“Yol hərəkəti haqqında“ qanun


Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması



Yüklə 0,57 Mb.
səhifə7/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
1   2   3   4   5   6   7   8   9   10

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması

  1.           Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə mə'lumat verməlidir.

  1.           Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.

  1.           Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin.

  1.           Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təhciz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır.

  1. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır:

  1.           yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir;

  2.           yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir;

  3.           yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır;

  4.           yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir;

  5.           nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır (yedəyə almaq üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir);

  6.           yedəyə alma zamanı hərəkət sür'əti 50 km/saatdan artıq olmamalıdır;

  7.           yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və yük avtomobilinin bort platformasında sərnişin daşınması qadağandır;

  8.           tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi yolu ilə həyata keçirilməlidir;

  9.           birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 4 metrdən 6 metrə qədər məsafə qalmasını tə'min etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissənin hər metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir.

  1. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir:

  1.           buzlu yol şəraitində;

  2.           yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda;

  3.           iki təkərli motosikletlərlə və ya onları;

  4.           birdən artıq nəqliyyat vasitəsini.

Maddə 56. Adamların daşınması

  1.           Banında adamlar daşınan yük avtomobillərini yalnız "S" kateqoriyalı (kabinədəki sərnişinlər də daxil olmaqla 8 nəfərdən artıq adam daşındıqda), habelə "C" və "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxlərin idarə etməsinə icazə verilir.

  1.           Yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır.

  Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata keçirilir.

  1.           Bort platforması olan yük avtomobilinin banında adamların daşınmasına bu Qanunun müddəalarına uyğun təhciz edildkdən sonra icazə verilir.

  1. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır.

  1.           Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında sərnişinlərə tə'limat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin tə'min edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaq olar.

  1.           Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiət edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə tə'min edilmiş olduqda, gedə bilərlər.

  1.           Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin önündə və arxasında "Uşaqlar" tanınma nişanı olmalıdır.

  1.           Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bagladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır.

  1. Adamların daşınması:

  1.           avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə;

  2.           12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq;

  3. yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir.

  1. Sərnişinlərə:

  1.           hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya güclə açmaq;

  2.           hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat vasitələrinin pillələrində dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq;

  3.           nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq;

  4.           sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq;

  5.           nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək;

  6.           nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır.

Maddə 57. Yüklərin daşınması

  1.           Daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır.

  1.           Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

  1. Yükün daşınmasına:

  1.           adamları təhlükəyə mə'ruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması;

  2.           sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və  idarə  olunmasını çətinləşdirməməsi;

  3.           yükün yerlə sürünməməsi və yola düşməməsi;

  4.           yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması;

  5.           səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir.

  1.           Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır.

  1.           Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən-qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda "İri - qabaritli yük" tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə, arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.

  1.           Agır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir.

  1.           Taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir.

  1.           Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.

  1.           Mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə:

  • nəqliyyat vasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda, onun damında yük daşımaq;

  • yük yerinin qapısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır.

  1.           Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təhciz edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınır.

Maddə 58. Nizamlayıcının siqnalları

  1.           Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur (2 saylı Əlavə).

  1. Nizamlayıcının siqnallarının aşağıdakı mə'naları vardır:



  1. Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:

 

    • "Diqqət. Hərəkət dayandırılsın" siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir;

    • "Müəyyən istiqamət üzrə hərəkət" siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir;

    • "Sola dönmə" siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə qadağan edir;

  1. Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar:

 

    • "Sürəti azaldın" siqnalı nizamlayıcı əli ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sür'ətini azaldılmasını tələb edir;

    • "Sürəti artırın" siqnalı nizamlayıcı əli ilə üfüqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sür'ətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir;

    • "Dayanın" siqnalı nizamlayıcı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir.

  1.           Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini tə'min etmək məqsədilə tə'xirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mə'nalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər.

  1.           Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər.

  1.           Nizamlayıcı elə yerdə dayanmalı və elə təhciz edilməlidir ki, yol hərəkəti iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.

Maddə 59. Svetoforun siqnalları

  1.           Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə).

  1.           Tə'yinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.

  1.           Svetoforun dairəvi siqnallarının aşağıdakı mə'naları vardır:

  1.           yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir;

  2.           yaşıl rəngli işığın yanıb-sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);

  3.           sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir;

  4.           sarı rəngli işığın yanıb - sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir;

  5.           qırmızı rəngli işığın yanması və ya yanıb - sönməsi - bu siqnal hərəkəti qadağan edir;

  6.           qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.

  1.           Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mə'nası müvafiq rəngli dairəvi işıqların mə'nası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mə'nası belədir.Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.

  1.           Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir.

  1.           Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200x200 mm ölçüdə ag rəngli düzbucaqlı lövhə əlavə olunur.

  1.           Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər.

  1.           Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti müvafiq surətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır.

  1.           Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqla hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün "T" hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və ya bir neçə siqnal - hərəkətə icazə verir. Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal yananda-sola, ortadakı yananda-düzünə, sağdakı yananda - sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, hərəkət qadağandır.

  1.           Dəmiryol keçidində yerləşən dairəvi ağ sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə verir. Yanıbsönən ağ-sarımtıl və sönmüş qırmızı siqnal olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığı halda hərəkətə icazə verir.

  1.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda svetoforlar qurmaq qadağandır.

  1.           Yollarda svetoforların qurulması və onların lazımi vəziyyətdə işlənməsinə nəzarət Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

  1.           Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məs'uliyyət daşıyırlar.

Maddə 60. Svetoforun və nizamlayacının siqnallarının yerinə yetirilməsi

  1.           Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir.

  1.           Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar:

  1.           yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla);

  2. bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında;

  3. başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında.

  1.            Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır.

  1.           Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar.

  1.           Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər.

  1.           Dəmiryol keçidlərində svetoforun yanıb sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə mə'lumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər.

Maddə 61. Yol nişanları

  1.           Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən mə'lumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə).

  1.           Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, mə'lumatverici-göstərici, servis, əlavə mə'lumat (lövhəciklər).

  1.          Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir.

  1.          Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır.

  1.           Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təhciz edilirlər.

          Daxildən işıqlandırılmış nişanlar yolun sün'i işıqlandırılmış yerlərində qurulur. Sün'i işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi tə'min edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.

  1.           Yol nişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda tə'mir işləri görülürsə, yolun üstü sürüşkəndirsə və s.) və onların istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar tə'cili çıxarılmalıdırlar.

  1.           Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan mə'lumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdırlar. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin tə'min olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar.

  1.           Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının tə'min olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə:

  1.           yaşayış məntəqələrindən kənar olan yolların qırağında - 1,5-2,2 metr;

  2.           eyni ilə yaşayış məntəqələrində - 2-4 metr;

  3.           təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində - 0,6 metrdən az olmadan;

  4.           yolun hərəkət hissəsinin üstündə - 5-6 metr təşkil etməlidir.

  1.           Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5-2,2 metr, 5.20.1, 5.21.1-5.27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5-5 metr olmalıdır.

  1.           Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır.

  1.           Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

  1.           Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məs'uliyyət daşıyırlar.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə