“Yol hərəkəti haqqında“ qanun


Maddə 44. Dəmiryol keçidlərində hərəkət



Yüklə 0,57 Mb.
səhifə6/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
1   2   3   4   5   6   7   8   9   10

Maddə 44. Dəmiryol keçidlərində hərəkət

  1.           Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər.

  1.           Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.

Keçidə girmək:

  1.           svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda;

  2.           svetoforun qadağan siqnalı yandıqda(şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq);

  3.           keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda);

  4.           keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə;

  5.           keçidə qatar (lokomotiv, drezina)yaxınlaşdıqda (görünmə həddində);

  6.           qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır.

  Bundan əlavə:

  1.           şlaqbaumu özbaşına açmaq;

  2.           qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol keçidindən keçirmək;

  3.           dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sür'əti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır.

  1.           Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop - xəttin, 2.5 nişanının və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır.

  1.           Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü:

  1.           yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir;

  2.           nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir;

  3.           qatar görünən kimi, ona tərəf qaça qaça dayanma siqnalı verməlidir.

  Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məş'əl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı verməkdən ibarətdir.

Maddə 45. Yaşayış zonalarında hərəkət

  1.           Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar.

  2.           Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə tə'limi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır.

  3.           Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər.

  4.           Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər

  1.           Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.

  1.           Velosiped və moped sürücülərinə:

  1.           sükanı tutmadan hərəkət etmək;

  2.           velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq;

  3.           velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;

  4.           tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək;

  5.           sərnişin daşımaq;

  6.           velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır.

  1.           Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Maddə 47. At arabalarının sürülməsi və mal-qaranın ötürülməsi

  1.           At arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyini ilə də hərəkət etmələri mümkündür.

  1.           Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır.

  1.           Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80-100 metr olmalıdır.

  1.           Mal-qaranı yolda sutkanın işıqlı vaxtı ötürmək lazımdır. Malqara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər.

  1.           Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini tə'min etmək mümkün olsun.

  1.           At arabası nəqliyyatının (kirşənin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə:

  1.           mal-qaranı yolda nəzarətsiz qoymaq;

  2.           mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa);

  3.           mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır.

  Qeyd: At arabaları (kirşələr) işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təhciz olunmalıdırlar.

Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri

  1.           Üstündə "polis", "tə'cili tibbi yardım", "yanğınsöndürən" yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

  1.           Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini saxlamalıdırlar.

  1.           Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir.

  1.           5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.

  1.           Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər.

Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.

Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi

  1.           Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.

  1.           Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.

  1.           Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.

  1.           Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.

  1.           Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı astagedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, ağırçəkili nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.

  1.           Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

Maddə 50. Hərəkət sür'əti və nəqliyyat vasitələri arasında ara məsafəsi

  1.           Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sür'ət məhdudiyyətindən çox olmayan sür'ətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sür'ətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.

  1. Nəqliyyat vasitələri:

  1.           yaşayış məntəqələri daxilində -saatda 60 kilometrdən çox olmayan sür'ətlə(səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz);

  2.           minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 110 kilometrdən çox olmayan sür'ətlə;  başqa yollarda - saatda 90 kilometrdən çox olmayan sür'ətlə;

  3.           şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sür'ətlə;

  4.           digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sür'ətlə;  başqa yollarda - saatda 70 kilometrdən çox olmayan sür'ətlə;

  5.           banında adamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox olmayan sür'ətlə;

  6.           yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda 50 kilometrdən çox olmayan sür'ətlə;

  7.           təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri -daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər.

  1.           Sürücü sür'ətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sür'əti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

  1.           Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.

  1.           Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sür'ətlə  hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər.

  1. Sürücülərə:

  1.           nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sür'ətdən artıq sürmək;

  2.           lüzumsuz olaraq həddindən az sür'ətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq;

  3.           yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.

Maddə 51. Ötmə və qarşılıqlı keçmə

  1. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:

  1.           girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq;

  2.           eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir;

  3.           qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sür'əti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir.

  1.           Eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olmadığı halda relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır.

  1.           Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa)sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sür'ətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər.

  1.           Hərəkət sür'ətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır.

  1. Ötmə:

  1.           nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə);

  2. piyada keçidlərində - piyadalar olduqda;

  3. dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda;

  4. ötən və ya yanından keçən nəqliyyat vasitəsini;

  5. yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla;

  6. tunellərdə qadağandır.

  1.           Yaşayış məntəqələrindən kənarda astagedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə, arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır.

          Qarşılıqlı keçmə çətinləşən hallarda -hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir.

Maddə 52. Dayanma və durma

  1.           Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər.

  1.           Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində ortasından tramvay yolları keçməyən, hər istiqamət üçün bir hərəkət zolağı olan yollarda və birtərəfli hərəkət yollarında(icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün)icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.

  1.           Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzədilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir.

  1. Aşağıdakı yerlərdə:

  1.           tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa;

  2.           dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə(əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında;

  3.           nişanlama xətti (hərəkət hissəsinin kənarını göstərən xətdən başqa) ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə;

  4.           piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda;

  5.           hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında -hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda;

  6.           1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda;

  7.           dayanacaq meydançasından, meydança olmadıqda isə marşrut nəqliyyat vasitələrinin və ya taksilərin dayanma yeri göstəricisinə (əgər bu, onların hərəkətinə mane olursa) 15 metrdən az yaxınlıqda;

  8.           nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyrimümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə;

  9.           nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa -səkilərdə

  10.           3.27 yol nişanının tə'sir zonalarında dayanma qadağandır.

  1.           Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır.

  1. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır:5

  1.           dayanacağın qadağan edildiyi yerlərdə

  2.           yaşayış məntəqələrindən kənarda -yolların hərəkət hissəsində

  3.           5.1 nişanı ilə işarələnmiş yerlərdə

  4.           dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda;

  5.           girişin, habelə darvaza qarşısında;

  6.           3.28 yol nişanının tə'sir zonalarında.

  1.           Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir.

  1.           Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.

  1.           Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər.

Maddə 53. Parklanma

  1.           Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir.

  1.           Yol hərəkətinin təhlükəsizliyini tə'min etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır.

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması

  1.           Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar.

  1.           Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sür'ətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

  1.           Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.

  1.           Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir.

  1.           Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən).

  1.           "Uşaqlar" tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə