Yevlax-Ağcabədi neftli-qazlı rayonu



Yüklə 16,5 Kb.
tarix06.02.2018
ölçüsü16,5 Kb.
#26714

Yevlax-Ağcabədi neftli-qazlı rayonu
Bu neftli-qazlı rayon Orta Kür çökəkliyinin cənub hissəsində yerləşərək geniş ərazini əhatə edir. Neftli-qazlı rayonun geomorfoloji xüsusiyyətləri o qədər də mürəkkəb deyildir. Burada ərazinin əksər hissəsində Gəncə, Mil, Qarabağ düzənlikləri yerləşir.. Cənub-qərb hissədə Kiçik Qafqaza yaxın olan ərazi nisbətən yüksəkliklərlə xarakterizə olunur. Bu yüksəkliklər çay dərələri ilə kəsilir. Bu çaylara Şəmkirçay, Tərtərçay, Gəncəçay və s. misal göstərmək olar. Çay dərələrinin xarakterik xüsusiyyətlərindən biri də onun vadilərində daha qədim yaşlı çöküntülərin yer səthinə çıxmasıdır. Ərazinin geoloji quruluşunda – Mezozoy, Paleogen, Miosen, Pliosen və IV dövr çöküntüləri iştirak edir. Kəsiliş Yura sisteminin çöküntüləri ilə başlayır. Burada Yura sisteminin hər üç şöbəsi iştirak edir. Öyrəndiyimiz ərazidə Yura sisteminin çöküntüləri yer səthinə heç bir sahədə çıxmır və quyular vasitəsi ilə üst Yura çöküntüləri açılmışdır. Ona görə də Yevlax-Ağcabədi neftli-qazlı rayonun geoloji kəsilişini tərtib edərkən Kiçik Qafqazın Yura kəsilişindən istifadə olunmuşdur.. Kəsilişin əsas hissəsi maqmatik süxurlardan təşkil olunmuşdur. Yuranın orta şöbəsi bu cəhətdən daha xarakterikdir. Üst Yuranın kəsilişində vulkanogen çökmə və çökmə qatı daha geniş yayılmışdır. Çökmə mənşəli süxurlar həmçinin alt Yuranın kəsilişində müşahidə olunur. Yuranın qalınlığı 2500-4500 m hesab olunur. Təbaşir çöküntüləri də bu ərazidə geniş yayılmışdır. Alt təbaşir çöküntüləri yer səthinə çıxırlar. Bu kompleksin əsasən maqmatik süxurlardan ibarət olması güman edilir. Üst Təbaşir çöküntüləri isə yer səthinə çay dərələrində çıxır. Ümumiyyətlə təbaşir çöküntüləri iki litofasiyada özünü göstərir: vulkanogen və karbonatlı. Yevlax-Ağcabədi çökəkliyində qazılmış əksər quyularda Təbaşir çöküntüləri müəyyən edilmişdir. Məs. K və Y3 çöküntüləri Carlı sahəsində qazılmış 1 saylı quyuda, Muradxanlı sahəsində qazılmış 11 saylı quyuda, Mil sahəsində qazılmış 1saylı quyuda və Saatlı xüsusi məqsədli quyuda ətraflı öyrənilmişdir.

Çay dərələrində qeydə alınan Paleosen çöküntüləri gilli litofasiyadadır Quyu kəsilişlərində də Paleosen gilli litofasiyadadır.Ümumi qalınlıq 280-300m-dir. Eosen çöküntüləri bu ərazidə geniş yayılmışlar. Onlar əsasən gilli litofasiyadadır. Yalnız üst Eosendə qumluluğun faizi bir qədər çoxdur. Cənub-qərbdən şimal-şərqə doğru getdikcə orta Eosendə qumluluğun faizi də artır (qalınlıq 1600 m). Yevlax-Ağcabədi ərazisində Maykop çöküntüləri daha geniş yayılmışdır. Cənub-qərbdən – şimal-şərqə doğru Maykopun kəsilişində litoloji dəyişkənlik müşahidə olunur. Belə ki, üst hissədə Maykop çöküntüləri gilli xarakterli ,orta hissədə isə qumluluğun faizinin xeyli artdığı müəyyən edilmişdir. Cənub-şərq hissədə isə Maykop çöküntüləri tamamilə gilliləşmişdir. Ümumiyyətlə, Maykop çöküntülərinin kəsilişində iki şöbə ayrılır: Üst Maykop və Alt Maykop.

Üst Maykop şöbəsinə - A, B, C, D, E, I .

Alt Maykop şöbəsinə - II, III, IV, V, və VI qumlu laylar aid edilmişdir. Bu ərazidə Maykopun qalınlığı 2200 m təşkil edir. Şimal-şərq istiqamətdə Maykopun qalınlığı xeyli azalır.

Orta və Üst miosen çöküntüləri (Torton, Sarmat, Meotis və Pont) rayonunun şimal-şərq hissəsində Beyləqan sahəsində qeydə alınır. Bu sahələrdə Ağcagıl mərtəbəsi birbaşa Maykop çöküntüləri üzərinə yatır. Orta və Üst Miosen çöküntülərinin qalınlığı 900-1100 m təşkil edir. Yevlax-Ağcabədi neftli-qazlı rayonunda Pliosen çöküntüləri şimal-şərq hissədə qeydə alınır (qalınlıq 500 m). Ağcagil mərtəbəsinin qalınlığı 700, Abşeron mərtəbəsi isə 1200 m təşkil edir. IV dövr çöküntüləri 700 000 m qalınlıqla yayılmışdır. Tektonik cəhətdən Yevlax-Ağcabədi çökəkliyi şimal-qərbdən cənub-şərq istiqamətdə uzanan regional xarakterli iki tektonik yarıqla hüdudlanır. Çökəklikdə bir neçə antiklinal xətt qeydə alınır. Bu ərazidə müəyyən edilmiş qalxımların əksəriyyətində maqmatik kütlə müşahidə edilir. Burada əsas neftli-qazlı komplekslərə vulkanogen tip Üst Təbaşir çöküntüləri, karbonat tip Üst Təbaşir çöküntüləri, terrigen tip Eosen, Maykop və Çokrak kompleksləri aid edilir. Neftlilik-qazlılıq vulkanogen tip Təbaşirdə, 2 yataq Eosendə, 1 yataq Maykopda və 1 yataq Çokrakda müəyyən edilmişdir. Hal-hazırda Yevlax-Ağcabədi neftli-qazlı rayonunda istismar olunan yataqlar Muradxanlı qrupu qalxımlar zonası ilə əlaqədardır.

MURADXANLI NEFT YATAĞI
Bu neft yatağı Muradxanlı qalxımlar qrupunun cənub-şərq hissəsində yerləşmişdir. Muradxanlı qalxımlar qrupu 1948-ci ildə ilk dəfə olaraq qravimetrik üsul ilə müəyyən edilmişdir. Bu işlərin sayəsində sahədə gömülmüş qalxımın varlığı müəyyən edilmiş və bunun əsasında axtarış-kəşfiyyat quyularının qazılmasına başlanmışdır. 1968-ci ildən bu sahədə kəşfiyyat işləri aparılmağa başlanmış və 1971-ci ildə Muradxanlı sahəsində qazılan 5 saylı quyuda vukanogen kütlədən güclü neft fontanı alınmışdır (500 ton/gün).

Muradxanlı yatağının geoloji quruluşunda Üst Yura və Təbaşir çöküntüləri, Paleogen, Miosen, Pliosen və IV dövr çöküntüləri iştirak edir. Geoloji kəsilişdə Ağcagil (300-400 m), Abşeron mərtəbəsi (300 m), Məhsuldar qat (500 m), Üst və Orta Miosen (200-600 m), Eosen (350 m), Paleosen (30-40 m), Təbaşir çöküntüləri (2600 m) iştirak edirlər. Tektonik cəhətdən bu qırışıq braxiantiklinal quruluşa malik olub, şimal-qərb- cənub-şərq istiqamətində uzanan bir qırışıqdır. Qırışıq asimmetrikdir. Onun cənub-qərb qanadı bir qədər yastıdır. Qırışığın tağında vulkanogen Üst Təbaşir yaşlı çöküntülər 3000 m dərinlikdə, qanadlarda isə 23 saylı quyunun məlumatlarına əsasən 4600 m dərinlikdə müşahidə olunurlar.



1979-1980-ci illərdə Muradxanlı sahəsində 20-yə yaxın dərin kəşfiyyat quyuları qazılmağa başlanılmışdır. Bu quyular effuziv süxurlarda olan neft yataqlarının konturunu dəqiqləşdirmək, həmçinin Maykop və Eosen çöküntülərinin neftlilik-qazlılığını müəyyən etmək məqsədi ilə qazılmışdır.Aparılan bu işlərin nəticəsində neftlilik konturu dəqiqləşdirilimiş və bundan başqa Təbaşir və Eosen çöküntülərinin kontaktında neft alınmışdır. Qırışığın tağ hissəsində Təbaşirin kəsilişində üç neftli obyekt müəyyən olunmuşdur.

Birinci obyektin neftliliyi ilk dəfə 43 saylı quyunun 3030-3020 m intervalının sınanması nəticəsində aşkar edilmişdir. Belə ki, gilli mergellərdən və tuflu qumdaşlarından gündəlik hasilatı 68-75 ton olan neft axını alınmışdır. İkinci obyekt andezitlərdən, porfirin-bazalt və porfirinlərdən təşkil olunmuş effuziv süxurlardan ibarətdir. Məsələn, 3 saylı quyuda porfirinli-bazaltlı süxurlar sınanarkən 3060-3035 m dərinlik intervalında gündəlik hasilatı 68 ton olan neft axını alınmışdır. Bundan başqa 56 saylı quyuda 3082-305m. intervalı sınanarkən 130 ton, 61 saylı quyuda isə 3067-3050 m dərinlik intervalında 160 ton neft alınmışdır. İkinci obyektin neft yatağı tağın bir qədər qalxmış hissələrini əhatə edir. Üçüncü obyekt stratiqrafik cəhətdən bir qədər qədim neftli obyekt hesab olunur. 3 saylı quyuda 3144-3101m dərinlik intervalı sınanarkən gündəlik hasilatı 75 tondan 165 tona qədər neft axını alınmışdır.
Yüklə 16,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə