“Yol hərəkəti haqqında“ qanun


Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi



Yüklə 0,57 Mb.
səhifə4/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
1   2   3   4   5   6   7   8   9   10

Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi

  1.           Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında mə'lumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ", bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı mə'lumatlar göstərilir:

  1. nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi - "A" ;

  2. nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi - "B";

  3. nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri - "C";

  4. nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası - "D";

  5. nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi - "E";

  6. nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) - "F";

  7. nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) - "G";

  8. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin e'tibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) - "N".

  1.           Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Certificat dimmatriculation"), bu maddənin birinci hissəsinin 1-ci-8-ci bəndlərində göstərilən mə'lumatların adı Azərbaycan və ingilis dillərində, başqa mə'lumatlar isə Azərbaycan dilində yazılırlar.

  2.           Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

  3.           Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.

  4.           Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən haqq alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir.

  5.           Bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki mə'lumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını tə'min edirlər.

Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı

  1.           Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

  2.           Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

  3.           Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. Dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.

Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi

  1.           Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar.

  1.           Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:

  1. nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər;

  2.           nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər;

  3.           texniki  vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlığı dəyişdirilmiş və ya texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər.

  1.           Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-tə'mir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə tə'minatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-tə'mir sahələrində həyata keçirirlər.

  1.           Nəqliyyat vasitəsinə tə'minatlı texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında", "Nəqliyyat vasitələrinə tə'minatlı texniki xidmət göstərilməsi haqqında", "Nəqliyyat vasitələrinə tə'minatlı texniki xidmət göstərən texniki-tə'mir sahələri haqqında" və "Nəqliyyat vasitələrinə tə'minatlı texniki xidmət göstərən texniki-tə'mir stansiyaları haqqında" nümunəvi əsasnamələrlə müəyyən edilir.

  1.           İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.

  1.           Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda ildə bir dəfə texniki baxış keçirilir. İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur. Texniki baxış keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

  1.            Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:

  1. nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;

  2. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;

  3.           nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə tə'minatlı texniki xidmət göstərən texniki-tə'mir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);

  4.           Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun və ya verginin və yaxud ödənclərin ödənilməsi barədə qəbzi.

  1.           Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə, həmin orqanlar tə'xirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir.

  1.           Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri, nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məs'uliyyət daşıyırlar.

  1.           Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki mə'lumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə tə'minatlı texniki xidmət göstərən tə'minatlı texniki-tə'mir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məs'uliyyət daşıyırlar.

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması

  1.           Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. "Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında" nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

  1.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:

  1.            yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar;

  2.           qarajların və ya duracaqların tikilməsi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar.

  1.           Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını tə'min edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.

  1.           Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri:

  1.           nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər;

  2.           saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar;

  3.           nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər;

  4.           yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər;

  5.           nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına tə'cili mə'lumat verməlidirlər.

  1.           Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.

Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası

  1.            Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının mə'lumatları əsasında  yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir.

  2.           Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

FƏSİL IV

Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ

Nəqliyyat vasitələrini idarəetmə hüququ aşağıdakı kimidir:

  1.           Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

  2.           Azərbaycan Respublikasının ərazisindəki yollarda:

  1.           velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;

  2.           asma mühərrikli velosipedi və mopedi idarəetmə hüququ - 16 yaşdan;

  3.           motosikletləri idarəetmə hüququ - 16 yaşdan;

  4.           oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarəetmə hüququ - 18 yaşdan;

  5.           tramvayları idarəetmə hüququ - 20 yaşdan;

  6.           trolleybusları idarəetmə hüququ - 21 yaşdan;

  7.           oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarəetmə hüququ - 21 yaşdan (müstəsna qaydada hərbi qulluqçular üçün 19 yaşdan) yaranır.

  1.           Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

  2.           Bu maddənin ikinci hissəsinin 1-ci və 2-ci bəndləri istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.

  1.           Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

  1.           şəxsin sürücülük vəsiqəsinin e'tibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək;

  2.           şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;

  3.           şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə - xəstəlik müalicə olunanadək və ya fiziki qusur aradan qaldırılanadək.

  1.           Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar.

Maddə 34. Sürücülük vəsiqəsi

  1.           Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.

  1.           Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

  1.           motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;

  2.           traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

  1.           Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı mə'lumatlar göstərilir:

  1. sahibinin soyadı;

  2. sahibinin adı və atasının adı;

  3. sahibinin doğum tarixi və yeri;

  4. sahibinin yaşayış yeri;

  5. vəsiqəni vermiş orqanın adı;

  6. vəsiqənin verilmə tarixi və yeri;

  7. vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;

  8. vəsiqənin nömrəsi;

  9. vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;

  10. sahibinin qan qrupu və imzası;

  11. xüsusi qeydlər.

  1.            Motosikletləri və avtomobilləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş mə'lumatlardan başqa, idarə etmək hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

  1.           "A" - motosikletləri idarə etmək üçün;

  2.           "B" - "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı,  sürücü oturacağından əlavə, 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün;

  3.           "C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kq-dan artıq olan avtomobilləri idarə etmək üçün;

  4.           "D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün;

  5.           "E" - qoşqusu "B", "C" və ya "D" kateqoriyalarına aid edilmiş, lakin tərkibləri bütövlükdə həmin kateqoriyalara və ya bu kateqoriyalardan birinə daxil olmayan nəqliyyat vasitələrini idarə etmək üçün;

  6.           "Tramvay" - tramvayları idarə etmək üçün;

  7.           "Trolleybus" - trolleybusları idarə etmək üçün.

  1.           Sürücülük vəsiqəsinin e'tibarlıq müddəti aşağıdakı kimidir:

  1.           60 yaşına çatmamış şəxslər üçün - 10 il;

  2.           60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;

  3.           70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;

  4.           siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün -təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

  1.           Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Permis de conduire"), bu maddənin üçüncü hissəsinin 1-ci - 11-ci bəndlərində göstərilən mə'lumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.

  1.            Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur.

  1.            Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və e'tibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi

  1.           Bu Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:

  1.           müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli;

  2.           yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;

  3.           Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləgdə haqq ödəməlidir.

  1.           Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  1.           Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

  2.           müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd;

  3.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

  4.           sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.

  1.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sürücülük vəsiqəsinin verilməsi üçün bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş sənədləri daxil olduğu həmin gün yoxlayır və orada göstərilmiş mə'lumatlar əsasında şəxsin yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılması məsələsini həll edir.

  1.           Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:

  1.           sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının mə'zunları

  2.           avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris ocaqlarının mə'zunları

  3.           Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada imtahanlara müstəqil hazırlaşmış şəxslər onların ərizələri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra on gün ərzində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.

  1.            Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

  1.           Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

  1. onun e'tibarlıq müddətinin qurtarması;

  2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;

  3. onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;

  4. onun yararsız hala düşməsi;

  5. onun itirilməsi;

  6. yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

  1.           Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir gün ərzində həyata keçirilir.

  1.           Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləgdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.

  1.           Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci - dördüncü hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

  1.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş  sürücülük  vəsiqələrindəki mə'lumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır.

  1.           Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən məhkəməyə şikayət edə bilər.

  1.           Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürülməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə