“Yol hərəkəti haqqında“ qanun


Maddə 62. Xəbərdarlıq nişanları



Yüklə 0,57 Mb.
səhifə8/10
tarix26.11.2017
ölçüsü0,57 Mb.
#12919
1   2   3   4   5   6   7   8   9   10

Maddə 62. Xəbərdarlıq nişanları

  1.           Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına mə'lumat verir.

  1.           Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

  1.            Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sür'ətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.

  1. Xəbərdarlıq nişanlarını:

  1.           yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan);

  2.           enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlancığında;

  3.           yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış;

  4.           1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.

Maddə 63. Üstünlük nişanları

  1.           Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir.

  1.           Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.

Maddə 64. Qadağan nişanları

  1.           Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir.

  1.           Onların dairəvi forması, ag fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3,21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər.

  1.           Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.

  1.           3.2-3.9, 3.32 və 3.33 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir.

  1.           Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:

  1.           3.1 - 3.3, 3.18.1, 3.18.2, 3.19, 3.27 - ümumi istifadədə olan nəqliyyat vasitələrinə;

  2.           3.2 - 3.8 - işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə tə'yinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar;

  3.           3.28 - 3.30 - taksometri işləyən taksilərə;

  4.           3.2, 3.28 - 3.30 - I və II qrup əlillərin idarə etdiyi 5.15 fərqləndirici nişana malik nəqliyyat vasitələrinə;

  5.           3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir.

  1.           3.16, 3.20, 3.22, 3.24, 3.26 - 3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.

  1.           5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur.

  1.           Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:

  1.           3.16 və 3.26 nişanları üçün - 7.2.1 lövhəciyi tətbiq etməklə;

  2.           3.20, 3.22, 3.24 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sür'ətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar;

  3.           3.27 - 3.30 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27 - 3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə. 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.

  1.           3.10, 3.27 - 3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir.

Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları

  1.           Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.

  1.           Bu nişanların dairəvi forması və mavi fonu vardır.

  1.           4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6. nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1 - 4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.

  1.           4.1.1 - 4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.

  1.           Yol sahəsinin başlancığında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, ümumi istifadədə olan nəqliyyat vasitələrinin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə tə'yinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlar.

Maddə 66. Mə'lumatverici-göstərici nişanlar

  1.           Mə'lumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləgv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə mə'lumat verirlər.

  1.           Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, ağ fon yaşayış məntəqəsi əlaməti deməkdir. İşarələrin sarı fonu yolun tə'mir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur.

Maddə 67. Servis nişanları

  1.           Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə mə'lumat verir.

  1.           Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 kilometr, 15-20 km və 400-800 metr aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən, göstəriləcək obyektlərdən 100-150 metr aralı məsafədə və onlara yaxın dönəcək yerlərdə quraşdırırlar.

Maddə 68. Əlavə mə'lumat nişanları

  1.           Əlavə mə'lumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğun nişanların tə'sirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar.

  1.           Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2 - 7.2.4, 7.13 əlavə mə'lumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.

Maddə 69. Yolun nişanlanması

  1.           Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

  1.           Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur.

  1.           Yolun nişanlanmasının aşağıdakı formaları vardır:

  1. üfüqi:

    •   uzununa (1.1 - 1.11);

    •   köndələninə (1.12 - 1.15);

    •   digərləri (1.16.1 - 1.24).

  2. şaquli.

  1.           Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir.

  1.           Yolun üfüqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10 və 1.17 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir.

  1.           Üfüqi nişanlanma xətləri aşagıdakılardır:

  1.           1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir;

  2.           1.2 - avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər);

  3.           1.3 dörd və daha çox hərəkət zolagı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır;

  4.           1.4 - dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;

  5.           1.5 - iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir;

  6.           1.6 - əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti - cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);

  7.           1.7 - yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);

  8.           1.8 - sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair yerlərdə);

  9.           1.9 - reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır;

  10.           1.10 - duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;

  11.           1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir;

  12.           1.12 (stop-xətt) - 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir;

  13.           1.13 - kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir;

  14.           1.14.1 - nizamlanmayan piyada keçidini, 1.14.2 - piyadaların hərəkət istiqamətini, 1.14.3 - hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;

  15.           1.15 - velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;

  16.           1.16.1 - 1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir;

  17.           1.17 - ümumi istifadədə olan nəqliyya vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir;

  18.           1.18 - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;

  19.           1.19 - yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlanma xətti 1.18.1 - 1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;

  20.           1.20 - 1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;

  21.           1.21 ("stop" yazısı) - 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;

  22.           1.22 - yolun (marşrutun) nömrəsini göstərir;

  23.           1.23 - ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir.

  1.           Üfüqi nişanlanma xətlərinin xüsusiyyəti:

  1.           1.1 - 1.3 xətlərini kəsib keçmək qadağandır;

  2.           nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir;

  3.           1.5 - 1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir;

  4.           qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlanma xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır;

  5.           1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mə'naları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar.

  1.           Yol qurğularının elementlərinə (körpülərə, dəmiryol keçidlərinə, dayaq qurğularına və s.), hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlükə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və həmçinin sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq şəklində şaquli nişanlama çəkilir.

  1.           Şaquli nişanlanma xətləri aşağıdakılardır:

  1.           2.1 - yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini (körpülərin dayaqlarını və s.) göstərir;

  2.           2.2 - tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir;

  3.           2.3 - ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir;

  4.           2.4 - istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir;

  5.           2.5 - kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir;

  6.           2.6 - başqa sahələrdə yol sədlərinin yan səthini göstərir;

  7.           2.7 - təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir.

Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması

  1.           Dəmiryol keçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyən və keçiddən hərəkəti qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir.

  1.           İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər.

  1.           Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir.

  1.           Şlaqbaum quraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidə daxil olmaq qadağandır.

  1.           Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır.

  1.           Dəmiryol keçidlərinə yaxınlaşma 1.1 və 1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumla nişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən 1.3.1 və ya 1.3.2 xəbərdarlıq nişanları quraşdırılmalıdır.

  1.           Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 1.4.1-1.4.6 lövhləri quraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu zaman onları 1.1 və ya 1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər.

  1.           Hərəkət intensivliyi az olan keçidlərdə 2.5 üstünlük nişanı quraşdırılır. Həmin geçidlərdə nəqliyyat vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır.

Maddə 71. Yol işlərində istifadə olunan işarələr

  1.           Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti tə'min etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə):

  1.           görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar;

  2.           nizamlayıcı göstəriciləri olan sür'ətli hərəkət lövhələri;

  3.           iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sayrışan işıqlar;

  4.           hərəkətin istiqamətini göstərən maneə;

  5.           görülən yol işlərindən yan keçməni göstərən maneələr;

  6.           yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar.

  1.           Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər.

  1.           İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır.

  1.           Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır.

  1.           Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır.

  1.           Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir.

  1.           Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdə tutulmalıdır.

  1.           Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.

Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları

 Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə):



  1.           "Avtoqatar" - qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda - kabinənin damında bir-birindən 150-300 mm aralı, üfüqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində;

  2.           "Tikanlı şinlər" - tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər);

  3.           "Uşaqların daşınması" - avtobusda və ya yük avtomobilinin banında dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında - qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər);

  4.           "Kar sürücü" - lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında- diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində;

  5.           "Əlil" - I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında - tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində;

  6.           "Həkim" - sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında - tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində;

  7.           "Təlim nəqliyyat vasitəsi" - sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə "təlim" sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir);

  8.           "Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük" - 400 x 400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində;

  9.           "Təhlükəli yük" - belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında - 690x300 mm ölçüdə, onun 400x300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir);

  10.           "Uzunölçülü nəqliyyat vasitəsi" - yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında - 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200x200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600x200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır;

  11.           "Qəza dayanacağı"- yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır.

  12.           "AZ" fərqlənmə nişanı - beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır;

  13.           "Təcrübəsiz sürücü" - nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə