeyd  etmək  lazımdır  ki,  hüququn  standartlaşmasının  sosial  həyatın

tənzimlənməsində

 səmərəliliyi

 yalnız

 müxtəlif



 xalqların

 hüquqi


 mədəniyyətinin

 elementlərinin

qorunub-saxlanmasından, onların bu və ya digər hüquqi məsələlərin həllində və sosial hə-yatın tənzim olunmasında

həqiqətən nəzərə alınmasından asılıdır.

Nəhayət,  hüquqi  inteqrasiya  nə  deməkdir?  Bir  tərəfdən,  hüququn  inteqrasiyası  onda  təcəssüm  edir  ki,

müxtəlif,  o  cümlədən  dövlət  və  regional,  daxili  və  regional,  daxili  və  beynəlxalq  hüquq  sistemləri  qarşılıqlı

əlaqələrə girir, yəni müxtəlif hüquq sistemləri ən mürəkkəb və rəngarəng üsullarla bir-birinə qarşılıqlı təsir göstərir.

Hüquq  sistemlərindən  birinin  korreksiyası  və  ya  transformasiyası  onunla  münasibətdə  olan  digər  hüquq

sistemlərinin korreksiyasına və ya transformasiyasına səbəb olur. Digər tərəfdən, hüququn inteqrasiyası "qlobal" və

ya "dünya" hüququ kimi adlandırılan hüququn meydana gəlməsində təzahür edir (1, s. 167). A.V.Yeqorov qeyd edir

ki,  bu  gün  üçün  hüquqi  rejim,  hüquqi  tanıma,  hüquqi  mexanizmlərin  oxşarlığı  hüquqi  inteqrasiyanın  ən  işlək

vasitələrindəndir. Hüquqi inteqrasiya nöqteyi-nəzərindən hüquqi rejimin mahiyyəti ondan ibarətdir ki, o, istər xarici

obyekt,  istərsə  də  xarici  subyekt  üçün  müəyyən  standartları,  imtiyazları  və  məhdudiyyətləri  müəyyən  edir.

İnteqrasiya  etdirməyin  digər  vasitəsi  olan  hüquqi  tanınma  inteqrasiyanın  potensial  subyektlərinin  beynəlxalq

praktikada  artıq  mövcud  olan  normalarla  razılığını  nəzərdə  tutur.  Hüquqi  tanımanın  isə  aşağıdakı  iki  növü  var:

konvensiyalarda,  sazişlərdə  və  s.  göstərilən  beynəlxalq-hüquqi  standartların  tanınması  və  milli  qaydaların

(standartların)  tanınması  (milli  hüquq  qaydalarının  konvergensiyası).  Hüquqi  inteqrasiyanın  ən  mühüm  hüquqi

vasitələrindən biri də hüquqi mexanizmlərin ümumi olmasıdır (4, s. 74-84).

Sosial  inteqrasiya  idarəetmənin  hüququn  tənzimlədiyi  yeni  struktur  və  səviyyələrinin  yaradılmasını,  artıq

mövcud  olanların  yeniləşdirilməsini  nəzərdə  tutur.  Buna  görə  də  birləşdirici  proseslərin  strukturunda  hüquqi

inteqrasiya  ən  mühüm  yerlərdən  birini  tutur.  Lakin  ictimai  münasibətlərin  normativ  tənzimləmə  aləti  olan  hüquq

iqtisadi,  siyasi,  sosial-mədəni  və  inteqrasiya  proseslərinin  digər  növlərini  yalnız  təmin  edir.  Öz-özlüyündə  o,  nə

iqtisadi, nə siyasi, nə də hər hansı digər bir inteqrasiyanı həyata gətirmir. İnsan varlığının elementlərinin bir-birinə

obyektiv qarşılıqlı nüfuzetmə prosesi olan inteqrasiyada hüquqi birləşməni təmin edən formal-struktur qurumlardan

yalnız  biridir.  Elə  burada  da  haqqında  yuxanda  söhbət  gedən  "dünya  hüququ",  "qlobal  hüquq"  və  buna  oxşar

terminlərdə ifadə olunan hüquqşünaslıqda çoxlarının tərəfdar olduğu bir fikrə münasibət bildirmək, fikrimizcə, çox

vacibdir. Əvvəla onu qeyd edək ki, fikrimizcə, hüquq həm yaranışından etibarən, həm də özünün inkişafının sonrakı

mərhələlərində göründüyü kimi, əsasən milli-lokal xarakter daşıyır. Hüququn müasir dövrdə qloballaşma prosesləri

ilə əlaqədar inkişafı da, deyilənlərə baxmayaraq, o qədər də göründüyü kimi deyildir, yəni hüquq yenə də öz milli

xarakterini itirməyib. Hətta müxtəlif xarakterli (iqtisadi, sosial və s.) müqavilələrlə bir-birləri ilə özünəməxsus bağlı

olan  Avropa  Birliyi  ölkələrinin  hüquqi  praktikası belə  göstərir  ki,  ümumi  sosial  ənənələrə,  klassik  Roma  hüquq,

xristian  etik  normaları və  s.  sahələrdə  mövcud  eyniliklərə  baxmayaraq,  bu  klassik  dövlətlər  arasında  da  müxtəlif

fikir  ayrılıqları  vardır.  Bu  baxımdan  və  bütövlükdə  bütün  digər  ölkələrin  hüquqi  təcrübəsi  nöqteyi-nəzərindən,

fikrimizcə,  "qlobal"  və  yaxud  son  vaxtlar  dəbə  minmiş  "dünya  hüququ"nun  artıq  reallıq  olması  haqqında

deyilənlərlə razılaşa bilmərik. Deyilən fikrin lehinə gətirə biləcəyimiz ilk arqument bir qədər sonra haqqında söhbət

açacağımız hüquq  mədəniyyətinin  məhz  elə  özünün  mahiyyəti  ilə  əlaqədardır.  Belə  ki,  ümumiyyətlə  vahid  dünya

mədəniyyəti  və  yaxud  vahid  dünya  hüquq  mədəniyyəti  mövcud  ola  bilməz.  İdeal  monizm  və  praktik  plyüralizm

tamam başqa-başqa şeylərdir. Ona görə də olsa-olsa biz yalnız formal mənada qlobal hüquqdan danışa bilərik, lakin

bu  anlayış da  şərtidir,  belə  ki,  dünyada,  həqiqətən  də  əlaqəsiz,  əməkdaşlıq  olmadan,  beynəlxalq  hüquq  normalan

olmadan yaşamağın istisna olduğu bir şəraitdə dövlətlərin yalnız bu və ya digər konkret sahələrdə əməkdaşlığından

söhbət gedə bilər. Bu gün qlobal dinamikanın özü bir qədər qədim tarixə malik suverenlik problemini qabartmışdır.

Ona görə də mütləq mənada qlobal hüquq mümkün deyil.

Məhz  qloballaşmanın  bu  gün  cəmiyyət  qarşısında  qoyduğu  vacib  məsələlərdən  biri  də  dövlətlərin

suverenlikləri  haqqında  təsəvvürlərlə  bağlıdır.  İlk  əvvəllər  ictimai,  o  cümlədən  hüquqi  fikirdə  belə  bir  ideya

üstünlük  təşkil  edirdi  ki,  madam  biz  qloballaşma  yolu  ilə  gedirik  və  vahid  hüquqi  məkana  daxil  oluruq,  onda

dövlətlər  öz  suverenliklərindən  əl  çəkməlidirlər.  Hesab  olunurdu  və  indi  də  belə  güman  edirlər  ki,  dövlətlərin

suveren  hüquqları  getdikcə  universal  və  regional  dünya  təşkilatlarına  verilməlidir.  Lakin  hadisələr  göstərir  ki,



dövlətlər və xalqlar öz suveren hüquqlarından əl çəkmək fikrində deyildirlər və xüsusi inersiya buna yol vermir.

Beynəlxalq  inteqrasiyanın  nəzəriyyə  və  praktikasından  sosial  birləşmənin  aşağıdakı  üç  əsas  modeli

məlumdur: "funksionalizm", "federalizm" və "transmillətçilik". Funksionalistlər (D. Mitrani, E. Hass, L. Lindberq,

C. Corc,  Y. Tinbergen)  dövlət  hakimiyyətinin  siyasi-hüquqi  təsisatlarının  birləşməsini  ayrı-ayrı  şəxslərin,  sosial

qrupların və dövlətlərin iqtisadi maraqlara görə bir-birinə yaxınlaşmasının nəticəsi kimi qiymətləndirirlər. Onların

fikirlərinə  görə,  iqtisadi  inteqrasiyanın  gedişində  dövlət  hakimiyyətindən  regionlararası,  sonra  da  ümumdünya

hakimiyyətinə  təbii  keçid  baş  verəcəkdir.  Nəticədə  dövlətlərin  suverenliyi  tədricən  yox  olub,  hansısa  bir

"ümumdünya  sosial-psixoloji  birlik"  əmələ  gəlməlidir.  "Federalizm"  nəzəriyyəsinin  nümayəndələri  (J.Mone,

R.Şuman,  A.Etsioni,  A.Spinelli,  K.Fridrix)  iqtisadi  inteqrasiya  lehinə  yox,  mərkəzçilikdən  müqavilə  əsasında

könüllü  imtina  etməklə  və  səlahiyyətləri  mərkəzlə  federasiya  subyektləri  arasında bölüşdürməklə  siyasi  təsisatları

bir-birinə  yaxınlaşdırmaq  yolu  ilə  həyata  keçirilən  dövlətlərin  inteqrasiyasının  lehinədirlər.  "Transmillətçilik"

(K.Doyç, D.Puçala) "birləşmə ideyasını" prinsip etibarı ilə qəbul etməyi, bu arada isə yaxınlaşma zamanı davranış

qaydaları  ilə  bağlı  inteqrasiyanın  subyektlərinə  heç  bir  sərt  tələbləri  irəli  sürməməyi  təklif  edir.  Əsas  odur  ki,

dövlətlərin həm siyasi, həm də sosial-mədəni maraqları bir-birinə zidd olmasın, onların daha ümumi maraqlarını isə

əvvəlcədən görüb proqnozlaşdırmaq mümkün olsun.

Hüquq elminə müraciət edərkən etiraf etmək lazım gəlir ki, hüququn post-sənaye gələcəyi bizim qarşımızda

anlayışlara yenidən baxmaq, təsəvvürləmizə dəqiqlik gətirmək, habelə yeni məsələləri həll etmək vəzifəsini qoyur.

Deyilənlər,  məsələn,  hüququn  mənbələrinə  aiddir.  Bu  gün  qloballaşma  şəraitində  müxtəlif  hüquq  sistemlərinin

(kontinental,  ingilis-sakson,  dini-hüquqi,  qarışıq,  ənənəvi)  bir-birinə  yaxınlaşması, deməli,  hüququn  mənbələrinin

də  bir-birləri  ilə  müəyyən  əlaqələrə  girməsi  və  əməkdaşlığı  və  ictimai  münasibətlərin  qeyri-ənənəvi

tənzimləyicilərinin  axtarılması  qaçılmaz  zərurətə  çevrilir.  Hüququn  postindustrial  gələcəyindən  söhbət  gedərkən

onu da qeyd etməliyik ki, ümumi hüquqla xüsusi hüququn qarşılıqlı nisbəti də əsaslı şəkildə dəyişilir. Qloballaşma

şəraitində hüququ ümumi və xüsusi hüquqa ayıran əvvəlki yanaşmalar öz əhəmiyyətini itirir. Bu problemə toxunan

Q.V.Maltsev doğru olaraq yazır ki, "...inteqrasiya və ümumilik prinsiplərini bərqərar edən qloballaşma perspektivdə

cəmiyyətdə  xüsusi  başlanğıcların  mahiyyətini  tam  dəyişdirə  bilər.  Dövləti  quruluşun  istisna  olunması  güman

edildiyi  və  yaxud  minimuma  endirildiyi  şəraitdə  hüququn  yeni  ümumi  tipləri  irəli  sürülür.  Gələcəkdə  hüququ

ümumi və xüsusi hissələrə ayırmaq  zərurətini  aradan  qaldıracaq  "ictimai  qayda"  anlayışının işlənilməsi  sahəsində

göstərilən səylər bunu bildirir (7, s. 758)".

Ehtimal etmək olar ki, postsənaye dünyasında ictimai qaydanı ifadə və müdafiə edənlərdən biri beynəlxalq

qeyri-dövlət  təşkilatları,  özünün  rəngarəng  tənzimləmə  mexanizmləri  ilə  vətəndaş  cəmiyyəti  olacaqdır.

A.V. Vasilyev  hüququn  ümumi  və  xüsusi  növlərə  bölgüsünü  istisna  edirsə,  N.A.Frolovun  fikirlərinə  görə,

Rusiyanın  hüquqi  fikrində  ictimai  maraq  həmişə  üstünlük  təşkil  etmişdir  (8,  s.  152,  172).  Postsovet  ölkələrinin

qanunvericiliyinə gəlincə, qeyd etmək lazımdır ki, o, siyasi hadisələrin və məqsədlərin təsiri altında hüququn xüsusi

və  ümumi  növlərə  bölgüsünə  münasibətini  tarixi  zərurət  üzündən  dəfələrlə  dəyişmişdir.  Sovetlər  ölkəsinin

iqtisadiyyatında  özəl  başlanğıcın  olmaması,  istehsal  münasibətlərinin  tam  milliləşdirilməsi  haqqında  doktrinası

onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirmişdi. Sovet İttifaqının süqutundan sonra dövlətin iqtisadiyyatda

rolunu  azaltmaq  məqsədini  güdən  islahatlar  qanunvericiliyi  xüsusi  hüququn  inkişafı  istiqamətinə  yönəltdi.  İndi

qanunvericilikdə ümumi münasibətlərdə xüsusi mexanizmin və əksinə, xüsusi münasibətlərdə ümumi mexanizmin

olmasından çoxlu sayda misallar gətirmək olar. Məsələn, xüsusi ittiham işləri cinayət hüququnun total ümumiliyini

şübhə altına aldı. Mülki hüquq isə hamını əmin etməyə çalışır ki, dövlət kimi öz güc ehtiyatlarını tətbiq etmədən də

tam hüquqlu subyekt kimi real hərəkət edə bilər.

Beynəlxalq arenada hal-hazırda bir neçə hüquqi tendensiyalar qeydə alınır. Bu, birincisi, dövlətlərin qanuni

və ya qanunsuz hərəkətlərinin dünya standartları kimi beynəlxalq hüququn norma və prinsiplərinin yaradılması və

inkişafıdır.  Belə  dünya  standartlarının  yaradılmasında  əsas  məqsəd,  bir  tərəfdən,  dövlətlərin  hüquq  sistemlərinin

beynəlmiləlləşməsini (ilk növbədə insan hüquqları sahəsində) sürətləndirmək, digər tərəfdən də arzuolunmaz yeni

qlobal  hadisələrlə,  məsələn,  transmilli  mütəşəkkil  cinayətlərlə  mübarizəni  gücləndirməkdir.  İkinci  tendensiya

beynəlxalq  hüquq  normalarının  formalaşdırılması  və  onların  realizə  olunması  institutlarının  (alətlərinin),  o

cümlədən həm də BMT nəzdində iqtisadiyyat, ticarət və maliyyə sferalarında dünya siyasətini təyin etməli olan bir

sıra  ixtisaslaşdırılmış beynəlxalq təşkilatların yaradılması ilə əlaqədardır. Üçüncü tendensiya dövlətlərin geosiyasi

və  sosial-mədəni  amillərlə  şərtlənən  regional  birliklərinin  (Avropa  İttifaqı, MDB,  Rusiya-Belarus  İttifaqı, Şanxay

Əməkdaşlıq  Təşkilatı  və  s.)  yaradılması  ilə  bağlıdır.  Bu  cür  inteqrasiya  müvafiq  birlik  miqyasında  getsə  də,  o,

dünyanın  qloballaşmasına  qarşı  həm  özünəməxsus  əks  təsir  formasını,  həm  də  müdafiə  reaksiyasını  kəsb  edir.

Beləliklə,  qloballaşma  müasir  hüquq  sistemlərinin  bütün  aspektlərinə  təsir  göstərir,  onlardan  bir-birinə

uyğunlaşmağı  və  bir-birinə  qarşılıqlı  təsirlər  göstərməyi  tələb  edir  ki,  bunlarsız  da  bu  gün  dövlətlərin  ünsiyyəti,

iqtisadi, sosial, humanitar, siyasi münasibətlərin inkişafı mümkün deyil.

Onu  da  qeyd  etmək  lazımdır  ki,  hüquq  normalarının  beynəlxalq  və  dövlət  daxili  müstəvilərdə  həyata

keçirilmə  mexanizminin  əhəmiyyətinin  artması,  müvafiq  olaraq  hüququn  bütün  sahələri  üzrə  prosessual

qanunvericiliyin  inkişafı,  diferensiasiyası  və  buna  paralel  olaraq  unifikasiyası  da  gözə  çarpan  mühüm

yeniliklərdəndir.  Bütün  bu  amillər  "hüquqi  qloballaşma"  adlanan  yeni  cərəyanın  formalaşmasından  xəbər  verir.

Hüquqi qloballaşma beynəlmiləlləşmənin təkcə məkan həcmli cəhətlərini deyil, ilk öncə onun keyfiyyət tərəflərini,




müasir sivilizasiyanın normativ-hüquqi həyatında ümumi cəhətlərin artmasını əks etdirir. Mühüm məqamlardan biri

odur  ki,  hüquqi  qloballaşma  yuridikləşmə  tendensiyalarının,  daha  doğrusu,  müasir  sivilizasiyanın  plüralizm

demokratiyasının dəyərlərinə keçid aldığı, ümumdünya miqyasında postsənaye cəmiyyət dəyərlərinin təsdiqləndiyi

və  milli  sosial-siyasi  sistemlərin  tədricən  vahid  ümumdünya  informasiya  sisteminə  qoşulduğu  bir  şəraitdə  sosial

gerçəkliyin əsas sferalarının hüquqi tənzimlənməsinin əksidir.

İctimai  münasibətlərin  qlobal  yuridikləşməsinin  əsasını, ilk  növbədə,  hüquqi  modernləşmə  təşkil edir.  Bu

prosesləri  müasir  dövrün  hüquq  sistemlərinin  bir-birinə  yaxınlaşmasından  irəli  gələn  institusionallıqda  və  hüquq

yaratmada, millətlərüstü yurisdiksiya orqanlarının formalaşdırılması prosesinə xüsusi marağın olduğu hüquq realizə

sahəsində,  hüquqi  dəyərlərin  unifikasiyasında  və  milli  hüquqi  mədəniyyətlərin  bir-birinə  yaxınlaşmasında  özünü

göstərir.  Çoxcəhətli,  "şaquli"  və  "üfüqi  istiqamətlərdə  gedən  bu  prosesləri  izləyərkən,  ilk  nəzərdə  belə  çıxır  ki,

qloballaşmanın  gedişində  tədricən  "qlobal  hüquq"  formalaşır.  Əsas  odur  ki,  mühüm  parametrlərinə  görə  hüquq

sistemlərinin bir-birinə yaxınlaşması avtomatik olaraq mədəni və hüquqi plüraliz-min məhvinə gətirib çıxarmasın.

Formalaşmaqda  olan  qlobal  hüquq  sistemində  hüquqi  mahiyyətinin  mübahisələrə  səbəb  olduğu  daha  iki

mühüm  element  özünü  büruzə  verir.  Söhbət  transmilli  adlanan  hüquqdan  və  millətlərüstü  hüquqdan  gedir.

Transmilli hüququn ümumi mənası ondadır  ki, həm daxili, həm də beynəlxalq hüququn "çərçivələrindən" kənarda

yerləşən davranış qaydalarmı beynəlxalq münasibətlərin iştirakçılarının (çoxmillətli müəsissələr, transmilli banklar)

özləri yaradır. Beynəlxalq ticarət palatasının banklararası əməliyyatlar üçün işləyib-hazırladığı unifikasiya olunmuş

qaydalar  buna  misal  ola  bilər.  Buraya  prosessual,  kolliziya  və  s.  normaları  da  əlavə  etmək  olar.  Millətlərüstü

hadisənin meydana çıxdığı hallarda dövlətlər onların razılığı olmadan yaradılmış və ya qüvvəyə minmiş  normalara

tabe olmalı olurlar. Belə ki, müvafiq hüquq subyektliliyi əsasında əksər beynəlxalq təşkilatlara hər bir konkret hal

üçün  üzv  olan  dövlətlərin  razılığını  almadan  öz  konkret  hərəkətləri  və  qərarları  ilə  onların  üzərinə  müəyyən

öhdəliklər qoymaq hüququ verilir.

Qlobal  postsənaye  dövründə  normativ-hüquqi  aktların,  beynəlxalq  sazişlərin  və  müqavilələrin  qəbulunda

müşahidə olunan əsas tendensiyalardan biri ondan ibarətdir ki, dövlətlər birtərəfli hərəkətlərdən ikitərəfli, onlardan

da çoxtərəfli və millətlərüstü hərəkətlərə, belə demək mümkün olarsa "yumşaq" hüquqdan "sərt" hüquqa, bu və ya

digər hallarda daxili hüququn birinciliyindən beynəlxalq hüququn birinciliyinə daha tez-tez keçid alırlar. Beləliklə,

qloballaşma şəraitində beynəlxalq hüquq və dövlətdaxili hüquq sistemləri çoxsəviyyəli sahə və institutlara çevrilir,

tənzimləmə  obyekti  qismində  isə  mədəniyyətin  bütün  sosial  tənzimetmə  sistemi  çıxış  edir.  Məlumdur  ki,

dövlət-hüquq  kontekstində  qloballaşma,  suveren  dövlətlərin  qlobal  normalara  tabe  olmalarım  nəzərdə  tutan  yeni

qaydaların  formalaşdırılması  deməkdir.  Avropa  İttifaqı,  Beynəlxalq  Valyuta  Fondu  və  s.  kimi  dövlətlərarası

beynəlxalq birliklər məhz qloballaşma üçün əsaslar yaradan təşkilati faktorlardır. Onlar suveren dövlətlərə davranış

qaydalarını diktə edirlər. Q.D.Qritsenkonun fikirlərinə görə, hüququ avtopoyetik sistem kimi nəzərdən keçirən yeni

hüquqi təfəkkür müasir hüquq sistemini mümkün hüquqi nəticələrə fərdi hərəkətlərdə görür (3, s. 166). Buraya, ilk

növbədə,  "model  qanunvericiliyi"  və  müxtəlif  "tövsiyələr"  aiddir.  Yeni  hüquqi  təfəkkürə  görə,  ilk  baxışdan

paradoksal  görünən  bir  situasiya  yaranır:  pozitivist  hüquq  nöqteyi-nəzərindən  hüquq  sayılmayanlar  bununla  belə

həm formal əlamətlərinə, həm də tətbiq şərtlərinə və üsullarına görə hüquq hesab olunur.

Beynəlxalq  hüquq  sferasında  hüququn  təzahürləri  aşağıdakı  tendensiyanın  formalaşması  ilə  bağlıdır:

müqavilədən  kənar  hüquqi  öhdəliklərin  əsası  kimi  "hüquqi  adətlərin"  əhəmiyyəti  durmadan  azalır,  əvəzində  isə

dövlətdən  asılı olmayan  transmilli  kooperasiyanın  elementlərinə  (tövsiyələr,  standartlar  və  s.)  getdikcə  daha  çox

"hüquqi  qüvvə"  verilir.  Demokratik  ölkələrin  beynəlxalq  münasibətləri  artıq  suveren  dövlətlərin  nümayəndəli

orqanları vasitəsilə yox, birbaşa həyata keçirilir. Qeyri-dövlət strukturları beynəlxalq hüquqdan fərqli olaraq birbaşa

dövlətin iradəsindən asılı olmayan yeni dünya qaydalarının  nümayəndələrinə və bələdçilərinə çevrilir. Deyilənləri

maliyyə bazarlarında əməliyyatların standartlaşdırılması və tənzimlənməsi ilə məşğul olan ümumi və  kvaziümumi

agentlərə də aid etmək olar. Onların fəaliyyəti əsas hüquqi meyara cavab verir, yəni normaların istehsalı ilə onların

konkret tətbiqi, qarşılıqlı hüquq və öhdəliklərlə sıx əlaqələrdədir. Bu səbəbdən də ümumi və kvaziümumi agentlərin

fəaliyyəti  "yumşaq  hüquq"un  formalarından  birini  kəsb  edir.  Milli  dövlətlərin  suveren  statusu  müasir  şəraitdə

problemə çevrilir.

Hüququn  postsənaye  gələcəyindən  bəhs  edərkən  qeyd  etmək  lazım  gəlir  ki,  yeni  problemlərin  meydana

çıxdığı bir şəraitdə hüquq daha geniş  sosial bazaya arxalanacaqdır.  Onların həllinin hüquqi formaları isə  müvafiq

hüquqi mexanizmlərin hazırlanmasını tələb edəcəkdir, çünki belə hallarda ənənəvi prosesdən əhəmiyyətli dərəcədə

fərqlənən  bir  prosesin  iştirakçılarının  mürəkkəb  maraqlar  kompleksi  bir-birinə  qarşılıqlı  təsirlər  göstərməyə

başlayır. Burada qloballaşma getdikcə hüququn inkişafını şərtləndirən amilə çevriləcəkdir. 



İstifadə olunmuş mənbələr:

1.  Ань  Вэй.  Глобализация  и  право.  Воздействие  современной  китайской  правовой  философии  на

разви тие общества в Китае // Вопросы философии. - 2005. - № 2

2.  Базедов  Ю.  Возрождение  процесса  унификации  права:  европейское  договорное  право  и  его

элемен ты // Государство и право. - 2000. - № 2

3. Гриценко Г.Д. Право как социокультурное явление. - Ставрополь. 2002

4. Егоров А.В. Правовая интеграция и ее содержание // Государство и право. - 2004. -№ 6



5. Иванец Г.И., Червонюк В.И. Глобализация, государство, право // Государство и право. -2003. -№ 8

6.  Лукьянова  Е.Г.  Основные  тенденции  развития  российского  права  в  условиях  глобализации  //

Государство и право. - 2004. - № 7

7. Мальцев Г.В. Частное и публичное право // Гражданское и торговое право зарубежных стран. - М.,

2004

8. Право и гражданское общество в современной России: Сб. науч. ст. / Под общ. ред. Г.В.Мальцева.



- М., 2003

Современные тенденции развитии права

РЕЗЮМЕ

В  статье  отмечается,  что  в  эпоху  постиндустриализма  право  выступает  не  столько  в  качестве



инструмента глобализации, сколько как отражение глобализационных процессов.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə